ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLı ŞƏRIƏT HÖKMLƏRİ

VACİB QÜSLLƏR → ← QABLARIN HÖKMLƏRİ

DƏSTƏMAZ

Məsələ 235: Dəstəmaz alarkən üz və qolları yumaq, başın ön hissəsinə və ayaqların üzərinə məsh çəkmək vacibdir.

Məsələ 236: Üz, (dəstəmaz üçün olan uzunluq miqdarına görə), gərək alının yuxarı hissəsindən (tüklərin bitdiyi yerdən) çənənin axırına qədər yuyulsun. Eni isə, gərək baş barmaqla orta barmağın tutduğu miqdarda yuyulsun. Əgər bu miqdardan hətta azacıq yuyulmasa, dəstəmaz batildir. Bu miqdarın tamamilə yuyulmasına yəqin etmək üçün, gərək onun ətrafından da bir az yusun.

Məsələ 237: Əgər bir kəsin üzü və ya əli, normal insanların üzü və ya əlindən böyük və ya kiçik olsa, camaat arasında normal adamın üzünü haraya qədər yuduğuna diqqət etməli, o da oraya qədər yumalıdır. Həmçinin əgər alnında tük çıxarsa və ya başının önündə tük olmazsa, alnını normal miqdarda yumalıdır.

Məsələ 238: Qaşlarında, gözünün və ya dodaqlarının kənarında suyun keçməsinə mane olacaq çirk və ya başqa bir şeyin olduğuna ehtimal verirsə və bu ehtimal camaatın nəzərində düzgün bir ehtimaldırsa, dəstəmaz almamışdan əvvəl yoxlamalı, əgər varsa aradan qaldırmalıdır.

Məsələ 239: Əgər üzün dərisi, tüklərin arasından görünərsə, gərək suyu dəriyə çatdırsın. Amma görünməsə, tükləri yumaq kifayətdir və suyun tüklərin altına çatdırılması lazım deyil.

Məsələ 240: Üzün dərisinin tüklərin arasından görünüb-görünmədiyində şəkk edərsə, ehtiyat-vacibə əsasən saqqalı yumalı, üzün dərisinə də suyu çatdırmalıdır.

Məsələ 241: Burnun içini və qapadığı zaman göz və dodaqların görünməyən yerini yumaq vacib deyil. Amma əgər insan yuyulması vacib olan miqdarın yuyulmasına əmin deyilsə, buna yəqin etməsi üçün onlardan bir miqdarını yuması vacibdir. Bu hökmü bilməyən şəxs əvvəlcə almış olduğu dəstəmazda vacib olan miqdarı yuyub-yumadığını bilməzsə, o dəstəmazla qılmış olduğu namaz səhihdir; sonrakı namaz üçünsə yenidən dəstəmaz alması lazım deyil.

Məsələ 242: Ehtiyat-lazıma əsasən qollar və üz gərək yuxarıdan aşağıya doğru yuyulsun. Aşağıdan yuxarı doğru yusa, dəstəmaz batildir.

Məsələ 243: Əgər əlini isladıb üzünə və qollarına çəkərsə, əlinin nəmliyi onları isladacaq miqdarda olarsa, kifayətdir. Bu halda onların üzərindən su axıdılması lazım deyil.

Məsələ 244: Üzü yuyandan sonra sağ qolunu, daha sonra isə sol qolunu dirsəklərdən barmaqların ucuna qədər yumalıdır.

Məsələ 245: Əgər insan dirsəyi bütünlüklə yuduğuna əmin deyilsə, buna yəqinlik hasil etməsi üçün gərək dirsəyindən bir az yuxarıdan yusun.

Məsələ 246: Üzünü yumamışdan əvvəl əllərini biləklərinə qədər yuyan bir şəxs dəstəmaz alarkən qolunu dirsəkdən barmaqlarının ucuna qədər yumalıdır. Əgər təkcə biləklərinə qədər yusa, dəstəmazı batildir.

Məsələ 247: Dəstəmaz alarkən üzü və qolları bir dəfə yumaq vacib, iki dəfə yumaq müstəhəbb, üç və daha artıq yumaq isə haramdır. Birinci dəfə yumaq dəstəmaz qəsdi ilə üz və ya qoluna tökdüyü su onun hər tərəfini əhatə etdiyi və heç bir ehtiyat yeri qalmadığı zaman tamam olur. Məsələn əgər birinci dəfə yumaq qəsdi ilə on dəfə belə üzünə su tökərsə, su onun hər tərəfini əhatə edincəyə qədər maneçiliyi yoxdur. Həmçinin dəstəmaz niyyəti ilə üzü yumağı qəsd etməyənə qədər birinci yuma gerçəkləşməz. Buna görə üzün hamısını bir neçə dəfə yuyub axırıncı dəfə dəstəmaz niyyəti ilə yumağı qəsd edə bilər. Lakin ikinci yumada niyyətin vacib olması nəzəri işkalsız deyil. Ehtiyat-lazıma əsasən birinci yumadan sonra üzü və qolları dəstəmaz qəsdi ilə olmasa belə, bir dəfədən çox yumamalıdır.

Məsələ 248: Hər iki əl yuyulduqdan sonra, gərək əldə qalan dəstəmaz suyunun yaşı ilə başın üstünə məsh çəksin. Ehtiyat-müstəhəb budur ki, sağ əlin içi ilə məsh çəkilsin və məsh yuxarıdan aşağıya doğru olsun.

Məsələ 249: Başın, alnın qabağında yerləşən dörd hissəsindən biri məsh yeri hesab edilir. Bu hissənin hər yerinə və hər nə qədər məsh çəkilsə kifayətdir. Hərçənd ehtiyat-müstəhəb budur ki, uzunluğu bir barmaq və eni üç bağlı barmaq qədəri olsun.

Məsələ 250: Məshin başın dərisinə çəkilməsi lazım deyil, başın ön hissəsindəki tüklərə də məsh çəkilməsi düzgündür. Amma başın qabağının tükü darananda üzə tökülərsə, yaxud başın o biri hissəsinə çatarsa, onda tüklərin dibinə məsh çəkilməlidir. Əgər üzünə tökülən, yaxud başın başqa yerinə çatan tükləri başın qabağında bir yerə yığıb onlara məsh çəksə və ya başın başqa yerlərinin qabağa gələn tüklərinə məsh çəksə, batildir.

Məsələ 251: Başa məsh çəkəndən sonra dəstəmaz suyunun əldə qalmış yaşlığı ilə ayağın üstünə barmaqların birinin başından oynağa kimi məsh edilməlidir. Ehtiyat-müstəhəb budur ki, sağ ayağa sağ əllə, sol ayağa sol əllə məsh edilsin.

Məsələ 252: Ayağa çəkilən məshin eni hər ölçüdə olsa kifayətdir. Amma daha yaxşısı budur ki, üç bağlı barmağın eni qədəri olsun, hətta ayağın bütün üstünə məsh çəkilməsi daha yaxşıdır.

Məsələ 253: Ayağın məshində, sağ əlini ayağın barmaqlarının başına qoyandan sonra ayağın üzərinə çəkməsi lazım deyil. Əli bütünlüklə ayağın üzərinə qoyub, azacıq məsh çəkə də bilər.

Məsələ 254: Ayağa və başa məsh edərkən, əli onların üzərinə çəkməlidir. Əgər əli saxlayıb başı və ya ayağı ona çəksə, dəstəmaz batildir. Amma əli çəkdiyi vaxtda ayaq, yaxud baş azacıq hərəkət etsə, eybi yoxdur.

Məsələ 255: Məsh çəkilən yer quru olmalıdır. Əgər əlin nəmliyi ona təsir etməyəcək qədər yaş olarsa, məsh batildir. Amma əgər nəm olsa və ya onda olan nəmlik əlin rütubətində itəcək qədər az olarsa, eybi yoxdur.

Məsələ 256: Əgər məsh etmək üçün, əlin içində yaşlıq olmasa, ayrı bir su ilə əlini islada bilməz. Gərək öz saqqalının yaşlığından götürüb onunla məsh etsin. Saqqaldan qeyri yerdən yaşlıq götürüb onunla məsh etmək işkallıdır.

Məsələ 257: Əlin içində yalnız başa məsh çəkmək qədər yaşlıq olsa, ehtiyat-vacib budur ki, başa həmən yaşla məsh çəksin və ayağa məsh çəkmək üçün öz saqqalının yaşlığından nəmlik götürsün.

Məsələ 258: Corab və ayaqqabının üstündən məsh çəkmək batildir. Amma şiddətli soyuqdan, oğrudan, yırtıcı heyvandan və bu kimilərdən qorxmaq üzündən corab və ayaqqabını çıxarda bilməsə ehtiyat-vacib budur ki, corab və ayaqqabının üzərindən məsh çəksin və həmçinin təyəmmüm də etsin. Əgər təqiyyə halında olsa, corab və ayaqqabının üzərindən məsh çəkmək kifayət edər.

Məsələ 259: Əgər ayağın üstü nəcis olsa və ona məsh çəkmək üçün suya çəkə bilməsə, təyəmmüm etməlidir.

İRTİMASİ DƏSTƏMAZ


Məsələ 260: İrtimasi dəstəmaz, insanın üzü və əllərini dəstəmaz niyyəti ilə suya salmasına deyilir. Ehtiyata zidd olmasına baxmayaraq, zahir odur ki, isrimasi olaraq yuyulan əlin nəmi ilə məsh etməyin eybi yoxdur.

Məsələ 261: İrtimasi dəstəmazda da, gərək üz və əllər yuxarıdan aşağıya doğru yuyulsun. Əgər üz və əlləri dəstəmaz məqsədilə suya batırsa, gərək üzü alın tərəfdən, əlləri isə dirsək tərəfdən suya salsın.

Məsələ 262: Əgər dəstəmaz üzvlərindən bəzilərini irtimasi, bəzilərini isə qeyri-irtiması yolla yerinə yetirsə, eybi yoxdur.

DƏSTƏMAZ VAXTI MÜSTƏHƏB OLAN DUALAR


Məsələ 263: Müstəhəbdir ki, dəstəmaz alan şəxs, suyu gördükdə desin:
بِسْمِ اللهِ وَبِاللهِ وَالْحَمْدُ للهِ الَّذِى جَعَلَ الْمَاءَ طَهُورًا وَلَمْ يَجْعَلْهُ نَجِساً
Bismillahi və billahi vəl-həmdu lil-lahilləzi cəələl-maə təhurən və ləm yəcəlhu nəcisa.
“Allahın adı ilə. Həmd olsun O Allaha ki, suyu paklayıcı qərar verib, onu nəcis qərar vermədi.”
Dəstəmazdan qabaq əllərini yuyanda desin:
أَللَهًمَّ اجْعَلْنِى مِنَ التَّوَّابِينَ وَاجْعَلْنِى مِنَ الْمُتَطَهّرِينَ
Əllahumməcəlni minət-təvvabinə vəcəlni minəl-mütətəhhirin.
“İlahi! Məni tövbə edənlərdən, pak olanlardan qərar ver!”
Ağzında suyu dolandıranda (yəni məzməzə edəndə) desin:
أَللَّهُمَّ لَقِّنِى حُجَّتِى يَوْمَ أَلقَاكَ وَأَطْلِقْ لِسَانِى بِذِكْرِكَ
Əllahummə ləqqini huccəti yovmə əlqakə və ətliq lisani bizikrikə.
“İlahi! Səninlə görüşdüyüm gün höccətimi mənə təlqin et və dilimi Sənin zikrinlə danışdır !”
İstinşaq (yəni suyu buruna çəkdiyi) vaxtı desin:
أَللَّهُمَّ لاَ تُحَرِّمْ عَلَىَّ رِيحَ الْجَنَّةِ وَاجْعَلْنِى مِمَّنْ يَشُمُّ رِيحَهَا وَرَوْحَهَا وَطِيبَهَا
Əllahummə la tuhərrim ələyyə riyhəl-cənnəti, vəcəlni mimmən yəşummu riyhəha və rəvhəha və tiybəha.
“İlahi! Mənə cənnət iyini haram etmə və məni cənnətin iyini iyləyənlərdən qərar ver!”
Üzünü yuyanda desin:
أَللَّهُمَّ بَيِّضْ وَجْهِى يَوْمَ تَسْوَدُّ فِيهِ الْوُجُوهُ وَلاَ تُسَوِّدْ وَجْهِى يَوْمَ تَبْيَضُّ فِيهِ الْوُجُوهُ
Əllahummə bəyyiz vəchi yovmə təsvəddu fihil-vücuh və la tusəvvid vəchi yəvmə təbyəzzu fihil-vücuh.
“İlahi! Üzlərin qara olduğu gün, mənim üzümü ağart və üzlərin ağ olduğu vaxt mənim üzümü qaraltma!”
Sağ əlini yuyanda desin:
أَللَّهُمَّ أَعْطِنِى كِتَابِى بِيَمِينِى وَالْخُلْدَ فِى الجِْنَانِ بِيَسَارِى وَحَاسِبْنِى حِسَابًا يَسِيرًا
Əllahummə ətini kitabi bi yəmini vəl-xüldə fil-cənani biyəsari və hasibni hisabən yəsira.
“İlahi! Mənim əməl kitabımı sağ tərəfdən əta et və cənnətlərdə əbədi qalmağı əta et və mənim hesabımı yüngül hesablardan qərar ver!”
Sol əlini yuyanda desin:
أَللَّهُمَّ لاَ تُعْطِنِى كِتَابِى بِشِمَالِى وَلاَ مِنْ وَرَاءِ ظَهْرِى وَلاَ تَجْعَلْهَا مَغْلُولَةً إِلَى عُنُقِى وَ أَعُوذُ بِكَ مِنْ مُقَطَّعَاتِ النِّيرَانِ
Əllahummə la tutini kitabi bi şimali və la min vərai zəhri və la təcəlha məğlulətən ila unuqi və əuzu bikə müqəttiatin-niyran.
“İlahi mənim əməl kitabımı sol əlimə və arxa tərəfdən vermə və əməl kitabımı boynumdan asılı halda qərar vermə! Mən odun parçalarından Sənə pənah aparıram!”
Başına məsh çəkdiyi vaxt desin:
أَللَّهُمَّ غَشِّنِى بِرَحْمَتِكَ وَبَرَكَاتِكَ وَعَفْوِكَ
Əllahummə ğəşşini birəhmətikə və bərakatikə və əfvikə.
“İlahi ! Məni Öz rəhmət, bərəkət və əfvinlə ört!”
Ayağına məsh edəndə desin:
أَلّلهُمَّ ثَبِّتْنِى عَلَى الصِِّراطِ يَوْمَ تَزِلُّ فِيهِ الْأَقْدَامُ وَاجْعَلْ سَعْيِى فِى مَايُْرضِيكَ عَنَّى يَاذَا الْجَلاَلِ وَالْإِكْرَامِ
Əllahummə səbbitni ələssirati yovmə təzillu fihil-əqdamu vəcəl səyi fima yurzikə ənni, ya zəl-cəlali vəl-ikram.
“İlahi! Qədəmlərin lərzəyə gəlib sürüşdüyü gün, məni Siratda sabit qədəm et və səyimi Sənin məndən razı olduğun şeylərdə qərar ver, ey Cəlal və İkram sahibi!”

DƏSTƏMAZIN SƏHİH OLMA ŞƏRTLƏRİ


Dəstəmazın səhih olmasının bir neçə şərti var:
1-ci şərt: Dəstəmazın suyu pak olsun. Başqa bir nəzərə əsasən şər`i baxımdan pak olsa belə, əti halal heyvanın bövlü, pak olan murdarın əti və ya yara çirki kimi insanın nifrət etdiyi şeylərlə də qatışıq olmamalıdır. Bu nəzər ehtiyata uyğundur.
2-ci şərt: Dəstəmazın suyu mütləq olsun.

Məsələ 264: Nəcis və muzaf su ilə alınan dəstəmaz batildir. Hətta əgər insan onun nəcis və muzaf olmasını bilməsə, yaxud unutsa da batildir. Əgər bu sular ilə alınan dəstəmazla namaz qılsa, gərək o namazı yenidən, səhih dəstəmazla qılsın.

Məsələ 265: Əgər dəstəmaz alması üçün palçıqlı muzaf sudan başqa bir su yoxdursa, bu halda namazın vaxtı azdırsa, təyəmmüm etməlidir; vaxt varsa suyun durulmasını gözləməli və ya başqa bir vasitə ilə suyu duruldub saf su ilə dəstəmaz almalıdır. Amma palçıqlı su o vaxt muzaf olur ki, artıq ona su deyilməsin.
3-cü şərt: Dəstəmazın suyu mübah olsun.

Məsələ 266: Qəsb edilmiş və ya sahibinin razı olub-olmadığı məlum olmayan su ilə dəstəmaz almaq haram və batildir. Həmçinin əgər dəstəmazın suyu üz və əllərindən qəsbi olan yerə tökülərsə və ya dəstəmaz aldığı yerin fəzası qəsbi olarsa, o yerdən başqa bir yerdə dəstəmaz almaq imkanı da yoxdursa, şəxsin vəzifəsi təyəmmümdür. Əgər ayrı bir yerdə dəstəmaz alması mümkündürsə, həmin yerdə dəstəmaz almalıdır. Hər iki təqdirdə əgər orada dəstəmaz alarsa, dəstəmazı səhih amma günah etmiş olur.

Məsələ 267: Ümumi istifadə üçün və ya yalnız o mədrəsədə təhsil alanlar üçün vəqf olunduğu məlum olmayan hovuz, adətən camaatın o hovuzda dəstəmaz aldıqları surətdə və bir şəxsin bunu qadağan etmədiyi təqdirdə insanın o, hovuzda dəstəmaz almasının heç bir maneəsi yoxdur.

Məsələ 268: Bir şəxs namaz qılmaq istəmədiyi bir məscidin hovuzunun hamı üçünmü, yoxsa orada namaz qılanlar üçünmü vəqf edildiyini bilməzsə, o məscidin hovuzundan dəstəmaz ala bilməz. Amma əgər adətən orada namaz qılmaq istəməyən şəxslər də o hovuzdan dəstəmaz alırsa və bir şəxs də bunu qadağan etmirsə, həmin hovuzdan dəstəmaz ala bilər.

Məsələ 269: Otellərin, karvansaların və buna bənzər yerlərin hovuzlarından orada yaşamayan şəxslərin dəstəmaz almaları, ancaq orada yaşamayan şəxslərin də onların suyundan dəstəmaz aldığı və bir şəxsin də bunu qadağan etmədiyi təqdirdə səhihdir.

Məsələ 270: İnsan, sahiblərinin razı olduqlarını bilməzsə belə, onlardan istifadə etməyin caiz olmasına əql sahiblərinin nəzər verdiyi nəhrlərdə, istər sahibi böyük olsun, istərsə kiçik, dəstəmaz almağın eybi yoxdur. Hətta əgər onların sahibləri dəstəmaz almağı qadağan edərsə və ya insan sahibinin razı olmadığını bilərsə və yaxud həmin nəhrin sahibi uşaq və ya dəli olarsa, onların suyundan istifadə etmək caizdir.

Məsələ 271: Əgər insan suyun qəsb edilmiş olduğunu unudaraq onunla dəstəmaz alarsa, səhihdir. Amma suyu özü qəsb etmiş olan şəxs onun qəsb etmiş olduğunu unudub həmin su ilə dəstəmaz alarsa, dəstəmazın səhih olması işkallıdır.

Məsələ 272: Əgər dəstamazın suyu onun öz mülkü olsa, amma qəsbi qabda olsa, şəxsin ondan başqa bir qabı da olmazsa, suyu o qabdan şəri bir yolla ayrı bir qaba boşalda bilərsə, bu halda onu boşaldaraq dəstəmaz alması lazımdır; bu da mümkün deyilsə, təyəmmüm etməlidir. Amma əgər ayrı bir suyu varsa, onunla dəstəmaz alması lazımdır. Hər iki təqdirdə əgər müxalifət edib qəsbi qabda olan su ilə dəstəmaz alarsa, dəstəmazı səhihdir.

Məsələ 273: Bir daşı və ya kərpici belə qəsbi olan hovuzdan su götürmək, ümumxalqın nəzərində o daşlardan və ya kərpicdən istifadə etmək sayılmasa, dəstəmaz almağın heç bir maneəsi yoxdur. İstifadə etmək sayıldığı təqdirdə isə ondan su götürmək haramdır, amma dəstəmazı səhihdir.

Məsələ 274: İmamlardan (ələyhimus-səlam) və ya imam övladlarından birinə aid olan yer əvvəlcədən qəbiristanlıq olub, sonra orada hovuz düzəldilərsə və ya oradan arx axıdılarsa, insan o səhnin (İmamlara aid olan yer) yerinin qəbiristanlıq üçün vəqf edilmiş olduğunu bilməzsə, onda həmin hovuz və ya arxda dəstəmaz almağın eybi yoxdur.
4-cü şərt: Dəstəmaz üzvləri yuyulduqda və məsh edildikdə pak olsun. Hərçənd dəstəmaz halında, onu yumazdan və ya məsh etməzdən əvvəl paklasa belə; Əgər kürr və bu kimi su ilə yuyursa, yumaqdan qabaq paklamaq lazım deyil.

Məsələ 275: Dəstəmaz tamamlanmazdan əvvəl yumuş olduğu və ya məsh etdiyi bir yer nəcis olarsa, dəstəmaz səhihdir.

Məsələ 276: Bədənin dəstəmaz üzvlərindən başqa bir yeri nəcis olsa, dəstəmaz səhihdir. Amma ehtiyat-müstəhəb budur ki, əgər sidik və ya ğaitin məhəllini yumamışsa, əvvəlcə onu paklasın və sonra dəstəmaz alsın.

Məsələ 277: Dəstəmaz üzvlərindən biri nəcis olarsa və dəstəmaz aldıqdan sonra dəstəmazdan əvvəl oranı pak edib etmədiyində şəkk edərsə, dəstəmazı səhihdir. Amma gərək nəcis olan yeri yusun.

Məsələ 278: Üzündə və ya qollarında qanaxması dayanmayan, suyun zərər vermədiyi bir kəsik yer və ya yara olarsa, gərək ardıcıllıqla o üzvün sağlam yerlərini yuduqdan sonra kəsik və ya yara olan yeri kürr və ya axar suya salıb qanı kəsilincəyə qədər sıxmalı və onun üzərindən su axması üçün suyun altında yuxarıdan aşağıya doğru barmağı ilə yaranı və ya kəsiyi sıxmalıdır. Sonra aşağı hissələri yumalıdır. Belə alınan dəstəmaz səhihdir.
5-ci şərt: Dəstəmaz alıb namaz qılmaq üçün kifayət qədər vaxt olmalıdır.

Məsələ 279: Dəstəmaz alacığı halda namazın hamısı və ya bir hissəsi öz vaxtından sonraya qalacaq qədər vaxt az olarsa, gərək təyəmmüm etsin. Amma dəstəmaz və ya təyəmmümün hər biri üçün eyni qədər vaxt olarsa, gərək dəstəmaz alsın.

Məsələ 280: Namazın vaxtının darlığı üzündən təyəmmüm etməli olan bir şəxs, əgər Allaha yaxınlıq niyyəti ilə və ya Quran oxumaq kimi müstəhəbb bir iş üçün dəstəmaz alarsa, dəstəmazı səhihdir. O namazı qılmaq üçün dəstəmaz alarsa da, hökm eynidir. Əgər bu zaman qürbət (Allaha yaxınlıq) qəsdi gerçəkləşməzsə, dəstəmaz batildir.
6-cı şərt: Dəstəmazı qürbət qəsdi ilə, yəni aləmlərin Rəbbinin əmrlərini yerinə yetirmək üçün dəstəmaz alsın. Amma sərinlənmək, yaxud başqa məqsədlə dəstəmaz alsa, batildir.

Məsələ 281: Dəstəmazın niyyətini dili ilə söyləməsi və ya qəlbindən keçirməsi lazım deyil. Dəstəmazın bütün əməllərini Allahın əmri üçün yerinə yetirərsə, kifayətdir.
7-ci şərt: Dəstəmazı qeyd olunan tərtiblə almalıdır, yəni əvvəlcə üzü, sonra sağ qolu, sonra sol qolu yumalı və ondan sonra başa, nəhayət ayaqlara məsh çəkməlidir. Ehtiyat-müstəhəb budur ki, hər iki ayağı birlikdə məsh etməsin, hətta sol ayağa sağ ayaqdan sonra məsh etsin.
8-ci şərt: Dəstəmazın işlərini ardıcıl (fasiləsiz) olaraq yerinə yetirsin.

Məsələ 282: Dəstəmazın əməlləri arasında camaatın nəzərində ardıcıl sayılmayacaq qədər fasilə versə, dəstəmaz batil olur. Amma insan üçün unutmaq və ya suyun qurtarması kimi bir üzrlü səbəb əmələ gəldiyi zaman bu məsələ şərt deyildir. Əgər yumaq və ya məsh etmək istədiyi bir yerdən əvvəl yuduğu və ya məsh etdiyi yerlərin hamısının nəmliyi qurumuş olsa dəstəmaz batildir. Amma əgər yumaq və ya məsh etmək istədiyi yerdən əvvəlki yerin nəmliyi qurusa, amma ondan da əvvəlki yerlər qurumamış olarsa, məsələn, sol qolunu yumaq istədiyi zaman sağ qolunun rütubəti qurusa və üzünün nəmliyi qalırsa, dəstəmaz səhihdir.

Məsələ 283: Dəstəmazın əməllərini ardıcıl olaraq yerinə yetirdiyi halda havanın istiliyi, bədənin hərarətinin çox olması və buna bənzər səbəblər üzündən əvvəlki yerlərin nəmliyi quruyarsa, dəstəmaz səhihdir.

Məsələ 284: Dəstəmaz əsnasında yol getməyin eybi yoxdur. Deməli, bir şəxs üzü və əlləri yuduqdan sonra bir neçə addım gedib sonra başa və ya ayaqlara məsh etsə, dəstəmazı səhihdir.
9-cu şərt: Üzün, əllərin yuyulmasını, başa və ayağa məsh çəkilməsini insanın özü yerinə yetirsin. Başqası ona üçün dəstəmaz alsa və ya suyu onun üzünə və əllərinə tökməkdə yaxud da baş və ayaqlarına məsh etməkdə kömək etsə, dəstəmazı batildir.

Məsələ 285: Özü dəstəmaz ala bilməyən şəxs, hərçənd yuma və məsh etmə iki nəfərin iştirakı ilə olsa belə, başqasından yardım almalıdır. Belə ki, köməkçi ücrət (muzd) istəsə də imkanı olduğu təqdirdə və maddi cəhətdən ona zərər dəyməzsə gərək ödəsin. Amma niyyəti özü etməli və öz əli ilə məsh çəkməlidir. Əgər özünün də iştirak etməsi mümkün olmazsa, başqasından ona dəstəmaz aldırmasını xahiş etməlidir. Bu zaman ehtiyat-vacibə əsaən hər ikisi dəstəmaz niyyəti etsinlər. Əgər mümkün olsa gərək köməkçi onun əlindən tutub məsh ediləcək yerlərə çəksin. Əgər bu da mümkün deyilsə, köməkçi onun əlindəki nəmliyi əlinə alaraq başına və ayaqlarına məsh çəkməlidir.

Məsələ 286: Dəstəmazın bəzi əməllərini ozü (köməksiz) yerinə yetirə bilirsə onlar üçün kömək almamalıdır.
10-cu şərt: Sudan istifadə etməyin dəstəmaz alan üçün bir maneəsi olmamalıdır.

Məsələ 287: Dəstəmaz aldığı zaman xəstələnəcəyindən və ya suyu dəstəmaz üçün istifadə etdiyi təqdirdə susuz qalacağından qorxan şəxsin vəzifəsi, dəstəmaz almaq deyildir. Əgər sudan istifadə etdiyi zaman ona zərərli olduğunu bilməyib dəstəmaz alarsa, həqiqətdə isə suyun ona zərəri varsa, dəstəmazı batildir.

Məsələ 288: Əgər üz və qollarına dəstəmazın səhih olacağı az bir miqdarda su toxundurmasının zərəri olmazsa və ondan çoxunun zərəri olarsa, o az miqdar su ilə dəstəmaz almalıdır.
11-ci şərt: Dəstəmaz üzvlərində suyun bədənə dəyməsinin qarşısını alan maneə olmasın.

Məsələ 289: Əgər dəstəmaz üzvlərinə bir şeyin yapışdığını bilirsə, amma onun suyun yetişməsinə mane olub-olmadığında şəkk edirsə, onu aradan aparmalı və ya suyu onun altına çatdırmalıdır.

Məsələ 290: Dırnağın altının çirkli olmasının dəstəmaz üçün eybi yoxdur; amma əgər dırnaq kəsildiyi zaman, o çirklər suyun dəriyə çatmasına maneçilik törədərsə, gərək dəstəmaz üçün onları təmizləsin. Həmçinin əgər dırnaq normadan artıq uzun olarsa, normadan artığının altındakı çirkləri təmizləmək gərəkdir.

Məsələ 291: Üzdə, qollarda, başın ön hissəsində və ya ayaqlarının üstündə yanıq və ya başqa bir səbəbdən qabar olarsa, onun üstünü yumaq və ya məsh etmək kifayətdir. Bu qabar deşilsə də, dərinin altına suyu çatdırmaq lazım deyil. Hətta əgər qabarın bir bölümünün dərisi soyulsa belə, suyu soyulmamış olan qisminin altına çatdırmaq lazım deyil. Amma soyulmuş dəri bəzən bədənə yapışır, bəzən də qalxırsa, onu qopartmalı və ya suyu onun altına çatdırmalıdır.

Məsələ 292: Əgər insan, dəstəmaz üzvlərinə bir şey yapışıb-yapışmamasında şəkk etsə, bu halda onun ehtimalı camaatın nəzərində yerli ehtimal olsa; məsələn: palçıqla işlədikdən sonra, palçığın əlinə yapışıb-yapışmamasında şəkk etsə, gərək axtarış aparsin və ya əlini o qədər sürtsün ki, əminlik hasil olsun ki, olan halda o təmizlənib və ya olan halda su onun altına çatıb.

Məsələ 293: Əgər yuyulması və ya məsh edilməsi lazım gələn bir yer çirkə bulaşmışsa, amma suyun bədənə yetişməsinə mane olmasa, bir eybi yoxdur. Həmçinin gəc düzəltmə və buna bənzər işlərdən sonra əlin üstündə qalan və suyun dəriyə yetişməsinə mane olmayan ləkələrin də maneçiliyi yoxdur. Amma əgər onların olduğu təqdirdə suyun bədənə yetişib-yetişməməsində şəkk edərsə, gərək onları aradan qaldırsın.

Məsələ 294: Dəstəmazdan əvvəl dəstəmaz üzvlərinin bəzisində suyun dəriyə yetişməsinə mane olan bir şeyin olduğunu bilərsə və dəstəmaz aldıqdan sonra dəstəmaz alarkən suyu ora çatdırıb-çatdırmadığında şəkk edərsə, dəstəmazı səhihdir.

Məsələ 295: Əgər dəstəmaz üzvlərindən bəzisində suyun bəzən onun altına keçdiyi, bəzən də keçmədiyi bir maneə olarsa və insan dəstəmaz aldıqdan sonra suyun onun altına keçib-keçmədiyində şəkk edərsə, bu halda dəstəmaz alarkən suyun onun altına keçməsini nəzərdə tutmadığını bilirsə, ehtiyat-müstəhəb budur ki,yenidən dəstəmaz alsın.

Məsələ 296: Dəstəmazdan sonra dəstəmaz üzvlərində suyun dəriyə keçməsinin qarşısını alan maneənin olduğunu görsə və onun dəstəmaz alanda mövcud olduğunu, yoxsa sonradan meydana gəldiyini bilməzsə, dəstəmazı səhihdir. Amma dəstəmaz alarkən o maneədən agah olmadığını bilirsə, yenidən dəstəmaz alması müstəhəbb ehtiyatdır.

Məsələ 297: Dəstəmaz aldıqdan sonra dəstəmaz üzvlərində suyun dəriyə keçməsinin qarşısını alan bir maneənin olub-olmadığında şəkk edərsə, dəstəmazı səhihdir.

DƏSTƏMAZIN HÖKMLƏRİ


Məsələ 298: Dəstəmazın əməllərində və şərtlərində suyun pak olması və qəsbi olmaması kimi, çox şəkk edən şəxs gərək öz şəkkinə etina etməsin.

Məsələ 299: Əgər dəstəmazının batil olub-olmamasında şəkk etsə, dəstəmazlı olduğunu qəbul etməlidir. Amma bövldən sonra istibra etməmiş dəstəmaz alsa və dəstəmazdan sonra ondan rütubət xaric olsa, onun bövl və ya başqa şey olmasını bilməsə, dəstəmazı batildir.

Məsələ 300: Dəstəmaz alıb-almamasında şəkk edən şəxs gərək dəstəmaz alsın.

Məsələ 301: Əgər bir şəxs dəstəmaz aldığını və ondan hədəs baş verdiyini; məsələn: bövl etməsini bilsə, amma hansının qabaq və hansının sonra olduğunu bilməsə, əgər namazdan qabaqdırsa, gərək dəstəmaz alsın. Əgər namaz əsnasındadırsa, namazı pozub dəstəmaz alsın; əgər namazdan sonra olsa, qıldığı namazı səhihdir. Sonrakı namazlar üçün gərək dəstəmaz alsın.

Məsələ 302: Əgər dəstəmaz aldıqdan sonra və ya dəstəmaz aldığı zaman dəstəmaz üzvlərinin bəzi yerlərini yumadığını və ya məsh etmədiyini yəqin edərsə, əgər çox vaxt keçdiyindən o yerdən öncə olan yerlərin rütubəti qurumuşsa, gərək yenidən dəstəmaz alsın. Amma qurumamışsa və ya havanın isti olması və buna bənzər bir səbəb üzündən qurumuşsa, yadından çıxardığı yeri və ondan sonrakı yerləri yumalı və məsh etməlidir. Dəstəmaz aldığı zaman bir yerin yuyulmasında və ya məsh edilməsində şəkk edərsə, yenə də bu qaydaya əməl etməlidir.

Məsələ 303: Əgər namazdan sonra dəstəmaz alıb-almamasında şəkk etsə, namaz səhihdir, lakin sonrakı namazlar üçün gərək dəstəmaz alsın.

Məsələ 304: Əgər namaz əsnasında dəstəmaz alıb-almadığında şəkk edərsə, ehtiyat-vacibə görə gərək dəstəmaz alıb, yenidən namaz qılsın.

Məsələ 305: Namazdan sonra, dəstəmazının batil olduğunu bilərsə, amma namazdan qabaq və ya sonra batil olduğunda şəkk edərsə, qıldığı namaz səhihdir.

Məsələ 306: İnsanda yaranan bir xəstəlik üzündən ondan damla-damla bövl gəlirsə və ya ğaitinin çıxmasının qarşısını ala bilmirsə, bu halda əgər namaz vaxtının əvvəlindən sonuna qədər olan müddət ərzində dəstəmaz alıb namaz qıla biləcək miqdarda fürsət tapacağına yəqini varsa, namazı fürsət tapacağı vaxtda qılmalıdır. Əgər fürsəti yalnız namazın vacibinə yetəcək qədər olsa, fürsət tapan kimi namazın yalnız vaciblərini yerinə yetirməli, azan, iqamə və qunut kimi, müstəhəbb olan əməlləri tərk etməlidir.

Məsələ 307: Əgər dəstəmaz və namazın bir hissəsinə yetəcək qədər bir fürsət tapırsa və namaz əsnasında bir və ya bir neçə dəfə ondan sidik və ya ğait xaric olursa, ehtiyat-lazım budur ki, bu fürsət müddətində dəstəmaz alıb namaz qılmalıdır. Namaz əsnasında xaric olan bövl və ğait üçün dəstəmazını təzələməsi lazım deyil.

Məsələ 308: Sidik və ya ğaiti dəstəmaz və namazın bir hissəsi üçün belə fürsət olmayacaq şəkildə ardıcıl xaric olan şəxsin bir neçə namazı üçün bir dəstəmaz kifayətdir. Amma əgər yuxu kimi ayrı bir səbəbdən dəstəmazı pozulsa, yaxud bövl və ğaiti təbii şəkildə xaric olsa, bir dəstəmaz bir neçə namaz üçün kifayət etməz. Amma hər namaz üçün bir dəstəmaz alması daha yaxşıdır. Lakin unudulmuş səcdə və təşəhhüdün qəzası ilə ehtiyat namazı üçün ayrı bir dəstəmaz alması lazım deyil.

Məsələ 309: Sidik və ya ğaiti ardıcıl olaraq çıxan şəxsin dəstəmazdan sonra dərhal namaz qılması lazım deyil. Amma daha yaxşı olar ki, dərhal qalsın.

Məsələ 310: Sidik və ya ğaiti ardıcıl xaric olan şəxnin namazdan başqa vaxtda olsa belə, dəstəmaz aldıqdan sonra Quranın yazılarına toxunması icazəlidir.

Məsələ 311: Sidiyi damcı-damcı tökülən şəxs namaz üçün içində pambıq və ya başqa bir şey olub sidiyin başqa yerlərə dəyməsinin qarşısını alan bir şeylə özünü qorumalıdır. Ehtiyat-vacibə əsasən namazdan əvvəl nəcis olan sidik məxrəcini ayrıca yumalıdır. Həmçinin ğaitinin xaricə çıxmasının qarşısını ala bilməyən şəxs mümkün olduğu təqdirdə namaz müddətində ğaitin başqa yerlərə sirayət etməsinin qarşısını almalıdır. Ehtiyat-vacib budur ki, əgər əziyyəti yoxdursa, hər namaz üçün ğaitin məhəllini yusun.

Məsələ 312: Sidik və ya ğaitin xaricə çıxmasının qarşısını ala bilməyən şəxsin mümkün olduğu təqdirdə namaz müddətində xərci olsa belə bövl və ya ğaitin xaricə çıxmasının qarşısını alması yaxşıdır. Hətta əgər onun xəstəliyi asanlıqla aradan qaldırıla bilərsə, özünü müalicə etdirməsi daha yaxşıdır.

Məsələ 313: Sidik və ya ğaitin xaricə çıxmasının qarşısını ala bilməyən şəxsin, xəstəliyi zamanında vəzifəsinə uyğun qıldığı namazlarını sağaldıqdan sonra qəza etməsi lazım deyil. Amma namaz vaxtı keçməmişdən qabaq sağalsa, ehtiyat-lazıma əsasən o, vaxtda qıldığı namazı yenidən qılsın.

Məsələ 314: Yel çıxmasının qarşısını ala bilməyən şəxs, bövl və ya ğaitinin qarşısını ala bilməyən şəxsin vəzifəsinə uyğun əməl etməlidir.

DƏSTƏMAZ ALINMASI VACİB OLAN ƏMƏLLƏR


Məsələ 315: Altı şey üçün dəstəmaz almaq vacibdir:
1. Meyyit namazından başqa sair vacib namazlar üçün. Müstəhəb namazların səhihliyi üçündə dəstamaz şərtdir.
2. Unudulmuş səcdə və təşəhhüd üçün; əgər onunla namaz arasında bövl etmək kimi dəstəmazı pozan bir hədəs baş vermişdirsə; amma səcdeyi-səhv üçün dəstəmaz almaq vacib deyil.
3. Həcc və ümrə əməllərindən olan Kəbə evinin vacib təvafı üçün.
4. Dəstəmaz alması üçün Allah ilə əhd bağlasa, and içsə və ya nəzr etsə.
5. Məsələn; Qurani-şərifi öpəcəyinə nəzr etmişdirsə. (Əgər xəttini öpərsə).
6. Nəcisə bulaşmış Quranı suya çəkmək və ya onu (Quranı) hörmətsizlik olan yerdən (tualet və onun kimi yerlərdən) çıxarmaq üçün əlini və ya bədəninin başqa yerini Quranın yazısına vurmağa məcbur olarsa; amma əgər dəstəmaz almaq müddətinə qədər Qurana hörmətsizlik olarsa, gərək dəstəmaz almadan Quranı bu kimi yerlərdən çıxarsın və ya nəcis olsa, suya çəksin.

Məsələ 316: Quranın yazılarına toxunmaq, yəni bədənin hər hansı bir yerini Quranın yazılarına vurmaq dəstəmazsız şəxsə haramdır. Amma fars dilinə və ya başqa dillərə tərcümə edilmiş Qurana toxunmağın eybi yoxdur.

Məsələ 317: Uşaqların və dəlilərin Quran yazısına toxunmasının qarşısını almaq vacib deyil. Amma onların toxunması Qurana qarşı hörmətsizlikdirsə, gərək qarşısı alınsın.

Məsələ 318: Dəstəmazı olmayan şəxsin hansı dildə yazıldığından asılı olmayaraq, Allah-təalanın adına və Ona xas olan sifətlərini bildirən sözlərə toxunması ehtiyat-vacibə əsasən haramdır. Yaxşı olar ki, həzrət Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm), İmamların (ələyhimus-səlam) və həzrət Zəhranın (ələyha səlam) mübarək adlarına da dəstəmazsız toxunmasın.

Məsələ 319: Dəstəmazı hər vaxt alsa, istər namazın vaxtı yetişməmişdən əvvəl, istər ona yaxın, istər fasilə ilə yaxud vaxt daxil olandan sonra əgər qürbət qəsdilə alsa səhihdir. Vacib, yaxud müstəhəbb niyyəti etmək də lazım deyil. Hətta əgər səhvən vacib niyyəti edərsə və sonradan vacib olmaması məlum olarsa, dəstəmaz səhihdir.

Məsələ 320: Vaxtın yetişdiyinə yəqin edən şəxs əgər vacib dəstəmaz niyyəti ilə dəstəmaz alsa və sonra vaxtın yetişmədiyini anlasa, dəstəmaz səhihdir.

Məsələ 321: Dəstəmazı olan şəxsin hər namaz üçün yenidən dəstəmaz alması da müstəhəbdir. Fəqihlərdən bəzisi buyurmuşdur ki, cənazə namazı qılmaq, qəbiristan əhlini ziyarət etmək, məscidə və İmamların (ələyhimus-səlam) hərəmlərinə getmək, yanında Quran gəzdirmək, Quran oxumaq və yazmaq, onun haşiyəsinə toxunmaq və eləcə də yatmaq üçün dəstəmaz almaq müstəhəbbdir. Amma bu işlər üçün dəstəmaz almağın müstəhəb olması sübuta yetməyib. Amma əgər müstəhəb olması ehtimalı ilə dəstəmaz alsa, səhihdir və dəstəmazla yerinə yetirilməli olan hər bir işi edə bilər. Məsələn: o dəstəmazla namaz qıla bilər.

DƏSTƏMAZI BATİL EDƏN ŞEYLƏR


Məsələ 322: Yeddi şey dəstəmazı batil edir:
1. Sidik; Zahirən insandan, bövldən sonra və istibradan əvvəl xaric olan nəmlik də sidik hökmündədir.
2. Ğait;
3. Qaitin məxrəcindən xaric olan mədə və ya bağırsağın yeli;
4. Gözün görmədiyi, qulağın eşitmədiyi yuxu halı; amma gözün görməyib, qulağın eşitdiyi hal, dəstəmazı batil etməz.
5. Əqli aradan aparan şeylər; dəlilik, sərxoşluq, huşdan getmək və s. kimi.
6. Qadının istihazəsi (sonrdan deyiləcək);
7. Cünub olmaq; hətta ehtiyat-müstəhəb budur ki, qüslü vacib edən hər bir iş dəstəmazı pozar.

CƏBİRƏ DƏSTƏMAZININ HÖKMLƏRİ


Yara və sınığa bağlanan şey, həmçinin yara və bu kimi şeylərin üzərinə qoyulan dərmanlar «cəbirə» adlanır.

Məsələ 323: Əgər dəstəmaz yerinin birində yara, çiban və ya sınıq olsa, belə ki, üstü açıq olduqda su ona zərər yetirməzsə, gərək adi qaydada dəstəmaz alınsın.

Məsələ 324: Əgər yara, çiban və ya sınıq üzdə və əllərdə olsa, onun üstü açıq olsa və onun üstünə su tökməyin zərəri varsa, gərək yara və çibanın ətrafı dəstəmazda deyildiyi kimi yuxarıdan aşağıya yuyulsun. Ən yaxşısı odur ki, əlin suyunu yaranın üzərinə çəkməyin zərəri yoxdursa, əlin suyunu onun üzərinə çəksin, sonra yaranın üstünə pak parça qoysun və əlin suyunu parçanın üzərinə də çəksin. Amma sınıqda təyəmmüm etmək lazımdır.

Məsələ 325: Əgər yara, çiban və sınıq başın qabağında, yaxud ayaqların üstündədirsə və üstü açıqdırsa, belə ki, ona məsh çəkə bilməsə, məsələn; yara məsh yerini tamamilə örtmüşdürsə və ya sağlam olan yerlərini də məsh etməyə imkanı olmasa, bu surətdə təyəmmüm etmək lazımdır. Həmçinin ehtiyat-müstəhəbə görə dəstəmaz alıb, məsh yerinin üzərinə pak bir parça qoyaraq, əlində olan dəstəmaz suyunun nəmliyi ilə onun üzərinə məsh etsin.

Məsələ 326: Əgər çiban, yara və sınığın üstü bağlı olsa, onu açmaq əziyyətsiz mümkündürsə və suyun onun üçün zərəri yoxdursa, gərək açsın və dəstəmaz alsın, istər yara və onun misli üzdə və əllərdə olsun, istərsə başın qabağında və ayaqların üstündə olsun.

Məsələ 327: Əgər üstü bağlı yara, çiban və ya sınıq üzdə və əllərdə olsa, onu açıb üzərinə su tökməyin zərəri varsa, ətrafının mümkün olan miqdarını yumalı və ehtiyat-vacibə görə cəbirənin üzünə məsh etməlidir.

Məsələ 328: Əgər yaranın üstünü açmaq mümkün olmasa, lakin yara və onun üzərinə qoyulan şey pak olsa, suyun yaraya çatdırılması mümkündürsə və zərəri yoxdursa, gərək suyu yuxarıdan aşağıya doğru yaranın üzərinə çatdırsın. Əgər yara və ya onun üzərinə qoyulan şey nəcis olsa, lakin onu yuyaraq yaraya çatdırmaq mümkün olsa, onu yumalı və dəstəmaz alarkən suyu yaraya çatdırmalıdır. Yaraya zərəri olmadığı təqdirdə də, suyu ona çatdırmaq mümkün olmasa, yaxud yara nəcis olarsa və onu yumaq mümkün olmazsa, yaxud açılması çətinliyə və ya zərərə səbəb olarsa, təyəmmüm etməlidir.

Məsələ 329: Əgər cəbirə, dəstəmaz üzvlərinin bəzisinin hər yerini örtmüş olsa, cəbirə dəstəmazı kifayətdir. Amma əgər dəstəmaz üzvlərinin hamısını ya çoxunu örtmüş olsa, ehtiyat olaraq təyəmmüm etməli və cəbirə dəstəmazı da almalıdır.

Məsələ 330: Cəbirənin namaz qılınması səhih olan şeylərdən olması gərək deyil, hətta ipəkdən və ya əti yeyilməsi icazəli olmayan heyvanın üzüvlərindən olsa belə, onun üzərinə məsh çəkmək olar.

Məsələ 331: Əlinin içində və barmaqlarında cəbirə olan və dəstəmaz aldığı zaman islanmış əlini onun üstünə çəkən şəxs baş və ayaqlarını da həmin nəmliklə məsh edə bilər.

Məsələ 332: Cəbirə ayağın üzərinin hamısını eninə əhatə etmiş olduğu halda barmaq tərəfindən və ayağın üst tərəfindən bir qədər açıq qalmışsa, açıq olan yerlərdə ayağın üstünə və cəbirə olan yerlərdə cəbirənin üstünə məsh çəkməlidir.

Məsələ 333: Əgər üzdə və ya əllərdə bir neçə cəbirə olsa, gərək onların arasını yusun və əgər cəbirələr başda və ya ayaqların üstündədirsə, gərək onların arasına məsh çəksin və cəbirə olan yerlərdə isə cəbirə göstərişinə uyğun əməl etsin.

Məsələ 334: Cəbirə yaranın ətrafından normadan çox yeri tutsa və əziyyətsiz onu qaldırmaq mümkün olmasa, cəbirə təyəmmüm yerlərində deyilsə, təyəmmüm etməlidir. Əgər təyəmmüm yerindədirsə, həm təyəmmüm etməli, həm də dəstəmaz almalıdır. Hər iki halda əgər cəbirəni qoparmaq əziyyət vermirsə, gərək onu qoparsın. Deməli əgər cəbirə üz və qollardadırsa onun ətrafını yumalıdır; əgər başda və ya ayaqların üzərindədirsə, onun ətrafını məsh etməlidir. Yara olan yer üçünsə, cəbirə hökmlərinə əməl etməlidir.

Məsələ 335: Əgər dəstəmaz üzvlərində yara, kəsik və ya sınıq yoxdursa, amma başqa səbəbə görə su ona zərər verirsə, təyəmmüm etməlidir.

Məsələ 336: Dəstəmaz üzvlərindən bir yerin damarı zədələnmişsə və onu suya çəkə bilmirsə, təyəmmüm etməsi lazımdır. Amma suyun onun üçün zərəri varsa, gərək cəbirə göstərişinə əməl etsin.

Məsələ 337: Əgər dəstəmaz və qüsl yerinə, aradan qaldırılması mümkün olmayan və ya dözülməyəcək qədər əziyyətli olan bir şey yapışıbsa, bu halda həmin şey təyəmmüm yerlərində deyilsə, təyəmmüm etməlidir. Təyəmmüm yerlərində olduğu təqdirdə isə, həm dəstəmaz almalı, həm də təyəmmüm etməlidir. Amma əgər yapışmış olan şey dərmandırsa, cəbirə hökmünü daşıyır.

Məsələ 338: Meyyit qüslündən başqa digər qüsllərdə cəbirə qüslü eynilə cəbirə dəstəmazı kimidir. Amma ehtiyat-lazıma görə o, tərtibi qaydada yerinə yetirilməlidir. Bədəndə yara və çiban olduğu təqdirdə mükəlləf qüsl və təyəmmüm arasında ixtiyar sahibidir, (hansını istəsə edə bilər). Qüsl etməyi seçdiyi təqdirdə, ehtiyat-müstəhəb budur ki, üstü açıq olan yara və ya çibanın üstünə pak bir parça qoyub, həmin parçanın üstünə məsh çəksin. Bədəndə sınıqlıq olduqda isə qüsl etməli və ehtiyatən cəbirənin də üstünə məsh çəkməlidir. Amma əgər cəbirənin üstünə məsh etmək mümkün deyilsə və ya sınığın üstü açıqdırsa, təyəmmüm etmək lazımdır.

Məsələ 339: Vəzifəsi təyəmmüm etmək olan bir şəxsin təyəmmüm üzvlərinin bəzisində yara, çiban və ya sınıq olarsa cəbirə dəstəmazında açıqlanan qayda üzrə cəbirə təyəmmümünü yerinə yetirməlidir.

Məsələ 340: Cəbirə qüslü və ya dəstəmazı ilə namaz qılmalı olan şəxs, əgər vaxtın sonuna qədər üzrünün aradan qalxmayacağını bilirsə, vaxtın əvvəlində namazını qıla bilər. Amma vaxtın axırına qədər üzrünün aradan qalxacağına ümidvardırsa, yaxşı olar ki, səbr etsin. Əgər üzrü aradan qalxmazsa, vaxtın sonunda namazını cəbirə qüslü və ya dəstəmazı ilə qılsın. Namazını vaxtın əvvəlində qıldığı surətdə, vaxtın sonunda üzrü aradan qalxarsa, ehtiyat-müstəhəb budur ki, dəstəmaz alaraq və ya qüsl edərək, namazını yenidən qılsın.

Məsələ 341: Əgər insan, gözündə olan xəstəliyə görə kipriklərini yapışdırmalı olsa, gərək təyəmmüm etsin.

Məsələ 342: Vəzifəsi təyəmmüm və ya cəbirə dəstəmazı olmasını bilməyən şəxs ehtiyat-vacibə əsasən hər ikisini yerinə yetirməlidir.

Məsələ 343: İnsanın cəbirə dəstəmazı ilə qıldığı namazları səhihdir və o dəstəmazla sonrakı namazları da qıla bilər.

VACİB QÜSLLƏR → ← QABLARIN HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français