ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLı ŞƏRIƏT HÖKMLƏRİ

HƏCCİN HÖKMLƏRİ → ← ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MÜNKƏR

ZƏKATIN HÖKMLƏRİ

Məsələ 1819: On şeyə zəkat vacibdir:
1) Buğda;
2) Arpa;
3) Xurma;
4) Kişmiş;
5) Qızıl;
6) Gümüş;
7) Dəvə;
8) İnək;
9) Qoyun;
10) Ehtiyat-lazıma əsasən ticarət malı (sərmayə);
Əgər bir şəxs, bu on şeydən hər hansına sahib olsa, gərək sonradan deyiləcək şərtlər daxilində, müəyyən olunan miqdarını, müəyyən olunan yerlərə sərf etsin.

ZƏKATIN VACİB OLMASININ ŞƏRTLƏRİ


Məsələ 1820: Zəkat əvvəldə deyilən on şeydə, ancaq malın sonradan deyiləcək nisab (ölçü) miqdarına çatdığı, insanın şəxsi malı olduğu və sahibinin azad olduğu təqdirdə vacib olur.

Məsələ 1821: Əgər insan 11 ay müddətində inək, qoyun, dəvə, qızıl və gümüş sahibi olsa, 12-ci ayın əvvəlində onun zəkatını verməlidir. Amma sonrakı ilin əvvəlini 12-ci ay tamam olandan sonra hesab etməlidir.

Məsələ 1822: Zəkatın qızıl, gümüş və ticarət malında vacib olması onun sahibinin bütün il boyu ağıllı və həddi-büluğa yetmiş olması ilə şərtlənir. Amma buğda, arpa, xurma, kişmiş, dəvə, inək və qoyunda onların sahibinin həddi-büluğa çatması və ağıllı olması şərt deyildir.

Məsələ 1823: Buğda və arpaya zəkat o vaxt vacib olur ki, onlara buğda və arpa deyilsin. Kişmişin zəkatı isə, onun üzüm olduğu zaman vacib olur. Xurmanın zəkatı da, ərəb ona «təmr» dediyi vaxt vacib olur. Amma onun nisabını nəzərə almaq (və zəkatını vermək) zamanı quruduğu vaxtdır; buğda və arpanın zəkatının vacib olması xərməndə samandan ayrıldığı vaxtdır; xurma və kişmişdə isə onları dərmə zamanıdır. Əgər bu vaxtda üzürlü səbəb olmadan, eləcə də müstəhəqq ola-ola zəkatı verməyi təxirə salsa və tələf olsa, malik ona zamindir.

Məsələ 1824: Əvvəlki məsələdə deyilən buğda, arpa, kişmiş və xurmaya zəkatın vacib olmasında, onların sahibinin onlardan istifadə (təsərrüf) edə bilməsi şərt deyildir. Deməli, əgər mal sahibinin, yaxud onun vəkilinin əlində olmasa da, məsələn; bir şəxs onları qəsb etmiş olsa, hər vaxt əlinə çatsa, zəkatı vacib olar.

Məsələ 1825: İnək, qoyun, dəvə, qızıl və gümüşün sahibi, ilin bir hissəsində sərxoş və ya bihuş olarsa, zəkat ondan saqit olmaz. Həmçinin əgər buğda, arpa, xurma və kişmiş zəkatının vacib olduğu zaman sərxoş və ya bihuş olarsa da, hökm eynidir.

Məsələ 1826: Buğda, arpa, xurma və kişmişdən başqa şeylərə zəkatın vacib olmasında, sahibinin şərən və təkvinən onda təsərrüf etməyə qüdrətli olması şərtdir. Deməli, əgər bir şəxs onu etina olunacaq bir zaman ərzində qəsb etmiş olsa və sahibi şərən onu təsərrüf etməkdən məhrum edilərsə, onun zəkatı yoxdur.

Məsələ 1827: Əgər qızıl, gümüş və ya bunlar kimi zəkat vacib olan bir şeyi borc alsa və bir il saxlayarsa, gərək onun zəkatını versin. Borc verən şəxsə isə bir şey vacib deyildir. Amma əgər borc verən şəxs onun zəkatını versə, borc alanın üzərindən götürülür.

BUĞDA, ARPA, XURMA VƏ KİŞMİŞİN ZƏKATI


Məsələ 1828: Buğda, arpa, xurma və kişmişin zəkatı nisab həddinə çatdıqları vaxt vacib olur. Onların nisabı üç yüz sadır. Bəzilərinin dediklərinə əsasən, təqribən 847 kiloqramdır.

Məsələ 1829: Zəkatı vacib olmuş buğda, arpa, xurma və üzümün zəkatını verməzdən əvvəl, ondan bir miqdarını özü və ailəsi yeyərsə və ya zəkat niyyəti olmadan fəqirə verərsə, sərf etdiyi miqdarın da zəkatını verməlidir.

Məsələ 1830: Əgər buğda, arpa, xurma və kişmişin zəkatı vacib olduqdan sonra onun sahibi ölərsə, onun malından zəkat miqdarı verilməlidir. Amma əgər zəkat vacib olmazdan əvvəl ölərsə, varislərdən hansı birinin hissəsi nisab miqdarında olarsa, o öz payının miqdarını verməlidir.

Məsələ 1831: Şəriət hakiminin tərəfindən zəkatı toplamağa məsul edilən şəxs, buğda və arpanın samandan ayrıldığı xərmən zamanı, xurma və üzümün də quruduğu vaxt zəkatı tələb edilə bilər. Bu təqdirdə əgər bunların sahibi zəkat verməsə və zəkatı vacib olan şey tələf olub aradan gedərsə, onun əvəzini verməyə borcludur.

Məsələ 1832: Əgər xurma və üzüm ağacına və ya buğda və ya arpa əkininə sahib olduqdan sonra, onların zəkatı vacib olarsa, onun zəkatını verməlidir.

Məsələ 1833: Əgər buğda, arpa, xurma və üzümün zəkatı vacib olduqdan sonra, əkini və ya ağacı satarsa, gərək satıcı onların zəkatını versin. O, zəkatı verərsə, alıcıya bir şey vacib deyil.

Məsələ 1834: Əgər insan buğda, arpa, xurma və ya kişmiş alıb satanın onların zəkatını verdiyini bilsə və ya verib-vermədiyində şəkk edərsə, ona bir şey vacib deyildir. Amma əgər onların zəkatını vermədiyini bilərsə, gərək özü onların zəkatını versin. Amma əgər satıcı onu aldadarsa, zəkatı verdikdən sonra, zəkatın miqdarını ondan tələb edə bilər.

Məsələ 1835: Əgər buğda, arpa, xurma və kişmişin yaş olan vaxtdakı çəkisi nisab həddinə çatsa, amma quruyandan sonra bu miqdardan az olsa, zəkat vacib deyil.

Məsələ 1836: Buğda, arpa və xurma qurumazdan əvvəl sərf edilərsə, onların qurusunun ölçüsü nisab miqdarında olarsa, gərək onları zəkatı verilsin.

Məsələ 1837: Xurma üç qismdir:
1. Qurudulan xurma; onunla bağlı zəkat hökmü əvvəldə deyildi.
2. Yaş ikən istifadə edilə bilən xurma.
3. Yetişməzdən əvvəl yeyilən xurma.
İkinci qism xurmanın qurusu nisab miqdarına yetişəcək miqdarda olarsa, ehtiyat-müstəhəb budur ki, onun zəkatı verilsin. Zahir budur ki, üçüncü qismin zəkatı vacib deyil.

Məsələ 1838: Zəkatı verilmiş buğda, arpa, xurma və kişmiş insanın yanında bir neçə il qalarsa, zəkatı yoxdur.

Məsələ 1839: Əgər buğda, arpa, xurma və kişmiş yağış, yaxud çay suyu ilə suvarılarsa və ya Misirdəki tarlalar (əkin sahələri) kimi, yerin rütubətindən istifadə edərsə, onun zəkatı onda birdir. Amma əgər vedrə və bu kimi şeylərlə suvarılarsa, onun zəkatı iyirmidə birdir.

Məsələ 1840: Əgər buğda, arpa, xurma və üzüm həm yağış suyu ilə, həm də vedrə və bu kimi şeylərlə suvarılarsa, bu təqdirdə, ürfün nəzərində «vedrə və bu kimi şeylərlə suvarıldığı» sayılarsa, onun zəkatı iyirmidə birdir. Əgər «çay və yağışla suvarıldı» deyərlərsə, onun zəkatı onda birdir. Əgər «hər ikisilə də suvarılırdı» deyərlərsə, onun zəkatı qırxda üçdür.

Məsələ 1841: Əgər camaatın sözündən onların nə söylədiyində şəkk edərsə və suvarma işini, xalqın hər ikisilə də suvarılmışdır və ya məsələn; yağışla suvarılmışdır dediyi şəkildə olduğunu bilməzsə, qırxda üç verməsi kifayətdir.

Məsələ 1842: Əgər bir nəfər ürfün nəzərində hər ikisilə suvarılıb və ya vedrə və bu kimi şeylərlə suvarılmasında, şəkk edərsə və bilməzsə, iyirmidə birini zəkat olaraq verərsə, kifayətdir. Həmçinin əgər camaat nəzərində «yağış suyu ilə sulanmışdır» deyildiyinə ehtimal verilirsə, hökm eynidir.

Məsələ 1843: Əgər buğda, arpa, xurma və kişmiş yağış və çay suyu ilə suvarılarsa, vedrə və bu kimi şeylərlə suvarılmaya ehtiyacı olmadığı halda onlarla da suvarılarsa, amma vedrə və bu kimi şeylərlə edilən suvarma onun məhsulunun çoxalmasına kömək etməzsə, onun zəkatı onda birdir. Əgər adı çəkilən məhsullar vedrə və bu kimi şeylərlə suvarılarsa, yağış və çay suyuna ehtiyacı olmadığı halda onlarla da suvarılarsa, amma onlarla edilən suvarmanın onun məhsulunun çoxalmasına bir köməyi olmasa, zəkatı iyirmidə birdir.

Məsələ 1844: Vedrə və bu kimi şeylərlə suvarılan tarlanın yanında başqa bir əkin olarsa və onun rütubətindən istifadə edib ayrıca suvarmaya ehtiyac qalmasa, vedrə ilə suvarılan əkinin zəkatı iyirmidə birdir, onun yanında olub rütubətindən istifadə edən əkin yerinin zəkatı isə, ehtiyata əsasən onda birdir.

Məsələ 1845: Buğda, arpa, xurma və üzüm üçün sərf etdiyi xərcləri məhsuldan çıxıb, sonra nisab mülahizə edə bilməz. Bununla belə, əgər onlardan biri xərclənən məsrəflər mülahizə edilməzdən əvvəl nisaba çatarsa, gərək onun zəkatını versin.

Məsələ 1846: İnsan, əvvəl tarlaya əkdiyi toxumu (istər özündən olsun, istər almış olsun) məhsuldan götürüb sonra nisabı mülahizə edə bilməz, əksinə nisabı məhsulun məcmusuna nisbətən mülahizə etməlidir.

Məsələ 1847: Dövlətin malın əslindən aldığı şeyə zəkat vacib olmaz. Məsələn; əgər əkinin məhsulu 2000 kq olsa və dövlət onun 100 kq-nı vergi olaraq alarsa, yalnız 1900 kq-nın zəkatı vacib olar.

Məsələ 1848: İnsan, ehtiyat-vacibə əsasən, zəkatın vacib olmasından əvvəl etdiyi xərcləri məhsuldan götürüb, fəqət yerdə qalanının zəkatını verə bilməz.

Məsələ 1849: Zəkat vacib olandan sonra etdiyi xərclərdən zəkat miqdarı üçün xərclədiyini onu xərcləməkdə şəriət hakimi və ya onun nümayəndəsindən icazə almış olsa da, ehtiyata əsasən məhsuldan götürə bilməz.

Məsələ 1850: Buğda və arpanın xərmən həddinə yetişməsini, üzüm və xurmanın quruma vaxtına yetişməsini gözləyib sonra zəkat verməsi vacib deyildir. Zəkat vacib olan vaxt zəkat miqdarının qiymətini məlum edib, qiymətini zəkat olaraq, vermək caizdir.

Məsələ 1851: Zəkat vacib olandan sonra, əkini dərmədən və ya xurma və üzümü toplamadan müstəhəqq olan şəxsə, yaxud şəriət hakiminə ya da onların nümayəndəsinə müşaən (müştərək) təslim edə bilər. Təslim edərsə, ondan sonra edilən xərclərdə ortaqdırlar.

Məsələ 1852: Mal sahibi əkinin və ya xurma və üzümün özünü şəriət hakiminə və ya zəkata müstəhəqq olan şəxsə, ya da onların vəkilinə təslim etdikdə, onları başqa mallar ilə birlikdə pulsuz və müşaən öz tarlasında saxlaması lazım deyildir. Onların yığılma və ya quruma vaxtına qədər tarlasında qalması üçün muzd istəyə bilər.

Məsələ 1853: Əgər bir insanın iqlimləri dəyişkən olub, əkin və meyvələri eyni zamanda yetişməyən bir neçə şəhərdə buğda, arpa, xurma, üzüm kimi məhsulları olsa və onların hamısı bir ilin məhsulu sayılırsa, əvvəl yetişənin miqdarı nisab miqdarına çatarsa, onun zəkatını yetişdiyi an verməlidir. Qalanlarını isə yetişdiyi vaxt verməlidir. Amma əgər əvvəl yetişənin ölçüsü nisaba çatmazsa, məhsulun sonrakı qismləri yetişənə qədər səbr edər. Əgər hamısı birlikdə nisab miqdarına yetişərsə, onun zəkatı vacib olar, nisab miqdarına yetişməzsə, vacib olmaz.

Məsələ 1854: Əgər üzüm və ya xurma ağacı bir ildə iki dəfə meyvə versə, birlikdə nisab həddinə çatsa, ehtuyata əsasən, onun zəkatı vacibdir.

Məsələ 1855: Quruduğu vaxt nisab miqdarına yetişəcək qədər təzə xurma və ya üzümü olarsa, əgər onun təzəsindən quruduğu vaxt ona vacib olan zəkat miqdarı zəkat qəsdilə verilərsə, eybi yoxdur.

Məsələ 1856: Quru xurma və ya üzümün zəkatı vacib olan şəxs, onların zəkatını təzə xurma və ya təzə üzümdən verə bilməz. Hətta onun qiymətini müəyyən edib, təzə olan ayrı bir üzüm və ya quru xurmanı zəkatın qiyməti olaraq verərsə də, işkallıdır. Həmçinin üzərinə təzə xurma və ya təzə üzüm zəkatı vacib olsa, onun zəkatını quru xurmadan və ya kişmişdən verə bilməz. Hətta zəkatın qiyməti olaraq başqa bir xurma və üzümü verərsə, hərçənd təzə olsa da, işkallıdır.

Məsələ 1857: Borclu olan şəxs, üzərinə zəkat vacib olan mal olduğu halda ölərsə, əvvəlcə zəkata vacib olan maldan onun zəkatı bütünlüklə verilməli, sonra da onun borcu ödənilməlidir. Amma əgər zəkat onun zimməsində vacib olmuşsa, sair borcları kimidir.

Məsələ 1858: Borclu olan bir şəxsin buğda, arpa, xurma və ya üzümü də olsa və o, ölsə və bunların zəkatı vacib olmazdan əvvəl, varisləri onun borcunu başqa mallarından ödəyərlərsə, hansının payı nisab miqdarına yetişərsə, gərək onun zəkatını versin. Amma əgər, bunların zəkatı vacib olmazdan əvvəl onun borcunu ödəməzlərsə, belə ki, ölən şəxsin malı yalnız borcuna çatarsa, bunların zəkatını vermək vacib deyildir. Əgər ölən şəxsin malı borcundan çox olarsa və əgər onun borcunu ödəmək istədikləri halda tələbkara buğda, arpa, xurma və üzümdən də bir miqdar verməli olsalar, tələbkara verilən miqdarın zəkatı yoxdur. Yerdə qalanında isə varislərin hansının payı nisab miqdarına yetişərsə, gərək zəkatını versin.

Məsələ 1859: Əgər zəkatı vacib olmuş buğda, arpa, xurma və kişmişin yaxşısı və pisi vardırsa, ehtiyat-vacib budur ki, yaxşının zəkatını pisdən verməsinlər.

QIZILIN NİSABI


Məsələ 1860: Qızılın iki nisabı var:
Birincisi: 20 şəri misqaldır ki, hər misqal 18 noxuddur. Qızıl 20 şəri misqala 15 adi misqala çatarsa, deyilən başqa şərtlərə də sahib olarsa, insan onun qırxda birini ki, 9 noxud edər, zəkat olaraq verməlidir. Əgər bu miqdara çatmazsa, onun zəkatı vacib deyildir.
İkincisi: Dörd şəri misqaldır ki, üç adi misqala bərabərdir. Deməli, əgər 15 (adi) misqala üç (adi) misqal əlavə olunsa, 18 misqalın hamısının zəkatını qırxda birini verməlidirlər. Əgər üç misqaldan az artsa, təkcə 15 misqalın zəkatı verilməlidir. Onun artıq qalan hissəsinin zəkatı yoxdur. Həmçinin, hər nə qədər yuxarı getsə, yəni üç misqal üç misqal artsa, onların hamısının zəkatı verməlidirlər. Əgər üç misqaldan az əlavə olunsa, artan hissənin zəkatı yoxdur.

GÜMÜŞÜN NİSABI


Məsələ 1861: Gümüşün iki nisabı vardır:
Birincisi: 105 adi misqaldır. Əgər gümüş 105 adi misqala çatsa, qadaqda deyilən sair şərtlər də mövcud olsa, insan onun qırxda birini (2 misqal və 15 noxud) zəkat verməlidir. Əgər bu miqdara çatmasa, zəkatı vacib deyil.
İkincisi: 21 misqaldır, yəni əgər 105 misqalın üzərinə 21 misqal artarsa, gərək deyildiyi kimi tamamilə 126 misqalın zəkatı verilsin və 21 misqaldan az artarsa, fəqət 105 misqalın zəkatını verməlidir, artığı üçün zəkat yoxdur. Həmçinin, nə qədər artarsa, hökm eynidir; yəni, əgər 21 misqal artarsa, hamısının zəkatını verməlidir. Əgər az əlavə edilərsə, 21 misqaldan az olan qismin zəkatı yoxdur. Əgər nisab həddinə çatıb-çatmamasında şəkk edərsə, ehtiyat-vacibə görə axtarış etməlidir.

Məsələ 1862: Nisab miqdarına çatan qızıl və gümüşü olan bir şəxs, onun zəkatını vermiş olsa da, birinci nisabdan azalmayanadək, gərək hər il onun zəkatını versin.

Məsələ 1863: Qızıl və gümüşün zəkatı, ancaq onlara sikkə vurulduğu və onlarla alverin rəvac olduğu təqdirdə, vacib olur. Əgər onların sikkəsi pozulmuş olsa, amma onunla alver rəvacdadırsa zəkatı verilməlidir. Amma əgər rəvacdan düşmüş olsa, sikkəsi qalmış olsa belə, zəkatı yoxdur.

Məsələ 1864: Qadınların bəzək olaraq işlətdikləri sikkəli qızıl və ya gümüş alverdə də işlədilirsə, yəni yenə də qızıl və gümüş pul olduğu qüvvədədirsə, ehtiyata əsasən onun zəkatı vacib olur. Amma əgər daha onunla alver edilmirsə, zəkatı vacib olmaz.

Məsələ 1865: Qızıl və gümüşü olan bir şəxsin, əgər onların heç biri ilk nisab miqdarında olmasa, məsələn; 104 misqal gümüşü və 14 misqal qızılı olarsa, zəkat ona vacib deyil.

Məsələ 1866: Əvvəldə deyildiyi kimi, qızıl və gümüşün zəkatının vacib olması üçün, onların nisab miqdarına çatdıqdan sonra, sahibinin əlində 11 ay qalmalıdır. Əgər on bir ay ərzində qızıl və gümüş ilk nisab miqdarından aşağı düşərsə, zəkat vacib olmaz.

Məsələ 1867: Əgər on bir ay ərzində əlində olan qızıl və ya gümüşü, digər bir şeylə dəyişdirərsə yaxud onları əridərsə, ona zəkat vacib olmaz. Amma əgər, zəkat verməkdən qaçmaq üçün onları başqa bir qızıl ya gümüşlə dəyişdirərsə, yəni qızılı, qızıl və ya gümüşlə, gümüşü, gümüş və ya qızılla dəyişdirərsə, ehtiyat-vacib budur ki, onun zəkatını versin.

Məsələ 1868: Əgər on ikinci ayda qızıl və gümüş pulu əridərsə, gərək onların zəkatını versin. Ərimə vasitəsilə onların qiymət və ya çəkisi azalarsa, gərək əritməzdən əvvəl vacib olan zəkatı versin.

Məsələ 1869: Adi ölçüdən daha çox digər filiz qarışığı olan gümüş və qızıl pulu olsa, ona qızıl pul və ya gümüş pul deyilirsə, nisab miqdarına yetişənədək, onun saf (xalis) miqdarı nisab həddinə yetişməsə də, zəkatı vacib olur. Amma əgər, ona qızıl və gümüş pul deyilmirsə, onun saf (xalis) miqdarı nisab həddinə çatsa belə, zəkatı vacib deyil.

Məsələ 1870: Əlində olduğu qızıl və gümüş pulun adi miqdarda digər filiz qarışığı olursa, əgər onun zəkatını adi miqdardan daha çox başqa filizi olan pul ilə ya qızıl və gümüş puldan qeyri puldan versə eybi yoxdur, amma o pul ona zəkat vacib olan miqdarın qiymətində olmalıdır.

DƏVƏ, İNƏK VƏ QOYUNUN ZƏKATI


Məsələ 1871: Dəvə, inək və qoyunun zəkatının, deyilən şərtlərdən başqa, bir başqa şərti də vardır. O da, bütün il boyu çöl otundan otlamasıdır; buna görə də əgər ilin tamamını və ya bir qismini toplanmış otdan yeyərsə, yaxud sahibinin və ya başqasının mülkü olan əkindən otlarsa, zəkatı yoxdur. Amma əgər ilin bütün günlərində bir gün və ya iki gün sahibinin mülkü olan otdan yeyərsə, ürfün nəzərində «il boyu çöldə otlayıb» deyilsə, ona zəkat vacib olur. Dəvə, inək və qoyunun zəkatının vacib olmasında, onların il boyunca işləməyən bir heyvan olması şərt deyildir. Hətta əgər bu heyvanlardan suvarmada, şumlamada və bu kimi işlərdə işlədərlərsə də, ürfün nəzərində «işsizdirlər» deyilsə, onların zəkatını verməlidir. Hətta əgər «işsizdir» deyilməsə də, gərək ehtiyat-vacibə əsasən gərək onların zəkatı verilsin.

Məsələ 1872: Əgər insan özünün dəvə, inək və qoyunların otlaması üçün bir şəxsin əkmədiyi bir otlağı satın alarsa və ya icarəyə götürərsə, onların zəkatının vacib olması mübahisəlidir. Amma əhvət zəkatı verməkdir. Əgər orada otarmaq üçün vergi verirsə, gərək zəkat versin.

DƏVƏNİN NİSABI


Məsələ 1873: Dəvənin on iki nisabı vardır:
1. 5 dəvə: zəkatı bir qoyundur. Dəvənin sayı bu miqdara yetişməzsə, zəkatı yoxdur.
2. 10 dəvə: zəkatı iki qoyundur.
3. 15 dəvə: zəkatı 3 qoyundur.
4. 20 dəvə: zəkatı 4 qoyundur.
5. 25 dəvə: zəkatı 5 qoyundur.
6. 26 dəvə: zəkatı 2-ci ilinə daxil olmuş 1 dəvədir.
7. 36 dəvə: zəkatı 3-cü ilinə daxil olmuş 1 dəvədir.
8. 46 dəvə: zəkatı 4-cü ilinə daxil olmuş 1 dəvədir.
9. 61 dəvə: zəkatı 5-ci ilinə daxil olmuş 1 dəvədir.
10. 76 dəvə: zəkatı 3-cü ilinə daxil olmuş 2 dəvədir.
11. 91 dəvə: zəkatı 4-cü ilinə daxil olmuş 2 dəvədir.
12. 121 və daha çox dəvə.
Bunların zəkatını ya 40 - 40 hesab edilib, hər 40 dənə üçün 3-cü ilinə daxil olmuş bir dəvə verməlidir ya da 50 - 50 hesab edilib, hər 50 dənə üçün 4-cü ilinə daxil olmuş 1 dəvə versin ya da 40 və 50 hesab etsin. Bəzi yerlərdə 200 dəvəyə sahib olan hal kimi, 40-40, yaxud 50-50 hesab etməkdə ixtiyar sahibidir. Lakin hər iki halda gərək hesabı elə etsin ki, yerdə bir şey qalmasın, əgər qalsa da, 9-dan artıq olmasın. Məsələn; əgər 140 dəvəsi varsa, 100 dəvəsi üçün 4-cü ilinə daxil olmuş 2 dəvə, 40 dəvə üçün də 3-cü ilinə daxil olmuş bir dəvə versin. Zəkat olaraq verilən dəvə dişi olmalıdır. Amma əgər altıncı nisabda iki yaşlı dişi dəvə tapmasa, üç yaşlı erkək dəvə kifayətdir. Əgər bu da olmasa, hər birini almaqda ixtiyar sahibidir.

Məsələ 1874: İki nisab arasında zəkat vacib deyildir. Deməli, əgər dəvələrinin sayı 5 ədəd olan birinci ölçüdən keçsə, 10 ədəd olan 2-ci ölçüyə çatmasa, yalnız 5-nin zəkatını verməlidir. Həmçinin, sonrakı ölçülər də belədir.

İNƏYİN NİSABI


Məsələ 1875: İnəyin iki nisabı var:
1. Otuz inək üçün: İnəyin sayı otuza çatarsa, başqa şərtlərə də malik olarsa, insan, ikinci ilinə daxil olmuş bir ədəd dana zəkat verməlidir. Ehtiyat-vacib budur ki, gərək dana erkək olsun.
2. Qırx inək üçün: Zəkatı üçüncü ilə daxil olmuş dişi danadır. 30 ilə 40 arasında olan inəyin zəkatı vacib deyil. Məsələn: 39 ədəd inəyi olan bir şəxs, yalnız bunların 30-nun zəkatını verməlidir. Həmçinin əgər 40-dan çox inəyi olarsa, 60-a çatmayanadək, yalnız 40-nın zəkatını verməlidir. 60-a yetişdikdən sonra, birinci nisabın iki bərabəri olduğuna görə 2-ci ilə girmiş iki dananı zəkat verməlidir. Hər nə qədər çoxalırsa, ya 30-30 hesab etməli, ya da 40-40 hesab etməli və ya 30-40 olaraq hesab etməli və göstərilmiş qaydaya əsasən, zəkatı verməlidir. Amma gərək elə hesab etsin ki, bir şey artıq qalmasın, ya əgər bir şey artıq qalsa da 9-dan artıq olmasın. Məsələn; 70 inəyi olan bir şəxs, onları 30 və 40 hesabı ilə hesablamalıdır. Çünki, əgər 30 hesabıyla hesablarsa, on ədədin zəkatı verilməmiş olaraq qalar. Bəzi hallarda, 120 inəyi olduğu hal kimi, necə hesablamaqda ixtiyar sahibidir.

QOYUNUN NİSABI


Məsələ 1876: Qoyunun 5 nisabı vardır:
1. Qırx qoyun: zəkatı bir qoyundur. Qoyunların sayı 40-a çatmayanadək zəkatı yoxdur.
2. 121 qoyunun: zəkatı 2 qoyundur.
3. 201 qoyunun: zəkatı 3 qoyundur.
4. 301 qoyunun: zəkatı 4 qoyundur.
5. 400 ədəd və ondan yuxarı olanda gərək 100 ədəd 100 ədəd hesab etsin və onların hər bir 100 ədədinə 1 qoyun versin. Zəkatı qoyunların özündən vermək lazım deyil, hətta əgər digər qoyun versə və ya qoyunun qiymətinə uyğun pul versə, kifayətdir.

Məsələ 1877: İki nisab arasında zəkat vacib deyildir. Əgər birinin qoyunlarının sayı 40 ədəd olan birinci ölçüdən çox olub, 121 ədəd olan ikinci nisaba çatmayıbsa, yalnız 40 ədədinin zəkatını verməlidir. Artığının zəkatı isə yoxdur. Sonrakı ölçülərdə də belədir.

Məsələ 1878: Nisab miqdarına çatmış dəvə, inək və qoyunun zəkatı vacibdir. İstər hamısı erkək və ya dişi olsun yaxud bəzisi erkək, bəzisi dişi olsun.

Məsələ 1879: Zəkatda inəklə camış, ərəb dəvəsi ilə qeyri-ərəb dəvəsi, keçi ilə qoç və şişək zəkatda eyni cinsdən hesab olunur və bir-birilə fərqi yoxdur.

Məsələ 1880: Əgər zəkat üçün qoyun versə, ehtiyat-vacibə görə, ən azı iki yaşlı, keçi versə, ehtiyata görə üç yaşına daxil olmuş olmalıdır.

Məsələ 1881: Zəkat kimi verilən qoyunun qiyməti, sair qoyunlardan azacıq az olsa, eybi yoxdur. Amma daha yaxşı olar ki, qiyməti sair qoyunların qiymətindən çox olanı zəkat kimi versin. Həmçinin, inək və dəvədə də eyni qayda ilə.

Məsələ 1882: Əgər bir neçə nəfər şərik olsalar, hər birinin payı birinci nisab həddinə çatsa, zəkatını verməlidir. Payı birinci nisab həddindən az olan şəxsə, zəkat vacib deyil.

Məsələ 1883: Əgər bir nəfərin bir neçə yerdə inəyi, dəvəsi, yaxud qoyunu olsa və üst-üstə nisab həddinə çatsalar, gərək onların zəkatını versin.

Məsələ 1884: Əgər inək, qoyun və dəvəsi xəstə və eybli olsalar da, gərək onların zəkatını versin.

Məsələ 1885: Əgər xəstə və ya eybli yaxud qoca inəyi, qoyunu və dəvəsi varsa, zəkatını onların özündən verə bilər. Lakin onların hamısı sağlam, eybsiz və cavan olsa, xəstə, eybli və ya qocasını verə bilməz. Hətta əgər onların bəzisi sağlam, bəzisi xəstə, bir dəstəsi eybli, başqa dəstəsi eybsiz, bir miqdarı qoca və bir miqdarı cavan olsa, ehtiyat-vacib budur ki, onların zəkatı sağlam, eybsiz və cavan heyvandan verilsin.

Məsələ 1886: On bir ay tamam olmazdan əvvəl sahibi olduğu inəyi, qoyununu və dəvəni başqa şeylə əvəz etsə, yaxud nisabı olanı nisab miqdarı ilə həmən cinsdən əvəz etsə, məsələn; 40 qoyun verib və başqa 40 qoyun alsa, əgər bu iş zəkatdan boyun qaçırmaq məqsədilə olmasa, ona zəkat vacib olmaz. Amma əgər bu məqsədlə olmuş olarsa, belə ki, hər ikisinin də mənfəəti bir çeşiddə olarsa, məsələn; hər iki qoyun süd verən qoyun olarsa, ehtiyat-lazım budur ki, onun zəkatını versin.

Məsələ 1887: İnək, dəvə və qoyunun zəkatını verməli olan şəxs onların zəkatını başqa malından versə, onların sayı nisabdan az olmayana qədər, gərək hər il zəkatını versin. Əgər onların özündən versə və birinci ölçüdən az olsa, zəkatı vacib deyil. Məsələn; 40 qoyunu olan əgər başqa malından onların zəkatını versə, qoyunları 40-dan azalmayana qədər hər il gərək bir qoyun versin. Əgər onların özündən versə, 40-a çatmayana qədər ona zəkat vacib deyildir.

TİCARƏT MALININ ZƏKATI


İnsan müavizə (qarşılıqlı olaraq dəyişdirmə) əqdi ilə sahib olduğu və ticarət və qazanc əldə etmək üçün saxladığı malın ehtiyat-vacibə əsasən bir neçə şərtlə zəkatını verməlidir. Onun zəkatı isə qırxda birdir.
1. Sahibi ağıllı və həddi-büluğa çatmış olmalıdır.
2. Mal ən azı 15 misqal sikkəli qızıl, yaxud 105 misqal sikkəli gümüş qədərində (dəyərində) olmalıdır.
3. Onunla ticarət etməyi qəsd etdiyi vaxtdan bir il keçməlidir.
4. Bir il boyunca ondan mənfəət götürmək niyətində qalmalıdır. Buna əsasən əgər ilin ortasında məqsədindən dönərsə və məsələn; onu xərcləri üçün sərf etmək istərsə, onun zəkatını vermək lazım deyildir.
5. O malın sahibi bütün il boyunda onda təsərrüf etmək imkanına qadir olsun.
6. İlin tamamında, sərmayənin miqdarına və ya daha artıq bir miqdarla müştərisi olmalıdır; buna əsasən əgər ilin bir qismində onun sərmayədən az müştərisi olarsa, onun zəkatını vermək vacib deyildir.

ZƏKATIN SƏRF OLUNMA YERLƏRİ


Məsələ 1888: Zəkat səkkiz yerdə sərf olunur:
1. Fəqirə. (Fəqir özünün və ailəsinin illik xərclərini təmin edə bilməyən kəsdir. Sənət və ya mülk yaxud da sərmayəsi olan şəxs, sərmayənin mənfəətlərindən öz illik xərclərini təmin edə bilirsə, fəqir deyil).
2. Miskinə. (Miskin, vəziyyəti fəqirdən də ağır olan kəsdir).
3. İmamın (ələyhis-səlam), yaxud onun naibinin tərəfindən zəkatı yığıb saxlamağa onun mühasibəçisinə, onu İmama (ələyhis-səlam), yaxud onun naibinə və ya fəqirlərə çatdırmağa vəzifəli olan şəxsə.
4. Zəkat verildiyi təqdirdə, İslama meyl edən və ya döyüşdə və digər işlərdə müsəlmanlara yardım edən kafirlər. Həmçinin, Rəsulullahın (səlləllahu ələyhi və alihi vəs-səlləm) gətirdiyi şəriətin bəzisinə imanları zəif olan müsəlmanlar, onlara zəkat vermək imanlarının güclənməsinə yol açarsa, vermək olar. Yaxud həzrət Əmirəl-möminin Əlinin (ələyhis-səlam) vilayətinə imanı olmayan müsəlmanlara zəkat vermək, onların vilayətə inanmağa rəğbətlərini artırıb inamlarına səbəb olarsa, zəkat vermək olar.
5. Qulları satın alıb azad etmək üçün; (təfsilatı ilə öz yerində deyilibdir).
6. Borcunu verə bilməyən borcluya;
7. Allah yolunda xərcləmək. Məsələn; məscid tikmək, dini elmlər oxunan mədrəsə tikmək, şəhər təmizləmək və yolları asfalt edib genişləndirmək kimi, faydası ümumi müsəlmanlara aid olan işlərdə xərcləmək.
8. İbni-səbil; yəni səfərdə çətinliyə düşmüş müsafir.
Bunlar zəkatın sərf edildiyi yerlərdir. Amma mal sahibi zəkatı İmamın (ələyhis-səlam) və ya onun nümayəndəsinin icazəsi olmadan 3-cü və 4-cü yerə sərf edə bilməz. Ehtiyat-lazıma əsasən 7-ci yerə xərcləməkdə də şəriət hakimindən icazə almalıdır. Bu yerlərə aid hökmlər sonrakı məsələlərdə deyiləcək.

Məsələ 1889: Ehtiyat-vacib budur ki, fəqir və ya miskin özünün və əhl-əyalının illik xərclərindən çox zəkat almasın. Əgər bir miqdar pulu və malı olsa, yalnız bir illik xərcinin miqdarına yetişmədiyi qədəri zəkat alsın.

Məsələ 1890: İllik xərci olan şəxs, əgər ondan bir miqdarını xərcləyib, qaldığı miqdarın il xərclərinə çatası olub-olmamasına şəkk etsə, zəkat ala bilməz.

Məsələ 1891: Gəliri illik xərclərindən az olan sənətkar, malik və ya tacir xərclərinin çatışmayan hissəsi üçün zəkat ala bilər və iş alətlərini, ya mülk yaxud sərmayəsini xərclərinə sərf etməsi lazım deyil.

Məsələ 1892: Özünün və ailə fərdlərinin illik məsrəflərinə sahib olmayan bir fəqirin, əgər içərisində oturduğu və mülkiyyətində olduğu bir evi və ya bir minik vasitəsi olarsa, belə ki, onlarsız yaşaya bilməzsə, abrını qorumaqdan ötrü olsa da zəkat ala bilər. Ev əşyaları, qab-qacaq, qış və yay paltarı və ehtiyacı olduğu şeylər də bu kimidir. Bunlara sahib olmayan fəqir, bunlara ehtiyacı olmuş olsa, bu şeyləri zəkatla ala bilər.

Məsələ 1893: Kəsb (ticarət) edərək özünün və ailəsinin xərclərini təmin edə bilən bir fəqir tənbəllik üzündən bu işləri etməzsə, zəkat alması icazəli deyil. Kəsb-ticarət elm öyrənməsinə mane olan bir dini tələbə heç bir halda fəqirlərin səhmindən zəkat ala bilməz. Amma əgər təhsil almaq ona vacibi-eyni olarsa, onda ala bilər və onun təhsil alması ümumi mənfəətə malik olsa, ehtiyat-lazıma əsasən şəriət hakiminin icazəsi ilə səbilullah səhmindən alması caizdir. Sənət öyrənməsi çətin olmayan bir fəqir, ehtiyat-vacibə əsasən, zəkat almaqla yaşaya bilməz. Lakin sənət öyrənməklə məşğul olduğu müddətdə zəkat ala bilər.

Məsələ 1894: Əvvəli fəqir olmuş, indi «fəqirəm» deyən şəxsə, insana onun sözündən xatircəmlik gəlməsə də, zəkat verə bilər. Amma ehtiyata əsasən, əvvəldən fəqir olub-olmadığı bir şəxsə məlum olmasa, fəqir olduğuna xatircəm olmayanadək, zəkat verə bilməz.

Məsələ 1895: Əvvəli fəqir olmamış, indi «fəqirəm» deyən şəxsin sözündən xatircəmlik hasil olmasa, ona zəkat vermək olmaz.

Məsələ 1896: Zəkat verən şəxs, əgər bir fəqirdən tələbkardırsa, öz tələbini həmin fəqirdən zəkat əvəzi hesab edə bilər.

Məsələ 1897: Əgər bir fəqir ölsə və onun malı borcuna çatmasa, insan onda olan alacağını zəkat olaraq hesab edə bilər. Hətta, əgər onun malı borcu miqdarınca olsa, varisləri onun borcunu verməsələr və ya başqa cəhətə görə insan öz alacağını ala bilməsə, onda olan alacağını zəkat olaraq hesab edə bilər.

Məsələ 1898: İnsanın fəqirə zəkat olaraq verdiyi şeyin zəkat olmasını ona deməsi lazım deyil. Hətta əgər fəqir xəcalət çəkərsə, zəkat məqsədilə verilən malın zəkat olduğunu aşkar etməməsi müstəhəbbdir.

Məsələ 1899: Bir şəxsi fəqir hesab edərək, ona zəkat verib, sonra onun fəqir olmadığını anlayarsa və ya şəri hökmü bilmədiyindən fəqir olmayan bir şəxsə zəkat verərsə, kifayət deyildir. Bu halda əgər verilən şey qalırsa, ondan alıb müstəhəqqə verməlidir. Əgər verilən şey yox olub aradan getmişdirsə, onu alan şəxs, onun zəkat olduğunu bilirdisə, onun əvəzini ondan alıb müstəhəqq olana verə bilər. Amma əgər zəkat olduğunu bilmirdisə, ondan heç bir şey ala bilməz. Öz malından zəkatın əvəzini müstəhəqq olana verməlidir. Hətta ehtiyat-vacibə əsasən, fəqiri tanımaqda təhqiqat aparmış olsa, yaxud şəri höccətə istinad etmiş olsa belə hökm eynidir.

Məsələ 1900: Borclu olub, borcunu verə bilməyən şəxs, özünün illik xərclərinə malik olmasına baxmayaraq, borcunu ödəmək üçün zəkat ala bilər. Lakin o, borc aldığı malı gərək günah işlərdə xərc etməmiş olsun.

Məsələ 1901: Borclu olub, borcunu verə bilməyən şəxsə zəkat versə, sonra o borcu, günah işlərdə xərclədiyini bilsə, əgər o borclu fəqir olsa, ona verdiyini fəqirlərə verilən qismindən hesab edə bilər.

Məsələ 1902: Borclu olub borcunu ödəyə bilməyən şəxsin fəqir olmamasına baxmayaraq insan ondan olan öz tələbini zəkat əvəzi hesab edə bilər.

Məsələ 1903: Xərci qurtarmış, yaxud miniyi işdən düşmüş müsafir belə ki, onun səfəri günah iş üçün olmasa və borc almaqla, ya bir şeyini satmaqla məqsədə çata bilməsə, öz vətənində fəqir olmasa belə, zəkat ala bilər. Amma əgər başqa yerdə borc almaqla, yaxud bir şey satmaqla səfər xərcini təmin edə bilirsə, yalnız ora çatmaq miqdarında zəkat ala bilər. Ehtiyat-vacibə görə, əgər öz vətənində olan bir malı satmaq və ya icarəyə verməklə yol xərcini hazırlaya bilərsə, gərək zəkat almasın.

Məsələ 1904: Səfərdə əlacsız qalmış və zəkat almış müsafir vətəninə çatdıqdan sonra zəkatdan bir şey artıq qalmış olsa, əgər onu zəkat verən şəxsə qaytarmaq mümkün deyilsə, gərək onu şəriət hakiminə verib, zəkat olmasını da desin.

ZƏKATA MÜSTƏHƏQ OLAN ŞƏXSLƏRİN ŞƏRTLƏRİ


Məsələ 1905: Mal sahibinin zəkatını verə bilən şəxs, gərək on iki imam şiəsi olsun. Əgər insan bir şəxsi, on iki imam şiəsi bilib, ona zəkat versə və sonra da şiə olmadığı məlum olsa, gərək ikinci dəfə zəkat versin. Hətta ehtiyat-vacibə görə əgər bu barədə təhqiqat aparmış olsa və ya şəri höccətə istinad etmiş olsa belə, hökm eynidir.

Məsələ 1906: Əgər şiə olan uşaq, ya bir dəli fəqir olsa, insan onun vəlisinə zəkat versin, bu məqsədlə ki, verilmiş zəkat, uşaq və dəlinin mülkiyyətində olsun. Həmçinin özü və ya əmin bir şəxsin vasitəsi ilə zəkatı, fəqir uşaq və ya dəliyə sərf edə bilər. Zəkatın onlara sərf edildiyi zaman, zəkat niyyəti edilməlidir.

Məsələ 1907: Dilənçilik edən fəqirə, fəqir olması sübut olunsa, zəkat vermək olar. Lakin zəkatı günah işlərdə xərcləyənə zəkat vermək olmaz. Hətta verilən zəkatın özünü günah işdə xərcləməsə də, zəkat verilməsi onu günah işlətməyə rəğbətləndirərsə, ehtiyat-vacibə əsasən, həmin şəxsə zəkat vermək olmaz.

Məsələ 1908: Şərab içən, ya namaz qılmayan və həmçinin aşkarda böyük günah edən şəxsə, ehtiyat-vacib budur ki, zəkat verilməsin.

Məsələ 1909: Borclu olub borcunu verə bilməyən şəxsə, onun xərcləri insana vacib olsa da, insan onun borcunu zəkatdan verə bilər.

Məsələ 1910: İnsan, xərcləri ona vacib olan övlad kimi şəxslərin xərclərini zəkatdan verə bilməz. Lakin əgər onların xərclərini verməsə, başqaları onlara zəkat verə bilər. Əgər xərcləri ona vacib olan şəxslərin xərclərini verməyə qadir deyilsə, zəkat da ona vacib olsa, onların nəfəqəsini (xərclərini) zəkatdan verə bilər.

Məsələ 1911: Əgər insan öz oğluna zəkat versə ki, (o da öz növbəsində) özünün həyat yoldaşına, nökərinə və külfətinə xərcləsin, eybi yoxdur.

Məsələ 1912: Ata, zəkatın Allah yolunda olan qismindən oğlunun möhtac olduğu elmi və dini kitabları alaraq ona verə bilməz. Amma əgər ümumi məsləhət bunu tələb edirsə o halda bunu edə bilər və ehtiyata əsasən gərək şəriət hakimindən icazə alsın.

Məsələ 1913: Ata zəkatını öz fəqir oğluna verə bilər ki, özü üçün arvad alsın, oğul da atasının arvad alması üçün öz zəkatını ona verə bilər.

Məsələ 1914: Xərci əri tərəfindən verilən qadına habelə əri, xərclərini verməyən, amma hərçənd onun xərclərini verməyə məcbur etmək üçün şəriət hakiminə müraciət etməklə xərclərini ala bilən qadına zəkat vermək olmaz.

Məsələ 1915: Siğə olunmuş bir qadın, fəqir olarsa, əri və başqaları ona zəkat verə bilər. Lakin əri ilə əqd zamanı onun xərclərini verməyə şərt edərsə, ya başqa cəhətdən onun xərcləri ərinə vacib olsa, əri onun xərclərini verdiyi təqdirdə, ona zəkat vermək olmaz.

Məsələ 1916: Qadın öz fəqir ərinə, hərçənd, ər zəkatı o qadının xərclərinə sərf etsə belə, zəkat verə bilər.

Məsələ 1917: Seyyid, seyyid olmayandan zəkat ala bilməz. Amma zərurət halı istisnadır. Ehtiyat-vacibə görə zərurət də elə bir həddə olmalıdır ki, xüms və sair vücuhatdan xərclərini təmin edə bilməsin. Həmçinin ehtiyat-vacibə görə imkan olan surətdə hər gün o günün xərclərinə kifayət edəcək qədər almaqla o kifayətlənməlidir.

Məsələ 1918: Seyyid olub-olmadığı məlum olmayan şəxsə zəkat vermək olar. Amma əgər özü seyyid olmasını iddia etsə və mal sahibi zəkatını ona versə, onun öhdəsindən (zəkat vermək) götürülməz.

ZƏKATIN NİYYƏTİ


Məsələ 1919: İnsan, zəkatı qürbət qəsdi ilə, yəni Allah-təalaya bəndəçilik və Onun əmrini yerinə yetirmək məqsədi ilə verməlidir. Əgər qürbət qəsdi olmadan versə günah etməsinə baxmayaraq kifayətdir. Niyyətində verdiyi şeyin mal zəkatı və ya fitrə zəkatı olduğunu da müəyyən etməlidir. Hətta əgər məsələn; buğda və arpanın zəkatı ona vacib olarsa və pulu zəkatın qiymət ünvanında vermək istəsə gərək arpa və ya buğda zəkatının olduğunu müəyyən etsin.

Məsələ 1920: Bir neçə malın zəkatı ona vacib olan şəxs, əgər bir miqdar zəkat verib, onların heç birisi üçün niyyət etməsə, əgər verdiyi şey onlardan birinin cinsindən olarsa, o cinsin zəkatı sayılır. Məsələn; 40 qoyun və 15 misqal qızılın zəkatı ona vacib olan şəxs, zəkat olaraq bir qoyun verib, onlardan heç birisinə niyyət etməzsə, qoyunların zəkatı hesab olunur. Amma əgər onların heç birinin cinsindən olmayan bir miqdar gümüş və ya əskinas pul verərsə, alimlərdən bəzisi onun, onların hamısına bölündüyünü demişlər. Lakin bu hökm işkalsız deyildir. Onun heç birisinə hesab olmayıb, mal sahibinin mülkiyyətində qalmağı ehtimalı da vardır.

Məsələ 1921: Əgər zəkat vermək üçün birini vəkil etsə, zəkatı o vəkilə verən vaxt gərək niyyət etsin. Ehtiyat müstəhəbb budur ki, onun niyyəti zəkatın fəqirə yetişən zamanına qədər davam etsin.

ZƏKATIN MÜXTƏLİF MƏSƏLƏLƏRİ


Məsələ 1922: İnsan, buğda və arpanın samandan ayrıldığı vaxt və xurma ilə üzümün quruduğu vaxt, gərək zəkatı fəqirə versin və ya malından ayırsın. Qızıl, gümüş, inək, qoyun və dəvənin zəkatını isə 11-ci ay tamam olandan sonra, ya fəqirə verməli, ya da malından ayırmalıdır.

Məsələ 1923: Zəkatı ayırandan sonra, onu müstəhəqqə dərhal verməsi lazım deyil. Əgər əql sahiblərinin nəzərində düzgün sayılan bir məqsədlə təxirə salsa, eybi yoxdur.

Məsələ 1924: Zəkatı müstəhəqqə çatdırmaq imkanı olan şəxs, əgər onu çatdırmasa və səhlənkarlıq üzündən aradan gedərsə, gərək onun əvəzini versin.

Məsələ 1925: Zəkatı müstəhəqqə çatdırmaq imkanı olan şəxs, əgər zəkatı verməsə və mühafizəsində səhlənkarlıq etdiyi halda aradan gedərsə, zəkatı gecikdirməkdə səhih bir məqsədi yoxdursa, gərək onun əvəzini versin. Hətta əgər səhih bir məqsədi olsa, məsələn; müəyyən bir fəqiri nəzərə alıbsa və ya tədricən fəqirlərə çatdırmaq istəyirsə, ehtiyat vacibə görə zamindir.

Məsələ 1926: Əgər zəkatı malın özündən ayırsa, qalan malı işlədə bilər və əgər başqa maldan kənara qoysa, bütün malı işlədə bilər.

Məsələ 1927: İnsan ayırıb kənara qoyduğu zəkatı özü üçün götürüb yerinə başqa şey qoya bilməz.

Məsələ 1928: Əgər ayırıb kənara qoyduğu zəkatdan mənfəət hasil olsa, məsələn; zəkat üçün kənara qoyduğu qoyun doğsa, zəkat hökmündədir.

Məsələ 1929: Əgər zəkatı ayırıb kənara qoyan vaxt bir müstəhəqq hazır olsa, yaxşı olar ki, zəkatı ona versin. Amma əgər başqa bir nəfər nəzərdə tutmuş olsa və zəkatı ona vermək müəyyən bir cəhətdən daha yaxşı olsa, gərək zəkatı nəzərdə tutduğu şəxsə versin.

Məsələ 1930: Əgər şəriət hakiminin icazəsi olmadan, zəkat üçün ayırıb kənara qoyduğu mal ilə ticarət edərsə və zərər etsə, zərər adı ilə zəkatdan çıxa bilməz, amma əgər mənfəət etsə, ehtiyat-lazıma əsasən, gərək onu müstəhəqqə versin.

Məsələ 1931: Əgər zəkat ona vacib olmazdan əvvəl, zəkat əvəzi fəqirə bir şey versə, zəkat hesab edilmir və zəkat ona vacib olandan sonra fəqirə verdiyi şey aradan getməyibsə və o fəqir də öz fəqirliyində qalıbsa, ona verdiyini zəkat hesab edə bilər.

Məsələ 1932: Zəkatın bir adama vacib olmadığını bilən fəqir, əgər o adamdan bir şeyi zəkat adı ilə alsa və o şey yanında məhv olsa, zamindir. Belə ki, insana zəkat vacib olan vaxtda, əgər o fəqir öz fəqirliyində qalmış olsa, ona verdiyi şeyi zəkat əvəzində hesab edə bilər.

Məsələ 1933: Zəkatın bir adama vacib olmadığını bilməyən fəqir, əgər o zəkat olaraq bir şey alsa və onun yanında tələf olarsa, zamin deyil və insan onun əvəzini zəkat hesab edə bilməz.

Məsələ 1934: Müstəhəbdir ki, inək, qoyun və dəvənin zəkatını abırlı fəqirlərə versin və zəkat verməkdə öz qohumlarını başqalarından, elm-kamal əhlini, elm-kamala sahib olmayanlardan, dilənçi olmayanları, dilənçilərdən üstün tutsun. Amma ola bilsin ki, bir fəqirə zəkatı vermək müəyyən bir cəhətdən daha yaxşı olsun.

Məsələ 1935: Yaxşı olar ki, zəkatı aşkar, müstəhəbbi sədəqə isə gizli verilsin.

Məsələ 1936: Zəkat vermək istəyən şəxsin şəhərində bir müstəhəqq olmasa və zəkatı müəyyən olunmuş digər yerlərdə sərf edə bilməsə, onu başqa bir yerə apara bilər. Bu halda əgər onun saxlanmasında səhlənkarlıq etməsə və tələf olsa, zamin deyil. O, şəriət hakimindən vəkalət alıb, onun vəkili adı ilə zəkatı götürərək onun icazəsi ilə başqa şəhərə apara bilər. Əgər zəkat tələf olsa, zamin deyildir. Aparma xərcini zəkatdan götürə bilər.

Məsələ 1937: Əgər öz şəhərində müstəhəqq tapılsa, zəkatı başqa şəhərə apara bilər. Amma o şəhərə aparmaq xərclərini özündən verməlidir və əgər zəkat məhv olsa, zamindir. Şəriət hakiminin icazəsi olsa, bu hal istisnadır.

Məsələ 1938: Zəkat kimi verilən buğda, arpa, kişmiş və xurmanın ölçülməsində alınan muzd, (zəkat verənin) özünün öhdəsinədir.

Məsələ 1939: İnsan verdiyi zəkatı müstəhəqqindən ona geri satmağını istəməyi məkruhdur, amma əgər müstəhəqq götürdüyü şeyi satmaq istəsə, o şeyə qiymət qoyandan sonra, o kəs ki, zəkatı ona vermişdir, onu almaqda başqalarından irəlidir.

Məsələ 1940: Əgər bir şəxs vacib olan zəkatı verib-vermədiyində şəkk edetsə, zəkat vacib olan mal mövcuddursa, onun şəkki keçmiş illərin zəkatı xüsusunda olsa belə, zəkatı verməlidir. Amma əgər o malın eyni tələf olmuşdursa, həmin ilin zəkatı olsa belə, ona heç bir şey vacib deyildir.

Məsələ 1941: Fəqir zəkatı almamışdan qabaq onu miqdarından az qiymətə sülh edə (razılaşa) bilməz, ya bir şeyi onu qiymətindən bahasına zəkat əvəzi qəbul edə bilməz. Həmçinin malik verdiyi zəkata, geri qaytarmaq şərtini qoya bilməz, amma əgər müstəhəqq zəkatı aldıqdan sonra onu malikə qaytarmağına razı olsa maneəsi yoxdur. Məsələn; bir kəs çox zəkat verməyi borcludur, özü də fəqir olub və zəkatı verə bilmir, hal-hazırda da tövbə etmişdir. Əgər fəqir razı olsa ki, onu götürsün və ona bağışlasın, işkalı yoxdur.

Məsələ 1942: İnsan, zəkatın Allah yolunda xərclənən qismindən Quran, dini və dua kitabları alıb vəqf edə bilməz. Amma əgər ümumun məsləhəti bunu lazım bilirsə ala bilər və ehtiyat-lazıma əsasən, gərək şəriət hakimdən icazə alsın.

Məsələ 1943: İnsan zəkatdan müəyyən əmlak alıb öz övladına, yaxud xərclərinin ona vacib olduğu şəxslərə, “onun gəlirini öz xərclərinə istifadə etsinlər” deyə, vəqf edə bilməz.

Məsələ 1944: İnsan fəqir olmasa da və ya illik xərcləri miqdarında zəkat almış olsa da, həccə, ziyarətə və bu kimi yerlərə getmək üçün zəkatın Allah yolunda xərclənən qismindən zəkat ala bilər. Amma bu, onun həccə, ziyarətə və bu kimi yerlərə getməsi ümumi bir mənfəət olduğu təqdirdədir. Ehtiyata əsasən, zəkatın bu kimi işlərdə xərclənməsi üçün şəriət hakimindən icazə alınmalıdır.

Məsələ 1945: Əgər malik müəyyən bir fəqiri, onun malının zəkatını verməyə vəkil etsə, bu halda fəqir, malikin qəsdinin o fəqirin həmin zəkatdan götürməməsi olduğunu ehtimal versə, ondan özü üçün götürə bilməz. Amma malikin məqsədinin bu olmadığına yəqin etsə, özünə götürə bilər.

Məsələ 1946: Əgər fəqir zəkat olaraq dəvə, inək, qoyun, qızıl və gümüşü alsa və zəkatın vacib olması üçün deyilən şərtlər onlarda mövcud olsa, onun zəkatını verməlidir.

Məsələ 1947: Əgər zəkatı vacib olmuş bir malda iki nəfər şərik olsa, onlardan biri öz payının zəkatını verib, sonra malı bölsələr, belə ki, şərikinin öz payının zəkatını vermədiyini və həmçinin, sonradan da verməyəcəyini bilsə də onun öz payında təsərrüf etməsinin maneəsi yoxdur.

Məsələ 1948: Xüms və ya zəkat borcu olanın üzərinə kəffarə, nəzr kimi şeylər də vacib olsa, həm də başqa bir borcu olsa, belə ki, hamısını verə bilməsə, əgər xüms, ya zəkat vacib olan mal aradan getməmiş olsa, gərək xüms və zəkatını versin. Əgər aradan getmiş olsa, zəkat, xüms və borcu vermək, kəffarə və nəzri verməkdən əvvəldir.

Məsələ 1949: Xüms, ya zəkat borcu olan və İslam həcci ona vacib olan şəxs, həm də borcu olub ölsə və onun qalan malı bu borcların hamısına kifayət etməsə, belə ki, xüms və zəkatı vacib olmuş mal aradan getməmiş olsa, xüms və zəkatını verməli və qalan malını da borcuna sərf etməlidir. Amma əgər xüms və zəkatı vacib olan mal aradan getmişsə, onun malını borclarının ödənməsinə sərf etməlidirlər. Əgər bir şey qalarsa, həcc üçün sərf etməlidirlər. Əgər başqa bir şey də qalarsa, xüms ilə zəkatın arasında bölməlidirlər.

Məsələ 1950: Elm öyrənməyə məşğul olan bir şəxs, əgər təhsil almasa, dolanışığı üçün işləyə bilərdisə, belə ki, o elmi öyrənmək vacibi-eyni olsa, ona fəqirlərin səhmindən zəkat vermək olar. Əgər təhsil aldığı elm, ümumi məsləhət olarsa, ehtiyata əsasən şəriət hakiminin icazəsilə zəkatın Allah yolunda xərclənən (səbilillah) paydan ona vermək caizdir. Bu iki surətdən başqa hallarda ona zəkat vermək icazəli deyil.

FİTRƏ ZƏKATI


Məsələ 1951: Fitr bayramının axşamı, günəş batdığı vaxt həddi-büluğa çatan və ağıllı olub, bihuş, fəqir və başqasının qulu olmayan şəxsə, özü və onun çörək yeyəni sayılan şəxslərin hər biri üçün, bir «sa`» təqribən 3 kiloqram öz şəhərində normal olan yeməklərdən, məsələn; buğda, arpa, xurma, kişmiş düyü və qarğıdalı kimi, müstəhəqqə verməlidir. Bunun əvəzinə pul verərsə, kifayətdir. Ehtiyat-lazım budur ki, öz şəhərində adi olmayan yeməklərdən, buğda, arpa, xurma və kişmiş də olsa, verməsin.

Məsələ 1952: Özünün və ailəsinin illik xərclərinə sahib olmayan və onun və ailəsinin xərclərini təmin edəcək bir kəsbi də olmayan bir şəxs, fəqirdir. O şəxsin fitrə zəkatı verməsi vacib deyildir.

Məsələ 1953: İnsan, fitr bayramı gecəsinin gün batan vaxtı onun çörəyini yeyən hesab olunan şəxslərin fitrəsini gərək versin. İstər kiçik olsun və ya böyük, istər müsəlman olsunlar, istərsə kafir, istər onların xərclərini vermək ona vacib olsun, istərsə olmasın, istər onun şəhərində, istərsə başqa şəhərdə olmuş olsalar da, gərək fitrələrini versin.

Məsələ 1954: Başqa şəhərdə olub, çörək yeyəni hesab edilən şəxsin onun öz malından özünün fitrəsini verməyə vəkil etsə, belə ki, fitrəsini verəcəyinə xatircəm olsa özünün, onun fitrəsini verməsi lazım deyildir.

Məsələ 1955: Fitr bayramı gecəsi, gün batmazdan əvvəl gəlib onun çörəyini yeyən (müvəqqəti olsa da) hesab olunan qonağın fitrə zəkatı ev sahibinə vacib olur.

Məsələ 1956: Fitr bayramı axşamı günəş batdıqdan sonra gələn qonağın fitrəsini vermək, onun çörəyini yeyən hesab olunursa, ehtiyata əsasən, onun fitrəsini vermək vacibdir. Əks təqdirdə, vacib deyildir. Bayram gecəsi iftara çağırdığı şəxs ev sahibinin çörəyini yeyən hesab olunmur və onun fitrəsi ev sahibinə vacib deyil.

Məsələ 1957: Fitr bayramı axşamı, gün batdığı vaxt, dəli olan şəxsin dəliliyi bayram gününün zöhrünə qədər qalarsa, ona fitrə zəkatı vermək vacib deyildir. Əks təqdirdə ehtiyat-vacibə əsasən fitrəni verməsi lazımdır.

Məsələ 1958: Əgər gün batmazdan əvvəl, uşaq həddi-büluğa çatarsa, dəli ağıllanarsa və ya fəqir dövlətli olarsa, fitrənin vacib olma şərtlərinə malik olduğu təqdirdə gərək fitrə zəkatı versin.

Məsələ 1959: Fitr bayaramı axşamı, gün batdığı vaxt, fitrə zəkatı vacib olmayan şəxs, əgər bayram gününün zöhrünə qədər, fitrənin vacib olma şərtləri onda mövcud olsa, ehtiyat-vacib budur ki, fitrə zəkatını versin.

Məsələ 1960: Fitr bayramı gecəsi, gün batandan sonra müsəlman olmuş kafirə fitrə vacib deyil, amma şiə olmayan müsəlman Ayı gördükdən sonra şiə olsa, gərək fitrə zəkatını versin.

Məsələ 1961: Fəqət bir sa (təqribən 3 kq) buğda və bu kimi şeylərə malik olan şəxsə, müstəhəbbdir ki, fitrə zəkatı versin. Ailəsi olub, onların da fitrə zəkatını vermək istəsə, o bir sa`nı fitrə niyyəti ilə ailə üzvlərindən birinə verər, o da bu niyyətlə bir başqasına verib, bu qayda ilə ailəsinin axırıncı üzvünə qədər dolandırar. Axırıncı şəxsin də aldığı şeyi özlərindən olmayan bir başqasına verməsi daha yaxşıdır. Əgər onlardan biri dəli, yaxud səğir uşaqdırsa, uşağın vəlisi onun yerinə ala bilər. Amma ehtiyat-müstəhəb budur ki, onun niyyətinə deyil, özü üçün götürsün.

Məsələ 1962: Fitr bayramı gecəsi, gün batandan sonra bir şəxs uşaq sahibi olarsa, onun fitrə zəkatını vermək vacib deyil. Əgər gün batandan əvvəl uşağı doğulsa, yaxud izdivac etsə, əgər onun çörək yeyəni sayılsa, gərək onların da fitrəsini versin. Əgər başqasının çörək yeyəni olsalar, ona vacib deyil. Əgər başqa bir kəsin çörək yeyəni deyillərsə, qadının fitrəsi onun özünə vacibdir, uşağa isə bir şey vacib deyil.

Məsələ 1963: Əgər insan birinin çörək yeyəni olub, gün batmazdan əvvəl başqasının çörək yeyəni olsa, onun fitrəsi sonrakı şəxsə vacibdir. Məsələn; əgər qız, gün batmazdan əvvəl ər evinə getsə, gərək əri onun fitrəsini versin.

Məsələ 1964: Fitrəsinin başqası tərəfindən verilməsi lazım olan şəxsin öz fitrəsini verməsi vacib deyil. Amma əgər o fitrəni verməsə və ya verə bilməsə, ehtiyat-vacibə görə onun özünə vacib olur. Əgər 1951-ci məsələdə deyilən şərtlərə malik olsa, gərək öz fitrəsini versin.

Məsələ 1965: Fitrəsi başqasına vacib olan şəxs, öz fitrəsini versə, onun fitrəsi başqasına vacib olan şəxsin boynundan saqit olmur.

Məsələ 1966: Seyyid olmayan şəxs, seyyidə fitrə verə bilməz. Hətta əgər bir seyyid onun çörək yeyəni olsa, onun fitrəsini başqa seyyidə verə bilməz.

Məsələ 1967: Ana və ya dayədən süd əmən uşağın fitrəsi, ana, yaxud dayənin xərclərini verən şəxsə aiddir. Lakin əgər ana və ya dayə öz xərclərini uşağın malından götürsələr, uşağın fitrəsi heç kəsə vacib deyil.

Məsələ 1968: İnsan ailəsinin xərclərini haram maldan versə də, gərək onların fitrəsini halal maldan versin.

Məsələ 1969: Əgər insan bənna, xərrat və xidmətçi kimi əcir tutduğu şəxsin, onun çörəyini yeyən hesab olunacaq şəkildə xərclərini verərsə, gərək onun fitrəsini də versin. Amma əgər, fəqət onun işinin ücrətini verərsə, onun fitrəsini vermək ona vacib deyildir.

Məsələ 1970: Əgər bir şəxs, Fitr bayramı gecəsi, gün batmazdan əvvəl ölərsə, onun və ailə üzvlərinin fitrəsini onun malından vermələri vacib deyildir. Amma əgər gün batandan sonra ölərsə, üləmanın çoxu, buyurmuşlar ki, gərək onun və ailə üzvlərinin fitrəsini onun malından versinlər. Amma bu hökm işkalsız deyildir. Ehtiyatın tələbi gərək tərk edilməsin.

FİTRƏ ZƏKATININ İSTİFADƏSİ


Məsələ 1971: Fitrə zəkatı ehtiyat-vacibə əsasən, yalnız fəqirə verilməlidir. Məqsəd budur ki, fitrə zəkatı mal zəkatına müstəhəqq olanların şərtlərini özündə cəm edən şiə fəqirlərə verilməlidir. Amma əgər onun şəhərində şiə fəqir yoxdursa, başqa müsəlmanların fəqirlərinə də verə bilər. Amma hər təqdirdə gərək nasibiyə (Əhli-Beytlə düşmənlik edənə) verilməsin.

Məsələ 1972: Əgər bir şiə uşağı fəqir olsa, insan fitrəni ona xərcləyə və ya uşağın vəlisinə verməklə uşağın mülkü edə bilər.

Məsələ 1973: Fitrə verilən fəqirin adil olması lazım deyildir. Lakin ehtiyat-vacibə əsasən, şərab içən, namaz qılmayan və aşkara günah edənə fitrə verilməsin.

Məsələ 1974: Fitrəni günah işlərdə xərcləyən şəxsə, gərək fitrə verilməsin.

Məsələ 1975: Ehtiyat-müstəhəb budur ki, bir fəqirə bir sadan (təqribən 3 kq) az fitrə verilməsin, cəm olan fəqirlərə çatmasa, bu hal istisnadır. Amma çox verilsə, eybi yoxdur.

Məsələ 1976: Qiyməti adi qiymətdən iki dəfə artıq olan maldan, məsələn; adi buğda qiymətindən iki dəfə artıq olan buğdadan yarım sa versə, kifayət deyildir. Hətta əgər onu fitrə qiyməti məqsədi ilə də versə, kifayət deyildir.

Məsələ 1977: İnsan yarım sanı bir cinsdən, məsələn; buğdadan və onun başqa yarısını isə arpadan verə bilməz, əgər onu fitrə qiyməti məqsədilə də versə, kifayət deyildir.

Məsələ 1978: Fitrə zəkatını verdikdə öz fəqir qohumlarını və qonşularını başqalarından üstün tutmaq müstəhəbdir. Elm, din və fəzilət əhli olan fəqirləri başqalarından üstün tutmaq daha yaxşıdır.

Məsələ 1979: Əgər insan birinin fəqir olmasını xəyal edib ona fitrə versə, sonra fəqir olmadığını başa düşsə, belə ki, ona verdiyi mal aradan getməmiş olsa, gərək geri alıb müstəhəqqə versin, əgər ala bilməsə, öz malından fitrənin əvəzini verməlidir. Əgər verdiyi şey aradan getmişdirsə, fitrəni alan şəxs aldığı şeyin fitrə olduğunu bilirdisə, onun əvəzini verməsi lazımdır. Əgər bilmirdisə onun əvəzini vermək ona (fəqirə) vacib deyil və insan gərək fitrəni yenidən versin.

Məsələ 1980: Bir şəxsin «mən fəqirəm» deməsi ilə ona fitrə vermək olmaz. Amma onun sözündən insana xatircəmlik hasil olarsa və ya əvvəllər onun fəqir olduğunu bilirdisə, ona fitrə verilə bilər.

FİTRƏ ZƏKATININ MÜXTƏLİF MƏSƏLƏLƏRİ


Məsələ 1981: İnsan gərək fitrə zəkatını qürbət məqsədilə, yəni Allah-təalanın əmrini yerinə yetirmək və bəndəçilik məqsədilə versin və onu verən zaman fitrə vermək niyyətini etsin.

Məsələ 1982: Əgər Ramazan ayından əvvəl fitrə versə, səhih deyildir və yaxşısı odur ki, Ramazan ayında da fitrəni verməsin. Lakin əgər Ramazandan əvvəl bir fəqirə borc versə və ondan sonra fitrə ona vacib olsa, öz borcunu fitrə əvəzi hesab etsə, maneəsi yoxdur.

Məsələ 1983: Fitrə üçün verdiyi buğda və ya başqa bir şey, başqa bir malla, yaxud torpaqla qarışıq olmamalıdır. Əgər qarışıbsa, onun safı bir sa olsa və ayırmadan istifadəsi mümkün olsa və ya ayırmaq fövqəladə artıq bir zəhmət istəməzsə, yaxud da qarışıq olan şey etina edilməyəcək qədər az olarsa, eybi yoxdur.

Məsələ 1984: Əgər fitrəni eybli bir şeydən versə, ehtiyat-vacibə əsasən, kifayət deyil.

Məsələ 1985: Bir neçə nəfərin fitrəsini verən adamın hamısının bir maldan verməsi lazım deyildir. Məsələn; bəzisinin fitrəsini buğdadan və bəzisinin fitrəsini arpadan versə, kifayətdir.

Məsələ 1986: Fitr bayramı namazını qılan, ehtiyat-vacibə əsasən, gərək bayram namazından əvvəl fitrəni versin. Lakin əgər bayram namazı qılmasa, fitrəni zöhrə qədər gecikdirə bilər.

Məsələ 1987: Əgər fitrə niyyəti ilə malından bir miqdarını kənara qoyub, bayram günü zöhrə qədər müstəhəqqə verməsə, onu hər vaxt versə, fitrə niyyəti etsin. Əgər təxirə salmaq ağıllı bir məqsəd üçün olsa, eybi yoxdur.

Məsələ 1988: Əgər bayram günü zöhrə qədər fitrəni verməsə və kənara da qoymasa, ehtiyat-vacibə əsasən sonradan əda və qəza niyyəti etmədən fitrəni versin.

Məsələ 1989: Əgər fitrəni ayırıb kənara qoysa, onu özü üçün götürə bilməz və başqa malı fitrə üçün onun yerinə qoya bilməz.

Məsələ 1990: İnsanın fitrəsinin qiymətindən artıq olan bir malı olsa, fitrə verməyib, bu malın bir qisminin fitrə üçün olmasını niyyət edərsə, ehtiyat-vacibə görə kifayət deyil.

Məsələ 1991: Əgər fitrə üçün ayırıb qoyduğu malı aradan getsə, belə ki, fəqir tapıbsa və o fitrəni gecikdiribsə və ya qorumaqda səhlənkarlıq edibsə, gərək əvəzini versin. Əgər fəqirə əli çatmamışsa və ya qorumaqda səhlənkarlıq etməyibsə, zamin deyil.

Məsələ 1992: Əgər öz yerində müstəhəqq tapsa, ehtiyat-vacib budur ki, fitrəni başqa yerə aparmasın, əgər başqa yerə aparıb müstəhəqqə versə kifayətdir. Əgər başqa yerə aparsa və tələf olsa, gərək onun əvəzini versin.

HƏCCİN HÖKMLƏRİ → ← ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MÜNKƏR
العربية فارسی اردو English Azərbaycan Türkçe Français