ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLı ŞƏRIƏT HÖKMLƏRİ

AND İÇMƏYİN HÖKMLƏRİ → ← YEMƏLİLƏRİN VƏ İÇMƏLİLƏRİN HÖKMLƏRİ

NƏZR VƏ ƏHDİN HÖKMLƏRİ

Məsələ 2605: Nəzr, insanın Allah üçün, xeyir bir iş etməyi, ya da edilməməsi daha yaxşı olan bir işi tərk etməyi özünə vacib etməsinə deyilir.

Məsələ 2606: Nəzirdə əqd oxunmalıdır. Amma onun ərəb dilində oxunması lazım deyildir. Məsələn; «Xəstəm yaxşı olsa, Allah rizası üçün bir fəqirə 10 manat pul verəcəyəm» deyərsə, nəziri səhihdir. Əgər «Allah üçün bu işi görməyi nəzir edirəm» desə, ehtiyat-vacibə görə əməl etməlidir. Amma əgər Allahın adını çəkməsə, təkcə «nəzir etdim» desə, yaxud Allah övliyalarından birinin adını çəkərsə, nəzr səhih deyildir. Əgər nəzir səhih olsa və mükəlləf öz nəzrinə qəsdən əməl etməsə, günah etmiş olur və kəffarə verməlidir. Nəzrə əməl etməməyin kəffarəsi sonradan deyiləcəyi kimi, and ilə müxalifət etməyin kəffarəsi kimidir.

Məsələ 2607: Nəzr edən, gərək həddi-büluğa çatmış və ağıllı olsun, özü qəsd və ixtiyarla nəzr etməlidir. Buna görə də, icbari və ya əsəbilik vasitəsilə, qeyri-ixtiyari və qəsdsiz nəzr edərsə, səhih deyildir.

Məsələ 2608: Malını boş yerə xərcləyən səfeh bir şəxs, əgər fəqirə bir şey verməyi nəzir edərsə, səhih deyildir. Həmçinin müflis olmuş bir şəxs, məsələn, istifadə edilməsi qadağan olunduğu mallarından bir şeyi fəqirə verməyi nəzr edərsə, səhih deyildir.

Məsələ 2609: Ərinin əvvəldən icazə vermədiyi, yaxud sonradan icazəsi olmadan, qadının ərinin ondan ləzzət alma haqqına zidd olan hallarda, nəzr etməsi səhih deyildir. Hətta əgər izdivacdan əvvəl nəzir etmiş olsa, hökm eynidir. Qadının öz malından nəzr etməsi, ərindən icazəsi olmadan məhəlli işkaldır. Deməli, ehtiyata riayət olunmalıdır. Amma həcc, zəkat, sədəqə, ata-anaya ehsan etmək və sileyi-ərham istisnadır.

Məsələ 2610: Əgər qadın ərinin icazəsilə nəzr edibsə, əri onun nəzrini poza bilməz və onu nəzrə əməl etməsinin qarşısını ala bilməz.

Məsələ 2611: Övladın nəzrində atasının icazəsi şərt deyil. Amma əgər, ata ya anası onu nəzr etdiyi əməldən çəkindirsə, onların nəhy etməsi mehribanlıq, ürəyiyananlıq üzündən olsa və övladın müxalifət etməsi onların əzab-əziyyətə düşməsinə səbəb olacaqsa, nəzr batil olur.

Məsələ 2612: İnsan, ancaq özü üçün əməl etməsi mümkün olan bir işi nəzir edə bilər. Buna görə də, əgər Kərbəlaya piyada gedə bilməyən şəxs, Kərbəlaya piyada getməyi nəzr edərsə, onun nəzri səhih deyildir. Əgər nəzr etdiyi vaxt qadir olsa, amma əgər sonradan aciz olsa, onun nəzri batil olur, onun üzərinə heç bir şey vacib olmaz. Amma nəzr etdiyi şey oruc tutmaq olarsa və onu tutmağa qadir olmasa ehtiyat-vacib budur ki, ya bir fəqirə 750 qram yemək sədəqə versin, ya da başqa bir kəsə 1,5 kq versin ki, onun əvəzinə oruc tutsun.

Məsələ 2613: Əgər məkruh, haram bir iş görməyi, yaxud vacib, müstəhəb işi tərk etməyi nəzr etsə, nəzri səhih deyil.

Məsələ 2614: Əgər mübah bir işi etməyi və ya tərk etməyi nəir edərsə, əgər o işi etmək və etməmək şərən hər cəhətdən bərabər olsa, onun nəziri səhih deyildir. Amma əgər onu etmək bir cəhətdən şərən daha yaxşı olsa və insan da həmin cəhətdən nəzir edərsə, məsələn, ibadətdə daha güclü olmaq üçün bir yemək yeməyi nəzr edərsə, nəzri səhihdir. Həmçinin onu tərk etmək bir cəhətdən şərən daha yaxşı olarsa, insan da həmin cəhətdən onu tərk etməyi nəzr edərsə, məsələn, siqaret tüstüsünün zərərli olduğu və şəri vəzifəsini ən gözəl şəkildə yerinə yetirməyə mane olduğu üçün siqaret çəkməməyi nəzr edərsə, nəzri səhihdir. Amma əgər sonradan siqareti tərk etməyi ona zərərli olarsa, nəzr batil olur.

Məsələ 2615: Öz vacib namazını, namazın savabını öz-özlüyündə artırmayan bir yerdə, məsələn, bir otaqda qılmağı nəzr edərsə, əgər orada namaz qılmaq bir cəhətdən şərən daha yaxşıdırsa, məsələn, tənha olmaq vasitəsilə insan hüzuriqəlb taparsa, o da bu cəhətdən nəzr edibsə, nəzr səhihdir.

Məsələ 2616: Əgər bir işi görməyi nəzr edərsə, gərək onu nəzr etdiyi şəkildə etsin. Buna görə də əgər ayın birinci günü sədəqə verməyi və ya oruc tutmağı, ya da ayın əvvəlinin namazını qılmağı nəzr edərsə, bunları o gündən bir gün əvvəl və ya sonra edərsə, kifayət deyildir. Həmçinin «xəstəm sağalarsa, sədəqə verəcəyəm» deyə nəzr edibsə, xəstəsi sağalmazdan əvvəl sədəqəni verərsə, kifayət etməz.

Məsələ 2617: Oruc tutmağı nəzir etsə, amma vaxtını və miqdarını müəyyən etməsə, bir gün oruc tutsa kifayətdir. Əgər namaz qılmağı nəzr etsə, lakin miqdar və xüsusiyyətlərini müəyyən etməsə, iki rəkət namaz, ya vitr namazını qılsa, kifayətdir. Əgər sədəqə verməyi nəzr etsə, amma onun növ və miqdarını müəyyən etməsə, «sədəqə verdi» deyiləcək miqdarda bir şey verərsə, nəzirinə əməl etmiş olar. Əgər Allah üçün hər hansı bir işi yerinə yetirməyi nəzr edərsə, bir namaz qılıb və ya bir oruc tutub, ya da bir sədəqə verərsə, nəzrni yerinə yetirmiş olar.

Məsələ 2618: Müəyyən bir gündə oruc tutmağı nəzir edərsə, gərək o günü oruc tutsun. Qəsdən o günü oruc tutmasa, gərək onun qəzasını tutmaqdan əlavə, kəffarəsini də versin. Amma o günü ixtiyarlı halda səfərə çıxa bilər və oruc tutmaya bilər. Səfərdə olsa, iqamət qəsdi edib, oruc tutması lazım deyildir. Əgər səfərə çıxmaq səbəbindən, ya xəstəlik və ya heyz kimi digər üzr səbəbindən o günü oruc tutmasa, lazımdır ki, o gününün qəzasını tutsun, amma kəffarəsi yoxdur.

Məsələ 2619: Əgər insan ixtiyarlı halda nəzirinə əməl etməsə, gərək kəffarə versin.

Məsələ 2620: Müəyyən bir vaxta qədər bir işi tərk etməyi nəzir edərsə, vaxt keçdikdən sonra o işi edə bilər. Əgər vaxtı keçməzdən qabaq unutqanlıq və ya çarəsizlik üzündən o işi edərsə, ona bir şey vacib olmaz. Fəqət yenə də, o vaxta qədər gərək o işə əməl etməsin və ikinci dəfə müəyyən etdiyi vaxtdan qabaq üzrsüz olaraq o işi edərsə, gərək kəffarə versin.

Məsələ 2621: Bir şəxs, bir əməli tərk etməyi nəzr etsə və onun üçün müəyyən bir vaxt təyin etməsə, əgər unutqanlıq, çarəsizlik və ya bilməməzlik və qəflət üzündən o əməli edibsə, ya bir kəs onu məcbur etsə, ya qasir cahil olsa, kəffarə ona vacib olmaz. Amma nəzr öz yerində qalır. Belə ki, əgər sonradan onu öz ixtiyarı ilə edərsə, gərək kəffarə versin.

Məsələ 2622: Hər həftə müəyyən bir gündə, məsələn, cümə günü, oruc tutmağı nəzir edərsə, əgər cümə günlərindən birisi Ramazan və ya Qurban bayramı gününə düşərsə, ya cümə günü səfər və ya heyz kimi oruc tutmasına mane olan bir üzrü olarsa, o gün oruc tutmamalı və onun qəzasını tutmalıdır.

Məsələ 2623: Əgər bir miqdar sədəqə verməyi nəzir etsə və sədəqə verməzdən qabaq ölərsə, onun malından o miqdarı sədəqə vermək lazım deyildir. Amma daha yaxşı odur ki, varislərdən həddi-büluğa çatanı o miqdarı öz payından və meyyitin adından versin.

Məsələ 2624: Əgər müəyyən bir fəqirə sədəqə verməyi nəzr edərsə, onu başqa bir fəqirə verə bilməz. Əgər o fəqir ölərsə, onun varisinə verməsi lazım deyil.

Məsələ 2625: Əgər İmamlardan hər hansı birinin (məsələn: Həzrəti Əba Əbdillahın (ələyhis-salam) ziyarətinə getməyi nəzr edib başqa İmamın ziyarətinə getsə, kifayət deyil. Əgər müəyyən üzr səbəbilə həmin İmamı ziyarət edə bilməsə, ona bir şey vacib deyil.

Məsələ 2626: Ziyarətə getməyi nəzr edən, amma ziyarət qüslü və ziyarət namazını nəzr etməyən bir şəxsin, onları yerinə yetirməsi lazım deyil.

Məsələ 2627: Əgər bir şəxs, imamlardan və ya imam övladlarından birinin hərəmi üçün bir şey nəzr etsə və hansı işdə xərcləməyi nəzərində tutmasa, gərək onu hərəmin təmirində, işıqlandırılmasında, döşənmə və bu kimi işlərdə xərcləsin. Əgər mümkün olmasa, yaxud o hərəmin heç bir ehtiyacı olmasa, o hərəmin yoxsul ziyarətçilərinə sərf etməlidir.

Məsələ 2628: Əgər Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm), ya imamlardan (ələyhis-səlam) ya imam övladlarından biri, ya keçmiş alimlərdən və bu kimi şəxslərdən biri üçün bir şey nəzir edib müəyyən yerdə xərclənməsi qəsd edərsə, gərək ona sərf etsin. Amma müəyyən bir yerdə xərclənməsi qəsd etməyibsə, o həzrətə nisbəti olan bir məsrəfə xərcləməlidir, məsələn, onun fəqir ziyarətçilərinə və ya onun hərəminə, ya da onun adının daha da ucalmasına səbəb olan işlərə xərcləməlidir.

Məsələ 2629: Sədəqə və ya İmamlardan (ələyhimus-səlam) biri üçün nəzr edilmiş qoyun, nəzrə sərf edilməzdən əvvəl süd versə və ya doğarsa, ümumi qəsd etməyibsə, nəzr edən şəxsin malıdır. Amma qoyunun yunu və kökələn miqdarı nəzrə aiddir.

Məsələ 2630: Əgər xəstəsinin sağalması və ya səfərdə olanı qayıtması üçün bir işi nəzr edərsə, sonradan xəstənin nəzr etməzdən əvvəl sağaldığı və ya səfərdə olanın nəzrdən əvvəl qayıtdığı məlum olarsa, nəzrə əməl etməyi lazım deyildir.

Məsələ 2631: Əgər ata ya ana, qızını Seyyid olan və ya başqa bir şəxslə evləndirməyi nəzr edərsə, qızla əlaqədar bu nəzrin etibarı yoxdur və ona bir təklif gəlməz.

Məsələ 2632: Əgər bir şəxs, şəri olan hacətinə çatarsa, bir işi etməyi Allahla əhd etsə, hacətinə çatmış olsa, gərək o işi etsin. Həmçinin bir hacəti olmadan bir işi görməyi əhd edərsə, o işi etmək ona vacibdir.

Məsələ 2633: Əhddə də, nəzidə olduğu kimi, gərək əqd oxunsun. Məsələn, desin ki, «Allahla əhd etdim ki, belə edəm» yerinə yetrilməsi əhd olunan işin şərən daha yaxşı bir iş olmasa, vacib deyil. Sadəcə şəriətdə nəhy edilməmiş işdən olmasa və əql sahiblərinin nəzərində üstünlüyə malik olması və ya şəxs üçün o işdə müəyyən məsləhət olması kifayətdir. Əgər əhd ediləndən sonra o işdə məsləhət olmasa, yaxud şərən bəyənilməyən olsa, hərçənd məkruh da olsa, ona əməl etmək lazım deyil.

Məsələ 2634: Əgər öz əhdinə əməl etməsə, günah etmişdir və gərək kəffarə versin. Yəni, altmış fəqiri doydurmalı, iki ay ardıcıl oruc tutmalı, yaxud bir qul azad etməlidir.

AND İÇMƏYİN HÖKMLƏRİ → ← YEMƏLİLƏRİN VƏ İÇMƏLİLƏRİN HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français