ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

Ayaqyolu (sidik və nəcis ifrazı) ilə bağlı hökmlər → ← Təqlidin zəruriliyinin səbəbi, TƏQLİD

SULARLA ƏLAQƏDAR HÖKMLƏR

Suların növləri

Məsələ 20. Su ya mütləq (saf), ya da muzafdır (qarışıqdır). “Muzaf su” qarpız və portağal şirəsi kimi müəyyən bir şeydən alınan, yaxud artıq su adlandırılmayacaq şəkildə palçıq və bu kimi şeylərlə qarışmış sudur. Bu qəbildən olmayan su isə “mütləq su”dur və beş qisimə bölünür:

Mütləq suyun növləri

1) Kür su

Məsələ 21. Qabının həcmi 36 kub qarış[34]
olan və təqribən 384 litrə bərabər (və ya daha artıq) olan miqdarda suya “kür su” deyilir. Buna əsasən, tillərinin hər birinin uzunluğu ən azı təqribən 72,6848 sm olan qab kür həcmindədir.[35]

Məsələ 22. İdrar və qan kimi özlüyündə nəcis olan bir şey, yaxud paltar kimi nəcisə bulaşan bir şey kür həcmində olan suya dəyərsə, həmin su nəcasətin iyini, rəngini, yaxud dadını aldığı təqdirdə nəcis olur, əks təqdirdə isə nəcis olmur.

Məsələ 23. Kür suyun iyi, rəngi, yaxud dadı nəcasət olmayan bir şeyin vasitəsilə dəyişərsə, nəcis olmur. Məsələn, kür su həcmində olan hovuzun içinə bir damla qanla nəcis olmuş bir qədər süd tökülərsə və hovuzun suyu azacıq südə bənzəyərsə (süd iyi, yaxud rəngi və ya dadı alarsa, ancaq muzaf həddinə çatmazsa), həmin su nəcis olmur. Ancaq əgər qanı su hovuzuna tökərlərsə və onun rəngi qan vasitəsilə sarı rəngə çevrilərsə, su nəcis olur.

Məsələ 24. Qan kimi özlüyündə nəcis sayılan bir şey həcmi kür ölçüsündən artıq olan suya dəyərək onun bir hissəsinin iyini, rəngini, yaxud dadını dəyişərsə, suyun iyi, rəngi və ya dadı dəyişməyən hissəsi kür həcmindən az olduğu təqdirdə bütün su nəcis olur, kür ölçüsündə və ya daha artıq həcmdə olduğu təqdirdə isə suyun yalnız iyi, rəngi, yaxud dadı dəyişən hissəsi nəcisdir.

Məsələ 25. Fəvvarə suyu kür suya qoşulmuş olarsa, nəcis olan suyu təmizləyə bilər. Lakin damcılara çevrildikdən sonra nəcis suyun üzərinə tökülərsə, onu pak etməz. Yalnız fəvvarənin üzərinə suyunun damcılara çevrilməmişdən öncə nəcis suya qoşulması üçün bir şey tutulduğu təqdirdə onu pak edər və bunun üçün fəvvarənin suyunun nəcis su ilə qarışması lazımdır.

Məsələ 26. Nəcasətlənmiş şeyi kür suya qoşulmuş kranın altında yuduqda həmin şeydən axan su kür su  ilə əlaqəsi kəsilməmişdirsə, nəcasətin iyini, rəngini, yaxud dadını götürməmişdirsə və nəcisin özü (cövhəri) də onda yoxdursa, pakdır.

Məsələ 27. Kür suyun bir hissəsi buz bağlayarsa və donmamış hissəsi kür həcmindən az olarsa, donmayan su nəcasətin ona təmas etməsi ilə nəcis olur və buzun sonradan əriyən hissəsi də nəcis sayılır. Həmçinin, əgər az (kür həcmindən az miqdarda olan) su nəcis olarsa və onun üzərinə pak olan az su tökülərsə, az suların birlikdə həcmi kür suya çatanadək pak olmur.

Məsələ 28. Binaların, hamamların kranlarından, şəhərlərdə kran və duşlardan axan boru kəmərləri vasitəsilə ötürülən su qoşulduğu mənbə ilə birlikdə kür həcmindədirsə, kür su hökmünü daşıyır, ancaq axar su sayılmır.

Məsələ 29. Bir qabı kür həcmində olan mənbəyə qoşulmuş kran suyunun altına tutduqda qabın içindəki su kran suyundan ayrılanadək kür su hökmünə malikdir. Həmçinin, kür suya qoşulu olan kran suyunun özü də kür su hökmünü daşıyır.

Məsələ 30.Kiçik hamam hovuzunun (habelə, vanna və cakuzinin) suyu kür ölçüsündən azdırsa, qoşulduqda həcmi onun suyu ilə birlikdə kür ölçüsünü keçən çən, rezervuar və ya başqa bir mənbəyə qoşulu olduğu və nəcislə təmas zamanı iyi, rəngi, yaxud dadı dəyişmədiyi təqdirdə nəcis olmur və kür su hökmünü daşıyır.

Məsələ 31. Kür su həcmində olan su əgər sonradan insan onun kür ölçüsündən azalıb-azalmadığına dair şəkkə düşərsə, kür su kimidir. Yəni nəcasəti pak edir və ona hər hansı bir nəcasət dəydiyi təqdirdə nəcis olmur. Kür ölçüsündən az həcmdə olan və insanın kür həcminə çatıb-çatmadığına şübhə etdiyi su isə kürdən az su hökmündədir.

Məsələ 32. Kür olması şübhəli olan və əvvəllər də kür, yoxsa az su olması məlum olmayan mütləq su, vacib ehtiyata əsasən, az su hökmündədir.

Məsələ 33. Suyun kür olması iki üsulla sabit olur:

1) insanın özünün yəqinlik, yaxud arxayınlıq hasil etməsi;

2) iki adil şəxsin məlumat verməsi.

Əgər bir adil, yaxud etimad edilən və ya suyun ixtiyarında olduğu şəxs xəbər verərsə, onun xəbəri arxayınlıq hasil etmədiyi təqdirdə, vacib ehtiyata əsasən, suyun kür olmasını sabit etmir.

2) Az su

Məsələ 34.Yerdən qaynamayan və kür ölüçüsündən az həcmdə olan su “az su” adlandırılır.

Məsələ 35. Az su nəcis şeyin üzərinə tökülərsə, yaxud nəcis şey ona dəyərsə, nəcis olur. Lakin nəcis bir şeyin üzərinə yuxarıdan tökülərsə, həmin şeyə dəyən hissəsi nəcisdir, dəyməyən hissəsi isə pakdır.

Məsələ 36. Nəcis olmuş bir əşyanı yuyarkən, yaxud yuduqdan sonra ondan öz-özünə, yaxud sıxmaqla və ya bu kimi bir səbəblə ayrılan az su “qüsalə” (yaxantı) adlanır və nəcisdir. Əlbəttə, su tökülməzdən öncə nəcis olmuş əşyada özlüyündə nəcis sayılan bir şey mövcud olmadıqda qüsalənin nəcisliyi vacib ehtiyata əsaslanır. İstənilən halda həmin əşyanın bir dəfə yumaqla pak olan, yaxud paklamaq üçün bir dəfədən artıq yuyulmalı olan əşyalardan olmasının heç bir fərqi yoxdur[36]
və bir neçə dəfə yumağa ehtiyac olan hallarda qüsalənin sonuncu dəfə və ya ondan öncə çıxması arasında fərq yoxdur.

Məsələ 37. Sidik kanalının xarici dəliyi və anus dəliyini yumaq üçün istifadə edilən az su aşağıdakı beş şərtlə dəydiyi şeyləri nəcis etmir:

1) nəcasətin iyini, rəngini, yaxud dadını götürməməlidir;

2) kənardan başqa bir nəcasət ona dəyməməlidir;

3) idrar və nəcislə birlikdə başqa bir nəcisin, məsələn qanın ifrazı baş verməməlidir;

4) suda nəcis zərrələri görülməməlidir;

5) nəcasət sidik kanalının xarici dəliyi və anus dəliyinin ətrafına normadan artıq yayılmamalıdır.

3) Axar su

Məsələ 38. Aşağıdakı şərtlə cavab verən suya “axar su” deyilir:

1) Bulaq, çay, kəhriz, yaxud qaynağını dağlarda yığılan qar kütlələrindən götürən sular kimi təbii mənbəyi olmalıdır.

2) Axarlı olmalıdır, hərçənd süni yolla olsa da, axarlılığı təmin edilməlidir.

3) Ümumiyyətlə, axarlılığı davamlı olmalıdır.

Axar suyun sözügedən təbii mənbəyə birləşməsi vacib deyil. Beləliklə, əgər təbii şəkildə ondan (mənbəyindən) ayrılarsa (məsələn yuxarıdan yerə damcı-damcı tökülərsə və axarsa), axar su hesab edilir. Lakin əgər bir şey axar suyun mənbəyə birləşməsinə mane olarsa, məsələn, tökülməsinin, yaxud qaynamasının qarşısını alarsa, yaxud mənbə ilə əlaqəsini kəsərsə, qalan (mənbə ilə əlaqəsi kəsilən) su hərçənd axarlı olsa da, axar su hökmünü daşımır.

Məsələ 39. Axar su kür ölçüsündən az həcmdə olsa da, nəcasət ona dəydikdə iyi, rəngi, yaxud dadı onun vasitəsilə dəyişmədikcə pakdır.

Məsələ 40. Axar suya hər hansı bir nəcasət dəyərsə, onun nəcasət vasitəsilə iyi, rəngi, yaxud dadı dəyişən hissəsi nəcisdir; mənbəyə birləşən hissəsi kür həcmindən az da olsa, pakdır; digər tərəfdə qalan hissəsi isə kür həcmində olduğu, yaxud dəyişməyən su ilə mənbə tərəfinin suyuna birləşdiyi təqdirdə pak, əks təqdirdə isə nəcisdir.

Məsələ 41. Axarlılığı olmayan, lakin suyundan götürüldükdə yenidən qaynayan bulağın suyu axar su hökmünü daşımır, yəni əgər ona nəcasət toxunarsa və kür həcmindən az olarsa, nəcis olur.

Məsələ 42. Çayın kənarında yığılan və insanlar tərəfindən çayın bir hissəsi sayılmayan su, hərçənd axar suya birləşmiş olsa da, axar su hökmünü daşımır və suyun ümumi həcmi kür ölçüsündə olduğu təqdirdə ona kür su ilə əlaqədar hökmlər şamil olur. Həmçinin, kanal və ya arx vasitəsilə çaya birləşmiş hovuzun (sututarın) hərəkətsiz suyu axar su hökmünü daşımır və onun ümumi həcmi kür ölçüsündə olduğu təqdirdə kür su hökmünü daşıyır.

Məsələ 43. Yerin səthi ilə axan, lakin yerdən qaynamayan su kür həcmindən az olduğu və ona nəcasət dəydiyi təqdirdə nəcis olur. Lakin əgər yuxarıdan aşağıya doğru axarsa və nəcasət onun aşağısına dəyərsə, yuxarı hissəsi nəcis olmur.

4) Yağış suyu

Məsələ 44. Nəcisə bulaşan, ancaq üzərində özlüyündə nəcis sayılan bir şey olmayan əşyanın üzərinə bir dəfə yağış yağdıqda yağışın dəydiyi yer pak olur. Yalnız sidiklə nəcis olan bədən və paltarı istisna olaraq, vacib ehtiyata əsasən, iki dəfə yumaq lazımdır. Həmçinin, nəcis olmuş qabın içi, vacib ehtiyata əsasən, üç dəfə yuyulmalıdır. Xalça, paltar və bu kimi əşyaların yağış suyunda yuyulduqdan sonra sıxılması lazım deyil. Əlbəttə ki, iki-üç damcı yağışın faydası yoxdur, yağıntı insanlar tərəfindən “yağış yağır” deyilə biləcək şəkildə olmalıdır.

Məsələ 45. Yağış özlüyündə nəcis sayılan bir şeyin üzərinə yağarsa və başqa bir yerə sıçrayarsa, özlüyündə nəcis olan həmin şey yağışla birlikdə sıçramadığı və sıçrayan su nəcasətin iyini, rəngini, yaxud dadını almadığı təqdirdə pakdır. Məsələn, əgər qanın üzərinə yağış yağarsa və ətrafa sıçrayarsa, sıçrayan suda qan zərrəsi olduğu, yaxud qanın iyini, rəngini və ya dadını götürdüyü təqdirdə, nəcisdir. Əgər onda nəcasət zərrəsinin, yaxud nəcasətin iyi, rəngi, yaxud dadının olub-olmaması məlum deyilsə, pakdır.

Məsələ 46. Bir tikilinin tavanında, yaxud damının səthində özlüyündə nəcis sayılan bir şey olarsa, dama yağış yağdıqca nəcis şeyə dəyib tavandan, yaxud navalçadan axan suda nəcasətin iyi, rəngi, yaxud dadı olmadığı təqdirdə pakdır. Lakin yağış kəsildikdən sonra axan su nəcisə dəydiyi məlum olduğu təqdirdə nəcis sayılır.

Məsələ 47. Üzərinə yağış yağan nəcasətlənmiş yer səthi pak olur.Yağış suyu yerin səthi ilə axarsa və yağıntı davam etdiyi halda üstü örtülü olan nəcasətlənmiş bir yerə çatarsa, həmin yeri də pak edir.

Məsələ 48.Yağış suyunun bütün hissələrini əhatə etdiyi nəcasətlənmiş torpaq, suyun torpağa dəyməsi nəticəsində muzaf suya çevrilməsinin məlum olmaması şərti ilə pak olur.

Məsələ 49. Yağış suyu bir yerə yığıldıqda hərçənd həcmi kür ölçüsündən az olsa belə, yağış əsnasında nəcisə bulaşmış bir şey həmin suda yuyularsa və su nəcasətin iyini, rəngini, yaxud dadını almazsa, həmin nəcis şey pak olur.

Məsələ 50. Yağış suyu bir çuxura yığılarsa və həcmi kür ölçüsündən az olarsa, yağış kəsildikdən sonra nəcasətin ona dəyməsi ilə nəcis olur.

Məsələ 51. Əgər nəcasətli yerə sərilmiş pak xalçanın üzərinə yağış yağarsa və yağıntı əsnasında yağış suyu xalçadan yerə sirayət edərsə, xalça nəcis olmur, əksinə yer də paklanır. Yalnız yağış suyunun muzaflaşdığı, yaxud özlüyündə nəcis olan şeyin xüsusiyyətləri ilə rəngi, iyi, yaxud dadının dəyişdiyi hallar istisnadır.

Məsələ 52. Yağış suyu nəcis olan hovuzun üzərinə yağarsa, hovuzun suyu yağış suyu ilə qarışarsa və bu suda özlüyündə nəcis olan şeyin xüsusiyyətləri olmazsa, hovuzun suyu paklanır.

5) Quyu suyu

Məsələ 53. Yerdən qaynayan quyu suyu hərçənd həcmi kür ölçüsündən az olsa da, nəcasət dəydikdə nəcasətin vasitəsi ilə iyi, rəngi, yaxud dadı dəyişməyincə pakdır və pakedicidir.

Məsələ 53. Quyuya hər hansı bir nəcasət düşərək onun suyunun iyini, rəngini, yaxud dadını dəyişərsə, quyu suyunda yaranan bu dəyişikliyin aradan getməsi ilə su pak olur. Lakin bu halda quyu suyunun pak olması, vacib ehtiyata əsasən, onun dəyişiklikdən sonra quyudan qaynayan su ilə qarışması şərtinə bağlıdır.

Sularla əlaqədar digər hökmlər

Məsələ 55. 20-ci məsələdə tərifi verilən muzaf su nəcis əşyanı pak etmir və onunla dəstamaz və qüsl də batildir.

Məsələ 56. Dezinfeksiya tədbirləri çərçivəsində suyun tərkibinə əlavə edilən və bəzən onun rəngini dəyişdirərək ağ rəngə çevirənxlor qazı (ancaq həmin su bir qabda bir neçə saniyə saxlanıldıqda su saf və rəngsiz halına qayıdır) suyu muzaf etmir və onun saf və rəngsiz vəziyyətinə qayıtmasını gözləmək lazım deyildir.

Məsələ 57. Muzaf su kür həcmində olsa belə, bir zərrə nəcasət ona təmas edərsə, nəcis olur. Lakin yuxarıdan nəcis şeyin üzərinə töküldüyü təqdirdə nəcis şeyə dəyən miqdarı nəcisdir, dəyməyən miqdarı isə pakdır. Məsələn, əgər gülabdandan nəcisə bulaşmış ələ gülab tökülərsə, ələ dəyən miqdarı nəcis, dəyməyən miqdarı isə pak sayılır.

Məsələ 58. Nəcasətlənmiş muzaf su axar su, yaxud kür suya ürfən ona artıq muzaf su deyilməyəcək surətdə qarışarsa, pak olur.

Məsələ 59.Mütləq olan və sonradan muzaf olma həddinə çatıb-çatmadığı bəlli olmayan su mütləq su hökmündədir, yəni nəcis şeyi pak edir və onunla dəstamaz almaq və qüsl etmək də doğrudur. Həmçinin, muzaf olan və sonradan mütləq suya çevrilib-çevrilmədiyi bəlli olmayan su muzaf su hökmündədir, yəni nəcis şeyi pak etmir və onunla alınan dəstəmaz və qüsl də batildir.

Məsələ 60. Mütləq və ya muzaf olduğu bəlli olmayan və əvvəllər də mütləq, yoxsa muzaf olması məlum olmayan su nəcis şeyi pak etmir və onunla alınan dəstəmaz və qüsl də batildir. Bu suya hər hansı bir nəcasət dəyərsə, hətta vacib ehtiyata əsasən, kür həcmində və ya daha artıq olsa belə, nəcis olur.

Məsələ 61. Qan və idrar kimi özlüyündə nəcis sayılan bir şeyin üzərinə tökülərək iyini, rəngini, yaxud dadını dəyişdirdiyi su, hərçənd kür və ya axar su olsa da, nəcis olur. Hətta əgər suyun iyi, rəngi, yaxud dadı onun daxilində olmayan bir nəcasətin, məsələn, suyun kənarındakı murdar olmuş bir leşin təsiri ilə dəyişərsə belə, lazım ehtiyata əsasən, nəcis olur.

Məsələ 62. İçinə qan və idrar kimi özlüyündə nəcis sayılan şeylərin töküldüyü və iyini, rəngini, yaxud dadını dəyişdirdiyi su kür və ya axar suya birləşmiş olarsa, ya üzərinə yağış yağarsa, yaxud külək yağış suyunu onun üzərinə səpərsə və ya yağış əsnasında navalçadan axan yağış suyu onun üzərinə axarsa, bütün bu hallarda həmin suda baş verən dəyişiklik aradan qalxdığı təqdirdə pak olur. Lakin bunun üçün yağış, kür, yaxud axar su həmin su ilə qarışmalıdır.

Məsələ 63. Nəcasətli əşyanı kür, yaxud axar suda yuduqda pak olduğu yumada sudan çıxardıqdan sonra ondan tökülən su pakdır. Həmçinin, əgər kür, axar, yaxud yağış suyu nəcasətli əşyanın üzərinə tökülərsə və onu pak edərsə, pak olduqdan və kür, axar, yaxud yağış suyu ilə əlaqəsi kəsildikdən sonra ondan tökülən su pakdır.[37]

Məsələ 64. Pak olan və sonradan nəcis olub-olmadığı məlum olmayan su pakdır, nəcis olan və sonradan pak olub-olmadığı məlum olmayan su isə nəcisdir.


[34] Bir qarış orta hesabla 22 sm-ə bərabərdir.
[35] Aydındır ki, əgər, məsələn, qabın eni deyilən ölçüdən (təqribən 72,6848 sm) az olarsa, ancaq uzunluq, yaxud hündürlüyünün bu  ölçüdən artıq olması hesabına deyilən həcm (36 kub qarış) düzələrsə, eləcə də əgər qabın hündürlüyü bu ölçüdən az olarsa, ancaq uzunluğunun, yaxud eninin bu ölçüdən artıq olması hesabına deyilən həcm alınarsa, qabın həcmi yenə də kür ölçüsündə olur. Həmçinin, qab kürə, yaxud digər həndəsi fiqurlar şəklində də ola bilər. İstənilən halda meyar qabın ümumi həcmidir.
[36] Məsələn, az su ilə, fətvaya əsasən, iki dəfə yuyulmalı olan idrara bulaşmış paltar.
[37] Pak olmazdan, yaxud kür, axar və ya yağış suyu ilə əlaqəsi kəsilməzdən öncə həmin əşyadan tökülən, yaxud sıçrayan sularla bağlı hökm isə əvvəlki məsələlərdə qeyd edilmişdir.
Ayaqyolu (sidik və nəcis ifrazı) ilə bağlı hökmlər → ← Təqlidin zəruriliyinin səbəbi, TƏQLİD
العربية فارسی اردو English Azərbaycan Türkçe Français