ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

PAKLAYICILAR → ← Ayaqyolu (sidik və nəcis ifrazı) ilə bağlı hökmlər

NƏCASƏTLƏR

Nəcasətin növləri

Məsələ 95. Aşağıdakı on şey nəcasətdir:

1) idrar; 2) nəcis; 3) məni; 4) murdar; 5) qan; 6 və 7) it və donuz; 8) kafir; 9) şərab; 10) nəcis yeyən heyvanın təri.

1 və 2) İdrar və nəcis

Məsələ 96. İnsanın və sıçrayan qanı olan, yəni damarı kəsildikdə qanı sıçrayan bütün əti haram olan heyvanların sidik və nəcisi nəcasətdir. Buna əsasən, siçan, dovşan, pişik, yırtıcı heyvanların və bənzərlərinin ifrazatları nəcasətdir. Qanı sıçramayan əti haram olan heyvanların, məsələn əti haram olan balığın, həmçinin, əti olmayan ağcaqanad və milçək kimi kiçik heyvanların nəcis ifrazatı pakdır. Lakin,vacib ehtiyata əsasən, qanı sıçramayan əti haram olan heyvanların idrarına nəcis kimi yanaşmaq lazımdır.

Məsələ 97. Qarğa, qartal, yarasa və bu kimi yeyilməsi haram olan quşların idrar və nəcisi pakdır. Hərçənd daha yaxşı olar ki, onlar xüsusunda da ehtiyat edilsin.

Məsələ 98. İnsan nəcisi ilə qidalanmağa adət etmiş nəcisyeyən heyvanın, habelə donuz südü içən (qidalarla bağlı hökmlərdə izah ediləcək qaydada) çəpişin və eləcə də insanın cinsi əlaqədə olduğu heyvanın sidik və nəcisi də nəcasət sayılır.

3) Məni (sperma)

Məsələ 99. Kişinin və sıçrayan qanı olan istənilən əti haram olan erkək heyvanın mənisi nəcasətdir. Həmçinin, qadından şəhvani təhrik olunma nəticəsində ifraz olan və 444-cü məsələdə izah ediləcək qaydada onun cənabətlənməsinə səbəb olan maye məni hökmündədir. Vacib ehtiyata əsasən, qanı sıçrayıcı olan əti halal olan erkək heyvanların spermasınada nəcis kimi yanaşmaq lazımdır.

4) Murdar

Məsələ 100. İnsanın və təbii yolla tələf olmasından, yaxud şəriətdə müəyyən edilmiş qaydalara uyğun olmayaraq kəsilməsindən, öldürülməsindən asılı olmayaraq sıçrayan qanı olan hər bir heyvanın cəsədi, leşi nəcasət sayılır. Balıq sıçrayan qanı olmadığına görə suda ölsə də, pakdır.

Məsələ 101. Murdarın ruhu olmayan yunu, tükü,kürkü, sümüyü və dişi pakdır. Yalnız bədəni bütünlüklə nəcasət sayılan it, donuz və əhli-kitab olmayan kafir istisna təşkil edir.

Məsələ 102. İnsanın, yaxud sıçrayan qanı olan heyvanın bədənindən sağ ikən ət, yaxud ruhu olan başqa bir şey ayrılarsa, nəcisdir.

Məsələ 103. Dodaqların üzərindən, yaxud bədənin müxtəlif nahiyələrindən xırda dəri parçaları qoparılarsa, həmin ruhu olmadığı və asanlıqla qopduğu təqdirdə pakdır.

Məsələ 104.Ölü toyuğun qarnından çıxan yumurta qabığı bərkləşməmiş olsa da, pakdır, lakin üstünü yumaq lazımdır.

Məsələ 105. Quzu və çəpiş otla qidalanmağa başlamazdan əvvəl tələf olarsa, onların qursağındakı pendir mayası (qursaq mayası, yaxud rennin fermenti) pakdır. Lakin maye olduğu məlum olmazsa, ölmüş heyvanın bədəninə toxunan çöl tərəfini yumaq lazımdır.

Məsələ 106. Qeyri-müsəlman ölkələrindən idxal olunan müxtəlif növ dərman, ətir, bitki yağı, ayaqqabı mazı, sabun, parça və s. məhsullar onların nəcasətli olmasına dair yəqinlik hasil edilmədiyi təqdirdə pakdır.

Məsələ 107. Ət, yağ və dəri əgər şəriət qaydalarına uyğun olaraq kəsilməyən heyvandan əldə edilmişdirsə, nəcisdir və bu qəbildən olan dərilərdən hazırlanmış geyimlə qılınan namaz da doğru sayılmır. Lakin əgər ət, yağ və dərinin şəriət qaydalarına müvafiq surətdə kəsilən heyvandan olduğuna dair məntiqli ehtimal vardırsa, pakdır, həmin dəridən olan paltarla namaz qılmaq da caizdir və bu halda həmin ət, yağ və dəri məhsullarında islami kəsim qaydalarının tətbiqini bildirən nişanın olub-olmamasının heç bir fərqi yoxdur. Qeyd etmək lazımdır ki, bu qəbildən olan ət və yağın yeyilməsi, habelə halal kəsim nişanları ilə bağlı hökmlər “Qidalarla bağlı hökmlər” fəslində açıqlanacaqdır.

5) Qan

Məsələ 108.İnsandan və sıçrayan qanı olan (damarı kəsildikdə qanı sıçrayışla çıxan) hər bir heyvandan ifraz olan qan nəcasətdir. Buna əsasən, sıçrayıcı qanı olmayan balıq və ağcaqanad kimi heyvanların qanı pakdır.

Məsələ 109. Əti halal olan heyvan şəriətdə müəyyən edilmiş qaydada kəsilərsə və ondan adətən axan qədər qan axarsa, bədənində qalan qan içilməsi haram olsa da, pak sayılır. Lakin nəfəsalma nəticəsində qan heyvanın bədəninə geri qayıdarsa, yaxud heyvanın başı hündür yerdə olduğuna görə qan normal sayılan miqdarda axmazsa, həmin qan nəcisdir və müstəhəb ehtiyata əsasən, əti halal olan heyvanın bədəninin yeyilməsi haram olan yerlərində qalan qandan ehtiyat etmək lazımdır.

Həmçinin, əti halal olan vəhşi heyvan ov vasitələri ilə şəriətdə müəyyən edilmiş qaydada öldürülərsə, normal miqdarda qan axdıqdan sonraonun bədənində qalan qan pakdır.

Məsələ 110.Kəsilmiş heyvanın bədənində qalan qanın pak, yoxsa nəcis qan qismindən olduğuna dair şəkk yaranarsa, pak olduğuna hökm edilir. Yalnız heyvanın şəriətə uyğun kəsilməmiş olduğuna hökm edildiyi hallar, hərçənd bu hökm onun bədənindən adətən axan qədər qan axmaması ilə əlaqədar olsa da,  istisna təşkil edir.

Məsələ 111. Yumurtanın içindəki qan nəcis deyil, lakin həmin qanın qəbulu haramdır. Beləliklə, içərisindəki qan zərrəsi götürülərsə, yumurtanın qalan hissəsinin yeyilməsinin eybi yoxdur. Hərçənd, müstəhəb ehtiyata əsasən, içərisində qan zərrəsi olan yumurta sarısını yeməkdən çəkinmək lazımdır.

Məsələ 112. Bəzi hallarda süd sağarkən müşahidə edilən qan nəcisdir və sağılmış südün miqdarı kür həcmində olan bir qab qədər olsa belə, onu nəcis edir.

Məsələ 113.Diş ətindən gələn qan ağız suyu ilə qarışması səbəbi ilə itirsə, ağız suyundan çəkinmək lazım deyil.

Məsələ 114. Əzilmə nəticəsində dırnağın, yaxud dərinin altında yığılan ölü qan hüceyrələrindən ibarət laxtalar artıq qan adlandırılmayacaq haldadırsa, pak, qan sayıldığı və üzə çıxdığı təqdirdə isə nəcisdir. Beəliklə, dırnaq, yaxud dəri qan bədənin zahiri hesab ediləcək şəkildə (üzə çıxacaq şəkildə) deşildiyi təqdirdə qanın çıxarılması və həmin yerin dəstəmaz almaq və ya qüsl etmək üçün yuyulması həddən ziyadə zərərli,yaxud əziyyətli deyilsə, çıxarılmalıdır. Həddən ziyadə zərərlidirsə, yaxud əziyyət verəcəksə, bədənin təyəmmüm yerlərindən başqa nahiyələrində olduğu təqdirdə təyəmmüm etmək kifayətdir, təyəmmüm yerlərində olduğu və əngəl sayıldığı təqdirdə isə həm təyəmmüm edilməli, həm də cəbirə dəstəmazı alınmalıdır. Bu məsələ cəbirə dəstəmazı mövzusunda izah ediləcəkdir.

Məsələ 115. İnsan dərisinin altındakı qan hüceyrələrinin öldüğünü, yoxsa ətinin əzilməsi nəticəsində bu vəziyyətə düşdüyünü bilmirsə, pakdır.

Məsələ 116. Yemək qaynayarkən içinə bir damcı qan düşərsə, bütün yemək və eləcə də qab nəcis olur və lazım ehtiyata əsasən, qaynama, hərarət və od pakedici deyildir.

Məsələ 117. Yara sağalarkən onun ətrafında meydana gələn irin qanlı olub-olmadığı məlum olmadığı təqdirdə pak sayılır.

Məsələ 118. Yara yuyulduqdan sonra, yaxud sağalarkən üzərində əmələ gələn qırmızı rəngli dəri qatı tərkibində qan olub-olmadığı məlum olmadığı təqdirdə pakdır.

6 və 7) İt və donuz

Məsələ 119. Quruda yaşayan it və donuz nəcisdir. Onların hətta tükü, sümüyü, pəncəsi, dırnağı, ağız suyu və digər rütubətləri də nəcisdir və bu hökmdə onların növləri arasında fərq yoxdur.

8) Kafir

Məsələ 120. Kafir:

a) Allahın varlığını, yaxud təkliyini qəbul etməyən;

b) yaxud “Xatəm əl-ənbiya”nın (Peyğəmbərlərin sonuncusu Həzrət Muhəmmədin (s) peyğəmbərliyini qəbul etməyən;

c) və ya peyğəmbərlərin sonuncusu olan Allahın ən əziz Elçisinin (s) təkzib edilməsinə gətirib çıxaracaq şəkildə dinin zərurətlərindən birini inkar edən şəxsdir və sonuncu halda sözügedən zərurətin namaz, oruc, zəkat və hicab kimi vacibatdan, şərab içmək, riba (sələmçilik) və qina (haram musiqi) kimi haram işlərdən və ya məad (ölümdən sonrakı həyata inam) və Peyğəmbərin (s) Əhli-beytinə (ə) sevgi kimi inanc məsələlərindən olmasının heç bir fərqi yoxdur.

Buna əsasən, hər hansı bir dini seçməyən, yaxud İslamdan başqa bir dini olan və ya İslam dinini seçən, ancaq uca Allah tərəfindən Peyğəmbərə (s) çatdırılan bəzi göstərişləri (Allahın elçisinin buyuruğu olduğunu bildiyi halda) inkar edən insan kafirdir.

Ancaq İslamı özünə din seçən, lakin müsəlman mühitindən uzaq olmaq, yaxud din əleyhinə şübhələrin təlqin edilməsi kimi səbəblərlə xüms və hicab kimi dinin bəzi əməli hökmlərini Peyğəmbəri (s) və onun buyuruğunu təkzib etmək niyyəti olmadan inkar edən insan hərçənd haqq yoldan sapmış olsa da, kafir deyil.

Kafirlər, ümumiyyətlə, iki qismə bölünür: kitabi (əhli-kitab) kafirlər, yəni yəhudilər, xristianlar, zərdüştilər və qeyri-kitabi (əhli-kitab olmayan) kafirlər, yəni yəhudi, xristian, yaxud zərdüşti olmayan kafirlər. Onların pak, yoxsa nəcis olması ilə əlaqədar hökm sonrakı məsələlərdə qeyd ediləcəkdir.

Məsələ 121. Əhli-kitab olmayan kafirin bütün bədəni, hətta tükü, dırnağı və bədənindən ifraz olan rütubətlər də nəcisdir. Ancaq əhli-kitab (yəhudilər, xristianlar və zərdüştilər) pakdır.

Qeyd etmək lazımdır ki, mürtədin, yəni İslamdan çıxan şəxsin pak, yoxsa nəcis olması ilə bağlı hökm onun daxil olduğu qrupa aid olan hökmdür. Beləliklə, əgər mürtəd şəxs kitabi kafir olarsa, pakdır, qeyri-kitabi kafir olduğu təqdirdə isə nəcis olur.

Məsələ 122. Həddi-büluğa çatmayan uşağın valideynləri, baba və nənəsi əhli-kitab olmayan kafirdirsə, həmin uşağın da bədəni nəcisdir. Lakin həddi-büluğa çatmayan uşaq yaxşı ilə pisi ayırd edə bilərsə və müsəlman olduğunu izhar edərsə, bu halda onun bədəni pakdır. Valideynlərindən üz çevirdiyi və müsəlmanlara rəğbət göstərdiyi, yaxud həqiqəti araşdırma mərhələsində olduğu təqdirdə də onun bədəninin nəcis olduğuna hökm etmək məhəll-i işkaldır, yəni vacib ehtiyata əsasən, belə olan halda ehtiyatın tələbinə riayət etmək lazımdır.

Uşağın valideynlərindən, baba və nənəsindən hər hansı biri müsəlman olarsa, uşaq (226-cı məsələdə izah ediləcək şəkildə) pak sayılır.

Məsələ 123. Müsəlman olub-olmadığı məlum olmayan və müsəlmanlığına dair bir əlamət də olmayan şəxs pakdır, lakin müsəlmanlığa dair digər hökmlər ona şamil olunmur. Məsələn, müsəlman qadın onunla evlənə bilməz və müsəlman qəbiristanlığında dəfn edilməməlidir. Əlbəttə, belə bir şəxs müsəlman ölkələrindən birində dünyasını dəyişərsə, zahirən müsəlmanla bağlı bütün hökmlər ona şamil olunur. Ancaq qeyri-müsəlman cəmiyyətlərində yaşayan, etiqadları və dinləri məlum olmayan, lakin məntiqli ehtimalla müsəlman və ya kitab əhli olan kafir olduqları güman edilən insanlar isə pakdır, lakin müsəlmanlarla bağlı hökmlər onlara şamil olunmur.

Məsələ 124.Qulat (qalilər), yəni imamlardan (ə) birini Allah adlandıran, yaxud Allahın onların vücudunda təcəlla etdiyini söyləyən şəxslər və nəvasib (nasibilər), yəni imamlara (ə) düşmən olduqlarını göstərənlər nəcisdirlər. Həmçinin, on dörd məsumdan (ə) birinin ünvanına ədavət səbəbi ilə söyüş sayılan nalayiq sözlər sərf edən şəxsin bədəni nəcisdir.

Xəvaricə (xaricilərə) gəlincə, onların bir qismi Əhli-beytə (ə) qarşı düşmən olduqlarını göstərirlər, nasibilərdən sayılırlar və nəcisdirlər, digər bir qisminin isə Əhli-beytlə (ə) düşmənçiliyi yoxdur, hərçənd xəvaricin fiqhi hökmlərinə tabe olduqlarına görə onlardan sayılsalar da, pakdırlar.

9) Şərab

Məsələ 125.Şərab nəcisdir. Digər məstedicilər isə nəcis deyil, ancaq onların istifadəsi istənilən halda haramdır. “Fuqqa” ilə bağlı hökm qarşıdakı məsələlərdə bəyan ediləcəkdir.

Məsələ 126. İstər texniki, istərsə tibbi spirtin bütün növləri pakdır. İstisna olaraq, bir spirt maddəsinin şərabın buxarlandırılması, yaxud distillə edilməsi üsulu ilə alındığı məlum olarsa, bu halda nəcisdir.

Məsələ 127. Üzüm suyu öz-özünə, yaxud bişirilməsi nəticəsində qaynayarsa, pakdır, ancaq içilməsi haramdır. Şəraba çevrildiyi halda isə içilməsi haram olmaqla yanaşı həm də nəcisdir. Həmçinin, qaynayan üzümün yeyilməsi, vacib ehtiyata əsasən, haramdır, lakin o nəcis deyil.

Məsələ 128. Xurma, üzüm qurusu, kişmiş və onların suyu nə qədər qaynasa da, pakdır və qəbulu halaldır. Lakin xurma, üzüm qurusu və kişmiş suyu qaynayarsa və məstedici olduğu məlum olarsa, onların içilməsi haram olsa da, nəcis deyil.

Məsələ 129. Adətən arpadan hazırlanan və yüngül dərəcəli sərxoşluğa səbəb olan fuqqa haramdır və vacib ehtiyata əsasən, həm də nəcisdir. Tibbi məqsədlər üçün arpadan hazırlanan, “mauşşəir” adlandırılan və heç bir vəchlə sərxoş etməyən arpa suyu isə pak və halaldır.

10) Nəcisyeyən heyvanın təri

Məsələ 130.İnsan nəcisi ilə qidalanmağa adət edən, nəcis yeganə qidası sayılan dəvənin təri nəcisdir. Həmçinin, vacib ehtiyata əsasən, bu qəbildən olan digər heyvanların da təri nəcisdir.

Məsələ 131. Haram yolla (məsələn, zina, yaxud masturbasiya nəticəsində) cənabətlənən şəxsin təri pakdır və belə tərlə qılınan namaz doğrudur. Hərçənd, müstəhəb ehtiyat budur ki, belə tərə bulaşmış bədən, yaxud libasla qurumayınca və tərin özü qaldığı müddət ərzində, namaz qılınmasın.

Nəcasətin təsbit edilməsi üsulları

Məsələ 132. İstənilən şeyin nəcis olması üç üsulla təsbit edilə bilər:

1) İnsanın özünün bu və ya digər bir şeyin nəcis olduğuna dair yəqinlik, yaxud məntiqli üsulla arxayınlıq hasil etməsi. Əgər bir şeyin nəcis olduğunu güman edirsə, həmin şeyə nəcis hökmü şamil olmur. Beləliklə, laqeyd insanların da yemək yediyi ictimai yerlərdə, restoran və mehmanxanalarda əgər insan onun üçün gətirilən yeməyin nəcis olduğuna əmin deyilsə, orada qidalanmasının işkalı yoxdur (ehtiyat tələb etmir).

2) Bir əşyanın ixtiyarında olduğu (və nəcasət və paklıq məsələsinə riayət etməməkdə ittiham edilməyən) şəxsin həmin əşyanın nəcis olduğunu söyləməsi, məsələn, insanın həyat yoldaşının, yaxud qulluqçusunun istifadəsində olan qab-qacağın və ya başqa bir əşyanın nəcis olduğunu söyləməsi.

3) İki adil şəxsin nəcasətlənmə səbəbinə dair məlumat vermək, məsələn: “Filan əşyaya qan (yaxud sidik) dəymişdir”, - demək şərti ilə bir şeyin nəcis olduğunu söyləməsi. Bir şeyin nəcis olduğunu adil, yaxud etimad edilən bir şəxs xəbər verərsə və onun sözü arxayınlıq hasil etməzsə, vacib ehtiyat budur ki, insan həmin şeyə nəcis kimi yanaşsın.

Məsələ 133.İnsan məsələ ilə bağlı məlumatsızlıq nəticəsində bir şeyin nəcis, yoxsa pak olduğunu, məsələn, siçanın ifrazatının pak olub-olmadığını bilmirsə, məsələni soruşmalı (öyrənməli), ya da ehtiyat edərək ona nəcis kimi yanaşmalıdır. Ancaq məsələni bildiyi halda bir şeyin pak olub-olmadığı xüsusunda şəkkə düşərsə, məsələn, həmin şeyin qan olub-olmadığına şəkk edərsə, yaxud ağcaqanadın, yoxsa insanın qanı olduğunu bilməzsə, həmin şey pakdır və onu araşdırmaq, yaxud soruşmaq lazım deyildir.

Məsələ 134. İnsanın paklanıb-paklanmadığına şəkk etdiyi nəcis bir şey nəcisdir. Əgər insan pak bir şeyin nəcasətlənib-nəcasətlənmədiyinə şəkk edərsə, həmin şey pakdır və həmin şeyin nəcis, yaxud pak olmasını başa düşməsi mümkün olsa belə, araşdırmasına gərək yoxdur.

Məsələ 135. İnsan hər birindən istifadə etdiyi iki qabın, yaxud iki paltarın nəcasətləndiyini bilirsə, lakin hansının nəcisə bulaşdığını bilmirsə, hər ikisindən ehtiyat etməlidir. Lakin əgər, məsələn, öz paltarının, yoxsa onun ixtiyarında olmayan və başqasının malı olan paltarın nəcis olduğunu bilmirsə, öz paltarına pak paltar hökmü şamildir.

Pak şey necə nəcasətlənir?

Məsələ 136. Pak bir şey nəcis bir şeyə toxunarsa və onların ikisi də, yaxud ikisindən biri rütubəti digərinə sirayət edəcək qədər yaş olarsa, həmin pak şey də nəcasətlənir. Lakin əgər nəcasətdə vasitələr artarsa, nəcasət ötürülmür. Məsələn, əgərsağ əl sidiklə nəcasətləndiyi halda quruduqdan sonra yeni bir rütubətlə sol ələ toxunarsa, bu toxunuş sol əlin də nəcasətlənməsinə səbəb olur. Həmçinin, əgər sol əl quruduqdan sonra rütubətli halda bir əşyaya, məsələn, paltara toxunarsa, paltar da nəcasətlənir. Lakin həmin libas başqa bir əşyaya rütubətli halda toxunarsa, həmin əşyanın nəcasətləndiyinə hökm edilmir. Beləliklə, üçüncü vasitə nəcasətlənir, lakin dördüncü vasitəni nəcasətləndirmir.

İstənilən halda əgər rütubət bir əşyadan digərinə ötürülməyəcək qədər az olarsa, pak olan şey hətta bilavasitə özlüyündə nəcis olan şeyə toxunsa belə, nəcasətlənmir.

Məsələ 137. Pak bir şey nəcis bir şeyə toxunarsa və insan onların iksinin də, yaxud ikisindən birinin nəm olmasına və ya əgər nəm idisə, nəmliyinin digərinə sirayət edəcək qədər olub-olmamasına şəkk edərsə, həmin pak şey nəcasətlənmiş sayılmır.

Məsələ 138.İnsanın ikisindən birinin nəcis olduğunu bildiyi, lakin dəqiq olaraq hansının pak, hansının isə nəcis olduğunu bilmədiyi iki şeydən birinə pak olan başqa bir əşya sirayətedici rütubətlə toxunarsa, həmin şeyə nəcis hökmü şamil olmur. Lakin aşağıdakı iki hal kimi bəzi hallar istisnadır:

Birinci hal: Əvvəlki iki şeyin hər ikisi əvvəl nəcis idisə və onlardan biri (hansı olduğu məlum deyil) paklanarsa, bundan sonra pak bir şey (məsələn, insanın əli) onlardan birinə sirayətedici rütubətlə toxunarsa, bu halda əlin nəcis olduğuna hökm edilir.

İkinci hal: Pak bir şey (məsələn, sağ əl) həmin iki şeydən birinə,başqa pak bir şey (məsələn, sol əl) isə digərinə sirayət edici rütubətlə toxunarsa,[38]
bu halda sağ və sol əllərə də həmin əvvəlki iki şeylə bağlı hökm şamil olur.

Məsələ 139. Şirə, bal, yağ, tomat pastası və s. bənzər məmulatlar onların bir hissəsi qabdan götürüldükdə yeri boş qalmayacaq şəkildə axıcı olarsa, onların bir zərrəsinə nəcis bulaşdıqda bütünlüklə nəcasətlənmiş sayılırlar. Lakin əgər bu məmulatların üzərindən bir miqdar götürüldükdə götürülən hissənin yeri boş qalarsa, hərçənd sonradan dolsa da, yalnız nəcasətin toxunduğu yer nəcisdir. Beləliklə, əgər bu məmulatların içərisinə siçan ifrazatı düşərsə, ifrazat düşən hissə nəcis, qalan hissə isə pakdır.

Məsələ 140. Döşəmə, parça və buna bənzər şeylər sirayət edəcək qədər rütubətli olarsa, onların yalnız nəcasətin toxunduğu hissəsi nəcis olur, digər yerləri isə hərçənd nəcasətlənən yerə bitişik olsa da, pakdır və bu hökm xiyar, qovun və bənzər şeylərə də şamildir.

Məsələ 141.Milçək və ya ona bənzər bir heyvan öncə yaş halda olan nəcis bir şeyin, sonra yaş halda olan pak bir şeyin üstünə qonarsa, bu halda insan həmin heyvanın nəcasət götürdüyünü bildiyi təqdirdə pak şey nəcis olur, bilmədiyi təqdirdə isə pakdır.

Məsələ 142.Əgər insanın bütün bədəni, yaxud onun bir hissəsi tərlidirsə və onun hər hansı bir yeri nəcasətlənərsə, tər oradan başqa bir yerə axdığı təqdirdə tərin dəydiyi hər yer nəcasətlənir. Tər başqa bir yerə axmazsa, yaxud onun başqa bir yerə sirayət etməsi şübhəli olarsa, bədənin digər yerləri pakdır.

Məsələ 143. Burun, yaxud boğazdan gələn qatı ifrazatlar qanlı olarsa, onların qanlı olan hissəsi nəcis, yerdə qalanı isə pakdır. Beləliklə, əgər bu ifrazatlar ağız boşluğundan, yaxud burun dəliklərindən çölə çıxarsa, insanın ifrazatın nəcasətlənmiş hissəsinin dəydiyinə əmin olduğu yerlər nəcis, nəcasətlənmiş hissənin dəyib-dəymədiyinə şəkk etdiyi yerlər isə pakdır.

Məsələ 144.Dibində dəlik olan bir qab, məsələn, aftafa nəcasətlənmiş bir yerə qoyularsa, altından axan su dayandığı və altına yığılaraq aftafa suyu ilə eyni su sayıldığı təqdirdə aftafanın suyu nəcis olur, lakin aftafanın suyu bərk axdığı təqdirdə içində qalan su nəcis olmur.

Nəcasətlərlə bağlı digər hökmlər

Məsələ 145. Nəcasətlənmiş şeylərin yeyilməsi və içilməsi, habelə mükəlləf olan başqa bir şəxsə yedizdirilməsi haramdır. Lakin uşağa, yaxud dəliyə yedizdirilməsi caizdir. Əgər uşaq və ya dəli özü nəcis qida qəbul edərsə, yaxud nəcisə buşalmış əli ilə yeməyini nəcasətləyərsə və onu yeyərsə, ona mane olmaq vacib deyil.

Məsələ 146.Paklana bilən nəcasətlənmiş şeylərin satılmasında və “ariyə”yə[39]
verilməsində ehtiyata lüzum yoxdur. Lakin aşağıdakı iki şərtləqarşı tərəfə həmin əşyanın nəcis olduğunu bildirmək lazımdır:

1) Qarşı tərəf üçün şəri mükəlləfiyyətlərin müəyyən hallarında işkal (ehtiyat tələb edən hal) yaranması təhlükəsi olarsa, məsələn, nəcis şey yemək və içmək, yaxud vacib namazlarını qılmaq üçün aldığı dəstəmaz və etdiyi qüslün batil olması təhlükəsi olarsa.[40]
Ancaq əgər hökmlərə zidd hərəkət etmək təhlükəsi olmazsa, yaxud bəzi hökmlərə zidd hərəkət etmək təhlükəsi olarsa, məsələn, vacib namazını qıldığı paltar nəcasətli olacaqsa, ona söyləməsi vacib deyil.

2) Qarşı tərəfin onun sözlərinə əhəmiyyət verəcəyini ehtimal edərsə. Ancaq əgər onun sözlərini nəzərə almayacağını bilirsə, söyləməsi vacib deyil.

Məsələ 147. Əgər insan bir şəxsin nəcis bir şey yediyini və ya içdiyini, nəcasətli bir əşyadan istifadə etdiyini, nəcasətə bulaşmış geyimlə namaz qıldığını, yaxud nəcasətlənmiş su ilə dəstəmaz aldığını görərsə, aşağıdakı iki hal istisna olmaqla, onu məlumatlandırmaq vacib deyildir:

1) Sözügedən şəxsin gördüyü iş şərab içmək, donuz əti yemək, yaxud ölümcül zəhər qəbul etmək kimi Müqəddəs şəriət təsisçisinin (Allahın) mövzu ilə bağlı məlumatı olmayanların (yaxud hətta mükəlləf olmayanların) belə həyata keçirməsinə razı olmayacağı qədər mənfur bir iş olarsa.

2) İnsanın özünün şəri mükəlləfiyyətinə[41]
zidd hərəkət etməsi təhlükəsi olarsa, məsələn, sözügedən işi görən şəxslə onu məlumatlandırmaması özünün ev əşyalarının nəcasətlənməsinə və onların nəcasətlənməsi səbəbi ilə özünün də nəcasətli qidalarla qidalanmasına və ya nəcasətlənmiş su ilə qüsl etməsinə, dəstəmaz almasına və vacib namazını həmin dəstəmaz və qüsllə qılmasına səbəb olacaq şəkildə yaxın ünsiyyətdə olarsa.

Məsələ 148. Bir insanın evinin, yaxud xalçasının bir hissəsi nəcis olarsa və evinə gələn şəxslərin bədəninin, geyiminin, yaxud başqa bir əşyasının sirayətedici rütubətlə həmin yerə dəydiyini görərsə, bunun səbəbkarı özü olduğu təqdirdə 146-cı məsələdə qeyd edilən iki şərtlə onlara söyləməlidir.

Məsələ 149. Ev sahibi yemək əsnasında yeməyin nəcasətli olduğunu anlayarsa, 146-cı məsələdə qeyd edilən 2-ci şərti nəzərə almaqla qonaqlara söyləməlidir, qonaqlardan biri anladığı təqdirdə isə digərlərinə xəbər vermək vacib deyildir. Lakin 147-ci məsələnin ikinci bəndinə uyğun hallarda yeməkdən sonra onlara deməlidir.

Məsələ 150.Əgər insanın ariyə etdiyi şey nəcasətlənərsə, onun sahibini 147-ci məsələdə qeyd edilən iki şərtlə bundan agah etməlidir.

Məsələ 151. Uşaq bir şeyin nəcis olduğunu, yaxud bir şeyi yuduğunu söyləyərsə, onun sözü qəbul edilmir. Lakin müməyyiz olan və paklıqla nəcasəti yaxşı dərk edə bilən uşaq bir şeyi yuduğunu söyləyərsə, həmin şey onun istifadəsində olduğu, yaxud sözləri arxayınlıq doğurduğu halda qəbul edilir. Həmçinin, bu xüsusiyyətə malik olan uşağın bir şeyin nəcis olduğunu söyləməsi də bu qəbildəndir.


[38] Bu halda olmalıdır ki, hər iki şey insanın tez-tez təmasda olduğu şey olmalıdır.
[39] Ariyə bir tərəfin digər tərəfə müəyyən edilmiş zaman ərzində onun mülkiyyətində olan müəyyən bir əşyadan, əmlakdan müqabilində hər hansı bir ödəniş etmədən və əşyanın, əmlakın özünü qorumaq şərti ilə istifadə etməyə icazə verməsindən ibarət olan bir əqddir (müamilədir). Tərc.
[40] Bu xüsusi mükəlləfiyyət hallarının təfsilatı haqqında məlumat əldə etmək üçün fiqhə dair elmi kitablar müraciət etmək, yaxud elm əhlindən soruşmaq olar.
[41] 146-cı məsələnin birinci bəndində toxunulan şəri mükəlləfiyyət halları nəzərdə tutulur.
PAKLAYICILAR → ← Ayaqyolu (sidik və nəcis ifrazı) ilə bağlı hökmlər
العربية فارسی اردو English Azərbaycan Türkçe Français