ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

Azan və iqamə → ← TƏYƏMMÜM

NAMAZ

Namazın fəziləti

Lütfkar Allahın sonsuz lütfü ilə bəşəriyyətin mənəvi inkişafı və layiq olduğu kamilliyə çatması üçün İslam dinində icrasını əmr etdiyi namaz böyük ibadətlərdən biri, dinin sütunudur və ibadətlər arasında özünəməxsus imtiyaza və əhəmiyyətə malikdir. Namaz uca Allahla rabitə üçün ən yaxşı üsuldur. Namaz ibadətlərin bayrağı və nicat yolunun bələdçisidir. Namaz ibadətlərin ən mühümü olub mənəviyyatı paklayır ,onu ən yüksək kamal dərəcələrinə ucaldır və uca Allah qarşısında mütiliyin mükəmməl təzahürüdür. Həqiqətən, namaz hər bir müsəlman fərdinin mənəvi şəxsiyyət vəsiqəsidir və insanla uca Allah arasında əlaqə üçün ondan daha möhkəm və daha davamlı bir vasitə yoxdur.

Qurani-kərim və hədislər namaz və namaz qılanlar üçün özünəməxsus bir mövqe təsvir edir.

Nəhcül-bəlağədə Möminlərin əmirinin (ə) səhabələrinə namazla bağlı tövsiyələrində belə buyurduğunu oxuyuruq: “Allahın elçisi (s) onu (namazı) bir kişinin evinin önündə olan və gecə-gündüz beş dəfə yuyunduğu isti suya bənzədərək soruşurdu: “Məgər, bu şəxsdə natəmizlikdən əsər-əlamət qalarmı?!”[106]

İmam Sadiqin (ə) belə buyurduğu nəql olunur: “Namaz dinin sütunudur və çadırın dirəyi misalındadır. Dirək sabit olarsa, mismarlar və kəndirlər də möhkəm olacaqdır. Dirək əyildiyi və sındığı təqdirdə isə nə mismar yerində qalar, nə də kəndir”.[107]

Başqa bir hədisdə isə Həzrət İmam Sadiqin (ə) belə buyurduğu nəql edilir: “... Bəndənin uca Allahın qarşısında dayanacağı zaman ondan ilk soruşulacaq şey namazdır. Əgər namazı məqbul görülərsə, digər əməlləri də məqbul hesab ediləcək, namazı məqbul sayılmadığı təqdirdə isə digər əməlləri də məqbul saylmayacaqdır”.[108]

Çoxsaylı hədislərdə ismət və paklıq soyunun mənsubları olan Əhli-beyt imamları (ə) müsəlmanları namaza yüngül yanaşmaqdan çəkindirirlər.

Möminlərin əmirinin (ə) belə buyurduğu nəql olunur: “Allahın nəzərində namazdan daha sevimli bir iş yoxdur. Elə isə namaz vaxtlarında heç bir dünya işi sizi ondan ayırmasın. Çünki uca Allah bəzi qövmləri məzəmmət edərkən buyurur: “Onlar öz namazlarında səhlənkardırlar”. Yəni onlar qafillik edərək namaz vaxtlarına qarşı səhlənkarlıq, etinasızlıq nümayiş etdirirlər”.[109]

Bir rəvayətdə isə oxuyuruq ki, Həzrət Əli (ə) namazının səcdələrində tələsən bir kişidən soruşur: “Neçə müddətdir belə namaz qılırsan?” Həmin şəxs müəyyən bir müddətdən bəri olduğunu söylədikdə isə buyurur: “Sənin kimi bir insan Allahın nəzərində dimdiyini yerə döyən qarğa kimidir. Əgər (bu halda) dünyadan köçsən, Əbülqasim Muhəmmədin (s) dinindən başqa bir etiqadla köçmüş sayılacaqsan”. Sonra isə belə buyurur: “İnsanların içində ən böyük oğru namazından oğurluq edəndir”.[110]

Hədislərdə namazın vaxtının başlanğıcında qılınmasına dair saysız-hesabsız tövsiyələrə rast gəlirik.

O cümlədən, İmam Sadiqin (ə) belə buyurduğu nəql olunur: “İlk vaxtın son vaxtdan (vaxtının başlanğıcında qılınan namazın sonra qılınan namazdan) üstünlüyü axirətin dünyadan üstünlüyü kimidir”.[111]

Həmçinin, diqqətəlayiq məqamlrdan biri də budur ki, Əhli-beytdən (ə) nəql olunan hədislərə əsasən, mənfi əxlaqi keyfiyyətlər və insanın bəzi çirkin əməlləri namazın Haqq-təalanın dərgahında qəbul edilməsinə mane olur. Həsəd, təkəbbür, xudbinlik, dikbaşlıq və bu qəbildən olan xislətlərə sahib olan, yaxud valideynlərin sözünə baxmamaq və onları incitmək, qeybət etmək, haramxorluq, məstedici içkilərin qəbulu, xüms və zəkat verməkdən imtina etmək kimi xoşagəlməz hərəkətlərə yol verən şəxslərin namazı Allah dərgahında qəbul olunmur. Hərçənd, onların bu günahlara rəğmən namaz qılması vacibdir, əks təqdirdə namazı tərk edən günahkarlar sırasına da daxil ediləcəklər. Namaz qılan şəxs günahlarından tövbə etməli və bulaşdığı, adətkərdə olduğu bütün günahlardan uzaqlaşmalıdır ki, bu önəmli ibadəti qəbul olunsun.

Daha yaxşı olar ki, insan namazını qəlbən qılsın və namaz əsnasında kiminlə ünsiyyətdə olduğunu və diləklərini kimə ərz etdiyini diqqət mərkəzində saxlasın.

Həmçinin, daha yaxşı olar ki, namazın savabını azaldan hərəkətlərdən çəkinsin, məsələn, yuxulu halda və ya idrarını saxlayaraq namaza durmasın, namaz əsnasında göyə baxmasın, habelə namazın savabını artıran işləri görsün, o cümlədən, əlinə əqiq qaşlı üzük taxsın, təmiz libas geyinsin, saç və saqqalını darasın, dişlərini fırçalasın və ətirlənsin.

Namazın qisimləri

Namazlar vacib və müstəhəb olmaqla iki qisimə bölünür. Qarşıdakı məsələlərdə vacib namazların qisimlərinə toxunulacaq, müstəhəb namazların qisimləri və onlarla bağlı hökmlər isə “Müstəhəb namazlar” fəslində açıqlanacaqdır.

Vacib namazlar

Məsələ 880. Dövrün imamının (Uca Allah onun zühuru ilə qurtuluşu tezləşdirsin!) qaib olduğu dövrdə vacib namazların sayı altıdır:

1) gündəlik namazlar;

2) ayat namazları;

3) cənazə namazı;

4) Kəbə evinin vacib təvafının namazı;

5) ehtiyata əsasən, atanın vəfatından sonra böyük oğluna vacib olan qəza namazları;

6) icarə, nəzir, and və əhd ilə əlaqədar vacib olan namaz.

Cümə namazı hökmləri qarşıda açıqlanacaq gündəlik namazlardan, yəni birinci qisimdən sayılır.

Gündəlik vacib namazlar

Məsələ 881. Gündəlik vacib namazların sayı beşdir: hər biri dörd rükət olan zöhr və əsr namazları, üçrükətli məğrib namazı, dördrükətli işa namazı və ikirükətli sübh namazı.

Məsələ 882. Səfərdə qarşıda açıqlanacaq şərtlər daxilində dördrükətli namazlar iki rükət qılınmalıdır.

NAMAZA HAZIRLIQ

Məsələ 883. Namaz üçün altı hazırlıq[112]
tələb olunur:

- vaxt çərçivəsində qılmaq;

- qibləyə yönəlmək;

- qüsl, dəstəmaz, yaxud təyəmümlü olmaq (mükəlləfin vəzifəsinə uyğun olaraq);

- bədən və paltarın pak olması;

- geyimlə bağlı şərtlərə riayət etmək;

- məkanla bağlı şərtlərə riayət etmək.

Beləliklə, namaz qılmaq istəyən şəxs bu hazırlıqlardan hansına sahib deyilsə, namazdan öncə həmin hazırlıq tələbini yerinə yetirməlidir.

Birinci hazırlıq: Vaxt çərçivəsində qılmaq

Gündəlik beş vacib namazın vaxtları belədir:

1) Zöhr və əsr namazlarının vaxtı

Məsələ 884. Zöhr və əsr namazlarının vaxtı şəri zöhrdən (zəval) etibarən başlayır. Şəri zöhr, yaxud zəval deyərkən isə Günəşin doğuşu ilə qürub arasındakı zaman fasiləsinin yarısının keçməsi nəzərdə tutulur. Məsələn, əgər bir şəhərdə gün saat 06:00-da doğur, 20:00-da batırsa, bu halda günün çıxması ilə batması arasındakı zaman fasiləsi 14 saatdır ki, bunun da yarısı 7 saat edir. Beləliklə, Günəşin doğuşundan 7 saat sonra şəri zöhr vaxtı sayılır ki, bu da saat 13:00-a təsadüf edir.

Məsələ 885. Şəri zöhr şaxisdən[113]
istifadə etməklə də təyin edilə bilər. Buna əsasən,əgər şaxis adlandırılan taxta parçası, yaxud bənzər əşya hamar səthli yerdə düz bucaq altında yerə basdırılmışdırsa, sübh çağı Günəş doğduqda onun kölgəsi qərb tərəfə düşür, Günəş üfüqdə yüksəldikcə bu kölgə gödəlir və İranın şəhərlərində və bir çox ölkələrdə şəri zöhrün başlanğıcında minimum ölçüsünə çatır. Zöhr keçdikdən sonra isə onun kölgəsi şərq tərəfə dönür və Günəş günbatana doğru irəlilədikcə kölgə uzanır. Beləliklə, kölgə minimum ölçüsünə çataraq iki dəfə uzanmağa başladıqda şəri zöhrün başladığı məlum olur. Lakin zöhr zamanı şaxisin kölgəsinin tamamilə itdiyi bəzi şəhərlərdə kölgə daha sonra yenidən peyda olduqda şəri zöhrün başladığı məlum olur.

Məsələ 886. Günəşin batıb-batmadığına şəkk edən və onun dağların, yaxud binaların arxasında gizləndiyini ehtimal edən şəxs üçün şərq tərəfdəki qırmızılıq görünməyə davam etdikcə və insanın başının üzərindən keçib getmədikcə vaxt qalır (günorta namazlarını qıla bilər). Günəşin batdığı vaxt xüsusunda şəkkə düşmədiyi təqdirdə isə, vacib ehtiyata əsasən, zöhr və əsr namazlarını Günəş gözlərdən itənədək, qürubadək təxirə salmasın, təxirə saldığı halda isə onu əda və qəza niyyəti etmədən qılsın.

Məsələ 887. İnsan əsr namazını qəsdən zöhr namazından əvvəl qılarsa, batildir. Lakin vaxtın başa çatmasına bir namazdan artıq fürsət qalmadıqda bu vaxtadək zöhr namazını qılmayan şəxsın zöhr namazı qəzaya gedir və o, əsr namazını qılmalıdır. Bir şəxs vaxtın bu qədər məhdudlaşmasından öncə səhvən əsr namazını bütünlüklə zöhr namazından öncə qılarsa, əsr namazı doğrudur və o halda zöhr namazını qılmadığı anladığına görə onu qılmalıdır. Müstəhəb ehtiyata əsasən, ikinci dördrükətlik namazı “ma fiz-zimmə”[114]
niyyəti ilə qılmalıdır.

2) Məğrib və işa namazlarının vaxtı

Məsələ 888. Məğrib namazının vaxtı, vacib ehtiyata əsasən, Günəşin batmasından sonra şərq tərəfdə müşahidə edilən qırmızılığın insanın başının üzərindən keçdiyi vaxtdan etibarən başlayır. Bu məsələnin ehtiyata əsaslanması insanın Günəşin batdığı vaxtı bildiyi hallara aiddir. Belə hallarda, vacib ehtiyata əsasən, insan məğrib namazını Günəş batarkən qıla bilməz. Lakin əgər Günəşin dağların, tikililərin, yaxud ağacların arxasında gizlənə biləcəyi ilə əlaqədar olaraq onun batmasına şəkk edərsə, ehtiyata deyil, fətvaya əsasən, Günəşin batmasından sonra şərq tərəfdə müşahidə edilən qırmızılıq başının üzərindən keçib getmədən məğrib namazını qıla bilməz.

Məsələ 889. Asudəlikdə olan (zərurət halları ilə qarşılaşmayan) insan üçün məğrib və işa namazlarının vaxtı gecə yarısına, zərurət halları ilə qarşılaşan, yəni unutqanlıq, yatıb qalmaq, heyz və s. bu qəbildən olan səbəblərdən dolayı namazı gecə yarısından öncə qılmayan insan üçün məğrib və işa namazlarının vaxtı fəcrin tülusuna (dan vaxtına) qədərdir. Lakin hər iki vəziyyətdə diqqətli ikən, unutqanlığa yol verilmədiyi hallarda məğrib və işa namazları arasında ardıcıllığa riayət etmək şərtdir, yəni öncə məğrib, sonra işa namazı qılınmalıdır və əgər qəsdən işa namazı məğrib namazından öncə qılınarsa, batildir. Yalnız vaxtın başa çatmasına işa namazının qılınması üçün tələb olunan müddətdən artıq qalmadığı halda istisna olaraq işa namazını məğrib namazından əvvəl qılmalıdır.

Məsələ 890. Bir şəxs səhvən işa namazını məğrib namazından əvvəl qılarsa və səhvini namazdan sonra başa düşərsə, namazı doğrudur və ondan sonra məğrib namazını qılmalıdır.

Məsələ 891. Artıq qeyd edildiyi kimi, işa namazının vaxtının sonu asudəlikdə olan insan üçün, gecə yarısıdır və işa namazı üçün gecə yarısı deyərkən, vacib ehtiyata əsasən, qürubla fəcrin tülusu (sübh azanı) arasındakı zaman fasiləsinin yarısı nəzərdə tutulur.[115]

Məsələ 892. Əgər insan ixtiyari surətdə məğrib və ya işa namazını gecə yarısınadək qılmasa, vacib ehtiyata əsasən, sübh azanınadək əda və qəza niyyəti etmədən həmin namazı qılmalıdır. Sübh azanına az vaxt qalarsa, məsələn, müsafir olmayan şəxs üçün yalnız dördrükətlik bir namaza yetəcək qədər, yaxud daha az vaxt qalarsa, vacib ehtiyata əsasən, işa namazını ma fiz-zimmə niyyəti ilə qılmalı, sonra məğrib namazının qəzasını qılmalı və ardınca ehtiyatən ardıcıllığa riayət etmək məqsədilə işa namazının qəzasını da qılmalıdır.

3) Sübh namazının vaxtı

Məsələ 893. Sübh azanına yaxın günçıxan tərəfdən bir ağartı yuxarıya doğru hərəkət edir. Bu ağartıya birinci fəcr deyilir. Həmin ağartının miqyasının genişləndiyi vaxt ikinci fəcr adlanır və sübh namazının başlanğıcı sayılır. Sübh namazının vaxtının sonu isə Günəşin çıxdığı andır.

Namaz vaxtları ilə əlaqədar digər hökmlər

Məsələ 894. İnsan namazın vaxtının başladığına dair yəqinlik hasil etdikdə, yaxud iki adil kişi vaxtın başladığı ilə bağlı məlumat verdikdə namaz qıla bilər.Hətta vaxtın başlamasına ciddi surətdə riayət etdiyini bildiyi bir şəxsin məlumatı, yaxud azanı onda arxayınlıq hasil etdiyi təqdirdə bununla da kifayətlənə bilər.

Məsələ 895. Əgər bir insan şəxsi əngəllər, məsələn, korluq, yaxud məhbəsdə olmaq kimi səbəblərlə əlaqədar olaraq namaz vaxtının başlanğıcında vaxtın başladığına dair yəqinlik hasil edə bilmirsə, vaxtın başladığına dair yəqinlik, yaxud arxayınlıq hasil edənədək namazı təxirə salmalıdır. Həmçinin, lazım ehtiyata əsasən, vaxtın başladığına dair yəqinlik hasil etməyə mane olan səbəbin havanın buludluluğu, duman və buna bənzər ümumi maneələrdən olduğu hallar da bu qəbildəndir.

Məsələ 896. Əgər namazın vaxtı bəzi müstəhəb işlərin yerinə yetirilməsi səbəbi ilə onun bir hissəsinin vaxt bitdikdən sonra qılınması ilə nəticələnəcək qədər məhduddursa, həmin müstəhəb iş görülməməlidir. Məsələn, əgər qunut duasının oxunması səbəbi ilə namazın bir hissəsi vaxt başa çatdıqdan sonraya qalacaqsa, qunut duası oxunmamalıdır. Oxunduğu halda isə namaz yalnız o halda doğru sayılır ki, onun ən azı bir rükəti vaxtında qılınmış olsun.

Məsələ 897. Yalnız birrükətlik namaza yetəcək qədər vaxtı qalan şəxs namazı əda niyyəti ilə qılmalıdır. Lakin insan namazı qəsdən bu vaxtadək təxirə salmamalıdır.

Məsələ 898. Müsafir olmayan bir şəxsin qüruba və Günəşin gözlərdən itməsinədək beş rükətlik namaza yetəcək qədər vaxtı vardırsa, yaxud beş rükətlik, yoxsa daha az vaxtı qaldığına şəkk edirsə, zöhr və əsr namazlarını ardıcıllıqla qılmalıdır.

Beş rükətdən daha az vaxtı qalarsa, vacib ehtiyata əsasən, bu qaydada hərəkət etməlidir: Ehtiyatən əsr namazını zöhr namazından öncə qılmalı, sonra zöhr namazını qürubla məğrib arasındakı zaman fasiləsində əda və qəza niyyəti olmadan qılmalı, daha sonra ardıcıllığa riayət etmək məqsədi ilə təkrarən əsr namazını əda və qəza niyyəti olmadan qılmalıdır.[116]

Əgər Günəş batmışdırsa və məğribə beş rükət üçün yetəcək qədər vaxt qalmışdırsa, yaxud beş rükətlik vaxtın qalıb-qalmadığına şəkk edirsə, zöhr və əsr namazlarını, vacib ehtiyata əsasən, həmin zaman fasiləsində əda və qəza niyyəti olmadan qılmalıdır. Əgər daha az vaxtı qalmışdırsa, vacib ehtiyata əsasən, bu qaydada hərəkət etməlidir: Ehtiyatən əsr namazını zöhr namazından öncə əda və qəza niyyəti olmadan qılmalı, sonra zöhr namazını qəza niyyəti ilə qılmalı, daha sonra ehtiyatən əsr namazını da ardıcıllığa riayət etmək məqsədi ilə yenidən qılmalıdır.[117]

Məsələ 899. Əvvəlki məsələdə izah edilən bütün hökmlər müsafirə də aiddir. Aradakı fərq yalnız qürub, yaxud məğribədək qalan vaxt üçün meyarın beş rükət deyil, üç rükətə yetəcək müddət olmasındadır.

Məsələ 900. Müsafir olmayan şəxsin gecə yarısınadək beş rükət namaz qılacaq qədər vaxtı qalmışdırsa, məğrib və işa namazlarını məlum ardıcıllıqla qılmalıdır. Həmçinin, nə qədər vaxtın qalması ilə bağlı şəkkə düşdükdə də bu hökmə əməl etməlidir. Dörd rükətə yetəcək qədər, yaxud daha az vaxtı qaldığı təqdirdə isə öncə işa namazını qılmalıdır.

Məsələ 901. Müsafir olan bir şəxsin gecə yarısınadək dörd rükət namaz qılacaq qədər vaxtı qalmışdırsa, məğrib və işa namazlarını ardıcıllıq üzrə qılmalıdır. Həmçinin, nə qədər vaxtın qalması ilə bağlı şəkkə düşdükdə də bu hökmə əməl etməlidir. Üç rükətə yetəcək qədər vaxtı qaldığı təqdirdə isə öncə işa namazını qılmalı, sonra dərhal gecə yarısınadək qalan birrükətlik müddətdə məğrib namazını əda niyyəti ilə qılmağa başlamalıdır. Əgər gecə yarısınadək yalnız iki, yaxud bir rükət namaz qədər vaxtı qalmışdırsa, öncə işa namazını qılmalıdır.

Məsələ 902. Azyaşlı uşaq hər hansı bir namazın vaxtı ərzində həddi-büluğa çatarsa,həmin namazın vaxtının başa çatmasınadək birrükətlik namaz qılmaq üçün yetəcək qədər, yaxud daha artıq vaxt qaldığı təqdirdə həmin namazı qılması vacibdir. Həddi-büluğdan öncə həmin namazın vaxtı başladıqdan sonra onu qıldığı və vaxtın başa çatmasından sonra həddi-büluğa çatdığı halda isə namazın yenidən qılınması vacib deyil, hərçənd müstəhəb ehtiyata əsasən, onu yenidən qılmalıdır.

Məsələ 903. İnsan hər hansı bir üzürlü səbəbdən namazı vaxtının başlanğıcında (yaxud ilk vaxtlarda) qılmaq istədiyi təqdirdə onu təyəmmümlə qılmalıdırsa, həmin üzürlü səbəbin ortadan qalxacağına ümidini itirdiyi, yaxud namazı təxirə salmaqla təyəmmüm etmək imkanından da məhrum olacağı halda vaxtın başlanğıcında (ilk vaxtlarda) təyəmmüm edərək namazını qıla bilər. Lakin əgər ümidini itirməmişdirsə, üzürlü halı aradan qalxanadək, yaxud ümidini itirənədək gözləməli, üzürlü halı aradan qalxmadığı təqdirdə vaxtın sonunda namazını qılmalıdır və bunun üçün yalnız namazın vacib işlərini görməyə yetəcək qədər vaxtının qalmasını gözləməsinə gərək yoxdur. Əksinə, azan, iqamə və qunut kimi namazın müstəhəb işləri üçün də vaxt qaldıqda belə təyəmmüm edərək namazını həmin müstəhəb əməllərlə birgə qıla bilər. Təyəmmüm hallarından başqa üzürlü hallarda isə hərçənd ümidini itirməsə və üzürlü halının vaxt başa çatanadək aradan qalxacağını ehtimal etsə belə, vaxtın başlanğıcında (ilk vaxtlarda) namazını qıla bilər. Lakin əgər namaz vaxtı ərzində üzürlü səbəb aradan qalxarsa, bəzi hallarda namazı yenidən qılmalıdır.

Məsələ 904. Namaz məsələlərini bilməyən və onları öyrənmədən doğru qaydada yerinə yetirə bilməyən, yaxud namazda şəkk və səhvlərlə bağlı məlumatı olmayan, ancaq namazda belə məqamlardan biri ilə qarşılaşacağını və öyrənmədiyinə görə vacib olan hər hansı bir hərəkəti icra etməyəcəyini, yaxud haram olan hər hansı bir hərəkətə yol verəcəyini ehtimal edən şəxs bu məsələləri öyrənmək üçün namazı vaxtının başlanğıcından bir qədər təxirə salmalıdır. Lakin əgər namazı düzgün qaydada qılacağına ümid edərək vaxtın başlanğıcında namaza başlayar və namaz əsnasında qarşısına hökmünü bilmədiyi bir məsələ çıxmazsa, namazı doğrudur. Hökmünü bilmədiyi bir məsələ ilə qarşılaşdıqda isə ehtimallarının hər ikisinə uyğun qaydada - ikisindən birinin onun vəzifəsi olduğuna ümid edərək –hərəkət etməli və namazı başa çatdırmalıdır. Lakin Namazdan sonra məsələni öyrənməli, namazı batil olduğu təqdirdə yenidən qılmalıdır, doğru olduğu təqdirdə isə təkrarən qılmasına ehtiyac yoxdur.

Məsələ 905. Əgər namazın vaxtı genişdirsə və borc verən şəxs borcludan borcunu tələb edirsə, mümkün olduğu təqdirdə borclu şəxs öncə borcunu ödəməli, sonra namaz qılmalıdır. Həmçinin, əgər dərhal həyata keçirilməli olan başqa bir vacib iş insanın qarşısına çıxarsa, məsələn, məscidin nəcasətləndiyini görərsə, əvvəlcə məscidi paklamalı, sonra namaz qılmalıdır. Hər iki halda əvvəlcə namazı qılarsa, günah etmiş sayılır, lakin namazı doğrudur.

Məsələ 906. İnsan əsr namazını zöhr namazından, işa namazını isə məğrib namazından sonra qılmalıdır və əgər qəsdən əsr namazını zöhr namazından, işa namazını isə məğrib namazından əvvəl qılarsa, batildir.

Məsələ 907. Əgər zöhr namazını qılmamış səhvən əsr namazına başlayar və namaz əsnasında səhvini başa düşərsə, niyyətini zöhr namazına çevirməlidir. Yəni niyyət etməlidir ki, indiyədək qıldığım, hal-hazırda qılmaqla məşğul olduğum və bundan sonra qılmağa davam edəcəyim namaz bütünlüklə zöhr namazı olsun. Lakin bu niyyəti sözlə ifadə etməməlidir. Bu namazı tamamladıqdan sonra isə əsr namazını qılmalıdır.

Məsələ 908. Əgər məğrib namazını qılmamış səhvən işa namazına başlayar və namaz əsnasında səhv etdiyini başa düşərsə, hələ dördüncü rükətin rükusuna əyilmədiyi təqdirdə niyyəti məğrib namazına çevirərək namazı başa çatdırmalı, daha sonra işa namazını qılmalıdır. Artıq dördüncü rükətin rükusuna əyilmişdirsə, işa namazını tamamlamalıdır və bu namazı doğrudur. Ondan sonra isə məğrib namazını qılmalıdır.

Məsələ 909. Əgər zöhr namazı niyyəti ilə namaza başlayar və namaz əsnasında zöhr namazını artıq qıldığı yadına düşərsə, niyətini əsr namazına çevirə bilməz. Bu halda həmin namazı yarıda qoyaraq əsr namazını qılmalıdır. Bu hökm məğrib və işa namazları arasında baş verən eyni hala da şamil olunur.

Məsələ 910. Əgər insan əsr namazı əsnasında zöhr namazını qılmadığına dair yəqinlik hasil edərək niyyəti zöhr namazına çevirərsə, daha sonra zöhr namazını qıldığını xatırladıqda niyyəti yenidən əsr namazına çevirərək namazını başa çatdıra bilər. Təbii ki, bu hökm namazın bəzi hissələrinin zöhr niyyəti ilə yerinə yetirilmədiyi, yaxud yerinə yetirilsə belə, əsr niyyəti ilə yenidən yerinə yetirildiyi hala aiddir. Lakin həmin hissə bütöv bir rükət olarsa, namazı istənilən halda batildir. Həmçinin, əgər rüku, yaxud bir rükətin iki səcdəsi olarsa, lazım ehtiyata əsasən, batildir.

Məsələ 911. Əgər əsr namazı əsnasında zöhr namazını qılıb-qılmadığına şəkk edərsə, namazı əsr niyyəti ilə tamamlamalı, sonra zöhr namazını qılmalıdır. Lakin əgər vaxt əsr namazının tamamlanmasından sonra başa çatacaq qədər azdırsa və ondan sonra birrükətlik belə namaz vaxt qalmırsa, zöhr namazının qəzasını qılmasına ehtiyac yoxdur.

Məsələ 912. Əgər işa namazı əsnasında məğrib namazını qılıb-qılmadığına şəkk edərsə, namazı işa niyyəti ilə tamamlamalı, sonra məğrib namazını qılmalıdır.[118]
Lakin əgər vaxt namazın tamamlanmasından sonra başa çatacaq qədər azdırsa və ondan sonra birrükətlik belə namaz vaxt qalmırsa, məğrib namazının qəzasını qılmasına ehtiyac yoxdur.

Məsələ 913. Əgər işa namazı əsnasında dördüncü rükətin rükusuna çatdıqdan sonra məğrib namazını qılıb-qılmadığına şəkk edərsə, namazı tamamlamalı və məğrib namazını qılmaq üçün vaxt qaldığı təqdirdə məğrib namazını da qılmalıdır.

Məsələ 914. Əgər insan qıldığı namazı ehtiyatən yenidən qılarsa və namaz əsnasında ondan əvvəl qılmalı olduğu namazı qılmadığı yadına düşərsə, bu halda niyyətini həmin namaza çevirə bilməz. Məsələn, insan əsr namazını ehtiyatən qılarkən zöhr namazını qılmadığını xatırlayarsa, niyətini zöhr namazına çevirə bilməz.

Məsələ 915. Niyyətin qəza namazından əda namazına və müstəhəb namazdan vacib namaza çevrilməsi caiz deyil.

Məsələ 916. Əgər əda namazının vaxtı genişdirsə, insan namaz əsnasında qılmalı olduğu bir qəza namazı olduğunu xatırladıqda niyyətini həmin qəza namazına çevirə bilər.

İkinci hazırlıq: Qibləyə yönəlmək

Məsələ 917. Müqəddəs Məkkə şəhərindəki Kəbə evinin yerləşdiyi yer qiblə hesab edilir və insan üzünü ona doğru tutaraq namaz qılmalıdır. Həmçinin, bu hökm heyvanların kəsimi kimi üzü qibləyə həyata keçirilməli olan digər işlərə də şamildir.

Məsələ 918. Qiblə istiqamətinin təyin edilməsinə gəlincə, əgər insan Kəbə evinə onu müşahidə etməklə qiblə istiqamətini dəqiq şəkildə müəyyən edə biləcək qədər yaxın məsafədədirsə, məsələn, Məscid əl-haramın daxilindədirsə və Kəbə evini görürsə, üzünü düz Kəbə istiqamətinə tutmalıdır və namaz halında bu istiqamətdən qəsdən azacıq belə olsa yayınmaq caiz deyil. Lakin Kəbənin yerləşdiyi yerdən uzaqda olan insan kimi həqiqi qiblə istiqamətini müşahidə ilə müəyyən edə bilməyəcək məsafədə olduğu təqdirdə isə əgər ürfən “üzü qibləyə doğru namaz qılır” deyiləcək şəkildə dayanarsa, yəni üzünü ürfi qiblə istiqamətinə tutarsa, kafidir və qiblənüma, yaxud GPS kimi vasitələrdən istifadə etməklə, yaxud araşdırmaq və soruşmaqla həqiqi qiblə istiqamətini tapması zəruri deyil. Ancaq əgər araşdırar və həqiqi qiblə istiqamətinin bir neçə dərəcə sağa, yaxud sola meyilli olduğundan agah olarsa, məsələn, həqiqi qiblə istiqamətinin (ürfi qiblə istiqamətindən) sağa doğru 15 dərəcə fərqləndiyini öyrənərsə, bu halda üzünü tutduğu istiqamətə (ürfi qibləyə) doğru dayanmaq hərçənd ürfdə üzü qibləyə olmaq sayılsa da,üzünü həmin istiqamətə doğru tutaraq namaz qıla bilməz.

Məsələ 919.Vacib namazı ayaq üstə qılan şəxsin sinə və qarın nahiyəsi qibləyə doğru olmalı, üzü də qiblədən həddən ziyadə yayınmamalıdır və müstəhəb ehtiyata əsasən, ayaq barmaqları da qibləyə doğru olmalıdır. Həmçinin, oturaq halda namaz qılmalı olan şəxsin də namaz əsnasında sinə və qarını qibləyə doğru olmalı, üzü də qiblədən həddən ziyadə yayınmamalıdır.

Məsələ 920. Oturaq halda namaz qıla bilməyən şəxs namaz əsnasında böyrü üstə bədəninin ön hissəsi qibləyə doğru düşəcək şəkildə uzanmalıdır.Mümkün olduqca sağ böyrü üstə uzanmalı, lazım ehtiyata əsasən, sol böyrü üstə uzanmamalıdır. İkisi də mümkün olmadığı təqdirdə isə arxası üstə ayaqlarının altı qibləyə doğru düşəcək şəkildə uzanmalıdır.

Məsələ 921. Ehtiyat namazı və unudulmuş səcdə üzü qibləyə yerinə yetirilməlidir. Müstəhəb ehtiyata əsasən, səhv səcdəsi də üzü qibləyə doğru edilməlidir.

Məsələ 922. Namaz qılmaq istəyən şəxs qiblənin hansı istiqamət olduğuna dair yəqinlik hasil edənədək, yaxud təsdiqi hissinə (görmə kimi) və hiss hökmündə olan idraka istinad edən iki adil şəxsin təsdiq etməsi kimiyəqinlik hökmündə olan bir məlumat əldə edənədək qibləni tapmağa çalışmalı və buna əsaslanaraq qiblə itiqamətini müəyyənləşdirməlidir.

Həmçinin, məntiqli mənşəyi olan arxayınlıq da– etimad edilən bir şəxsin məlumat verməsi kimi – kafidir. Hətta qiblə istiqamətinin təyin edilməsi sahəsində peşəkar olan etibarlı bir insanın verdiyi məlumat, hərçənd güman, yaxud arxayınlıq hasil etməsə də, dəlildir. Əgər bu yollarla qiblə istiqamətini müəyyən edə bilməzsə, müsəlmanların məscidinin mehrabını, möminlərin qəbirlərini nəzərə almaqla, yaxud başqa məntiqli üsullarla hasil edilən gümana uyğun hərəkət etməlidir. Hətta elmi metodlarla qibləni təyin edə bilən əxlaqsız, mənəviyyatsız bir insanın, yaxud kafirin verdiyi məlumatla da qiblənin bu və ya digər bir istiqamətdə olduğunu güman edərsə, kafidir.

Məsələ 923. Qiblənin bu və ya digər bir istiqamət olduğunu güman edən şəxs başqa bir istiqamətin qiblə olduğunu daha çox güman etməyə başlayarsa, zəif olan gümanına uyğun davrana bilməz. Məsələn, əgər qonaq ev sahibinin, yaxud müsafir hotel və mehmanxanının işçisinin verdiyi məlumata əsasən, qiblənin hər hansı bir istiqamətdə olduğunu güman edirsə, lakin başqa bir üsulla, məsələn, qiblənümadan istifadə etməklə daha güclü bir güman hasil edə bilərsə, bu halda onların məlumatı onun üçün dəlil deyil və onların məlumatı əsasında hərəkət edə bilməz.

Məsələ 924. Əgər insanın qibləni tapmaq üçün istifadə edə biləcəyi hər hansı bir vasitə yoxdursa, yaxud nə qədər çalışsa da, hər hansı bir tərəfin qiblə istiqaməti olduğunu güman edə bilmirsə, üzünü qiblə olduğunu ehtimal etdiyi istənilən bir tərəfə tutaraq namaz qılarsa, kafidir və müstəhəb ehtiyata əsasən, namazın vaxtı geniş olduğu təqdirdə üzünü dörd fərqli istiqamətə tutaraq dörd namaz qılmalı, daha az vaxt qaldığı təqdirdə isə, müstəhəb ehtiyata əsasən, neçə istiqamətə vaxt çatarsa, o qədər namaz qılmalıdır.

Məsələ 925. İnsan qiblənin iki istiqamətdən biri olduğu xüsusunda yəqinlik, yaxud yəqinlik hökmündə olan bir məlumat və ya güman hasil edərsə, hər iki istiqamətə namaz qılmalıdır.

Məsələ 926. Bir neçə istiqamətə namaz qılmaq istəyən şəxs əgər zöhr və əsr namazı kimi biri digərindən sonra qılınmalı olan iki namaz qılmaq istəyərsə, müstəhəb ehtiyata əsasən, öncə birinci namazı üzünü bir neçə istiqamətə tutaraq qılmalı, sonra ikinci namaza başlamalıdır.

Məsələ 927. Qiblə xüsusunda yəqinlik, yaxud yəqinlik hökmündə olan məlumat hasil etməyən şəxs əgər namazdan başqa üzü qibləyə doğru yerinə yetirilməli olan başqa bir iş görmək, məsələn, bir heyvan kəsmək istəyərsə, gümanına uyğun hərəkət etməlidir, hər hansı bir istiqamətin qiblə olduğunu güman etmək mümkün olmadığı təqdirdə isə üzünü hansı istiqamətə tutsa, doğrudur.

Məsələ 928. Vacib ehtiyata əsasən, zərurət olmadan Kəbə evinin daxilində və damında vacib namaz qılınmamalıdır. Lakin çıxılmaz vəziyyətlərdə, zərurət hallarında eybi yoxdur. Kəbə evinin damında namaz qıldığı təqdirdə istənilən halda Kəbənin hava məkanının bir hissəsi namaz qılanın müqabilində qalmalı[119]
və o, ayaq üstə namaz qılmalıdır.

Üçüncü hazırlıq: Hədəsdən təharət

Vacib və müstəhəb namazlardan hər biri dəstəmaz, qüsl, yaxud təyəmmümlə (mükəlləfin vəzifəsinə uyğun olaraq) qılınmalıdır, əks təqdirdə namaz batildir. Sözügedən üç təharətdən (dəstəmaz, qüsl, təyəmmüm) hər biri öncəki fəsillərdə təfsilatı ilə izah edilmişdir.

Dördüncü şərt: Namaz qılanın bədən və geyiminin pak olması

Məsələ 929. Namaz qılanın bədən və geyimi (sonrakı mövzuda qeyd ediləcək hallar istisna olmaqla) pak olmalıdır və əgər bir şəxs ixtiyari surətdə nəcasətlənmiş bədən, yaxud geyimlə namaz qılarsa, namazı batildir.

Məsələ 930.Əgər bir şəxs bu şəriət məsələsini öyrənməkdə yol verdiyi səhlənkarlıq səbəbi ilə nəcasətli bədən, yaxud geyimlə qılınan namazın batil olduğunu bilmirsə, yaxud misal olaraq spermanın nəcis olduğunu bilmirsə və onun bədənində qaldığı halda namaz qılarsa, vacib ehtiyata əsasən, namazını yenidən qılmalı, vaxtı keçdiyi təqdirdə isə qəzasını qılmalıdır. Lakin əgər məsələni öyrənməkdə səhlənkarlığa yol verməmişdirsə və nəcasətli bədən, yaxud geyimlə namaz qılmışdırsa, namazını yenidən qılması, yaxud qəzasını qılması lazım deyil.

Məsələ 931.Bir şəxs bədən və ya geyiminin nəcasətli olmadığına əmin olarsa, ancaq namazdan sonra nəcasətli olduğunu başa düşərsə,onun namazı doğrudur.

Məsələ 932. Bədən və ya geyiminin pak olub-olmadığına şəkk edən şəxsin özünü yoxlamasına ehtiyac yoxdur. Buna rəğmən, əgər yoxlayar, üzərində bir şey görməyərək namaz qılarsa və namazdan sonra bədəninin, yaxud geyiminin nəcasətli olduğunu başa düşərsə, namazı doğrudur. Ancaq əgər yoxlamazsa və namazdan sonra bədəninin, yaxud geyiminin nəcasətli olduğunu başa düşərsə, lazım ehtiyata əsasən, namazını yenidən qılmalı, vaxtı keçdiyi təqdirdə isə qəzasını qılmalıdır.

Qeyd etmək lazımdır ki, bu hökm insanın bədəninin, yaxud geyiminin daha öncə nəcasətli olduğuna dair yəqinlik, yaxud yəqinlik hökmündə olan məlumat hasil etmədiyi hala şamildir. Əks halda, yəni daha öncə nəcasətli olan bədən, yaxud geyimin paklanıb-paklanmadığı xüsusunda şəkk etdiyi təqdirdə isə onu paklamalıdır.

Məsələ 933.Vaxt geniş ikən namaz qılan şəxs namaz əsnasında bədən, yaxud geyiminin nəcasətli olduğunu anlayarsa, burada iki vəziyyət təsəvvür edilə bilər:

a) Namaza başladıqdan sonra nəcasətləndiyini bilir, yaxud ehtimal edirsə, hərçənd namazın bir hissəsini belə, başa düşməzdən öncə,üzərində nəcasət var ikən qılarsa, bu halda bədəninin, yaxud geyimin yuyulması və ya geyimin dəyişdirilməsi, yaxud onu soyunmaq ürfən namazın surətini pozmadığı təqdirdə namaz əsnasında bədənini və ya geyimini yumalı, yaxud geyimini dəyişdirməli, yaxud da məhrəm yerlərini və bədininin məhrəm yerlər hökmündə olan hissəsini[120]
örtən başqa bir şey varsa, nəcasətli paltarını soyunmalıdır. Lakinbu hərəkətlərdən hər biri namazın surətini pozursa, yaxud nəcasətli paltarını soyunacağı halda çılpaq qalacaqsa, lazım ehtiyata əsasən, namazı yenidən pak bədən və geyimlə qılmalıdır.

b) Namaza başlamazdan öncə nəcasətləndiyini bilirsə, lazım ehtiyata əsasən, namazı yenidən pak bədən və geyimlə qılmalıdır.

Məsələ 934.Vaxt məhdud ikən namaz qılan şəxs əgər namaz əsnasında bədəninin nəcasətli olduğunu anlayarsa, bədəninin yuyulması namazı pozmadığı təqdirdə bədənini yumalı, namazı pozduğu təqdirdə isə namazını həmin halda tamamlamalıdır və namazı doğrudur.

Qeyd etmək lazımdır ki, bu məsələdə insanın bədəninin namaza başladıqdan sonra nəcasətləndiyini bilməsi, yaxud ehtimal etməsi ilə ondan öncə nəcasətlənməsini bilməsi arasında fərq yoxdur.

Məsələ 935. Vaxt məhdud ikən namaz qılan şəxs əgər namaz əsnasında geyiminin nəcasətləndiyini anlayarsa, nəcasətli paltarın yuyulması, dəyişdirilməsi, yaxud onu soyunmaq namazın surətini pozmursa və paltarı əynindən çıxara bilərsə, nəcasətli paltarı yumalı, dəyişdirməli, yaxud da məhrəm yerlərini və bədininin məhrəm yerlər hökmündə olan hissəsini örtən başqa bir şey varsa, nəcasətli paltarını soyunmalı və namazını başa çatdırmalıdır. Lakin əgər məhrəm yerlərini örtən başqa bir şey yoxdursa və paltarı da yuya, yaxud dəyişdirə bilmirsə, həmin nəcasətli paltarla namazı tamamlamalıdır. Qeyd etmək lazımdır ki, bu məsələdə insanın bədəninin namaza başladıqdan sonra nəcasətləndiyini bilməsi, yaxud ehtimal etməsi ilə ondan öncə nəcasətlənməsini bilməsi arasında fərq yoxdur.

Məsələ 936. Əgər insan bədən, yaxud geyiminin nəcasətli olduğunu unudarsa və namaz əsnasında, yaxud ondan sonra xatırlayarsa, unutması səhlənkarlıq və laqeydlikdən irəli gəldiyi halda, lazım ehtiyata əsasən, namazı yenidən qılmalı, vaxtı keçdiyi təqdirdə isə qəzasını qılmalıdır. Lakin əgər unutması səhlənkarlıq və laqeydlikdən irəli gəlmirsə, namazdan sonra xatırladığı təqdirdə namazı yenidən qılması lazım deyil, namaz əsnasında xatırladığı təqdirdə isə bu vəziyyətə şamil olunan hökm namaz qılanın nəcasətdən xəbərdar olmadığı və namaz əsnasında bədəninin, yaxud geyiminin nəcasətli olduğunu başa düşdüyü hal ilə bağlı 933-935-ci məsələlərdə izah edilən hökmlər kimidir.

Məsələ 937.İnsan bir şeyin nəcis olduğunu unudarsa, bədən və ya geyimi rütubətli halda ona toxunarsa və bədəninin, yaxud geyiminin nəcasətləndiyinə diqqət yetirməzsə, bu unutqanlıq və diqqətsizlik halında namaz qılarsa və namazdan sonra həmin şeyin nəcis olduğunu, bədən, yaxud geyiminin də nəcasətləndiyini xatırlayarsa, namazı doğrudur. Lakin əgər bədəni rütubətli halda nəcis olduğunu unutduğu bir şeyə toxunarsa və bədənini (nəcasətlənən nahiyəni) yumadan qüsl edərək, yaxud dəstəmaz alaraq namaz qılarsa, qüsl, yaxud dəstəmazı və namazı batildir. Yalnız qüsl etməklə, yaxud dəstəmaz almaqla bədən də paklanarsa və su nəcasətlənməzsə, məsələn, kürr və ya axar su ilə qüsl edər, yaxud dəstəmaz alarsa, bu halda istisna olaraq namazı batil deyil.

Məsələ 938. İnsan nəcasətlənmiş paltarını yuyarsa, paklandığına yəqinlik hasil edərək onunla namaz qılarsa və namazdan sonra pak olmadığını başa düşərsə, namazı doğrudur.

Məsələ 939. İnsan öz bədənində, yaxud geyimində qan görərək onun nəcis sayılan qanlar qismindən olmadığına yəqinlik hasil edərsə, məsələn, ağcaqanadın qanı olduğuna əmin olarsa, namazdan sonra insanın üzərində qalarkən namaz qılması doğru sayılmayan qanlar qismindən olduğunu başa düşdüyü təqdirdə namazı doğrudur.

Məsələ 940.Əgər bədən, yaxud geyimindəki qanın insanın üzərində ikən qıldığı namazın doğru sayıldığı bir nəcis qan olduğuna yəqinlik hasil edərsə, məsələn, yara və ya çiban qanı olduğuna əmin olarsa, namazdan sonra insanın üzərində ikən qıldığı namazın batil sayıldığı bir qan olduğunu başa düşdüyü təqdirdə namazı doğrudur.

Məsələ 941.İnsanın bədəninin iki ayrı hissəsi nəcasətlənərsə və onlardan yalnız birini yumaq üçün kifayət edəcəq qədər su olarsa, onunla istədiyi hissəni yuya bilər. Lakin əgər bu hissələrdən birinin nəcasəti digərindən daha artıq, daha ciddi, yaxud müxtəlifcəhətli olarsa, bu halda vacib ehtiyata əsasən, həmin hissəni yumalıdır. İnsanın yalnız bir geyimi olduğu və onun iki ayrı hissəsinin nəcasətlənmiş olduğu hala da eyni hökm şamil olunur. Məsələn:

a) Əgər bədənin bir hissəsi idrarla nəcasətlənmiş olarsa və insan əlindəki az (kür həcmində olmayan) su ilə həmin hissəni yumaq istəyərsə, iki dəfə yumalıdır. Lakin bədənin digər bir hissəsi bir dəfə yuyulması kafi olan qanla nəcasətlənmiş olarsa, bu halda insan vacib ehtiyata əsasən, idrarla nəcasətlənmiş hissəni paklamalıdır.

b) Əgər insanın yalnız bir paltarı varsa və onun bir hissəsi qoyun kimi əti halal olan bir heyvanın qanı ilə, digər bir hissəsi isə vəhşi heyvan qanı ilə nəcasətlənmişdirsə, ikinci hissədəki qan biri nəcasətlilik, ikincisi isə üzərində əti haram olan heyvanların bədənindən bir şey daşımaq olmaqla namaz qılanın geyimində qadağan olunmuş iki cəhətə malikdir. Bu halda, vacib ehtiyata əsasən, vəhşi heyvanın qanına bulaşmış hissəni paklamaq lazımdır.

Məsələ 942.Yalnız bir paltarı olan şəxsin həm bədəni, həm də paltarı nəcasətlənərsə və onlardan yalnız birini yumaq üçün kifayət edəcək qədər suyu olarsa, lazım ehtiyata əsasən, bədənini yuyaraq nəcasətli paltarla namaz qılmalıdır və vacib ehtiyata əsasən, paltarını yuyaraq nəcasətli bədənlə namaz qılması caiz deyil. Lakin əgər paltarın nəcasəti daha artıq, yaxud daha ciddidirsə (məsələn, paltar idrarla nəcasətlənmişdirsə və onu əlindəki az su ilə yumaq istədiyi təqdirdə iki dəfə yumalıdırsa, bədəni isə bir dəfə yuyulması kafi sayılan qanla nəcasətlənmişdirsə), yaxud paltarda nəcasətlə yanaşı namaz qılanın geyimində qadağan olunan başqa bir cəhət də mövcud olarsa, məsələn, paltar vəhşi heyvanlardan birinin qanı ilə nəcasətlənmiş olarsa, bu halda insan istədiyini (bədənini, yaxud paltarını) yumaqda ixtiyar sahibidir.

Məsələ 943.Nəcasətli geyimdən başqa geyimi olmayan şəxs nəcasətli geyimlə namaz qılmalıdır və namazı doğrudur.

Məsələ 944.Yalnız iki paltarı olan şəxs əgər onlardan birinin nəcasətli olduğunu bilirsə, ancaq hansının olduğunu bilmirsə, vaxtı olduğu təqdirdə hər ikisi ilə namaz qılmalı, məsələn, zöhr və əsr namazlarını qılmaq istəyirsə, hər biri ilə ayrı-ayrılıqda bir zöhr və bir əsr namazı qılmalıdır. Lakin vaxt məhduddursa və onlardan heç biri nəcasət və bənzər cəhətlərə görə digərinə tərcih edilə bilməzsə, hansı ilə namaz qılsa, kafidir. Ancaq əgər birinin nəcasətli olması ehtimalı digərindən yüksəkdirsə, yaxud onlardan birinin ehtimal olunan nəcasətliliyi daha artıq, yaxud daha ciddidirsə, ya da nəcasətlə yanaşı namaz qılanın geyimində qadağan olunan başqa bir cəhətə də malikdirsə, bu halda digər paltarla namaz qılmalıdır.

Namaz qılanın bədən və geyiminin paklığının zəruri olmadığı hallar

Məsələ 945. Beş halda namaz qılanın bədən, axud geyimi nəcasətli olarsa, namazı doğrudur. Bu hallar qarşıdakı məsələlərdə izah ediləcəkdir.

1) Dirhəm ölçüsündən az miqdarda olan qan

Məsələ 946. Əgər namaz qılanın bədən, yaxud geyimi dirhəm ölçüsündən az miqdarda qana bulaşarsa, aşağıdakı şərtlərlə qanı yumadan namaz qıla bilər:

a) Vacib ehtiyata əsasən, dirhəm baş barmağın uc buğumu ölçüsündə hesablanmalı, daha böyük ölçüdə götürülməməlidir.

b) Xalis olmalıdır. Beləliklə, əgər qan dirhəm ölüsündən az miqdarda olarsa, lakin irin, zərdab, su və s. ilə qarışmış olarsa, ona bulaşmış halda qılınan namaz doğru deyildir.

c) Heyz qanı kimi qadağan olunmuş qanlar qismindən olmamalıdır. (Bu mövzu növbəti məsələlərdə izah ediləcəkdir)

Qeyd etmək lazımdır ki, yuxarıdakı üç şərtin mövcud olduğu, dirhəm ölçüsündən az miqdarda olan qanın özü aradan qaldırılsa belə, onunla bağlı hökm qüvvədədir və ona bulaşmış halda qılınan namaz doğrudur. Həmçinin, diqqətəlayiq bir məqam da budur ki, dirhəm ölçüsündən az həcmdə olan qan nəcisdir və ona bulaşmış halda qılınan namazın doğruluğu onun pak olması demək deyildir.

Məsələ 947.Əgər bədən, yaxud paltar qanlı olmazsa, ancaq rütubətli halda qana dəyərsə, bədən, yaxud paltar nəcasətlənir. Məsələn, yaş əl quru qan laxtasına təmas edərsə - hərçənd əlin nəcasətlənən hissəsi dirhəm ölçüsündən kiçik olsa belə - bu halda namaz qılmaq olmaz.

Məsələ 948.Əgər bədəndəki, yaxud paltardakı qan dirhəm ölçüsündən az miqdarda olarsa və qana bulaşmış nahiyənin ətrafına sirayət edib həmin ətrafları da qana bulaşdıracaq bir rütubətlə təmasda olarsa, hərçənd qan və onun təmasda olduğu rütubət dirhəm ölçüsündə olmasa da, bu halda qılınan namaz batildir. Lakin əgər rütubət yalnız qanla təmasda olarsa və ətrafı qana bulaşdırmazsa, bu vəziyyətdə namaz qılmağın eybi yoxdur.

Məsələ 949. Əgər bədəndəki, yaxud paltardakı qan dirhəm ölçüsündən kiçik həcmdədirsə və ona başqa bir nəcasət də toxunarsa, məsələn, üzərinə bir damcı sidik tökülərsə - hətta vacib ehtiyata əsasən, bədənin və ya paltarın pak hissələrinə dəyməsə və yalnız qanın üstünə tökülsə belə - onunla namaz qılmaq doğru deyil.

Məsələ 950.Heyz qanı, vacib ehtiyata əsasən, həmçinin nifas və istihazə qanı, özlüyündə (bütün fiziki varlığı ilə) nəcis sayılan it və donuz kimi heyvanların qanı, nəcis olmuş leşin qanı, əti haram olan heyvanın qanı və kitab əhli olmayan kafirin qanı namaz qılanın bədənində, yaxud paltarında istənilən miqdarda olarsa – hətta dirhəm ölçüsündən az miqdarda olsa belə - bu vəziyyətdə qılınan namaz batildir. Lakin digər qanlar, məsələn, kafir olmayan bir insanın qanı, istər öz qanı olsun, istər başqa bir (kafir olmayan) insanın qanı, yaxud əti halal olan bir heyvanın qanı hərçənd bədənin və paltarın bir neçə yerində olsa belə, birlikdə həcmi dirhəm ölçüsündən az miqdarda olduğu təqdirdə bu vəziyyətdə qılınan namazın eybi yoxdur.

Məsələ 951.Əgər insan bədən, yaxud paltarındakı qan dirhəm ölçüsündən az olduğunu bilirsə, lakin namaza xəlil gətirən qanlar qismindən olduğunu ehtimal edirsə, həmin qana bulaşmış halda namaz qıla bilər.

Məsələ 952. Əgər paltar, yaxud bədəndəki qan dirhəm ölçüsündən az həcmdə olarsa, insan həmin qanın namazın doğruluğuna xələl gətirən qanlar qismindən olduğundan xəbərsiz halda namaz qılarsa və namazdan sonra bu qanın namazın doğruluğuna xələl gətirən qanlardan olduğu ona məlum olarsa, namazı yenidən qılması lazım deyil. Həmçinin, əgər qanın dirhəm ölçüsündən az olması inancı ilə namaz qılarsa və sonra dirhəm ölçüsündə, yaxud daha çox olduğu məlum olarsa, bu halda da namazı yenidən qılmaq lazım deyil.

Məsələ 953. Əgər qanın miqdarının dirhəm ölçüsündən az olduğunu və nəticə etibarilə ona bulaşmış qılınan namazın doğru olduğunu, yoxsa dirhəm ölçüsündə və ya daha da artıq olduğunu və nəticə etibarilə ona bulaşmış halda qılınan namazın doğru olmadığını bilməzsə, qanın daha öncə dirhəm ölçüsündə və ya daha artıq olduğu hal istisna olmaqla, bu qana bulaşmış halda namaz qıla bilər.

Məsələ 954.Astarsız paltarın üstünə tökülən və onun arxasına çıxan qan eyni qan sayılır və hansı tərəfdə qanın miqyası daha çox olarsa, onu nəzərə almaq lazımdır. Lakin əgər paltarın arxası ayrıca qana bulaşarsa, hər birinin miqyasını ayrıca hesablamaq lazımdır və bu halda paltarın arxa və ön hissəsindəki qan birlikdə dirhəm ölçüsündən az olduğu təqdirdə onunla qılınan namaz doğrudur, dirhəm ölçüsündə və ya daha artıq olduğu təqdirdə isə onunla qılınan namaz batildir.

Məsələ 955. Əgər qan astarlı bir paltarın üzərinə düşər və onun astarına da bulaşarsa, yaxud astara düşər və paltarın üst tərəfi də qana bulaşarsa, yaxud da bir paltardan başqa paltara keçərsə, hər birinin miqyasını ayrı-ayırılıqda hesablamaq lazımdır. Beləliklə, əgər birlikdə dirhəm ölçüsündən az edərsə, namaz doğru, əks təqdirdə isə batildir. Lakin əgər onlar (qanın birindən digərinə sirayət etdiyi paltarın astar və üst parçası, yaxud iki ayrı paltar) ürfən onlara dəyən qanın bir qan hesab ediləcəyi şəkildə bir-birinə bitişik olarsa, bu halda qan miqyasının geniş olduğu tərəfdə dirhəm ölçüsündən az olduğu təqdirdə onunla qılınan namaz doğru, dirhəm ölçüsündə və ya daha artıq olduğu təqdirdə isə onunla qılınan namaz batildir.

2) Yara və çiban qanı

Məsələ 956.Əgər namaz qılanın bədənində, yaxud paltarında yara, yaxud çiban nəticəsində ifraz olan qan olarsa, yara və ya çiban sağalanadək aşağıdakı şərtlər daxilində hərçənd həmin qan dirhəm ölçüsündən çox olsa belə, onunla namaz qıla bilər:

a) Yara önəmli və uzunmüddətli olmalı, ürfən cüzi yaralardan hesab edilməməlidir.

b) Qan yara, yaxud çiban və ətrafından – ürfən yara və ya çiban sahəsindən sayılan nahiyədən – başqa bir yerə sirayət etməməlidir.

Bəzi fəqihlər (Allah onlardan razı olsun!) bu şərti də irəli sürürlər ki, bədənin paklanması, yaxud qana bulaşmış paltarın dəyişdirilməsi ürfün nəzərində həddən ziyadə çətin bir hərəkət kimi qəbul edilməlidir. Lakin bu şərt tərəfimizdən sabit edilməmişdir və hərçənd müstəhəb ehtiyata uyğun olsa da, ona riayət etmək zəruri deyil. Həmçinin, sözügedən qanın xalis olması da zəruri deyil, irin, zərdab, tər, yaxud dərman, üzərinə qoyulan məlhəm və ya dezinfeksiyaedici maddələrə qarışmış olsa belə, yenə də onunla namaz qılmaq olar.

Məsələ 957.Əgər tez sağalan və yuyulması asan olan bir kəsik və yara (cüzi yaralar) nəticəsində ifraz olan qan namaz qılanın bədənində, yaxud paltarında qalarsa və dirhəm ölçüsündə, yaxud daha artıq olarsa, namazı batildir.

Məsələ 958.Əgər bədənin, yaxud paltarın yaradan uzaq hissəsi yaranın qanı, yaxud rütubəti ilə nəcasətlənərsə, bu halda namaz qılmaq caiz deyil. Beləliklə, məsələn, insanın dirsəyi qanayarsa, həmin qan əlin içinə dəyərsə və dirhəm ölçüsündə və ya daha artıq olarsa, bu vəziyyətdə qılınan namaz doğru deyil. Lakin əgər bədənin, yaxud paltarın yaraətrafı hissəsi bir qədər yaranın qanı, yaxud rütubəti ilə nəcasətlənərsə, bu vəziyyətdə namaz qılmağa məhdudiyyət qoyulmur. Əgər yara, yaxud çiban adətən qanın ətrafına yayılmaması üçün sarğı ilə üzəri örtülən bir nahiyədədirsə, onun üzərini sarımaq hərçənd müstəhəb ehtiyata uyğun olsa da, zəruri deyil.

Məsələ 959. Əgər ağız və burun boşluğu kimi yerlərdəki ur (polip) və yaralardan bədənə, yaxud paltara qan bulaşarsa, insan 956-cı məsələdə qeyd edilən şərtlər daxilində bu vəziyyətdə namaz qıla bilər və bu xüsusda ur sızanaqlarının daxildə, yoxsa dəri üzərində olmasının heç bir fərqi yoxdur.

Məsələ 960.Burundan gələn qan yara və çiban qanı qismindən sayılmır və dirhəm ölçüsündən az və xalis olduğu hallar istisna olmaqla, onunla bağlı güzəşt yoxdur. Lakin əgər burun boşluğunda qanayan bir yara vardırsa və bu qanda yara və çiban qanı ilə bağlı şərtlər[121]
mövcuddursa, ona bulaşmış halda qılınan namaz doğrudur.

Məsələ 961.Bədəni yara olan şəxs əgər bədənində və ya paltarında dirhəm ölçüsündə, yaxud daha artıq qan görərsə və yaradan ifraz olduğunu, yoxsa başqa qan olduğunu bilməzsə, vacib ehtiyata əsasən, həmin vəziyyətdə namaz qılmamalıdır.

Məsələ 962.Əgər bədəndə bir neçə yara olarsa və həmin yaralar bir-birinə bir yara hesab ediləcək şəkildə yaxındırsa, onların hamısı sağalanadək yaralardan ifraz olan qanla namaz qılmaq namazın doğruluğuna xələl gətirmir. Lakin yaralar bir-birindən hər biri ayrıca bir yara hesab ediləcək qədər uzaq olduqda onların hansı sağalarsa, insan namaz qılmaq üçün bədən və paltarını həmin yaranın qanından təmizləyərək yumalıdır. Lakin əgər qan dirhəm ölçüsündən az olarsa və onda dirhəm ölçüsündən az miqdarda olan qanın şərtləri[122]
mövcud olarsa, bu halda istisna olaraq yuyulması lazım deyil.

3) Namaz qılanın kiçik geyimləri

Məsələ 963. Əgər namaz qılanın araqçın, corab, papaq kimi kiçik məhrəm yerləri örtməyən geyimləri nəcasətli olarsa, namaz doğrudur. Lakin əgər onlar nəcis sayılan heyvanın, yaxud it və donuz kimi özlüyündə nəcis olan heyvanın dərisindən və s. hazırlanmışdırsa, bu halda vacib ehtiyata əsasən, həmin geyim və aksessuarlarla qılınan namaz batildir.[123]
Beləliklə, əgər insan əlinə taxdığı nəcasətlənmiş üzüklə, yaxud qadın nəcasətlənmiş qızıl zinət əşyaları ilə namaz qılarsa, namazı doğrudur.

4) Namaz qılanın üzərində olan nəcasətlənmiş əşya (paltar, yaxud başqa bir şey)

Məsələ 964.Əgər namaz qılanın üzərində nəcasətlənmiş dəsmal, bıçaq, mobil telefon, açar kimi əşyalar olarsa, bu namazın doğruluğuna xələl gətirmir. Həmçinin, geyinmədiyi nəcasətli bir geyim də üzərində olarsa, hərçənd həmin geyim məhrəm yerləri örtə bilən geyim olsa belə, namaza xələl gətirmir. Habelə, nəcis olan murdarın (ölü heyvanın) bədəninin ruhu olan hissələrindən, yaxud yırtıcı heyvanların və digər əti haram olan heyvanların bədənindən(dərisindən və s.) hazırlanan əşyaların namaz qılanın üzərində olması namaza xələl gətirmir. Aydındır ki, bu halda 995-ci məsələdə təfsilatı ilə izah ediləcəyi kimi yırtıcı heyvanların və digər əti haram olan heyvanların bədəninin hər hansı bir hissəsi namaz qılanın bədənində, yaxud məhrəm yerlərini örtə bilən paltarında olmamalıdır.

5) Zəruri və çıxılmaz vəziyyətlər

Məsələ 965.Zərurət halında nəcasətli bədən, yaxud geyimlə namaz qılmaq namazın doğruluğuna xələl gətirmir. Beləliklə, əgər insan bədənini, yaxud paltarını paklamaq və ya pak geyim tapmaq imkanına malik deyilsə, hərçənd onun üçün dözülməz dərəcədə, həddən ziyadə çətin olması səbəbi ilə olsa belə, həmin (nəcasətli) vəziyyətdə hətta vaxt geniş ikən belə, namaz qıla bilər. Əlbəttə, bu vəziyyətdə vaxt geniş ikən namaz qılmaq təqiyyə halı istisna olmaqla digər hallarda yalnız insanın namazın vaxtı başa çatanadək bədənini, yaxud paltarını paklaya və ya pak geyim tapa biləcəyinə arxayın olmaması şərti ilə doğrudur, əks təqdirdə isə gözləməlidir.

Qeyd etmək lazımdır ki, əgər insan şəriətdə nəcasətli bədən, yaxud geyimlə namaz qılmasına icazə verilən hallarda namaz vaxtının başlanğıcında namazını qılarsa, sonra vaxt başa çatmadan üzürlü halı aradan qalxarsa, qıldığı namazı yenidən qılması lazım deyil.

Beşinci hazırlıq: Namaz qılanın geyimi ilə bağlı şərtlərə riayət etmək

Məsələ 966.Namaz qılanın geyimi üçün yeddi şərt irəli sürülür ki, onlardan beşi həm kişilər, həm də qadınlara, ikisi isə yalnız kişilərə aiddir.

a) Ümumi şərtlər: 1) Geyim bədəni namazda vacib olan qədər örtməlidir; 2) pak olmalıdır; 3) vacib ehtiyata əsasən, mübah olmalıdır; 4) murdar(nəcis sayılan heyvan leşi) mənşəli olmamalıdır; 5) yırtıcı heyvan, hətta vacib ehtiyata əsasən, digər əti haram olan heyvan mənşəli olmamalıdır.

b) Kişilərə məxsus şərtlər: 1) Namaz qılan kişidirsə, geyimi qızıldan olmamalıdır; 2) Namaz qılan kişidirsə, geyimi xalis ipəkdən olmamalıdır.

Namaz qılanın paltarı ilə əlaqədar ümumi şərtlər

Birinci şərt: Geyim bədəni namazda vacib olan qədər örtməlidir

Məsələ 967.Kişi namazda hərçənd kimsə onu görməsə belə, məhrəm yerlərini örtməlidir və daha yaxşı olar ki, bədəninin göbəyindən dizinə qədər hissəsini də örtsün.

Məsələ 968. Qadın namazda hərçənd kimsənin olmadığı xəlvət bir yerdə namaz qılsa belə, bütün bədənini, hətta qolunun bazuönü hissəsi, ayağının baldır nahiyəsi, boyun, baş və saçını örtməlidir.[124]
Lakin aşağıdakı üç nahiyənin örtülməsi vacib deyil:

a) üzün, adətən,örpəyin örtmədiyi hissəsi (örpəyi yaxasına bağlasa belə);

b) əllərin biləkdən barmaqların ucuna kimi olan hissəsi;

c) ayaqların topuqdan aşağı hissəsi.

Qeyd etmək lazımdır ki, qadın bədəninin vacib olan hissəsini örtdüyünə yəqinlik hasil etmək üçün üzünün kənarlarının, habelə bilək və topuqlarının aşağısının də bir hissəsini örtməlidir. Həmçinin, bilək və topuğun özünün də örtülməsi vacibdir.

Məsələ 969.Həddi-büluğa çatmayan qız uşağı namaz qılmaq istəyərsə, namaz əsnasında həddi-büluğa çatmış qadın kimi örtünməlidir. Yalnız istisna olaraq, həddi-büluğa çatmayan qızın namaz əsnasında baş, saç və boynunu örtməsi lazım deyil.

Məsələ 970.Həddi-büluğa çatmış qadın namaz əsnasında boynunu və çənəsinin altını örtməlidir. Lakin qadının çənəsinin adətən örpəyin (yaxa nahiyəsindən bağlansa belə) örtmədiyi hissəsini örtməsi lazım deyil.

Məsələ 971.Qadın, vacib ehtiyata əsasən, namaz əsnasında bədənini (istisna edilən yerlərdən başqa) hətta özündən belə gizlətməlidir. Beləliklə, əgər qadın qısaqol bir libas, yaxud topuqlarını örtməyən bir şalvar geyinmişdirsə və namaz əsnasında kimsənin onun bədənini görməyəcəyi şəkildə çadraya bürünərsə, lakin üzünü çadranın içinə saldığını görə özü bədəninin çılpaq hissələrini görərsə, bu, namazın doğruluğuna xələl gətirir və vacib ehtiyat bu vəziyyətdə namaz qılmamağı tələb edir.

Məsələ 972.Qeyd edilənlərə əsasən, qadınların namazda ayaqlarının topuqlarından aşağı hissəsini örtməsi lazım deyil. Lakin nəzərə almaq lazımdır ki, topuqlardan aşağı hissənin naməhrəm kişidən gizlədilməsi vacibdir. Əgər naməhrəm kişinin namaz qılmaqla məşğul olan qadının ayağına (topuqdan aşağı hissəsinə) baxması kimi bir vəziyyət qarşıya çıxarsa, qadının ayağının sözügedən hissəsini də örtməsi vacibdir və bu hökm namazın özü ilə deyil, naməhrəmin varlığı ilə əlaqədardır. Beləliklə, əgər günah edərək ayaqlarını naməhrəmdən gizlətməzsə, namazı batil deyil.

Məsələ 973.Naməhrəmin olmadığı yerdə üz və əlin biləklərdən barmaqlaradək olan hissəsi üçün istifadə olunan bəzək vasitələrinin, zinət əşyalarının örtülməsi lazım deyil. Yaxınlıqda naməhrəm olarsa və bəzək vasitəsinin, zinət əşyasının naməhrəmdən gizlədilməsi vacib olduğu halda qadın onu gizlətməzsə, günahkardır, lakin namazı doğrudur.

Məsələ 974.Örtünmənin şərt olması xüsusunda vacib namazlarla müstəhəb namazlar arasında heç bir fərq yoxdur. Yalnız cənazə namazında onun şərt olması lazım ehtiyata əsaslanır.

Məsələ 975.İnsan unudulmuş səcdənin qəzasını edərkən namazda olduğu kimi örtünməlidir (geyinməlidir). Səhv səcdəsi əsnasında bədənin izah edilən qaydada örtülməsi vacib deyil, hərçənd müstəhəb ehtiyata əsasən, insan səhv səcdəsi edərkən də örtünməlidir. Həmçinin, tilavət səcdəsi (Quranın vacib səcdəsi) və şükr səcdəsini edərkən də bədənin örtülməsi lazım deyil.

Məsələ 976.Əgər insan namazda qəsdən məhrəm yerlərini[125]
örtməzsə, namazı batildir. Əgər unutqanlıq, yaxud qəflət səbəbi ilə məhrəm yerlərini örtməzsə və namazdan sonra namaz əsnasında məhrəm yerlərinin aşkarda qaldığını başa düşərsə, namazı doğrudur. Əgər məsələni bilmədiyinə görə örtməzsə, məlumatsızlığı əlaqədar məsələlərini öyrənməkdə yol verdiyi səhlənkarlığından irəli gəlirsə, vacib ehtiyata əsasən, namazını yenidən qılmalıdır. Lakin əgər belə deyilsə və qasir cahil hesab edilirsə, namazı doğrudur.

Məsələ 977. Əgər bir şəxs namaz əsnasında məhrəm yerlərinin, yaxud bədəninin məhrəm yer hökmünün şamil olunduğu bir hissəsinin açıq qaldığı başa düşərsə, dərhal onu örtməlidir və bu halda namazı yenidən qılması lazım deyil. Lakin vacib ehtiyata əsasən, məhrəm yerlərinin göründüyünü başa düşdükdə bu halda namaz hərəkətlərindən hər hansı birini (həmin hissəni örtənədək) yerinə yetirməməlidir.

Məsələ 978. Əgər geyim ayaq üstə durarkən məhrəm yerləri, yaxud bədənin məhrəm yerlər hökmünün şamil olunduğu bütün hissələrini örtürsə, ancaq başqa bir vəziyyətdə, məsələn, rüku və səcdə halında örtməyə bilərsə, məhrəm yerləri, yaxud bədənin məhrəm yerlər hökmünün şamil olunduğu hər hansı bir hissəsi görünərkən onu başqa bir vasitə ilə örtmək istədiyi təqdirdə namazı doğrudur. Lakin müstəhəb ehtiyat həmin geyimlə namaz qılmamağı tələb edir.

Məsələ 979. İnsan namazda zərurət olmadan da geyim hesab edilməyən ot, yarpaq, emal olunmamış pambıq, yaxud yun və bu qəbildən olan şeylərlə bədənini çılpaq sayılmayacaq şəkildə örtə bilər. Lakin müstəhəb ehtiyata əsasən,örtünmə şəkli ürfən geyim adlandırıla biləcək tərzdə olmalıdır.

Məsələ 980. Qeyri-zərurət hallarında insanın məhrəm yerlərini və məhrəm yerlər hökmünün şamil olunduğu hissələrini palçıqla (gillə) örtməsi ondan çılpaq sayılmayacaq miqdarda çox istifadə etdiyi təqdirdə kafidir. Lakin qeyri-zərurət hallarında dərini sadəcə gil, yaxud lilə bulaşdırmaq kafi deyildir. Örtünmək üçün bir vasitə tapa bilmədiyi zərurət hallarında isə sözügedən yerlərin dərisinin görünməməsi üçün hərçənd həmin nahiyələrin həcmi görünə bilsə də, dərinin səthini pak gil, lil və bu qəbildən olan şeylərə bulaşdıraraq örtməlidir.

Məsələ 981. Əgər insanın namazda örtünmək üçün bir şeyi yoxdursa, tapa biləcəyinə ümidini itirmədiyi təqdirdə, vacib ehtiyata əsasən, namazını təxirə salmalı və əgər bir şey tapmazsa, namaz vaxtının sonunda namazını vəzifəsinə uyğun şəkildə qılmalıdır. Lakin ümidsiz olarsa, namaz vaxtının başlanğıcında vəzifəsinə uyğun şəkildə - hətta çılpaq vəziyyətdə olsa belə - namaz qıla bilər və bu halda əgər namazı vaxtın başlanğıcında qılarsa və namazdan sonra gözlənilmədən üzürlü halı aradan qalxarsa, namazı yenidən qılması lazım deyil.

Məsələ 982.Namaz qılmaq istəyən şəxs əgər örtünmək üçün hətta yarpaq, ot, gil, palçıq və lil də tapa bilməzsə və namaz vaxtının sonunadək bədənini örtə biləcək bir şey tapacağına ümidi olmazsa, məhrəm yerlərini, yaxud bədəninin məhrəm yerlər hökmünün şamil olunduğu hissələrini görməməli olan, sözügedən yerləri ondan gizlətməsi vacib olan bir şəxsin onu görmədiyinə arxayın olduğu təqdirdə ayaq üstə, qeyri-zərurət hallarında etdiyi qaydada rüku və səcdə edərək namaz qılmalıdır. Belə bir şəxsin onu görəcəyini ehtimal etdiyi təqdirdə isə məhrəm yerləri görünməyəcək şəkildə, məsələn oturaq halda namaz qılmalıdır. Əgər belə bir şəxsin onu görməməsi üçün qeyri-zərurət hallarına məxsus qiyam, rüku və səcdədən imtina etmək məcburiyyətində qalarsa, yəni bu üç halın hər birində məhrəm yerləri görünəcəksə, oturaraq rüku və səcdələrini işarə ilə həyata keçirməlidir. Əgər bu üç hərəkətdən yalnız birindən imtina etmək məcburiyyətindədirsə, yalnız həmin hərəkətdən imtina etməlidir. Beləliklə, əgər ayaq üstə dura (qiyamı icra etmək üçün), rüku və səcdləri isə işarə ilə yerinə yetirə bilirsə, bu qaydada namaz qılmağı tərcih etməlidir. Hərçənd bu halda müstəhəb ehtiyata əsasən, iki dəfə namaz qılmalıdır. Bir dəfə ayaq üstə (qiyam üçün), rüku və səcdələr üçün işarə üsulundan istifadə etməklə, bir dəfə də oturaq halda namaz qılmalı və rüku və səcdələrini də oturaq halda icra etməlidir və lazım ehtiyata əsasən, çılpaq şəxs namaz əsnasında məhrəm yerlərini bəzi bədən üzvləri ilə, məsələn, oturaq halda iki dizi, ayaq üstə durarkən isə iki əli ilə örtməlidir.

Qeyd etmək lazımdır ki, zərurət hallarında qılınan bu qaydada namaz “çılpaq namaz”, yaxud “çılpaqların namazı” adlandırılır.

İkinci şərt: Pak olmalıdır

Məsələ 983. Namaz qılanın geyimi pak olmalıdır və əgər bir şəxs qeyri-zərurət halında nəcasətli geyimlə namaz qılarsa, namazı batildir və məsələ namaz qılanın bədən və geyiminin paklı mövzusunda ətraflı şəkildə izah edilmişdir.

Üçüncü şərt: Vacib ehtiyata əsasən, qəsb edilmiş olmamalıdır

Məsələ 984. Namaz qılanın məhrəm yerlərini örtən geyimi, vacib ehtiyata əsasən, qəsb edilmiş olmamalıdır. Qəsb edilmiş paltarı geyinməyin haram olduğunu bilən, yaxud təqsirli surətdə və səhlənkarlıq ucbatından bu məsələ ilə bağlı hökmü bilməyən şəxs qəsdən həmin geyimlə namaz qılarsa, vacib ehtiyata əsasən, namazı batildir. Lakin təklikdə məhrəm yerləri örtməyən kiçik əşyaların, həmçinin, namaz qılanın əyninə geyinmədiyi,hərçənd məhrəm yerlərin örtülə biləcəyi ölçüdə olan kufiyə, iri yaylıq, yaxud ciblik dəsmalın, habelə namaz qılanın əyninə geyindiyi, lakin altında məhrəm yerləri örtən başqa bir mübah örtünmə vasitəsi (geyim) olan paltarın qəsb edilmiş mal olması namaza xələl gətirmir. Hərçənd, müstəhəb ehtiyat bu sadalananların da namaz qılanın üzərində olmamasını tələb edir.

Qeyd etmək lazımdır ki, qadınlar xüsusunda onların namazda örtməsi vacib olan baldır və bazuönü kimi nahiyələrə məhrəm yerlər hökmü şamil olunur.

Məsələ 985. Qəsb edilmiş paltarın geyinilməsinin haram olduğunu bilən, lakin onunla namaz qılmaqla bağlı hökmü bilməyən şəxs əgər qəsdən qəsb edilmiş geyimlə namaz qılarsa, əvvəlki məsələdəki izahlar nəzərə alınmaqla, vacib ehtiyata əsasən, namazı batildir.

Məsələ 986.Əgər insan geyiminin qəsb edilmiş bir mal olduğunu bilməzsə, yaxud unudarsa və həmin geyimlə namaz qılarsa, namazı doğrudur. Lakin əgər bir şəxs özü bir geyimi qəsb edərsə, sonra qəsb etdiyini unudaraq onunla namaz qılarsa, vacib ehtiyata əsasən, namazı batildir.

Məsələ 987. Əgər insan geyiminin qəsb edilmiş mal olduğunu bilməzsə, yaxud unudarsa və namaz əsnasında başa düşərsə (yaxud xatırlayarsa), məhrəm yerlərinin, yaxud bədəninin məhrəm yerlər hökmünün şamil olunduğu hissələrinin başqa bir şeylə örtüldüyü və dərhal, yaxud namazın hissələri arasında fasiləsiz ardıcıllıq pozulmadan qəsb edilmiş geyimi əynindən çıxara bildiyi təqdirdə onu çıxarmalıdır və ehtiyatlı olmalıdır ki, qiblədən dönməsin. Bu halda onun namazı doğrudur. Lakin əgər başqa bir şey onun məhrəm yerləri, yaxud bədəninin məhrəm yerlər hökmünün şamil olunduğu hissələrini örtməmişdirsə və geyimin əyindən çıxarılması məhrəm yerlərin,yaxud bədənin məhrəm yerlər hökmünün şamil olunduğu hissələrinin aşkara çıxmasına səbəb olacaqsa, bu halda minimum birrükətlik vaxt qaldığı təqdirdə namazını dayandırmalı və qəsb edilməmiş geyimlə namaz qılmalıdır. Əgər bu qədər də vaxt qalmamışdırsa, geyimi namaz əsnasında çıxarmalı və namazını “çılpaqların namazı” ilə bağlı göstərişlərə uyğun qaydada davam etdirməlidir.

Məsələ 988. Əgər bir şəxs canını qorumaq üçün qəsb edilmiş geyimlə namaz qılarsa, namazın vaxtı başa çatanadək başqa bir geyimlə namaz qıla bilməyəcəyi təqdirdə, yaxud o vaxtadək bu imkana sahib olacağına baxmayaraq, mövcud vəziyyətdə qəsb edilmiş geyimlə namaz qılmaq məcburiyyətində qalması özündən asılı olan səbəblərdən irəli gəlmədiyi, məsələn, geyimi şəxsən özü qəsb etmədiyi təqdirdə namazı doğrudur. Lakin hazırkı məcburiyyəti keçmişdə onun özündən asılı olan səbəblərdən irəli gəldiyi təqdirdə, vacib ehtiyata əsasən, namazı doğru deyil. Həmçinin, əgər qəsb edilmiş geyimin oğurlanmaması üçün onu əynindən çıxarmayaraq üzərində ikən namaz qılarsa və namazın vaxtı başa çatanadək başqa bir geyimlə namaz qıla bilməyəcəksə, yaxud həmin geyimi özündə saxlaması onu ilk fürsətdə sahibinə qaytarmaq məqsədini daşıyırsa, namazı doğrudur.

Məsələ 989.Əgər insan bir geyimi xümsü verilməmiş bir pulla almışdırsa, burada iki vəziyyət mövcud ola bilər:

a) Ödəniş “zimmətdə külli” üsulu ilə aparılarsa, yəni məhsulun (burada: geyimin) dəyərini alıcıların əksər alqı-satqı işlərində etdikləri kimi hər hansı (qabaqcadan təyin və satıcıya təqdim edilməmiş) bir vasitə (pul) ilə ödəməyi üzərinə götürərsə, bu halda sözügedən şəxs geyimin sahibi olur və ondan istifadə etmək onun üçün caizdir. Lakin xümsü verilməmiş pulu məsrəf etdiyinə və xümsün verilməsini gecikdirdiyinə görə günahkardır və satıcıya verdiyi (geyim üçün ödədiyi) pulun da xümsünü verməlidir.

b) Məhz xümsü verilməmiş pulla ödəniş edərək geyim alarsa, yəni alqı-satqıda ödəniş “şəxsi” üsulla[126]
edilərsə, satıcı isnaəşəri şiə olduğu təqdirdə pulun sahibi olur, xüms puldan geyimə keçir və xüms verməzdən öncə həmin geyimdə namaz qılmağa qəsb edilmiş geyimlə namaz qılmaq hökmü şamil olunur. Satıcı isnaəşəri şiə olmadığı təqdirdə isə alqı-satqının beşdə birinin doğru sayılması şəriət hakiminin icazəsindən asılıdır. Belə ki, əgər şəriət hakimi icazə verərsə, həmin geyimdə namaz qılmaqla bağlı hökm öncəki vəziyyətə (satıcının isnaəşəri şiə olduğu hala) şamil olunan hökm kimidir. Əgər icazə verməsə, alqı-satqının beşdə biri batildir və bu vəziyyətdə satıcı alqı-satqının beşdə birinin batilliyindən xəbərdar olduğu halda yenə də alıcının geyimdən istifadə etməsinə razıdırsa, həmin geyimdə namaz qılmaq caizdir. Satıcının razı olub-olmadığı məlum deyilsə, sözügedən geyimlə namaz qılmağa qəsb edilmiş geyimlə namaz qılmaq hökmü şamil olunur.

Dördüncü şərt: Murdarın tərkib hissələrindən hazırlanmış olmamalıdır

Məsələ 990.Namaz qılanın geyimi, hətta vacib ehtiyata əsasən, təklikdə məhrəm yerləri örtə bilməyəcək kiçik geyimləri də sıçrayıcı qanı olan, yəni damarı kəsildikdə ondan qan sıçrayan bir heyvanın ölüsündən hazırlanmış olmamalıdır. Müstəhəb ehtiyata əsasən, insan pulcuqlu balıqlar kimi sıçrayıcı qanı olmayan əti halal heyvanların ölüsündən hazırlanmış geyimlərlə də namaz qılmamalıdır.[127]

Məsələ 991. Nəcis sayılan ölü heyvanın bədənindən hər hansı bir şey, məsələn, ruh daşıyıcı sayılan ət və dərisi namaz qılanın üzərində olarsa, məsələn, onu bir qutunun, yaxud plastik torba və ya qabın içinə qoyub namaz halında üzərində saxlayarsa, namazı doğrudur.

Məsələ 992. Əgər əti halla olan heyvanın ölüsündən ruh daşıyıcısı olmayan tük və yun kimi hər hansı bir şey namaz qılanın üzərində olarsa, yaxud onlardan hazırlanan bir geyimlə namaz qılarsa, namazı doğrudur.

Məsələ 993. İnək kimi sıçrayıcı qanı olan əti halal heyvanların dərisindən emal edilmiş dəri gödəkçə və bu qəbildən olan geyimlər dərinin şəri kəsim qaydalarına uyğun qaydada kəsilmiş bir heyvana aid olduğu məntiqli əsaslarla ehtimal edildiyi təqdirdə, hərçənd şəri kəsim əlaməti (holoqram)olmasa, qeyri-müsəlman ölkələrinin istehsalı olsa və onu idxal edən müsəlman da şəri kəsimə riayət edilib-edilmədiyini araşdırmasa belə, pakdır və onunla namaz qılmaq caizdir. Lakin şəri kəsim qaydalarına uyğun kəsilməyən bir heyvanın dərisindən olduğuna dair yəqinlik, yaxud arxayınlıq hasil edildiyi təqdirdə isə nəcis və murdar hesab edilir.

Məsələ 994. Plastik və bənzər materiallardan hazırlanan süni dəri məhsulları ilə namaz qılmaq namazın doğruluğuna xələl gətirmir. Həmçinin, əgər insan bir məhsulun süni, yoxsa murdardan emal edilən təbii dəri olması xüsusunda şəkk edərsə, onunla namaz qılması namazın doğruluğuna xələl gətirmir.

Beşinci şərt: Yırtıcı heyvanın, vacib ehtiyata əsasən, hətta digər əti haram olan heyvanların da bədən hissələrindən hazırlanmış olmamalıdır

Məsələ 995. Namaz qılanın geyimi (corab kimi təklikdə məhrəm yerləri örtməyən kiçik geyimlər istisna olmaqla) yırtıcıların, hətta lazım ehtiyata əsasən, ümumiyyətlə dovşan kimi əti haram olan hər hansı bir heyvanın bədən hissələrindən hazırlanmış olmamalıdır. Habelə, namaz qılanın geyimi və bədəni bu qəbildən olan heyvanların idrar, nəcis, tər, süd, yaxud tükünə də bulaşmış olmamalıdır. Lakin əgər əti haram olan heyvanın tükü olduqca az olarsa, məsələn, namaz qılanın geyiminin üzərində bir, iki, yaxud üç tük olarsa, namaza xələl gətirmir. Həmçinin, əgər onların bədənindən hər hansı bir şeyi qutu, yaxud plasik torba kimi şeylərə qoyub üzərində saxlayarsa, namaza xələl gətirmir.

Məsələ 996. Pişik kimi pak olan əti haram heyvanların ağız, yaxud burun seliyi və ya başqa rütubəti namaz qılanın bədəninə, yaxud geyiminə sirayət edərsə, bədən və ya geyim yaş olduğu halda qılınan namaz batildir, lakin əgər quruyarsa və rütubətin özü aradan gedərsə, namazı doğrudur.

Məsələ 997. Əgər başqa bir insanın tükü, təri və ağzının suyu namaz qılanın bədənində, yaxud geyimində qalarsa, namaza xələl gətirmir. Həmçinin, insan mirvari, mum və bal üzərində ikən namaz qıla bilər.

Məsələ 998. Əgər insan geyiminin əti halal, yoxsa əti haram heyvan mənşəli olduğu xüsusunda şəkk edərsə,[128]
istər müsəlman ölkəsində istehsal edilmiş olsun, istər qeyri-müsəlman ölkəsində, həmin geyimlə namaz qıla bilər. Lakin bu şərtlə ki, həmin geyimin nəcis leşin ruh daşıyıcısı olan bədən üzvlərindən hazırlanması məlum olmamalıdır.[129]
Bu halda həmin geyimdə namaz qılmaqla bağlı hökm namaz qılanın geyiminin dördüncü şərti ilə bağlı məsələlərdə açıqlanmışdır.

Məsələ 999.Sədəf və ondan hazırlanan şeylərlə, məsələn, sədəf düymə ilə namaz qılmaq olar.

Məsələ 1000.Namazda sincab dərisindən hazırlanmış libas geyinmək namaza xələl gətirmir, lakin müstəhəb ehtiyat onunla namaz qılmamağı tələb edir.

Məsələ 1001. İnsan əti haram olan heyvandan hazırlandığını bilmədiyi, yaxud unutduğu bir geyimlə namaz qılarsa, namazı doğrudur.

Kişilərə məxsus şərtlər

Birinci şərt: Namaz qılan kişidirsə, geyimi zərbaf[130]
olmamalıdır

Məsələ 1002. Zərbaf libas geyinmək, habelə qızıla bürünmək və ondan hazırlanan zinət əşyaları taxmaq (hərçənd ürfümüzdə qızıl geyim hesab edilməsə belə), məsələn, sinəyə qızıl boyunbağı, ələ qızıl üzük taxmaq və biləyə qızıl saat bağlamaq kişilər üçün həm namazda, həm də digər hallarda haramdır və onlarla qılınan namaz batildir. Lakin qadınlar üçün həm namazda, həm də digər hallarda işkalsızdır.  Zinət əşyaları ilə bağlı hökmlər sonrakı məsələlərdə izah ediləcəkdir.

Məsələ 1003. Vacib ehtiyata əsasən, kişi paltarının düymələrini, yaxud qabaq dişlərini qızıldan düzəltdirməməlidir (bu, ürfən zinət hesab edilir), lakin bu, namazın batil olmasına səbəb olmur. Əgər arxa dişlərini qızıldan düzəltdirərsə, bu, ürfən zinət hesab edilmir və bu halda ehtiyata lüzum yoxdur.

Məsələ 1004. Əgər kişi üzüyünün, yaxud geyiminin qızıldan (qızıl işləməli) olduğunu bilməzsə, unudarsa, yaxud bu xüsusda şəkkə düşərsə və onunla namaz qılarsa, namazı doğrudur.

İkinci şərt: Namaz qılan kişidirsə, geyimi xalis ipəkdən olmamalıdır

Məsələ 1005. Namaz qılan kişinin təkbaşına məhrəm yerləri örtməyə yarayan geyimi xalis ipəkdən olmamalıdır və namazdan başqa vaxtlarda da belə bir libasın geyinilməsi kişilər üçün haramdır.

Məsələ 1006.Əgər paltarın astarı, yaxud onun bir hissəsi xalis ipəkdən olarsa, onu geyinmək kişi üçün haramdır və onunla qılınan namaz batildir.

Məsələ 1007.Əgər kişinin təkbaşına məhrəm yerləri örtməyə yaramayan papaq, araqçın, yaxud qurşaq kimi kiçik geyimləri ipəkdən olarsa, namazına xələl gəlmir, hərçənd müstəhəb ehtiyat namazda onları geyinməməyi tələb edir.

Məsələ 1008.Əgər geyimin parçasının ipək haşiyəli olması namaza xələl gətirmir, lakin müstəhəb ehtiyat onun eninin bir-birinə bitişdirilmiş dörd barmaqdan artıq olmamasını tələb edir. Həmçinin, əgər geyimin düyməsi və geyimdə istifadə edilən saplar, yaxud qaytanlar ipəkdən olarsa, hərçənd nə qədər çox olsa da, namaza xələl gətirmir.

Məsələ 1009.Kişi xalis ipəkdən, yoxsa başqa bir parçadan olduğunu bilmədiyi bir paltarı geyinə bilər və onunla qıldığı namaza da xələl gəlmir.

Məsələ 1010.Əgər namaz qılan kişinin cibində ipək dəsmal və bu qəbildən olan bir şey olarsa, işkalı yoxdur və namazı batil etmir.

Məsələ 1011. İpək geyim xüsusunda qadın üçün istər namaz, istərsə digər hallarda ehtiyata lüzum yoxdur. Habelə, həddi-büluğa çatmayan oğlan uşağının vəlisi (valideyni, yaxud qəyyumu) ona ipək paltar geyindirə bilər və həddi-büluğa çatmayan oğlan uşağının ipək paltarla qıldığı namazı doğrudur.

Namaz qılanın geyimi ilə bağlı bəzi hökmlər

Məsələ 1012.Zərurət halında xalis ipək və zərbaf libas geyinmək olar. Həmçinin, paltar geyinməsi zəruri olan və bunlardan başqa geyimi olmayan şəxs bu libaslarla namaz qıla bilər.

Məsələ 1013. Əgər insanın qəsb edilmiş, yaxud xalis ipəkdən və ya zərbaf parçadan tikilmiş libasdan başqa bir geyimi yoxdursa və paltar geyinməsi zəruri deyilsə, 982-ci məsələdə geyimsizlər üçün izah edilən qaydada namaz qılmalıdır.

Məsələ 1014.Əgər insanın yırtıcı heyvandan (dərisindən, tükündən və s.) hazırlanan geyimdən başqa bir geyimi yoxdursa, paltar geyinməsi zəruri olduğu və vaxt başa çatanadək zərurət halının davam edəcəyi təqdirdə həmin geyimlə namaz qıla bilər, zəruri olmadığı təqdirdə isə 982-ci məsələdə geyimsizlər üçün izah edilən qaydada namaz qılmalıdır. Əgər yırtıcı olmayan digər bir əti haram olan heyvandan (dərisindən, tükündən və s.) hazırlanan geyimdən başqa bir geyimi yoxdursa, həmin paltarı geyinməsi zəruri deyilsə, lazım ehtiyata əsasən, bir dəfə həmin geyimlə, bir dəfə də geyimsizlər üçün izah edilən qaydada olmaqla iki dəfə namaz qılmalıdır.

Məsələ 1015. Əgər insanın namazda məhrəm yerlərini örtmək üçün istifadə edə biləcəyi bir şeyi yoxdursa, onu hərçənd kirayə, yaxud satın almaq yolu ilə də olsa tədarük etməlidir. Lakin geyim tapmaq həddən ziyadə çətinliyə səbəb olacaqsa (hətta yoxsulluq, yaxud geyimin bahalığı və təzyiqə, zorakılığa məruz qalma kimi hallarla əlaqədar olduqda belə), geyim əldə etməsi vacib deyil və 982-ci məsələdə geyimsizlər üçün izah edilən qaydada namaz qıla bilər. Lakin zərərə dözərək əldə etdiyi geyimlə namaz qıldığı təqdirdə namazı doğrudur.

Məsələ 1016.Geyimi olmayan şəxs əgər başqa bir insan ona bir geyim bağışlayarsa, yaxud ariyə (burovuz) qaydası ilə (müəyyən zaman ərzində ödənişsiz olaraq) istifadəsinə verərsə, qəbul etmək həddən ziyadə çətinliklə nəticələnməyəcəyi təqdirdə qəbul etməlidir. Hətta əgər ariyə almaq, yaxud hədiyyə istəmək onun üçün həddən ziyadə çətin deyilsə, geyimi olan bir şəxsdən bir geyim hədiyyə istəməli, yaxud ariyə almalıdır.

Məsələ 1017. Kişilərin qadın paltarı, qadınların da kişi paltarı geyinməsi haramdır. Belə geyimlərlə qılınan namaz batil deyil, lakin vacib ehtiyata əsasən, kişinin özünü qadın görkəminə salması, yaxud qadının özünü kişi görkəminə salması caiz deyil.

Məsələ 1018. Uzanmış halda namaz qılmalı olan şəxsin üzərinə çəkdiyi yataq örtüyünün geyinmə hesab edildiyi, məsələn, ona büründüyü hal istisna olmaqla,namaz qılanın geyimi ilə bağlı şərtlərə uyğun olması lazım deyil.

Namaz qılanın geyimi ilə əlaqədar müstəhəb və məkruh məqamlar

Məsələ 1019. Böyük fəqihlərin bir qismi namaz qılanın geyimi ilə əlaqədar bir sıra məqamları müstəhəb hesab etmişdir. O cümlədən:

1) Kişinin başına “təht əl-hənək”li[131]
əmmamə qoyması;

2) Kişinin əba geyinməsi, qadının isə çadraya bürünməsi;

3) Ağ libas geyinmək;

4) Geyimlərin ən təmizini geyinmək;

5) Bir neçə paltar geyinmək;

6) Xoş ətirdən istifadə etmək;

7) Barmağa əqiq üzük taxmaq;

8) Qadının namaz əsnasında ayağının topuqdan aşağı hissəsini, həddi-büluğa çatmamış qız uşağının isə başını örtməsi.

Məsələ 1021.Böyük fəqihlərin bir qismi namaz qılanın geyimi ilə əlaqədar bir sıra məqamları məkruh hesab etmişdir. O cümlədən:

1) Qara rəngli paltarlar geyinmək;[132]

2) Çirkli paltar geyinmək;

3) Dar paltar, o cümlədən ayağı sıxan dar corab geyinmək;

4) Şərab içən insanın nəcasətli olduğu məlum olmayan paltarını geyinmək;

5) Nəcasətdən çəkinməyən şəxsin nəcasətli olduğu məlum olmayan paltarını geyinmək;

6) Üzərində şəkil olan paltar geyinmək;

7) Ələ üzərində təsvir olan üzük taxmaq;

8) Paltarın düymələrinin açıq olması;

9) Məhrəm yerləri örtmək üçün istifadə edilə bilməyən kiçik geyimlərin nəcasətli olması.

Altıncı hazırlıq: Namazın qılındığı yer ilə əlaqədar şərtlərə riayət etmək

Məsələ 1022.Namazın qılındığı yer yeddi şərtə cavab verməlidir:

1) Vacib ehtiyata əsasən, qəsb edilmiş yer olmamalıdır;

2) Sabit (hərəkətsiz) olmalıdır;

3) İnsan namazı başa çatdıra biləcəyini ehtimal etdiyi bir yerdə namaz qılmalıdır;

4) Həmin yerdə vacib hərəkətlərin icrası mümkün olmalıdır;

5) Namazın qılındığı yer nəcasətlidirsə, namaz qılanın geyim və bədəninin nəcasətlənməsinə səbəb olmamalıdır;

6) Qadın kişinin önündə, yaxud onunla yanaşı (eyni sırada) namaz qılmamalıdır (vacib ehtiyata əsasən);

7) Namazın qılındığı yer hamar səthli olmalıdır.

Birinci şərt: Vacib ehtiyata əsasən, qəsb edilmiş yer olmamalıdır

Məsələ 1023. Qəsb edilmiş mülkiyyətdə (burada: daşınmaz əmlak) hərçənd öz malı olan xalça, döşəmə örtüyü, taxt və bu qəbildən olan şeylərin üzərində olsa belə namaz qılan şəxsin, həmçinin, öz mülkiyyətində namaz qılan, lakin namazını üzərində qıldığı xalça, taxt və s. qəsb edilmiş mal olan şəxsin namazı, vacib ehtiyata əsasən, batildir. Lakin qəsb edilmiş tavan örtüyünün altında, yaxud qəsb edilmiş çadırda namaz qılmaq olar.

Məsələ 1024.Mənfəəti başqasına aid olan bir mülkiyyətdə istifadə hüququna malik olan şəxsdən icazəsi olmadan namaz qılmağa qəsb edilmiş mülkiyyətdə namaz qılmaq hökmü şamil olunur. Məsələn, əgər icarəyə verilmiş evin mülkiyyətçisi, yaxud başqa bir şəxs icarəyə götürənin icazəsi olmadan orada namaz qılarsa, vacib ehtiyata əsasən, namazı batildir.

Məsələ 1025. Məsciddə oturan şəxsin yerini başqa bir şəxs işğal edərsə və onun icazəsi olmadan orada namaz qılarsa, hərçənd günah etsə də, namazı doğrudur.

Məsələ 1026. Əgər insan qəsb edildiyini bilmədiyi bir yerdə namaz qılar və bunu namazdan sonra başa düşərsə, yaxud qəsb edildiyini unutduğu bir yerdə namaz qılar və bunu namazdan sonra xatırlayarsa, namazı doğrudur. Lakin hər hansı bir yeri şəxsən qəsb edən insan əgər bunu unudaraq orada namaz qılarsa, vacib ehtiyata əsasən, namazı batildir.

Məsələ 1027. Əgər insan bir yerin qəsb edildiyini və həmin mülkiyyətdən istifadənin haram olduğunu bilirsə, lakin qəsb edilmiş yerdə ehtiyatən namaz qılmamalı olduğunu bilmirsə və orada namaz qılırsa, vacib ehtiyata əsasən, namazı batildir.

Məsələ 1028.Vacib namazını hər hansı bir nəqliyyat vasitəsində qılması zəruri olan, yaxud müstəhəb namazı bu halda qılmaq istəyən şəxs üçün həmin nəqliyyat vasitəsinin və üzərində namaz qıldığı oturacağın, habelə nəqliyyat vasitəsinin təkərlərinin qəsb edilmiş olması ilə bağlı hökm namazın qılındığı yerin qəsb edilmiş mülkiyyət olması ilə bağlı hökm kimidir.

Məsələ 1029. Bir daşınmaz əmlak üzərində başqa bir şəxslə şərikli mülkiyyət hüququ olan şəxs əgər pay hissəsi ayrı deyilsə,[133]
şərikinin icazəsi olmadan həmin mülkdən istifadə edə bilməz və orada qıldığı namaz, vacib ehtiyata əsasən, batildir. Həmçinin, eyni hökm miras qalan bir daşınmaz əmlak üzərində şərikli mülkiyyət hüququna sahib olan varislərə də şamildir. Bu halda varislərdən heç biri digər varislərin icazəsi olmadan miras qalan mülkiyyətdən istifadə edə bilməz və orada qıldıqları namaz da, vacib ehtiyata əsasən, batildir.

Məsələ 1030.Əgər insan bir mülkiyyəti (torpaq sahəsi, villa, mənzil, mağaza və bu qəbildən olan daşınmaz əmlakı) xümsü verilməmiş pulla satın almışdırsa, xümsü verilməmiş pulla bir geyim alan şəxs üçün 989-cu məsələdə verilən təsnifat və hökmlər ona da şamil olunur.

Məsələ 1031.Əgər mülkiyyətin sahibi şifahi surətdə namaz qılmağa icazə verərsə, lakin insan qəlbən razı olmadığını bilirsə, onun mülkiyyətində namaz qılmaq olmaz. Bu halda insan onun qəlbən razı olub-olmadığına şəkk etdiyi təqdirdə isə namazı doğrudur. Əgər mülkiyyətin sahibi namaz qılmağa icazə vermirsə, lakin insan onun qəlbən razı olduğuna əmindirsə, namaz qılmaq olar. Bu halda onun qəlbən razı olub-olmadığına şəkk etdiyi təqdirdə isə onun mülkiyyətində namaz qılmaq olmaz.

Məsələ 1032.İnsanlara borcu olan vəfat etmiş bir şəxsin əmlakından istifadə etmək borcun ödənilməsinə xələl gətirmədiyi təqdirdə (məsələn, onun evində namaz qılmaq kimi) varislərin icazəsi ilə baş verərsə, bu xüsusda ehtiyata lüzum yoxdur. Həmçinin, əgər onun borcu ödənilərsə, yaxud ödəniləcəyinə dair zəmanət verilərsə və borc verənlər də bununla razılaşarsa, yaxud mirasından borc miqdarında bir hissə saxlanılarsa, hətta əmlakdan istifadə onun tələf olması ilə nəticələndiyi təqdirdə belə, onun əmlakından varislərin icazəsi ilə istifadə etmək xüsusunda ehtiyata lüzum yoxdur və belə bir mülkiyyətdə namaz qılmaq da doğrudur.

Məsələ 1033. Xüms istisna olmaqla digər şəri vergilərini ödəməmiş, borclu halda vəfat edən şəxsin əmlakından istifadə etmək borcunun ödənilməsinə xələl gətirmirsə (məsələn, onun evində namaz qılmaq kimi), varislərin icazəsi ilə baş verdiyi təqdirdə bu xüsusda ehtiyata lüzum yoxdur. Lakin əgər vəfat edən şəxs xüms verməli idisə, sağlığında xüms verən bir insan olduğu, yaxud əmlakının xümsünün verilməsinə dair vəsiyyət etdiyi təqdirdə bu vəziyyətlə bağlı hökm öncəki vəziyyətlə bağlı hökm kimidir. Lakin günahkarlıq, yaxud xümsün vacib olmadığına etiqad bəsləməsi səbəbi ilə xüms verməmişdirsə və borclu olduğu xümsün verilməsinə dair vəsiyyət də etməmişdirsə, isnaəşəri şiə olan varislərinə vəfat edən şəxsin xüms borcunu ödəmək vacib deyil və onlar onun mirasından istifadə edə bilərlər. Həmçinin, əgər varislər vəfat edən şəxsin şəri borcunu ödəyərsə, yaxud şəriət hakiminin razılığı ilə[134]
ödəyəcəklərinə zamin durarlarsa, həmin şəxsin əmlakından istifadə etmək xüsusunda ehtiyata lüzum yoxdur və orada qılınan namazda doğrudur.

Məsələ 1034.Əgər vəfat edən şəxsin borcu yoxdursa, lakin onun varislərinin bəziləri azyaşlı, yaxud dəli və ya itkin düşmüş şəxsdirsə, vəfat edən şəxsin əmlakından sözügedən varislərin şəri vəlisinin icazəsi olmadan istifadə etmək haramdır və onun daşınmaz əmlakında qılınan namaz da caiz deyil. Lakin cənazəsini dəfnə hazırlamaq üçün normal sayılan qaydada istifadə etmək olar.

Qeyd etmək lazımdır ki, vəfat edən şəxs bu xüsusda, məsələn, qırx gün ərzində evinə gediş-gəlişlərin xərcinin, yaxud orada sərf edilənlərin öz əmlakının üçdə birindən götürülməsi ilə bağlı vəsiyyət edərsə, bu halda belə bir vəsiyyət mirasın ən çox üçdə bir hissəsi xüsusunda doğrudur.

Məsələ 1035.Başqalarının mülkiyyətində namaz qılmaq yalnız mülkiyyət sahibinin razılığına dair yəqinlik, yaxud arxayınlıq hasil edildiyi və ya başqa bir şəri dəlilin mövcud olduğu halda caizdir. Beləliklə, əgər sahibi namaz qılmaq üçün açıq şəkildə icazə verərsə, yaxud namaz qılmağa icazə verdiyini göstərən bir iş görərsə, məsələn, kiminsə namaz qılması üçün yerə səccadə sərərsə və ya ona səccadə verərsə, kafidir. Həmçinin, əgər mülkiyyət sahibi ürfən namaz qılmaq icazəsini də özündə ehtiva etdiyi aydın olan şəkildə bir şəxsin onun daşınmaz əmlakından istifadə etməsinə icazə verərsə, məsələn, bir şəxsin onun mülkiyyətində oturmasına, yatmasına icazə verərsə və həmin şəxs bu icazə əsasında onun namaz qılmasına da razı olduğunu başa düşərsə, bu, namazın doğruluğu üçün kafidir.

Məsələ 1036.Həddən ziyadə geniş torpaq sahələrində hətta onların mülkiyyətçisi azyaşlı, yaxud dəli olsa belə və ya mülkiyyətçi orada namaz qılmağa razı olmasa belə, namaz qılmaq olar. Həmçinin, hüdudları müəyyən olmayan bağlarda və torpaq sahələrində mülkiyyətçinin razılığı olmadan namaz qılmaq olar. Lakin bu halda mülkiyyətçinin razı olmadığını bildiyi təqdirdə insan sözügedən əmlak predmetlərindən istifadə etməməlidir. Həmçinin, əgər mülkiyyətçi azyaşlı, yaxud dəli olarsa və ya insan onun razı olmadığını güman edərsə, lazım ehtiyata əsasən, mülkiyyətdən istifadə etməməli və orada namaz qılmamalıdır.

İkinci şərt: Sabit (hərəkətsiz) olmalıdır

Məsələ 1037.Vacib namazlar hərəkətin şiddətinin namaz qılanın ayaq üstə dayanmasına və eləcə də normal qaydada rüku və səcdə edə bilməsinə mane olmayacaq bir yerdə qılınmalıdır. Hətta lazım ehtiyata əsasən, bədəninin aramlığına, hərəkətsizliyinə də əngəl törətməməlidir. Əgər vaxt azlığı, yaxud başqa bir səbəblə əlaqədar olaraq bəzi avtomobil, gəmi və qatarlar kimi bu qəbildən olan yerlərdə namaz qılmaq məcburiyyətində olarsa, mümkün olduğu qədər bədəninin sabitliyi qorumağa və qibləyə riayət etməyə çalışmalıdır və əgər nəqliyyat vasitəsi qiblədən fərqli bir istiqamətə doğru hərəkət edərsə, insan üzünü qibləyə doğru çevirməli, qibləyə doğru və digər istiqamətlərə doğru dönərkən namazın vacib qiraət və zikrlərini oxumamalıdır. Qibləyə dəqiqliklə riayət etmək mümkün olmadığı təqdirdə isə aradakı fərqin 90 dərəcədən az olmasına çalışmalı, bu da mümkün olmadığı təqdirdə yalnız təkbirət əl-ehram zamanı üzü qibləyə olmalı, bu da mümkünsüz olduğu halda isə qibləyə riayət etmək zəruri deyil.

Məsələ 1038.Zərurət olmayan hallarda avtomobil, gəmi və qatar hərəkətdə olmadığı zaman, həmçinin hərəkət əsnasında namaz qılanın bədəninin aramlığına mane olacaq qədər hərəkətli olmadığı təqdirdə sözügedən nəqliyyat vasitələrində namaz qılmaq olar.

Məsələ 1039.İnsanın hərəkətsiz qala bilmədiyi və bədənin sabitliyinə və aramlığına mane olan buğda və arpa xırmanının, yaxud qum təpəsinin üzərində və bu qəbildən olan yerlərdə qılınan namaz batildir. Lakin əgər hərəkətlilik namazı şərtlərinə, o cümlədən bədənin sabitliyi və aramlığı şərtinə riayət etməklə qılmağa imkan verəcək qədər az olarsa, bu, namazın doğruluğuna xələl gətirmir.

Üçüncü şərt: İnsan namazı başa çatdıra biləcəyini ehtimal etdiyi bir yerdə namaz qılmalıdır

Məsələ 1040.İnsan namazı başa çatdıra biləcəyini ehtimal etdiyi bir yerdə namaz qılmalıdır. Lakin külək, yağış, izdiham və bu qəbildən olan səbəblərlə əlaqədar olaraq namazı sona qədər qıla biləcəyinə əmin olmadığı bir yerdə rəcaən (savab ümidi ilə) namaz qıla bilər və bu haldasona qədər qıldığı təqdirdə namazı doğrudur. Hətta əgər namazı tamamlaya bilməyəcəyinə əmindirsə, lakin buna dair zəif bir ehtimalı vardırsa, namazı rəcaən qıla bilər və onu gözlənilmədən tamamlayarsa, namaz doğrudur.

Məsələ 1041. İnsan dayanmaq haram olan bir yerdə, məsələn, uçmaq təhlükəsi olan bir tavanın altında namaz qılarsa, hərçənd günah etsə də, namazına xələl gəlmir.

Məsələ 1042. Üzərində dayanmaq və oturmaq haram olan bir yerdə, məsələn, xalçanın üzərində uca Allahın adı yazılan hissəsində namaz qılmaq Allaha yaxınlaşmaq niyyətinə xələl gətirdiyi təqdirdə doğru deyildir.

Dördüncü şərt: Həmin yerdə vacib hərəkətlərin icrası mümkün olmalıdır

Məsələ 1043.Namazın qılındığı yerin tavanı namaz qılanın ayaq üstə durmasına imkan verməyəcək qədər alçaq olmamalıdır. Həmçinin, namazın qılındığı yer rüku və səcdə etməyə imkan verməyəcək qədər dar olmamalıdır.

Məsələ 1044. Əgər insan, ümumiyyətlə, ayaq üstə durmaq imkanına sahib olmadığı bir yerdə namaz qılmağa məcbur olarsa, oturaq halda namaz qılmalı və əgər rüku və səcdə etmək imkanına da sahib deyilsə, onları baş işarəsi ilə yerinə yetirməlidir.

Məsələ 1045.Namazda və digər hallarda insanın arxası Peyğəmbərin (s) və Əhli-beyt imamlarının (ə) qəbirlərinə tərəf dayanması onlara qarşı hörmətsizlik hesab edildiyi təqdirdə haramdır. Lakin əgər aradakı uzun məsafə, yaxud divar kimi bir maneənin mövcudluğu səbəbi ilə hörmətsizlik hesab edilməzsə, ehtiyata lüzum yoxdur. Aydındır ki, tabut və onun üzərinə sərilən parçanın, yaxud zərihin arada fasilə olması sözügedən qəbirlərə arxa çevirməyin hörmətsizlik ünvanını itirməsi üçün kifayət deyil. Ancaq hər iki halda əgər Allaha yaxınlaşmaq niyyəti edilərsə, namaz doğrudur.

Beşinci şərt: Namazın qılındığı yer nəcasətlidirsə, namaz qılanın geyim və bədəninin nəcasətlənməsinə səbəb olmamalıdır

Məsələ 1046.Əgər namazın qılındığı yer nəcasətlidirsə, namazda bağışlanılan və namazı batil etməyən bir nəcasət olduğu hal istisna olmaqla, rütubəti namaz qılanın bədəninə, yaxud geyiminə sirayət edəcək qədər yaş olmamalıdır. Lakin namaz qılanın səcdə üçün alnını qoyduğu yerin, məsələn, möhürün ən azı alnın üzərinə qoyulması səcdə sayılan bir hissəsi nəcasətli olmamalıdır və onun nəcasətli olması, hətta quru olduğu təqdirdə belə namazı batil edir. Lakin möhürün qalan hissəsinin, yaxud arxa tərəfinin və ya onun altındakı xalça və yerin (döşəmə örtüyünün) nəcasətli olması namaza xələl gətirmir. Müstəhəb ehtiyata əsasən, namazın qılındığı yer, ümumiyyətlə, nəcasətli olmamalıdır.

Altıncı şərt: Vacib ehtiyata əsasən, qadın kişinin önündə, yaxud onunla yanaşı (eyni sırada) namaz qılmamalıdır

Məsələ 1047. Qadınla kişi bir yerdə namaz qılmaq istəyirlərsə, lazım ehtiyata əsasən, qadın kişidən arxada dayanmalı və bu arxada dayanma ən azı səcdə halında qadının səcdə yerinin kişinin dizlərinə paralel düşməsi şəklində olmalıdır. Lakin əgər onlardan biri namaz qılmırsa, hərçənd qadın kişi ilə eyni sırada, yaxud onun önündə olsa belə, digərinin namazı doğrudur.

Məsələ 1048.  Əgər qadın kişi ilə eyni sırada, yaxud ondan qabaqda dayanarsa, hər ikisi eyni vaxta namaza başlayıb təkbirətul ehram deyərsə, 1057 ci məsələdə qeyd olunan hallar istisna olmaqla vacib ehtiyata əsasən hər ikisi namazı yenidən qılmalıdırlar.

Məsələ 1049. Əgər qadın kişi ilə eyni sırada, yaxud ondan qabaqda dayanarsa, onlardan biri digərindən tez namaza başladığı təqdirdə təkbirət əl-ehramı daha sonra deyənin namazı, vacib ehtiyata əsasən, batildir. Təkbirət əl-ehramı daha öncə deyən şəxsin namazına gəlincə, namaz əsnasında özü ilə əks cinsin nümayəndəsi arasında pərdə kimi bir maneə yarada və ya ondan 4,5 metr uzaqlaşa bilərsə[135]
, yaxud ilk başlayan şəxs kişi olduğu təqdirdə addımlayaraq namaz qıldığı əsnada qarşısında namaz qılmağa başlayan qadından önə keçə bilərsə, qadın olduğu təqdirdə isə geriyə çəkilərək həmin kişidən arxada dura bilərsə (hər iki halda namazlarının doğru olması üçün), bu addımı atmalıdır. Əks təqdirdə, vacib ehtiyata əsasən, birinci başlayanın da namazı batildir. Lakin əgər bu addımların atılması mümkünsüz olarsa, namaza davam etmək lazımdır və bu halda birinci başlayanın namazı doğrudur.

Qeyd etmək lazımdır ki, addımlayarkən, yaxud maneə yaradarkən aşağıdakı məqamlar nəzərə alınmalıdır:

a) Hərəkət halında zikr deyilməməlidir;

b) Qiblədən yayınmaq olmaz;

c) Bu hərəkətlər ürfə görə namazın surətini pozmamalıdır.

Məsələ 1050. Bu (altıncı) şərtdə qeyd edilən hökm namazın qılındığı yerin digər şərtləri kimi[136]
bütün növ, yəni həm vacib, həm müstəhəb, həm təkbaşına, həm də camaatla qılınan namazlara, habelə bütün məkanlara aiddir və bu xüsusda mənzil, məscid, hərəm və müqəddəs ziyarətgahlar arasında heç bir fərq yoxdur. Əlbəttə, bu hökmdə yalnız bir istisna vardır və o da budur ki, müqəddəs Məkkə şəhərində izdihamın olduğu vaxtlarda bu məsələyə riayət etmək lazım deyil. Digər məkanlara bu hökm şamil olunmur.

Məsələ 1051. Bu hökm (altıncı şərt) zərurət hallarına şamil olunmur. Məsələn, əgər qadın və kişi kiçik bir yerə həbs edilmiş olarsa və namazın da vaxtı məhdud olarsa, bu halda hər ikisinin namazı doğrudur. Lakin əgər vaxt geniş olarsa, öncə onlardan biri namaz qılmalı və digəri gözləməli, birinci başlayan şəxs namazını başa çatdırdıqdan sonra ikinci şəxs namazını qılmalıdır və daha yaxşı olar ki, aralarında gözləyən şəxs qadın olsun.

Məsələ 1052. Qeyd edilən hökmdə (altıncı şərtdə) məhrəmlə naməhrəm arasında bir fərq yoxdur. Beləliklə, bu hökm arvadla ər, qardaşla bacı və digər məhrəmlərə də aiddir. Təbii ki, hökm həddi-büluğa çatmış şəxslərə aiddir. Beləliklə, əgər kişilərin camaat namazının sıralarında həddi-büluğa çatmamış qız uşağı da namaz qılarsa, namaza xələl gəlmir.

Məsələ 1053.Qeyd edilən hökm (altıncı şərt) yalnız doğru qaydada qılınan namaza aid deyil, ürfən namaz hesab edilən, hərçənd bu hökmdən (altıncı şərt) başqa bir səbəblə batil olan namaza da aiddir. Beləliklə, əgər bir kişinin həyat yoldaşı səhvən dəstəmazsız halda namaz qılarsa və kişi qəsdən 1057-ci məsələdə qeyd ediləcək məqamları nəzərə almadan namazını ondan arxada qılarsa, vacib ehtiyata əsasən, kişinin də namazı batildir.

Məsələ 1054. Əgər kişi namaz qılar və namazı başa çatdırdıqdan sonra bir qadının ondan öndə, yaxud onunla eyni sırada namaz qıldığını başa düşərsə, kişinin namazı doğrudur. Lakin namaz əsnasında başa düşərsə, yalnız 1049-cu məsələdə izah edilən qaydada hərəkət etdiyi təqdirdə namazı doğrudur.

Məsələ 1055.Əgər bir şəxs şəriətin hökmünü bilmədiyinə görə bu məsələyə (altıncı şərtə) riayət etməmişdirsə, məsələni öyrənməkdə səhlənkarlığa yol verərək müqəssir cahil olduğu təqdirdə bu hökmə qəsdən riayət etməyən insan kimidir. Bu o deməkdir ki, vacib ehtiyata əsasən, namazı batildir. Lakin məsələni öyrənməkdə səhlənkarlığa yol verməyərək qasir cahil olduğu təqdirdə bu məlumatsızlıqla qıldığı namazları doğrudur və onları təkrarən, yaxud qəzasını qılması lazım deyil.

Məsələ 1056.Əgər namaz qılmaq istəyən kişinin qarşısında, yaxud kənarında namaz qılmayan bir qadın olarsa, kişinin namazı doğrudur. Həmçinin, namaz qılmaq istəyən bir kişinin arxasında, yaxud kənarında namaz qılmayan bir kişi olarsa, qadının namazı doğrudur. Beləliklə, qeyd edilən hökm qadın və kişinin hər ikisinin namazda olduğu zamana aiddir.

Məsələ 1057.Əgər yan-yana dayanaraq, yaxud qadın kişidən öndə durmaqla namaz qılan kişi ilə qadın arasında ürfən hail hesab edilən divar, pərdə, yaxud başqa bir şey olarsa, hərçənd bu hail müşahidəyə mane olmasa və onlar bir-birini görə bilsə belə, hər ikisinin namazı doğrudur. Beləliklə, əgər hail şəffaf şüşədən olarsa, yaxud onun hündürlüyü insan boyu qədər olmazsa (məsələn, ürfən kişi ilə qadın arasında məsafə yaradan və təqribən bir metr hündürlüyündəki bir pərdə kimi), hər ikisinin namazı doğrudur. Hərçənd, daha yaxşı olar ki, hail namaz qılan kişi ilə qadının bir-birini görməsinə imkan verməyəcək şəkildə olsun.

Həmçinin, əgər yanaşı duraraq, yaxud qadın öndə olmaqla namaz qılan kişi ilə qadın arasındakı məsafə on qulacdan[137]
artıq olarsa, yaxud onların durduqları yer ürfən iki ayrı yer hesab edilərsə, hər ikisinin namazı doğrudur. Habelə, əgər qadın namazda kişidən ən azı səcdə halında səcdə yeri onun dizlərinin bərabərinə düşəcək qədər arxada dayanarsa, hər ikisinin namazı doğrudur.

Yeddinci şərt: Namazın qılındığı yer hamar səthli olmalıdır

Məsələ 1058. Namaz qılanın alnını qoyduğu yer dizlərini və ayaq barmaqlarının ucunu qoyduğu yerdən bir-birinə bitişdirilmiş dörd barmaq enindən çox hündür, yaxud alçaq olmamalıdır və bu məsələ səcdə ilə əlaqədar hökmlər mövzusunda təfsilatı ilə izah ediləcəkdir.

Namaz yeri ilə bağlı digər hökmlər

Məsələ 1059.Naməhrəm kişi və qadının xəlvət bir yerdə olması günaha düşəcəklərini ehtimal etdikləri təqdirdə haramdır və müstəhəb ehtiyatın tələbi budur ki, orada namaz qılmasınlar.

Məsələ 1060.Qina sayılan mahnı ifa edilən, yaxud hər hansı bir çalğı alətində haram musiqi ifa edilən bir yerdə qılınan namaz batil deyil. Baxmayaraq ki, bu qəbildən olan musiqilərə qulaq asmaq və onları ifa etmək günahdır.

Namaz qılmağın müstəhəb və məkruh olduğu yerlər

Məsələ 1061. Müqəddəs İslam şəriətində namazı məsciddə qılmaq çox tövsiyə edilir və bütün məscidlərin ən üstünü Məscid əl-haramdır. Ondan sonra Məscid ən-Nəbi, sonra Kufə və Beyt əl-Müqəddəs məscidləri, daha sonra hər şəhərin came (mərkəzi, ən böyük) məscidi, ardınca məhəllə məscidi və daha sonra bazar məscidi gəlir.

Məsələ 1062. Qadınlar üçün isə ən yaxşısı budur ki, namazlarını naməhrəm baxışından qorunmaq üçün ən münasib bir yerdə qılsınlar, istər bu yer ev olsun, istər məscid, istərsə, başqa bir yer. Bu hökmdə vacib namazla müstəhəb namaz arasında bir fərq yoxdur.

Məsələ 1063. İmamların (ə) hərəmində namaz qılmaq müstəhəbdir, hətta məsciddə namaz qılmaqdan daha üstün olduğu söylənilir. Rəvayət edilir ki, Möminlərin əmiri Həzrət Əlinin (ə) pak hərəmində qılınan namaz iki yüz min namaza bərabərdir.

Məsələ 1064. Bir neçə yerdə namaz qılmaq məkruhdur. O cümlədən: 1) hamamda; 2) şoranlıqda; 3) ayaq üstə dayanan, yaxud oturan insanın müqabilində; 4) açıq qapının müqabilində; 5) gəlib-gedən insanlar üçün narahatçılıq törətmədiyi təqdirdə yol, prospekt və küçədə (narahatçılıq törətdiyi təqdirdə isə narahatçılıq günahdır); 6) od və çırağın müqabilində; 7) mətbəxdə və ocaq(soba) olan istənilən yerdə; 8) idrar edilən quyu və çalanın müqabilində; 9) üstü örtüldüyü hal istisna olmaqla ruhu olan bir şeyin şəkil və heykəli ilə üzbəüz; 10) hərçənd, namaz qılanla üzbəüz olmasa da, canlı bir varlığın şəkil və heykəli olan bir yerdə; 11) cənabətli insanın olduğu otaqda; 12) qəbirin müqabilində; 13) qəbirin üzərində; 14) iki qəbir arasında; 15) qəbiristanlıqda; 16) məscidin yaxınlığında yaşayan insan üçün üzürlü bir səbəb olmadan, məsciddən başqa bir yerdə namaz qılmaq məkruhdur.

Məsələ 1065.İnsanların gəlib-getdiyi bir yerdə namaz qılan, yaxud namaz zamanı qarşısında bir insan olan şəxsin önünə bir şey qoyması müstəhəbdir və təsbeh, əsa, çubuq, yaxud kəndir də qoysa, kafidir.

Məscidlər və müqəddəs ziyarətgahlar

Məscid və onun əmlakı ilə bağlı icrası vacib olan hökmlər

Məsələ 1066. Məscidin döşəməsini, tavanını, damını, divarının daxili tərəfini, qapı və pəncərələr kimi məscid binasının bir hissəsi sayılan yerləri nəcasətləmək haramdır və kim sadalananların nəcasətləndiyini başa düşərsə, dərhal həmin yeri paklamalı və nəcasəti aradan qaldırmalıdır. Müstəhəb ehtiyata əsasən, məscid divarının çöl tərəfini də nəcasətləmək olmaz. Bununla belə, əgər nəcasətlənərsə, nəcasətin aradan qaldırılması vacib deyil. Lakin əgər divarın çöl tərəfinin nəcasətlənməsi məscidə qarşı hörmətsizliyə səbəb olarsa, haramdır və nəcasətin hörmətsizliyi aradan qaldıracaq qədər təmizlənməsi vacibdir.

Məsələ 1067. Məscidin əmlakı hesab edilən və hal-hazırda məsciddə istifadə edilən əşyaları, məsələn, məscidin döşəməsinə sərilən xalçaları, kovrolitləri, yaxud həsirləri və ya asılmış pərdələri nəcasətləmək haram, nəcasətləndiyi təqdirdə isə onları paklamaq vacibdir. Lakin məscidin əmlakı hesab edilən, ancaq hal-hazırda məsciddə istifadə edilməyən, məsələn, anbarda saxlanılan bir əşyanı nəcasətləmək haram olsa da, nəcasətli qalması məscidə qarşı hörmətsizlik hesab edilən, yaxud ona maddi zərər dəyməsi və qiymətinin ucuzlaşması ilə nəticələnən hallar istisna olmaqla, paklanması vacib deyil.

Məsələ 1068. Əgər insan məscidi paklaya bilmirsə, məscidin paklanması onun üçün vacib sayılmır. Lakin əgər nəcasəti saxlamaq hörmətsizliyə səbəb olarsa, başqa bir şəxsə məlumat verdiyi təqdirdə bu işin görüləcəyini (məscidin paklanacağını) bildiyi, yaxud vacib ehtiyata əsasən, hətta ehtimal etdiyi halda mütləq ona məlumat verməlidir.

Məsələ 1069.Əgər məscidin qazılmadan, yaxud uçurulmadan paklanması mümkün olmayan bir hissəsi nəcasətlənərsə, cüzi qazıntı və söküntü tələb olunan halda, yaxud hörmətsizliyin aradan qaldırılması üçün geniş miqyasda qazıntı və söküntü işlərinin aparılmasından başqa çıxış yolu olmadığı halda həmin yeri qazmaq, yaxud uçurmaq lazımdır, digər hallarda isə uçurulması (sökülməsi) ehtiyata əsasən, yolverilməzdir. Həmçinin əgər məscidin paklanması üçün onu tamamilə uçurmaqdan başqa bir çıxış yolu olmazsa, məsələn, məscid nəcasətli su, palçıq və tikinti materialları ilə inşa edilmiş olarsa, hərçənd bir qisim insanlar bərpası üçün lazım olan vəsaiti ödəməyə hazır olsa belə, onu uçurmağın caizliyi şübhə doğurur (ehtiyata əsasən, yolverilməzdir). Lakin məscidin zahirinin (nəcasətli materiallarla inşa edilən divar, tavan və döşəmənin məscidin daxili tərəfindən səthinin) yuyulması və paklanması vacibdir.

Məsələ 1070.Məscidin bir hissəsinin paklamaq məqsədilə sökülməsi caiz olan hallarda qazılmış yerin doldurulması və uçurulmuş yerin bərpası vacib deyil. Lakin əgər məscidin kərpici kimi bir şey nəcasətlənərsə, mümkün olduğu təqdirdə yuyulduqdan sonra əvvəlki yerinə qoyulmalıdır.

Məsələ 1071.Əgər məscidin həsiri, yaxud kovroliti nəcasətlənərsə, onu yumaq lazımdır və əgər nəcasətlənmiş yeri kəsib götürmək daha məqsədəuyğun olarsa, həmin hissəni kəsib götürmək lazımdır. Lakin onların önəmli bir hissəsinin kəsilib götürülməsi, yaxud həcminin kiçilməsinə və ya keyfiyyətinə xələl gəlməsinə səbəb olacaq şəkildə yuyulması ehtiyata əsasən, yolverilməzdir. Lakin istisna olaraq, bu tədbirlərin görülməməsi məscidə qarşı hörmətsizliyə səbəb olacağı təqdirdə hörmətsizliyi aradan qaldırmaq üçün bunlardan daha az zərərlə nəticələnəcək tədbiri seçmək lazımdır.

Məsələ 1072.Özlüyündə nəcis olan bir şeyi və nəcasətlənmiş bir əşyanı məscidə aparmaq məscidə qarşı hörmətsizlik olarsa, haramdır. Hətta müstəhəb ehtiyata əsasən, hörmətsizlik olmasa belə, özlüyündə nəcis olan bir şeyi məscidə aparmaq olmaz. Yalnız məscidə daxil olan insanın üzərində olan, bədənindəki, yaxud geyimindəki yara qanı kimi nəcasətlər istisnadır.

Məsələ 1073. Məsumların (ə) hərəmini nəcasətləmək haramdır və əgər onardan biri nəcasətlənərsə, nəcasətli qalması hörmətsizlik olduğu təqdirdə paklanması vacibdir. Hətta müstəhəb ehtiyata əsasən, hörmətsizlik olmadığı təqdirdə belə paklanmalıdır. Bu məsələdə hərəm deyərkən rövzeyi-münəvvərə, yəni müqəddəs zərih və qəbrin yerləşdiyi hissə nəzərdə tutulur. Digər tağlar və salonlar isə əgər məscid deyilsə, yalnız hörmətsizlik olduğu təqdirdə onları nəcasətləmək haram, paklamaq isə vacibdir.

Məsələ 1074.Vacib ehtiyata əsasən, məscid qızılla və müstəhəb ehtiyata əsasən, insan və heyvan kimi ruhu kimi olan varlıqların təsviri ilə də bəzədilməməlidir.

Məsələ 1075. Əgər bir məscid qəsb edilərsə və yerində ev və ya bu qəbildən olan bir bina tikilərsə, yaxud artıq məscid adlandırılmayacaq şəkildə sökülərsə, nəcasətlənməsi haram deyil və paklanması da vacib deyil.

Məsələ 1076. Məscid uçsa belə, onun ərazisini satmaq, yaxud hər hansı mülkiyyətin, küçə və prospektlərin ərazisinə daxil etmək olmaz.

Məsələ 1077. İcarəyə götürülmüş torpaq sahələrində inşa edilən məscidlər, yaxud vəqf torpaqlarında (məsələn, Həzrət Rizaya (ə) vəqf olunmuş torpaqlarda) şəriətə əsasən səlahiyyətli şəxsin icazəsi ilə inşa edilən məscidlərə məscid hökmü şamil olunmur və onlar namazxana hesab edilir.

Məsələ 1078. Məscidin qapı, pəncərə və digər əşylarını satmaq haramdır və əgər məscid uçarsa (yaxud sökülərsə), sözügedən əşyalar həmin məscidin təmirində istifadə edilməli, həmin məscid üçün istifadəyə yararlı olmadığı təqdirdə isə digər məscidlər üçün istifadə edilməlidir. Lakin əgər digər məscidlər üçün də istifadəyə yararlı olmazsa, onları satmaq və pulunu mümkün olduğu təqdirdə həmin məscidin, əks təqdirdə isə digər bir məscidin təmirinə sərf etmək olar.

Məscidlə əlaqədar müstəhəb və məkruh məqamlar

Məsələ 1079. Məscid inşa etmək müstəhəbdir və nə qədər daha münasib, müsəlmanların daha çox yararlana biləcəyi bir yerdə inşa edilərsə, bir o qədər yaxşıdır. Həmçinin, uçmaq təhlükəsi olan bir məscidi təmir etmək müstəhəbdir. Əgər məscid təmir edilə bilməyəcək şəkildə uçarsa, onu söküb yenidən inşa etmək olar. Hətta uçmayan, ancaq insanların tələbatı ilə əlaqədar olaraq genişləndirilməsinə ehtiyac duyulan bir məscidi də söküb yerində daha böyük bir məscid inşa etmək olar. Lakin burada aşağıdakı məqamları nəzərə almaq lazımdır:

a) Əgər məsciddə ehtiyac duyulan genişləndirmə işləri üçün onu tamamilə sökmək tələb olunmursa, zəruri olan qədər söküntü işləri ilə kifayətlənmək lazımdır. Məsələn, əgər məscidin bir tərəfində yerləşən torpaq sahəsini məscidə əlavə etmək istənilərsə və məscidin ərazisinin bu qaydada genişləndirilməsi üçün məscidlə onun arasındakı divarı götürmək kifayət edirsə, həmin məscidi uçurmaq olmaz və bu halda sözügedən divarın sökülməsi ilə kifayətlənmək lazımdır.

b) Məscid binasının yenilənməsi bu qəbildən olan tikililərin inşası və bərpası üçün tələb olunan vaxtdan daha uzun bir müddət ərzində məscidin fəaliyyətini dayandırması ilə nəticələnməməlidir. Beləliklə, məscid binası söküldüyü təqdirdə məscidin fəaliyyətini normal sayılandan daha uzun müddət ərzində dayandırmasına səbəb olacaq hər hansı bir səhlənkarlığa yol vermək caiz deyildir.

c) Məscidin tikintisi üçün tələb olunan maddi vəsaitin normal sayılan müddət ərzində təmin ediləcəyinə dair yəqinlik, yaxud arxayınlıq hasil edilməlidir. Beləliklə, əgər məscid tikintisi üçün tələb olunan vəsaitin təmin edilməməsi ilə əlaqədar olaraq məscidin normal sayılan müddət ərzində inşa ediləcəyinə zəmanət yoxdursa, məscidi sökmək caiz deyildir.

d) Qədim tarixə malik olan və mədəni irsin tərkib hissəsi sayılan tikililərin sökülməsinə icazə verilmir.

Məsələ 1080. Məscidi təmizləmək və işıqlandırmaq müstəhəbdir. Məscidə getmək istəyən şəxsin ətirlənməsi, təmiz, ehtişamlı və dəyərli bir libas geyinməsi, ayaqqabısının altının nəcasətli, yaxud çirkli olmadığına əmin olmaq üçün onu yoxlaması, məscidə daxil olarkən öncə sağ ayağı, çıxarkən isə öncə sol ayağı ilə addım atması, həmçinin, məscidə hamıdan öncə daxil olub hamıdan sonra tərk etməsi müstəhəbdir.

Məsələ 1081.İnsanın məscidə daxil olarkən məscidə salam və ehtiram niyyəti ilə iki rükət namaz qılması müstəhəbdir və əgər başqa bir vacib, yaxud müstəhəb namaz da qılsa, kifayətdir.

Məsələ 1082.Məscidə tez-tez getmək və kimsənin namaz qılmadığı bir məscidi ziyarət etmək müstəhəbdir.

Məsələ 1083. Müstəhəbdir ki, insan etinasızlıq səbəbi ilə məscidə gəlməyən şəxslə dostluq əlaqəsi qurmasın, onunla bir süfrə arxasında əyləşməsin, işlərdə onunla məsləhətləşməsin, onunla qonşu olmasın, ondan qız alıb, ona qız verməsin.

Məsələ 1084.Zərurət olmadan məsciddə yatmaq, dünyəvi işlər haqqında söhbət etmək, alqı-satqı və sənətkarlıqla ilə məşğul olmaq, nəsihət və bənzər məzmun ehtiva etməyən şeirlər oxumaq məkruhdur. Həmçinin, insanın ağız və burun seliyini, sinəsindən gələn (bəlğəm kimi) ifrazatları məscidə tökməsi məkruh, hətta bəzi hallarda haramdır. Habelə, insanın məsciddə itirdiyi bir şeyi axtararaq səsini yüksəltməsi də məkruhdur. Lakin azan üçün səsin ucaldılmasına məhdudiyyət qoyulmur.

Məsələ 1085.Dəlinin məscidə buraxılması məkruhdur. Həmçinin, məscidin ehtiramını saxlamayan, namaz qılanlar üçün narahatçılıq törədən, yaxud məscidi nəcasətləyəcəyi ehtimal olunan həddi-büluğa çatmamış uşağın məscidə buraxılması da bu qəbildəndir. Digər hallarda isə uşağın məscidə buraxılmasına məhdudiyyət qoyulmur. Hətta uşaqların məscidə gəlməsinin onlarda namaza və məscidə qarşı rəğbətin yaranmasına səbəb olması kimi bəzi hallarda daha məqsədəuyğun olub təqdirəlayiq bir əməl kimi qiymətləndirilir. Soğan, sarımsaq və bu qəbildən olan qidalar qəbul edərək ağız qoxusu insanları narahat edən bir şəxsin məscidə getməsi məkruhdur.

Məscid və müqəddəs ziyarətgahlarda yer tutmaq və onlardan digər istifadə halları

Məsələ 1086.Hər bir müsəlman məsciddə ibadət edə, namaz qıla və məscidə münasib olmayan hallar istisna olmaqla digər bir şəkildə yararlana bilər və bütün müsəlmanlar məsciddən istifadə xüsusunda bərabərhüquqludur. Beləliklə, əgər bir şəxs namaz, ibadət, Quran qiraəti, dua, tədris, moizə və digər yaxşı məqsədlər üçün məscidin hər hansı bir hissəsində başqalarından əvvəl yer tutarsa, heç kəsin onu narahat etməyə haqqı yoxdur və kimsə onu həmin yerdən uzaqlaşdıra, yaxud orada yer tutduğunu göstərmək üçün qoyduğu əlamət və nişanəni kənara ata bilməz. Bu hökmdə daha öncə gələn şəxsin məqsədinin sonradan gələn şəxsin həmin yerdən istifadə məqsədi ilə üst-üstə düşüb-düşməməsinin fərqi yoxdur. Əlbəttə, üst-üstə düşmədiyi təqdirdə Məscid əl-haramın təvaf üçün nəzərdə tutulmuş hissəsində təvafın digər əməllərdən, digər məscidlərdə isə namazın digər caiz görülən iş və yararlanmalardan üstün və önəmli olması ehtimal edilir. Beləliklə, vacib ehtiyata əsasən, bu qəbildən olan hallarda öncə gələn şəxs həmin yeri sonradan gələn şəxs üçün boşaltmalıdır.

Məsələ 1087. Əgər insan namaz üçün bir əlamət və nişanə qoyaraq, məsələn, dəstəmaz almaq üçün həmin yeri tərk edərsə və onun gəlişindən öncə camaat namazı başlayarsa, başqa bir şəxs orada yalnız əlaməti qoyanın camaat namazına qoşulmaq imkanını (hətta növbəti rükətlərdə belə) itirənədək qayıtmayacağına arxayın olduğu təqdirdə camaat namazı qıla bilər və bu halda əgər əlaməti qoyan şəxs növbəti namaza gəlib çatarsa, onun öncüllük haqqına sahib olması, nəzərimizcə, sabit deyil. Lakin əgər insan əlaməti qoyanın həmin rükətdə, yaxud sonrakı rükətlərdə qayıdacağına əmindirsə, yaxud bunu ehtimal edirsə, bu haqqı özündə saxlayır.

Məsələ 1088.Məsciddə rövzəxanlıq üçün çadır qurular, yerə xalçalar döşənər, hər tərəfə qara parçalar asılar, çay və bu qəbildən olan ehsanlar üçün lazım olan şeylər məscidə gətirilərsə, bu işlərin məscidə zərər yetirmədiyi və namaz qılmağa da mane olmadığı təqdirdə bu xüsusda ehtiyata lüzum yoxdur.

Məsələ 1089. Ümumiyyətlə, məsciddə bəzi filmlərin nümayişi, yaxud bəzi idman və təmrinlərin icrası, habelə bəzi yaşayış məntəqələrində müşahidə edildiyi kimi məsciddən musiqi yayımlanması kimi məscidin statusuna və mövqeyinə uyğun olmayan və ürfən məscidə qarşı hörmətsizlik hesab edilən hərəkətlərdən hətta bu hərəkətlər öz-özlüyündə caiz olsa belə, çəkinmək lazımdır.


[106] Nəhc əl-bəlağə, 199-cu xütbə, Namazın əhəmiyyəti və faydaları.
[107] Vəsail əş-şiə (Təfsilu vəsail əş-şiə ila təhsili məsail əş-şəriə), Namaz kitabı, Vacib namazların sayı ilə əlaqədar bablar, 6-cı bab, 12-ci hədis (c. 4, səh. 27, 4424-cü hədis).
[108] Səvab əl-əmal və iqab əl-əmal, Namazı öz vaxtında qılmayan şəxsin cəzası, səh. 273, 1-ci hədis.
[109] Əl-Xisal, c. 2, səh. 621, 10-cu hədis.
[110] Əl-Məhasin, səh. 162, 232-ci hədis.
[111] Səvab əl-əmal və iqab əl-əmal, İlk vaxtın son vaxtdan üstünlüyü, səh. 58, 2-ci hədis.
[112] Ənənəvi fiqh ədəbiyyatında namazla bağlı məsələlər üç əsas qisimə bölünür: “namazın müqəddimatı”, “namazın muqarinatı” və “namazın mübtilatı”. Müqəddimat (müqəddimələr) adından da göründüyü kimi namaza giriş, hazırlıq tədbirləridir. Biz (mütərcim) “müqəddimə” terminini bu sözün ana dilimizdə başqa məna çalarları qəbul etməsi ilə əlaqədar olaraq hazırlıq sözü ilə əvəz etmişik. Muqarinat (namazın möhtəvasını təşkil edən hərəkət və sözlər) və mübtilat (namazı pozan hərəkət və hallar) ilə isə öz yerində tanış olacaqsınız. Tərc.
[113] Müxtəlif tipli qnomonlar (günəş saatları) da şaxis kimi istifadə edilə bilər. tərc.
[114] Burada: hansı namaz olduğunu müəyyən etmədən, sadəcə mükəlləfiyyəti icra etmək niyyəti ilə. Tərc.
[115] Məsələn, bir şəhərdə qürub saat 18:00, fəcrin tülusu (dan yerinin ağarması) isə saat 04:00-a təsadüf edirsə, qürubla fəcrin tülusu arasındakı zaman fasiləsi 10 saata bərabərdir ki, onunda yarısı 5 saat edir. Beləliklə, qürubdan beş saat sonra, yaxud fəcrin tülusundan beş saat öncə, yəni saat 23:00, ehtiyata əsasən, gecə yarısı və qeyri-zərurət hallarında işa namazının vaxtının sonudur.
[116] Qeyd etmək lazımdır ki, bu halda əgər birinci namazı zöhr, yoxsa əsr namazı olduğunu müəyyən etmədən (namazın növü cəhətindən ma fiz-zimmə olaraq) və əda niyyəti ilə qılarsa, sonra qürubla məğrib arasındakı müddət ərzində yenə zöhr, yoxsa əsr namazı olduğunu müəyyən etmədən və həmçinin, əda və qəza niyəti olmadan (həm namazın növü, həm də əda, yoxsa qəza olması cəhətindən ma fiz-zimmə olaraq) qılarsa, ehtiyat üçün kifayətdir və bu halda üç namaz qılmağa ehtiyac yoxdur.
[117] Qeyd etmək lazımdır ki, əgər məğribədək beş rükətə yetəcək müddətdən daha az vaxtı qaldığı təqdirdə birinci namazı zöhr, yaxud əsr, əda, yaxud qəza niyyəti etmədən (həm namazın növü, həm də əda, yoxsa qəza olması cəhətindən ma fiz-zimmə olaraq) qılar, daha sonra digər namazın (namazın növü cəhətindən ma fiz-zimmə olaraq) qəzasını qılarsa, ehtiyat üçün kafidir və bu halda üç namaz qılmağa ehtiyac yoxdur.
[118] Bu məsələdə və eləcə də əvvəlki məsələdə namaz qılan şəxs niyyətində əsr namazını zöhr namazına, yaxud işa namazını məğrib namazına çevirə bilməz.
[119] Başqa sözlə, Kəbə evinin künc və kənarlarında deyil, onlardan bir qədər aralı duraraq namaz qılmalıdır. Tərc.
[120] Qadınların namaz əsnasında örtməli olduqları və 968-ci məsələdə qeyd ediləcək hissələr nəzərdə tutulur.
[121] Bax: 956-cı məsələ. Tərc.
[122] Bax: 946-cı məsələ. Tərc.
[123] Əlbəttə, burada onun nəcasətinin sirayətedici rütubətlə namaz qılanın pak olması lazım olan bədəni, yaxud paltarına keçməməsi üçün diqqətli olmaq lazımdır.
[124] Buna əsasən, qadının qeyd edilən üç yer istisna olmaqla, qadının bütün bədəni örtülməsi namazda vacib olan məhrəm yerlər hökmündə hesab edilir.
[125] Qeyd etmək lazımdır ki, bu məsələdə və eləcə də sonrakı məsələlərdə qadının bütün bədəninə 968-ci məsələdə qeyd edilən yerlər istisna olmaqla məhrəm yerlər hökmü şamil olunur.
[126] “Zimmət əsasında” və “eyn əsasında” (şəxsi) alqı-satqılarla bağlı izah 2379-cu məsələdə və onunla bağlı dipnotda veriləcəkdir.
[127] İlan kimi sıçrayıcı qanı olmayan əti haram heyvanların ölüsündən hazırlanmış geyimdə namaz qılmaqla bağlı hökm beşinci şərtdə açıqlanacaqdır.
[128] Burada şəkk deyərkən hökmdə şəkk halları nəzərdə tutulmur. Məsələn, əgər insan geyiminin dovşan kürkündən hazırlandığını bilirsə, lakin dovşanın əti halal, yoxsa əti haram heyvan olduğunu bilmirsə, bu məsələ ona şamil olunmur və o, ya ehtiyat etməli, ya da dovşanın əti halal, yoxsa əti haram heyvan olduğunu öyrənməlidir. Lakin əgər geyiminin dovşan, yoxsa qoyun mənşəli olduğunu bilmirsə (hökmdə deyil, mövzuda şəkk edirsə) bu məsələ ona şamil olunur və məsələdə qeyd edilən şərtlər çərçivəsində həmin geyimlə namaz qıla bilər.
[129] Məsələn, insan dəri məhsulunun inək, yoxsa fil dərisindən emal edildiyini bilmirsə, ancaq həmin heyvanın islami kəsim qaydalarına uyğun olaraq kəsilmədiyinə əmindirsə, həmin geyimdə namaz qıla bilməz.
[130] Qızıl və ya güləbətinlə qarışıq parça, habelə bu parçadan tikilmiş paltar. Tərc. (Mənbə: Azərbaycan dilinin izahlı lüğəti)
[131] Əmmamənin çənənin altı ilə uzadılaraq digər çiyinin üstünə atılan hissəsinə “təht əl-hənək”, bu hərəkətə isə “təhnik” deyilir. Tərc.
[132] Əba, çadra, seyidlərin əmmaməsi və İmam Hüseynə (ə) əzadarlıq kimi dini ənənələrin uca tutulması hesab edilən hallar istisnadır.
[133] Daşınmaz əmlakın məhz hansı hissəsinin onun mülkiyyətində olduğu müəyyənləşdirilməmişdirsə. Tərc.
[134] Şəriət hakiminin səlahiyyətli olduğu və icazə verə bildiyi hallarda.
[135] Qadınla kişi arasındakı 4,5 metrlik məsafə hətta qadının namaz qılan kişinin müqabilində və ondan öndə namaz qıldığı halda da birinin durduğu yerdən digərinin durduğu yerədək hesablanır.
[136] Əlaqədar məsələlərdə izah edildiyi kimi müstəhəb namaz üçün hərəkətsizlik, ayaq üstə durmaq imkanı və qiblə kimi şərtlərlə bağlı istisnalar mövcuddur.
[137] On qulac təqribən 4,5 metrə bərabərdir.
Azan və iqamə → ← TƏYƏMMÜM
العربية فارسی اردو English Azərbaycan Türkçe Français