ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

Namazda şəkk halları → ← NAMAZI POZAN HAL VƏ HƏRƏKƏTLƏR

Namazı dayandırmaq və onun hissələrini artırmaq və azaltmaq

Vacib namazı dayandırmağın caiz olduğu hallar

Məsələ 1399. Vacib namazı ixtiyari surətdə dayandırmaq, vacib ehtiyata əsasən, caiz deyildir. Lakin bəzi hallarda vacib namazı dayandırmaq caiz (hətta bəzi hallarda vacib) sayılır. O cümlədən:

1) Maddi, yaxud fiziki zərərin qarşısını almaq

Məsələ 1400. Vacib namazı əmlakı qorumaq və maddi, yaxud fiziki zərərin qarşısını almaq üçün dayandırmaq olar.

Məsələ 1401. Əgər insanın özünün, yaxud həyatının qorunması vacib olan bir şəxsin canının və ya qorunması vacib olan bir əmlakın qorunması namazı dayandırmadan mümkün deyilsə, namazı dayandırmaq lazımdır.

2) İstənilən mühüm dini və dünyəvi məqsəd

Məsələ 1402.Vaxt geniş olduğu halda hərçənd namazı dayandırmadığı təqdirdə bir zərərlə üzləşməsə belə, namaz qılan üçün mühüm olan istənilən dini və dünyəvi məqsəd üçün vacib namazı dayandırmaq olar.[167]

3) Borcverənin borcunu qaytarmaq üçün

Məsələ 1403.Əgər insan vaxt geniş olduqda namaz qılarkən borc aldığı şəxs ödəmə vaxtı çatmış borcu qaytarmasını ondan tələb edərsə, namaz əsnasında onun borcunu ödəyə bildiyi təqdirdə bu vəziyyətdə ödəməli, namazı dayandırmadan borcu ödəmək mümkün olmadığı təqdirdə isə namazı dayandırmalı, onun borcunu qaytarmalı və sonra namazı qılmalıdır.

4) Vaxt geniş olduqda məscidi paklamaq üçün

Məsələ 1404.Əgər namaz qılan namaz əsnasında məscidin nəcasətləndiyi başa düşərsə, vaxt məhdud olduğu təqdirdə namazını tamamlamalı, sonra məscidi təmizləməlidir. Vaxt geniş olduğu və məscidin paklanması namazın surətini pozmadığı təqdirdə namaz əsnasında təmizləməli, sonra namazın davamını qılmalıdır. Məscidin paklanması namazı pozduğu təqdirdə isə əgərməscidin namazdan sonra paklanması mümkündürsə və onu paklamağı namazdan sonraya təxirə salmaq məscidə qarşı hörmətsizlik hesab edilmirsə, bu məqsədlə namazı pozmaq hərçənd caiz olsa da, vacib deyil. Ancaq əgər namazdan sonra məscidi paklamaq mümkün deyilsə və məscidin nəcasətli qalması, paklanmasının təxirə salınması ürfən məscidə hörmətsizlik hesab edilirsə, namazı dayandırmalı və məscidi pakladıqdan sonra qılmalıdır.

5) Azan və iqamə, yaxud təkcə iqamə oxumaq üçün

Məsələ 1405.Əgər namaz qılan qiraətdən, yaxud rüku vəziyyətinədək əyilməzdən öncə azan və iqaməni, yaxud təkcə iqaməni unutduğunu xatırlayarsa, namazın vaxtı geniş olduğu təqdirdə onları oxumaq üçün namazı dayandırması müstəhəbdir. Hətta əgər namaz başa çatmamış[168]
azan və iqaməni unutduğunu xatırlayarsa, onları oxumaq üçün namazı yarımçıq qoyması müstəhəbdir. Bu hökm, vacib ehtiyata əsasən, camaat namazına, həmçinin, namaz qılanın azan və iqaməni qəsdən oxumadığı, eləcə də unutduğu, lakin namaz əsnasında xatırlamasına baxmayaraq namazı dayandırıb onları oxumadığı, üstündən xeyli müddət keçdikdən sonra onları oxumaq qərarına gəldiyi hallara şamil deyil.

6) Namazın vaxtı geniş olduqda yaranan doğru şəklərə görə

Məsələ 1406. Namazın vaxtı geniş olduqda dördrükətli namazlarda doğru şəklərdən birinə düçar olan (məsələn, zöhr namazında üçüncü, yoxsa dördüncü rükətdə olduğuna şəkk edən) və şəkdə qalan[169]
namaz qılan doğru şəklərlə əlaqədar eyni başlıqlı mövzuda izah ediləcək göstərişlərə uyğun qaydada hərəkət edə bildiyi kimi,namazı dayandıra və yenidən qıla da bilər.

Məsələ 1407. Namazı dayandırmalı olan şəxs əgər namazı sonadək qılarsa, hərçənd günah etsə də, namazı doğrudur və müstəhəb ehtiyat onu yenidən qılmasını tələb edir.

Namazın hissələrinin artırılıb-azaldılması, yaxud namazın şərtlərinə riayət edilməməsi

Məsələ 1408. Namaz qılan namazın vacibatından bir şeyi, hərçənd bir hərfini olsa belə, qəsdən əskildərsə, yaxud artırarsa, namaz batildir. Əlbəttə, namazın zikrlərinin 1208-ci məsələdə izah edilən qaydada təkrarlanması namaza xələl gətirmir.

Məsələ 1409. Əgər məsələ ilə bağlı məlumatsızlıq səbəbindən namazın rükn olan vacibatından bir şeyi əskildərsə, namaz batildir. Rükn olan vacibatın artıq yerinə yetirilməsi ilə bağlı hökm isə 1125-ci məsələdə izah edilmişdir. Lakin qasir cahilin, məsələn, sonradan xətası məlum olan etibarlı bir şəxsin, yaxud mötəbər bir risalənin məlumatına istinad edən insanın rükn olmayan bir vacib hissəni əskiltməsi namazı batil etmir. Həmçinin, əgər məsələ ilə bağlı məlumatsızlıq səbəbi ilə (hərçənd təqsir ucbatından olsa da) sübh, məğrib və işa namazlarının Həmd və surəsini ahəstə səslə oxuyarsa, yaxud zöhr və əsr namazlarının Həmd və surəsini uca səslə oxuyarsa və ya üçüncü və dördüncü rükətlərdə təsbihat-i ərbəəni uca səslə oxuyarsa, ya da səfərdə zöhr, əsr və işa namazlarını dördrükətli namaz kimi qılarsa, namazı doğrudur.

Məsələ 1410. Əgər vacib namazda rükuya çatdıqdan sonra öncəki rükətin iki səcdəsini unutduğunu xatırlayarsa, vacib ehtiyata əsasən, namazı batildir. Lakin əvvəlki rükətin bir səcdəsini unutduğunu xatırlayarsa, namazı doğrudur və ehtiyata əsasən, namazdan sonra səcdəsinin qəzasını etməsi vacibdir.[170]

Əgər rükuya çatmazdan öncə xatırlayarsa, geri qayıtmalı və səcdəni, yaxud səcdələri yerinə yetirməli, sonra ayağa qalxaraq Həmd və surəni, yaxud təsbihat-i ərbəəni oxumalı və namazı başa çatdırmalı, namazdan sonra isə, müstəhəb ehtiyata əsasən, yersiz ayağa qalxmağa (qiyama) görə səhv səcdəsi etməlidir.

Məsələ 1411. Əgər “Əs-səlamu əleyna”, yaxud “Əs-səlamu əleykum” deməmiş sonuncu rükətin iki, yaxud bir səcdəsini etmədiyini xatırlayarsa, səcdəni, yaxud səcdələri yerinə yetirməli, sonra təkrarən təşəhhüdü oxumalı və namazın salamını deməlidir.

Məsələ 1412.Əgər namazın salamından sonra namaz əsnasında istər qəsdən, istər səhvən baş verəcəyi təqdirdə namazı batil edən bir hərəkətə yol verərsə (məsələn, arxasını qibləyə çevirərsə, yaxud dəstəmazı pozularsa, ya da namazın surəti pozularsa) və həmin hərəkətdən sonra sonuncu rükətin iki səcdəsini etmədiyini xatırlayarsa, namazı batildir, bir səcdəsini etmədiyini xatırladığı halda isə namazı doğrudur və ehtiyata əsasən, səcdənin qəzasını etməsi vacibdir.[171]

Əgər istər qəsdən, istərsə səhvən edilməsi namazı batil edən bir hərəkətə yol verməzdən öncə sonuncu rükətin iki, yaxud bir səcdəsini etmədiyini xatırlayarsa, unutduğu iki və ya bir səcdəni etməli, sonra təkrarən təşəhhüd oxumalı və namazın salamını deməlidir və vacib ehtiyata əsasən, yersiz dediyi salama görə səhv səcdəsi etməlidir.

Əgər qısa danışıq kimi qəsdən yerinə yetirilməsi namazı batil edən, lakin səhvən edilməsi batil etməyən bir hərəkətə yol verdikdən sonra sonuncu rükətin bir, yaxud iki səcdəsini unutduğunu xatırlayarsa, öncəki halda olduğu kimi unutduğu bir, yaxud iki səcdəni yerinə yetirməli, sonra təkrarən təşəhhüd oxumalı və namazın salamını deməli və vacib ehtiyata əsasən, yersiz dediyi salama görə səhv səcdəsi etməli, həmçinin səhvən baş verən danışığa görə də, vacib ehtiyata əsasən, səhv səcdəsi etməlidir.

Məsələ 1413. Əgər namazın salamından sonra sonuncu rükətin təşəhhüdünü oxumadığını xatırlayarsa, namazı doğrudur və geri qayıdaraq təşəhhüdü yenidən oxumasına gərək yoxdur. Müstəhəb ehtiyata əsasən isə unudulmuş təşəhhüdün qəzasını yerinə yetirməlidir. Lakin unudulmuş təşəhhüdə görə səhv səcdəsinin edilməsi vacibdir və bu məsələdə namaz qılanın namazın salamından sonra istər qəsdən, istərsə səhvən edilməsi namazı batil edən bir hərəkətə yol verib-verməməsinin fərqi yoxdur.[172]

Məsələ 1414. Əgər namazın salamından öncə namazın sonundan bir rükətini, yaxud daha artığını qılmadığını xatırlayarsa, unutduğu hissəni yerinə yetirməlidir.

Məsələ 1415. Əgər namazın salamından sonra namazın sonundan bir rükətini, yaxud daha artığını qılmadığını xatırlayarsa, namaz əsnasında istər qəsdən, istərsə səhvən yerinə yetirilməsi namazı batil edən bir hərəkətə yol verərsə (məsələn, arxasını qibləyə çevirərsə, yaxud dəstəmazı batil olarsa və ya namazın surəti pozularsa), namazı batildir. Qəsdən və səhvən edilməsi namazı batil edən bir hərəkətə yol vermədiyi təqdirdə isə dərhal unutduğu hissəni yerinə yetirməli və artıq salama görə, lazım ehtiyata əsasən, səhv səcdəsi eməlidir.

Məsələ 1416. Əgər namaz qılan namaz əsnasında, yaxud namazdan sonra dəstəmazı, qüslü, yaxud təyəmmümünün batil olduğunu və ya dəstəmazsız, qüslsüz, yaxud təyəmmümsüz namaz qıldığını başa düşərsə, şəri vəzifəsinə uyğun olaraq dəstəmaz, yaxud qüsl və ya təyəmmümlə namazı yenidən qılmalı, vaxtı keçdiyi təqdirdə isə qəzasını qılmalıdır.

Məsələ 1417. Əgər namaz qılan namazdan sonra namazı bütövlüklə vaxtından öncə qıldığını başa düşərsə, onu təkrarən qılmalı, vaxtı keçdiyi təqdirdə isə qəzasını qılmalıdır və bu məsələdə namazı vaxtının çatdığına dair yəqinlik, arxayınlıq, yaxud bəyyinə şahidlik[173]
kimi mötəbər bir dəlilə əsasən qılması ilə bunun qəflət, unutqanlıq, səhlənkarlıq, yaxud məsələ ilə bağlı məlumatsızlıq ucbatından baş verməsi arasında bir fərq yoxdur.

Məsələ 1418.Əgər 894-cü məsələdə bəyan edilən şəri üsullardan hər hansı biri əsasında insan üçün namaz vaxtının başlaması sübuta yetərsə və o, namaza başlayarsa:

1) Namaz əsnasında səhv etdiyini və namazın vaxtının hələ başlamadığını başa düşərsə (hərçənd, bir neçə andan sonra namazın vaxtı başlasa belə), namazı batildir.

2) Namaz əsnasında namazın vaxtının artıq başlaması, yoxsa bir neçə andan sonra başlayacağı arasında şəkkə düşərsə, namazı batildir.

3) Namaz əsnasında namaz vaxtının onun namaza başlamasından sonra çatdığını başa düşərsə, belə ki, başa düşdüyü zaman namazın vaxtı artıq başlamış olarsa, namazı doğrudur.

4) Namaz əsnasında namazın vaxtının artıq başladığına əmin olduğu halda namazın qıldığı hissəsinin vaxt daxilində olub-olmadığı ilə bağlı şəkkə düşərsə, namazı doğrudur.

5) Namazdan sonra namaz vaxtının o namazda ikən başladığını başa düşərsə, namazı doğrudur.

6) Namazın başa çatmasından sonra namazı vaxtında, yoxsa vaxtından öncə qılması ilə bağlı şəkk edərsə, şəkk zamanı namazın vaxtı başlamış olduğu təqdirdə namazı doğrudur.

Məsələ 1419. Əgər insan namaz vaxtının başladığına dair yəqinlik, yaxud arxayınlıq hasil etmək kimi mötəbər şəri üsula əsaslanaraq namaz qılmalı olduğunu başa düşməsə və qəflət halında namaz qılarsa:

1) Namazdan sonra namazı bütövlüklə öz vaxtında qıldığını başa düşərsə, namazı doğrudur.

2) Namazdan sonra vaxtın o namazda ikən başladığını başa düşərsə, namazı batildir və həmin namazı təkrarən qılmalıdır.

3) Namazın başa çatmasından sonra onu vaxtında, yoxsa vaxtından öncə qıldığına şəkk edərsə, yaxud namazı bötüvlüklə, yoxsa bir hissəsini öz vaxtında qıldığına şəkk edərsə, namazı doğrudur.

4) Namaz əsnasında hələ vaxtın çatmadığını başa düşərsə, hərçənd bir neçə an sonra namaz başlasa belə, onun namazı batildir.

5) Namaz əsnasında vaxtın artıq başladığı, yoxsa bir neçə an sonra başlayacağı ilə bağlı şəkkə düşərsə, namazı batildir.

6) Namaz əsnasında vaxtın onun namaza başlamasından sonra çatdığını, ancaq namazın bir hissəsini (hərçənd az bir hissə olsa belə) vaxtından öncə qıldığını başa düşərsə, namazı batildir.

Məsələ 1420. Əgər insan namaz vaxtının başlayıb-başlamadığına şəkk edirsə, ancaq vaxtın başladığını ümid edərək rəcaən namazı qılarsa və namazdan sonra həqiqəti araşdırarsa:

1) Namazı bütövlüklə şəriətdə onun üçün müəyyən edilmiş vaxt ərzində qıldığını başa düşərsə, namazı doğrudur.

2) Namazı bütövlüklə, yaxud onun bir hissəsini vaxtından öncə qıldığını başa düşərsə, namazı batildir.

3) Namazı vaxtında, yoxsa vaxtından əvvəl qıldığı aydınlaşmasa, namazı batildir.

Məsələ 1421. Əgər namaz qılan namazını arxası qibləyə, yaxud qiblədən 90 dərəcə və ya daha artıq fərqli bir istiqamətə qıldığını başa düşərsə, vaxt başa çatmadığı təqdirdə (hərçənd, birrükətlik vaxt qalsa belə) onu təkrarən qılmalıdır.Əgər vaxt keçmişdirsə, tərəddüddə olduğu və qibləni tapmaqda səhlənkarlıq etdiyi, yaxud hökmü bilmədiyi və bu məlumatsızlıqda üzürlü olmadığı, əksinə müqəssir hesab edildiyi təqdirdə namazın qəzası ona vacibdir, əks təqdirdə isə vacib deyil.

Məsələ 1422.Əgər namaz qılan namazını üzü qibləyə qılmadığını, ancaq qiblədən əyilmənin qiblənin sağ, yaxud sol tərəfinədək (90 dərəcə) çatmadığını  başa düşərsə, qiblədən sapmaqda üzürlü hesab edilmədiyi, məsələn, qiblə istiqamətinin axtarışında səhlənkarlığa yol verdiyi, yaxud şəriətin bununla bağlı göstərişini bilmədiyi və məlumatsızlıqda üzürlü olmadığı, müqəssir cahil hesab edildiyi təqdirdə, vacib ehtiyata əsasən, namazı vaxtında, yaxud vaxtı başa çatdıqdan sonra təkrarən qılmalıdır. Üzürlü olduğu təqdirdə isə namazı vaxtı ərzində təkrarən qılmasına, yaxud vaxtı başa çatdıqdan sonra qəzasını qılmasına gərək yoxdur.


[167] Məsələn, insanın vaxt geniş ikən namaz əsnasında başqa bir şəxslə qərarlaşdırdığı bir işi, görüşü xatırlaması və namazın başa çatdırılmasının onun həmin işə, görüşə gecikməsinə səbəb olması kimi.
[168] Yəni namazın istənilən yerində. Tərc.
[169] Yəni nə qədər ayırd etməyə çalışsa da, nəticədə ehtimallarından hər hansı birinin doğruluq dərəcəsi digərindən artıq olmayan. Tərc.
[170] Müstəhəb ehtiyata əsasən, səcdəni unutduğuna görə səhv səcdəsi də etməlidir. Daha ətraflı şərh unudulmuş səcdə və səhv səcdəsi mövzusunda veriləcəkdir.
[171] Müstəhəb ehtiyata əsasən, səhv səcdəsi də etməlidir.
[172] Unulmuş səcdə və təşəhhüdün qəzası ilə bağlı digər hökmlər əlaqədar mövzuda izah ediləcəkdir.
[173] Bəyyinə şahidlik iki adil kişinin şahidliyi deməkdir. Tərc.
Namazda şəkk halları → ← NAMAZI POZAN HAL VƏ HƏRƏKƏTLƏR
العربية فارسی اردو English Azərbaycan Türkçe Français