ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

MÜSTƏHƏB NAMAZLAR → ← CÜMƏ NAMAZI

AYAT NAMAZI

AYAT NAMAZI
Bəzi təbii hadisələrin baş verməsi nəticəsində mükəlləfə “ayat (əlamətlər) namazı” adlandırılan bir namazı qılmaq vacib olur. Bu fəsildə ayat namazının özünəməxsus hökm və şərtləri bəyan ediləcəkdir.

Ayat namazının vacib olduğu hallar
Məsələ 1803. Qılınma qaydası qarşıda izah ediləcək ayat namazı üç halda vacib olur:
1) Günəş tutulması;
2) Ay tutulması; (hətta Günəşin və ya Ayın kiçik bir hissəsi tutulsa və kimsə bundan qorxmasa belə)
3) Zəlzələ; (vacib ehtiyata əsasən, hətta kimsə qorxmasa belə).
İldırım, qarayel, qırmızı külək və s. səmavi əlamətlərin təzahürü zamanı insanların böyük bir qismi qorxuya düşdükdə, həmçinin, yer çökməsi, dağ sürüşməsi kimi insanların əksəriyyətini qorxuya salan geoloji hadisələr baş verdikdə, müstəhəb ehtiyata əsasən, ayat namazı qılınmalıdır.
Məsələ 1804. Ayat namazının qılınmasını vacib edən hal və amillərin baş verməsi yəqinlik, iki adil şəxsin şahidliyi, yaxud insanda arxayınlıq oyadan istənilən ağlabatan üsulla sabit olur. Buna əsasən, əgər insan elmi metodlarla Günəş, yaxud Ay tutulmasının zamanını bilən şəxslərin məlumatı əsasında Günəş və ya Ay tutulmasının baş verdiyinə yəqinlik, yaxud arxayınlıq hasil edərsə, ayat namazı qılmalıdır. Həmçinin, əgər mütəxəssislər gələcəkdə müəyyən bir vaxtda Günəş, yaxud Ay tutulması baş verəcəyinə və müəyyən müddət davam edəcəyinə dair məlumat verərlərsə və insan onların sözlərinə əmin olarsa, bu əminlik əsasında hərəkət etməlidir.
Məsələ 1805.Əgər mükəlləf ayat namazının vacib olduğu halların birinə deyil, bir neçəsinə şahid olarsa, onların hər biri üçün ayrıca bir ayat namazı qılmalıdır. Məsələn, əgər Günəş tutularsa və zəlzələ də olarsa, iki ayat namazı qılmalıdır.
Məsələ 1806. Ayat namazının vacib olduğu hallar hansı ərazidə baş verər və hiss edilərsə, yalnız həmin yerin əhalisi ayat namazı qılmalıdır, bu əlaməti hiss etməyən digər məntəqələrin əhalisinə isə, hərçənd həmin məntəqələr hadisənin baş verdiyi məntəqəyə bağlı, yaxud onun qonşuluğunda və yaxınlığında yerləşsə belə, vacib olmur.

Ayat namazının vaxtı
Məsələ 1807.Günəş tutulması və Ay tutulması üçün qılınan ayat namazının vaxtı Günəşin, yaxud Ayın tutulmağa başlaması ilə başlayır və Günəş, yaxud Ay təbii vəziyyətinə qayıdanadək davam edir (hərçənd, daha yaxşı olar ki, ayat namazının qılınması Günəş və ya Ay diskiyenidən görünməyə başlayanadək(1) təxirə salınmasın). Lakin ayat namazının başa çatdırılmasını Günəş vəya Ay diskinin yenidən görünməyə başlamasından sonrayadək təxirə salmaq olar. Buna əsasən, insan ayat namazını onun əvvəlindən bir hissəsini Günəş, yaxud Ay tutulmasının baş verdiyi vaxt ərzində, qalan hissəsini isə Günəş, yaxud Ay tutulması başa çatdıqdan sonra yerinə yetirmək surəti ilə qıla bilər.
Məsələ 1808. Əgər insan ayat namazını qılmağı Günəş, yaxud Ay yenidən görünməyə başlayanadək təxirə salarsa, əda niyyəti ilə qılmasına əngəl yoxdur. Lakin açılma tamamilə başa çatdıqdan sonra namaz qəza olur və onu qəza ayat namazı niyyəti ilə qılmaq lazımdır.
Məsələ 1809.Əgər Günəş, yaxud Ay tutulmasının müddəti bir rükət namaz qılmaq üçün kifayət edəcək qədər, yaxud daha az olarsa, insan ayat namazını əda niyyəti ilə qılmalıdır. Həmçinin, əgər sözügedən təbiət hadisələrinin baş vermə müddəti daha artıq olarsa, ancaq bir şəxs namazı vaxtın başa çatmasına bir rükət qılmaq üçün kifayət edəcək qədər, yaxud daha az zaman qalanadək təxirə salarsa, bu halda da ayat namazı əda niyyəti ilə qılınmalıdır.
Məsələ 1810. Zəlzələ, ildırım və bu qəbildən olan təbiət hadisələri baş verdikdə və insan ehtiyatən ayat namazı qılmaq istədikdə (bu ehtiyat zəlzələ xüsusunda vacib, digər hallarda isə müstəhəb ehtiyatdır) əgər vaxt geniş olarsa, ayat namazını dərhal qılmasına gərək yoxdur. Bir çox zəlzələ hallarında olduğu kimi vaxt az olarsa, ayat namazını dərhal, ürfün nəzərində təxirə salma hesab edilməyəcək qədər tez qılmalıdır. Əgər namazı sözügedən təbiət hadisəsinin baş verdiyi vaxt sona çatanadək təxirə salarsa, ayat namazını qılmaq ona vacib deyil. Lakin müstəhəb ehtiyat onu daha sonra əda və ya qəza niyyəti olmadan qılmasını tələb edir.

Ayat namazının qılınma qaydası
Məsələ 1811.Ayat namazı iki rükətdir, hər rükətində beş rüku vardır və iki qayda qılına bilər:
Birinci qayda: Niyyətdən sonra təkbirət əl-ehram demək, bir dəfə Həmd surəsini və başqa bir bütöv surəni oxumaq, rükuya getmək və rükudan qalxdıqdan sonra təkrarən Həmd və daha bir bütöv surəni oxumaq, sonra yenidən rükuya getmək və bunu beş dəfə təkrarlamaq, beşinci rükudan qalxdıqdan sonra isə iki səcdə etmək, daha sonra ayağa qalxaraq ikinci rükəti də birinci rükət kimi qılmaq, sonda təşəhhüd oxumaq və salamı demək lazımdır.
İkinci qayda: Niyyət, təkbirət əl-ehram və Həmd surəsini oxuduqdan sonra bir surənin ayələrini beş yerə bölmək və hər rükudan öncə bir ayə və ya daha artıq hissəni oxumaq lazımdır. Rükulardan öncə bir bütöv ayənin bir hissəsini də oxumaq olar, ancaq lazım ehtiyata əsasən, həmin hissə bitkin mənalı cümlə olmalıdır. Həmçinin, vacib ehtiyata əsasən, surənin əvvəlindən başlamaq, habelə, lazım ehtiyata əsasən, ilk rükudan öncə “Bismillahir-rəhmanir-rəhim” deməklə kifayətlənməmək(2) lazımdır. Qeyd edilən məqamları nəzərə alaraq ayəni oxuduqdan sonra rükuya getmək, sonra rükudan qalxaraq Həmd surəsini oxumadan, həmin surənin ikinci hissəsini oxuyub yenə rükuya getmək və bu minvalla beşinci rükuyadək surəni başa çatdırmaq lazımdır.
Məsələn, Həmd surəsindən sonra Qədr surəsini oxumaq istəyən şəxs belə etməlidir:
Niyyət, təkbirət əl-ehram və mübarək Həmd surəsini oxuduqdan sonra: “Bismillahir-rəhmanir-rəhim. İnna ənzəlnahu fi ləylətil-qədr”, – deməlidir.
Sonra rükuya getməli və ardınca ayağa qalxaraq: “Və ma ədrakə ma ləylətul-qədr”, – deməlidir.
Sonra yenidən rükuya getməli və rükudan sonra ayağa qalxaraq: “Ləylətul-qədri xayrun min əlfi şəhr”, - deməlidir.
Sonra yenə də rükuya getməli və rükudan qalxaraq: “Tənəzzəlul-məlaikətu vər-ruhu fiha biizni rəbbihim min kulli əmr”, - deməlidir.
Daha sonra rükuya getməli və ayağa qalxaraq: “Səlamun hiyə hətta mətləil-fəcr”, - deməlidir.
Bundan sonra beşinci rükuya getməli və başını qaldırdıqdan sonra iki səcdə etməli, ikinci rükəti də birinci rükət kimi qılmalı və onun ikinci səcdəsindən sonra təşəhhüd oxuyaraq namazın salamını deməlidir. Həmçinin, surəni beşdən az hissəyə də bölə bilər, ancaq surəni tamamladıqda növbəti rükudan öncə qiyam vəziyyətində “Həmd”i oxumalı, daha sonra surəni oxumalıdır.
İxlas surəsi üçün misal: Əgər insan ayat namazında İxlas surəsini oxumaq istəyirsə, vacib ehtiyata əsasən, bir hissədə “Bismillahir-rəhmani-rəhim” deməklə kifayətlənə bilmədiyinə görə surəni başqa bir şəkildə beş hissəyə bölə bilər. Belə ki, hər hissə bitkin mənalı bir cümlə olmalıdır. Məsələn, surəni bu cür bölə bilər:
Birinci hissə - “Bismillahir-rəhmanir-rəhim. Qul huvəllahu əhəd”;
İkinci hissə - “Allahus-saməd”;
Üçüncü hissə - “Ləm yəlid”;
Dördüncü hissə - “və ləm yuləd”;
Beşinci hissə - “Və ləm yəkun ləhu kufuvən əhəd”.
Həmçinin, beşdən az hissəyə də bölə bilər, ancaq surəni başa çatdırdıqda növbəti rükudan öncə qiyam halında “Həmd”i oxumalıdır.
Məsələ 1812. Ayat namazının bir rükətində Həmd və surəni beş dəfə oxumaq, digər rükətdə isə “Həmd”i bir dəfə oxuyaraq surəni beş hissəyə bölmək də olar.

Ayat namazı ilə əlaqədar hökmlər
Məsələ 1813. Günəş və Ay tutulması ilə əlaqədar olaraq qılınan ayat namazı camaat namazı kimi qılmaq olar. Lakin, vacib ehtiyata əsasən, təvaf namazının və Günəş, yaxud Ay tutulmasından başqa səbəblə qılınan ayat namazının camaat namazı kimi doğru deyil.
Məsələ 1814.Əgər insan ayat namazında neçə rükət qıldığına dair şəkkə düşərsə və fikrini hər hansı bir nəticəyə gələ bilməzsə, namaz batildir. Ancaq əgər hansı rükətdə olduğunu güman edərsə, yaxud arxayınlıq və ya yəqinlik hasil edərsə, ona uyğun hərəkət etməlidir.
Məsələ 1815.Əgər namaz qılan rükuların sayı ilə bağlı şəkkə düşərsə, dörd, yoxsa beş rüku etməsi arasında şəkk etməsi istisna olmaqla, digər hallarda ən az sayı əsas götürməlidir. Yeri keçdikdən sonra, məsələn, “Səmiəllahu limən həmidəh” deyərkən, yaxud səcdəyə gedərkən və ya səcdədə bu şəkkə düşərsə, bu hallarda şəkkinə etina etməməlidir. Ancaq əgər hələ həmin yerdədirsə və sonrakı hərəkətə keçməmişdirsə, yerinə yetirib-yetirmədiyinə şəkk etdiyi rükunu etməlidir.
Məsələ 1816.Əgər ayat namazında səhv səcdəsi tələb edən hallar baş verərsə, yaxud namaz qılan səcdəni unudar və yeri keçənədək xatırlamazsa, gündəlik namazlar üçün izah edilmiş hökmlərə əməl etməlidir və ümumiyyətlə, gündəlik namazlarda şəkk və səhv halları ilə əlaqədar hökmlər bu namaza da şamildir.
Məsələ 1817.Ayat namazının rükularının hər biri rükndür. Əgər qəsdən artırılar, yaxud azaldılarsa, namaz batildir. Həmçinin, əgər səhvən azaldılarsa, namaz batil olur. Səhvən artırıldığı təqdirdə isə namaz, vacib ehtiyata əsasən, batildir.
Məsələ 1818.Gündəlik namazlarda vacib, yaxud müstəhəb olan məqamlar ayat namazlarında da vacib, yaxud müstəhəbdir. Lakin ayat namazının azan və iqaməsi yoxdur və əgər camaatla qılınırsa, yaxşı olar ki, rəcaən (savab ümidi ilə) azan və iqamə yerinə üç dəfə “əs-səlat” deyilsin. Camaat namazı kimi qılınmadığı təqdirdə isə üç dəfə “əs-səlat” deyilməsinə dair göstəriş nəql olunmamışdır.
Məsələ 1819.Namaz qılanın ikinci, dördüncü, altıncı, səkkizinci və onuncu rükulardan öncə qunut tutması müstəhəbdir və təkcə onuncu rükudan öncə tutsa da, kafidir.
Məsələ 1820.Əgər mükəlləf Günəşin, yaxud Ayın tutulduğunu bilərsə və qəsdən, yaxud unutqanlıqdan ayat namazını vaxtı keçənədək qılmazsa, onun qəzasını qılması vacibdir və bu məsələdə Günəş, yaxud Ayın tam və qismən tutulması arasında heç bir fərq yoxdur. Əgər tam Günəş, yaxud Ay tutulması baş verərsə və mükəlləf bundan xəbərdar olduğu halda qəsdən vaxtı keçənədək ayat namazını qılmazsa, vacib ehtiyata əsasən, onun qəzasını qılmaq üçün qüsl etməlidir.
Məsələ 1821. Əgər tam Günəş, yaxud Ay tutulması baş verərsə və həmin vaxt insan bundan xəbərdar olmazsa, ayat namazının qəzasını qılmalıdır. Ancaq əgər Günəş, yaxud Ay qismən tutularsa və həmin vaxt insanın bundan xəbəri olmazsa, sonra (xəbər tutduqda) ayat namazının qəzasını qılmasına gərək yoxdur.
Məsələ 1822. Əgər bir dəstə insan Günəş, yaxud Ay tutulması ilə bağlı məlumat verərsə, mükəlləf onların məlumatı ilə şəxsən yəqinlik, yaxud arxayınlıq hasil etməzsə, onların arasında verdiyi məlumat şəriət tərəfindən mötəbər sayılan şəxslər, məsələn, iki adil şəxs (şahid) olmazsa, mükəlləf ayat namazını qılmazsa və sonradan onların doğru söylədikləri məlum olarsa, bu halda tam Günəş, yaxud Ay tutulması baş verdiyi təqdirdə ayat namazının qəzasını qılmalıdır. Lakin əgər Günəş, yaxud Ay qismən (hissəli) tutularsa, ayat namazının qəzasını qılmaq ona vacib deyil. Bu hökm adil olub-olmadığı məlum olmayan, lakin sonradan adil olduqları məlum olan iki şəxsin Günəş, yaxud Ay tutulmasından xəbər verdiyi hala da şamildir.
Məsələ 1823. Bir neçə ayat namazının qəzasını qılması vacib olan şəxs, istər onların hamısı ona eyni hadisə ilə əlaqədar vacib olsun, məsələn, üç dəfə Günəş tutulması baş versin və o, həmin hadisələr üçün ayat namazını qılmasın, istərsə bir neçə müxtəlif hadisə ilə əlaqədar, məsələn, bir dəfə Günəş tutulması, bir dəfə Ay tutulması və s. üçün vacib olsun və o, həmin namazları qılmasın, onların qəzasını qılarkən məhz hansı üçün olduğunu müəyyən etməsinə gərək yoxdur.
Məsələ 1824.1810-cu məsələdə qeyd edildiyi kimi mükəlləf zəlzələ baş verdikdən sonra ayat namazını dərhal, insanların nəzərində təxirə salma hesab edilməyəcək qədər tez qılmalıdır. Ancaq əgər hər hansı bir səbəblə zəlzələ üçün ayat namazını qılmağı zəlzələ hadisəsindən bilavasitə sonrakı zaman dilimi keçənədək təxirə salarsa, ayat namazını qılmaq ona vacib deyil, hərçənd müstəhəb ehtiyat onu daha sonra əda və qəza niyyəti olmadan qılmasını tələb edir.
Məsələ 1825.Mükəlləf Günəş tutulması, yaxud Ay tutulması üçün qıldığı ayat namazının batil olduğunu başa düşərsə, onu yenidən qılmalı, vaxtı keçdiyi təqdirdə isə qəzasını qılmalıdır. İnsan zəlzələ üçün qıldığı ayat namazının batil olduğunu başa düşərsə, zəlzələ hadisəsindən bilavasitə sonrakı zaman dilimi keçdiyi təqdirdə ayat namazının vacibliyi onun üçün qüvvədən düşür və onu yenidən qılması vacib deyil, hərçənd müstəhəb ehtiyat onu daha sonra əda və qəza niyyəti olmadan qılmasını tələb edir.
Məsələ 1826.Əgər bir qadın heyz, yaxud nifas halında ikən Günəş, yaxud Ay tutulması və ya zəlzələ baş verərsə, ayat namazı ona vacib deyil, bu halda ayat namazı qılmaq doğru deyil və qəzası da vacib deyil. Hərçənd, müstəhəb ehtiyata əsasən, paklandıqdan sonra rəcaən (savab ümidi ilə) Günəş, yaxud Ay tutulması səbəbi ilə qılınan ayat namazının qəzasını qılmalı,zəlzələ üçün qılınan ayat namazını isə əda və qəza niyyəti olmadan qılmalıdır.
Məsələ 1827. Əgər gündəlik namazın qılınma vaxtında insana ayat namazı da vacib olarsa, hər iki namazı qılmaq üçün vaxt olduğu təqdirdə istənilən birini öncə qıla bilər.Onlardan birini qılmaq üçünazvaxt qaldığı təqdirdə öncə onu qılmalı, hər ikisi üçü az vaxt qaldığı təqdirdə isə öncə gündəlik namazı qılmalıdır.
Məsələ 1828.Əgər gündəlik namazı qılarkən ayat namazı üçün az vaxt qaldığını başa düşərsə, gündəlik namaz üçün də az vaxt qaldığı təqdirdə onu başa çatdırmalı, sonra ayat namazını qılmalı, gündəlik namaz üçün az vaxt qalmadığı təqdirdə isə onu yarımçıq qoymalı və öncə ayat namazını, daha sonra gündəlik namazı qılmalıdır.
Məsələ 1829. Əgər ayat namazı əsnasında gündəlik namaz üçün az vaxt qaldığını başa düşərsə, ayat namazını yarımçıq qoymalı və namazı batil edən bir hərəkətə yol vermədən gündəlik namazı qılmalı, onu başa çatdırdıqdan sonra yenə də namazı pozan bir hərəkətə yol vermədən ayat namazının qalan hissəsini qaldığı yerdən davam etdirərək qılmalıdır.


(1) Burada və eləcə də qarşıdakı məsələlərdə Günəş və Ayın yenidən görünməyə başlaması deyərkən eyni zamanda qismən (hissəli) tutulmalarda tutulan hissənin yenidən görünməsi nəzərdə tutulur. Tərc.
(2) Yəni bəsmələ ilə yanaşı surənin ilk ayəsini, yaxud onun bitkin mənalı cümlə ola bir hissəsini də oxumaq lazımdır. Tərc.

MÜSTƏHƏB NAMAZLAR → ← CÜMƏ NAMAZI
العربية فارسی اردو English Azərbaycan Türkçe Français