İmam Zamanın (əccələllahu fərəcəh) tərəfindən yalandan səfirlik iddiası edənlər barəsində verilən suala cavab
Bismilləhir-Rahmənir-Rahim
Aliməqam mərcə Ayətullah uzma Seyyid Əli Hüseyni Sistaninin(sayəsi kəm olmasın) mübarək hüzuruna
Salamun aleykum
Hazırda bir sıra insanın və cərəyanın zühur halında olmasını müşahidə edirik. Bəziləri İmam Zamanın (əccələllahu-təala fərəcəh) səfiri olduğunu iddia edirlər, bəziləri isə daha böyük iddia ilə o Həzrətin özü olduğunu bildirirlər! Belə iddialar, fətva sahiblərindən və alimlərdən aydın və qəti bir cavabın olmadığı halda davam etməkdədir. Bu kimi insanlar,ümumxalq nəzərində düzgün meyarların olmadığından sui-istifadə edərəkpis məqsədlərini rahatlıqla həyata keçirirlər. Bunun səbəbi isə müxtəlif dövrlərdə yalnız zalım hakimlər tərəfindən xalqı qəsdən yanıltmaq, yoxsulluq və savadsızlıq olmuşdur. Əlbəttə, “Böyük qeybət”dövründə İmam Zamanın (əccələllahu-təala fərəcəh) dördüncü səfiri Əbul-Həsən Əli ibn Səmuridən sonra bu yalan iddiaların rüsvayçılığı aşkar oldu, lakin təəssüflər olsun ki, bəzi bu yalançı iddiaçıların hiyləgərliyi hələ də xalqa məlum deyildir. Ona görə də bu mövzuda bizim müəssisəyə çoxlu suallar göndərilir.
Özümüzə vacib bilirik ki, bütün mömin xalq və Əhli-beyt (əleyhimussəlam) dostları tərəfindən bu iddiaların cavabında olan nəzərlərinizi hüzurunuzdan sual edək. Ümidvarıq, elə bir qayda və meyarlar bəyan edəsiz ki, haqqı batildən ayırmaq yolu aydın olsunvə mömin insan belə iddiaların nə zaman təsdiq və ya rədd edilməsini bilsin.
İmam Məhdi (əccələllahu-təala fərəcəhuş-şərif) adına İxtisaslaşdırılmış Tədqiqatlar Mərkəzi
------------------------------------------------------
Bismilləhir-Rahmənir-Rahim
Rəvayət olunub ki, həzrət Əmirəl-möminin (əleyhissəlam) Kumeyl ibn Ziyad Nəxəiyə buyurduğu kəlamlardan birində belə bəyan edir: “İnsanlar üç qisimdirlər: Allahı tanıyan alim, nicat və qurtuluş tapmaq yolunu axtaran insan vəhər bir səsin arxasınca gedən, hər əsən küləklə öz yolunu dəyişən, elm nurundan heç bir bəhrə aparmayan və möhkəm dayağa sığınmayan şəxsiyyətsiz nadanlar.”
Qeybət əsrində ən mühüm vəzifələr:
İmam Zamanın (əccələllahu fərəcəhuş-şərif) qeybdə olduğu əsrdə möminlərin ən mühüm vəzifələrindən biri odur ki, o həzrətlə əlaqədar məsələlər, zühur əlamətləri və onunla rabitə saxlamaq yolları barəsində çox diqqət və ehtiyatla davransınlar. Çünki qeybət əsrində müşahidə edilən ən ağır giriftarlıq və fitnəgərlik nümunələrindən biri məhz bu kimi məsələlərlə bağlı olmuşdur.
Elm və din əhlinin libasını geymişbir çoxbidət və nəfsinə pərəstiş edəninsan özlərini o həzrətə nisbət vermişlər və xalqın pak fitrətindən, alimlərə nikbin münasibətindən, fərəc intizarını çəkməsindən və Əhli-beytə (əleyhimussəlam) mənəvi əlaqəsindən sui-istifadə edərək bir dəstəni öz tərəflərinə cəzb etmiş və batil məqsədlərini həyata keçirməyə nail olmuşlar. Onların iddialarının saxtakarlığı aşkara çıxdıqda isə, özləri və əksər ardıcılları artıq həlak olmuşlar.
Bir çox insan da ətraflı düşünmədən və götür-qoy etmədən bu kimi yalan iddialara və zəlalət bayraqlarına etimad edərək,onlara ürəkdən inanmış və öz gümanlarına görə doğru yol seçmişlər. Halbuki həqiqətdə şəxsiyyətsiz nadanlar qismindən olmuş və hidayətə, haqq yoluna istiqamətləndikdən sonra büdrəmiş və doğru yoldan sapmışlar. Onlar Həzrətə (əleyhissəlam) qovuşmaq üçün saxta bir yol seçmiş və bəzi hallarda yalan iddiaçıların birinin imamətinə iman gətirərək bu şərafətli hədisin buyurduğu insanlar sırasına daxil omuşlar: “Hər kəs öz imamını tanımadığı halda ölərsə, cahiliyyət ölümü ilə dünyadan getmişdir.”
Tarix təkrar olunur:
“Kiçik qeybət” əsrindən müasir zamana qədər dəfələrlə belə cərəyanlar baş vermişdir, hətta bəzi dövrlərdə eyni zamanda bir neçə nəfər imamət və səfirlik iddiası etmişlər. Belə ki, əgər bir şəxs bu cərəyanların tarixinə nəzər salıb onları mütaliə etsə, şübhəsiz böyük ibrət və bəsirət əldə etməklə bərabər, nəfspərəst qərəz sahiblərinin dünya malının az bir müqdarına çatmaq üçün utanmadan Allah-təalaya və Onun övliyasına (əleyhimussəlam) necə də cəsarətlə yalan nisbət vermələrinə heyrətlənəcəkdir. Həmçinin, onların ardıcılları barəsində təəccüb edəcəkdir ki, belə yalan iddalara necə tez inanmışlar, halbuki şübhələrlə qarşılaşdıqda düşünməyə və tələsməməyə ciddi tövsiyə olunmuş və dinlə bağlı məsələlərdə əsassız inamdan və xatircəmlikdən çəkinməyə dəvət edilmişlər. Çünki dini məsələlərdə xatircəm olmağa tələsməyin və sadəlövhlüyün nəticəsi əyri yola sarpmaq və islaholunmaz xətadır.
İmam Zamanın (əccələllahu fərəcəh) zühurunun əlamətləri:
Bilin ki, İmam Zamanın (əccələllahu fərəcəh) zühuru yetərli sübut, aydın yol, aşkar dəlillərlə yanaşı və Allah-təalanın xüsusi inayəti və nüsrəti ilə birgə olacaqdır. Belə ki, onun təsdiqi heç bir möminə gizli qalmayacaq və heç bir haqsevər onun yolundan sapmayacaqdır. Deməli, əgər bir şəxs zühur əlamətlərinin tətbiqində tələsik əməl etsə, özünü haqq yolundan azdırmışdır. Həqiqətən, Allah-təala heç vaxt bəndələrinin tələsməyi səbəbinə tələsməyəcəkdir.
Qeybət zamanında xalqın rücu etməli səlahiyyətli şəxslər:
Qeybət zamanında dini məsələlərlə bağlı xalqın rücu etməsinə layiq və səlahiyyətli olan şəxslər, elm və əməl meydanlarında sınaqdan çıxmış, nəfspərəstlikdən və azğınlıqdan uzaqqalan təqvalı alimlərdir. Necə ki, “Kiçik qeybət” dövründən indiyə qədər şiə məzhəbinin üsulu həmişə belə alimlərə müraciət etmək olmuşdur.
İmam Zamana (əccələllahu fərəcəh) qovuşmaq yolu:
Şübhəsiz o həzrətə itaət etmək və qovuşmaq yolu və onun razılığını qazanmaq qaydası budur ki, insan müqəddəs şəriətin hökmlərinə mültəzim olsun, fəzilətlərlə özünə zinət versin, pis və xoşagəlməz rəftarlardan uzaq olsun, öz əməllərini məşhur və tanınmış alimlərin, məzhəb müdafiəçilərinin və digər bəsirət sahiblərinin üslubuna tətbiq etsin ki, onlar Məsum imamların (əleyhimussəlam) dövründən indiyə qədər həmişə bu üsluba paybənd olmuşlar. Demək, hər kəs bu yolu əlahiddə bir tərzlə, yaxud qondarmavə bidət metodu ilə gedərsə, şübhəsiz özünü şəkk və tərəddüdə salmış, fitnələrə düçar etmiş, məqsədindən sapınmışdır.
Zühurun əlamətləri hədisləri və onların təfsiri:
Bunu da bilin ki, Məsum imamların (əleyhimussəlam) həyatı haqqında bəyan edilən bir sıra rəvayətlər kimi zühur əlamətlərini təfsilatla canlandıran rəvayətlər də nəql edilmişdir. Onlara əməl etmək üçün mütəxəssis və səlahiyyəti olan şəxslərə müraciət olunmalıdır ki, bütün rəvayətləri araşdırdıqdan sonra doğrunu səhvdən, “möhkəm”i (açıq-aydın məfhumu) “mütəşabih”dən (müxtəlif ehtimallı məfhumdan) ayırd edə bilsinlər və rəvayətlər arasında qarşılıqlı əkslik olduğu halda onların bəzilərini digərinə tərcih etsinlər.Amma rəvayətlərin təfsiri və etibarlılıq təyini üçün zənn və ehtimala əsaslanmaq səhihüslub deyildir. Həqiqətən, zənn əsla insanı haqqdan biniyaz etməz.
Zühurun əlamətləri barəsində rəvayətlər və iki dəstənin xətası:
Zühurun əlamətləri ilə bağlı rəvayətlərin tətbiqində iki qrup səhvə və xətaya yol vermişlər:
Birinci: belə rəvayətlərin tətbiqində – hərçənd hüsn-niyyətli olsalar belə – səhih və lazımi qaydaları riayət etmədən tələsən şəxslər. Bunlar böyük səhvlərə yol verdilər və özləri də bilmədən qərəzli və bədxah insanlar üçün yol açdılar. Əgər bir şəxs bu barədə tarixin səhifələrini mütaliə etsə, görəcəkdir ki, müxtəlif zamanlarda zühurun bəzi əlamətləri dəfələrlə tətbir edilmişdir. Lakin hər dəfə xətasının aşkar olmasına baxmayaraq,həmin əlamətləri bir daha tətbiq etmişlər.
İkinci: öz nəfslərini güdən qərəz sahibləri. Onların hər birinin öz ardıcıllarını aldatmaq metodu belə olmuşdur ki, tez inanan və sadəlövh insanları cəzb etmək üçün zəlalət bayrağını ucaltmış, zühur əlamətləri haqqında zəif və mütəşabeh rəvayətlər məcmusunu toplamış,onları təkəllüf və güc ilə özlərinə və öz cərəyanlarına tətbiq etmişlər. Sonra xalqı puç arzulara və batil iddialara ümidvar edərək, onların qəlbinə şübhələrsəpmişlər.
Həzrət Əmirəl-möminin (əleyhissəlam) buyurur: “Şübhədən və haqq ilə batili bir-birinə qatmaqdan qorx. Çünki fitnə, neçə vaxtlar öncədən öz qara pərdələrini genişləndirib və onun zülməti gözləri örtüb.”
Həmçinin buyurur:“Həqiqətən,fitnələr üz gətirən zaman, müştəbeh olurlar(insanları səhvə salırlar) və aradan getdikdə,aşkara çıxırlar (insanları ayıldırlar).Üz gətirdikdəməlum olmurlar, ötüb getdikdə isə (mahiyyətləri üzə çıxır və)tanınırlar.”
Allah-təaladan diləyirik ki, bütün möminləri qara fitnələrin şərrindən və batil nəfsani istəklərdən qorusun və onları İmam Zamanın (əleyhissəlam) zühurunun həqiqi intizarçılarından etsin. Şərafətli hədisdə belə deyilib: “Hər kəs bizim fərəc intizarımızda dünyadan getsə, Ali-Muhəmmədin Qaimi (sallallahu əleyhi və alih) ilə qiyam edən şəxslə eyni dərəcədədir.”
Nəcəfi Əşrəf, Aliməqam mərcə Ayətullah uzma Seyyid Əli Hüseyni Sistaninin (sayəsi kəm olmasın) dəftərxanası – şəri suallara cavab şöbəsi
Hicri-qəməri 1428 -ci il, səfər ayının 12-i
Hicri-qəməri 1428 -ci il, səfər ayının 12-i