ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ

NAMAZIN HÖKMLƏRİ → ← MÜSTƏHƏB QÜSLLƏR

TƏYƏMMÜM



TƏYƏMMÜM

Yeddi yerdə dəstəmaz və qüsl əvəzinə təyəmmüm edilməlidir.


1.
Suyun olmamasi.
Məsələ 637: İnsan abad bir yerdə olarsa, dəstəmaz və ya qüsl suyu tapmaq üçün ümidini kəsilincəyə qədər axtarmalıdır. Əgər səhrada yaşayırsa (çadırlarda yaşayanlar kimi) hökm eynidir. Əgər insan səhrada səfər halında olsa, yolda və mənzil saldığı yerlərdə su axtarmalıdır. Əgər həmin yer dərə-təpəli olsa və ya ağacların çoxluğundan oraya getmək çox çətindirsə, ehtiyat-lazıma əsasən qədim zamanlarda yayla atılan bir oxun uçuş məsafəsi qədər dörd tərəfə su axtarmaq üçün getməlidir. Düz yerdə isə hər tərəfə iki ox uçuşu ölçüsündə axtarış etməlidir.
Məsələ 638: Əgər dörd tərəfdən bir qismi düzənlik, digər yerlər isə eniş-yoxuşlu olsa, gərək düzənlik tərəflərdə iki ox, düzənlik olmayan tərəfdə isə bir ox miqdarında axtarış aparılsın.
Məsələ 639: Su olmadığına yəqin etdiyi yerləri axtarmaq lazım deyil.
Məsələ 640: Namaz vaxtı dar olmayan və su tapmaq üçün vaxtı olan şəxsin axtarması lazım gələn məsafədən bir az uzaqda su olduğuna yəqini varsa və ya əmindirsə, su əldə etmək üçün oraya getməsi lazımdır. Amma oraya getmək camaat arasında “suyu yoxdur” deyilə biləcək qədər uzaqdırsa, getməsi lazım deyil. Əgər orada su olduğunu guman edirsə, oraya getməsi lazım deyil.
Məsələ 641: İnsanın şəxsən özünün su axtarmağa getməyi vacib deyildir. Su axtardığı və sözünə inandığı şəxsin də deməsi ilə kifayətlənə bilər.
Məsələ 642: Əgər səfər yüklərinin arasında, ya mənzilində, yaxud da karvanda su olmasına ehtimal versə, gərək o qədər axtarış aparsın ki, suyun olmamasına yəqinlik hasil olsun və ya onu tapmağa ümidi qalmasın. Amma əvvəllər bir yerdə su olmayıbsa və sonradan su tapılmasına ehtimal versə, axtarış lazım deyil.
Məsələ 643: Əgər namaz vaxtı daxil olmamışdan əvvəl axtarış aparıb su tapmasa, namaz vaxtına qədər həmin yerdə qalsa və su tapacağına ehtimal versə, ehtiyat-müstəhəb budur ki, ikinci dəfə su axtarsın.
Məsələ 644: Əgər namazın vaxtı daxil olandan sonra axtarış edib su tapmasa və növbəti namazın vaxtına qədər orada qalsa, su tapmağına ehtimal versə, ehtiyat-müstəhəb budur ki, yenidən su axtarmağa getsin.
Məsələ 645: Əgər namaz vaxtı dar olsa, yaxud oğrudan və ya yırtıcıdan qorxsa, həmçinin su axtarmağın çətinliyinə görə onun kimilər adətən bu çətinliyə dözə bilməsə, axtarış aparması lazım deyil.
Məsələ 646: Əgər namaz vaxtı daralıncaya qədər su axtarmağa getməsə, axtarış etdiyi halda su tapa biləcəkdisə günah etmişdir. Amma təyəmmümlə qıldığı namaz səhihdir.
Məsələ 647: Su tapa bilməyəcəyinə əmin olan bir şəxs su axtarmağa getməyib təyəmmümlə namaz qılarsa və namazdan sonra su axtardığı təqdirdə tapa biləcəyini bilərsə, ehtiyata əsasən dəstəmaz alıb o namazı yenidən qılmalıdır.
Məsələ 648: Əgər axtarış apardıqdan sonra su tapa bilməsə və tapacağından ümidini kəsərək təyəmmümlə namaz qıldıqdan sonra, axtardığı yerdə suyun olduğunu bilərsə namazı səhihdir.
Məsələ 649: Namaz vaxtının dar olduğuna əmin olan bir şəxs axtarış etmədən təyəmmümlə namaz qılarsa və namazdan sonra namaz vaxtı keçməmiş axtarış üçün vaxt qaldığını bilərsə, ehtiyat-vacibə əsasən namazını yenidən qılmalıdır.
Məsələ 650: Əgər dəstəmazlı olsa və dəstəmazını pozduğu təqdirdə, artıq su tapa bilməsinin mümkün olmadığını, yaxud dəstəmaz ala bilməməsini bilərsə, dəstəmazını pozmaması mümkündürsə ehtiyat-vacibə əsasən dəstəmazını pozmamalıdır, istər vaxt daxil olmazdan əvvəl olsun, istərsə də daxil olandan sonra. Amma qüsl etməsinə qadir olmayacağını bilsə də xanımı ilə yaxınlıq edə bilər.
Məsələ 651: Yalnız dəstəmaz və ya qüslə kifayət edəcək qədər suyu olan şəxs onu tökdükdə su tapa bilməyəcəyini bilərsə, namaz vaxtı daxil olduqda o suyu tökməsi haramdır. Ehtiyat-vacibə əsasən namaz vaxtından qabaq da o suyu tökməsin.
Məsələ 652: Su tapa bilməyəcəyini bilən şəxs dəstəmazını batil edərsə, yaxud malik olduğu suyu dağıtsa, xilaf iş görməsinə baxmayaraq
təyəmmümlə namazı səhihdir. Lakin ehtiyat-müstəhəb budur ki, o namazın qəzasını qılsın.


2.
Suyu əldə edə bilməmək:
Məsələ 653: Qocalıq, qüdrətsizlik, oğru, ya vəhşi heyvanların qorxusundan və bunlar kimi, yaxud quyudan su çəkmək üçün bir vasitə olmamağından su əldə edə bilməsə, gərək təyəmmüm etsin.
Məsələ 654: Əgər suyu quyudan çəkmək üçün ip, vedrə və s. kimi vasitələrə ehtiyac duyulsa və onları almağa, yaxud kirayə etməyə məcbur olsa, hətta onların qiyməti adi vaxtdakı qiymətdən bir neçə dəfə baha olsa da onu almalıdır. Həmçinin, əgər suyu bir neçə qat baha qiymətə satsalar da eyni qayda ilə (yəni almalıdır). Amma onları almaq üçün çoxlu pul istəsələr, belə ki, alanın vəziyyətinə zərər yetirsə, alması vacib deyil.
Məsələ 655: Əgər su hazırlamaq üçün əlacsız olaraq borc etməli olarsa, gərək borc etsin. Amma borcunu verə bilməyəcəyini bilən, yaxud güman edən şəxsə borc etmək vacib deyildir.
Məsələ 656: Əgər quyu qazmağın böyük əziyyəti olmasa, gərək su əldə etmək üçün quyu qazsın.
Məsələ 657: Əgər bir şəxs minnətsiz su bağışlayırsa, gərək onu qəbul etsin.


3.
Suyun işlədilməsindən törənən qorxu:
Məsələ 658: Əgər su işlətmək insanın ölümünə səbəb olsa, ya su işlətmək vasitəsilə onda bir eyib və ya xəstəlik əmələ gələrsə, ya xəstəliyi uzanarsa və ya şiddətlənərsə, yaxud çətinliklə müalicə olacaqsa, gərək təyəmmüm etsin. Amma suyun zərərini dəf edə bilsə, məsələn, suyu isitmək kimi, gərək bu işi edib dəstəmaz alsın, qüsl lazım olan vaxtda da qüsl etsin.
Məsələ 659: Suyun ona zərər edəcəyini yəqin etməsi lazım deyil. Əgər zərər verəcəyini ehtimal etsə və bu, camaatın nəzərində düzgün bir ehtimal hesab edilərsə, təyəmmüm etməlidir.
Məsələ 660: Suyun ona zərər verəcəyini yəqin və ya ehtimal etdiyinə görə təyəmmüm edən şəxs namazdan əvvəl suyun ona zərəri olmadığını bilərsə təyəmmümü batildir. Əgər namaz qıldıqdan sonra bilərsə, namazı dəstəmaz və ya qüsl ilə yenidən qılmalıdır. Amma zərərə yəqin və ya ehtimal halında qüsl və ya dəstəmaz dözülməsi çox çətin ruhi nigarançılığa səbəb olsa, bu hal istisnadır.
Məsələ 661: Suyun ona zərəri olmayacağını yəqin edən şəxs qüsl edib və ya dəstəmaz aldıqdan sonra, suyun ona zərəri olduğunu bilərsə, dəstəmaz və ya qüslü batildir.


4.
Məşəqqət və çətinlik:
Məsələ 662: Su tapmasa, ya onu dəstəmaz və ya qüsl üçün istifadə etdiyi təqdirdə, adətən dözülə bilməyəcək dərəcədə zəhmətə düşəcəksə təyəmmüm edə bilər. Amma dözərək dəstəmaz alsa və ya qüsl etsə, onun dəstəmaz və qüslü səhihdir.


5.
Susuzluğu yatırmaq üçün suya ehtiyac olarsa:
Məsələ 663: Əgər susuzluğu dəf etmək üçün suya ehtiyac olarsa, təyəmmüm etməlidir. Bu səbəbə görə təyəmmümün caizliyi iki haldadır.
1-Suyu dəstəmaz və ya qüsl üçün istifadə edərsə, onun hal-hazırda və ya sonradan susuzluqdan ölməsinə, xəstələnməsinə və ya dözülməsi çox çətin olan bir əziyyətə səbəb olacağı təqdirdə;
2-Özündən başqa ona bağlı olan kəslər üçün qorxarsa, hətta qorunması vacib olan insanlardan olmasa belə: Əgər onun məişət işləri onun üçün əhəmiyyətli olarsa, istər şiddətli əlaqə (bağlılıq) üzündən olsun, ya onun tələf olması şəxsə maddi zərər vurduğundan ya da dost və ya qonşu kimi vəziyyətinə riayət edilməsi ürfən lazım olsa.
Bu iki haldan başqa da susuzluq təyəmmümün edilməsinə əsas ola bilər. Amma bu cəhətdən deyil. Bəlkə müsəlmanın canının qorunmasının vacibliyi baxımındandır. Yaxud onun ölüm, ya taqətsizliyinin mütləq insanın özünün də böyük bir çətinliyə düşməsi ilə nəticələnməsi baxımındandır.
Məsələ 664: Əgər dəstəmaz və qüsl üçün sahib olduğu pak su ilə yanaşı, özü içəcəyi qədər nəcis suyu da olsa, pak suyu içmək üçün
saxlamalı, namazı isə təyəmmümlə qılmalıdır. Amma ona bağlı olan şəxslər üçün su lazımdırsa, onlar susuzluqlarını yatırmaq üçün nəcis su içmək məcburiyyətində qalsalar belə, pak su ilə dəstəmaz ala və qüsl edə bilərlər. Hətta əgər onların suyun nəcisliyindən xəbərləri olmasa və ya nəcis su içməkdən çəkinməzlərsə, pak suyu dəstəmaz və ya qüsl üçün istifadə etməsi gərəkdir. Həmçinin nəcis suyu heyvana və ya həddi-büluğa çatmamış uşağa vermək istəsə də hökm belədir. Nəcis suyu onlara verib, pak su ilə dəstəmaz və qüsl etməlidir.


6.
Dəstəmaz və ya qüsl daha mühüm yaxud bərabər olan digər bir təkliflə zidd olarsa:
Məsələ 665: Əgər bədən və ya libası nəcis olan bir şəxsin az miqdarda suyu olsa, bununla dəstəmaz aldıqda və ya qüsl etdikdə, bədən və ya libasını yumağa su qalmayacaqsa, o su ilə bədən və libasını yumalı və təyəmmümlə namaz qılmalıdır. Lakin üzərinə təyəmmüm edəcəyi bir şey yoxdursa, suyu dəstəmaz və ya qüsl üçün istifadə etməli və nəcis bədən və ya libasla namaz qılmalıdır.
Məsələ 666: İstifadə edilməsi haram olan su, ya qabdan başqa bir su, ya qab yoxdursa, məsələn, su, ya qabı qəsbi olsa, bunlardan başqa su və qabı olmasa, gərək qüsl və dəstəmaz yerinə təyəmmüm etsin.


7.
Vaxtın dar olması:
Məsələ 667: Dəstəmaz və ya qüsl etməsi, namazın hamısının və ya bir miqdarının vaxtından sonra qılınmasına (qəzaya getməsinə) səbəb olacaq qədər vaxt dar olarsa, təyəmmüm etməlidir.
Məsələ 668: Əgər bilərəkdən namazı çox təxirə salsa və qüsl, yaxud dəstəmaz üçün vaxt olmasa günah etmişdir, amma onun təyəmmümlə namazı səhihdir. Ehtiyat-müstəhəb budur ki, o namazın qəzasını qılsın.
Məsələ 669: Dəstəmaz aldıqda və ya qüsl etdikdə namaz üçün vaxt qalıb-qalmayacağında şəkk edən şəxs təyəmmüm etməlidir.
Məsələ 670: Vaxtın darlığına görə təyəmmüm etmiş olan şəxs namazdan sonra dəstəmaz almağa imkanı olduğu halda, su əlindən
çıxıncaya qədər dəstəmaz almazsa, belə ki, vəzifəsi təyəmmüm etmək olduğu təqdirdə əvvəlki təyəmmümünü pozmamış olsa da, sonrakı namazlar üçün yenidən təyəmmüm etməlidir.
Məsələ 671: Suyu olan şəxs vaxtın darlığından təyəmmümlə namaza başlasa, namaz əsnasında o su əlindən getsə və vəzifəsi təyəmmüm olarsa, sonrakı namazlar üçün təyəmmüm etməsi yaxşı olmasına baxmayaraq sonrakı namazlar üçün ikinci dəfə təyəmmüm etməsi lazım deyil.
Məsələ 672: Əgər insanın dəstəmaz almağa, qüsl etməyə, namazın iqamə və qunut kimi müstəhəb işlərini etmədən namaz qılmağa vaxtı vardırsa, gərək qüsl etsin, ya dəstəmaz alsın və namazı müstəhəb işlərsiz yerinə yetirsin. Hətta surəni oxuyacaq qədər vaxtı olmasa belə, qüsl edib və ya dəstəmaz alıb namazını surəsiz qılmalıdır.

Təyəmmümün səhih olduğu şeylər

Məsələ 673: Torpağa, daşa, quma və kəsəyə təyəmmüm etmək səhihdir. Amma ehtiyat-müstəhəb budur ki, torpaq olduğu təqdirdə ayrı bir şeyə təyəmmüm etməsin. Əgər torpaq yoxdursa, torpaq adlana biləcək çox yumşaq quma, bu da mümkün olmasa kəsəyə, o da mümkün olmasa quma, o da olmadığı təqdirdə daşa təyəmmüm etsin.
Məsələ 674: Gəc və əhəng daşına təyəmmüm etmək səhihdir. Həmçinin ürfə görə yumşaq torpaq sayıldığı təqdirdə, xalça, paltar və bu kimi şeylərin üzərində toplanmış toz-torpağa təyəmmüm etmək səhihdir. Amma ehtiyat-müstəhəb budur ki, ixtiyar halında onun üzərinə təyəmmüm edilməsin. Həmçinin ehtiyat-müstəhəb budur ki, ixtiyar halında bişirilmiş gəc, əhəng, kərpic, eləcə də əqiq kimi mədən daşına təyəmmüm edilməsin.
Məsələ 675: Əgər torpaq, qum, kəsək və daş tapa bilməsə, palçığa təyəmmüm edə bilər. Əgər palçıq da tapa bilməsə, xalqın nəzərində torpaq sayılacaq miqdarda olmayan xalça, libas və bu kimi şeylərin aralarında və ya üzərində toplanan toz-torpağa təyəmmüm etməlidir. Əgər bunların heç biri tapılmasa, ehtiyat-müstəhəb budur ki, namazı təyəmmümsüz qılsın. Amma sonradan bu namazın qəzasını yerinə yetirmək vacibdir.
Məsələ 676: Əgər xalçanı çırpmaqla və bu kimi işlərlə torpaq hazırlaya bilsə, tozlu şeyə təyəmmüm batildir. Əgər palçığı qurudub onunla torpaq hazırlaya bilərsə, palçığa təyəmmüm etmək batildir.
Məsələ 677: Suyu olmayıb qar və ya buzu olan bir şəxs mümkün olduğu təqdirdə onu əridərək su əldə edib, onunla dəstəmaz almalı və ya qüsl etməlidir. Əgər bu mümkün olmasa və üzərinə təyəmmüm səhih olan bir şeyi də yoxdursa, namazını vaxt xaricində qəza etməlidir. Amma qar və ya buzla dəstəmaz və ya qüsl üzvlərini islatması, əlindəki rütubətlə başa və ayağa məsh çəkməsi, əgər bu da mümkün deyilsə, buz və ya qara təyəmmüm edib, namazını vaxtında qılması daha yaxşıdır. Hər iki halda qəzasını qılması lazımdır.
Məsələ 678: Əgər torpağa və quma təyəmmümün edilməsi batil olan bir şey qatılıbsa, o torpağa və quma təyəmmüm edə bilməz. Lakin o şey torpağın və ya qumun tərkibində aradan gedəcək qədər az miqdarda olarsa, həmin torpağa və quma təyəmmüm səhihdir.
Məsələ 679: Təyəmmüm etmək üçün bir şey olmazsa, imkan daxilində gərək almaq və s. yollarla əldə etsin.
Məsələ 680: Palçıq divara təyəmmüm etmək səhihdir. Amma ehtiyat-müstəhəb budur ki, quru yer və quru torpaq olan halda nəmli torpağa və yerə təyəmmüm olunmasın.
Məsələ 681: Təyəmmüm edilən şey şəri cəhətdən gərək pak olsun. Ehtiyat-vacibə görə ürfən də gərək təmiz olsun, yəni iyrəncliyə səbəb olan bir şeyə qarışmasın. Əgər təyəmmüm etməsi səhih olan pak bir şey tapılmasa, namaz ona vacib deyildir. Amma gərək (sonradan) onun qəzasını yerinə yetirsin. Daha yaxşı odur ki, namazı vaxtında da qılsın. Amma əgər toz-torpaqlı xalça və bu kimi şeylərə növbə çatsa, əgər onlar nəcisdirsə, ehtiyat-vacibə əsasən onunla təyəmmüm edib, namazı qılsın, sonradan namazın qəzasını da yerinə yetirsin.
Məsələ 682: Əgər bir şeyə təyəmmümün səhih olduğunu yəqin etdikdən sonra təyəmmüm edib, sonradan o şeyə təyəmmüm etməyin batil olduğunu başa düşərsə, o təyəmmümlə qıldığı namazları gərək yenidən qılsın.
Məsələ 683: Üzərinə təyəmmüm edilən şey qəsb edilmiş olmamalıdır. Belə ki, əgər qəsb edilmiş torpaq üzərinə təyəmmüm edərsə, təyəmmümü batildir.
Məsələ 684: Qəsbi fəzada təyəmmüm batil deyildir. Deməli, əgər öz mülkündə əllərini yerə vuraraq icazəsiz başqasının mülkünə daxil olub əllərini alnına çəksə, günah etməsinə baxmayaraq təyəmmümü səhihdir.
Məsələ 685: Qəsb edilmiş şeyin qəsb edildiyini unudaraq və ya qafil olaraq üzərinə təyəmmüm edərsə səhihdir. Lakin bir şeyi özü qəsb edərsə və qəsb etdiyini unudaraq üzərinə təyəmmüm edərsə, təyəmmümün səhih olması işkallıdır.
Məsələ 686: Qəsbi yerdə məhbus olan bir şəxs, o yerin suyu və torpağı qəsbi olarsa, gərək təyəmmümlə namaz qılsın.
Məsələ 687: Ehtiyat-lazıma əsasən üzərinə təyəmmüm etdiyi şeyin əldə qalacaq qədər tozu olsun və ona əlini vurduqdan sonra, əlini onda qalan tozun hamısı töküləcək şəkildə şiddətlə çırpmamalıdır.
Məsələ 688: Çuxur yerə, yolların torpağına, üzərini duz örtməyən şoran yerə təyəmmüm etmək məkruhdur. Amma duz onun üstünü tutmuş olsa batildir.

Dəstəmaz və qüsl əvəzinə olan təyəmmümün qaydası

Məsələ 689: Dəstəmaz və ya qüsl əvəzinə edilən təyəmmümdə üç şey vacibdir:
1) Əllərin ikisinin içini birlikdə təyəmmüm səhih olan şeyə vurmaq, ya da qoymaq. Ehtiyat-lazıma əsasən bu iş gərək iki əlin içində birlikdə əmələ gətirilsin.
2) Ehtiyat-vacibə əsasən hər iki əlin içini alının tük bitən yerindən başlayaraq qaşlara qədər, bütün alına və həmçinin onun iki tərəfinə, burnunun yuxarısına qədər çəksin. Ehtiyat-müstəhəb budur ki, əlləri qaşların üstünə də çəksin.
3) Sol əlin içini, tam sağ əlin arxasına çəkmək və sonra sağ əlin içini tam sol əlin arxasına çəkmək. Ehtiyat-vacib budur ki, sağ əllə sol əl arasındakı tərtibə riayət etsin. Lazımdır ki, dəstəmazda deyildiyi kimi, təyəmmümü də niyyət və qürbət qəsdi ilə yerinə yetirsin.
Məsələ 690: Ehtiyat-müstəhəb budur ki, istər dəstəmaz, istərsə də qüsl əvəzində olan təyəmmümü, bu tərtiblə yerinə yetirsin; bir dəfə əlləri yerə vurub alına və əllərin arxasına çəksin və başqa bir dəfə də əllləri yerə vurub əllərin arxasına məsh etsin.

Təyəmmümün hökmləri

Məsələ 691: Əgər alın, ya əllərin üstünün kiçik bir yerinə məsh etməsə, istər qəsdən, istərsə də məsələni bilməməzlik və ya unutqanlıq üzündən olsun təyəmmüm batildir. Amma artıq diqqət etmək də lazım deyil, “bütün alnına və əllərinə məsh çəkildi” desələr kifayətdir.
Məsələ 692: Əllərin üstünün bütünlüklə məsh etməsini yəqin etmək üçün gərək biləkdən bir az yuxarı da məsh etsin, amma barmaqların arasına məsh etmək lazım deyil.

Məsələ 693: Alına və əllərin arxasını ehtiyata əsasən yuxarıdan aşağıya doğru məsh etməli və təyəmmüm işlərini ardıcıl olaraq yerinə yetirməlidir. Əgər onların arasında “təyəmmüm edir” deyilməyəcək qədər fasilə verərsə təyəmmümü batildir.
Məsələ 694: Niyyət zamanı təyəmmümün qüsl əvəzi və ya dəstəmaz əvəzi olmasını müəyyən etməsi lazım deyil. Amma iki təyəmmüm etməsi lazım olan yerlərdə, onun hər birini təyin etməlidir. Əgər üzərinə bir təyəmmüm vacib olsa və hal-hazırkı vəzifəsinə əməl etmək qəsdilə təyəmmüm edərsə, onu müəyyən etməkdə səhv etsə də təyəmmümü səhihdir.
Məsələ 695: Təyəmmüm edərkən alının və əllərin içi və arxasının pak olmasının yaxşı olmasına baxmayaraq, alının və əllərin içi və arxasının pak olması lazım deyil.
Məsələ 696: İnsan əllərinə məsh çəkən vaxtda gərək üzüyünü barmağından çıxarsın. Əgər alında, əllərin içində və arxasında maneə olsa, məsələn, bir şey onlara yapışmış olsa, gərək onu aradan qaldırsın.
Məsələ 697: Əgər alın və ya əllərin arxası yara olsa və ona bağladığı parçanı aça bilməsə, gərək əlini onun üstünə çəksin. Habelə əgər əlin içi yaradırsa və ona bağladığı parça və ya bu kimi şeyi aça bilməsə, gərək əli həmən parça ilə təyəmmüm səhih olan şeyə vursun, sonra alına və əllərinin üstünə çəksin. Lakin onun bir hissəsi açıq olsa, o qədəri yerə vurub, elə onunla məsh etməsi kifayətdir.
Məsələ 698: Əgər alında, əllərin üstündə adi qaydada tük olsa eybi yoxdur. Amma başın tükü alına tökülmüş olsa, gərək onları arxaya
çəksin.
Məsələ 699: Əgər insan alnında, əllərinin içində və ya arxasında bir maneə olduğuna ehtimal versə və onun bu ehtimalı camaatın nəzərində doğru bir ehtimal olarsa, maneə olmadığına əmin oluncaya qədər araşdırmalıdır.
Məsələ 700: Əgər vəzifəsi təyəmmüm etmək olduğu halda, təklikdə təyəmmüm edə bilməsə, başqasından kömək almalıdır. Bu zaman kömək edən şəxs əllərini təyəmmümün səhih olduğu bir şeyə vurub, onun alnına və əllərinin üstünə qoymalıdır ki, mümkün olduğu təqdirdə özü hər iki əllərinin içini alnına və əllərinin arxasına çəksin. Əgər bu mümkün deyilsə, naib onun öz əli ilə ona təyəmmüm verməlidir. Əgər bu da mümkün deyilsə, naib öz əlini təyəmmümün səhih olduğu şeyə vurub, onun alnına və əllərinin arxasına çəkməlidir. Bu iki təqdirdə, ehtiyat-lazıma əsasən hər ikisi də təyəmmüm niyyəti etməlidir. Amma birinci surətdə mükəlləfin öz niyyəti kifayətdir.
Məsələ 701: Təyəmmüm əsnasında təyəmmümün bir qismini unudub-unutmadığında şəkk edərsə, onun məhəlli keçibsə, şəkkinə etina etməməlidir. Əgər məhəlli keçməyibsə, o bölümü yerinə yetirməlidir.
Məsələ 702: Sol əlini məsh etdikdən sonra təyəmmümü düzgün edib-etmədiyində şəkk edərsə təyəmmümü səhihdir. Amma şəkk sol əlinin məshində olarsa, onu məsh etməlidir. Əgər ürfün nəzərincə, artıq təyəmmümdən çıxmış hesab olunursa, məsələn, təharətli olmağın şərt olduğu bir əmələ başlayıbsa, yaxud ardıcıllıq pozulmuş olarsa, onu məsh etməsi lazım deyil.
Məsələ 703: Vəzifəsi təyəmmüm olan şəxs namazın tamam vaxtında üzrünün aradan gedəcəyindən ümidsiz olsa, yaxud təxirə salarsa, vaxt daxilində təyəmmüm edə bilməyəcəyinə ehtimal versə, namaz vaxtından əvvəl təyəmmüm edə bilər. Əgər başqa bir vacib, yaxud müstəhəb iş üçün təyəmmüm etsə və namaz vaxtına qədər üzrü qalsa, həmin təyəmmümlə namaz qıla bilər.
Məsələ 704: Vəzifəsi təyəmmüm olan şəxs vaxtın axırına qədər üzrünün qalacağını bilsə, yaxud onun aradan getməsindən ümidsiz olsa, geniş vaxtda təyəmmümlə namaz qıla bilər. Əgər vaxtın sonuna qədər üzrünün aradan gedəcəyini bilərsə, gözləyib dəstəmaz və ya qüsl ilə namaz qılmalıdır. Hətta əgər vaxtın sonuna qədər üzrünün aradan getməsindən ümidini kəsməmişdirsə, ümidi kəsilməyincəyə qədər təyəmmümlə namaz qıla bilməz. Amma tez təyəmmümlə namaz qılmadıqda vaxtın axırına qədər hətta təyəmmümlə belə, namaz qıla bilməməsinə ehtimal versə, (vaxtın əvvəlində) təyəmmümlə qıla bilər.
Məsələ 705: Dəstəmaz ala və ya qüsl edə bilməyən şəxs üzrünün aradan getməsindən ümidini kəsərsə, qəza namazlarını təyəmmümlə qıla bilər. Ehtiyat-vacibə əsasən üzrü aradan getdikdən sonra, o namazları dəstəmaz və ya qüsl ilə yenidən qılsın. Əgər üzrünün aradan getməsindən ümidini kəsməyibsə, ehtiyat-lazıma əsasən qəza namazlarını təyəmmümlə qıla bilməz.
Məsələ 706: Dəstəmaz ala və ya qüsl edə bilməyən şəxs gecə və gündüz nafilələri kimi müəyyən vaxtları olan müstəhəb namazları təyəmmümlə qıla bilər. Amma onların vaxtlarının sonuna qədər üzrünün aradan getməsindən ümidini kəsməyibsə, ehtiyat-lazıma əsasən onları vaxtın əvvəlində yerinə yetirməməlidir. Müəyyən vaxtları olmayan namazları isə hər bir halda təyəmmümlə qıla bilər.
Məsələ 707: Ehtiyatən cəbirə qüslü və təyəmmüm edən şəxs qüsl və təyəmmümdən sonra namaz qılsa və namazdan sonra kiçik hədəs baş verərsə, məsələn, bövl edərsə, sonrakı namazlar üçün dəstəmaz almalıdır. Belə ki, əgər hədəs namazdan əvvəl baş verərsə, o namaz üçün də dəstəmaz almalıdır.
Məsələ 708: Əgər bir şəxs su olmaması, yaxud başqa səbəblərə görə təyəmmüm etsə, üzrü aradan qalxdıqdan sonra təyəmmümü batil olur.
Məsələ 709: Dəstəmazı batil edən əməllər dəstəmaz əvəzinə olan təyəmmümü də batil edər. Qüslü batil edən əməllər qüsl əvəzinə olan təyəmmümü də batil edər.
Məsələ 710: Qüsl edə bilməyən şəxs üzərinə bir neçə qüsl vacib olarsa, onların hamısının əvəzinə bir təyəmmüm etməsi caizdir. Amma ehtiyat-müstəhəb budur ki, hər birinin əvəzinə bir təyəmmüm etsin.
Məsələ 711: Qüsl edə bilməyən şəxs qüsl vacib olan əməli yerinə yetirmək istəsə, qüslün əvəzinə təyəmmüm etməlidir. Dəstəmaz ala bilməyən şəxs də dəstəmaz vacib olan bir əməli yerinə yetirmək istəyərsə, dəstəmaz əvəzinə təyəmmüm etməlidir.
Məsələ 712: Əgər cənabət qüslü əvəzinə təyəmmüm etsə, namaz üçün dəstəmaz almaq lazım deyil. Başqa qüsllərin əvəzinə təyəmmüm etsə də hökm eynidir. Baxmayaraq ki, dəstəmaz da almağı ehtiyat-müstəhəbdir. Əgər dəstəmaz ala bilməsə, başqa bir təyəmmüm də dəstəmaz əvəzinə etsin.
Məsələ 713: Əgər qüsl əvəzinə təyəmmüm etsə və sonra dəstəmazı batil edən bir iş onun qarşısına çıxsa, sonrakı namazlar üçün qüsl edə bilmədiyi təqdirdə gərək dəstəmaz alsın. Ehtiyat-müstəhəb budur ki, təyəmmüm də etsin. Əgər dəstəmaz ala bilməsə, gərək onun əvəzinə təyəmmüm etsin.
Məsələ 714: Vəzifəsi təyəmmüm olan şəxs əgər bir iş üçün təyəmmüm edərsə, təyəmmümü və üzrü aradan getməyənə qədər dəstəmaz və ya qüsllə etməli olan əməlləri yerinə yetirə bilər. Əgər üzrü vaxtın darlığı imişsə, yaxud suyu olduğu halda meyit namazı üçün və ya yatmaq üçün təyəmmüm edibsə, yalnız onun üçün təyəmmüm etdiyi işi yerinə yetirə bilər.
Məsələ 715: Bir neçə yerdə insanın təyəmmümlə qıldığı namazları yenidən qılması daha yaxşıdır:
1) Sudan istifadə etməkdən qorxduğu halda qəsdən özünü cünub edib təyəmmümlə namaz qılmışdırsa;
2) Su tapa bilməyəcəyini bildiyi və ya güman etdiyi halda, qəsdən özünü cünub edib təyəmmümlə namaz qılmışdırsa;
3) Vaxtın axırına qədər qəsdən su axtarmağa getməsə və təyəmmümlə namaz qılıb, sonradan axtardığı təqdirdə su tapacağını başa düşərsə;
4) Qəsdən namazı təxirə salıb vaxtın axırında təyəmmümlə namaz qılmışdırsa;
5) Su tapa bilməyəcəyini bildiyi və ya güman etdiyi halda, mövcud olan suyunu dağıdıb təyəmmümlə namaz qılmışdırsa.

NAMAZIN HÖKMLƏRİ → ← MÜSTƏHƏB QÜSLLƏR
العربية فارسی اردو English Azərbaycan Türkçe Français