ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ

MÜZARİBƏNİN HÖKMLƏRİ → ← SÜLH (RAZILAŞMANIN HÖKMLƏRİ)

İCARƏNİN HÖKMLƏRİ


Məsələ 2131: İcarə verən və icarəyə götürən şəxslərin ağıllı və baliğ olmaları, öz ixtiyarı ilə icarə qurmaları gərəkdir. Həmçinin onlar öz mallarından istifadə haqqına sahib olmalıdırlar. Deməli, səfeh olan şəxs öz malından istifadə haqqına sahib olmadığından bir şeyi icarəyə götürə bilməz və ya icarəyə verə bilməz. Həmçinin iflasa uğramış olan şəxs istifadə haqqı olmadığı mallardan bir şeyi icarəyə verə bilməz və ya onunla bir şeyi icarəyə götürə bilməz. Amma özünü (iş qüvvəsini) başqasına əcir edə bilər.
Məsələ 2132: İnsan başqası tərəfindən vəkil olub onun malını icarəyə verə bilər və ya onun üçün bir malı icarəyə götürə bilər.
Məsələ 2133: Uşağın vəlisi və ya qəyyumu onun malını icarəyə versə, ya uşağın özünü başqasına əcir versələr, maneəsi yoxdur. Əgər uşağın həddi-büluğa yetişmə müddətindən bir qismini də əcir olma müddəti qərar versələr, uşaq həddi-büluğa çatdıqdan sonra icarənin qalanını poza bilər, baxmayaraq ki, əgər uşağın həddi-büluğa çatma zamanını icarənin müddətindən hesab etməsəydi, uşağın məsləhətinin xilafına olardı. Bəli, əgər şərən lazım olan məsləhətə xilaf olsa, yəni müqəddəs şəriət onun tərk olunmasına razı olmadığı bir məsləhət olsa, bu halda əgər icarə şəriət hakiminin izni ilə olsa, uşaq həddi-büluğa çatandan sonra icarəni poza bilməz.
Məsələ 2134: Vəlisi olmayan səğir bir uşaq müctəhidin icazəsi olmadan əcir tutula bilməz. Əgər müctəhid olmazsa, adil bir möminin icazəsi alınaraq o uşaq əcir tutula bilər.
Məsələ 2135: İcarə verənin və ya icarəyə götürənin icarə əqdini ərəbcə oxumaları lazım (vacib) deyil. Sadəcə olaraq mülkün sahibi bir şəxsə «bu malı sənə icarəyə verdim» deyərsə, o da «qəbul etdim» deyərsə, icarə səhihdir. Hətta heç bir danışıq olmadan mal sahibi icarəyə vermək qəsdi ilə malı icarəyə götürənə verirsə və o da icarəyə götürmək qəsdi ilə alırsa, icarə səhihdir.
Məsələ 2136: Əgər insan icarə əqdi oxumadan bir iş görmək üçün əcir olmaq istərsə, o işə başladığı təqdirdə icarə səhihdir.
Məsələ 2137: Danışa bilməyən şəxs işarə ilə mülkü icarəyə verdiyini və ya icarəyə götürdüyünü başa salarsa, icarə səhihdir.
Məsələ 2138: Bir ev, dükan, gəmi və ya otağı icarəyə götürdüyü zaman mülk sahibi onlardan sadəcə icarəçinin özünün istifadə etməsini şərt qoyarsa, icarəçi onları başqasına icarəyə verə bilməz. Əgər icarə özünə məxsus olsa, məsələn, bir ev və ya otağı icarəyə götürmüş olan qadının ərə gedib sonra o ev və ya otağı özünün qalması üçün ərinə icarəyə verməsi kimi. Amma mülk sahibi belə bir şərt qoymasa, onu başqasına icarəyə verə bilər (əlbəttə, mülkü ikinci icarəçiyə vermək üçün ehtiyata əsasən mülk sahibindən icazə almalıdır). Əgər icarəyə aldığı mülkü icarə etdiyi haqdan çox icarəyə vermək istəsə, hərçənd icarə başqa cinsdən olsa belə, əgər ev, dükan, gəmi olsa, onda təmir və ya ağartma kimi işlər görməlidir, ya da onu mühafizə etmək üçün bir xəsarət vermiş olmalıdır.
Məsələ 2139: Əgər əcir olunan sadəcə əcir olduğu şəxsə işləyəcəyini şərt qoymuşsa, əvvəlki məsələdə izah olunan haldan başqa, əcir tutan onu başqasına əcir verə bilməz. Əgər belə bir şərt qoymayıbsa, onu başqasına əcir verə bilər. Amma ona ücrət olaraq təyin etdiyi şey qiymət baxımından əcir olan şəxsə verdiyi haqdan çox olmamalıdır. Həmçinin əgər özü başqasına əcir olmuşsa və o işi görmək üçün başqa birini öz ücrətindən daha az bir miqdara əcir tutmaq istərsə, hökm eynidir. Lakin əgər o işin bir miqdarını özü görmüş olsa, başqasını öz ücrətindən daha aza əcir tuta bilər.
Məsələ 2140: Əgər ev, dükan, otaq, gəmidən başqa bir şeyi, məsələn; bir yeri icarələyərsə və mülkün sahibi də «sadəcə özün istifadə etməlisən» deyə bir şərt qoymayıbsa, onu öz icarələdiyindən çox icarəyə verərsə, bu icarənin səhih olması məhəlli işkaldır.
Məsələ 2141: Əgər ev və ya bir dükanı, məsələn, illik yüz manata icarəyə götürərsə, onun yarısından özü istifadə edib, yarısını da yüz manata icarəyə verə bilər. Əgər onun yarısını icarəyə götürdüyündən daha çox qiymətə, məsələn yüz iyirmi manata kirayəyə vermək istərsə, onda orada təmir işi kimi bir iş görməlidir.

İcarəyə verilən malın şərtləri

Məsələ 2142: İcarəyə verilən malın bir neçə şərti var:
1. Müəyyən olmalıdır; Əgər “evlərimdən birini sənə icarəyə verdim” deyərsə, səhih deyil.
2. İcarəçi onu görməli, əgər orada mövcud olmasa, yaxud çox olsa, icarəyə verən onun icarəyə verilməsinə meyl etməkdə təsirli olan xüsusiyyətlərinin hamısını aydın şəkildə söyləməlidir.
3. Onun təhvil verilməsi mümkün olmalıdır. Buna görə qaçmış olan bir atı icarəyə vermək, icarəçinin onu tuta bilmək imkanı olmazsa batildir. Lakin tuta bilmək imkanı varsa səhihdir.
4. İstifadə olunarkən tələf edilib aradan aparılan bir şey olmamalıdır. Buna görə çörək, meyvə və digər yeməkləri icarəyə vermək səhih deyil.
5. Mal hansı məqsədlə icarə verilibsə, həmin istiqamətdə istifadə mümkün olmalıdır. Buna görə əkin üçün icarəyə verilən bir tarlanın suvarılmasına yağış suyu çatmırsa, çay suyu da çatmazsa, icarə səhih deyil.
6. İcarəyə verdiyi şey, hansı məqsədlə icarəyə verirsə, onun mənfəətinə sahib olmalıdır. Əgər nə onun maliki, nə qəyyumu nə də vəkili olmazsa (başqa birinin malını icarəyə verirsə), onun sahibinin razılığı olduğu vaxt səhih sayılır.
Məsələ 2143: Meyvəsindən istifadə etmək üçün ağacını icarəyə vermək ağacın meyvəsi hal-hazırda mövcud olmasa da səhihdir. Bir heyvanı südündən istifadə üçün icarəyə vermək də eyni hökmü daşıyır.
Məsələ 2144: . Qadın, öz südündən istifadə olunmaq üçün əcir tutula bilər. Öz ərindən də icazə alması lazım deyil. Lakin süd vermək vasitəsilə ərinin haqqı aradan gedərsə, onun icazəsi olmadan əcir oluna bilməz.

İcarəyə verilən maldan istifadənin şərtləri

Məsələ 2145: Malın icarəsindən istifadənin dörd şərti vardır:
1. Halal olmalıdır; deməli, yalnız haram mənfəəti olan, yaxud haram işdə istifadə olunması şərt olunan, yaxud müamilədən əvvəl haram istifadəni müəyyənləşdirib müamiləni o əsasda qursalar, müamilə batildir. Buna görə də dükanı şərab satışı və ya onun saxlanması üçün icarəyə vermək və ya heyvanı şərab daşımaq üçün icarəyə vermək batildir.
2. O iş şəriət nəzərində havayı olaraq vacib olmamalıdır; ehtiyat-vacibə görə gündəlik qarşıya çıxan halal və haram hökmlərini öyrətmək, eləcə də ölünün kəfən və dəfn işlərinin vacib miqdarı bu belədir. Başqa sözlə bu işlər üçün əcir olmaq icazəli deyil. Ehtiyat-vacibə görə o istifadəyə pul vermək camaatın nəzərində hədər yerə gedən pul kimi sayılmamalıdır.
3. İcarəyə verilən şeyin bir neçə istifadəsi olarsa, icarəyə götürən onun hansı cəhətindən istifadə edəcəyini bildirməlidir; məsələn, həm minilən, həm də yük daşınılan bir heyvan icarəyə verilirsə, icarə etmə zamanında minilməsinin və ya yük daşınmasının yaxud bütünlüklə hər iki cəhətinin icarəyə götürənə aid olduğu bildirilməlidir.
4. İstifadəsinin miqdarı bildirilməlidir. Bu isə icarənin müddətini bildirməklə olur. Ev və dükanın icarə verilməsində olduğu kimi, ya da işin aydınlaşdırılması ilə olar. Məsələn; dərzi ilə müəyyən libası məxsus bir tərzdə tikməsi qərarlaşdırılır.
Məsələ 2146: Əgər icarə müddətinin başlanğıcını müəyyən etməzlərsə, onun başlanğıcı icarə əqdinin bitməsindən etibarən başlayar.
Məsələ 2147: Əgər bir evi, məsələn, bir illiyə icarəyə verib və onun başlanğıcını icarə əqdinin oxunmasından bir ay sonraya müəyyənləşdirsələr, əqd oxunduğu zaman ev digəri tərəfindən icarəyə götürülmüş olsa belə, icarə səhihdir.
Məsələ 2148: Əgər icarə müddətini bildirməyib və “evdə yaşadığım müddət, məsələn, icarəsi ayda min manatdır” deyərsə, icarə səhih deyil.
Məsələ 2149: Əgər icarəçiyə “evi sənə ayı min manatdan icarəyə verdim” deyərsə və ya “evi sənə bir aylığına min manat icarəyə verdim, ondan sonra da hər nə qədər qalsan, onun icarəsinin ayı min manatdır” deyərsə, icarə müddətinin başlanğıcı məlum olarsa, ilk ayın icarəsi səhihdir.
Məsələ 2150: Müsafir və ziyarətçilərin nə qədər qalacaqları məlum olmayan bir evin hər gecəsinə yüz manat verməyi qərarlaşdırarlarsa və ev sahibi də buna razı olarsa, o evdən istifadə etməyin maneçiliyi yoxdur. Amma icarə müddətini müəyyənləşdirmədikləri üçün ilk gecədən sonraya icarə səhih deyildir. Ev sahibi də ilk gecədən sonra istədiyi vaxt onları evdən çıxara bilər.

İcarənin müxtəlif məsələləri

Məsələ 2151: İcarəçinin icarə əvəzi olaraq verdiyi malın müəyyən edilməsi lazımdır. O halda əgər bu, buğda kimi çəki və ya ölçü ilə
müamilə edilən şeydirsə, çəkisinin bilinməsi və mütədavil pullar kimi sayılaraq müamilə edilən şeydirsə, sayının bilinməsi və at, qoyun kimidirsə, icarəyə verənin onu görməsi, yaxud icarəçinin onun xüsusiyyətlərini deməsi lazımdır.
Məsələ 2152: Əgər bir tarlanı əkin üçün icarə versə və icarə əvəzini də hal-hazırda mövcud olmayan həmin tarlanın və ya başqa bir yerin məhsulunu təyin edərsə, yaxud o tarlanın öz məhsulundan verilməsi şərti ilə əsaslı olaraq zimməsinə alarsa, icarə səhih deyil. Amma əgər yerin məhsulu hal-hazırda mövcud olarsa, bir maneəsi yoxdur.
Məsələ 2153: Bir şeyi icarəyə verən şəxsin onu təhvil verməyincə, kirəsini istəməyə haqqı yoxdur. Həmçinin bir işi görmək üçün əcir olan şəxsin də o işi görməyənə qədər haqqını istəməyə hüququ yoxdur. Amma həcc üçün əcir olmaq kimi adətən haqqı əvvəlcədən alınan bir iş üçün əcir olmuşsa, ala bilər.
Məsələ 2154: Əgər icarəyə verdiyi şeyi təhvil verərsə, icarəçi təhvil almasa belə, ya da təhvil alıb, amma icarə müddətinin sonuna qədər istifadə etməsə belə, onun icarə pulunu verməlidir.
Məsələ 2155: Əgər insan müəyyən gündə bir işi görmək məqsədilə əcir olub həmin gündə hazır olarsa, əcir tutan işi ona gördürməsə də, haqqını verməlidir. Məsələn dərzini müəyyən gün paltar tikmək üçün əcir tutarsa, dərzi də o gün tikmək üçün hazır olarsa, ona tikiləcək parçanı verməsə belə, dərzi istər boş dayansın və istərsə özü və başqası üçün işləsin, haqqını verməlidir.
Məsələ 2156: İcarə müddəti tamam olduqdan sonra icarənin batil olduğu məlum olarsa, icarəçinin normal miqdarda icarə əvəzini (ücrətül-misl) mülk sahibinə verməsi lazımdır. Məsələn, evi illik yüz manata kirayələmişsə, sonradan kirayənin batil olduğunu başa düşmüşsə, o ilin illik kirayəsi əvəzi normal qiymətlərlə əlli manatdırsa, əlli manat verməlidir. Əgər iki yüz manatdırsa, o evi kirayəyə verən sahibi və ya mütləq vəkil olduğu və o evi normal kirayə əvəzindən xəbəri olub kirayəyə verdiyi təqdirdə yüz manatdan artığının verməsi lazım deyil. Belə olmadığı təqdirdə gərək iki yüz manat versin. Həmçinin icarə müddətindən bir miqdar keçdikdən sonra icarənin batil olduğu aydınlaşarsa, keçən müddətin kirayəsi üçün də eyni hökm qüvvədədir.
Məsələ 2157: Əgər icarəyə götürdüyü bir şey xarab olub aradan gedərsə, onu qorumaqda səhlənkarlıq etməmişdirsə və ondan istifadədə
ifrata varmamışsa, zamin deyil. Həmçinin bir dərziyə verdiyi parça zay olarsa, əgər dərzi ifrata varmamışsa və parçanın qorunmasında səhlənkarlıq etməyibsə zamin deyil.
Məsələ 2158: Əgər icarəyə alan şəxsin malında müəyyən iş görmək istəyən sənətkar, dərzi və s. aldığı şeyi zay edərsə zamindir.
Məsələ 2159: Əgər qəssab heyvanın başını kəsib onu haram (murdar) etsə, istər muzd almış olsun, istərsə də pulsuz kəsmiş olsun, pulunu sahibinə verməlidir.
Məsələ 2160: Nə qədər yük vuracağını bildirərək bir heyvanı və ya başqa vəsaiti icarəyə götürən şəxs, o miqdardan daha çox yükləyərsə və heyvan, ya vəsait bunun nəticəsində tələf, ya eybli olarsa zamindir. Həmçinin daşıyacağı yükün miqdarını bildirməyib, normadan çox yükləsə, yenə də zamindir. Hər iki təqdirdə artıq yükün zəhmət haqqını da normal şəkildə ödəməlidir.
Məsələ 2161: Bir heyvanı sına bilən yükü daşımaq üçün icarəyə verərsə və heyvanın sürüşməsi və ya hürkməsi nəticəsində yük sınarsa, heyvan sahibi zamin deyil. Əgər adi miqdardan artıq vurma (döymə) və ya buna bənzər bir vasitə ilə bir iş görə ki, heyvan yerə yıxılıb yükü sındırsa zamindir.
Məsələ 2162: Əgər şəxs bir uşağı sünnət edərkən işində səhlənkarlıq və ya səhv edərsə, məsələn, normadan artıq kəsərsə və o uşaq həmin səbəbdən ölərsə və ya ona bir zərər dəyərsə zamindir. Amma səhlənkarlıq və ya yanlışlıq etməzsə və uşaq da sünnət edilmənin nəticəsində ölərsə və ya ona bir zərər yetişərsə, uşağa bir zərər gəlib-gəlməyəcəyini ayırd etmə xüsusunda ona müraciət edilməmişsə, o da uşağa zərər gələcəyini bilmirdisə zamin deyildir.
Məsələ 2163: Əgər həkim öz əli ilə xəstəyə dərman verərsə və ya ona bir dərmanı məsləhət görərsə və o dərmanı qəbul etdikdən sonra xəstəyə bir zərər yetişərsə və ya xəstə ölərsə, həkim onun müalicəsində səhlənkarlıq etməsə də zamindir.
Məsələ 2164: Əgər həkim xəstəyə “sənə zərər yetişsə mən zamin deyiləm” deyərsə, diqqət və ehtiyatla ona yanaşarsa, amma yenə də xəstə bundan zərər görüb və ya ölərsə, həkim zamin deyildir.
Məsələ 2165: İcarəçi və icarəyə verən şəxs qarşılıqlı razılıqla müamiləni poza bilərlər. Həmçinin icarədə hər ikisi üçün və ya onların biri üçün müamiləni pozma haqqını şərt qoyublarsa, danışığa uyğun olaraq icarəni poza bilərlər.
Məsələ 2166: İcarə verən və ya icarəçi zərər gördüyünü başa düşərsə, əgər icarə əqdi bağlandığı zaman zərər görəcəyindən agah olmasa, 2083-cü məsələdə izah olunan şərtlərə görə icarəni poza bilər. Amma icarə əqdi bağlayarkən şərtləşsələr ki, zərərə düşsə belə, əqdi pozmaq haqqı olmayacaq, icarə əqdini poza bilməzlər.
Məsələ 2167: İcarəyə verdiyi bir şeyi icarəçiyə təhvil verməmişdən əvvəl biri onu qəsb etsə, icarəçi icarəni poza bilər və icarəyə verən şəxsdən verdiyi şeyi geri ala bilər. Yaxud icarəni pozmayıb qəsb edənin əlində qaldığı müddətin normal miqdarda icarə pulunu qəsb edəndən ala bilər. Əgər bir heyvanı bir aylıq on manata icarəyə götürərsə və həmin müddət ərzində biri onu on gün qəsb edərsə, onun on günlük normal icarəsi on beş manat olarsa, həmin on beş manatı qəsb edəndən almalıdır.
Məsələ 2168: Əgər icarəyə götürdüyü bir şeyi başqası təhvil almağa qoymazsa və ya təhvil aldıqdan sonra başqası onu qəsb edərsə, ya da ondan istifadə etməsinə mane olarsa, icarəni poza bilməz və yalnız onun normal icarə pulunu qəsb edəndən ala bilər.
Məsələ 2169: İcarə müddəti tamamlanmamış mülkü icarəçiyə satarsa, icarə pozulmaz və icarəçi pulunu satana verməlidir. Həmçinin əgər onu başqa birisinə satarsa, hökm eynidir.
Məsələ 2170: İcarə müddəti başlamamışdan əvvəl icarə edilən şey icarə edən şəxs üçün müəyyən edilən istifadəni vermə qabiliyyətini itirərsə, icarə batildir. İcarəçinin mülk sahibinə verdiyi pul da geri qaytarılmalıdır. Əgər ondan az istifadə etmə imkanı ola biləcək haldadırsa, icarəni poza bilər.
Məsələ 2171: İcarəyə götürdüyü bir mülk icarə müddətindən bir müddət keçdikdən sonra icarəçi üçün təyin edilən istifadə qabiliyyətini itirərsə, icarənin qalan müddəti batil olur. Bu halda icarəçi keçmiş müddətin icarəsini pozub onun adi qiymətini verə bilər.
Məsələ 2172: İcarəyə verdiyi iki otaqlı evin bir otağı xarab olsa, əgər onu adi şəkildə düzəltsələr əvvəlkindən çoxlu fərqi olacaqsa, bu əvvəlki məsələdə izah olunan hal ilə eyni hökmü daşıyır. Amma belə olmazsa, bu halda əgər kirayə verən onu istifadədən heç bir miqdarı zay olmamış dərhal düzəldərsə, icarə batil olmaz. İcarəçi də icarəni poza bilməz. Amma onun təmiri icarəçinin istifadəsindən bir miqdarı zay olacaq qədər uzanarsa, o miqdarın icarəsi batil olur. İcarəçi müddətin hamısının icarəsini pozaraq, istifadə etdiyi müddətin haqqını normal qiymətlə verə bilər.
Məsələ 2173: İcarəyə verən və ya icarəçi ölərsə, icarə batil olmur. Amma evin mənfəəti yalnız həyatı boyunca ona aiddirsə, məsələn, başqa biri onun diri olduğu müddətdə evin istifadəsindən ona aid olduğunu vəsiyyət etmişsə, belə bir evi icarəyə verib, icarə müddəti tamam olmamışdan qabaq ölsə, öldüyü vaxtdan etibarən icarə batil olur və əgər hal-hazırdakı sahib o icarəyə imza qoyarsa, icarə səhihdir. İcarə verənin ölümündən sonrakı müddətin icarə əvəzi isə hal-hazırdakı sahibinindir.
Məsələ 2174: İş sahibi (sahibkar) bənnanı fəhlə tutmaq üçün vəkil edərsə, əgər bənna işçilərə iş sahibindən aldığı miqdardan az verərsə, özünə götürdüyü artıq hissə haramdır və onu iş sahibinə verməlidir. Əgər bir binanı tikmək üçün əcir olsa və işi özünün görməsi, yaxud başqasına verməsində səlahiyyət alarsa, bir miqdar özü işlədikdən sonra qalanını özü üçün aldığı puldan az miqdar başqasına verərsə, artıq miqdarı ona halaldır.
Məsələ 2175: Əgər rəngsazlar, parçanı lil ilə rəngləməsini qərara alsalar və o, başqa şeylə rəngləsə, bir şey almağa haqqı yoxdur.

MÜZARİBƏNİN HÖKMLƏRİ → ← SÜLH (RAZILAŞMANIN HÖKMLƏRİ)
العربية فارسی اردو English Azərbaycan Türkçe Français