ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ

ƏLAVƏLƏR → ← VƏSİYYƏTİN HÖKMLƏRİ

İRSİN HÖKMLƏRİ


Məsələ 2693: Qohumluq vasitəsi ilə irs aparan şəxslər üç dəstədir:
Birinci dəstə: Ölən şəxsin ata-anası və övladıdır. Övlad olmayanda isə övladın övladı və nə qədər aşağı getsə, bunlardan ölən şəxsə daha yaxın olan hər kəs irs aparır. Bu dəstədən bir nəfər qalana qədər ikinci dəstə irs apara bilməz.
İkinci dəstə: Baba, nənə, bacı və qardaşdır. Qardaş və bacı olmayanda isə onların övladından hər kəs ki, ölən şəxsə daha yaxın olsa, irs aparar. Bu dəstədən bir nəfər qalana qədər üçüncü dəstə irs apara bilməz.
Üçüncü dəstə: Əmi, bibi, dayı, xala və onların övladıdır. Ölən şəxsin əmilərindən, bibilərindən, dayılarından və xalalarından biri sağ olana qədər onların övladı irs apara bilməz. Amma ölənin fəqət ata tərəfindən olan əmisi ilə həm ana, həm də ata tərəfindən olan əmisi oğlu olarsa, dayı və xalası olmazsa, miras ana və ata tərəfindən olan əmisi oğluna düşər və təkcə ata tərəfindən olan əmisi miras almaz. Əgər əmi və əmisi oğlanları bir neçə nəfər olsa, yaxud ölən şəxsin həyat yoldaşı diri olsa, bu hökm işkalsız deyildir.
Məsələ 2694: Əgər ölən şəxsin özünün əmisi, bibisi, dayısı, xalası, həmçinin onların övladı və övladının da övladı olmasa, onda mərhumun atasının və anasının əmi, bibi, dayı və xalası irs apararlar. Əgər bunlar da olmasa, onların övladı irs apararlar. Bunlar da olmasa, o halda babasının və nənəsinin əmisi, bibisi, dayısı və xalası, əgər bunlar da olmasa, onların övladları irs apararlar.
Məsələ 2695: Ər və arvad sonradan deyiləcək təfsil ilə bir-birindən irs apararlar.

Birinci dəstənin irsi

Məsələ 2696: Əgər ölən şəxsin varisi birinci dəstədən ancaq bir nəfər olsa, məsələn, ata, ya anası, ya bir oğlu, ya bir qızı olsa, mərhumun malının hamısı ona çatar. Əgər bir oğlu və bir qızı olsa, malı elə bölməlidirlər ki, oğul qızdan iki dəfə artıq irs aparsın.
Məsələ 2697: Əgər ölənin varisi ancaq onun ata və anası olsa, malı üç yerə bölünür. Onun iki hissəsini ata və bir hissəsini ana aparar. Amma ölənin iki qardaşı, ya dörd bacısı, ya bir qardaş və iki bacısı olsa ki, onların hamısı müsəlman, azad və onların atası ölənin atası ilə bir olsa, istər onların anası ölənin anası ilə bir olsunlar, istər olmasınlar, bu şərtlə ki, dünyaya gəlmiş olsunlar, baxmayaraq ki, ölənin ata-anası olana qədər bunlar irs aparmır. Əgər bunlar olarsa, ana malın altıda birini irs aparır, qalanını isə atasına verərlər.
Məsələ 2698: Ölən şəxsin varisi yalnız ana, ata və bir qız olarsa, ölənin əvvəlki məsələdə deyilən şərtlərlə, qardaşı və ya bacısı olmazsa, malı beş qismə bölərlər. Ana və ata hər biri bir pay, qız isə üç pay alar. Əgər keçən şərtlərlə qardaş, ya bacısı olarsa, ata beşdə bir və ana altıda bir pay, qız isə beşdə üç pay alar. Yerdə qalan üçdə birdə isə ehtiyat-vacibə görə bir-biri ilə sülh etməlidirlər. Belə ki, onun üçdə biri ananın, dörddə üçü qızın və dörddə biri atanın olması ehtimal verilir.
Məsələ 2699: Əgər ölən şəxsin varisi ata-ana və bir oğul olsa, malı altı yerə bölərlər, ata və ananın hər biri onun bir hissəsini, oğul isə dörd hissəsini aparar. Əgər bir neçə oğlu, ya bir neçə qızı olsa, o dörd hissəni öz aralarında bərabər bölərlər. Əgər həm oğlan və həm də qız olsalar, o dörd hissəni elə böləcəklər ki, oğul qızdan iki dəfə artıq aparsın.
Məsələ 2700: Əgər ölənin varisi ata, ana və bir ya bir neçə oğul olsa, malı altı yerə bölərlər. Onun bir hissəsini ata, ya ana, beş hissəsini isə oğul aparar. Əgər bir neçə oğlu olsa, onlar beş hissəni bərabər halda bölərlər.
Məsələ 2701: Əgər ölən şəxsin varisi ancaq ata ya ana, bir neçə oğul və qız ilə olsalar, malı altı hissəyə bölərlər. Onun bir hissəsini ata, ya ana aparar, qalanını isə elə böləcəklər ki, oğul qızdan iki dəfə artıq aparsın.
Məsələ 2702: Əgər ölənin varisi ancaq ata, ya ana və bir qız olsa, malı dörd hissəyə bölərlər, onun bir hissəsini ata ya ana, qalanını isə qız götürər.
Məsələ 2703: Əgər ölənin varisi ata, ya ana və bir neçə qız olsa, malı beş hissəyə bölərlər, onun bir hissəsini ata ya ana, qalan dörd hissəsini isə qızlar öz aralarında bərabər bölərlər.
Məsələ 2704: Əgər ölənin övladı olmasa, onun oğul nəvəsi qız da olsa, mərhumun oğlunun hissəsini götürər. Onun qız nəvəsi oğlan da olsa, mərhumun qızının səhmini aparar. Məsələn, əgər ölən şəxsin öz qızından bir oğlu və oğlundan bir qızı olsa, malı üç yerə bölünməlidir, onun bir hissəsini qızının oğluna, iki hissəni isə oğlunun qızına verəcəklər. Nəvələrin irs aparmasında ata və ananın olmaması şərt deyil.

İkinci dəstənin irsi

Məsələ 2705: Qohumluq vasitəsilə irs aparan ikinci dəstə ölənin babası, nənəsi, qardaşı və bacısıdır. Əgər bacı və qardaşı sağ olmasa, onların övladı irs aparar.
Məsələ 2706: Əgər ölən şəxsin varisi ancaq bir qardaş, ya bir bacı olsa, malın hamısı ona çatar. Əgər ata-anadan bir olan bir neçə qardaşı, ya ata-anadan olan bir neçə bacısı olsa, malı öz aralarında bərabər böləcəklər. Əgər ata-anadan bir olan bir neçə bacı-qardaşı olsa, hər qardaş hər bacıdan iki bərabər çox aparacaq. Məsələn, əgər ata-anadan bir olan iki qardaşı və bir bacısı olsa, malı beş yerə böləcəklər, hər qardaş onun iki hissəsini, bacı isə bir hissəsini aparacaq.
Məsələ 2707: Əgər ölən şəxsin ata-anadan bir olan qardaş və bacısı olsa, atadan bir anadan ayrı olan qardaş və bacısı irs aparmaz. Əgər ata-anadan bir olan qardaş və bacısı olmasa və ancaq eyni atadan olan bir bacı, ya bir qardaşı olsa, malın hamısı ona çatır. Əgər ata tərəfdən bir olan bir neçə qardaş, ya bir neçə bacı olsa, malı öz aralarında bərabər böləcəklər. Əgər atadan bir olan həm qardaşı, həm də bacısı olsa, hər qardaş hər bacıdan iki bərabər çox irs aparacaq.
Məsələ 2708: Əgər ölən şəxsin varisi ancaq eyni anadan olub, atadan ayrı olan bir bacısı ya bir qardaşı olsa, malın hamısı ona çatar. Əgər anadan eyni olan bir neçə qardaş ya bir neçə bacı ya bacı və qardaş olsa, malı bərabər öz aralarında böləcəklər.
Məsələ 2709: Əgər ölən şəxsin həm ata-anadan bir olan qardaş və bacısı, həm atadan bir olan qardaş və bacısı, həm də anadan bir olan bir qardaş, ya bir bacısı olsa, atadan bir olan bacı və qardaş irs aparmaz. Malı altı yerə bölərlər, onun bir hissəsini anadan bir olan qardaş və ya bacı öz aralarında bərabər böləcəklər. Qalanını isə ata-anadan bir olan qardaş və bacıya verərlər ki, hər qardaş hər bacıdan iki dəfə çox aparacaq.
Məsələ 2710: Əgər ölən şəxsin varisi ancaq ata-anadan bir olan qardaş və bacı, atadan bir olan qardaş və bacısı və anadan bir olan bir neçə
qardaş və bacısı olsa, atadan bir olan bacı-qardaş irs aparmaz. Malı üç yerə bölünməli, onun bir hissəsini anadan bir olan qardaş və bacı aparacaq və öz aralarında bərabər şəkildə böləcəklər, qalanını isə ata-anadan bir olan qardaş və bacıya verəcəklər ki, hər qardaş bacıdan iki dəfə çox
aparacaq.
Məsələ 2711: Əgər ölən şəxsin varisi ancaq atadan bir olan qardaş-bacı və anadan bir olan bir qardaş və ya bir bacısı olsa, malı altı yerə böləcəklər. Onun bir hissəsini anadan bir olan qardaş və bacı aparar, qalanını isə atadan bir olan qardaş və bacıya verəcəklər ki, hər qardaş hər bacıdan iki dəfə çox aparacaq.
Məsələ 2712: Əgər ölənin varisi ancaq atadan bir olan, bacı və qardaş, anadan bir olan bir neçə bacı və qardaş olarsa, malı üç yerə böləcəklər. Bir hissəsini anadan bir olan bacı və qardaş öz aralarında bərabər böləcəklər, yerdə qalanın atadan bir olan bacı və qardaşa verəcəklər. Hər qardaş iki bacı payı qədər irs aparar.
Məsələ 2713: Əgər ölən şəxsin varisi ancaq qardaş, bacı və arvadı olsa, arvad sonradan deyiləcək təfsilat ilə öz irsini aparacaq, qardaş və bacı isə yuxarıda deyildiyi kimi öz irsini aparacaq. Həmçinin əgər bir qadın ölsə və onun varisi ancaq qardaş, bacı və əri olsa, əri malın yarısını aparacaq, qardaş və bacı isə əvvəldə deyildiyi kimi öz irsini aparacaqlar. Amma ər ya arvadın irs apardığına görə anadan bir olan qardaş və bacının səhmindən bir şey azalmaz, amma ata-anadan ya təkcə atadan bir olan qardaş və bacının səhmi azalar. Məsələn, əgər mərhumun varisi ər və anadan bir olan qardaş və bacı, həmçinin, ata-anadan bir olan qardaş və bacısı olsa, malın yarısı ərinə çatacaq və malın əslinin üç hissəsindən bir hissəsi anadan bir olan qardaş-bacının malıdır və qalanını ata və anadan bir olan bacı və qardaşın malıdır. Beləliklə, əgər onun malı altı manat olsa, üç manat ərinə, iki manat anadan bir olan qardaş-bacısına, bir manat isə ata-anadan bir olan qardaş-bacısına çatacaq.
Məsələ 2714: Əgər ölən şəxsin bacı-qardaşı olmasa, onların irsdəki payını övladlarına verəcəklər və anadan bir olan qardaş və bacısının uşaqlarının səhmi onların arasında bərabər bölünəcək, amma atadan, ya ata-anadan bir olan qardaş və bacısının uşaqlarının səhmində isə, məşhura əsasən, hər oğlan qızdan iki dəfə çox aparacaq. Amma bunların da arasında bərabər bölünmə uzaq deyil, amma ehtiyat-vacibə əsasən öz aralarında razılaşmalıdırlar.
Məsələ 2715: Əgər ölən şəxsin varisi ancaq bir baba, ya bir nənəsi olsa, istər ata tərəfdən olsun, istər ana tərəfdən, malın hamısı ona çatacaq. Ölənin babası olduğu halda onun babasının atası irs aparmaz. Əgər ölənin varisi ancaq ata tərəfdən olan babası və nənəsi olsa, mal üç yerə bölünər, iki hissəsini baba, bir hissəsini isə nənə aparacaq. Əgər ana tərəfdən olan babası və nənəsi olsa, mal onların arasında bərabər bölünəcək.
Məsələ 2716: Əgər ölən şəxsin varisi ancaq ata tərəfdən bir olan baba ya nənə və ana tərəfdən olan bir baba ya nənəsi olsa, mal üç yerə bölünəcək, onun iki hissəsini ata tərəfdən olan baba ya nənə, bir hissəsini isə ana tərəfdən olan baba, ya nənə aparacaq.
Məsələ 2717: Əgər ölənin varisi ata tərəfdən olan baba-nənəsi və ana tərəfdən olan baba-nənəsi olsa, mal üç yerə bölünəcək, onun bir hissəsini ana tərəfdən olan baba-nənəsi öz aralarında bərabər böləcəklər, iki hissəsini isə ata tərəfdən olan baba-nənəsinə verəcəklər ki, baba nənədən iki dəfə çox aparacaq.
Məsələ 2718: Əgər ölən şəxsin varisi təkcə arvadı, ata tərəfindən olan baba-nənəsi, həmçinin ana tərəfdən olan baba-nənəsi olsa, arvad öz irsini sonradan deyiləcək kimi aparacaq. Malın əslinin üç hissəsindən bir hissəsini ana tərəfdən olan baba və nənəyə verəcəklər ki, öz aralarında bərabər bölsünlər. Qalanını isə ata tərəfdən olan baba və nənəyə verəcəklər ki, baba nənədən iki dəfə çox aparacaq. Əgər ölənin varisi əri, baba və nənəsi olsa, əri malın yarısını aparacaq, baba və nənəsi isə keçən məsələlərdə deyildiyi kimi öz irsini aparacaq.
Məsələ 2719: Qardaşın, bacının və ya qardaşların və bacıların, baba, yaxud nənə və ya babalar, yaxud nənələr ilə cəmlənməsinin bir neçə surəti vardır:
1. Baba, ya nənənin hər biri və qardaş, ya bacı, hamısı ana tərəfdən olsunlar. Bu halda onların arasında kişi və qadın olmaqda müxtəlif olsalar da bərabər bölünəcək.
2. Onların hamısı ata tərəfindən olsunlar, bu halda hamısı kişi və ya hamısı qadın olsa, mal onların arasında bərabər bölünəcək. Əgər kişi və qadın olmaqda müxtəlif olsalar, hər kişi qadından iki dəfə çox aparacaq.
3. Baba və ya nənədən hər biri ata tərəfdən olsun və bacı, ya qardaş ata-anadan olsun. Bunun hökmü keçən haldakı hökm kimidir. Məlum oldu ki, ölənin ata tərəfdən olan bacı, ya qardaşı əgər ata-anadan bir olan bacı ya qardaşla cəm olsa, ata tərəfdən olanlar irs aparmır.
4. Babalar, ya nənələr, ya hər ikisi həm ata tərəfdən olsun, həm ana tərəfdən olsun, qardaşlar ya bacılar, ya da hər ikisi də belə olsalar, bu halda ana tərəfdən qohum olan qardaşlar, bacılar, babalar, nənələr, malın üçdə birini öz aralarında bərabər böləcəklər, kişi və qadın olmaqda müxtəlif olsalar da; Ata tərəfdən qohum olanlara isə malın üçdə ikisidir ki, hər kişiyə qadından iki dəfə çox veriləcək. Əgər onların arasında hamısı kişi, ya hamısı qadın olsa, onların arasında bərabər bölünəcək.
5. Ata tərəfdən olan baba, ya nənə, ana tərəfdən olan qardaş, ya bacı ilə cəm olsun. Bu halda qardaş, ya bacı təkdirsə, malın altıda birini aparacaq, əgər tək deyilsə, onun üçdə birini öz aralarında bərabər böləcəklər, qalanı isə baba ya nənənin malıdır. Əgər baba, ya nənə hər ikisi olsa, baba nənədən iki dəfə çox aparacaq.
6. Ana tərəfdən olan baba, ya nənə, ata tərəfdən olan qardaş, ya qardaşlar ilə cəm olsun. Bu halda baba, ya nənə üçün malın üçdə biridir, əgər hər ikisi sağ olsa, üçdə birini bərabər şəkildə bölərlər, onun üçdə ikisi isə qardaş, ya qardaşlar üçündür. Əgər o baba, ya nənə ilə ata tərəfdən bacı olsa, tək olan halda malın yarısını aparacaq, əgər çox olsalar, üçdə ikisini aparacaqlar, hər halda baba, ya nənə üçün malın üçdə biridir. Buna görə də əgər bacı tək olsa, ölənin malının altıda biri onlardan artıq qalır. Bunun da bacıya verilməsi və ya baba ilə nənə arasında bölünməsi ehtimalı var. Bu halda ehtiyat-vacibə əsasən bir-birləri ilə razılaşmalıdırlar.
7. Babalar, nənələr, ya hər ikisi həm ata tərəfdən, həm də ana tərəfdən olsun və onlar ilə ata tərəfdən bacı, ya qardaş olsun, istər tək olsun, istərsə də çox, bu halda ana tərəfdən olan baba ya nənə üçün malın üçdə biridir. Əgər çox olsalar öz aralarında kişi və qadın olmaqda müxtəlif olsalar da, bərabər böləcəklər. Ata tərəfdən olan baba, ya nənə üçün və ata tərəfdən olan bacı, ya qardaş üçün qalan malın üçdə ikidir. Əgər kişi və qadın cəhətindən müxtəlif olsa, kişilər qadından iki dəfə çox aparacaq. Əgər o babalar, ya nənələrlə bir anadan olan bacı ya qardaş olsalar, bir anadan olan babaya, ya nənəyə, bir anadan olan bacı ya qardaş ilə birlikdə üçdə bir düşəcək və onların arasında bərabər bölünəcək. Kişi və qadın cəhətindən müxtəlif olsa belə və ata tərəfdən olan baba, ya nənə üçün üçdə ikidir. Baba nənədən iki qat artıq pay aparır.
8. Qardaş, ya bacıların bəzisi ata tərəfdən, bəzisi isə ana tərəfdən olsun və onlar ilə ata tərəfdən olan baba, ya nənə olsun, bu surətdə ana tərəfdən olan bacı, ya qardaş üçün tək olan surətdə malın altıda birdir. Əgər çox olsalar, malın üçdə biridir ki, öz aralarında bərabər böləcəklər. Ata tərəfdən olan bacı, ya qardaş üçün ata tərəfdən olan baba, ya nənə ilə birlikdə malın qalanıdır. Kişilər qadınlardan iki qat artıq pay aparacaq. Əgər o qardaş, ya bacılar ana tərəfdən olan baba, ya nənə ilə birlikdə olsa, ana tərəfdən olan baba, ya nənə üçün ana tərəfdən bacı qardaş ilə birlikdə malın üçdə biridir ki, öz aralarında bərabər böləcəklər, ata tərəfdən olan bacı, ya qardaş üçün irsin üçdə ikisidir. Onların kişiləri qadınlardan iki dəfə çox irs aparır.
Məsələ 2720: Ölən şəxsin qardaş və bacısı olduğu təqdirdə ölənin qardaşının və ya bacısının uşağına yetişməz. Lakin bu hökm qardaşın və ya bacının övladının qardaş və bacının mirasına bir əngəl təşkil etmədiyi hala aid deyil. Məsələn, əgər ölən şəxsin ata tərəfdən olan qardaşı və ana tərəfindən olan babası olarsa, ata tərəfindən olan qardaşı malın üçdə ikisini və ana tərəfindən olan babası malın üçdə birini irs aparır, bu təqdirdə ölənin ana tərəfindən olan qardaşı oğlu da olarsa, o qardaşoğlu babası ilə malın üçdə birinə şərik olur.

Üçüncü dəstənin irsi

Məsələ 2721: Üçüncü dəstə əmi, bibi, xala, dayı və onların övladlarıdır. Əgər birinci və ikinci dəstədən bir kəs olmasa, bunlar irs aparacaqlar.
Məsələ 2722: Əgər ölən şəxsin varisi ancaq bir əmi ya bir bibi olsa, istər ölən şəxslə ata-anadan bir olsun, istər atadan bir olsun, istərsə də anadan bir olsun, malın hamısı ona çatar. Əgər bir neçə əmisi, ya bir neçə bibisi olsa və hamısı ata-anadan, ya atadan, ya anadan bir olsa, malı öz aralarında bərabər böləcəklər. Əgər həm əmi, həm bibisi olsa, əmi bibidən iki dəfə çox aparacaq.
Məsələ 2723: Əgər ölən şəxsin varisi əmi və bibi olsa və onların bəzisi atadan, bəzisi anadan, bəzisi isə ata-anadan bir olsa, atadan bir olan əmi və bibi irs aparmaz. Məsələn, əgər ölənin ana tərəfdən bir əmisi, ya bir bibisi olsa, malı altı yerə böləcəklər, onun bir hissəsini anadan bir olan əmi, ya bibiyə, qalanı isə ata-anadan bir olan əmi və bibiyə, onlar olmayan halda isə atadan bir olan əmi və bibiyə verəcəklər. Əgər anadan bir olan həm əmisi, həm bibisi olsa, malı üç yerə böləcəklər. İki hissəsini ata-anadan bir olan əmi və bibiyə, onlar olmasa, atadan bir olan əmi və bibiyə, bir hissəsini isə anadan bir olan əmi və bibiyə verəcəklər. Əmi hər bir halda bibidən iki dəfə çox irs aparır.
Məsələ 2724: Əgər ölən şəxsin varisi ancaq bir dayı, ya bir xala olsa, malın hamısı ona çatar. Əgər həm dayı, həm xalası olsa və hamısı ata-anadan ya atadan ya anadan bir olsalar, dayının xaladan iki dəfə çox aparması uzaq deyil. Lakin bərabər bölünməsinə də ehtimal edilir. Buna görə də, ehtiyat-vacibə görə artıq miqdarda razılaşmalıdırlar.
Məsələ 2725: Əgər ölən şəxsin varisi ancaq anadan bir olan bir ya bir neçə dayısı, ya bir xalası, ata-anadan bir olan xalası və dayısı, həmçinin atadan bir olan dayı və xalası olsa, atadan bir olan xala və dayının irs aparmaması işkallıdır. Hər halda anadan bir olan dayı və ya xalası bir nəfər olsa, altıda birini, əgər bir neçə nəfər olsalar, üçdə birini irs aparırlar, yerdə qalanı isə atadan ya ata-anadan bir olan dayı və ya xalaya çatır. Hər bir halda dayının xaladan iki dəfə çox irs aparması ehtimal verilir. Amma ehtiyat-vacibə görə razılaşmalıdırlar.
Məsələ 2726: Əgər ölən şəxsin varisi bir ya bir neçə dayı, ya bir ya bir neçə xala, ya xala və dayısı və bir ya bir neçə əmi, ya bir və ya bir neçə bibi, ya əmi və bibisi olsa, malı üç qismə böləcəklər. Bir hissəsini dayı ya xala, ya hər ikisi, qalanını isə əmi, ya bibi, ya hər ikisi aparar. Hər iki dəstənin malı necə bölüşdürülməsi yuxarıda deyildi.
Məsələ 2727: Əgər ölən şəxsin əmi, bibi, dayı, xalası olmasa, onların övladına veriləcək. Əgər bir bibi qızı və bir neçə dayısı oğlu olarsa, bibisi qızı üçdə ikisi qədər, dayısı oğlanları isə üçdə birini aparır və öz aralarında bölürlər. Bu dəstə (dayının, əminin, bibi və xalanın övladları) ölən şəxsin ata və ya anasının əmisi, bibisi, dayısı və xalasından irəlidir.
Məsələ 2728: Əgər ölən şəxsin varisi atasının əmi, bibi, dayı və xalası, həmçinin onun anasının əmi, bibi, dayı və xalası olsa, malı üç yerə böləcəklər. Onun bir hissəsini ölən şəxsin anasının əmisi, bibisi, dayısı və xalası irs aparacaqlar və məşhura əsasən malın onların arasında bərabər bölünəcəyi və ya kişinin iki qadın payı aparacağı ixtilaflıdır. Ehtiyat-vacibə əsasən razılaşmalıdırlar. Onun qalan iki hissəsini üç yerə böləcəklər, bir hissəsini ölən şəxsin atasının dayısı və xalası öz aralarında eyni qayda ilə, o biri iki hissəni isə onun atasının əmisi və bibisi eyni qayda ilə böləcəklər.
Ər və arvadın irsi

Məsələ 2729: Əgər bir qadın ölsə və övladı olmasa, onun bütün malının yarısı ərinə, qalanı isə o biri vərəsələrə çatacaq. Əgər həmin ərdən, ya başqa ərdən övladı olsa, bütün malının dörddə biri ərinə, qalanı isə o biri vərəsələrə çatacaq.
Məsələ 2730: Əgər bir kişi ölsə və övladı olmasa, malının dörddə biri arvadına, qalanı isə başqa vərəsələrə çatacaq. Əgər o qadından ya başqa qadından övladı olsa, malının səkkizdə biri arvadına, qalanı isə başqa vərəsələrə çatacaq. Qadın evin yerindən, bağdan, əkindən və başqa yerlərdən irs aparmaz, nə yerin özündən, nə də onun qiymətindən. Həmçinin bina və ağac kimi havada (torpaqdan yuxarı) olan malın özündən irs aparmaz, amma onun qiymətindən irs aparar. Həmçinin, bağda, əkin sahəsində və başqa yerlərdə olan ağac, əkin və evlərin hökmü də bu cürdür. Amma əri ölən zaman ağacda (ağacın üstündə) olan meyvələrin özündən irs aparır.
Məsələ 2731: Əgər qadın irs aparmadığı şeylərdən, məsələn, məskunlaşmış evin yerini istifadə etmək istəsə, gərək başqa vərəsədən icazə alsın. Həmçinin vərəsələr arvadın payını verməmiş, arvadın qiymətindən irs apara biləcəyi şeylərdən (məsələn, bina, ağac) onun icazəsi olmadan istifadə etməsi icazəli deyildir.
Məsələ 2732: Bina, ağac və buna bənzər şeylərin qiymətini müəyyən etmək istəyərlərsə, dəyər müəyyən edən mütəxəssislərin etdiyi kimi, onların olduqları yerin xüsusiyyətini nəzərə almadan nə qədər qiymət daşıdıqlarını hesab etməlidirlər. Onları yerdə qoparılmış fərz edərək və ya kirayəsiz olaraq o yerdə qalacaqları nəzərə alınaraq qiymətləri hesab edilməməlidir.
Məsələ 2733: Kanal suyunun məcrası və s. yerin hökmünə aiddir, orada işlədilən kərpic və digər şeylər tikinti hökmündədir. Amma suyun özündən irs aparır.
Məsələ 2734: Əgər ölən şəxsin bir neçə arvadı olsa, belə ki, (ərin) övladı olmasa, malın dördə birini, əgər övladı olsa, malın səkkizdə birini şərh olunduğu kimi, o qadınların arasında bərabər böləcəklər. Hətta ər onlardan heç biri ilə və ya bəzisi ilə yaxınlıq etməmiş olsa belə. Amma ölümünə səbəb olan xəstəlik zamanı bir qadını nikah etmiş və onunla yaxınlıq etməmişdirsə, o qadın irs aparmaz və mehriyyə haqqı da yoxdur.
Məsələ 2735: Əgər qadın xəstə halında ərə getsə və o xəstəlik ilə ölsə, əri onunla yaxınlıq etməsə də, ondan irs aparır.
Məsələ 2736: Əgər talaq hökmlərində deyilən tərtib ilə bir qadına rici talaq versələr və iddə əsnasında ölsə, ər ondan irs aparar. Həmçinin əgər ər o iddə əsnasında ölsə, qadın ondan irs aparar. Amma iddə keçəndən sonra, ya bain iddəsində onlardan biri ölsə, o biri irs aparmaz.
Məsələ 2737: Əgər ər xəstə halında öz əyalına talaq versə və on iki qəməri ay keçməzdən əvvəl ölsə, qadın üç şərt ilə ondan irs aparar, istər rici talaq olsun, istərsə bain:
1. Bu müddətdə başqa ərə getməsin, ərə gedən halda irs aparmır. Hərçənd ehtiyat-müstəhəb budur ki, razılaşsınlar.
2. Talaq, qadının istək və razılığı ilə olmamış olsun, əks təqdirdə, istər onun talaqı üçün ərinə bir şey vermiş olsun və ya verməsin, irs aparmaz.
3. Ər qadına talaq verdiyi vaxtda olan xəstəlik ilə, ya başqa bir səbəbdən ölsə, beləki əgər o xəstəlikdən yaxşı olub başqa bir səbəbə görə dünyadan getsə, qadın ondan irs aparmaz. Amma rici talaq iddəsində vəfat edibsə irs aparar.
Məsələ 2738: Ərin öz qadınının geyinməsi üçün aldığı paltar, qadının əynində olsa da, ərin ölümündən sonra ərin malındandır. Əgər qadının mülkiyyətinə keçiribsə (öz) malı olar. Qadının nəfəqə ünvanı ilə ərindən, libasları onun mülkiyyətinə keçirməsini tələb etməyə haqqı var.

İrsin müxtəlif məsələləri

Məsələ 2739: Ölən şəxsin Quranı, üzüyü və qılıncı, həmçinin geydiyi, ya geymək üçün saxladığı paltarlar böyük oğlunun malıdır. Əgər ölən şəxsin əvvəlki üç şeyi birdən çox olarsa, məsələn, iki Quranı və ya iki üzüyü olsa, ehtiyat-vacib budur ki, böyük oğul onlardan başqa vərəsələr ilə razılaşsın. Rəhl, (Quran qoyulan taxta) tüfəng, xəncər və bu kimi silahların, qılıncın qını, Quranın qabı da onlara aiddir.
Məsələ 2740: Əgər ölən şəxsin böyük oğlu birdən çox olsa, məsələn, onun iki arvadından eyni vaxtda iki oğlu olsa, gərək yuxarıda deyilən
əşyaları öz aralarında bərabər bölsünlər. Bu hökm ondan böyük bacıları olsa belə, yalnız böyük oğula məxsusdur.
Məsələ 2741: Əgər ölən şəxsin borcu onun malı qədər, ya ondan çox olsa, gərək böyük oğul onun malı olan və yuxarıdakı məsələdə deyildiyi əşyalardan borcunu versin, ya da onların qiyməti qədərincə öz malından versin. Əgər ölən şəxsin borcu malından az olarsa, böyük oğula çatan bir neçə əşyadan başqa, yerdə qalan malı borcunu ödəməyə kifayət etməzsə, böyük oğul ya həmin əşyalardan, ya da öz malından onun payına düşən nisbətlə gərək borcunu versin. Həmçinin ehtiyat-lazım budur ki, deyilmiş şəkildə böyük oğul ölənin borcunu ödəməkdə iştirak etsin. Məsələn, əgər onun malı 60 manat olarsa, ondan 20 manat böyük oğlun malı olan şeylərdən olsa və 30 manat da borcu olsa, böyük oğul gərək o dörd şeydən 10 manat miqdarında ölənin borcuna versin.
Məsələ 2742: Müsəlman kafirdən irs aparır. Amma kafir, müsəlman ölənin oğlu, ya atası olsa da ondan irs aparmır.
Məsələ 2743: Əgər bir şəxs öz qohumlarından birini bilə-bilə və nahaqdan öldürsə, ondan irs aparmır. Amma haqlı olsa, məsələn, qisas, ya hədd icra olunması və ya müdafiə kimi olsa, irs aparır. Həmçinin əgər xəta üzündən olsa, məsələn, daşı havaya atsa və təsadüfən qohumlarından birinə dəyib öldürsə, ondan irs aparır. Amma qətlin diyəsindən qatilin ata tərəfdən kişi qohumları verdiyi diyədən irs apara bilməz. Əgər qətl şibhi-qəsd olarsa (yəni adətən qətlə səbəb olmayan, qətl qəsdi də olmayan, amma o işi öldürülənə nisbətdə yerinə yetirmək qəsdində olarsa), bu iş irsə mane olmaz.
Məsələ 2744: Əgər irsi bölmək istəsələr, ana bətnində olan və diri dünyaya gəldikdə irs aparan, uşağın bir, ya bir neçə olması, habelə qız və ya oğlan olması məlum olsa, hətta elmi vasitələrin köməyi ilə olsa belə, gərək onun payını saxlasınlar. Əgər məlum olmasa, iki və ya üç olmasına etibarlı ehtimal verirlərsə, ehtimal verilən uşaqların payını kənara qoymalıdırlar. Əgər sonradan, məsələn, bir oğlan və bir qız dünyaya gələrsə, artıq qalanını varislər öz aralarında böləcəklər.
ƏLAVƏLƏR → ← VƏSİYYƏTİN HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français