ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Allahın adı ilə!
Bu gün axşam (çərşənbə axşamı, aprel ayının 9-u) Şəvval ayının hilalının cihazsız gözlə görünməsi sübuta yetmişdir. 
Buna əsasən sabah, Aprel ayının 10-u (çərşənbə günü) şəvval ayının biri, mübarək Fitr bayramıdır. Allah-taala bütün müsəlmanlara bu bayramı mübarək etsin.

Ayətullah əl-uzma Seyyid Əli Hüseyni Sistaninin dəftərxanası.

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

NAMAZ → ← MEYYİTİN HÖKMLƏRİ

TƏYƏMMÜM

TƏYƏMMÜM

Təyəmmüm edilməli olan hallar
Yeddi halda dəstəmaz və qüsl əvəzinə təyəmmüm edilməlidir. Qarşıdakı məsələlərdə bu hallar izah edilmişdir:

Birinci hal: Suyun olmaması
Məsələ 787. İnsan məskun bir ərazidə (yaşayış məntəqəsində) olarsa, dəstəmaz və qüslə su tapmaq üçün onu tapacağından ümidini üzənədək axtarmalıdır. Həmçinin, əgər bədəvilər kimi çöllük ərazidə məskunlaşarsa, dəstəmaz və qüslə su tapmaq üçün onu tapacağına ümidini itirənədək axtarmalıdır.
Məsələ 788. İnsan səfər çərçivəsində çöllük ərazidən keçərsə, yol boyu və dayandığı yerin yaxınlığındakı ərazidə su axtarmalıdır və lazım ehtiyata əsasən, həmin ərazi dərə-təpəli olarsa, yaxud ağacların sıxlığı səbəbi ilə yolun qət edilməsi çətin olarsa, ətrafındakı ərazidə qədim dövrlərdə kamanla atılan bir ox uçuşuna bərabər məsafəni(1) su axtarmaq üçün gəzməli, düzənlik ərazidə isə ox uçuşunun iki mislinə bərabər məsafədə su axtarmalıdır.
Məsələ 789. Əgər ərazinin bəzi tərəfləri düzənlik, digər tərəfləri isə dərə-təpəli olarsa, düzənlik tərəflərdə oxun qət etdiyi məsafənin iki mislinə bərabər məsafədə, dərə-təpəli tərəflərdə isə oxun qət etdiyi məsafədə su axtarmaq lazımdır. Suyun olmadığına dair yəqinlik hasil edilən tərəflərdə su axtarmağa ehtiyac yoxdur.
Məsələ 790. Namaz qılmaq üçün az vaxtı qalmayan və su tapmaq üçün vaxtı olan şəxs əgər su axtarmalı olduğu məsafədən uzaq bir yerdə suyun olduğuna dair yəqinlik, yaxud arxayınlıq hasil edərsə, su əldə etmək üçün həmin yerə getməlidir. Lakin əgər həmin yer sözügedən şəxsin olduğu yerdən onun sudan məhrum hesab ediləcəyi qədər uzaq olarsa, bu hal istisna təşkil edir. Həmçinin, həmin yerdə suyun olduğunu güman etdiyi təqdirdə də oraya getməsi zəruri deyil.
Məsələ 791. İnsanın şəxsən su axtarışına çıxması zəruri sayılmır, o, su axtaran və sözünə etimad etdiyi bir şəxsin verdiyi məlumatla da kifayətlənə bilər.
Məsələ 792. İnsan səfər azuqəsinin içərisində, yaxud yolda dayandığı ilk yerdə və ya digər yolçularda suyun olduğunu ehtimal edərsə, suyun olmadığına arxayın olana, yaxud su tapmaqdan ümidini üzənədək axtarmalıdır. Lakin əgər əvvəldən hər hansı bir yerdə su olmamışdırsa və insan sonradan həmin yerdə su olduğunu ehtimal edərsə, bu halda axtarış aparmasına gərək yoxdur.
Məsələ 793. Əgər insan namaz vaxtından öncə su axtarışına çıxar, lakin tapmazsa və namaz vaxtınadək həmin yerdə qalarsa, su tapacağını ehtimal etdiyi təqdirdə, müstəhəb ehtiyata əsasən, yenidən su axtarışına çıxmalıdır.
Məsələ 794. Əgər namazın vaxtı başladıqdan sonra su axtarışına çıxar, ancaq tapmazsa və növbəti namazın vaxtınadək orda qalarsa, su tapacağını ehtimal etdiyi təqdirdə, müstəhəb ehtiyata əsasən, yenidən su axtarışına çıxmalıdır.
Məsələ 795. Əgər namazın vaxtının başa çatmasına az qalarsa, yaxud oğru və yırtıcı heyvan təhlükəsi olarsa və ya suyun axtarışı onun kimi insanların bir qayda olaraqtab gətirə bilmədiyi qədər çətin olarsa, su axtarmaq zəruri deyil.
Məsələ 796. Əgər namazın vaxtı daralanadək su axtarışına çıxmazsa, bu halda əgər axtarsaydı, su tapacaqdısa, günah etmiş sayılır, lakin təyəmmümlə qıldığı namazı doğrudur.
Məsələ 797. Su tapmayacağına əmin olan şəxs su axtarışına çıxmayaraq təyəmmümlə namaz qılarsa və namazdan sonra əgər axtarmış olduğu təqdirdə suyun tapılacağını başa düşərsə, lazım ehtiyata əsasən, dəstəmaz alaraq namazı enidən qılmalıdır.
Məsələ 798. Əgər insan axtarış nəticəsində su tapmazsa, onun tapılacağından ümidini üzərək təyəmmümlə namaz qılarsa və namazdan sonra əslində axtardığı yerdə suyun mövcud olduğunu başa düşərsə, namazı doğrudur.
Məsələ 799. Namaz üçün az vaxtının qaldığına əmin olan şəxs su axtarmadan təyəmmümlə namaz qılarsa və namazdan sonra, namaz vaxtı başa çatmamış axtarış üçün vaxtı olduğunu başa düşərsə, vacib ehtiyata əsasən, namazını yenidən qılmalıdır.
Məsələ 800. Əgər insan dəstəmazlı olarsa və dəstəmazını pozacağı təqdirdə su tapa bilməyəcəyini, yaxud dəstəmaz ala bilməyəcəyini bilərsə, dəstəmazını saxlaya biləcəyi halda, vacib ehtiyata əsasən, namaz vaxtının başlamasından öncə və ya sonra olmasından asılı olmayaraq,dəstəmazını pozmamalıdır. Lakin hərçənd qüsl etmək imkanı olmayacağını bilsə də, həyat yoldaşı ilə cinsi əlaqədə ola bilər və bu halda onun vəzifəsi təyəmmüm etməkdir. Bu hökm, vacib ehtiyata əsasən, yalnız cinsi əlaqəyə şamil olunur, cinsi həzz alma məqsədi daşıyan digər hərəkətlərə şamil olunmur. Ancaq təyəmmüm etmək imkanının da olmayacağını bilərsə, bu iş (cinsi əlaqə) caiz deyil.
Məsələ 801. Yalnız dəstəmaz, yaxud qüslə yetəcək qədər suyu olan və onu axıdacağı təqdirdə su tapmayacağını bilən şəxsin namazın vaxtı başladıqdan sonra həmin suyu yerə tökməsi haramdır və vacib ehtiyata əsasən, namaz vaxtından öncə də tökməməlidir.
Məsələ 802. Su tapmayacağını bilən şəxs dəstəmazını pozarsa, yaxud əlindəki suyu yerə tökərsə, hərçənd günah etsə də, təyəmmümlə qıldığı namazı doğrudur, lakin müstəhəb ehtiyata əsasən, həmin namazın qəzasını da qılmalıdır.

İkinci hal: Suyu əldə edilə bilməməsi
Məsələ 803. İnsanın qocalıq, zəiflik, oğru, yırtıcı heyvan qorxusu və bu qəbildən olan təhlükələr və ya quyudan su çıxarmaq üçün lazımi vasitələrin olmaması kimi səbəblərlə əlaqədar olaraq suya əli çatmasa, təyəmmüm etməlidir.
Məsələ 804. Əgər quyudan su çıxarmaq üçün müəyyən vasitələr lazımdırsa və insan onları almağa, yaxud kirayələməyə məcburdursa, hərçənd bu vəziyyətdə qiyməti normal bazar qiymətindən bir neçə dəfə baha olsa belə, insan həmin ləvazimatı əldə etməlidir. Suyun qiymətindən bir neçə dəfə baha satılması da bu qəbildəndir. Lakin əgər onların əldə edilməsi insanın yaşayışına mənfi təsir göstərəcək qədər pul tələb edərsə və onun həddən ziyadə böyük bir çətinliklə üzləşməsinə səbəb olacaqsa, sözügedən şeyləri əldə etməsi vacib deyil.
Məsələ 805. Su əldə edə bilməyən şəxs su əldə etmək üçün borc almağa məcbur olarsa, borc almalıdır. Lakin borcunu qaytara bilməyəcəyini bilən, yaxud güman edən şəxsin borc alması vacib deyil.
Məsələ 806. Su əldə edə bilməyən şəxs üçün quyu qazmaq həddən ziyadə çətin deyilsə, su əldə etmək üçün quyu qazmalıdır.
Məsələ 807. Su əldə edə bilməyən şəxsə başqa bir şəxs bir qədər su verərsə, bu hədiyyənin dözülməz dərəcədə minnətli olduğu, yaxud insanın üzünün suyunun tökülməsi ilə nəticələnəcəyi hallar istisna olmaqla, onu qəbul etməlidir.

Üçüncü hal: Sudan istifadənin zərərli olması
Məsələ 808. Əgər sudan istifadə insanın ölümü, yaxud bədənində hər hansı bir xəstəlik və ya eybin əmələ gəlməsi, yaxud xəstəliyinin uzun müddət davam etməsi, güclənməsi və ya müalicəsinin çətinləşməsi ilə nəticələnəcəksə, təyəmmüm etməlidir. Lakin əgər suyun ziyanının qarşısını hər hansı bir şəkildə, məsələn, onu qızdırmaqla ala bilərsə, bu tədbiri görməli və dəstəmaz almalı, qüsl lazım olan hallarda isə qüsl etməlidir.
Məsələ 809. İnsanın suyun onun üçün zərərli olduğuna əmin olması zəruri deyil, hətta zərərli olduğunu ehtimal etdikdə də ehtimalı insanların nəzərində məntiqlidirsə, təyəmmüm etməlidir.
Məsələ 810. İnsan suyun zərərli olduğuna əmin olaraq, yaxud zərərli olduğunu ehtimal edərək təyəmmüm edərsə və namazdan öncə suyun onun üçün zərərli olmadığını başa düşərsə, təyəmmümü batil olur, namazdan sonra başa düşdüyü təqdirdə isə namazı yenədən dəstəmaz, yaxud qüsllə qılmalıdır. Lakin əgər zərərlə bağlı əminlik, yaxud ehtimalın mövcud olduğu halda dəstəmaz almaq, yaxud qüsl etmək dözülməsi həddən ziyadə çətin olan ruhi-psixoloji narahatçılığa səbəb olarsa, bu vəziyyət təyəmmümün qarşıda hökmü açıqlanacaq dördüncü halına daxildir.
Məsələ 811. Suyun onun üçün zərərli olmadığına əmin olan bir şəxs qüsl edərsə, yaxud dəstəmaz alarsa və sonra suyun onun üçün zərərli olduğunu başa düşərsə, dəstəmaz və ya qüslü batildir və həmin dəstəmaz, yaxud qüsllə qıldığı vacib namazı vaxt çərçivəsində yenidən qılmalı, vaxtı başa çatdıqdan sonra isə qəzasını qılmalıdır.

Dördüncü hal: Su əldə etməyin, yaxud sudan istifadənin həddən ziyadə çətin olması
Məsələ 812. Əgər suyun əldə edilməsi, yaxud istifadəsi insan üçün adətən dözülməz olan, həddən ziyadə çətinlik törədəcəksə, təyəmmüm edə bilər. Lakin əgər dözərək dəstəmaz alar, yaxud qüsl edərsə, dəstəmaz və qüslü doğrudur.

Beşinci hal: Susuzluğu aradan qaldırmaq üçün suya ehtiyacın olması
Məsələ 813. Əgər insanın susuzluğu aradan qaldırmaq üçün suya ehtiyacı olarsa, təyəmmüm etməlidir və təyəmmümün bu baxımdan caizliyi iki vəziyyətlə əlaqədar ola bilər:
1) Suyu dəstəmaz, yaxud qüslə sərf edəcəyi təqdirdə özünün həmin vaxt, yaxud daha sonra ölümünə və ya xəstələnməsinə səbəb ola biləcək, yaxud dözülməsi həddən ziyadə çətin olacaq susuzluqla üzləşəcəyindən qorxduqda.
2) Özündən başqa tabeliyində, nəzarətində, yaxud himayəsində olan bir şəxsin ölümünə və ya xəstələnməsinə səbəb ola biləcək, yaxud dözülməsi onun üçün həddən ziyadə çətin olacaq susuzluqla üzləşəcəyindən qorxduqda. Hərçənd, o başqası həyatı toxunulmaz hesab edilən insanlardan olmasa, yaxud bir heyvan olsa belə, onun həyat şəraitinin insan üçün önəm kəsb etməsi şərti ilə bu hökm tətbiq edilir. İstər bu önəm həddən ziyadə sevgi və bağlılıqdan, istər onun tələf olmasının insan üçün maddi zərərlə nəticələnəcəyindən, istərsə dost və qonşu xüsusunda olduğu kimi onun vəziyyəti ilə maraqlanmağın ürfən gərəkli sayılmasından irəli gəlsin, belə ki, onlarla maraqlanmamaq cəmiyyətdə dözülməz mənəvi-psixoloji narahatçılıqlara və insanın rüsvayçılığına səbəb kimi qəbul edilsin.
Lakin tabeliyində, nəzarətində, yaxud himayəsində olmayan və həyat şəraitinin onun üçün əhəmiyyət kəsb etmədiyi insanların susuzluğundan qorxarsa, yenə də bu vəziyyət təyəmmümü caiz qıla bilər. Lakin burada təyəmmümün caizliyi bu baxımdan deyil, təyəmmümün altıncı halına daxil olan müsəlmanın həyatının qorunmasının vacibliyi baxımındandır. Yaxud onun ölümünün və taqətsizliyinin mütləq insanın özünün də böyük bir çətinliyə düşməsi ilə nəticələnməsi baxımındandır ki, bu da öz növbəsində təyəmmümün dördüncü halına daxil olan vəziyyətlərdəndir. Təyəmmümün hallarından heç birinə daxil olmadığı təqdirdə isə suyu dəstəmaz, yaxud qüsl üçün istifadə etməlidir.
Məsələ 814. Əgər insanın dəstəmaz və qüsl üçün ixtiyarında olan pak su ilə yanaşı içməsi üçün yetəcək qədər nəcasətli suyu da olarsa, pak suyu içmək üçün saxlamalı və təyəmmümlə namaz qılmalıdır. Lakin əgər himayəsində, yaxud nəzarətində olan şəxslərin sudan istifadə etməsini istəyərsə, bu halda hərçənd onlar susuzluqlarını aradan qaldırmaq üçün nəcis sudan içməyə məcbur olsalar da, pak su ilə dəstəmaz ala, yaxud qüsl edə bilər. Hətta əgər onlar suyun nəcisliyindən xəbərsiz olarlarsa, yaxud nəcasətlənmiş suyu içməkdən çəkinməzlərsə, bu halda pak suyu mütləq dəstəmaz və qüsl üçün istifadə etməlidir. Həmçinin, əgər heyvanının, yaxud həddi-büluğa çatmayan uşağın içməsi üçün su saxlamaq istəyərsə, nəcasətli suyu onlara verməli, pak su ilə isə dəstəmaz almalı, yaxud qüsl etməlidir.

Altıncı hal: Dəstəmaz, yaxud qüslün daha önəmli və ya eyni dərəcədə əhəmiyyətli bir vəzifənin icrasına mane olması
Məsələ 815. Bədəni, yaxud paltarı nəcasətlənən və dəstəmaz, yaxud qüsl üçün istifadə edəcəyi təqdirdə bədənini, yaxud paltarını yumağa yetməyəcək qədər suyu olan şəxs bu halda bədənini, yaxud paltarını yumalı və təyəmmüm edərək namazını qılmalıdır. Lakin əgər təyəmmüm üçün istifadə edə biləcəyi bir şey olmasa, suyu dəstəmaz, yaxud qüsl üçün sərf etməli və nəcasətli bədən, yaxud paltarla namaz qılmalıdır.
Məsələ 816. Əgər insanın istifadəsi haram olan su, yaxud qabdan başqa su, yaxud qabı olmazsa, məsələn, su, yaxud qabı qəsb edilmiş olarsa və ondan başqa su və ya qab olmazsa, dəstəmaz və qüsl yerinə təyəmmüm etməlidir.

Yeddinci hal: Vaxt məhdudluğu
Məsələ 817. Vaxt məhdudluğu ilə əlaqədar olaraq əgər insan dəstəmaz alarsa, yaxud qüsl edərsə, namazını bütövlüklə, yaxud onun bir hissəsini vaxtından sonra qılmalı olacaqsa, təyəmmüm etməlidir.
Məsələ 818. İnsan qəsdən namazını dəstəmaz, yaxud qüsl üçün vaxtı qalmayanadək təxirə salarsa, günah edir, lakin onun təyəmmümlə qıldığı namazı doğrudur, hərçənd müstəhəb ehtiyata əsasən, həmin namazın qəzasını da qılmalıdır.
Məsələ 819. Dəstəmaz alacağı, yaxud qüsl edəcəyi təqdirdə namaz üçün vaxtının qalıb-qalmayacağına şəkk edən şəxs təyəmmüm etməlidir.
Məsələ 820. Vaxt məhdudluğu ilə əlaqədar olaraq təyəmmüm edən və namazdan sonra dəstəmaz almaq imkanı olduğu halda istifadə edə biləcəyi suyu itirənədək, yaxud başqa bir üzürlü vəziyyətlə qarşılaşanadək dəstəmaz almayan şəxs vəzifəsi təyəmmüm olduğu təqdirdə sonrakı namazları üçün hətta hər hansı bir hədəs halı baş verərək təyəmmümünü pozmasa belə, yenidən təyəmmüm etməlidir.
Məsələ 821. Suyu olan şəxs vaxt məhdudluğu ilə əlaqədar olaraq təyəmmümlə namaz qılarsa və namazda ikən istifadə edə biləcəyi suyu itirərsə, vəzifəsi təyəmmüm olduğu təqdirdə sonrakı namazlar üçün yenidən təyəmmüm etməsinə gərək yoxdur, hərçənd daha yaxşı olar ki, yenidən təyəmmüm etsin.
Məsələ 822. İnsanın dəstəmaz alaraq, yaxud qüsl edərək namazı iqamə və qunut kimi müstəhəb işləri (habelə müstəhəb dua və zikrləri) ixtisara salmaqla qıla biləcək qədər vaxtı olarsa, qüsl etməli, yaxud dəstəmaz almalı və namazı müstəhəb işləri ixtisara salaraq qılmalıdır. Hətta surəni(2) oxumaq üçün kifayət edəcək qədər vaxtı qalmayacağı təqdirdə belə qüsl etməli, yaxud dəstəmaz almalı və namazı surəsiz qılmalıdır.
Təyəmmüm üçün istifadə edilməsi doğru olan şeylər
Məsələ 823. Təyəmmüm üçün istifadə edilməsi doğru sayılan şeylər üç qisimə bölünür:
1) torpaq kimi yer(3) adlandırılan, yaxud xalçaların və bu qəbildən olan şeylərin üzərindəki narın torpaq sayılacaq şəkildə olan toz kimi yerə qonmuş şeylər;
2) gil;
3) tozlu olan, lakin tozu görünməyən, yaxud görünsə də narın torpaq sayılacaq qədər olmayan əşya.
Qeyd etmək lazımdır ki, birinci qisimə daxil olan şeylərlə təyəmmüm etmək mümkün olduqca ikinci qisim şeylərlə təyəmmüm etmək olmaz, həmçinin ikinci qisimə daxil olan şeylərlə təyəmmüm etmək mümkün olduqca üçüncü qisim şeylərlə təyəmmüm etmək olmaz. Bu qisimlərin hər biri qarşıdakı məsələlərdə izah ediləcəkdir.
Məsələ 824. Torpaq, çınqıl, kəsək və daşla təyəmmüm etmək onlarda növbəti fəsildə sadalanacaq təyəmmümdə istifadə edilən şey üçün tələb olunan keyfiyyətlərin mövcud olması şərti ilə doğrudur. Lakin müstəhəb ehtiyata əsasən, torpaqla mümkün olduğu halda başqa bir şeylə təyəmmüm edilməməli, torpaqla mümkün olmadığı halda kəsəklə, onunla da mümkün olmadığı halda çınqılla, çınqıl və kəsəklə də mümkün olmadığı halda isə daşla təyəmmüm edilməlidir.
Məsələ 825. Növbəti fəsildə sadalanacaq şərtlərə riayət etməklə gips və əhəng daşı ilə təyəmmüm etmək doğrudur.
Məsələ 826. Bişmiş gəc (alebastr), əhəng, kərpic və saxsı ilə, həmçinin xalça, paltar və bu qəbildən olan əşyaların üzərində toplanmış, ürfən yumşaq torpaq hesab ediləcək həcmdə olan tozla, habelə əqiq və firuzə kimi qiymətli daşlarla təyəmmüm etmək onlarda növbəti fəsildə sadalanacaq keyfiyyətlərin mövcud olduğu təqdirdə doğrudur, hərçənd müstəhəb ehtiyata əsasən, zərurət olmadan onlarla təyəmmüm edilməməlidir.
Məsələ 827. Gildən hörülmüş divarla təyəmmüm etmək divarda növbəti fəsildə sadalanacaq keyfiyyətlərin mövcud olması şərti ilə doğrudur. Həmçinin, azacıq nəmliyi olan yer, yaxud torpaqla təyəmmüm etmək də doğrudur, hərçənd müstəhəb ehtiyata əsasən, insan quru yer, yaxud torpaq olduğu təqdirdə rütubətli yer, yaxud torpaqla təyəmmüm etməməlidir.
Məsələ 828. Yer adlandırıla bilməyəcək şeylərlə təyəmmüm etmək batildir. Beləliklə, otlar, güllər, metallar, şüşə, plastik, parça və bu qəbildən olan materiallarla təyəmmüm etmək doğru deyil.
Məsələ 829. Təyəmmüm üçün istifadə edilə biləcək birinci qisim şeylər, yəni torpaq, qum, çınqıl, kəsək, daş və narın torpaq hesab edilən toz tapılmazsa, insan ürfən gil adlandırılan bir şeylə onda növbəti fəsildə sadalanacaq keyfiyyətlərin mövcud olması şərti ilə təyəmmüm edə bilər. Bu təyəmmümdə insanın əlinə yapışan gili məshdən öncə tamamilə, yəni əlində ondan əsər-əlamət qalmayacaq şəkildə təmizləməsi caiz deyil, əksinə vacib ehtiyata əsasən, təmizlənmədiyi təqdirdə təyəmmüm yerlərinə əllə məsh etmək adlandırılmayacaq qədəri istisna olmaqla, əlinə yapışan gilin bir qədərini saxlamalıdır.
Məsələ 830. Əgər gil də tapılmazsa, insan xalça, geyim və bu qəbildən olan əşyaların içinə hopan, yaxud üzərinə qonan, lakin ürfün nəzərincə torpaq hesab ediləcək həcmdə olmayan tozla təyəmmüm etməlidir.
Məsələ 831. Əgər insan xalça və bu qəbildən olan əşyaları silkələməklə toz toplaya bilərsə, bu halda gil və ya tozlu əşyanın üzərinə əl basmaqla təyəmmüm batil sayılır. Həmçinin, əgər gili qurudaraq ondan torpaq hazırlaya bilərsə, bu halda da gillə təyəmmüm batil sayılır.
Məsələ 832. Əgər qeyd edilən üç qisimə aid olan şeylərdən heç biri tapılmazsa, bu halda insan “faqid ət-təhureyn”(4) adlandırılır, həmin vaxt namazın vacibliyi onun üzərindən götürülür, lakin sonradan qəzasını qılması vacibdir. Hərçənd müstəhəb ehtiyat budur ki, sözügedən insan namazını öz vaxtında təyəmmümsüz qılsın. Lakin yenə də sonradan onun qəzasını qılması vacibdir.
Məsələ 833. Sudan istifadə etmək imkanı olmayan şəxs əgər qar, yaxud buzdan istifadə etmək imkanı olarsa, mümkün olduğu halda onu əridərək suya çevirməli və həmin su ilə dəstəmaz almalı, yaxud qüsl etməli, mümkün olmadığı və təyəmmümdə istifadə ediməsi doğru sayılan hər hansı bir şey də tapılmadığı təqdirdə isə vaxtı başa çatdıqdan sonra namazının qəzasını qılmalıdır. Lakin müstəhəb ehtiyatın tələbi budur ki, qar, yaxud buzla dəstəmaz və ya qüsl üzvlərini islatsın və dəstəmazda əlinin rütubəti ilə baş və ayaqlarına məsh etsin. Bu da mümkün olmadığı təqdirdə isə, müstəhəb ehtiyatın tələbi budur ki, buz, yaxud qara əl basaraq təyəmmüm etsin və namazını vaxtında qılsın. Lakin hər iki halda həmin namazın qəzasının qılınması vacibdir.
Məsələ 834. Əgər insanın təyəmmüm üçün istifadə edə biləcəyi bir şeyi yoxdursa, mümkün olduğu halda satın alma və bu qəbildən olan vasitələrlə əldə etməlidir.

Təyəmmümdə istifadə edilən şeylər üçün tələb olunan şərtlər
Üzərinə əl basaraq təyəmmüm edilən şey qarşıdakı məsələlərdə izah ediləcək bir neçə tələbə cavab verməlidir:

Birinci şərt: Lazım ehtiyata əsasən, ələ bulaşacaq qədər tozlu olmalıdır
Məsələ 835. İnsanın əlini basaraq təyəmmüm etdiyi şeyin üzərində, vacib ehtiyata əsasən, ələ bulaşacaq qədər toz olmalıdır və təyəmmüm edən şəxs əllərini ona toxundurduqdan sonra, vacib ehtiyata əsasən, bütün toz-torpağı töküləcək qədər möhkəm silkələməməlidir. Daş kimi əllə toxunduqda əldə heç nə qalmayan istənilən şeylə təyəmmüm, vacib ehtiyata əsasən, kafi sayılmır. Əlinin altında yalnız belə bir daş, yaxud başqa bir şey olan və namaz vaxtı başa çatanadək təyəmmümdə istifadə edilməsi doğru sayılan başqa bir şey tapmayan şəxs, vacib ehtiyata əsasən, həmin şeylə təyəmmüm edərək namazını qılmalı, namazın vaxtı başa çatdıqdan və zərurət halı aradan qalxdıqdan sonra isə həmin namazın qəzasını da qılmalıdır.(5)
Məsələ 836. Əgər təyəmmüm zamanı alına məsh etdikdən sonra əldəki toz silinərsə və əllərin üstünə məsh etmək üçün ovuclarda tozdan əsər-əlamət qalmazsa, yaxud ovuclarda tozun qalıb-qalmadığına şəkk edilərsə, bu iki halda tozun əldə qalması şərtinə riayət etmək üçün, vacib ehtiyata əsasən, ovucları yenidən torpağa vurmaq və sonra onlarla əllərin üstünə təyəmmüm niyyəti ilə məsh etmək lazımdır.

İkinci şərt: Pak olmalıdır
Məsələ 837. Təyəmmümdə istifadə edilən şey pak olmalıdır və bu paklıq şərti növbə tozlu əşyalarla təyəmmümə çatdıqda vacib ehtiyata əsaslanır. Beləliklə, əgər insan namaz vaxtının sonunadək təyəmmüm üçün istifadə edə biləcəyi pak bir şey tapa bilməzsə, namaz ona vacib deyil, lakin qəzasını qılmalıdır və daha yaxşı olar ki, öz vaxtında da namazını təyəmmümsüz qılsın. Lakin növbə toza bulaşmış xalça kimi tozlu əşyalarla təyəmmümə çatdıqda əgər həmin əşya nəcasətlənmiş olarsa, bu halda istisna olaraq vacib ehtiyata əsasən, onunla təyəmmüm edərək namazını qılmalı və daha sonra həmin namazın qəzasını da qılmalıdır.

Üçüncü şərt: Vacib ehtiyata əsasən, ürfən pak və təmiz olmalıdır
Məsələ 838. Təyəmmüm torpağı, yaxud təyəmmümdə istifadə edilməsi doğru olan başqa bir şey, lazım ehtiyata əsasən, insanların nəzərində pak və təmiz olmalı, yəni zibil kimi iyrənc şeylərə və şəriətə görə nəcasət hesab edilməyən natəmizliklərə bulaşmış olmamalıdır.

Dördüncü şərt: Qəsb edilmiş olmamalıdır
Məsələ 839. Təyəmmüm torpağı, yaxud təyəmmümdə istifadə edilməsi doğru olan başqa bir şey qəsb edilmiş olmamalıdır. Beləliklə, əgər insan torpağın qəsb edildiyinə dair məlumatı olduğu halda onunla təyəmmüm edərsə, təyəmmümü batildir.
Məsələ 840. Qəsb olunmuş bir məkanda edilən təyəmmüm batil deyil. Beləliklə, əgər insan öz mülkiyyətində olan torpaq sahəsində əllərini torpağa vuraraq icazəsiz başqasının mülkiyyətində olan torpaq sahəsinə daxil olar və əllərini orada alnına sürtərsə, hərçənd günah etmiş olsa da, təyəmmümü doğrudur.
Məsələ 841. Qəsb edilmiş şeylə təyəmmüm unutqanlıq, yaxud diqqətsizlik səbəbi ilə baş verdiyi təqdirdə doğrudur. Lakin əgər insan özü bir şeyi qəsb edər və sonra onu qəsb etdiyini unudarsa, həmin şeylə etdiyi təyəmmümü, vacib ehtiyata əsasən, doğru deyil.
Məsələ 842. Qəsb edilmiş bir yerdə məhbus kimi saxlanılan şəxs əgər həmin yerin həm suyu,həm də torpağı qəsb edilmiş olarsa, təyəmmümlə namaz qılmalıdır.(6) Lakin təyəmmüm zamanı əllərini yerə vurmamalı, onları torpağın üzərinə qoymaqla (toxundurmaqla) kifayətlənməlidir.

Beşinci şərt: Təyəmmümdə istifadə edilməsi doğru olmayan başqa bir şeylə qarışmamalıdır
Məsələ 843. Torpaq kimi təyəmmüm üçün istifadə edilməsi doğru olan bir şey təyəmmüm üçün istifadə edilməsi doğru olmayan başqa bir şeylə qarışmamalıdır. Həmin şeyin miqdarının ürfən torpağa qarışaraq itmiş hesab ediləcək qədər az olduğu hallar istisna təşkil edir. Beləliklə, torpaq və quma saman, yaxud taxta külü kimi təyəmmüm üçün istifadə edilməsi doğru sayılmayan bir şey qarışarsa, onunla təyəmmüm etmək doğru deyil. Lakin əgər saman, yaxud kül torpaq və qumun tərkibində itərək ona qarışacaq qədər az olarsa, bu halda həmin torpaq və qumla təyəmmüm etmək doğrudur.

Təyəmmümdə istifadə edilən şeylərlə bağlı digər hökmlər
Məsələ 844. Çuxur, küçə və səthi duz qatı ilə örtülməmiş şoranlıq ərazilərin torpağı ilə təyəmmüm etmək məkruh, duz qatı ilə örtülmüş torpaqla isə batildir.
Məsələ 845. Əgər insan hər hansı bir şeylə təyəmmüm etməyin doğru olduğuna əmin olaraq onunla təyəmmüm edər, sonra həmin şeylə təyəmmümün batil olduğunu başa düşərsə, bu təyəmmümlə qıldığı namazlarını yenidən qılmalıdır.

Dəstəmaz, yaxud qüsl əvəzinə edilən təyəmmümün qaydaları
Məsələ 846. Dəstəmaz, yaxud qüsl əvəzinə edilən təyəmmümdə aşağıdakı qaydalara riayət etmək vacibdir:
1) Hər iki əlin içini(7) yerə, yaxud təyəmmüm üçün istifadə edilməsi doğru olan bir şeyə vurmaq, yaxud onun üzərinə qoymaq lazımdır və lazım ehtiyata əsasən, hər iki əl eyni zamanda hərəkət etdirilməlidir.
2) Hər iki əlin içini alına bütünlüklə, həmçinin, vacib ehtiyata əsasən, hər iki tərəfdən alının kənarlarına saç tüklərinin bitməyə başladığı yerdən qaşlara və burnun üst hissəsinədək çəkmək lazımdır və müstəhəb ehtiyata əsasən, əllər qaşların üstünə də çəkilməlidir.
3) Sol əlin içi ilə sağ əlin üstünə bütünlüklə, biləkdən barmaqların ucunadək məsh etmək lazımdır.
4) Sonra sağ əlin içi ilə sol əlin üstünə bütünlüklə, biləkdən barmaqların ucunadək məsh etmək lazımdır.
Müstəhəb ehtiyata əsasən, insan əllərinin üstünə 3 və 4-cü bəndlərdə qeyd edilən qaydada məsh etməzdən öncə ovuclarını bir dəfə yerə, yaxud təyəmmüm üçün istifadə edilməsi doğru olan hər hansı bir şeyə vurmalı, yaxud onun üzərinə qoymalıdır və bu xüsusda təyəmmümün dəstəmaz, yoxsa qüsl əvəzinə edilməsinin fərqi yoxdur.
Məsələ 847. Barmağın ucunun dırnaq ətrafındakı, ürfən əlin üst tərəfi sayılan hissəsinə məsh etmək vacibdir, ürfən dırnaq ətrafının əlin iç tərəfi sayılan hissəsinə isə məsh etməyə gərək yoxdur. Şəkk halında, vacib ehtiyata əsasən, şəkk edilən hissəyə də məsh edilməlidir. Həmçinin, təyəmmümdə məsh edilməsi vacib olan hissəyə (əlin üst tərəfinə) məsh etdiyinə əmin olmaq üçün insan biləklərin bir hissəsinə də məsh etməlidir.

Təyəmmümün doğru sayılmasının şərtləri
Təyəmmümün doğru olması üçün onun icrası əsnasında riayət edilməsi tələb olunan bir sıra şərtlər vardır. Qarşıdakı məsələlərdə bu şərtlər izah ediləcəkdir:

Birinci şərt: İnsan təyəmmüm etmək niyyətində olmalı, niyyətində Allaha yaxınlaşmaq məqsədi olmalı və ixlaslı olmalıdır
Məsələ 848. İnsan alnına və əllərinin üstünə məsh edərkən, hətta vacib ehtiyata əsasən, bu hərəkətlərdən öncə ovuclarını yerə vurarkən, yaxud qoyarkən təyəmmüm etmək niyyətində olmalıdır və niyyət Allaha yaxınlaşmaq məqsədi və ixlas məzmunu daşımalı, riyakarlıq, özünü göstərmək və bu qəbildən olan məqsədlər daşımamalıdır.
Məsələ 849. Niyyətdə təyəmmümünün qüslü, yoxsa dəstəmazı əvəz etməsini müəyyənləşdirməsi zəruri deyil. Lakin iki təyəmmüm etməli olduğu hallarda onlardan hər birini hər hansı bir şəkildə müəyyənləşdirməlidir. Əgər ona bir təyəmmüm vacib olarsa və mövcud vəziyyətdə üzərinə düşən vəzifəni yerinə yetirmək niyyətində olarsa, hərçənd ayırd etməkdə(8) xətaya yol versə də, təyəmmümü doğrudur.

İkinci şərt: Ardıcıllığa riayət etməlidir
Məsələ 850. Təyəmmümdə hərəkətlər izah edilən(9) ardıcıllıqla yerinə yetirilməlidir və sağ ələ sol əldən öncə məsh edilməsi qaydasına riayət etmək vacib ehtiyatın tələbidir.

Üçüncü şərt: Vacib ehtiyata əsasən, təyəmmüm üzvlərini yuxarıdan aşağıya doğru məsh etməlidir
Məsələ 851. Təyəmmümdə insan, lazım ehtiyata əsasən, alına və əllərin üstünə yuxarıdan aşağıya doğru məsh etməli, yəni alnın məshinə saçın bitdiyi yerdən başlayaraq alının aşağı nahiyəsində başa çatdırmalı, həmçinin, əllərin üstünün məshini biləklərdən aşlayaraq barmaqların ucunda sona çatdırmalıdır.

Dördüncü şərt: Məsh əsnasında məsh edilən üzv hərəkətsiz olmalıdır
Məsələ 852. Alnın məshi əsnasında alın hərəkətsiz olmalı və əl onun üzərində hərəkət edərək ona sürtülməlidir. Həmçinin, əllərin üstünə məsh edərkən məsh edilən əl sabit olmalı və məsh edən əl onun üzərində hərəkət edərək məshi yerinə yetirməlidir. Beləliklə, əgər insan əlini sabit saxlayaraq alnını ona sürtərsə, məsh batildir. Qeyd etmək lazımdır ki, əl çəkərkən alın, yaxud məsh edilən əl cüzi hərəkət edərsə, bu, məshin doğruluğuna xələl gətirməz.

Beşinci şərt: Fasiləsizliyə riayət etməlidir
Məsələ 853. İnsan təyəmmümün hərəkətlərini ardıcıl yerinə yetirməlidir və əgər onların arasında ürfən “təyəmmüm alır” deyilməyəcək qədər fasilə verərsə, təyəmmümü batildir və bu xüsusda dəstəmazı əvəz edən təyəmmümlə qüslü əvəz edən təyəmmüm arasında heç bir fərq yoxdur.

Altıncı şərt: Təyəmmümün hərəkətlərini imkan daxilində şəxsən yerinə yetirməlidir
Məsələ 854. İnsan təyəmmümün hərəkətlərini mümkün olduğu təqdirdə şəxsən yerinə yetirməlidir və əgər üzürlü səbəb olmadan bu hərəkətləri başqa bir şəxs onun üzərində yerinə yetirərsə, yaxud təyəmmüm üzvlərinə məsh etməsinə kömək edərsə, təyəmmümü batildir.
Məsələ 855. Əgər insanın vəzifəsi təyəmmüm etməkdirsə və o, təklikdə normal qaydada təyəmmüm edə bilmirsə:
1) Başqa bir şəxsdən kömək almalı, həmin şəxs onun ovuclarını təyəmmümdə istifadə edilməsi doğru olan bir şeyə toxundurmalı və sonra onları alnına və əllərinin üzərinə qoymalı və o özü imkan daxilində ovuclarını alnına və əllərinin üstünə çəkməlidir.
2) Birinci üsul mümkün olmadığı təqdirdə köməkçi onun (kömək etdiyi şəxsin) öz əlləri ilə ona təyəmmüm etməlidir.
3) İkinci üsul da mümkün olmadığı təqdirdə insan alnını, yaxud ələrinin üstünü torpağa sürtə bildiyi halda bu qaydada təyəmmüm etməsi vacibdir və bu halda növbə köməkçi tutmağa çatmır.
4) Üçüncü üsul da mümkün olmadığı təqdirdə isə köməkçi öz əllərini təyəmmüm üçün istifadə edilməsi doğru olan bir şeyə vurmalı və onun (kömək etdiyi şəxsin) alnına və əllərinin üstünə çəkməlidir. İkinci və dördüncü üsulla təyəmmüm edildikdə, lazım ehtiyata əsasən, onların hər ikisi təyəmmüm niyyəti etməlidir, lakin birinci və üçüncü hallarda mükəlləfin özünün niyyət etməsi kafidir.
Məsələ 856. Təyəmmüm etmək istəyən şəxs təyəmmüm hərəkətlərindən hansını təkbaşına yerinə yetirə bilirsə, həmin hərəkətin icrasında başqasından kömək almamalıdır. Məsələn:
a) Sağ əli sınan və onu heç bir vəchlə hərəkət etdirə bilməyən şəxs alnın məshini sol vasitəsilə yerinə yetirməli, sonra sol əllə sağ əlin üstünə məsh etməli, ardınca sol əlin üstünü torpağa sürtməlidir və bu halda hələ köməkçi tutmağa və köməkçinin məsh hərəkətlərini yerinə yetirməsinə növbə çatmır.
b) Sol əli sınan və onu heç bir vəchlə hərəkət etdirə bilməyən şəxs alnın məshini sağ əl vasitəsilə yerinə yetirməli, sonra sağ əlin üstünü torpağa sürtməli, ardınca sağ əllə sol əlin üstünə məsh etməlidir və bu halda da hələ köməkçi tutmağa növbə çatmır.
c) Hər iki əli sınan və onları heç bir vəchlə hərəkət etdirə bilməyən, lakin alnını torpağa sürtə bilən şəxs belə etməlidir və bu halda alnın məshi üçün köməkçi tutmağa növbə çatmır. Daha sonra əllərini heç bir vəchlə hərəkət etdirərək bir-birinin üstünə qoya bilmədiyinə görə köməkçi onun əllərinin üstünə təyəmmüm etməlidir. Belə ki, köməkçi təyəmmüm ona təyəmmüm etmək niyyəti ilə hər iki əlini torpağa vuraraq sonra kömək etdiyi insanın əllərinin üstünə məsh etməli və vacib ehtiyata əsasən, sağ əlin üstünün məshini sol əlin üstünün məshindən öncə yerinə yetirməli, həmçinin, vacib ehtiyata əsasən, məshi yuxarıdan aşağıya, yəni biləklərdən barmaqların ucuna doğru etməlidir.
Qeyd etmək lazımdır ki, c bəndində izah edilən vəziyyətdə, vacib ehtiyata əsasən, mümkün olduğu təqdirdə mükəlləf alnını və onun hər iki tərəfdən kənarlarının məsh edilməli olan hissəsini bir dəfəyə torpağa sürtməlidir. Bu məqsədlə torpağı qaza, sonra alnını və onun kənarlarını qazılmış torpağın üstünə qoyaraq torpağa sürtə bilər. Belə ki, alın və onun kənarları saçın bitdiyi yerdən qaşlara tərəf, yuxarıdan aşağıya doğru torpağa sürtülməlidir. Həmçinin, vacib ehtiyata əsasən, imkan daxilində köməkçi kömək etdiyi şəxsin sağ əlinin üstünə özünün sol əli ilə, sol əlinin üstünə isə özünün sağ əli ilə məsh etməlidir.

Yeddinci şərt: Təyəmmüm üzvlərində maneə olmamalıdır
Məsələ 857. Alında, yaxud əllərin üstündə hər hansı bir maneə olarsa, məsələn, bu nahiyələrə plastır, boya, lak, qatran və s. yapışarsa, onları təmizləmək lazımdır. Maneə əllərin iç tərəfində olarsa, ovucun maneə olmayan hissəsi ilə yerinə yetirilən məshin ürfən əlin içi ilə məsh adlandırıla bildiyi təqdirdə bu kifayətdir və məsh edən üzvün (ovucun) bütövlüklə maneəsiz olması zəruri sayılmır. Ümumiyyətlə, təyəmmümdə məsh edən üzvün bütünlüklə məsh edilən üzvün hər yerinə çəkilməsinə gərək yoxdur, məsh edilən üzvün hər yerinin məshi məsh edən üzvün bir hissəsi ilə yerinə yetirilərsə, ürfən ovucla məsh edilmiş sayıldığı təqdirdə bu məsh kafidir. Beləliklə, əgər alına barmaqlar olmadan, yalnız əllərin aya hissəsi ilə məsh edilərsə, kafidir. Lakin istənilən halda alın və əllərin üstü bütövlüklə məsh edilməlidir.
Məsələ 858. İnsan əllərin üstünə məsh edərkən məsh edilən əldəki üzüyü çıxarmalıdır, lakin məsh edən əldə üzüyün olması təyəmmümün doğruluğuna xələl gətirmir. Beləliklə, əllər torpağa vurularkən, yaxud alnın məshi əsnasında da əldə üzüyün olması təyəmmümə xələl gətirmir.
Məsələ 859. Əgər alın və əllərin üstü normal dərəcədə tüklü olarsa, bu təyəmmümün doğruluğuna xələl gətirmir. Lakin əgər saç tükləri alnın üzərinə tökülərsə, onları arxaya atmaq lazımdır.
Məsələ 860. Əgər insan alnında və əllərinin içində, yaxud üstündə hər hansı bir maneənin olduğunu ehtimal edərsə, ehtimalı insanların nəzərincə məntiqli olduğu təqdirdə maneənin mövcud olmadığına dair yəqinlik, yaxud arxayınlıq hasil etmək üçün sözügedən nahiyələri yoxlamalıdır.
Məsələ 861. Əgər alnın üzərində, yaxud əllərin üstündə ürfən maneə hesab edilən bir nəcasət, məsələn, qan laxtası olarsa, onu təyəmmümdən öncə, yaxud təyəmmüm əsnasında həmin üzvün məshindən öncə aradan qaldırmaq lazımdır.

Səkkizinci şərt: Təyəmmüm üzvlərində sirayətedici nəcasət olmamalıdır
Məsələ 862. Təyəmmüm zamanı təyəmmüm üzvlərində təyəmmüm torpağına (yaxud təyəmmümdə istifadə edilməsi doğru olan başqa bir şeyə) sirayət edə biləcək bir nəcasət olmamalıdır. Lakin təyəmmüm üzvlərinin pak olması şərt deyil. Beləliklə, əgər alın, ovuclar və əllərin üstü nəcasətlənmiş, lakin quru olarsa və nəcasətin özü onların üzərində qalmazsa, təyəmmüm doğrudur, hərçənd müstəhəb ehtiyata əsasən, təyəmmüm üzvləri tamamilə pak olmalıdır.

Təyəmmümlə əlaqədar digər hökmlər
Məsələ 863. Əgər ovucları(10) torpağa və ya təyəmmümdə istifadə edilməsi doğru olan başqa bir şeyə vurmaq, yaxud onun üzərinə qoymaq və onlarla təyəmmüm üzvlərinə məsh etmək hər hansı bir üzürlü səbəbdən mümkün deyilsə, bu hərəkətlər əllərin üstü ilə yerinə yetirməlidir. Həmçinin, əgər əlin üst tərəfi nəcasətlidirsə, nəcasətin torpaq kimi təyəmmümdə istifadə edilən şeyə sirayət etməsinə səbəb olacaq qədər yaşdırsa və hətta qurulamaqla belə bunun qarşısını almaq mümkün deyilsə, təyəmmümün hərəkətləri əllərin üstü ilə yerinə yetirilməlidir. Lakin əgər təyəmmüm üzvlərinin qurudulması mümkün olarsa və nəcasətin özü onların üzərində qalmazsa, təyəmmümü adi qaydada etmək lazımdır və bu halda təyəmmüm üzvlərinin nəcasətli olması təyəmmümün doğruluğuna xələl gətirmir.
Məsələ 864. Əgər alında və əllərin üstündə hər hansı bir maneə olarsa, məsələn, həmin nahiyələrdə sarğılı yara olarsa və onun üzərinə sarılmış parça, yaxud başqa növ sarğını açmaq mümkün olmazsa, təyəmmüm edən şəxs məsh zamanı əlini onun üzərinə çəkməlidir. Lakin əgər cəbirə (sarğı), yaxud maneə əlin iç tərəfində olarsa və onu ardan qaldırmaq mümkün olmazsa, ovucu tamamilə əhatə etmədiyi təqdirdə məshi onun açıq qalan və sağlam hissəsi ilə yerinə yetirməlidir, bütün ovucu əhatə etdiyi təqdirdə isə elə bu vəziyyətdə əllə məsh etmək kafidir.
Məsələ 865. Qəsdən, məlumatsızlıqdan, yaxud unutqanlıqdan olmasından asılı olmayaraq alnın, yaxud əllərin üstünün bir hissəsinə belə məsh edilməzsə, təyəmmüm batildir. Lakin həddən ziyadə diqqətə də ehtiyac yoxdur və məshin “alına və əllərin üstünə bütünlüklə məsh edilmişdir” deyiləcək şəkildə yerinə yetirilməsi kafidir.
Məsələ 866. Əgər insan əllərinin üstünə bütünlüklə məsh etdiyinə dair yəqinlik hasil edə bilmirsə, əmin olmaq üçün biləyin bir qədər yuxarısına da məsh etməlidir. Lakin barmaqların arasına məsh etməyə ehtiyac yoxdur.
Məsələ 867. Vəzifəsi təyəmmüm olan şəxs üzürlü halının namazın vaxtı çatanadək davam edəcəyini bilərsə, yaxud üzürlü halının aradan qalxacağına dair ümidini itirərsə, vaxt daralmadan namazıtəyəmmümlə qıla bilər. Lakin əgər vaxt başa çatanadək üzürlü halının aradan qalxacağını bilirsə, gözləməli və namazı dəstəmaz, yaxud qüsllə qılmalıdır. Hətta üzürlü halın vaxt başa çatanadək aradan qalxacağına dair ümidini itirmədikdə də ümidini itirənədək təyəmmüm edərək namaz qıla bilməz. Lakin namazı təyəmmümlə erkən qılmadığı təqdirdə vaxt başa çatanadək hətta təyəmmümlə belə qıla bilməyəcəyini ehtimal etməsi istisnadır.
Məsələ 868. Vəzifəsi təyəmmüm olan şəxsin üzürlü halının bütün namaz vaxtı ərzində aradan qalxacağına ümidi yoxdursa, namazın vaxtı başlamadan təyəmmüm edə bilər. Hətta əgər təyəmmümü təxirə salacağı təqdirdə namaz vaxtı ərzində təyəmmüm ala bilməyəcəyini bilirsə, namazın vaxtı başlamadan təyəmmüm etməsi vacibdir. Başqa bir vacib, yaxud müstəhəb iş üçün təyəmmüm etdiyi və namaz vaxtınadək üzürlü halı davam etdiyi təqdirdə həmin təyəmmümlə namaz qıla bilər.
Məsələ 869. Qüsl edə bilməyən şəxs icrası üçün qüslün vacib olduğu bir işi görmək istəyərsə, qüsl əvəzinə təyəmmüm etməlidir. Həmçinin, dəstəmaz ala bilməyən şəxs icrası üçün dəstəmazın vacib olduğu bir işi görmək istəyərsə, dəstəmaz əvəzinə təyəmmüm etməlidir.
Məsələ 870. Vəzifəsi təyəmmüm olan şəxs bir iş üçün təyəmmüm edərsə, təyəmmümü pozulmadıqca və üzürlü halı davam etdikcə dəstəmaz, yaxud qüsllə icra edilməli olan bütün işləri görə bilər. (11)O cümlədən, üzürlü səbəbi vaxt məhdudluğu olan və bu səbəbdən namaz üçün təyəmmüm edən şəxs namazda təharətli insan hökmündədir. Beləliklə, həmin halda Qurana toxuna bilər. Lakin bu təyəmmüm namazdan sonra qarşıya çıxan və dəstəmaz, yaxud qüsl tələb edən işlər üçün (məsələn, namazdan sonra Qurana toxunmaq üçün) kafi deyil. Əgər insan su olduğu halda cənazə namazı, yaxud yatmaq üçün təyəmmüm edərsə, yalnız icrası üçün təyəmmüm etdiyi işi görə bilər.
Məsələ 871. İnsan cənabət qüslü əvəzinə təyəmmüm edərsə, namaz üçün dəstəmaz almasına ehtiyac yoxdur. Həmçinin, təyəmmümü digər qüsllərin – mütəvəssitə istihazə qüslü istisna olmaqla - əvəzinə etdikdə də namaz üçün dəstəmaz almasına ehtiyac yoxdur, hərçənd bu halda müstəhəb ehtiyata əsasən, dəstəmaz da almalı, dəstəmaz ala bilmədiyi təqdirdə isə dəstəmaz əvəzinə başqa bir təyəmmüm etməlidir. Mütəvəssitə istihazə qüslü əvəzinə təyəmmüm etdikdə isə mütləq dəstəmaz da almalı, dəstəmaz ala bilmədiyi halda qüsl əvəzinə başqa bir təyəmmüm də etməlidir.
Məsələ 872. Dəstəmazı pozan hallar dəstəmaz əvəzinə edilən təyəmmümü də pozur və eləcə də qüslü pozan hallar qüsl əvəzinə təyəmmümü də pozur.
Məsələ 873. Təyəmmüm üzürlü halın aradan qalxması ilə batil olur. Beləliklə, əgər insan suyun olmaması, yaxud başqa bir üzürlü səbəblə əlaqədar olaraq təyəmmüm edərsə, üzürlü hal aradan qalxdıqda təyəmmümü batil olur.
Məsələ 874. İnsan qüsl əvəzinə təyəmmüm edərsə və daha sonra dəstəmazı pozan bir hal baş verərsə, sonrakı namazlar üçün qüsl edə bilmədiyi təqdirdə dəstəmaz almalı və müstəhəb ehtiyata əsasən, təyəmmüm də etməli, dəstəmaz ala bilmədiyi halda isə dəstəmaz əvəzinə təyəmmüm etməlidir.
Məsələ 875. Ehtiyatən cəbirə qüslü və qüsl əvəzinə təyəmmüm edən şəxs əgər qüsl və təyəmmümdən sonra namaz qılarsa və namazdan sonra dəstəmazı pozan bir hal baş verərsə (məsələn, idrar edərsə), sonrakı namazlar üçün dəstəmaz almalı, hədəs namazdan öncə baş verdiyi təqdirdə isə həmin namaz üçün də dəstəmaz almalıdır.
Məsələ 876. Qüsl edə bilməyən şəxsin bir neçə qüsl etməsi vacibdirsə, onların hamısının əvəzinə bir təyəmmüm edə bilər, lakin müstəhəb ehtiyata əsasən, onların hər biri üçün ayrıca təyəmüm etməlidir və ümumiyyətlə, təyəmmümlərin dəxli ilə bağlı hökm qüsllərin dəxli ilə əlaqədar hökm kimidir.(12)
Məsələ 877. İnsan təyəmmüm əsnasında onun bir hissəsini (hərəkətini) unutması ilə bağlı şəkk edərsə, həmin hərəkətin yeri keçdiyi(13) təqdirdə şəkkinə etina etməməli, keçmədiyi təqdirdə isə həmin hərəkəti yenidən yerinə yetirməlidir.
Məsələ 878. Əgər sol əlin məshindən sonra təyəmmümü doğru qaydada yerinə yetirib-yetirmədiyinə şəkk edərsə, təyəmmümü doğrudur və əgər şəkki sol əlin məshi ilə bağlıdırsa, ürfən təyəmmümdən çıxdığı (başa çatdırdığı), məsələn, təharət tələb edən bir işin icrasına başladığı, yaxud ürfən təyəmmümün hərəkətləri arasında fasiləsiz ardıcıllığın itdiyi hallar istisna olmaqla, sol əlinə (yenidən) məsh etməlidir.
Məsələ 879. Aşağıdakı hallarda daha yaxşı olar ki, insan təyəmmümlə qıldığı namazların qəzasını da qılsın:
1) Sudan istifadə etməyə qorxduğu və buna baxmayaraq özünü qəsdən cünub edərək təyəmmümlə namaz qıldığı halda.
2) Namazın vaxtı başa çatanadək su tapa bilməyəcəyini bildiyi, yaxud güman etdiyi və buna baxmayaraq özünü qəsdən cünub edərək təyəmmümlə namaz qıldığı halda.
3) Namazın vaxtı başa çatanadək su axtarmayan, vaxt məhdud olduqda təyəmmümlə namaz qılan, ancaq sonra həmin vaxt su axtardığı təqdirdə tapa biləcəyini başa düşdüyü halda.
4) Qəsdən namazı təxirə salaraq vaxt məhdudlaşdıqda təyəmmümlə qıldığı halda.
5) Suyun tapılmayacağını bilməsinə, yaxud güman etməsinə baxmayaraq onu yerə tökdüyü və namazı təyəmmümlə qıldığı halda.


(1) Bir ox uçuşuna bərabər məsafənin müəyyən edilməsi xüsusunda fikir ayrılığı mövcuddur və söylənilən ən böyük rəqəm 480 qulacdır ki, bu da təqribən 220 m-ə bərabərdir.
(2) Namazların birinci və ikinci rükətlərində Fatihədən sonra oxunan ikinci surə nəzərdə tutulur. Tərc.
(3) Təbii yer (torpaq) örtüyü, yer qabığının üst qatı nəzərdə tutulur. Tərc.
(4) “İki paklayıcıdan məhrum olan” deməkdir. İki paklayıcı deyərkən su və torpaq nəzərdə tutulur. Nə dəstəmaz almaq və ya qüsl etmək üçün su, nə də təyəmmüm üçün torpaq və ya təyəmmümdə istifadə edilməsi doğru sayılan digər şeylərdən hər hansı birini tapa bilməyən insan belə adlandırılır. Tərc.
(5) Qeyd etmək lazımdır ki, əgər insan yalnız tozsuz daş, yaxud gillə təyəmmüm etmək imkanına sahib olarsa və bu üzürlü halı namaz vaxtı başa çatanadək davam edərsə, vacib ehtiyata əsasən, hər ikisi ilə təyəmmüm etməlidir və bu halda qıldığı namazı doğrudur.
(6) Həmin suyun maddi dəyəri olmadığı təqdirdə onunla dəstəmaz almaqdan və qüsl etməkdən imtina etmək vacib ehtiyatın tələbidir.
(7) Əlin içi deyərkən əlin barmaqlar və ayadan ibarət hissəsi, yəni ovuc nəzərdə tutulur. Tərc.
(8) Təyəmmümün dəstəmaz, yoxsa qüslü əvəz etdiyini. Tərc.
(9) Bax: 846-cı məsələ. Tərc.
(10) Bu məsələdə və eləcə də öncə və sonrakı məsələlərdə ovuc deyərkən əllərin biləkdən barmaqların ucunadək olan iç hissəsi, əlin üstü deyərkən də həmin hissənin üst tərəfi nəzərdə tutulur.
(11) Məsələn, cünub olan və sudan istifadənin sağlamlığı üçün zərərli olduğuna görə namazını təyəmmümlə qılan bir şəxs üzürlü halı davam etdikcə və təyəmmümü batil olmadıqca məscidə, yaxud müqəddə ziyarətgahlara daxil ola bilər.
(12) Qüsl, yaxud təyəmmümün dəxli deyərkən bir qüslü, yaxud təyəmmümü etməklə digər qüsllər, yaxud təyəmmümlərin də yerinə yetirilmiş sayılması və həmin səbəblər üçün ayrıca qüsl, yaxud təyəmmüm etməyə gərək olmaması nəzərdə tutulur.
(13) Yəni şəkk etdiyi hərəkəti yerinə yetirmədiyi təqdirdə şəriət qaydalarına görə icrasına keçə bilməyəcəyi hərəkətə artıq keçmişdirsə, məsələn, sol əlin məshi əsnasında sağ əlinə, yaxud üzünə məsh edib-etmədiyinə şəkk edərsə.

NAMAZ → ← MEYYİTİN HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français