ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

NAMAZI POZAN HAL VƏ HƏRƏKƏTLƏR → ← Azan və iqamə

NAMAZIN VACİBATI

NAMAZIN VACİBATI
Məsələ 1123. Namazın vacibatının sayı on birdir:
1) niyyət; 2) qiyam (ayaq üstə durmaq); 3) təkbirət əl-ehram (namazın əvvəlində “Allahu əkbər” demək); 4) qiraət; 5) zikr; 6) rüku; 7) səcdələr; 8) təşəhhüd; 9) salam; 10) tərtib; 11) müvalat (namazın hissələrinin ardıcıllığı).Vacibat “rükn” və “qeyri-rükn” olmaqla iki qisimə bölünür.(1)
Məsələ 1124.Namazın vacibatından bir qismi rükndür. Yəni əgər insan onları yerinə yetirməzsə, qəsdən, yaxud səhvən olmasından asılı olmayaraq namaz batil olur. Digər bir qismi isə rükn deyil. Yəni əgər səhvən ixtisar edilərsə, namaz batil olmur. Namazın rüknlərinin sayı beşdir:
1) niyyət; 2) təkbirət əl-ehram; 3) rükudan bilavasitə öncəki qiyam, yəni qiyam halından rükuya əyilmək və təkbirət əl-ehram əsnasındakı qiyam; 4) rüku; 5) bir rükətin iki səcdəsi.
Həmçinin, namazın hərəkətləri arasında namazın surətini və namaz ünvanını itirməsinə səbəb olacaq qədər fasilə verməmək mənasında müvalat namazın rüknlərinə əlavə edilir. Beləliklə, əgər insan səhvən namazın hərəkətləri arasında bu hərəkətlərə birlikdə namaz deyilə bilməyəcək qədər fasilə verərsə, namaz batildir.
Habelə, iki rükn arasında sıra ardıcıllığına riayət etmək də rüknlərin tərkib hissəsi sayılır. Beləliklə, məsələn, əgər namaz qılan namazdan sonra unutqanlıq səbəbi ilə namazın birinci rükətinin iki səcdəsini həmin rükətin rükusundan öncə etdiyini başa düşərsə, namazı batildir. Hətta hələ birinci rükətdə ikən öncə iki səcdə, sonra rüku etdiyini başa düşsə belə, vacib ehtiyata əsasən, namazı batildir və vacib ehtiyata əsasən, bu halda iki səcdəni təkrarən etmək kifayət etmir.
Məsələ 1125.Namaz qılan bir rüknü artıq yerinə yetirərsə, qəsdən baş verdiyi halda namaz batil olur. Səhvən baş verdiyi halda əgər rüku, yaxud bir rükətdə iki səcdə artıq edilərsə, lazım ehtiyata əsasən, namaz batil olur, əks təqdirdə isə batil olmur. Beləliklə, təkbirət əl-ehram artıqlıq baxımından rükn deyil, rükudan bilavasitə öncəki rükn qiyamının artıq yerinə yetirilməsi isə əlavə bir rüku etmədən mümkün deyil. Həmçinin, niyyətin də təkrarən edilməsi bir məna kəsb etmir.

1.
Niyyət
Məsələ 1126. İnsan namazı qürbət (hərfən: yaxınlaşma) niyyəti ilə, yəni uca Allahın qarşısında öz acizliyini və bəndəliyini izhar etmək üçün qılmalıdır və niyyəti qəlbindən keçirməsi (daxili nitqlə), yaxud misal olaraq: “Qürbətən iləllah (Allaha yaxınlaşmaq üçün) dörd rükət zöhr namazı qılıram”, - deməsi (xarici nitqlə) lazım deyil.
Məsələ 1127.Əgər insan zöhr, yaxud əsr namazında “dörd rükət namaz qılıram” deyə niyyət edərsə və zöhr, yoxsa əsr namazı olduğunu müəyyənləşdirməzsə, namazı batildir. Lakin zöhr namazını birinci namaz, əsr namazını isə ikinci namaz kimi müəyyənləşdirməsi kafidir. Həmçinin, zöhr namazının qəzasının vacib olduğu bir şəxs zöhr namazının vaxtında həmin qəza namazını, yaxud əda (yəni həmin günün) zöhr namazını qılmaq istəyərsə, qılmağa hazırlaşdığı namazın məhz hansı namaz olduğunu niyyətdə müəyyənləşdirməlidir.
Məsələ 1128. İnsan namazın əvvəlindən axırınadək niyyətində qalmalıdır. Beləliklə, əgər namaz əsnasında ondan nə etdiyi soruşulacağı təqdirdə nə deyəcəyini bilməyəcək şəkildə qafil olarsa, namazı batildir.
Məsələ 1129.İnsan yalnız uca Allahın qarşısında acizliyini izhar etmək üçün namaz qılmalıdır. Beləliklə, əgər namaz qılan riyakarlıq edərsə, yəni özünü insanlara göstərmək üçün namaz qılarsa, istər yalnız insanlar, istərsə həm Allah, həm də insanlar üçün olsun, namazı batildir.
Məsələ 1130. Əgər insan namazın hətta kiçik bir hissəsini olsa belə, Allahdan başqası üçün qılarsa, istər həmin hissə Həmd surəsinin qiraəti kimi vacib olsun, istərsə qunut kimi müstəhəb, həmin qeyri-ilahi məqsədin bütün namaza sirayət etdiyi təqdirdə namazı batildir. Məsələn, əgər bir insan namazının qunutunu riyakarcasına oxuyarsa və məqsədi riyakarcasına qunut oxumaqla namazını insanlara göstərmək olarsa, namazı batildir. Çünki riyakarlıq məqsədi bütün namaza sirayət etmişdir. Həmçinin, riyakarlığa yol verdiyi hissə icrası vacib olan və təkrarən icrası namazı batil edən bir hissə olarsa, məsələn, insan namazının rükusunu riyakarcasına edərsə, hərçənd riyakarlıq yalnız rükuda olsa və bütün namaza sirayət etməsə belə, namazı batildir. Çünki əgər onu yenidən qürbət niyyəti ilə yerinə yetirmək istəsə, bir rükn artıq yerinə yetirilmiş olacaq.
Məsələ 1131. Əgər namaz qılan namazın əslində deyil, namazda riayət edilən xüsuslarda riyakarlığa yol verərsə, namazı həmin xüsusda yol verilən riyakarlığın namazın əslinə də sirayət etdiyi təqdirdə batil olur. Məsələn, əgər namaz qılan məscid kimi özəl bir yerdə, yaxud azan vaxtı kimi xüsusi bir vaxtda, yaxud camaatla birgə və ya məhz ilk sırada namaz qılarsa və bunda məqsədi namazını insanlara göstərmək olarsa, namazı batildir. Lakin əgər riyakarlıq yalnız özəllikdə olarsa və namazın əslinə sirayət etməzsə, namazı doğrudur.
Məsələ 1132. Əgər insanın namazın hərəkətlərini icra edərkən Allahın əmrini yerinə yetirməklə yanaşı riya, yaxud digər haram niyyətlər istisna olmaqla, başqa bir məqsədi də olarsa, məsələn, namaz qılmaqda məqsədi Allahın əmrini yerinə yetirməklə yanaşı eyni zamanda övladına namazı öyrətmək olarsa, təlim kimi sözügedən əlavə məqsəddə qürbət niyyətinə sahib olduğu təqdirdə namazı istənilən halda doğru, əlavə məqsəddə qürbət niyyəti olmadığı təqdirdə isə namazı batildir (bəzi hallarda vacib ehtiyata əsasən, bəzi hallarda isə fətvaya əsasən batildir).

2.
Təkbirət əl-ehram
Məsələ 1133.Hər namazın əvvəlində “Allahu əkbər” demək vacib və rükndür və onun tələffüzündə müvalata riayət etmək, yəni “Allahu” və “əkbər” sözlərinin səslərini, habelə bu iki sözü ardıcıl (fasiləsiz) tələffüz etmək lazımdır. Həmçinin, bu iki söz ərəbcə düzgün tələffüz edilməlidir və ərəb dilindən başqa bir dildə tərcüməsinin deyilməsi kafi deyil.
Məsələ 1134.Müstəhəb ehtiyata əsasən, namaz qılan təkbirət əl-ehramla ondan öncə oxuduqları, məsələn, iqamə, yaxud təkbirdən öncə oxuduğu dua arasında fasilə verməlidir.
Məsələ 1135.Əgər namaz qılan “Allahu əkbər”lə ondan sonra söyləyəcəkləri, məsələn, “Bismillahir-Rəhmanir-Rəhim”, yaxud “Əuzu billahi minəş-şeytanir-rəcim” arasında fasilə vermək istəmirsə, daha yaxşı olar ki, “Əkbər” sözünün “r” samitini zəmmə (u) hərəkəsi ilə tələffüz edərək: “Allahu əkbəru...” desin. Lakin, müstəhəb ehtiyata əsasən, vacib namazda “Allahu əkbər”lə ondan sonra söylənilənlər arasında fasilə verilməlidir.
Məsələ 1136. Vacib namazda təkbirət əl-ehram deyərkən bədən hərəkətsiz və aram olmalıdır və əgər qəsdən bədən hərəkətdə ikən təkbirət əl-ehram deyilərsə, namaz batildir.
Məsələ 1137. Namaz qılan şəxs təkbir, Həmd və surə, zikr və duaları elə tələffüz etməlidir ki, heç olmasa özü öz səsini eşitməlidir. Beləliklə, onları bu şərtə riayət etmədən dodaqları hərəkət etdirməklə (sədasız) oxumaq doğru deyil və əgər ağır eşitmə, yaxud karlıq və ya ətrafdakı güclü səs-küy səbəbi ilə eşitmirsə, hər hansı bir maneənin mövcud olmadığı təqdirdə eşidə bildiyi şəkildə tələffüz etməlidir.
Məsələ 1138.Hər hansı bir hadisə ilə əlaqədar nitq qabiliyyətindən məhrum olan, yaxud dili ilə bağlı “Allahu əkbər”i tələffüz edə bilməyəcək şəkildə bir xəstəliyə tutulan şəxs bacardığı şəkildə təkbir deməli və əgər ümumiyyətlə, deyə bilmirsə, təkbiri qəlbindən keçirməli (daxili nitqlə ifadə etməli) və bunun üçün barmağı ilə təkbirə münasib bir tərzdə işarə göstərməli, bacardığı təqdirdə dil və dodaqlarını da tərpətməlidir. Anadangəlmə lal olan şəxs isə dil və dodaqlarını təkbir deyən şəxs kimi tərpətməli və həmin əsnada barmağı ilə də işarə etməlidir. Bu hökm namazın qiraəti və digər zikrlərinə də şamil olunur.
Məsələ 1139.Əgər insan təkbirət əl-ehramı deyib-demədiyinə şəkk edirsə, artıq qiraətin hər hansı bir hissəsini oxumaqla məşğuldursa, yaxud qiraətdən öncə deyilməsi müstəhəb olan “Əuzu billahi minəş-şeytanir-rəcim”i deyirsə, şəkkinə etina etməməli, hələ heç bir şey demədiyi təqdirdə isə təkbirət əl-ehramı deməlidir. Əgər insan camaat namazında məmum kimi iştirak edərək camaatla birgə qıldığı namazda təkbirət əl-ehram deyib-demədiyinə şəkk edərsə, özünün camaat namazında məmumun vəzifələrindən olan (hərçənd müstəhəb bir vəzifə olsa belə) bir işlə məşğul olduğunu görürsə, şəkkinə etina etməməlidir. Məsələn, sübh, məğrib və işa namazlarında müstəhəbdir ki, məmum imamın oxuduğu Həmd və surəni eşidirsə, sükut edərək onun qiraətini dinləməlidir. Beləliklə, əgər məmum bu vəzifəni yerinə yetirdiyini görürsə, bu halda şəkkinə etina etməməli və təkbirət əl-ehramı deməsi fikrini əsas götürməlidir.
Məsələ 1140. Əgər insan təkbirət əl-ehramı dedikdən sonra onu düzgün deyib-demədiyinə şəkk edərsə, ondan sonra hər hansı bir şey oxuyub-oxumamasından asılı olmayaraq, şəkkinə etina etməməlidir.

Təkbirət əl-ehramın müstəhəbləri
Məsələ 1141. Təkbirət əl-ehram və namaz əsnasında deyilən digər təkbirləri tələffüz edərkən əlləri qulaqların, yaxud üzün müqabilinədək qaldırmaq müstəhəbdir və daha yaxşı olar ki, “Allahu əkbər”in ilk səsinin (a) tələffüzü ilə əllər bud nahiyəsindən hərəkətə gətirilsin və son səsinin (r) tələffüzündə qulaqların, yaxud üzün müqabilinə çatdırılsın, sonra dərhal aşağı salınsın.
Məsələ 1142.Namaza başlamaq üçün bir dəfə “Allahu əkbər” demək kifayətdir. Yeddi dəfə təkbir demək isə müstəhəbdir. Bu təkbirlərə “iftitahiyyə (açılış) təkbirləri” deyilir və namaz qılan bu təkbirlər məcmusu ilə namaz üçün ehram, namaza giriş niyyəti edir. Hərçənd, müstəhəb ehtiyata əsasən, öncə rəcaən, namaz üçün ehram,namaza giriş niyyəti olmadan altı təkbir demək, sonra yeddinci təkbiri təkbirət əl-ehram kimi tələffüz etmək lazımdır. Bu hökm gündəlik namazlarla məhdudlaşmır, digər vacib və müstəhəb namazlara da şamildir.
Məsələ 1143. Yaxşı olar ki, namaz qılan təkbirət əl-ehramdan əvvəl rəcaən bu duanı oxusun:
“Ya muhsin! Qəd ətakəl-musiu və qəd əmərtəl-muhsinə ən yətəcavəzə ənil-musi. Əntəl-Muhsinu və ənəl-musi. Fəbihəqqi Muhəmmədin və Ali-Muhəmməd, səlli əla Muhəmmədin və Ali-Muhəmməd və təcavəz ən qəbihi ma tələmu minni!”
Duanın tərcüməsi:
“Ey Muhsin (ehsan edən). Günahkar bəndə Sənin hüzuruna gəlmişdir. Sən özün ehsan (yaxşılıq) edənə günahkarın günahından keçməsini əmr etmisən. Sən ehsan edənsən, mən isə günahkar. Elə isə Muhəmməd və Ali-Muhəmmədin hörmətinə (and verirəm), rəhmətini Muhəmməd və Ali-Muhəmmədə göndər və mənim bildiyin bütün qəbahətlərimi əfv et!”

3.
Qiyam
Məsələ 1144. Namazın dörd hissəsində mümkün olduğu təqdirdə qiyam, yəni ayaq üstə durmaq vacibdir:
1) Təkbirət əl-ehramı deyərkən;
2) Rükudan bilavasitə öncə;
3) Qiraət əsnasında (Həmd-surəni və təsbihat-i ərbəəni oxuyarkən);
4) Rükudan sonra.
Birinci və ikinci bəndlərdəki qiyam vacib olmaqla yanaşı eyni zamanda namazın rüknüdür. Üçüncü və dördüncü bəndlərdəki qiyam isə vacib olsa da, namazın rüknü deyil və əgər bir şəxs unutqanlıq səbəbi ilə onu yerinə yetirməzsə, namazı doğrudur.
Məsələ 1145.Rükudan bilavasitə öncəki qiyam deyərkən insanın qiyam halından rükuya əyilməsi nəzərdə tutulur. Beləliklə, əgər namaz qılan rükunu unudaraq Həmd-surədən sonra oturarsa və bu zaman rüku etmədiyi yadına düşərsə, ayağa qalxmalı və ayaq üstə durduqdan sonra rükuya əyilməlidir. Əgər ayağa qalxmadan əyildiyi vəziyyətdən rükuya gedərsə, rükudan bilavasitə öncəki qiyamı yerinə yetirmədiyinə görə, kafi deyil. Qeyd etmək lazımdır ki, rükudan bilavasitə öncəki qiyam rükudan əvvəl fasilə, ləngimə demək deyil və onunla bağlı ətraflı izah rüku mövzusunda veriləcəkdir.
Məsələ 1146.İnsan vacib qiyam (qiyamın 1144-cü məsələdə sadalanan dörd qismindən hər biri) üçün ayaq üstə durarkən addım atmamalı, yerini dəyişməməli, qamətini düz saxlamalı, bir tərəfə əyilməməli və eləcə də, vacib ehtiyata əsasən, bir yerə söykənməməlidir. Həmçinin, vacib ehtiyata əsasən, bədəninin aramlığını qorumalıdır. Lakin sadalanan şərtlər çıxılmaz vəziyyətlər və zərurətlə əlaqədar olaraq pozularsa, namaza xələl gətirmir.
Məsələ 1147. Namaz qılan, vacib ehtiyata əsasən, qiyam əsnasında hər iki ayağını yerə basmalıdır. Məsələn, Həmd surəsini oxuyarkən, vacib ehtiyata əsasən, ayağını bir anlıq belə olsa yerdən qaldıra bilməz. Lakin qiraətlə məşğul olmadığı, sükut etdiyi halda bununla bağlı bir əngəl yoxdur. Həmçinin, namaz qılanın bədəninin ağırlığının hər iki ayağın üzərinə düşməsi lazım deyil. Əgər ağırlıq bir ayağın üzərində düşərsə, namaza xələl gəlmir.
Məsələ 1148.Ayaq üstə düz dura bilən şəxs əgər ayaqlarını qiyam adlandırılmayacaq şəkildə bir-birindən xeyli aralı qoyarsa, namazı batildir. Hətta, vacib ehtiyata əsasən, qiyam hesab edilə bilsə belə ayaqlarını bir-birindən xeyli aralı qoymamalıdır.
Məsələ 1149. Əgər insan rükn olan vacib qiyam üçün ayaq üstə durarkən unutqanlıqdan namazın surəti pozulmadan və üzünü qiblədən çevirmədən bədənini hərəkət etdirərsə, yaxud bir qədər yeriyərsə, yaxud yerini dəyişərsə və ya qiyam adlandırıla biləcək və üzü qibləyə olmaq sayılacaq şəkildə bədənini bir tərəfə əyərsə, yaxud bir yerə söykənərsə, namaza xələl gəlmir.
Məsələ 1150. İnsan ayaq üstə namaz qıla bildikcə oturaq qılmamalıdır. Məsələn, ayaq üstə durarkən bədəni hərəkət edən, yaxud bir şeyə söykənməyə, ya bədənini bir qədər əyməyə və ya ayaqlarını həddən ziyadə aralı qoymağa məcbur olan şəxs sadalanan hallarda onun duruşu ayaq üstə durmaq hesab ediləcək şəkildədirsə, bacardığı şəkildə ayaq üstə duraraq namaz qılmalıdır. Lakin əgər heç bir vəchlə ayaq üstə dura bilmirsə, düz (gövdəsini düz saxlayaraq) oturmalı və oturaq halda namaz qılmalıdır. Beləliklə, iztirari qiyamla (sadalanan hallar da olduğu kimi) ayaq üstə qılınan namaz oturaq namazdan üstün tutulmalıdır.
Məsələ 1151. İnsan otura bildikcə uzanmış halda namaz qılmamalıdır. Əgər düz otura bilmirsə, bacardığı şəkildə oturmalıdır. Əgər heç bir vəchlə otura bilmirsə, qiblə ilə bağlı hökmlərdə deyildiyi kimi böyrü üstə bədəninin ön hissəsi qibləyə doğru düşəcək şəkildə uzanmalı və sağ böyrü üstə uzana bildikcə, lazım ehtiyata əsasən, sol böyrü üstə uzanmamalıdır. Bu ikisi də mümkün olmadığı təqdirdə isə arxası üstə ayaqlarının altı qibləyə doğru düşəcək şəkildə uzanmalıdır.
Məsələ 1152. Ayaq üstə dura bilən şəxs əgər ayaq üstə durmaq səbəbi ilə (hərçənd divara, əsaya və bu qəbildən olan hər hansı bir şeyə söykənməklə olsa belə), xəstələnəcəyindən, yaxud ona önəmli bir zərər dəyəcəyindən qorxursa, oturaq halda namaz qıla bilər və oturmağa da qorxduğu təqdirdə uzanmış vəziyyətdə namaz qıla bilər. Belə olan hallarda namazın vaxtı başa çatmamış üzürlü səbəbin aradan qalxması ilə bağlı hökm 1157-ci məsələdə açıqlanacaqdır.
Məsələ 1153. Namaz qılan şəxs namaz əsnasında ayaq üstə durmaq qüdrətini itirərsə, namazın vaxtı başa çatanadək ayaq üstə dura biləcəyindən naümid olduğu təqdirdə oturmalı və namazın qalan hissəsini oturaq halda qılmalıdır. Əgər namaz qılan oturmaq qüdrətini də itirərsə, uzanmalı və namazın davamını 920 və 1151-ci məsələlərdə izah edilən qaydada qibləyə yönəlməklə uzanmış vəziyyətdə qılmalıdır. Lakin bu hallarda bədəni aram olanadək vacib zikrlərdən hər hansı birini deməməlidir. Müstəhəb zikrlərin hərəkət halında deyilməsi ilə bağlı hökm isə 1201-ci məsələdə bəyan ediləcəkdir.
Lakin əgər sözügedən şəxs gücsüzlüyünün namaz vaxtının sonunadək davam etməyəcəyini və vaxt başa çatmadan namazı ayaq üstə qıla biləcəyini bilirsə, yaxud buna arxayındırsa, bu halda namazı dayandırmalı və daha sonra bacardığı halda vaxt daxilində ayaq üstə qılmalıdır. Həmçinin, əgər bu gücünü namazın vaxtı başa çatanadək bərpa edəcəyinə naümid deyilsə və bunu məntiqli əsaslarla ehtimal edirsə, həmin namazı rəcaən deyilən qaydada başa çatdıra bilər və üzürlü halı namaz vaxtının sonunadək davam etdiyi təqdirdə qıldığı namaz kafidir, üzürlü halı aradan qalxdığı təqdirdə isə həmin namazı yenidən qılmalıdır.
Məsələ 1154. Vəzifəsinə uyğun olaraq oturaq halda namaz qılan şəxs əgər Həmd-surənin oxuduqdan sonra ayaq üstə qalxaraq rükuya ayaq üstə gedə bilərsə, ayağa qalxmalı və qiyam vəziyyətindən rükuya əyilməlidir. Bacarmadığı təqdirdə isə rükunu da oturaq halda yerinə yetirməlidir.
Məsələ 1155. Vəzifəsinə uyğun olaraq oturaq halda namaz qılan şəxs əgər namaz əsnasında ayaq üstə durmağa güc taparsa, namazın bacardığı qədərini ayaq üstə qılmalı, lakin bədəni aramlaşanadək vacib zikrlərdən hər hansı bir birini deməməlidir. Amma əgər ayaq üstə az dura biləcəyini bilirsə, bu imkandan rükudan bilavasitə öncəki qiyamın icrası üçün istifadə etməlidir.
Məsələ 1156. Vəzifəsinə uyğun olaraq uzanmış halda namaz qılan şəxs əgər namaz əsnasında oturmağa güc taparsa, namazın bacardığı qədərini oturaq halda qılmalıdır. Həmçinin, əgər ayaq üstə güc taparsa, namazın bacardığı qədərini ayaq üstə qılmalı, lakin bədəni aramlaşanadək vacib zikrlərdən hər hansı bir birini deməməlidir. Amma əgər ayaq üstə az dura biləcəyini bilirsə, bu imkandan rükudan bilavasitə öncəki qiyamın icrası üçün istifadə etməlidir.
Məsələ 1157.Əgər insan namazın vaxtı başa çatanadək ayaq üstə namaz qıla biləcəyinə dair ümidini itirməmişdirsə, namaz vaxtının başlanğıcında namazı qıldığı və vaxtın sonuna yaxın özündə ayaq üstə durmaq gücü tapdığı təqdirdə namazı yenidən qılmalıdır. Lakin əgər namazı ayaq üstə qıla biləcəyinə ümidini itirərsə və vaxtın başlanğıcında namazı qılarsa, sonra özündə ayaq üstə durmağa güc taparsa, namazı yenidən qılması lazım deyil.

Qiyamın müstəhəbləri
Məsələ 1158. Böyük fəqihlər (Allah onlardan razı olsun!) bir sıra işləri namazda qiyam halında müstəhəb hesab etmişlər. O cümlədən:Ayaq üstə qaməti düz saxlamaq,(2) çiyinləri aşağı salmaq, əlləri budların üzərinə və diz qapaqlarının müqabilinə qoymaq, itaətkarlıq və acizlik əhval-ruhiyyəsində olmaq, ayaqları dal-qabaq qoymamaq, kişi üçün ayaqları üç aralı barmaq enindən bir qarışadək məsafədə aralı qoymaq, qadın üçün ayaqları bir-birinə bitişdirmək.

4.
Qiraət
Məsələ 1159.Namazın vacibatından biri də qiraətdir. Qiraətlə bağlı hökmlər iki əsas qisimə bölünür: a) Həmd-surənin oxunduğu birinci və ikinci rükətlərin qiraəti ilə bağlı hökmlər; b) təsbihat-i ərbəə, yaxud Həmd surəsinin oxunduğu üçüncü və dördüncü rükətlərin qiraəti ilə bağlı hökmlər. Bunlarla bağlı hökmlər qarşıdakı məsələlərdə izah ediləcəkdir.

Birinci və ikinci rükətlərin qiraəti ilə bağlı hökmlər
Məsələ 1160.Gündəlik vacib namazların birinci və ikinci rükətlərində insan əvvəlcə Həmd surəsini, ardınca isə başqa bir surə oxumalıdır və vacib ehtiyata əsasən, oxuduğu surə bütöv bir surə olmalıdır. Zuha və İnşirah surələri, həmçinin Fil və Qureyş surələri namazda, vacib ehtiyata əsasən, bir surə sayılır və birlikdə oxunur. Səcdə ayəsi olan surələri oxumaqla bağlı hökm Quranın vacib səcdələri mövzusunda izah ediləcəkdir.
Məsələ 1161. Əgər namazın vaxtı məhdud olarsa, yaxud insan surəni(3) oxumamağa məcbur olarsa, məsələn, surəni oxuyacağı təqdirdə oğru, yırtıcı heyvan, yaxud başqa bir şeyin ona zərər yetirəcəyindən qorxarsa və ya ürfən zəruri hesab edilən bir işi olarsa, surəni oxumaya bilər. Hətta vaxt məhdud ikən və eləcə də bir sıra digər hallarda surəni oxumamalıdır.
Məsələ 1162.Əgər insan surəni namazın bir hissəsi olmaq niyyəti ilə qəsdən Həmddən öncə oxuyarsa, namazı batildir. Əgər səhvən surəni Həmddən əvvəl oxuyarsa və qiraəti əsnasında yadına düşərsə, surəni yarımçıq qoymalı və Həmdi oxuduqdan sonra surəni başlanğıcından oxumalıdır.
Məsələ 1163.Əgər insan vacib namazda Həmd və surəni, yaxud onlardan birini unudarsa və rüku vəziyyətini aldıqdan sonra xatırlayarsa, namazı doğrudur, onu qılmağa davam etməli və müstəhəb ehtiyata əsasən, namazdan sonra səhv səcdəsi etməlidir.
Məsələ 1164. Əgər insan rükuya əyilməzdən öncə Həmd və surəni oxumadığını başa düşərsə, onların hər ikisini oxumalıdır. Əgər yalnız surəni oxumadığını başa düşərsə, təkcə surəni oxumalıdır. Əgər surəni oxuduğunu, ancaq Həmdi oxumadığını başa düşərsə, öncə Həmdi oxumalı, ardınca surəni təkrarən oxumalıdır. Həmçinin, əgər əyilərsə, lakin rüku vəziyyətinə çatmadan Həmd və surəni, yaxud təkcə surəni və ya təkcə Həmdi oxumadığını başa düşərsə, qamətini düzəltməli və bu məsələdə izah edilən qaydada hərəkət etməlidir.
Məsələ 1165. Cümə namazında və cümə gününün sübh, zöhr və əsr namazlarında müstəhəbdir ki, insan birinci rükətdə Həmddən sonra Cümə surəsini, ikinci rükətdə isə Munafiqun surəsini oxusun. Əgər namaz qılan şəxs cümə namazında, yaxud cümə gününün namazlarında bu iki surədən birini oxuyarsa, vacib ehtiyata əsasən, hətta surənin yarısına çatmasa belə, onları yarımçıq qoyub başqa bir surə oxuya bilməz.
Məsələ 1166.Əgər insan Həmddən sonra İxlas, yaxud Kafirun surəsini oxuyarsa, onları yarımçıq qoyub başqa bir surə oxuya bilməz. Lakin cümə namazında və cümə gününün namazlarında əgər insan Cümə və Munafiqun surələrini oxumaq niyyətində olarsa, ancaq unutqanlıqdan Cümə və Munafiqun surələrinin yerinə İxlas və Kafirun surələrindən birini və ya başqa bir surəni oxuyarsa, oxuduğu surənin qiraətini yarısına çatmamış dayandıra və Cümə və Munafiqun surələrini oxuya bilər,yarısına çatdıqdan sonra isə, vacib ehtiyata əsasən, həmin surənin qiraətini dayandırmamalıdır.
Məsələ 1167. Əgər insan cümə namazında, yaxud cümə gününün namazlarında bilərək İxlas, yaxud kafirun surəsini oxuyarsa, hərçənd yarısına çatmasa belə, vacib ehtiyata əsasən, yarıda kəsərək Cümə və Munafiqun surələrini oxuya bilməz.
Məsələ 1168. Əgər insan namazda İxlas və Kafirun surələrindən başqa bir surə oxuyarsa, surənin yarısına çatmamış onun qiraətindən imtina edə və başqa bir surə oxuya bilər (1165-ci məsələd izah edilən hallar istisna olmaqla). Yarısına çatdıqdan sonra isə, vacib ehtiyata əsasən, istənilən halda surənin qiraətindən imtina etmək və başqa bir surə oxumaq olmaz.
Məsələ 1169.Əgər insan surənin bir hissəsini unudarsa, yaxud zərurət səbəbi ilə, məsələn, vaxt məhudluğu ilə əlaqədar olaraq və ya başqa bir səbəbdən onu tamamlamaq mümkün olmasa, hərçənd yarısına çatmış olsa belə, yaxud oxuduğu surə İxlas və ya Kafirun surəsi olsa belə, həmin surəni yarımçıq qoya və başqa bir surə oxuya bilər və unutduğu təqdirdə oxuduğu qədəri ilə də kifayətlənə bilər.
Məsələ 1170.“Bismillahir-Rəhmanir-Rəhim” deyərkən oxunacaq surənin təyin edilməsi vacib deyil və namaz qılan öncə hər hansı bir surəni müəyyənləşdirmədən “Bismillahir-Rəhmanir-Rəhim” deyə, sonra oxumaq istədiyi surəni müəyyənləşdirə bilər. Lakin əgər namaz qılan əvvəlcə “Bismillahir-Rəhmanir-Rəhim”i müəyyən bir surənin qiraəti niyyəti ilə deyərsə, sonra başqa bir surə oxumaq istədikdə, vacib ehtiyata əsasən, bəsmələni yenidən deməlidir.
Məsələ 1171. Ehtiyata əsasən, kişiyə sübh, məğrib və işa namazlarının Həmd və surəsini uca səslə oxumaq vacibdir.(4)
Məsələ 1172. Ehtiyata əsasən, kişiyə və qadına 1175-ci məsələdə qeyd ediləcək hallar istisna olmaqla zöhr və əsr namazlarının Həmd və surəsini asta səslə oxumaq vacibdir.
Məsələ 1173. Vacib ehtiyata əsasən, kişi sübh, məğrib və işa namazlarında diqqət etməlidir ki, Həmd və surənin bütün sözlərini, hətta onların son hərfini də ucadan tələffüz etsin.
Məsələ 1174. Qadın sübh, məğrib və işa namazlarının Həmd və surəsini ucadan və ya asta səslə oxuya bilər. Lakin əgər namhərəm onun səsini eşidərsə və səsini naməhrəmə eşitdirməyin haram olduğu bir vəziyyət(5) yaranarsa, asta səslə oxumalıdır və əgər bu halda qəsdən ucadan oxuyarsa, vacib ehtiyata əsasən, namazı batildir.
Məsələ 1175.Zöhr və əsr namazlarında Həmd və surənin “Bismillahir-Rəhmanir-Rəhim”ini ucadan demək müstəhəbdir. Həmçinin, cümə gününün zöhr namazında Həmd və surənin ucadan oxunması müstəhəbdir. Cümə namazının Həmd və surəsi isə vacib ehtiyata əsasən, ucadan oxunmalıdır.
Məsələ 1176.Ucadan və ahəstə oxumaqda meyar səsin mahiyyətinin təzahürü deyil, ürfün nəzərincə ucadan və ya asta oxumaqdır. Beləliklə, sübh, məğrib, yaxud işa namazında kişilər tərəfindən Həmd və surə oxunarkən səsin mahiyyəti izhar edilməzsə, lakin ürf bu qiraəti uca səs hesab edərsə, kafidir.
Məsələ 1177.Əgər insan namazın sözlərini ucadan tələffüz etməli olduğu yerdə qəsdən asta səslə tələffüz edərsə, yaxud asta səslə tələffüz etməli olduğu yerdə qəsdən ucadan tələffüz edərsə,vacib ehtiyata əsasən, namazı batildir. Lakin əgər bu, unutqanlıq və ya məsələ haqqında məlumatsızlıq səbəbi ilə baş verərsə, namaz doğrudur və bu xüsusda qasir cahillə müqəssir cahil arasında, həmçinin, namaz qılanın ucadan və ya asta səslə oxumağın vacibliyini, məsələn, sübh namazının Həmd və surəsini ucadan oxumalı olduğunu bilməməsi ilə uca, yaxud ahəstə səslə oxumaqla bağlı bəzi məsələlərə dair məlumatının olmaması, məsələn, səsin uca və ahəstə sayılmasında meyarın ürfün nəzəri olduğunu bilməməsi arasında fərq yoxdur. Əgər Həmd və surənin qiraəti əsnasında səhv etdiyini başa düşərsə, oxuduğu hissəni təkrarən oxumasına gərək yoxdur, hərçənd müstəhəb ehtiyat təkrarən oxumasını tələb edir.
Məsələ 1178.Əgər bir şəxs Həmd və surənin qiraətində səsini həddən ziyadə ucaldarsa, məsələn, surələri fəryad qopararaq oxuyarsa, namazı batil olur.
Məsələ 1179.İnsan namazda qiraət etdiyi surələri düzgün oxumalıdır. Həmd surəsini bütövlüklə heç bir vəchlə düzgün oxuya bilməyən şəxs düzgün oxuduğu hissənin surənin önəmli bir qismini təşkil etməsi şərti ilə bacardığı şəkildə oxumalıdır. Lakin əgər düzgün oxuduğu hissə cüzi olarsa, vacib ehtiyata əsasən, Quranın digər hissələrindən düzgün oxuya bildiyi bir qədərini ona əlavə etməli, bunu da bacarmırsa, təsbih (Sübhanəllah) zikrini əlavə etməlidir. Həmddən sonra, ümumiyyətlə, bir surə oxuya bilməyən bir şəxsin isə onun yerinə bir şey oxumasına gərək yoxdur. İstənilən halda belə vəziyyətlərdə müstəhəb ehtiyat insanın namazı camaatla birgə qılmasını tələb edir.
Məsələ 1180.Əgər insan Həmd, yaxud surənin sözlərindən birini qəsdən, yaxud müqəssir cahil olması səbəbi ilə deməzsə, yaxud bir samitin yerinə başqa bir samiti tələffüz edərsə, məsələn, “ض” samitinin yerinə “ذ”, yaxud “ز” samitini tələffüz edərsə və ya /ə/, /i/, /u/ sait səslərini səhv sayılacaq şəkildə düzgün tələffüz etməzsə, ya da təşdidli (qoşalaşmış) samitləri tək samit kimi tələffüz edərsə, namazı batildir.
Məsələ 1181. Həmd surəsini yaxşı bilməyən şəxs istər öyrənmək və ya təlqin (diktə) surəti ilə olsun, istərsə camaat namazına qoşulmaq, yaxud şəkk hallarında namazı təkrarən qılmaq surəti ilə öz vəzifəsini sonrakı məsələdə izah ediləcək şəkillərdə yerinə yetirməlidir. Əgər vaxtın başa çatmasına az qalmışdırsa, namazı 1179-cu məsələdə izah edilən qaydada qılarsa, namazı doğrudur. Lakin öyrənməkdə səhlənkarlığa yol verdiyi təqdirdə imkan daxilində cəzadan xilas olmaq üçün namazını camaatla qılmalıdır.
Məsələ 1182. Əgər insan bir sözün sait səslərini bir-biri ilə qarışdırırsa, yaxud bir sözün “س”, yoxsa “ص” samiti ilə tələffüz edilməli olduğunu bilmirsə, vəzifəsini şəriətə uyğun şəkildə yerinə yetirməlidir. Məsələn:
a) Sözün düzgün tələffüz qaydasını öyrənməlidir.
b) Yaxud camaat namazında iştirak etməlidir.
c) Yaxud həmin sözü iki və ya daha artıq şəkildə tələffüz etməli və həqiqətdə doğru olan tələffüzün namazdan sayılmasını niyyət etməlidir. Təbii ki, bu çıxış yolu sözün doğru olmayan tələffüzünün yanlış zikr, yaxud yanlış Quran qiraəti hesab edildiyi halda doğrudur. Məsələn, “اهدنا الصراط المستقيم” (İhdinəs-siratəl-mustəqim) ayəsində “المستقيم” (əl-mustəqim) sözünü bir dəfə “س”, bir dəfə də “ص” ilə tələffüz edərək düzgün tələffüz etdiyinə dair yəqinlik edərsə,bu halda namazı doğrudur.
d) Yaxud da onu yalnız bir şəkildə tələffüz etməlidir. Bu halda əgər namazdan sonra həmin tələffüzün doğru olduğu məlum olarsa, namazı doğrudur. Əgər tələffüz yanlış olarsa, qiraəti öyrənməkdə səhlənkarlığa yol verdiyi təqdirdə həmin namazı yenidən qılmalıdır, lakin öyrəndiyi bir şeyi unutduğuna görə yanlış tələffüz etdiyi təqdirdə isə namazın yenidən qılınması vacib deyil.

Üçüncü və dördüncü rükətlərin qiraəti
Məsələ 1183.Namaz qılan namazın üçüncü və dördüncü rükətlərində təkcə Həmd surəsini, ya da təsbihat-i ərbəəni bir dəfə oxuya, yəni bir dəfə: “Sübhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vallahu əkbər” – deyə bilər. Daha yaxşı olar ki, təsbihat-i ərbəəni üç dəfə təkrarlasın. Bir rükətdə Həmd, digər rükətdə isə təsbihat-i ərbəə də oxuya bilər. Daha yaxşısı budur ki, hər iki rükətdə təsbihat-i ərbəə oxusun. Lakin təsbihat-i ərbəənin iki dəfə deyilməsinin müstəhəbliyi sabit edilməmişdir və əgər onu iki dəfə demək istəyərsə, ikinci dəfə ümumiyyətlə zikr niyyəti ilə dediyi təqdirdə maneəsi yoxdur.
Məsələ 1184.Vaxt məhdud olduqda təsbihat-i ərbəə bir dəfə deyilməlidir və əgər bunun üçün yetəcək qədər də vaxt yoxdursa, bir dəfə “Sübhanəllah” demək kafidir.
Məsələ 1185. Ehtiyata əsasən, kişi və qadının namazın üçüncü və dördüncü rükətlərində Həmd, yaxud təsbihat-i ərbəəni ahəstə səslə oxuması – istər zöhr və əsr namazlarında, istərsə məğrib və işa namazlarında – vacibdir və əgər qəsdən, yaxud unutqanlıqdan və ya məsələ ilə bağlı məlumatsızlıq səbəbi ilə ucadan oxuyarsa, bununla bağlı hökm daha öncə Həmd və surə üçün açıqlanan hökm kimidir.
Məsələ 1186.Əgər namaz qılan üçüncü və dördüncü rükətlərdə Həmd surəsini oxuyarsa, “Bismillahir-Rəhmanir-Rəhim”i də asta səslə deməsi vacib deyil. Yalnız camaat namazında məmum olarsa, bu halda Həmdi asta səslə oxumalı və vacib ehtiyata əsasən, “Bismillahir-Rəhmani-Rəhim”i də asta səslə deməlidir.
Məsələ 1187. Təsbihatı öyrənə, yaxud düzgün oxuya bilməyən üçüncü və dördüncü rükətlərdə Həmd surəsini oxumalıdır.
Məsələ 1188. Əgər namaz qılan şəxs namazın ilk iki rükətində namazın son iki rükəti olduğunu zənn edərək təsbihat-i ərbəə oxuyarsa, rükudan öncə başa düşdüyü təqdirdə Həmd və surəni oxumalıdır, rüku vəziyyətində çatdıqdan və ya rükudan sonra başa düşdüyü təqdirdə isə namazı doğrudur.
Məsələ 1189. Əgər namaz qılan namazın son iki rükətində ilk iki rükətdə olduğunu zənn edərək Həmd surəsini oxuyarsa, yaxud namazın ilk iki rükətində son iki rükətdə olduğunu güman etməsinə baxmayaraq Həmd surəsini oxuyarsa, rükudan öncə və ya rükudan sonra başa düşməsində asılı olmayaraq namazı doğrudur.
Məsələ 1190. Əgər namaz qılan üçüncü və dördüncü rükətlərdə Həmd surəsini oxumaq istədiyi halda təsbihatı deməyə başlayarsa, yaxud təsbihatı demək istədiyi halda Həmd surəsini oxumağa başlayarsa, namaz niyyətindən tamamilə xali olduğu təqdirdə (hətta şüuraltında belə) onu yarımçıq qoymalı və yenidən Həmd, yaxud təsbihatı oxumalıdır. Lakin əgər niyyətdən xali deyildisə, məsələn, bunlardan dilinə gələni oxumağa adət etmişdirsə, oxuduğunu tamamlaya bilər və namazı doğrudur.
Məsələ 1191. Üçüncü və dördüncü rükətlərdə təsbihati-ərbəəni oxumağa adət edən şəxs əgər adətini unudarsa və vəzifəsini icra etmək məqsədi ilə Həmd surəsini oxumağa başlayarsa, kafidir və yenidən Həmd, yaxud təsbihatı oxumasına gərək yoxdur.
Məsələ 1192. Üçüncü və dördüncü rükətlərdə müstəhəbdir ki, insan təsbihat-i ərbəəyə istiğfar zikrini də əlavə etsin, məsələn, təsbihat-i ərbəədən sonra “Əstəğfirullahə rəbbi və ətubu ileyh”,yaxud “Allahumməğfirli” desin. Əgər namaz qılan üçüncü və dördüncü rükətlərdə Həmd, yaxud təsbihat-i ərbəəni oxuyub-oxumadığına şəkk edirsə, yaxud nə qədər oxuduğuna şəkk edirsə, məsələn, təsbihat-i ərbəəni iki, yoxsa üç dəfə dediyini bilmirsə, istiğfar zikrini hələ söyləmədiyi təqdirdə Həmd, yaxud təsbihat-i ərbəəni oxumalı, təsbihatın sayı xüsusunda şəkk etdiyi halda isə az olan sayı əsas götürərək təsbihatı tamamlamalıdır, yəni yuxarıdakı misalda iki dəfə oxuması ehtimalının üzərində dayanaraq təsbihatı bir dəfə də deməlidir. Əgər istiğfar zikrini söyləyərkən, yaxud istiğfardan sonra və rükuya əyilməzdən öncə qeyd edilən şəklərdən biri yaranarsa, izah edilən hökm, vacib ehtiyata əsasən, bu vəziyyətə də şamil olunur.
Məsələ 1193.Əgər üçüncü və dördüncü rükətlərin rükusunda, yaxud rükuya əyilərkən Həmd, yaxud təsbihatı oxuyub-oxumadığına şəkk edərsə və ya təsbihatı neçə dəfə dediyi ilə bağlı şəkkə düşərsə, hərçənd hələ rüku vəziyyətinə çatmamış olsa belə, şəkkinə etina etməməlidir.
Məsələ 1194. Əgər namaz qılan Həmd və surəni, yaxud təsbihat-i ərbəəni oxuyarkən özündən asılı olmadan bədəni aramlığını itirəcək şəkildə bir qədər hərəkət edərsə və səhvən, yaxud qeyri-ixtiyari surətdə namazın qiraətinin bir hissəsini bu halda oxuyarsa, müstəhəb ehtiyata əsasən, bədəni aram olduqdan sonra hərəkət halında dediklərini yenidən oxumalıdır.

Namazın qiraətinin müstəhəbləri və məkruhları
Məsələ 1195. Bütün namazların birinci rükətində Qədr, ikinci rükətində isə İxlas surəsini oxumaq müstəhəbdir.
Məsələ 1196.İnsanın bir gün ərzində qıldığı namazların heç birində İxlas surəsini oxumaması məkruhdur.
Məsələ 1197. İxlas surəsini bir nəfəsə oxumaq məkruhdur.
Məsələ 1198. Namaz qılanın birinci rükətdə oxuduğu surəni (İxlas surəsi istisna olmaqla) ikinci rükətdə də oxuması məkruhdur, lakin belə edərsə, namazı doğrudur. Namaz qılan İxlas surəsini hər iki rükətdə oxuyarsa, məkruh deyil.
Məsələ 1199. Böyük fəqihlər (Allah onlardan razı olsun!) namazın qiraəti ilə bağlı bir sıra işləri müstəhəb bilmişlər. O cümlədən, müstəhəbdir ki:
1) namaz qılan şəxs birinci rükətdə Həmd surəsini oxumazdan öncə “Əuzu billahi minəş-şeytanir-rəcim” desin və daha yaxşı olar ki, onu ahəstə səslə tələffüz etsin;
2) zöhr və əsr namazlarının birinci və ikinci rükətlərində “Bismillahir-Rəhmanir-Rəhim”i uca səslə desin;
3) Həmd və surəni tələsmədən, səlis və aydın surətdə oxusun;
4) hər ayənin sonunda vəqf etsin, yəni onu növbəti ayəyə birləşdirməsin;
5) Həmd və surəni oxuyarkən ayələrin məmanalarına diqqət yetirsin;
6) camaat namazında iştirak edirsə, imamın, namazı fərdi qaydada qılırsa, özünün oxuduğu Həmd surəsi başa çatdıqdan sonra “Əlhəmdu lillahi rəbbil-aləmin” desin;
7) İxlas surəsini oxuduqdan sonra bir, iki, yaxud üç dəfə “Kəzalikəllahu rəbbi”, yaxud “Kəzəlikəllahu rəbbuna” desin;
8) Surəni oxuduqdan sonra bir qədər gözləsin, sonra rükudan öncəki təkbiri desin və ya qunut tutsun;
9) Namazın Həmd və surəsini və digər zikrlərini oxuyan şəxs öz səsini eşidə biləcəyi bir yerdə namaz qılsın, səs-küylü, yaxud küləkli bir yerdə namaz qılmasın.

5.
Zikr
Namazın vacibatından biri də zikrdir.(6) Namazın zikrləri arasında təkbirət əl-ehram zikri rükndür, qiraət, təşəhhüd, salam, rüku və səcdənin zikri kimi digər zikrlər isə qeyri-rükndür.
Namazın zikrlərindən bəzilərinə dair özünəməxsus hökmlər vardır ki, onların da hər biri əlaqədar mövzuda izah ediləcəkdir. Lakin zikrlərlə bağlı ümumi hökmlər də vardır. Bu mövzuda həmin hökmlər izah ediləcəkdir.
Məsələ 1200. İnsan namazda təkbirət əl-ehramı, qiraəti (Həmd və surəni), təsbihat-i ərbəəni, yaxud rüku və səcdələrin vacib zikrini və ya namazın digər vacib zikrlərini deyərkən bədəni hərəkətsiz və aram olmalı və bir qədər irəli, yaxud arxaya getmək və ya bədənini bir qədər sağa, yaxud sola doğru hərəkət etdirmək istədikdə heç bir şey deməməlidir.
Məsələ 1201. Namazın müstəhəb zikrlərini hədislərdə namazda deyilməsi müstəhəb sayılan bir zikri söyləmək niyyəti ilə deyərsə, lazım ehtiyata əsasən, bədəni aram olmalıdır və əgər bədənin hərəkətdə olduğu halda müstəhəb zikr deyərsə, məsələn, rükuya və ya səcdəyə getdiyi əsnada təkbir deyərsə, onu namazda söylənilməsi tövsiyə edilən bir zikr niyyəti ilə dediyi təqdirdə həmin zikr doğru sayılmır, lakin namazın özü doğrudur və bədənin aram olmaması namazın batil olması ilə nəticələnmir. Əlbəttə, “Bihövlillahi və quvvətihi əqumu və əqudu” zikrini istisna olaraq ayaq üstə qalxarkən demək lazımdır.
Məsələ 1202. Həmd və surəni, yaxud təsbihat-i ərbəəni və ya təşəhhüd və salamı oxuyarkən əl və barmaqları hərəkət etdirmək namaza xələl gətirmir, hərçənd müstəhəb ehtiyat onları da hərəkət etdirməməyi tələb edir.
Məsələ 1203.İnsan namazın sözlərini ərəbcə düzgün oxumalıdır və bu hökm yalnız Həmd və surəyə aid olmayıb təsbihat-i ərbəə, rükunun zikri, səcdənin zikri, təşəhhüd və salam kimi namazın bütün vacib zikrlərinə şamildir.
Məsələ 1204. Namaz qılan şəxs azərbaycanca transliterasiyası ərəbcə tələffüzündən fərqlənən və yanlış tələffüzü mənanın dəyişməsi ilə nəticələnən hərflər (samitlər) xüsusunda diqqətli olmalı, onları ərəbcə düzgün tələffüz etməlidir. Həmin hərflər bunlardır: “ث , ح , ذ , ص , ض , ط , ظ , ع , غ , ق , و”.(7) Digər hərflər isə ərəb və azərbaycan dillərində, əsasən, eyni cür tələffüz olunur. Namaz qılan bu hərflərin ifadə etdiyi səsləri azərbaycan dilində olduğu kimi tələffüz edərsə, kafidir, hərçənd ərəbcə fəsih tələffüz olunması daha münasibdir.
Qeyd etmək lazımdır ki, namazın sözlərini təşkil edən səslərin artikulyasiyası zamanı səslərin dəqiqliklə təcvid kitablarında qeyd edildiyi kimi tələffüz olunması vacib deyil, onların tələffüzü zamanı eşidilən səsin ərəblər həmin səsləri tələffüz edərkən eşidilən səsə bənzəyəcəyi şəkildə deyilməsi kifayətdir.
Məsələ 1205.Həmd və surənin, eləcə də digər ziklərin oxunuşunun ürfə görə danışmaq hesab edilməsi şərtdir. Burada danışmaq deyərkən danışıq aparatının, o cümlədən, boğaz, ağız boşluğu və s.-nin fəaliyyəti nəticəsində tələffüz olunan və danışanın sakit bir yerdə olduğu təqdirdə öz sədasını eşitdiyi səslər nəzərdə tutulur və səsin yalnız küyünü eşitmək də kafidir, başqa sözlə tələffüz etdiyi sözləri bir-bir ayırd edə bilməsi şərt deyil. Lakin sözlərin dil və dodaqlar hərəkətdən etmədən, yalnız zehndə (daxili nitqdə) təsəvvürü kafi deyil. Həmçinin, səslər normal qaydada artikulyasiya edilmədən dil və dodaqların hərəkət etdirilməsi (dodaqlarla oxumaq) kafi deyil.
Qeyd etmək lazımdır ki, bu hökm namazla yanaş Quran qiraətinə və duaların oxunmasına da aiddir.
Məsələ 1206. Təcvid alimləri deyirlər: Əgər misal olaraq “سُوْء” sözündə olduğu kimi bir sözdə “vav” hərfi vardırsa, həmin sözdə “vav” hərfindən öncəki hərf “dammə”lidirsəvə eyni sözdə “vav”dan sonrakı hərf “həmzə”dirsə,həmin “vav”mədd edilməli, yəni uzadılmalıdır (ondan öncəki dammə uzun /u/ səsi kimi tələffüz edilməlidir. Həmçinin, əgər misal olaraq “جآءَ”, yaxud “مَلآئِكَة” sözündə olduğu kimi bir sözdə “əlif” vardırsa, həmin sözdə “əlif”dən öncəki hərf “fəthə”lidirsə və eyni sözdə ondan sonrakı hərf “həmzə”dirsə, “əlif” mədd edilməlidir (yəni ondan öncəki fəthə uzun /ə/, bəzi samitlərdə isə uzun /a/ səsi kimi tələffüz edilməlidir). Habelə, əgər misal olaraq “جِىءَ” sözündə olduğu kimi bir sözdə “ya” vardırsa, həmin sözdə “ya”dan öncəki hərf “kəsrə”lidirsə və eyni sözdə ondan sonrakı hərf “həmzə”dirsə, “ya” mədd ilə oxunmalıdır (yəni ondan öncəki kəsrə uzun /i/ səsi kimi tələffüz edilməlidir). Əgər bu hərflərdən (vav, əlif və ya) sonra həmzə deyil, başqa bir sakin (hərəkəsiz), yaxud təşdidli (qoşa samit kimi tələffüz olunan) hərf olarsa, yenə də sözügedən üç hərf mədd ilə oxunmalıdır. Lakin bu qəbildən olan hallarda qiraətin doğru sayılması üçün məddə ehtiyac yoxdur və mədd vacib deyil. Beləliklə, əgər namaz qılan qeyd edilən qaydada riayət etməsə də, namazı doğrudur. Lakin təşdid və əlifin düzgün tələffüzü üçün bir qədər məddə ehtiyac olan “وَلَا الضٌآلٌينَ” kimi sözlərdə əlif və “lam”ın təşdidinin tələffüzü üçün lazım olan qədər mədd etməlidir. Lakin əgər bu sözü “وَلَا الضٌلٌيْنَ” kimi (əlifsiz), yaxud “وَلَا الضٌالِينَ” kimi (təşdidsiz “lam” ilə) oxuyarsa, doğru deyil.
Məsələ 1207. Müstəhəb ehtiyata əsasən, namaz qılan şəxs namazın zikrlərindən hər hansı birini deyərkən hərəkə ilə vəqf və sükunla vəsl etməsin. Hərəkə ilə vəqf deyərkən sözün sonundakı fəthə, kəsrə və damməni (ə/a, i və u səslərini) tələffüz etmək və həmin sözlə sonrakı söz arasında fasilə vermək, məsələn, “Ər-Rəhmanir-Rəhimi” demək, yəni “Rəhim” sözünün “mim” hərfini kəsrə ilə oxumaq və sonra bir qədər fasilə verərək “Maliki yəumid-din” demək nəzərdə tutulur. Sükunla vəsl deyərkən isə sözün fəthə, kəsrə, yaxud damməsini tələffüz etməmək və həmin sözü sonrakı sözə birləşdirmək, məsələn, “Ər-Rəhmanir-Rəhim” demək, yəni “Rəhim” sözünün “mim” hərfini kəsrəsiz oxumaq və fasilə vermədən “Maliki yəumid-din” demək, yaxud təşəhhüddəki salavat zikrində “Allahummə səlli əla Muhəmməd” demək, yəni “Muhəmməd” sözünün “dal”hərfini sakin hərf kimi tələffüz etmək (sözün sonundakı “in” tənvinini tələffüz etməmək) və dərhal salavatın davamını, yəni “və Ali-Muhəmməd” demək nəzərdə tutulur.
Məsələ 1208. Əgər namaz qılan bir ayə, yaxud sözü deyib tamamladıqdan sonra onu düzgün deyib-demədiyinə şəkk edərsə, məsələn, “Qul huvəllahu əhəd” ayəsini düzgün oxuyub-oxumadığına şəkk edərsə, şəkkinə etina etməyə bilər, lakin əgər həmin ayə, yaxud sözü ehtiyat üçün yenidən düzgün qaydada deyərsə, namaza xələl gətirmir(8) və bir neçə dəfə şəkk etsə də, bir neçə dəfə təkrarlaya bilər. Lakin əgər vasvasılıq həddinə çatarsa, namazın vaxtı geniş ikən yaxşı olar ki, təkrarlamasın. Vaxta az qaldıqda, yəni bu təkrarın namazın bir hissəsinin vaxt başa çatdıqdan sonra qılınması ilə nəticələnəcəyi təqdirdə isə caiz deyil.
Məsələ 1209.Əgər insan öyrəndiyi bir sözü (namazın vacib zikrlərindən hər hansı birinin sözlərini) düzgün hesab edərək namazda bildiyi kimi deyər və sonra onu düzgün demədiyini başa düşərsə, onun düzgün tələffüzünü öyrənməkdə səhlənkarlığa yol vermədiyi təqdirdə namazı yenidən qılması lazım deyil, lakin onu öyrənməkdə səhlənkarlığa yol verdiyi və müqəssir cahil olduğu təqdirdə isə namazı təkrarən qılmalı, vaxt başa çatdığı halda isə qəzasını qılmalıdır.
Məsələ 1210. Namazın qiraət və digər vacibatını öyrətmək üçün muzd almaq, vacib ehtiyata əsasən, haramdır. Lakin namazın müstəhəblərini öyrətmək üçün muzd almaq olar.

6.
Rüku
Məsələ 1211. Namaz qılan şəxs hər rükətdə qiraətdən sonra rüku etməli, yəni sonrakı məsələlərdə izah ediləcək qaydada əyilməlidir.

Rükunun vacibatı və onunla əlaqədar hökmlər
1) Əyilmək
Məsələ 1212.Əyilmə insanın bütün əl barmaqlarının, o cümlədən baş barmağının ucunu dizin üstünə qoya biləcəyi qədər olmalıdır. Bu qədər əyilmək qadınlar üçün, ehtiyata əsasən, vacibdir.
Məsələ 1213.Əyilmə rüku etmək və uca Allah qarşısında itaətkarlıq nümayişi məqsədi daşımalıdır. Beləliklə, əgər insan başqa bir iş, məsələn, bir canlını öldürmək, yaxud yerdən nə isə götürmək üçün əyilərsə, bunu rüku hesab edə bilməz, bu halda ayağa qalxmalı və yenidən rüku məqsədilə əyilməlidir. Sözügedən vəziyyətdə bu hərəkətlə (rükudan başqa bir məqsədlə əyilmə ilə) rükn artıq icra edilmiş sayılmır və namaz batil olmur.
Məsələ 1214. Əgər namaz qılan rükunu qeyri-normal bir tərzdə icra edərsə, məsələn, sola, yaxud sağa əyilərsə və ya dizlərini qabağa çəkərsə, yaxud hərçənd əlləri dizinə çatsa belə, doğru deyil.
Məsələ 1215. Əgər namaz qılan rüku həddində əyilərsə, lakin barmaqlarının uclarını dizlərinə qoymazsa, namaza xələl gətirmir.
Məsələ 1216. Qol, yaxud dizi başqalarının qol və dizindən fərqlənən, məsələn, qolu bir qədər əyiləcəyi təqdirdə dizlərinə çatacaq qədər xeyli uzun olan, yaxud diz qapaqları başqa insanlarınkı ilə müqayisədə daha aşağıda olub, əllərini dizlərinə çatdırmaq üçün daha çox əyilməli olan şəxs normal əndazədə əyilməlidir.
Məsələ 1217. Oturaq halda rüku edən şəxs üzü dizlərinin müqabilinə çatacaq qədər, müstəhəb ehtiyata əsasən, isə üz səcdə yerinin müqabilinə çatacaq qədər əyilməlidir.
Məsələ 1218. Əgər namaz qılan rüku vəziyyətini aldıqdan sonra qəsdən başını rükudan qaldıraraq iki dəfə rüku həddində əyilərsə, namazı batildir.

2
) Rükudan bilavasitə öncəki qiyam
Məsələ 1219.Namazın rüknlərindən olan rükudan bilavasitə öncəki qiyam insanın ayaq üstə duruş halından rükuya əyilməsi deməkdir. Məsələn, əgər insan Həmd və surəni oxuduqdan sonra yerdən bir şeyi götürmək kimi hər hansı bir səbəblə bir anlıq yerə oturarsa, yenidən ayağa qalxmalı, ayaq üstə duruş vəziyyətindən rükuya əyilməlidir və oturduğu yerdən ayağa qalxmadan rükuya gedərsə, namazı batildir. Beləliklə, rükudan bilavasitə öncəki qiyam rüku öncəsi fasilə və yubanma demək deyil.

3
) Rükunun zikri
Məsələ 1220.Namaz qılanın rükuda zikr deməsi vacibdir və daha yaxşı olar ki, ixtiyar halında(9) rükuda üç dəfə “Subhanəllah”, yaxud bir dəfə “Subhanə rəbbiyəl-Əzimi və bihəmdih” desin. Hərçənd, uca Allaha təzim və təqdis məzmunu daşıyan istənilən zikrin deyilməsi kafidir, lakin vacib ehtiyata əsasən, həmin qədər olmalı, məsələn, üç dəfə “Əlhəmdu lillah”, yaxud üç dəfə “Allahu əkbər” deyilməlidir. Rükunun vacib zikri ünvanı ilə digər zikrlərin edilməsi, o cümlədən istiğfar və salavat, insanın özü və möminlər üçün diləklərini dilə gətirərək uca Allaha dua etməsi isə kafi deyil. “Subhanə rəbbiyəl-Əzim”i yaxşı tələffüz edə bilməyən şəxs başqa bir zikr, məsələn, üç dəfə “Subhanəllah” deməlidir. Vaxtın məhdud olduğu, yaxud çıxılmaz hallarda və zəruri vəziyyətlərdə bir dəfə “Subhanəllah” demək kafidir.
Məsələ 1221.Rükunun vacib zikri ilə bağlı iki şərt vardır:
a) Müvalata riayət olunmalı, yəni zikrin sözləri fasiləsiz ardıcıllıqla deyilməlidir;
b) Zikr ərəbcə düzgün deyilməli, yəni tələffüz zamanı samit və səslərin düzgün artikulyasiyasına riayət olunmalıdır.

4
) Bədənin hərəkətsizliyi və aramlığı
Məsələ 1222.Rüku halında, hətta vacib ehtiyata əsasən, vacib zikri deməklə məşğul olmadığı zaman da namaz qılanın bədəni hərəkətsiz və aram olmalı, bədənini iradi surətdə aramlıq və hərəkətsizlik halından çıxacaq şəkildə hərəkət etdirməməlidir. Əgər qəsdən bu hərəkətsizlik şərtinə riayət etməzsə, vacib ehtiyata əsasən, hətta zikri hərəkətsiz vəziyyətdə təkrarən desə belə, namaz batildir.
Məsələ 1223. Əgər namaz qılan rüku halında özündən asılı olmadan aramlığını itirəcək şəkildə hərəkət edərsə, vacib ehtiyata əsasən, bu halda sükut etməli və rükunun zikrini deməməlidir. Əgər səhvən, yaxud özündən asılı olmadan bu vəziyyətdə rükunun zikrini deyərsə, zikr doğrudur. Lakin əgər aramlığını itirməyəcək şəkildə cüzi hərəkət edərsə, yaxud barmaqlarını zikr əsnasında hərəkət etdirərsə, bu, namaza xələl gətirmir.
Məsələ 1224.Rükuda vacib zikri demək üçün lazım olan qədər yubanmaq və vacib zikrin deyilməsi əsnasında bədənin hərəkətsizliyi və aramlığı vacibdir. Buna əsasən, əgər namaz qılan rüku həddinədək əyilməmiş, yaxud rüku həddinə çatdıqdan sonra və bədəni aram olmamış qəsdən rükunun vacib zikrini deyərsə, namazı batildir. Ancaq zikri yenidən (həmin) rükuda hərəkətsiz halda dediyi təqdirdə istisna olaraq namazı batil deyil. Əgər səhvən, yaxud unutqanlıqdan zikri rüku həddinə çatdıqdan sonra bədəni hərəkətdə ikən deyərsə, onu yenidən deməsi vacib deyil, hərçənd, müstəhəb ehtiyat bədən aramlaşdıqdan sonra onu yenidən deməyi tələb edir.
Məsələ 1225. Əgər namaz qılan vacib zikr başa çatmamış qəsdən başını rükudan qaldırarsa, namazı batildir. Hətta rüku vəziyyətindən çıxmadığı və rükunun zikrini təkrarən dediyi təqdirdə də rükuda tələb olunan hərəkətsizliyi qəsdən pozduğuna görə, vacib ehtiyata əsasən, namazı batildir. Əgər səhvən vacib zikr başa çatmamış başını qaldırarsa, namazı doğrudur.
Məsələ 1226. Əgər insan xəstəlik və bənzər səbəblərlə əlaqədar olaraq rükuda hərəkətsiz qala bilmirsə, namazı doğrudur, lakin rüku vəziyyətindən çıxmamış vacib zikri deməlidir. Vacib zikri deyə biləcək qədər – hərçənd bir dəfə “Subhanəllah” deyəcək qədər və hərçənd bədəni aram olmasa belə– rüku vəziyyətində qala bilmədiyi təqdirdə isə zikri deməsi vacib deyil. Lakin, müstəhəb ehtiyatın tələbi budur ki, hərçənd qalanını rükudan qalxarkən ümumiyyətlə Allaha yaxınlaşma niyyəti ilə (yəni namazın vacib zikri niyyəti ilə deyil, bu zikrin ümumiyyətlə bəyənilən və savablı olması niyyəti ilə) demək, yaxud rüku vəziyyətinə çatmamış ümumiyyətlə Allaha yaxınlaşma niyyəti ilə zikri söyləməyə başlamaq surəti ilə olsa da, zikri desin.

5
) Rükudan sonrakı qiyam
Məsələ 1227. Rükunun zikri başa çatdıqdan sonra vacibdir ki, namaz qılan qamətini düzəltsin və vacib ehtiyata əsasən, bədəni aram olduqdan sonra səcdəyə getsin. Əgər qəsdən ayağa qalxmadan səcdəyə gedərsə, namazı batildir. Həmçinin, rükunun zikri başa çatdıqdan sonra ayaq üstə durarsa, lakin qəsdən bədəni aram olmadan səcdəyə gedərsə, vacib ehtiyata əsasən, namazı batildir.

Rüku ilə əlaqədar digər hökmlər
Məsələ 1228.Əgər insan rüku həddində əyilə bilmirsə, bir şeyə söykənərək ayaq üstə rüku etməlidir. Əgər bir şeyə söykəndikdə də normal qaydada rüku edə bilmirsə, ürfən rüku adlandırılacaq qədər əyilməlidir. Əgər bu qədər də əyilə bilmirsə, ayaq üstə rüku üçün başı ilə işarə etməlidir. Əgər, ümumiyyətlə, namazda ayaq üstə durmağa qadir deyilsə, rükunu oturaq vəziyyətdə yerinə yetirməlidir.
Məsələ 1229. Ayaq üstə rüku edə bilməyən, lakin rüku üçün oturaq vəziyyətdə əyilə bilən şəxs ayaq üstə namaz qılmalı, rüku üçün başı ilə işarə etməlidir və müstəhəb ehtiyata əsasən, başqa bir namaz da qılmalı, həmin namazın rükusu əsnasında oturmalı və rüku üçün əyilməlidir.
Məsələ 1230. Rüku üçün başı ilə işarə etməli olan şəxs əgər başı ilə işarə edə bilmirsə, rüku niyyəti ilə gözlərini yumaraq onun zikrini deməli və rükudan qalxmaq niyyəti ilə gözlərini açmalıdır. Əgər bunu da bacarmırsa, qəlbində rüku niyyəti etməli və vacib ehtiyata əsasən, əli ilə, yaxud bənzər bir şəkildə rüku üçün işarə etməli və onun zikrini söyləməlidir. Sonuncu halda əgər namaz qılan oturaq vəziyyətdə rükunu baş işarəsi ilə yerinə yetirə bilirsə, vacib ehtiyata əsasən, namazı həm ayaq üstə (rükusu qəlbdə niyyət etmək və əl işarəsi, yaxud bənzər bir hərəkətin müşayiəti ilə olmalıdır), həm də oturaq vəziyyətdə (rükusu baş işarəsi ilə yerinə yetirilməlidir) qılmalıdır.
Məsələ 1231. Əgər namaz qılan rükunu unudar və səcdəyə çatmamış xatırlayarsa, ayağa qalxmalı, sonra rükuya əyilməlidir və əgər ayağa qalxmadan əyildiyi vəziyyətindən rüku vəziyyətinə keçərsə, kafi deyil.
Məsələ 1232.Əgər alnı yerə dəydikdən sonra rüku etmədiyini xatırlayarsa, geriyə qayıtmalı və rükunu ayağa qalxdıqdan sonra etməlidir. İkinci səcdədə (başını möhürə qoyduqdan sonra) xatırladığı təqdirdə isə namazı, lazım ehtiyata əsasən, batildir.

Rükunun müstəhəbləri
Məsələ 1233. Fəqihlər (Allah onlardan razı olsun!) rüku ilə əlaqədar çoxlu sayda müstəhəb iş, hal və hərəkətdən söz açmışlar. O cümlədən:
1) Rükuyə əyilməzdən öncə ayaq üstə təkbir demək;
2) Rükuda kişinin ayaqlarını və kürəyini düz saxlayacaq şəkildə dizlərini arxaya verməsi, əllərinin içini dizlərinə qoyması və əl barmaqlarını diz qapağını əhatə edəcək şəkildə bir-birindən aralı tutması, qadının isə əllərini dizlərindən yuxarı qoyması, dizlərini arxaya verməməsi, belini çox əyməməsi və sağrı nahiyəsi görünəcək şəkildə qövsvari vəziyyət almaması;
3) Boynu uzatmaq və kürəklə bərabərləşdirmək;
4) Ayaqların arasına baxmaq;
5) Rükunun zikrini təkrarlamaq və onu tək sayda bitirmək;
6) Zikrdən əvvəl və ya sonra salavat demək;
7) Rükudan qalxdıqdan və qiyam vəziyyətini aldıqdan sonra bədən aram olduğu halda “Səmiəllahu limən həmidəh” demək.

7.
Səcdə
Məsələ 1234. Namaz qılan vacib və müstəhəb namazların hər rükətində rükudan sonra iki dəfə səcdə etməlidir. Səcdə uca Allahın qarşısında itaətkarlığın izhar edilməsi məqsədi ilə alnı xüsusi qaydada yerə qoymaqla gerçəkləşir və səcdənin vacibatı və hökmləri növbəti məsələlərdə açıqlanacaqdır.

Səcdənin vacibatı
1) Yeddi nahiyəni yerə qoymaq
Məsələ 1235. Səcdə halında namaz qılanın alnı ilə yanaşı ovucları, diz qapaqları və ayaqlarının baş barmaqlarını da yerə qoyması vacibdir. Səcdə xüsusunda alın deyərkən, vacib ehtiyata əsasən, alnın ortası nəzərdə tutulur və bu nahiyə alnın ortasında qaşların başlanğıcından(10) saç tüklərinin bitməyə başladığı yerədək iki xəyali xəttin çəkilməsi ilə təsəvvür edilən bir düzbucaqlıya bənzəyir.
Məsələ 1236. Səcdədə alnı (alın deyərkən nəyin nəzərdə tutulduğu öncəki məsələdə izah edilmişdir) bütünlüklə torpağa, möhürə, yaxud səcdənin doğru olduğu bir şeyin üzərinə qoymaq vacib deyil. Əgər insan alnının bir hissəsini ürfən səcdə sayıla biləcək şəkildə torpağa, möhürə, yaxud səcdənin doğru olduğu başqa bir şeyin üzərinə qoyarsa, hərçənd bir barmaq buğumu ölçüsündə, yaxud daha az bir hissəsini qoysa belə, kafidir.
Məsələ 1237. Səcdədə insan ovucları (barmaqlar da daxil olmaqla) yerə qoymalı və vacib ehtiyata əsasən, mümkün olduğu təqdirdə ovucu bütövlüklə yerə dayamalıdır. Lakin zərurət hallarında əlin üst tərəfini də qoymaq olar. Əgər əlin üst tərəfini də yerə qoymaq mümkün olmasa, vacib ehtiyata əsasən, biləyini yerə qoymalıdır. Bunu da bacarmadığı təqdirdə qolun dirsəyədək olan (bazuönü) hissəsində hər hansı bir nahiyəni yerə qoya bilirsə, həmin nahiyəni qoymalıdır. Əgər bu da mümkün deyilsə, qolun bazu (çiyindən dirsəyədək) hissəsini qoymaq kafidir.
Məsələ 1238. Səcdədə ayaqların baş barmaqları yerə qoyulmalıdır. Lakin baş barmaqların ucunu yerə dayamaq vacib deyil. Baş barmaqların üst, yaxud alt hissəsinin yerə qoyulması da kafidir.
Məsələ 1239. Namaz qılan ayaqlarının baş barmaqları ilə yanaşı digər barmaqlarını da yerə qoyarsa, namaza xələl gəlmir. Lakin əgər ayaqların baş barmaqlarını yerə qoymayıb digər barmaqları, yaxud ayaqların üst tərəfini yerə qoyarsa və ya dırnağın uzun olması səbəbi ilə baş barmaq yerə dəyməzsə, namaz batildir. Məsələni bilmədəyinə görə namazlarını bu cür qılan şəxs məsələni öyrənməkdə səhlənkarlığa yol verərək müqəssir olduğu təqdirdə yenidən qılmalıdır, məsələni öyrənməkdə səhlənkarlığa yol verməyib qasir cahil olduğu təqdirdə isə qıldığı namazlar doğru sayılır.
Məsələ 1240. Ayağının baş barmağının bir hissəsi kəsilən şəxs onun qalan hissəsini yerə qoymalıdır. Əgər tamamilə kəsilmişdirsə, yaxud heç bir vəchlə yerə qoyula bilməyən kiçik bir hissəsi qalmışdırsa, vacib ehtiyata əsasən, digər barmaqları yerə qoymaq lazımdır. Əgər ayaq barmaqlarından heç biri yoxdursa, ayağının qalan hissəsinin istənilən qədərini yerə qoyarsa, kafidir.
Məsələ 1241. Alnını yerə qoya bilən şəxs onu qəsdən, yaxud səhvən yerə qoymazsa, hərçənd digər nahiyələr yerə dəysə də, səcdə etməmişdir. Lakin əgər alnını yerə qoyarsa və səhvən digər nahiyələri yerə qoymazsa, yaxud səhvən zikr deməzsə, səcdə doğrudur.
Məsələ 1242. Əgər insan qeyri-adi qaydada səcdə edərsə, məsələn, sinəsini və qarnını yerə dayayarsa, yaxud ayaqlarını bir qədər uzadarsa, səcdə etmiş sayıldığı təqdirdə namazı doğru, yerə uzanmış sayıldığı və səcdə hesab edilmədiyi təqdirdə isə namazı batildir.

2
) Səcdənin zikri
Məsələ 1243. Namaz qılanın səcdədə zikr deməsi vacibdir və daha yaxşı olar ki, ixtiyar halında(11) səcdədə üç dəfə “Subhanəllah”, yaxud bir dəfə “Subhanə rəbbiyəl-Əla və bihəmdih”(12) desin. Hərçənd, uca Allaha təzim və təqdis məzmunu daşıyan istənilən zikrin deyilməsi kafidir, lakin vacib ehtiyata əsasən, həmin qədər olmalı, məsələn, üç dəfə “Əlhəmdu lillah”, yaxud üç dəfə “Allahu əkbər” deyilməlidir. Səcdənin vacib zikri ünvanı ilə digər zikrlərin edilməsi, o cümlədən istiğfar və salavat, insanın özü və möminlər üçün diləklərini dilə gətirərək uca Allaha dua etməsi isə kafi deyil. “Subhanə rəbbiyəl-Əla” zikrini yaxşı tələffüz edə bilməyən şəxs başqa bir zikr, məsələn, üç dəfə “Subhanəllah” deməlidir.
Məsələ 1244. Səcdənin vacib zikrində aşağıdakı şərtlər nəzərə alınmalıdır:
a) Müvalata riayət edilməli, zikrin sözləri ardıcıl və fasiləsiz deyilməlidir;
b) Zikr ərəbcə düzgün deyilməli, yəni tələffüz əsnasında samit və sait səslərin artikulyasına riayət edilməlidir.
Məsələ 1245. Vaxt məhdud olduqda və zəruri hallarda səcdədə bir dəfə “Subhanəllah” demək kafidir.

3 və 4
) İki səcdə arasında və vacib ehtiyata əsasən, ikinci səcdədən sonra oturmaq
Məsələ 1246. Birinci səcdənin zikri başa çatdıqdan sonra vacibdir ki, namaz qılan düzgün otursun və bədənin aram olduqdan sonra yenidən səcdəyə getsin.
Məsələ 1247.Təşəhhüdü olmayan birinci və üçüncü rükətlərdə, məsələn, zöhr, əsr və işa namazlarının üçüncü rükətlərində, vacib ehtiyata əsasən, ikinci səcdədən sonra namaz qılan bir qədər hərəkətsiz oturmalı, sonra ayağa qalxmalıdır. Bu oturuşa “istirahət oturuşu” deyilir.

5
) Bədənin hərəkətsizliyi və aramlığı
Məsələ 1248. Namaz qılanın bədəni səcdələr əsnasında hətta, vacib ehtiyata əsasən, vacib zikri demədiyi zaman da aram olmalıdır və o, bədənini qəsdən aramlıqdan çıxacaq şəkildə hərəkət etdirməməlidir.
Məsələ 1249. Səcdədə vacib zikri demək üçün kifayət edəcək qədər qalmaq lazımdır və bədən vacib zikri deyərkən aram olmalıdır. Beləliklə, əgər alın yerə dəyməmiş və bədən aram olmamış qəsdən üzürlü bir səbəb olmadan səcdənin zikri deyilərsə, zikrin daha sonra hərəkətsiz vəziyyətdə deyilməsi istisna olmaqla, namaz batildir. Əgər namaz qılan vacib zikr başa çatmamış qəsdən başını səcdədən qaldırarsa, namaz batil olur. Lakin əgər hər iki halda məsələni bilməməsi səbəbi ilə belə hərəkət edərsə, qasir cahil olduğu təqdirdə namazı doğrudur.
Məsələ 1250. Əgər insan alnı yerə dəyməmiş səhvən səcdənin zikrini deyərsə və başını səcdədən qaldırmamış səhv etdiyini başa düşərsə, zikri yenidən hərəkətsiz və aram vəziyyətdə deməlidir. Lakin əgər alın yerə dəyərsə və səhvən bədən aram olmamış zikri deyərsə, zikrin hərəkətsiz vəziyyətdə təkrarlanması vacib deyil, hərçənd bu, müstəhəb ehtiyata müvafiqdir.
Məsələ 1251. Əgər insan səcdə halında hərçənd zikr demədikdə belə, yeddi üzvün alından başqa hər hansı birini yerdən qaldırarsa, səcdədə tələb olunan (və 1248-ci məsələdə izah edilən) hərəkətsizliyi pozduğu təqdirdə, vacib ehtiyata əsasən, namazı batildir. Alnı yerdən qaldırmaqla bağlı hökm isə 1249-cu məsələdən aydın olur.
Məsələ 1252. Əgər namaz qılan şəxs içi quş tükü, yaxud süngərlə doldurulmuş döşəyin və ya bu qəbildən olan bir əşyanın üzərində səcdə edirsə, bədəni onun üzərində aram olmadığı təqdirdə səcdə batildir. Hətta əgər alnını səcdə üçün onun üzərinə qoyduqdan sonra alın aşağıya doğru hərəkət edər, sonra sabitləşərsə və o, bu halda zikr deyərsə, yenə də namaza xələl gətirir və vacib ehtiyat bu qaydada səcdə etməməyi tələb edir. Lakin hərəkətin cüzi olduğu, yaxud səhvən bu vəziyyətdə səcdə edildiyi hallar istisna təşkil edir. Beləliklə, namazın səcdələrinin və rükətlərinin sayını göstərən, başı üzərinə qoyduqda təqribən 2-3 millimetr aşağı əyilərək sonra sabitləşən və namaz qılana aram halda zikr demək imkanı verən möhürlərə səcdə etmək olar.
6) Alınla ayaqların baş barmaqları və dizlərin tən olması
Məsələ 1253. Namaz qılanın alnını qoyduğu yer dizlərini və ayaq barmaqlarının uclarını qoyduğu yerdən dörd bitişik barmaqdan artıq hündür, yaxud alçaq olmamalıdır. Hətta, vacib ehtiyata əsasən, alnını qoyduğu yer ayaq üstə durduğu yerdən də dörd bitişik barmaqdan artıq hündür, yaxud alçaq olmamalıdır.
Məsələ 1254. Mailliyi olan yerdə, hərçənd maillik dərəcəsi dəqiq məlum olmasa belə, əgər namaz qılanın alnını qoyduğu yer dizlərini və ayaq barmaqlarını qoyduğu yerdən dörd bitişik barmaqdan artıq hündür, yaxud alçaq olarsa, vacib ehtiyata əsasən, namazı batildir. Həmçinin, alnını qoyuğu yerlə ayaq üstə durduğu yer arasında dörd bitişik barmaqdan artıq hündürlük fərqi olduğu təqdirdə də hökm belədir.
Məsələ 1255. Əgər namaz qılan alnını səhvən dizlərini və ayaq barmaqlarını qoyduğu yerdən dörd bitişik barmaqdan artıq hündür olan bir yerə qoyarsa, həmin yerin hündürlüyü namaz qılanın haqqında “səcdə edir” deyilə bilməyəcək qədər olduğu təqdirdə başını qaldırmalı və hündürlüyü dörd bitişik barmaqdan artıq olmayan bir yerə qoymalıdır. Həmin yerin hündürlüyü “səcdədədir” deyilə biləcək qədər olduğu təqdirdə isə əgər vacib zikri dedikdən sonra başa düşərsə, başını səcdədən qaldıraraq namazını tamamlaya bilər və onu yenidən qılmasına da gərək yoxdur. Lakin əgər vacib zikri deməmiş başa düşərsə, alnını həmin yerdən dörd bitişik barmaq hündürlüyündə, yaxud daha alçaq olan başqa bir yerə sürüşdürməli, sonra vacib zikri deməlidir və bu halda alnı qaldırmaq caiz deyil. Alnı sürüşdürmək mümkün olmadığı təqdirdə isə vacib zikri həmin halda deyərək namazı başa çatdıra bilər və hərçənd vaxt geniş olsa da, həmin namazı yenidən qılmasına gərək yoxdur.
7) Alnı üzərinə səcdənin doğru olduğu bir şeyin üstünə qoymaq
Məsələ 1256. Namaz qılan alnını şəriətə görə üzərinə səcdə edilməsi doğru sayılan bir şeyin üstünə qoymalıdır. Həmçinin, əgər alnı ilə səcdə edə bilmirsə və vəzifəsi üzün digər hissələri o cümlədən, alnın kənarları, yaxud çənə ilə səcdə etməkdirsə (bununla bağlı hökm irəlidə açıqlanacaqdır), həmin hissəni üzərinə səcdə edilməsi doğru olan bir şeyin üstünə qoymalıdır. Lakin digər səcdə üzvləri, yəni ovuclar, dizlər və ayaqların baş barmaqları yerə qoyulmalı olsa da, üzərinə səcdə edilməsi doğru olan bir şeyin üstünə qoyulması lazım deyil. Həmçinin, onların yerlə bilavasitə təması da zəruri deyil. Beləliklə, əlində əlcək, yaxud ayağında corab olan şəxs bu halda səcdə edə bilər və insanların nəzərində hər iki əli, yaxud ayaqlarının baş barmaqları yerə qoyulmuş sayılırsa, kafidir.

Üzərinə səcdə edilməsi doğru olan şeylə bağlı şərtlər
Məsələ 1257. Səcdə zamanı alnın üzərinə qoyulduğu şeylə bağlı qarşıdakı məsələlərdə izah ediləcək bir sıra şərtlər mövcuddur:

1 və 2-
ci şərtlər: Pak olmalı və vacib ehtiyata əsasən, qəsb edilmiş mal olmamalıdır
Məsələ 1258. İnsanın səcdə zamanı alnını üzərinə qoyduğu möhür, yaxud başqa bir əşya səcdənin doğru sayıldığı ölçüdə pak olmalıdır. Lakin əgər misal olaraq o, pak möhürü nəcasətli xalçanın üzərinə qoyarsa, yaxud möhürün bir tərəfi nəcasətli olarsa və o, alnını pak tərəfə qoyarsa, ya da möhürün səthinin bir hissəsi pak, bir hissəsi isə nəcasətli olarsa və o, alnını pak hissəyə qoyarsa, namaza xələl gəlmir.
Məsələ 1259.İnsanın səcdə zamanı alnını üzərinə qoyduğu möhür, yaxud başqa bir əşya, vacib ehtiyata əsasən, mübah olmalı, qəsb edilmiş mal olmamalıdır. Beləliklə, əgər namaz qılan qəsdən alnını qəsb edilmiş möhürə qoyaraq səcdə edərsə, günah etmişdir və vacib ehtiyata əsasən, namazı batildir.

3-
cü şərt: Alnın üzərində hərəkətsiz qala bildiyi şeylərdən olmalıdır
Məsələ 1260. Səcdə zamanı alnın üzərinə qoyulduğu əşya alnın üzərində hərəkətsiz və sabit qala biləcəyi bir şey olmalıdır. Beləliklə, alnın üzərində aram ola bilmədiyi yumşaq gil və torpağın üzərinə səcdə etmək doğru deyil. Əgər alın bir qədər aşağıya doğru hərəkət etdikdən sonra sabit qalarsa, bu vəziyyətlə bağlı hökm 1252-ci məsələdə izah edilmişdir. Əgər insanın alnın üzərində sabitliyini qoruya bilmədiyi gildən başqa bir şeyi yoxdursa, alnını onun üzərinə qoymalı və ağırlığını onun üzərinə salmamalıdır.

4-
cü şərt: Ürfən səcdə sayılacaq genişlikdə olmalıdır
Məsələ 1261. Alnın səcdə üçün üzərinə qoyulduğu möhür, yaxud başqa bir əşya qeyd edildiyi kimi elə ölçüdə olmalıdır ki, hərçənd bir barmaq buğumu qədər və daha kiçik olsa da, alnın onun üzərinə qoyulması ürfən səcdə sayılsın.
Məsələ 1262. Öncəki məsələdə sözügedən ölçünün bir bötüv şəklində olması şərt deyil, pərakəndə halda da ola bilər. Buna əsasən, səcdədə alnı bir-birindən ayrı olan təsbeh dənələrinin üzərinə qoymaq olar, bu şərtlə ki, alnın üzərinə qoyulduğu şeylər (burada: dənələr) birlikdə ürfən “alınla səcdə edilmişdir” deyiləcək şəkildə olmalıdır.
Məsələ 1263. Alınla üzərinə səcdənin doğru sayıldığı əşya arasında başqa bir şey (maneə) olmamalıdır. Beləliklə, əgər möhür çirkli olarsa, yaxud insanın saçı, çadra, baş örtüyü və ya başqa bir şey maneə hesab ediləcək şəkildə alnın üstünü örtərsə və alnın dərisinin səcdədə vacib olan qədər üzərinə səcdə edilən əşya ilə bilavasitə təmasına imkan vermirsə, bu halda səcdə həmin maneə mövcud olduğu təqdirdə batildir və o, səcdədən öncə aradan qaldırılmalıdır. Lakin əgər misal olaraq möhürün sadəcə rəngi dəyişərsə, namaza xələl gəlmir.
Məsələ 1264. Əgər birinci səcdədə möhür alına yapışarsa, ikinci səcdə üçün möhürü götürüb (alından qoparıb) sonra səcdə etmək lazımdır. Həmçinin, üzərinə səcdənin doğru sayıldığı əşyanın bir hissəsi birinci səcdədə alına yapışdığı (belə ki, maneə hesab edildiyi və alnın dərisinin səcdədə vacib olan qədər üzərinə səcdə edilən əşya ilə bilavasitə təmasına imkan vermədiyi) təqdirdə insan növbəti səcdə üçün onu aradan qaldırmalıdır.

Beşinci şərt: Səcdə yerinin növü ilə bağlı tələblərə riayət edilməlidir
Səcdə zamanı alın ağacların budağı və çubuğu kimi yerdən bitən, insan üçün yeyiləsi və geyiləsi olmayan torpaq, daş və qum və sair yerə qoyulmalıdır.
Məsələ 1265.Alnı buğda, göyərtilər və meyvələr kimi insanın qidası hesab edilən, çiy, yaxud bişmiş halda yeyilən şeylərin(istər torpaqda bitsin, istərsə başqa bir üsulla əldə edilsin), həmçinin insanın geyimi hesab edilən, yəni adətən geyinilən şeylərin(məsələn, müxtəlif növ paltarların), yaxud hərçənd hələ əyrilməmiş və toxunmamış olsa da, pambıq, sap və parça kimi geyimin hazırlandığı materialların üzərinə qoyaraq səcdə etmək doğru deyil.
Məsələ 1266.Alnı şüşə, plastik, qızıl, gümüş, nikel, mis, dəmir və digər metallar, habelə metal, şüşə, yaxud plastik maddələrdən hazırlanan və bu qəbildən olan əşyalar kimi yer səthinin tərkib hissəsi sayılmayan şeylərin üzərinə qoyaraq səcdə etmək doğru deyil. Lakin zərurət hallarında qır və zift (aşağı keyfiyyətli qatran növü) üzərinə səcdənin doğru olmadığı digər şeylərdən üstün tutulmalıdır.
Məsələ 1267.Üzüm yarpağı nazik ikən və adətən yeyilən vaxtlarında alnı onun üzərinə qoyaraq səcdə etmək olmaz, digər hallarda isə onun üzərinə səcdə etməyin eybi yoxdur. Həmçinin, alaf, saman və yonca kimi yerdə bitən və heyvanların yemi sayılan şeylərin üzərinə səcdə doğrudur.
Məsələ 1268. Qızılgül, tuberoza, ətirşah və bu qəbildən olan yeyilməyən güllərin üzərinə səcdə doğrudur. Hətta bənövşə, dərman göyzabanı, gülxətmi kimi yerdə bitən və dəmlənərək, yaxud qaynadılaraq suyu içilən dərmanlar bitkilərinin də üzərinə səcdə etmək olar.
Məsələ 1269.Bəzi bölgələrdə yeyilən, bəzi bölgələrdə isə yeyilməyən bir bitki müəyyən səbəblərlə yeyilməsiadət olmayan bölgələrin əhalisi tərəfindən yeyilməsə də yeməli hesab edildiyi təqdirdə alnı həmin bitkinin üzərinə qoyaraq səcdə etmək doğru deyil. Həmçinin, kal meyvənin üzərinə səcdə etmək də, vacib ehtiyata əsasən, doğru deyil.
Məsələ 1270. Alnı qoz, badam, fındıq, püstə və ərik çəyirdəyinin üzərinə qoyaraq səcdə etmək doğru deyil, ancaq ləpəsi çıxarıldıqdan sonra onların qabığının üzərinə səcdə etmək olar. Həmçinin, xurma çəyirdəyinin üzərinə də səcdə etmək olar.
Məsələ 1271. Əhəng daşı və gipsin, hətta bişmiş gəc və əhəngin, həmçinin bişmiş gilin, kərpicin və saxsı kuzənin də üzərinə səcdə doğrudur.
Məsələ 1272. Əqiq, firuzə və bu qəbildən olan təbii qiymətli daşların üzərinə səcdə etmək olar. Həmçinin, bəzək vasitəsi kimi istifadə olunan və olunmayan müxtəlif növ daşların, o cümlədən mərmər, ağ, qara, qırmızı və digər rənglərdə olan daşların üzərinə səcdə doğrudur.
Məsələ 1273.Kağız üzərinə səcdənin doğru olduğu taxta və saman kimi materiallardan, həmçinin pambıq və kətandan istehsal edilmişdirsa, alnı onun üzərinə qoyaraq səcdə etmək olar.(13) Lakin əgər ipək və bu qəbildən olan materiallardan istehsal edilmişdirsə, onun üzərinə səcdə doğru deyil. Kağız dəsmallara (salfetlərə) gəlincə, onlara yalnız üzərinə səcdənin doğru olduğu materiallardan hazırlandığı məlum olduğu təqdirdə səcdə etmək olar.
Məsələ 1274.Əgər namaz qılanın səcdədə alnın üzərinə qoyulması doğru sayılan bir şeyi yoxdursa, ya da olmasına baxmayaraq həddən ziyadə soyuq, yaxud isti və bu qəbildən olan səbəblərdən alnını onun üzərinə qoyaraq səcdə edə bilmirsə, qır və ziftin üzərinə səcdə digər şeylərin üzərinə səcdədən üstün tutulmalıdır. Lakin əgər onların da üzərinə səcdə mümkün deyilsə, alnını paltarına, yaxud ixtiyar halında (zərurət olmadan) üzərinə səcdə edilməsi doğru sayılmayan başqa bir şeyə qoyaraq səcdə etməlidir. Ancaq müstəhəb ehtiyatın tələbi budur ki, alnını paltarının üzərinə qoyaraq səcdə etməsi mümkün olduqca başqa bir şeyin üzərinə səcdə etməsin.
Məsələ 1275. Səcdə üçün hər şeydən yaxşısı Həzrət Hüseynin (ə) türbəti, ondan sonra torpaq, torpaqdan sonra daş, daşdan sonra isə bitkidir.

Səcdə ilə əlaqədar digər hökmlər
Məsələ 1276. Əgər namaz əsnasında namaz qılanın səcdədə alnını üzərinə qoyduğu şey itərsə və üzərinə səcdənin doğru olduğu başqa bir şeyi olmazsa, vaxt dar olduğu təqdirdə 1274-cü məsələdə izah edilən qaydada hərəkət etməlidir. Hətta əgər vaxt geniş olsa belə, yenə də vəzifəsi budur ki, 1274-cü məsələdə izah edilən qaydada hərəkət edərək namazı başa çatdırsın və bu halda, vacib ehtiyata əsasən, namazı yarımçıq qoya bilməz.
Ancaq əgər yaxınlığında üzərinə səcdənin doğru sayıldığı bir şey olarsa və zikri dayandıraraq üzünü qiblədən çevirmədən addım ata və onu götürə bilərsə, bu addımlama və hərəkətin namazın surətinin pozulmasına və gördüyü işin artıq namaz sayılmamasına səbəb olacaq qədər çox olmaması şərti ilə belə etməlidir.
Məsələ 1277. Əgər insan səcdə halında səhvən alnını üzərinə səcdənin doğru olmadığı bir şeyə qoyduğunu başa düşərsə, vacib zikri dedikdən sonra başa düşdüyü təqdirdə başını səcdədən qaldıra və namazını qılmağa davam edə bilər. Vacib zikri deməmiş başa düşdüyü təqdirdə isə alnını üzərinə səcdənin doğru olduğu bir şeyə doğru sürüşdürməli, sonra vacib zikri deməlidir və bu halda alnı yerdən qaldırmaq olmaz. Lakin əgər alnı sürüşdürmək mümkün deyilsə, vacib zikri həmin vəziyyətdə deyə bilər və namazı hər iki halda doğrudur.
Məsələ 1278. Əgər səcdədən sonra səhvən alnını üzərinə səcdənin doğru olmadığı bir şeyə qoyduğunu başa düşərsə, namaza xələl gəlmir.
Məsələ 1279. İnsan təqiyyə etməli olduğu bir vəziyyətdə alnını xalça və bənzər şeylərin üzərinə qoyaraq səcdə edə bilər və namaz qılmaq üçün başqa bir yerə getməsinə, yaxud namazı təxirə salmasına gərək yoxdur. Lakin əgər həmin yerdə təqiyyəni pozmamaq surəti ilə alnını həsir, yaxud üzərinə səcdənin doğru olduğu başqa bir şeyə qoyaraq səcdə edə bilərsə, xalça və bənzər şeylərin üzərinə səcdə etməməlidir.
Məsələ 1280. Əgər namaz qılan qəsdən bir səcdə artırar, yaxud azaldarsa, namazı batil olur. Əgər səhvən bir səcdəni artıq edərsə, səhv səcdəsi yerinə yetirməlidir. Səhvən bir səcdə azaltdığı təqdirdə isə namazı batil olmur və bu vəziyyət təfsilatı ilə 1410-1412-ci məsələlərdə izah ediləcəkdir.
Məsələ 1281. İki səcdə birlikdə bir rükndür və əgər bir şəxs vacib namazda hərçənd unutqanlıq, yaxud məsələ ilə bağlı məlumatsızlıq səbəbi ilə olsa belə, bir rükətin iki səcdəsini də yerinə yetirməzsə, həmçinin, lazım ehtiyata əsasən, əgər unutqanlıq, yaxud qasir cahillik səbəbi ilə bir rükətdə iki artıq səcdə edərsə, namazı batil olur. (Qasir cahillik məlumatı olmayan şəxsin bilməməsində üzürlü sayılması deməkdir.)
Məsələ 1282.Əgər alın ixtiyarsız olaraq səcdə yerindən qalxarsa, mümkün olduğu təqdirdə namaz qılan şəxs onun yenidən səcdə yerinə dəyməsinin qarşısını almalıdır və belə edərsə, səcdənin zikrini deyib-deməməsindən asılı olmayaraq bu, bir səcdə hesab edilir. Əgər başını saxlaya bilməzsə və ixtiyarsız olaraq yenidən səcdə yerinə dəyərsə, namazın səcdəsi ilk dəfə edilən səcdədir və ixtiyarsız qayıdış səcdənin bir hissəsi sayılmır. Lakin əgər zikr deməmiş olarsa, müstəhəb ehtiyata əsasən, onu deməli, lakin namazın bir hissəsi olması niyyəti ilə deyil, ümumi qürbət qəsdi ilə (ümumiyyətlə Allaha yaxınlaşma niyyəti ilə) deməlidir.
Məsələ 1283.Əgər alında (1235-ci məsələdə qeyd edilən səcdə hissəsində) insanın onu hətta üzərinə ağırlıq salmadan belə yerə qoymasına imkan verməyən çiban, yaxud yara və ya bənzər bir şey olarsa, həmin çiban alnın səcdə yerini bütövlüklə əhatə etdiyi təqdirdə alnın sağlam hissəsi ilə səcdə etməli və alnın sağlam yeri ilə səcdə etmək üçün yeri qazaraq (oyaraq) çibanı həmin hissəyə, sağlam yeri isə səcdə üçün kafi sayılan qədər yerə qoymaq lazım gələrsə, bu işi görməlidir.
Məsələ 1284. Əgər çiban, yaxud yara bütün alını (1235-ci məsələdə qeyd edilən səcdə hissəsini) bürüyərsə, vacib ehtiyata əsasən, alnın qalan hissəsini (səcdə hissəsinin hər iki kənarını, yaxud onlardan birini) bacardığı kimi yerə qoymalıdır. Əgər alnın qalan hissəsini yerə qoya bilmirsə, lazım ehtiyata əsasən, mümkün olduğu təqdirdə çənə ilə səcdə etməlidir. Çənə ilə səcdə edə bilmədiyi təqdirdə alnın gicgah adlandırılan iki kənarından biri ilə, bunu da edə bilmədiyi təqdirdə üzün digər hissələrindən hər hansı biri ilə səcdə etməlidir.Əgər üzlə səcdə etmək heç bir vəchlə (hətta müalicə ilə belə) mümkün olmazsa, səcdəni 1286-cı məsələdə izah ediləcək qaydada baş, yaxud göz işarəsi ilə icra edə bilər.
Məsələ 1285. Otura bilən, lakin alnını yerə qoya bilməyən şəxs əgər ürfən səcdə sayılacaq qədər əyilə bilərsə, həmin qədər əyilməli və möhürü, yaxud üzərinə səcdənin doğru olduğu başqa bir şeyi hündür bir yerə qoyaraq alnını onun üstünə qoymalıdır. Lakin ovuclarını, dizlərini və ayaq barmaqlarını mümkün olduğu təqdirdə adi qaydada yerə qoymalıdır. Əgər bu vəziyyətdə möhürü, yaxud üzərinə səcdənin doğru olduğu başqa bir şeyi üstünə qoyması üçün hündür bir yer (əşya) olmazsa və yanında onun səcdə etməsi üçün möhürü qaldıra və saxlaya biləcək başqa bir şəxs də olmazsa, möhürü, yaxud digər şeyi öz əli ilə qaldırmalı və alnını onun üstünə qoyaraq səcdə etməlidir.
Məsələ 1286. Heç bir vəchlə səcdə edə bilməyən, yaxud bir qədər əyilə bilən, lakin həmin qədər əyilməsi ürfən səcdə sayılmayan şəxs səcdəni baş işarəsi ilə, bacarmadığı təqdirdə göz işarəsi ilə icra etməlidir.Gözlərlə də bacarmadığı halda isə qəlbində səcdə niyyəti etməli və lazım ehtiyata əsasən, əl hərəkəti və bu qəbildən olan bir işarə ilə səcdəni icra etməli və vacib zikri deməlidir.
Məsələ 1287.Əgər insan palçıqlı yerdə namaz qılmağa məcbur olarsa, bədən və geyiminin çirklənməsi onun üçün həddən ziyadə çətinlik törətmədiyi təqdirdə səcdə və təşəhhüdü adi qaydada yerinə yetirməlidir. Həddən ziyadə çətinlik törətdiyi təqdirdə isə ayaq üstə səcdəni baş işarəsi ilə icra etsin, təşəhhüdü də ayaq üstə oxusun və bu halda namazı doğrudur.
Məsələ 1288.Uca Allahdan başqası üçün səcdə etmək haramdır. İmamların (ə) qəbrinin qarşısında alınlarını yerə qoyan şəxslərin bu hərəkəti əgər uca Allaha şükür etmək üçün olarsa, eybi yoxdur, əks təqdirdə isə yolverilməzdir.

Səcdənin müstəhəbləri və məkruhları
Məsələ 1289.Səcdədə bir neçə hal və hərəkət müstəhəb, bir neçəsi isə məkruh sayılmışdır. O cümlədən, müstəhəbdir:
1) Ayaq üstə namaz qılan şəxs başını rükudan qaldırdıqdan və qamətini düzəltdikdən sonra, həmçinin oturaq namaz qılan şəxs də tam oturduqdan sonra səcdəyə getmək üçün təkbir desin;
2) Səcdəyə getmək istəyərkən kişi öncə əllərini, qadın isə öncə dizlərini yerə qoysun;
3) Burnunu möhürə, yaxud üzərinə səcdənin doğru olduğu başqa bir şeyə qoysun;
4) Səcdə halında əl barmaqlarını bir-birinə bitişdirsin və ucları qibləyə doğru düşəcək şəkildə qulaqlarının bərabərində yerə qoysun;
5) Səcdənin zikrini təkrarlasın;
6) Səcdənin zikrini tək sayda, məsələn, üç, beş, yaxud yeddi dəfə təkrarlasın;
7) Səcdədə dua etsin və uca Allahdan hacət diləsin, o cümlədən, bu duanı oxusun: “Ya xeyrəl-məsulinə və ya xeyrəl-mutin! Urzuqni vərzuq iyali min fəzlik. Fəinnəkə zul-fəzlil-əzim!” (Ey istənilənlərin ən yaxşısı, ey əta edənlərin ən üstünü! Mənə və ailəmə öz fəzlinlə ruzi bəxş et! Həqiqətən, Sən böyük fəzl sahibisən!)
8) Səcdədə çox qalsın və çox zikr desin;
9) Səcdədən sonra “təvərrük” adlandırılan tərzdə, yəni sol budu üstündə (ağırlığını sol tərəfinə salaraq) otursun və sağ ayağının üstünü sol ayağının altına qoysun;
10) Hər səcdədən sonra oturduqda və bədəni aramlaşdıqda təkbir desin;
11) Birinci səcdədən sonra bədəni aram olduqdan sonra “Əstəğfirullahə rəbbi və ətubu ileyh” desin;
12) Oturarkən əllərini budlarının üstünə qoysun;
13) Ikinci səcdəyə getmək üçün bədən aram olduğu halda “Allahu əkbər” desin;
14) Səcdələrdə salavat desin;
15) Kişilər dirsəklərini və qarınlarını yerə bitişdirməsinlər və qollarını böyürlərindən aralı tutsunlar, qadınlar isə dirsəklərini və qarınlarını yerə qoysunlar və bədən üzvlərini bir-birinə bitişdirsinlər;
16) Növbəti rükətin qiyamı üçün ayağa qalxarkən əllərini dizlərindən sonra yerdən götürsünlər;
17) Növbəti rükətin qiyamı üçün ayağa qalxarkən: “Bihaulillahi və quvvətihi əqumu və əqudu”, - yaxud: - “Bihaulillahi və quvvətihi əqumu və əqudu və ərkəu və əscudu”, - desinlər.
Səcdədə Quran oxumaq, toz-torpağı uzaqlaşdırmaq üçün səcdə yerini üfürmək məkruh sayılmışdır. Əlbəttə, əgər üfürmə nəticəsində qəsdən iki səs tələffüz edilərsə, lazım ehtiyata əsasən, namaz batildir. Digər məkruhlar daha müfəssəl kitablarda verilmişdir.

Quranın vacib səcdəsi
Səcdə ilə bağlı hökmlərin izahından sonra burada Quranın vacib səcdəsi ilə əlaqədar hökmləri də qeyd etmək məqsədəuyğundur.
Məsələ 1290.Nəcm, Ələq, Səcdə və Fussilət surələrinin hər birində bir səcdəli ayə vardır. İnsan bu ayələrdən birini bütövlüklə oxuyarsa, yaxud dinləyərsə, ayə başa çatdıqdan sonra dərhal səcdə etməsi vacibdir və bu “tilavət səcdəsi” adlandırılır. Səcdə etməyi unutduğu təqdirdə nə zaman xatırlayarsa, səcdə etməlidir. Qeyri-ixtiyari surətdə eşitdikdə səcdə vacib deyil, hərçənd bu halda da səcdə etmək daha yaxşıdır.
Məsələ 1291. Əgər insan səcdəli ayəni dinləyərkən özü də onu oxuyarsa, iki tilavət səcdəsi etməlidir.
Məsələ 1292. Tilavət səcdəsini vacib edən səbəb ayənin bütünüdür. Buna əsasən, əgər insan ayəni bütünlüklə oxumasa, onun yalnız bir hissəsini oxusa, hərçənd oxuduğu hissədə səcdə sözü keçərsə, tilavət səcdəsi vacib olmur.
Məsələ 1293.Əgər insan səcdə ayəsini səhv oxuyarsa, yaxud onu səhv oxuyan bir şəxsdən dinləyərsə, belə ki, ürf sözügedən qiraəti yanlış Quran qiraəti hesab edərsə, tilavət səcdəsi etməlidir.
Məsələ 1294.Tilavət səcdəsi səcdə ayəsini yazmaqla, zehndə təsəvvür etməklə, yaxud oxumadan və ya dinləmədən yazısına baxmaqla vacib olmur. Həmçinin, əgər insan sadəcə səcdə ayəsinin tərcüməsini oxuyarsa, yaxud dinləyərsə, tilavət səcdəsi vacib olmur.
Məsələ 1295.Əgər oxuduğunun Quran olduğunu ayırd edə bilməyən yuxulu, əqli qüsurlu, yaxud azyaşlı şəxs səcdəli ayəni oxuyarsa və insan onu dinləyərsə, səcdə vacibdir. Lakin əgər səs yazısı, yaxud kompakt disklərdən (CD, yaxud DVD) və bu qəbildən informasiya daşıyıcılarından səcdəli ayəni dinləyərsə, səcdə vacib deyil. Radio və televiziya yayımında isə əgər Quran sədası öncədən yazılıb yayımlanırsa, eyni hökmə malikdir. Lakin əgər radio, yaxud telestudiyada bir şəxs səcdəli ayəni oxuyarsa və qiraət canlı yayımlanarsa, insan onu dinlədiyi təqdirdə səcdə vacibdir.
Məsələ 1296. Əgər namaz qılan şəxs vacib namazda səcdə ayəsi olan və 1290-cı məsələdə qeyd edilən dörd surədən birini ixtiyari şəkildə oxuyarsa, hərçənd bu caiz olsa da, səcdə ayəsini oxuduqdan sonra səcdə etməsi vacibdir. Lakin tilavət səcdəsi etdiyinə görə, vacib ehtiyata əsasən, səhvən səcdə etdiyi hal istisna olmaqla, namazı batil olur və onu yenidən qılmalıdır. Əgər tilavət səcdəsini qəsdən yerinə yetirməyərək namaza davam edərsə, hərçənd səcdə etmədiyinə görə günah etsə də, namazı doğrudur.
Məsələ 1297.Əgər vacib namazda istər qəsdən, istərsə səhvən vacib səcdəsi olan bir surəni oxuyarsa, səcdəli ayəyə çatmamış başa düşdüyü təqdirdə surənin qiraətini yarıda dayandıraraq başqa bir surə oxuya bilər, səcdəli ayəni oxuduqdan sonra başa düşdüyü təqdirdə isə öncəki məsələdə qeyd edildiyi kimi hərəkət etməlidir.
Məsələ 1298.Namazda səcdə ayəsini dinləmək olar və namaz qılan şəxs namazda səcdəli ayəni dinləyərsə, namazı doğrudur. Əgər vacib namazda olarsa, vacib ehtiyata əsasən, tilavət səcdəsi niyyəti ilə işarə surəti ilə səcdə etməli və namazdan sonra tilavət səcdəsini adi qaydada yerinə yetirməlidir.
Məsələ 1299.Quranın vacib səcdəsində bir neçə şərt nəzərə alınmalıdır:
1) Niyyətlə icra edilməli, yəni alın tilavət səcdəsi niyyəti ilə yerə qoyulmalıdır;
2) Elə icra edilməlidir ki, insanlar gördükdə:“səcdə etdi”, - desinlər;
3) Vacib ehtiyata əsasən, tilavət səcdəsinin edildiyi yer qəsb edilmiş yer olmamalıdır;
4) Vacib ehtiyata əsasən, insan alnını möhürə, yaxud üzərinə səcdənin doğru olduğu başqa bir şeyə qoymalıdır.
Müstəhəb ehtiyata əsasən, insan Quranın vacib səcdəsində digər səcdə üzvlərini (alından başqa) də namazın səcdəsi xüsusunda qeyd edilən qaydada yerə qoymalıdır. Həmçinin, müstəhəb ehtiyata əsasən, səcdə halında insanın alnını qoyduğu yer dizlərini və barmaqlarının ucunu qoyduğu yerdən dörd bitişik barmaq ölçüsündə hündür, yaxud alçaq olmamalıdır.
Məsələ 1300. Tilavət səcdəsində insanın dəstəmazlı, qüsllü, yaxud təyəmmümlü olması lazım deyil. Buna əsasən, əgər cənabətli şəxs, yaxud haiz qadın tilavət səcdəsini vacib edən bir vəziyyətlə qarşılaşarsa, tilavət səcdəsini yerinə yetirməsi vacibdir və onun icrasını təxirə salması caiz deyil.
Məsələ 1301.Quranın vacib səcdəsində insanın üzü qibləyə olması və məhrəm yerlərini örtməsi, yaxud qadının saçını və bədənini örtməsi vacib deyil. Həmçinin, bədəninin və alnını qoyduğu yerin pak olması da vacib deyil. Habelə, namaz qılanın geyimində şərt sayılan digər tələblər də onun (tilavət səcdəsi edənin) geyimi xüsusunda şərt sayılmır.
Quranın vacib səcdəsinin icra edilmə qaydası
Məsələ 1302. İnsan Quranın vacib səcdəsində alnını səcdə niyyəti ilə yerə qoyarsa, hərçənd zikr deməsə də, kafidir və namazın səcdələrində vacib olan zikrin tilavət səcdəsində deyilməsi müstəhəbdir. Daha yaxşı olar ki, desin: “La ilahə illəllahu haqqan haqqan, La ilahə illəllahu imanən və təsdiqan, La ilahə illəllahu ubudiyyətən və riqqan. Səcədtu ləkə ya rəbbi təabbudən və riqqan, la mustənkifən və la mustəkbiran, bəl ənə abdun zəlilun zəifun xaifun müstəcir”.
Məsələ 1303. Quranın vacib səcdəsinin təkbirət əl-ehramı, təşəhhüdü və salamı yoxdur. Tilavət səcdəsindən qalxdıqdan sonra təkbir demək müstəhəbdir.
Quranın tilavət səcdəsinin müstəhəb olduğu yerlər
Məsələ 1304. On bir məqamda tilavət səcdəsinin yerinə yetirilməsi müstəhəb sayılmışdır:
- Əraf surəsində “Və ləhu yəscudun” ibarəsinə (206-cı ayə) çatdıqda;
- Rəd surəsində “Bil-ğuduvvi vəl-asal” ibarəsinə (15-ci ayə) çatdıqda;
- Nəhl surəsində “Və yəfəlunə ma yumərun” ibarəsinə (50-ci ayə) çatdıqda;
- İsra surəsində “Və yəziduhum xuşua” ibarəsinə (109-cu ayə) çatdıqda;
- Məryəm surəsində “Xarru succədən və bukiyya” ibarəsinə (58-ci ayə) çatdıqda;
- Həcc surəsində “Yəfəlu ma yəşa” ibarəsinə (18-ci ayə) çatdıqda;
- Həcc surəsində “Vəfəlul-xayr” ibarəsinə (77-ci ayə) çatdıqda;
- Furqan surəsində “Və zadəhum nufura” ibarəsinə (60-cı ayə) çatdıqda;
- Nəml surəsində “Və rəbbil-ərşil-əzim” ibarəsinə (26-cı ayə) çatdıqda;
- Sad surəsində “Və xarra rakian və ənabə” ibarəsinə (24-cü ayə) çatdıqda;
- İnşiqaq surəsində “La yəscudun” ibarəsinə (21-ci ayə) çatdıqda.
Hətta daha yaxşı olar ki, insan səcdədən söz açılan istənilən ayəni oxuduqda tilavət səcdəsi etsin.

8.
Təşəhhüd
Məsələ 1305. Bütün vacib və müstəhəb namazların ikinci rükətində, habelə məğrib namazının üçüncü, zöhr, əsr və işa namazlarının isə dördüncü rükətində insan ikinci səcdədən sonra oturmalı, bədən aram olduğu halda təşəhhüd oxumalı, yəni “Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh, Allahummə salli əla Muhəmmədin və Ali-Muhəmməd” deməlidir. “Əşhədu ən la ilahə illəllah, və əşhədu ənnə Muhəmmədən səlləllahu əleyhi və alihi əbduhu və rəsuluh” desə də kafidir. Vitr namazında da təşəhhüd lazımdır.
Məsələ 1306. İnsan təşəhhüd əsnasında mümkün olduğu təqdirdə ürfən oturmaq sayılan istənilən tərzdə oturmalı və zikri(təşəhhüdü) deyərkən bədənin hərəkətsizliyini və aramlığını qorumalıdır. Həmçinin, təşəhhüdün sözlərini ərəbcə düzgün və normal qaydada bir-birinin ardınca, müvalata (fasiləsiz ardıcıllığa) riayət etməklə tələffüz etməlidir. Əlbəttə, təşəhhüdün ibarələri arasında hədislərdə oxunması tövsiyə edilən zikrlər və dualarla fasilə yaranması namazın doğruluğuna xələl gətirmir.

Təşəhhüdün müstəhəbləri
Məsələ 1307. Təşəhhüddə bir neçə hal və hərəkət müstəhəb hesab edilmişdir. O cümlədən, müstəhəbdir ki, namaz qılan:
1) təvərrük adlandırılan qaydada, yəni sol budu üstə otursun, sağ ayağın üstünü sol ayağın altına qoysun;
2) əlləri budların üstünə qoysun və barmaqları bir-birinə bitişdirsin;
3) ətəyinə baxsın (budlar, yəni ayağın dizlərdən yuxarı hissəsi nəzərdə tutulur);
4) təşəhhüddən öncə “Əlhəmdu lillah”, yaxud “Bismillahi və billahi vəlhəmdu lillahi və xeyrul-əsmai lillahi” və ya “Bismillahi və billahi vəl-əsmaul-husna kulluha lillahi” desin;
5) birinci təşəhhüddə salavatdan sonra desin: “Və təqəbbəl şəfaətəhu vərfə dərəcətəh”;
6) sonrakı rükətin qiyamı üçün ayağa qalxarkən “Bihaulillahi və quvvətihi əqumu və əqudu”, yaxud “Bihaulillahi əqumu və əqudu və ərkəu və əscudu” desin;
Məsələ 1308. Qadınların təşəhhüd oxuyarkən budlarını bir-birinə bitişdirməsi müstəhəbdir.

9.
Namazın salamı
Məsələ 1309. Bütün namazların axırıncı rükətində namaz qılanın salam deməsi vacibdir.
Məsələ 1310. Salam üç cümlədən ibarətdir:
1) Əs-səlamu əleykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh;
2) Əs-səlamu əleyna və əla ibadillahis-salihin;
3) Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuh.
Namaz qılanın deyilməsi ilə namazını başa çatdırdığı vacib salam üçüncü salamdır və namaz qılan təkcə onu deməklə kifayətlənə bilər. Bu salamın vacib hissəsi “Əs-səlamu əleykum”dur, “və rəhmətullahi və bərəkatuh” ibarəsinin ona əlavə edilməsi isə müstəhəb ehtiyatın tələbidir. Lakin, vacib ehtiyata əsasən, ikinci salamla kifayətlənmək olmaz. Beləliklə, əgər namaz qılan ikinci salamı deyərsə, ehtiyata əsasən, üçüncü salamı da deməsi vacibdir. Lakin birinci salam müstəhəblərdəndir və namaz qılan onu deməklə namazını başa çatdırmış sayılmır. Bu müstəhəb salamın deyilmə məqamı təşəhhüddən sonra və digər iki salamdan öncədir. Namaz qılan şəxs salamların üçünü də dediyi təqdirdə müstəhəb ehtiyata uyğun hərəkət edir.
Məsələ 1311. İnsan mümkün olduğu təqdirdə salam əsnasında təşəhhüd əsnasında olduğu kimi oturmalı, vacib salamı deyərkən bədənin hərəkətsizliyini, aramlığını qorumalı və onu ərəbcə düzgün və normal qaydada, sözlərini bir-birinin ardınca və müvalata riayət edərək tələffüz etməlidir.
Qeyd etmək lazımdır ki, müstəhəb salamda aramlıq şərtinə riayət etməklə bağlı hökm müstəhəb zikrlərdə aramlıqla bağlı 1201-ci məsələdə açıqlanan hökm kimidir.
Məsələ 1312.Namaz qılan şəxs namazın salamını deyərkən ehtiyat üçün, yaxud başqa bir səbəblə dediyi salamı təkrarlamaq istəyərsə:
Birinci salam xüsusunda bu təkrarın namaza xələl gətirməməsi bəid deyil.(14)
İkinci salam xüsusunda əgər onu doğru demişdirsə, vacib ehtiyata əsasən, təkrarlamamalıdır. Əgər səhv demişdirsə, təkrar edilməsi namaza xələl gətirmir. Onu doğru deyib-demədiyinə şəkk etdiyi təqdirdə isə əgər şəkk etdiyi sözün tələffüzü başa çatmamış onu doğru deyib-deməməkdə şəkkə düşərsə, onu təkrarən deyə bilər. Ancaq əgər şəkk etdiyi sözün başa çatmasından sonra onu doğru deyib-demədiyinə şəkk edərsə, vacib ehtiyata əsasən, onu təkrarlamamalıdır.
Üçüncü salam xüsusunda əgər onu səhv demişdirsə, yaxud onun düzgün olub-olmadığına dair şəkkə deyilişində şəkk olunan sözün tələffüzünün başa çatmasından öncə düşərsə, onu təkrarən deməlidir və əgər doğru demişdirsə, yaxud şəkk edilən sözün tələffüzü başa çatdıqdan sonra şəkkə düşmüşdürsə, ehtiyat namazı qılmaq istədiyi hal istisna olmaqla, təkrar edilməsi namaza xələl gətirmir.
Məsələ 1313. Əgər namaz qılan şəxs namazın salamını unudar və namazın surəti pozulmadan və yerinə yeirilməsi (istər qəsdən, istərsə səhvən) namazı batil edən (məsələn, qiblədən dönmək kimi) hər hansı hərəkətə yol vermədən xatırlayarsa, salamı deməlidir və namazı doğrudur.
Məsələ 1314.Əgər namazın salamını unudarsa və namazın surəti pozulduqdan, yaxud yerinə yetirilməsi (istər qəsdən, istərsə səhvən) namazı batil edən (məsələn, qiblədən dönmək kimi) hər hansı hərəkətə yol verdikdən sonra xatırlayarsa, namazı doğrudur.

Salamın müstəhəbləri
Məsələ 1315.Salam əsnasında oturmaq, həmçinin əlləri təşəhhüddə olduğu qaydada qoymaq müstəhəb sayılır. Digər müstəhəblər daha müfəssəl kitablarda qeyd edilmişdir.

10.
Tərtib (ardıcıllıq)
Məsələ 1316.Əgər namaz qılan qəsdən namazın tərtibini pozarsa, məsələn, surəni “Həmd”dən sonra oxuyarsa, yaxud səcdələri rükudan öncə edərsə, namazı batil olur.
Məsələ 1317.Əgər namazın rüknlərindən birini unudarsa və ondan sonrakı rüknü yerinə yetirərsə, məsələn, rüku etməmiş iki səcdə edərsə, vacib ehtiyata əsasən, namazı batildir.
Məsələ 1318. Əgər bir rüknü unudarsa və ondan sonra gələn, rükn olmayan hərəkəti yerinə yetirərsə, məsələn, iki səcdə etmədən təşəhhüd oxuyarsa, geri dönərək rüknü yerinə yetirməli və daha sonra səhvən ondan öncə oxuduğunu təkrarən oxumalıdır.
Məsələ 1319. Əgər rükn olmayan bir şeyi unudarsa və ondan sonrakı rüknü yerinə yetirərsə, məsələn, Həmd surəsini oxumağı unudarsa və rüku edərsə, namazı doğrudur və qılmağa davam etməlidir.
Məsələ 1320. Əgər rükn olmayan bir şeyi unudarsa və ondan sonra gələn, rükn olmayan hərəkəti yerinə yetirərsə, məsələn, “Həmd”i oxumağı unudarsa və surəni oxuyarsa, geri dönərək unutduğunu yerinə yetirməli və ondan sonra səhvən vaxtından öncə oxuduğunu təkrarən oxumalıdır.
Məsələ 1321.Əgər birinci səcdəni ikinci səcdə zənn edərək, yaxud ikinci səcdəni birinci səcdə zənn edərək yerinə yetirərsə, namazı doğrudur və onun birinci dəfə yerinə yetirdiyi səcdə birinci səcdə, ikinci dəfə yerinə yetirdiyi səcdə də ikinci səcdə hesab edilir.

11.
Müvalat (fasiləsizlik)
Məsələ 1322. İnsan namazı müvalatla qılmalı, yəni namazın rüku, səcdələr və təşəhhüd kimi hərəkətlərini fasiləsiz və bir-birinin ardınca yerinə yetirməli, namazda oxuduqlarını adi qaydada, ardıcıl oxumalıdır və əgər onların arasında “namaz qılır” deyilməyəcək qədər fasilə verərsə, namazı batildir.
Məsələ 1323. İnsan bir sözü təşkil edən səsləri elə ardıcıl tələffüz etməlidir ki, tələffüz etdiyi şey həmin (demək istədiyi) söz sayılsın. Həmçinin, bir ayənin, yaxud bir zikrin sözlərini elə ardıcıl tələffüz etməlidir ki, həmin (demək istədiyi) ayə, yaxud zikr sayılsın. Buna əsasən, izafət, təyini və qeyri-təyini söz birləşmələrinin tərəfləri, mübtəda və xəbər, fail və fail (subyekti, işi icra edəni bildirən söz və ya söz birləşməsi) və s. arasında müvalata riayət etmək lazımdır. Eləcə də ayələr arasında da tələb olunan müvalata - tələffüz etdikləri namaz qılanın oxumaq istədiyi surə sayılacaq şəkildə - riayət etmək lazımdır.
Qeyd edilən məqamlara diqqət yetirdikdə məlum olur ki, bir surənin ayələri arasında müvalata riayət etmək üçün bir ayənin, yaxud zikrin sözləri arasında müvalata riayət etməklə müqayisədə, eləcə də iki söz arasında müvalat üçün iki səsin tələffüzü arasında müvalatla müqayisədə daha artıq fürsət vardır.
Məsələ 1324.Əgər namazda səhvən səslər, yaxud sözlərarasında (təkbirət əl-ehram istisna olmaqla) fasilə verərsə və fasilə namazın surətini pozacaq qədər olmazsa, sonrakı rüknü yerinə yetirməyə başlamadığı təqdirdə həmin səsləri və sözləri normal qaydada tələffüz etməli, ondan sonra bir şey oxuduğu təqdirdə də onu təkrarlamalıdır. Sonrakı rüknə başladığı başladığı təqdirdə isə namazı doğrudur və onu qılmağa davam etməlidir.
Məsələ 1325. Rüku və səcdələri uzatmaq və uzun surələr oxumaq müvalatı pozmur.

Namazın qunutu
Məsələ 1326. Bütün vacib və müstəhəb namazlarda ikinci rükətin rükusundan öncə qunut oxumaq müstəhəbdir və sübh, məğrib, işa və cümə namazlarında bu müstəhəb daha təkidlidir. Lakin “şəf” namazında, vacib ehtiyata əsasən, qunutu rəcaən yerinə yetirmək lazımdır. “Vitr” namazında isə bir rükət olmasına baxmayaraq rükudan öncə qunut oxumaq müstəhəbdir. Cümə namazının biri ilk rükətin rükusundan öncə, digəri isə ikinci rükətin rükusundan sonra olmaqla iki müstəhəb qunutu vardır. Ayat namazlarında beş qunut, Fitr və Qurban bayramlarının namazlarının iki rükətində isə bir neçə qunut vardır ki, bunların hər biri əlaqədar fəsillərdə izah ediləcəkdir.
Məsələ 1327. Qunutdan öncə təkbir demək, qunutda əlləri üzün müqabilində və içi (ovuclar) səmaya doğru yanaşı tutmaq, baş barmaq istisna olmaqla digər barmaqları bir-birinə bitişdirmək, əllərin içinə baxmaq müstəhəbdir. Hətta, vacib ehtiyata əsasən, zərurət halları istisna olmaqla, əlləri qaldırmadan qunut doğru doğru sayılmır.
Məsələ 1328.Qunutda ərəb dilindən başqa bir dildə dua etmək olar və bu namazı pozmur. Hərçənd, müstəhəb ehtiyat ərəb dilindən başqa bir dildə dua etməməyi tələb edir. Lakin qunut vəzifəsi ərəb dilindən başqa bir dildə dua etməklə, vacib ehtiyata əsasən, yerinə yetirilmiş sayılmır.(15)
Məsələ 1329.Namaz qılan qunutda istənilən dua, münacat və zikri oxusa, hətta bir dəfə “Subhanəllah” desə belə, kafidir. Daha yaxşı olar ki, fərəc duası adlandırılan bu duanı oxusun: “La ilahə illəllahul-həlimul-kərim. La ilahə illəllahul-əliyyul-əzim. Subhanəllahi rəbbis-səmavatis-səb`i və rəbbil-ərəzinəs-səb`i və ma fihinnə və ma beynəhunnə və rəbbil-ərşil-əzim. Vəlhəmdu lillahi rəbbil-aləmin”. Həmçinin, daha yaxşı olar ki, ardınca desin: “Allahumməğfir ləna vərhəmna və afina və`fu ənna. İnnəkə əla kulli şey`in qədir”.
Məsələ 1330.Qunutu ucadan oxumaq müstəhəbdir. Lakin namazını camaatla birgə qılan şəxsin səsini imam eşidərsə, onun qunutu ucadan oxuması müstəhəb deyil.
Məsələ 1331. Əgər namaz qılan qəsdən qunut oxumasa. Onun qəzası yoxdur. Əgər unudarsa və rüku həddinə çatmazdan öncə yadına düşərsə, müstəhəbdir ki, qalxsın və onu oxusun. Rükuda yadına düşdüyü təqdirdə müstəhəbdir ki, rükudan sonra onu qəza etsin. Lakin səcdədə, yaxud daha sonra yadına düşərsə, müstəhəbdir ki, namazın salamından sonra hərçənd uzun müddət sonra olsa belə, qunutu qəza etsin və bu halda daha yaxşı olar ki, onun qəzasını oturaq halda və üzü qibləyə icra etsin. Əgər səcdə üçün əyilərkən yadına düşərsə, vacib ehtiyata əsasən, geri qayıtmamalı, namazdan sonra rəcaən onun qəzasını yerinə yetirməlidir.

Namazın tərcüməsi
Həmd (Fatihə) surəsinin tərcüməsi
“Bismillahir-rəhmanir-rəhim”: “Bismillah” - Allahın, bütün kamillikləri özündə toplayan,hər cür nöqsandan uzaq olan və ağılları heyrətə düşürən bir zatın adı ilə başlayıram!
“Ər-rəhmanir-rəhim” - Rəhməti geniş və sonsuzdur, dünyada həm mömin, həm də kafirə şamildir, axirətdə isə yalnız möminlər üçündür”.
“Əl-həmdu lillahi rəbbil-aləmin” – Həmd-səna bütün varlıqların rəbbi olan Allaha məxsusdur”.
Ər-rəhmanir-rəhim” –bu ayənin bir qədər əvvəl izah edilmişdir.
“Maliki yaumid-din” –Din (cəza və mükafat) gününün sahibi olan qüdrətli bir zat.
“İyyakə nəbudu və iyyakə nəstəin” – Yalnız Sənə ibadət edir və yalnız Səndən yardım istəyirik”.
“İhdinəs-siratəl-mustəqim” – Bizi doğru yola (İslam dininə) hidayət et!
“Siratəlləzinə ənəmtə ələyhim” – Nemət verdiklərinin (peyğəmbərlərin, peyğəmbərlərin canişinlərinin, şəhidlərin, siddiqlərin, Allahın saleh və ləyaqətli bəndələrinin) yoluna”.
“Ğayril-məğzubi ələyhim vələzzallin” –Qəzəbini qazanan və (haqq yoldan) azan şəxslərin deyil.

Tövhid (İxlas) surəsinin tərcüməsi
“Bismilliahir-rəhmanir-rəhim” – bu ayənin mənası yuxarıda izah edilmişdir.
“Qul huvəllahu əhəd” – De (ey Muhəmməd): “O Allah təkdir”.
“Allahus-səməd” – Allah bütün varlıqlardan ehtiyacsızdır və hər şey Ona möhtacdır.
“Ləm yəlid və ləm yuləd” – Doğmamışdır və doğulmamışdır.
“Və ləm yəkun ləhu kufuvən əhəd” – Əsla bənzəri yoxdur, kimsə Onun tayı-bərabəri ola bilməz.

Rüku və səcdələrin zikrinin və onlardan sonra deyilməsi müstəhəb olan zikrlərin tərcüməsi
“Subhanə rəbbiyəl-əzimi və bihəmdih” – Mənim əzəmətli Rəbbim hər bir eyb və naqislikdən uzaq və ucadır və mən Ona həmd etməklə məşğulam.
“Subhanə rəbbiyəl-əla və bihəmdih” – Mənim hər şeydən uca Rəbbim hər bir eyb və naqislikdən uzaq və ucadır və mən Ona həmd etməklə məşğulam.
“Səmiəllahu limən həmidəh” –Allah Ona həmd-səna edəni eşitsin (həmd-sənasını qəbul etsin)!
“Əstəğfirullahə rəbbi və ətubu ileyh” – Rəbbim olan Allahdan bağışlanma diləyirəm və tövbə edərək Ona doğru qayıdıram!
“Bihaulillahi və quvvətihi əqumu və əqudu” –Allahın yardımı və qüvvəsi ilə qalxır və otururam.

Qunutun tərcüməsi
“La ilahə illəllahul-həlimul-kərim” – Həlim və kərim Allahdan başqa ilah (ibadətə layiq tanrı) yoxdur.
“La ilahə illəllahul-əliyyul-əzim” – Uca və əzəmətli Allahdan başqa ilah (ibadətə layiq tanrı) yoxdur.
“Subhanəllahi rəbbis-səmavatis-səb`i və rəbbil-ərəzinəs-səb`” –Yeddi göyün və yeddi yerin rəbbi olan Allah pak və münəzzəhdir.
“Və ma fihinnə və ma beynəhunnə və rəbbil-ərşil-əzim” –O, onlarda (göylərdə və yerlərdə) və onların arasında olan hər şeyin Rəbbidir və əzəmətli ərşin Rəbbidir.
“Vəlhəmdu lillahi rəbbil-aləmin” – Həmd-səna aləmlərin rəbbi olan Allaha məxsusdur.

Təsbihat-i ərbəənin tərcüməsi
“Subhanəllahi, vəlhəmdu lillahi, və la ilahə illəllahu, vəllahu əkbər” – Allah pak və münəzzəhdir, həmd-səna Allaha məxsusdur, Allahdan başqa ilah (ibadətə layiq tanrı) yoxdur və Allah vəsfə sığmayacaq qədər böyükdür.

Təşəhhüd və salamın tərcüməsi
“Əlhəmdu lillah; Əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh” - həmd-səna Allaha məxsusdur; Təsdiq (iqrar) edirəm ki, tək və şəriki olmayan Allahdan başqa ilah (ibadətə layiq tanrı) yoxdur.
“Və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh” –Təsdiq (iqrar) edirəm ki, Muhəmməd Allahın bəndəsi və Onun elçisidir.
“Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd” –Allahım, Muhəmməd və Ali-Muhəmmədə rəhmətini yağdır!
“Və təqəbbəl şəfaətəhu vərfə` dərəcətəh” –Onun (Peyğəmbərin) şəfaətini qəbul et və (Sənin yanındakı) dərəcəsini uca et!
“Əs-səlamu əleykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh” –Salam olsun sənə, ey Peyğəmbər, Allahın rəhməti və bərəkəti üzərində olsun!
“Əs-səlamu əleyna və əla ibadillahis-salihin” – Salam olsun bizə və Allahın saleh bəndələrinə!
“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuh” –Salam olsun sizə, Allahın rəhməti və bərəkəti üzərinizdə olsun!
Müstəhəb ehtiyata əsasən, son iki salamda namaz qılan şəxs ümumi şəkildə müqəddəs İslam şəriətinin nəzərdə tutduğu şəxsləri salamlamaq niyyətində olmalıdır. Hərçənd, bəzi rəvayətlərdən onların sağ və sol mələklər və möminlər olduğu anlaşılır.

Namazın təqibatı (ardınca oxunan dua, zikr və ayələr)
Məsələ 1332.İnsanın namazdan sonra bir qədər “təqib” ilə məşğul olması, yəni zikr, dua və Quran oxuması müstəhəbdir və bu müstəhəb vacib namazlardan, xüsusən, sübh namazından sonra daha təkidlidir.
Məsələ 1333. Namazın təqibi onun başa çatmasından dərhal sonra icra edilməli və insan təqibi pozan, “təqib” anlayışı ilə uzlaşmayan bir hərəkətə yol verməməlidir. İnsanların düşdüyü vəziyyətlər, zaman və məkan amilləri – onların müsafir olub-olmaması, ixtiyar, yaxud iztirar (zərurət) halında, xəstə, yaxud sağlam olması baxımından – fərqli olduğundan bəzi hərəkətlər bir sıra vəziyyətlərdə təqib anlayışına zidd olmadığı halda, eyni hərəkət bir sıra digər vəziyyətlərdə ziddiyyət təşkil edir. Təqibin şübhəsiz pozulmadığı və insanın bu vəziyyətdə ikən zikr, dua və Quran oxuması təqib sayılan hal (adi hallarda, səfərdə olmadıqda və digər iztirar halları ilə üzləşmədikdə) oturma vəziyyətdir.Zahir(16) budur ki, namazdan sonra dua, zikr və s. oxumadan sadəcə oturmaq təqib sayılmır.
Məsələ 1334. Daha yaxşı olar ki, namaz qılan elə namaz qıldığı yerdə üzü qibləyə və dəstəmazı, qüslü, yaxud təyəmmümü pozulmadan təqibatı oxusun.
Məsələ 1335. Təqibatın ərəbcə oxunması vacib deyil. Lakin daha yaxşı olar ki, mötəbər dua kitablarında(17) nəql olunanlar oxunsun. Hədislərdə nəql olunan təqiblərdən biri də namazın salamından sonra üç dəfə “Allahu əkbər” deməkdir. Belə ki, namaz qılan namazın digər təkbirlərində olduğu kimi bu təkbirlərin də hər birini deyərkən əllərini üzünün müqabilinədək qaldırsın, sonra aşağı endirsin. Çox tövsiyə edilən təqiblərdən biri də Həzrət Zəhra təsbihidir. Bu zikr belə deyilir: 34 dəfə “Allahu əkbər”, sonra 33 dəfə “Əl-həmdu lillah”, daha sonra 33 dəfə “Subhanəllah”. “Subhanəllah”ı “Əl-həmdu lillah”dan öncə də demək olar, lakin daha yaxşı olar ki, “Əl-həmdu lillah”dan sonra deyilsin.

Şükr səcdəsi
Məsələ 1336.Namaz qılanın istər vacib, istərsə müstəhəb namazdan sonra şükr səcdəsi etməsi müstəhəbdir və alnını şükr məqsədilə yerə qoyması kifayətdir. Lakin daha yaxşı olar ki, yüz dəfə, yaxud üç dəfə, ya da bir dəfə “Şukran lillah”, yaxud “Şukran” və ya “Əfvən” desin. Həmçinin, insana nə zaman bir nemət bəxş edilərsə, yaxud bir bəladan qurtularsa, şükr səcdəsi etməsi müstəhəbdir.
Məsələ 1337. Vacib ehtiyata əsasən, şükr səcdəsində alnı möhürə, yaxud üzərinə səcdənin doğru olduğu başqa bir şeyin üstünə qoymaq və müstəhəb ehtiyata əsasən, digər nahiyələri də namazın səcdəsi ilə bağlı göstərişə uyğun qaydada yerə qoymaq lazımdır.
Qeyd etmək lazımdır ki, əgər şükr səcdəsi üçün bir səbəb yaranarsa və insan alnını yerə qoyaraq səcdə edə bilməzsə, səcdəni baş işarəsi ilə edərək yanaqlarını əlinin(18) içi (ovcu), yaxud üst tərəfinə qoysun və uca Allaha şükr etsin.

Salavat ilə əlaqədar hökmlər
Məsələ 1338. İnsan nə zaman Allahın ən əziz elçisinin (s) mübarək adlarını (Muhəmməd və Əhməd), yaxud ləqəb və künyəsini (Mustafa və Əbülqasim)deyərsə və ya eşidərsə, hərçənd namazda olsa belə, müstəhəbdir ki, salavat desin. Bu hökm onun nəzərdə tutulduğu “Rəsulullah” (Allahın elçisi), Peyğəmbər-i əkrəm (ən əziz, ən sevimli, ən kəramətli peyğəmbər) kimi ibarələrin, habelə onu bildirən əvəzliklərin deyilməsinə, yaxud eşidilməsinə də şamildir.
Məsələ 1339. Allahın elçisinin (s) adını, ləqəbini, yaxud künyəsini yazarkən müstəhəbdir ki, insan salavatı da kamil surətdə yazsın. Həmçinin, daha yaxşı olar ki, nə zaman onu yad edərsə, salavat desin.

Namazın məkruhları
Məsələ 1340.Aşağıdakı hal və hərəkətlər namazda məkruh hesab edilmişdir:
1) Namaz qılanın namaz əsnasında üzünü “qiblədən çevirdi” deyilməcək şəkildə azacıq sağa, yaxud sola çevirməsi;
2) vacib namazın bir rükətində 1160-cı məsələdə izah edilən hal istisna olmaqla “Həmd”dən sonra iki surə oxuması;
3) namazda gözlərini yumması, yaxud sağ və sol tərəfə çevirməsi;
4) saqqalı və əli ilə oynaması;
5) dırnağını çeynəməsi;
6) saqqal tüklərini dişlərinin arasına alaraq çeynəməsi;
7) barmaqlarını bir-birinin arasına keçirməsi, yaxud barmaqlarını qatlaması;
8) tüpürməsi;
9) burun seliyini ifraz etməsi (burnunu arıtlaması);
10) əsnəməsi (əlbəttə ki, hər hansı bir səsin tələffüzünə səbəb olmayacaq şəkildə);
11) kişilərin qiyam vəziyyətində ayaqlarının topuqdan aşağı hissəsini bir-birinə bitişdirməsi;
12) üzüyün qaşına, qarşısındakı Quran, yaxud başqa bir kitaba və ya diqqətini cəlb edəcək başqa bir əşyaya baxması;
13) Həmd və surəni oxuyarkən, zikr deyərkən kiminsə səsini eşitmək üçün sakit durması;
14) öz-özünə (daxili nitq surətində) danışması və düşüncəsində dünyəvi işləri qaydasına salmağa çalışması;
15) həmçinin, itaətkarlıq və acizliyin izhar edilməsinə mane olan istənilən iş (hal və hərəkət) məkruhdur.
Məsələ 1341.İnsanın yuxusu gələrkən, həmçinin, ayaqyoluna çıxmaq ehtiyacı duyarkən namaz qılması məkruhdur. Bunlarla yanaşı bir sıra digər məkruhlar da digər kitablarda müfəssəl surətdə qeyd edilmişdir.


(1) Qeyd etmək lazımdır ki, vacib zikrlər əsnasında hərəkətsiz olmaq, yaxud iki səcdə arasında oturmaq kimi bəzi icrası vacib olan hərəkətlər mətndə (bu məsələdə) sadalanan vacibatın daxilindəki vaciblər kimi nəzərə alınmış və bu bölgüdəki vaciblərin yanında ayrıca qeyd edilməmişdir. Lakin onların hər biri əlaqədar mövzuda izah ediləcəkdir.
(2) Bu hökm 1146-cı məsələdə izah edilən qaydada qiyamda tələb olunan düzgün duruşa riayət edildiyi hallara, məsələn, ayaq üstə düz duran və bədəni hər hansı bir tərəfə əyilməyən insana aiddir. Bu halda müstəhəbdir ki, onurğa sütununu və boynunu da dik və düz saxlasın.
(3) Burada və eləcə də növbəti məsələlərdə surə deyərkən Həmd (Fatihə) surəsindən sonra oxunan ikinci surə nəzərdə tutulur. Tərc.
(4) Qeyd etmək lazımdır ki, əgər camaat namazında məmumun vəzifəsi Həmd və surə oxumaq olarsa, hərçənd qılınan namaz məğrib və işa namazları, namaz qılan da kişi olsa belə, asta səslə oxumalıdır.
(5) Məsələn, qadının namazının qiraətini dinləyici üçün adətən təhrikedici sayılacaq şəkildə incə səslə oxuması kimi.
(6) Qeyd etmək lazımdır ki, bu mövzu ilə bağlı bəzi hökmlər həm namazın zikrlərinə, həm də qiraətinə aid olduğuna görə (təkrara yol verməmək üçün) həmin hökmlər qiraət mövzusunda ayrıca açıqlanmamış, bu mövzuda izah edilmişdir.
(7) Qeyd etmək lazımdır ki, bu məsələdə və eləcə də sonrakı məsələlərdə əsərin orijinalında fars dili ilə bağlı izahlar tərəfimizdən azərbaycan dili ilə bağlı izahlarla əvəz edilmişdir. Həmçinin, burada aşağıdakı məqamlara toxunmağı da məqsədəuyğun hesab edirik:
1) Həmzə (ء) samiti müasir ərəb dilində əlifbaya daxil edilmədiyinə, həmçinin, ana dilimizin səs sistemində mövcud olmayan bu boğaz samitinin düzgün tələffüz edilməməsi məna dəyişikliyinə səbəb olmadığına görə tələffüzü fərqli olan hərflər (samitlər) sırasına daxil edilməmişdir. Məsələn, Həmd surəsinin 5-cı ayəsinin ilk sözü olan “İyyakə” və İxlas surəsinin 1-ci ayəsinin son sözü olan “Əhəd” sözlərinin ilk səsi həmzə samitidir. Lakin onların ərəb dilindəki tələffüzündən bir qədər fərqli, ana dilimizdə olduğu kimi sait səslərlə tələffüz edilməsi bu sözlərin mənasının dəyişməsi ilə nəticələnmir.
2) Qaf (ق) və vav (و) samitlərinin də tələffüzü azərbaycan dilinin /q/ və /v/ fonemlərinin tələffüzündən fərqlənir. Lakin onların tələffüzdə ana dilimizdəki sözügedən samit səslərlə əvəz edilməsi məna dəyişikliyinə səbəb olmur. Tərc.
(8) Qeyd etmək lazımdır ki, namazın salamlarının təkrarlanmasının özünəməxsus hökmləri vardır. Bu hökmlər 1312-ci məsələdə izah ediləcəkdir.
(9) İxtiyar halı bir şəriət hökmünün şamil olunması üçün normal hesab edilən, hər hansı bir zərurətlə əlaqədar olaraq istisna hal (ixtiyarın əksi olan bu hala “iztirar” deyilir) sayılmayan vəziyyətdir. Tərc.
(10) Qaşların başlanğıcı deyərkən onların burun arakəsmə sümüyünə yaxın olan tərəfi nəzərdə tutulur.
(11) İxtiyar halı bir şəriət hökmünün şamil olunması üçün normal hesab edilən, hər hansı bir zərurətlə əlaqədar olaraq istisna hal (ixtiyarın əksi olan bu hala “iztirar” deyilir) sayılmayan vəziyyətdir. Tərc.
(12) “Subhanə rəbbiyəl-Əla” demək kafidir. Müstəhəb ehtiyata əsasən isə “və bihəmdih” də deməlidir.
(13) Pambığın bu cür (kağız üçün xammal kimi) istifadəsi ilə bağlı hökm 1265-ci məsələdə qeyd edilən hökmdə istisna təşkil edir.
(14) Yəni, birinci salamı təkrarən demək olar. Tərc.
(15) Buna əsasən, əgər namaz qılan şəxs qunutda yalnız azərbaycan dilində dua etməklə kifayətlənərsə, vacib ehtiyata əsasən, qunutu yerinə yetirməmiş kimidir.
(16) Aydın olan fətva.Tərc.
(17) Bu xüsusda mühəddis Qumminin (Allah ondan razı olsun!) “Məfatih əl-cinan” əsərinə müraciət etmək olar.
(18) Əl deyərkən qolun əl ayası ilə yanaşı barmaqları da əhatə edən hissəsi nəzərdə tutulur.

NAMAZI POZAN HAL VƏ HƏRƏKƏTLƏR → ← Azan və iqamə
العربية فارسی اردو English Azərbaycan Türkçe Français