ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLı ŞƏRIƏT HÖKMLƏRİ

NƏCASƏTLƏR → ← TƏQLİDİN HÖKMLƏRİ

TƏHARƏTİN HÖKMLƏRİ

Mütləq və muzaf su:

Məsələ 13: Su mütləq (saf), və ya muzafdır (qarışıq). Muzaf su bir şeydən alınan suya deyilir. Qarpız və gül suyu kimi, ya bir şeylə qarışan su, belə ki ona «su» deyilməyəcək şəkildə, palçıq və ona bənzər bir şeylə qarışmış olan suya deyilir. Bunlardan başqa qalan sular mütləq sudur. Mütləq su beş qismə ayrılır:
1. Kürr suyu;
2. Az su;
3. Axar su;
4. Yağış suyu;
5. Quyu suyu;

1 - KÜRR SUYU


Məsələ 14: Otuz altı qarış olan bir qabı dolduran miqdarda suya, kürr suyu deyilir və təqribən 384 letirdir.

Məsələ 15: Əgər sidik, qan, kimi eyni nəcis, həmçinin nəcis olmuş paltar və nəcis olmuş bir şey kürr suya dəyərsə, o suyun iyi və ya rəngi, ya da dadı nəcasətin təsirindən dəyişərsə, kürr suyu nəcis olur; əgər dəyişməzsə nəcis olmaz.

Məsələ 16: Əgər kürr suyun iyi, rəngi və ya dadı nəcasətdən başqa bir şeylə dəyişərsə, nəcis olmaz.

Məsələ 17: Əgər kürr su miqdarından artıq olan suyun bir hissəsinin iyi, rəngi və ya dadı, qan kimi nəcisin dəyməsi ilə dəyişərsə və dəyişməyən hissəsi kürr miqdarından az olsa, o suyun hamısı nəcisdir. Amma dəyişməyən hissə, kürr miqdarında və ya daha artıq olsa, yalnız iyi, rəng və ya dadı dəyişən hissə nəcis, qalan hissə isə pakdır.

Məsələ 18: Fəvvarənin suyu, kürr suya birləşik olsa, nəcis bir suyu pak edər. Ancaq nəcis suyun üzərinə damla-damla tökülərsə, onu pak etməz. Lakin fəvvarənin üzərinə bir şey tutsalar və su, damla-damla olmazdan əvvəl nəcis suya qovuşarsa, onu pak edər. Amma fəvvarə suyunun nəcis su ilə qarışması lazımdır.

Məsələ 19: Kürr suya birləşən bir krantın altında yuyulan nəcis bir şeydən tökülən su, əgər kürr suya birləşmiş olsa və nəcasətən iyi, rəng və ya dadını almamışdırsa və nəcasətin özü də onda olmazsa, pakdır.

Məsələ 20: Əgər kürr suyun bir miqdarı buz bağlayarsa, qalan hissəsi də kürr miqdarında olmazsa və ona nəcasət dəyərsə, nəcis olur; buzdan əriyib su olan hissə də nəcisdir.

Məsələ 21: Kürr suyu miqdarında olan bir suyun, bu miqdardan azalıb-azalmadığına şəkk edilirsə, kürr su hökmündədir. Yəni nəcasəti pak edər və ona nəcasət dəydiyi vaxt (rəngi, dadı və iyi dəyişməsə,) nəcis olmaz. Kürr su miqdarından az olan bir suyun da, kürr miqdarına çatıb-çatmadığında insan şəkk edərsə, kürrdən az su hökmünü daşıyır.

Məsələ 22: Suyun kürr olması iki yolla sübut olunur:
1. İnsanın özü bir suyun kürr olduğunu yəqin edə və ya əmin ola.
2. İki adil şəxs suyun kürr olduğunu bildirələr. Amma əgər bir adil, yaxud etimadlı şəxs və ya su ixtiyarında olan şəxs xəbər versə, amma xatircəmlik hasil olmasa, onun sözünə etibar etmək işkallıdır.

2 - AZ SU


Məsələ 23: Yerdən qaynamayan və kürr su miqdarından az olan suya, «az su» deyilir.

Məsələ 24: Az su nəcis bir şeyin üzərinə tökülərsə və ya onun üzərinə nəcis bir şey tökülsə nəcis olur. Amma yuxarıdan nəcis bir şeyin üzərinə tökülərsə, nəcis şeyə çatan hissəsi nəcis, qalan hissəsi isə pakdır.

Məsələ 25: Eyni-nəcisi (nəcisin özünü) pak etmək üçün, nəcis şeyin üzərinə tökülərək ondan ayrılan az su bir dəfə yuyulmaqla pak olmayan şeylərdə nəcisdir. Həmçinin ehtiyat- lazıma görə, eyni nəcisin aradan qaldırılmasından sonra, nəcis şeyi suya çəkmək üçün onun üzərinə tökülərək ayrılan su da nəcisdir.

Məsələ 26: Sidik və ğait məxrəcinin yuyulduğu az su beş şərtlə dəydiyi ayrı bir şeyi nəcis etməz:
1. Nəcasətin iyi, rəng və ya dadını almasın.
2. Kənardan başqa bir nəcis ona çatmasın.
3. Sidik və ya ğaitlə birlikdə qan kimi ayrı bir nəcasət gəlməsin.
4. Suyun içərisində ğait zərrələri olmasın.
5. Nəcasət məxrəc yerinin ətrafına adi qaydadan artıq yayılmamış olsun.

3 - AXAR SU


Axar su o sulara deyilir ki;
1-Təbii mənbəyi olsun.
2-Hətta müəyyən vəsitə ilə cari (axar) etsələr belə axar olsun;
3-Müəyyən qədər axımı davamlı olsun, və təbii mənbəyə birləşik olması lazım deyil. Deməli təbii şəkildə ondan (mənbədən) ayrılsa, yuxarıdan damcılar şəkildə tökülmək kimi, yerin üstündə cərəyan etməsi fərz olunduqda, cari su hesab edilir. Amma əgər bir şey onun mənbəyə birləşməsinə mane olsa, məsələn əgər suyun axmasına, yaxud qaynamasına mane olsa, yaxud onun mənbə ilə olan əlaqəsini kəssələr, qalan su hətta cərəyan etsə belə, axar su hökmündə deyil.

Məsələ 27: Axar su kürr su miqdarından az belə olsa, ona nəcasət dəydiyi zaman iyi, rəngi və ya dadı nəcasət vasitəsilə dəyişməyincə, pakdır.

Məsələ 28: Əgər axar suya nəcasət dəysə və onun bir hissəsinin iyi, dadı və ya rəngi nəcasət dəyməsi ilə dəyişərsə o hissəsi nəcisdir. Dəyişməyən hissənin çeşməyə birləşən hissəsi kürr sudan az olsa belə, pakdır. Çayın digər tərəfinin suları əgər kürr miqdarında olsa, yaxud dəyişməmiş su vasitəsi ilə çeşmə tərəfinə birləşsə pak, əks halda nəcisdir.

Məsələ 29: Axmayan, amma suyundan bir az götürüldükdə təkrar qaynayan çeşmə, axar su hökmündə deyildir. Yəni əgər kürr miqdarından az olsa, nəcasət dəydikdə nəcis olur.

Məsələ 30: Arxın qırağında toplanmış, axar suya birləşmiş durğun su, axar su hökmündə deyil.

Məsələ 31: Qışda coşan, yayda isə coşmayan və yaxud da əks şəkildə olan su, təkcə coşduğu zanan axar su hökmündədir.

Məsələ 32: Suyu kürrdən az olan hamamın kiçik hovuzu, bir mənbəyə bağlı olsa əgər hovuzun və mənbənin suyu hər ikisi birlikdə kürr miqdarında olsa, ona nəcis dəydiyi zaman iyi, rəng və ya dadı dəyişməsə, nəcis olmaz.

Məsələ 33: Hamam və binaların krant və duşlarının borularından tökülən su, bağlı olduqları mənbədəki su ilə birlikdə kürr miqdarında olsa, kürr hökmünü daşıyır.

Məsələ 34: Yer üzərində axan, lakin yerdən qaynamayan su, kürr su miqdarından azdırsa, nəcasət dəyərsə nəcis olur. Amma yuxarıdan aşağıya axsa, aşağı hissəsinə dəyərsə, yuxarı hissəsi nəcis olmaz.

4 - YAĞIŞ SUYU


Məsələ 35: Üzərində nəcisin eyni olmayan nəcis bir şeyin hər yerinə bir dəfə yağış yağarsa, pak olar. Ehtiyat-vacib budur ki, sidik ilə nəcis olan bədən və paltara isə iki dəfə yağması lazımdır. Xalça, paltar və bunun kimi şeyləri sıxmaq lazım deyil. Amma iki-üç damcı yağmasının faydası yoxdur, «yağış yağır» deyiləcək şəkildə yağması gərəkdir.

Məsələ 36: Əgər yağış nəcasətin eyninin üstünə yağıb başqa yerə sıçrasa, bu halda nəcasətin eyni o damcılarla birlikdə olmasa və nəcasətin iyi və ya rəngi yaxud da dadını özünə götürməsə, pakdır. Deməli, əgər yağış qanın üstünə yağıb başqa yerlərə sıçrasa, bu halda qanın zərrələri sıçrayan suda olarsa, yaxud o su, qanın iy və ya rəng, yaxud dadını özünə götürərsə, nəcisdir.

Məsələ 37: Əgər bir binanın tavanı və ya damı üzərində eyni nəcis varsa, yağış yağdığı müddətdə o nəcisə dəyərək tavandan və ya damdakı navalçadan tökülən su pakdır. Amma yağış kəsildikdən sonra, gəlməkdə olan suyun o nəcisə dəydiyi bilinirsə, nəcisdir.

Məsələ 38: Nəcis olan bir yerə yağış yağarsa, pak olar. Əgər yağış suyu yerdə axmağa başlayıb, yağmağa davam etdiyi halda, tavanın altındakı nəcis yerə yetişirsə, oranı da pak edər.

Məsələ 39: Yağış suyunun bütün hissələrini əhatə etdiyi nəcis torpaq pak olur, bu şərtlə ki, suyun torpağa yetişməsi səbəbilə muzaf olması məlum olmasın.

Məsələ 40: Bir yerdə toplanmış yağış suyu, kürr miqdarından az olsa belə, yağış yağdığı zaman nəcis bir şey onun içərisində yuyularsa, o su nəcasətin iyi, rəng və ya dadını almazsa, nəcis şey pak olar.

Məsələ 41: Nəcis bir yer üzərində sərili olan pak bir xalçanın üzərinə yağış yağsa və yağış yağmağa davam etdiyi halda xalçadan yerə keçərsə, xalça nəcis olmaz. Həmin yer isə nəcisdən paklanar.

5 - QUYU SUYU


Məsələ 42: Yerdən qaynayan quyu suyu, kürr su miqdarından az olsa belə, nəcasət ona dəydiyi zaman onun iyi, rəng və ya dadı o nəcasət vasitəsi ilə dəyişməyincə, həmin su pakdır.

Məsələ 43: Əgər quyuya nəcis tökülsə və onun iyini və ya rəngini, yaxud da dadını dəyişsə, suda baş verən dəyişiklik aradan getsə pak olur. Amma ehtiyat-vacibə əsasən pak olmağı bu şərtlədir ki, quyudan coşub çixan su ilə qarışsın.

SULARIN HÖKMLƏRİ


Məsələ 44: Mənası on üçüncü məsələdə deyilən muzaf su nəcis şeyi pak etmir, onunla alınan dəstəmaz və qüsl batildir.

Məsələ 45: Muzaf su, kürr miqdarında olsa belə, ona bir zərrə nəcasət dəysə, nəcis olur. Amma yuxarıdan nəcis bir şeyin üzərinə tökülərsə, nəcis şeyə dəyən hissəsi nəcis və qalan hissəsi pakdır. Məsələn, gül suyunu gülab suyu qabından nəcis olan əl üzərinə tökərlərsə, ələ yetişən hissəsi nəcisdir, ələ yetişməyən hissəsi isə pakdır.

Məsələ 46: Əgər nəcis olan muzaf su, kürr yaxud axar su ilə, daha ona muzaf su deyilməyəcək şəkildə qarışsa, pak olar.

Məsələ 47: Mütləq olan bir suyun sonradan muzaf olub-olmadığı bilinməzsə, mütləq su kimidir, yəni nəcis şeyi pakladığı kimi onunla dəstəmaz və qüsl də səhihdir. Muzaf olan bir suyun da sonradan mütləq olub-olmadığı bilinməzsə, muzaf su kimidir, yəni nəcis şeyi paklamadığı kimi, onunla dəstəmaz və qüsl də batildir.

Məsələ 48: Mütləq və ya muzaf olduğu bəlli olmayan bir suyun, əvvəlcədən də muzaf və ya mütləq olduğu məlum olmazsa, nəcasəti paklamadığı kimi, onunla dəstəmaz və qüsl də batildir. Ona bir nəcasət dəyərsə və su, kürr miqdarından az olsa nəcis olur. Əgər kürr miqdarında və ya ondan çox olarsa, ehtiyat-vacibə əsasən nəcis olur.

Məsələ 49: Qan və sidik kimi nəcasətin dəyməsi ilə bir suyun iyi, rəng və ya dadı dəyişərsə, kürr və ya axar su olsa belə, nəcis olur. Hətta suyun iyi, rəng və ya dadı onun xaricində olan bir nəcasət vasitəsilə dəyişərsə, məsələn; suyun kənarında olan murdar olmuş heyvan bir miqdar onun iyini dəyişdiribsə, ehtiyat-lazıma görə nəcis olur.

Məsələ 50: Qan və sidik kimi eyni nəcisin tökülməsi nəticəsində iyi, rəng və ya dadı dəyişən bir su, əgər kürr və ya axar suya bitişərsə, yaxud üzərinə yağış yağsa və ya külək yağışı ona çiləyərsə və yaxud yağış suyu yağış yağa-yağa navalçadan onun üzərinə tökülərsə və bu halların hamısında onun dəyişikliyi yox olarsa, həmən su pak olar. Amma gərək, yağış suyu kürr və ya axar su ilə qarışsın.

Məsələ 51: Nəcis bir şeyi kürr və ya axar su içərisində yusalar, onun pak olduğu yuyulmadan sonra ondan tökülən su pakdır.

Məsələ 52: Pak olan bir suyun, sonra nəcis olub-olmadığı bilinməzsə, pakdır. Nəcis olan bir suyun da pak olub-olmadığı bilinməzsə, nəcisdir.

TƏXƏLLİNİN HÖKMLƏRİ


Məsələ 53: Təxəlli və digər vaxtlarda insana vacibdir ki, öz övrətini yetkinlik yaşına çatmış adamlardan, ona məhrəm olan ana və bacısından, dəlidən, yaxşını pisdən seçən uşaqdan gizlətsin. Lakin ər və arvada öz övrətlərini bir-birindən gizlətmək lazım deyil.

Məsələ 54: İnsanın övrətini xüsusi bir şeylə örtməsi vacib deyil, məsələn, öz əli ilə də örtsə kifayətdir.

Məsələ 55: Ehtiyat-lazıma əsasən təxəlli zamanı bədənin ön tərəfi, yəni qarın və sinə yaxud arxası qibləyə olmasın.

Məsələ 56: Təxəlli vaxtında bədəninin ön tərəfi və ya arxa tərəfi qibləyə tərəf olan bir şəxs, yalnız övrətini qiblədən döndərərsə, kifayət etməz. Ehtiyat-vacib budur ki, təxəlli vaxtında övrətini də üzü və arxası qibləyə çevirməsin.

Məsələ 57: Ehtiyat-müstəhəb budur ki, bədənin qabaq tərəfi (hökmləri sonradan açıqlanan) istibrada, həmçinin sidik və ğaitin məxrəci yuyularkən üz və arxa, qibləyə tərəf olmasın.

Məsələ 58: Əgər insan, naməhrəm bir adamın onu görməməsi üçün, ön və ya arxa tərəfini qibləyə çevirəcək şəkildə oturmağa məcburdursa ehtiyat-lazıma əsasən arxası qibləyə oturmalıdır.

Məsələ 59: Ehtiyat-müstəhəb budur ki, uşağı da təxəlli zamanı üzü və ya arxası qibləyə tərəf oturtmasınlar.

Məsələ 60: Dörd yerdə təxəlli etmək haramdır:
1. Sahibi icazə verməyən bağlı küçələrdə (dalanlarda) və bundan başqa, camaatın əziyyətinə səbəb olacaq küçələrdə və yollarda;
2. Təxəlliyə icazə verilməyən mülkdə.
3. Xüsusi şəxslər üçün vəqf olan yerlərdə, məsələn, bəzi mədrəsələrdə.
4. Möminin qəbri üzərində ona hörmətsizlik olarsa; Hətta əgər ehtiramsızlıq olmasa da, haramdır; amma əgər yer əsli mübah yerlərdən olsa haram olmaz. Həmçinin bir din və məzhəb müqəddəslərinin hörmətinin aradan getməsinə səbəb olsa, haramdır.

Məsələ 61: Üç halda ğaitin çıxış yeri, yalnız su ilə pak edilir:
1- Qaitlə birlikdə başqa nəcasət (qan kimi) çölə gələrsə.
2-Kənardan bir nəcasət ğaitin məxrəcinə dəymişdirsə. Qadınlarda bövlün ğait məxrəcinə yetişməsi istisnadır.
3-Məxrəcin ətrafı adi miqdardan artıq bulaşmışdırsa.
Bu üç haldan başqa qalan hallarda, məxrəc su ilə yuyula bildiyi kimi, qarşıda göstəriləcəyi qaydada, parça, daş və bunlara bənzər şeylərlə də paklana bilər, amma su ilə yuyulması daha yaxşıdır.

Məsələ 62: Sidiyin məxrəci sudan başqa bir şeylə paklanmaz. Bir dəfə yumaq kifayətdir. Amma ehtiyat-müstəhəb budur ki, iki dəfə yuyulsun. Daha yaxşı olar üç dəfə yuyulsun.

Məsələ 63: Ğaitin məxrəci su ilə yuyulduğu təqdirdə, orada ğait qalmamalıdır. Amma rənginin və iyinin qalmasında heç bir maneə yoxdur. Birinci dəfə yuyulduqda onda ğaitdən bir zərrə belə qalmasa, ikinci dəfə yuyulmasına ehtiyac yoxdur.

Məsələ 64: Ğaitin məxrəci quru və pak olan daş, kəsək, bez parçası və buna bənzər şeylərlə paklana bilər, hətta məxrəcə təsir etməyəcək şəkildə azacıq rütubətli olsa belə, heç bir maneəsi yoxdur.

Məsələ 65: Ğaitin məxrəcini daş, kəsək və ya bez parçası ilə bir dəfə silməklə tamamilə paklanırsa, kifayətdir. Amma daha yaxşı olar üç dəfə silinsin. Hətta üç ayrı parça olması daha yaxşıdır. Amma əgər üç dəfə silməklə paklanmazsa, məxrəc tamamilə paklanıncaya qədər davam etmək gərəkdir. Amma adətən yuyulmadan aradan getməyən zərrələrin qalmasının eybi yoxdur.

Məsələ 66: Allahın və Peyğəmbərlərin adları yazılmış kağız kimi, ehtiram göstərilməsi vacib olan şeylərlə ğaitin məxrəcini paklamaq haramdır. Sümük və təzəklə də ğait məxrəcinin paklamağın eybi yoxdur.

Məsələ 67: Məxrəcini paklayıb paklamadığında şəkk edən bir şəxs adətən sidik və ğaitdən sonra dərhal özünü pak edirmişsə də, yenidən paklaması lazımdır.

Məsələ 68: Əgər namazdan sonra bir şəxs namazdan əvvəl övrətinin məxrəcini paklayıb-paklamadığında şəkk edərsə, qıldığı namaz səhihdir. Amma sonrakı namazlar üçün paklaması lazımdır.

İSTİBRA


Məsələ 69: İstibra, kişilərin sidikdən sonra, sidiyin sidik kanalında qalmamasına əmin olmaları üçün yerinə yetirdikləri müstəhəbb bir əməldir. İstibra bir neçə növdür: Onlardan ən yaxşısı budur ki, əgər sidik kəsildikdən sonra, ğaitin məxrəci nəcis olmuşdursa, əvvəlcə onu pak etməli, sonra üç dəfə sol əlin orta barmağı ilə ğaitin məxrəcindən alətin kökünə qədər çəkməli və daha sonra baş barmağı alətin üzərinə və onun yanındakı barmağı da alətin altına qoyaraq, aləti sünnət olunan yerə qədər üç dəfə çəkməlidir. Sonra isə alətin başını üç dəfə sıxmalıdır.

Məsələ 70: Bəzən şəhvət hissinin təhrik olunmasından sonra insandan gələn «məzi» adlanan su, pakdır. Həmçinin, mənidən sonra gələn «vəzi» adlanan və bəzən sidikdən sonra gəlib «vədi» adlanan su da əgər bövl və məni ona qatışmayıbsa pakdır. Belə ki, əgər insan bövl etdikdən sonra istibra etsə və sonra ondan bir su gəldiyi zaman sidik və ya bu üç sudan biri olmasında şəkk edərsə, pakdır.

Məsələ 71: Əgər insan istibra edib-etməməsinə dair şəkk edirsə və ondan bir nəm xaric olursa, onun pak və ya nəcis olmasını bilmirsə, nəcisdir və dəstəmaz alıbsa batildir. Amma etdiyi istibranın səhih olub-olmadığında şəkk edirsə və bu zaman ondan nəm gəlirsə və bunun pak olub-olmadığını bilmirsə, pak sayılır və dəstəmazı batil deyil.

Məsələ 72: İstibra etməyən şəxs, əgər bövl etdiyi vaxtdan bir müddət keçəndən sonra məcrada sidiyin qalmamasına arxayın olsa və sonra bir nəm görüb onun pak olub-olmamasında şəkk edərsə, o nəm pakdır. Dəstəmazı da batil etmir.

Məsələ 73: Əgər insan sidikdən sonra istibra edib dəstəmaz alsa və dəstəmazdan sonra özündə sidik, və ya məni olması ona məlum olan bir nəmlik müşahidə edərsə, bu halda ehtiyata əsasən qüsl edib dəstəmaz alması vacibdir. Amma dəstəmaz almamışdırsa, yalnız dəstəmaz alması kifayətdir.

Məsələ 74: Qadın üçün bövlün istibrası yoxdur. Əgər özündə nəmlik görərsə və bu nəmliyin sidik olub-olmamasına şəkk edərsə, pakdır. Həmin rütubət qüslü və dəstəmazı da batil etməz.

TƏXƏLLİNİN MÜSTƏHƏBATI VƏ MƏKRUHATI


Məsələ 75: İnsanın təxəlli vaxtında bir şəxsin görməyəcəyi bir yerdə oturması, təxəlli yerinə daxil olduğu zaman əvvəl sol ayağını və çıxanda əvvəl sağ ayağını atması, təxəlli halında ikən başını örtməsi və bədəninin ağırlığını sol ayağına salması müstəhəbbdir.

Məsələ 76: Təxəlli vaxtında Günəşlə və ya Ayla üzbəüz oturmaq məkruhdur. Amma övrətini bir şeylə örtsə məkruh deyil. Habelə külək qabağında, yolda, xiyabanda, küçədə, evin qapısında və meyvə verən ağacın altında təxəlli etmək, təxəlli vaxtı nə isə yemək, çox oturmaq, sağ əl ilə yumaq məkruhdur. Həmçinin təxəlli vaxtı danışmaq, (da məkruhdur) amma məcbur qalarsa və ya zikr edərsə eybi yoxdur.

Məsələ 77: Ayaq üstə, bərk yerə, heyvanların yuvasına, suya, xüsusi ilə durğun (axarı olmayan) suya bövl etmək məkruhdur.

Məsələ 78: Bövl və qaitin qarşısını almaq məkruhdur. Əgər qarşısını almaqla bədənə böyük bir zərər çatsa, haramdır.

Məsələ 79: İnsanın namazdan, yatmazdan, cinsi əlaqədən əvvəl və məni gəldikdən sonra bövl etməsi müstəhəbdir.

NƏCASƏTLƏR → ← TƏQLİDİN HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français