ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLı ŞƏRIƏT HÖKMLƏRİ

PAKLAYICILAR → ← TƏHARƏTİN HÖKMLƏRİ

NƏCASƏTLƏR

Məsələ 80: Nəcasət on şeydən ibarətdir.
1. Sidik.
2. Ğait.
3. Məni.
4. Murdar olmuş heyvan.
5. Qan.
6. İt.
7. Donuz.
8. Kafir.
9. Şərab.
10. Nəcis yeyən heyvanın təri.

1 - 2 BÖVL VƏ ĞAİT (İFRAZAT)


Məsələ 81: İnsanın və atıcı qanı olan (yəni, damarını kəsdikdə, qanı sıçrayışla gələn) haram ətli heyvanların sidik və ğaiti nəcisdir. Atıcı qanı olmayan heyvanların; məsələn: əti haram olan balığın sidik və ğaiti və kiçik canlıların; məsələn: əti olmayan ağcaqanad və milçəy kimi, həşəratın fəzləsi pakdır. Lakin ehtiyat-lazım budur ki, gərək qanı sıçramayan əti haram heyvanların sidiyindən çəkinilsin.

Məsələ 82: Əti haram olan quşların sidik və ğaitləri pakdır, amma daha yaxşı budur ki, onlardan çəkinilsin.

Məsələ 83: Nəcasət yeyən heyvanın bövl və ğaiti nəcisdir. Yeməlilərin və içməlilərin hökmlərində aydınlaşdırılacağı kimi donuz südü əmən keçi balasının, həmçinin (nəuzu billah) insanın cinsi əlaqədə olduğu heyvanın sidik və ğaiti də eyni hökmü daşıyır.

3 - MƏNİ


Məsələ 84: Kişinin və sıçrayan qanı olan hər heyvanın mənisi, nəcisdir. Qadından şəhvətlə xaric olan və onun cənabətli olmasına səbəb olan rütubət, 345-ci məsələdə qeyd olunacağı kimi, məni hökmündədir. Ehtiyat-vacibə görə, sıçrayıcı qanı olan əti halal erkək heyvanında mənisindən çəkinmək lazımdır.

4 - MURDAR


Məsələ 85: İnsanın, eləcə də istər özü ölmüş olsun, istərsə şəri qaydalara görə kəsilməmiş olsun, sıçrayan qanı olan heyvanın ölüsü nəcisdir. Balığın sıçrayan qanı olmadığından, suyun içində belə ölsə, pakdır.

Məsələ 86: Murdar olmuş heyvanın yun, tük, keçi yunu, sümük və diş kimi, ruhu olmayan hissələri pakdır.

Məsələ 87: İnsanın və ya sıçrayan qanı olan bir heyvanın bədənindən diri ikən, ət və ya ruhu olan başqa bir şey qoparılsa, o şey nəcisdir.

Məsələ 88: Dodaqdan və bədənin ayrı yerlərindən qoparılan azacıq dərilər ruhu olmasa və asanlıqla qoparılmış olsa, pakdır.

Məsələ 89: Toyuğun qarnından çıxarılan yumurta qabığı bərkiməmiş olsa belə, pakdır. Amma gərək zahiri suya çəkilsin.

Məsələ 90: Ot yeməyə başlamadan ölən quzu və çəpişin qursağından tutulan pendir mayası pakdır, amma maye olması sübut olmasa gərək murdarın bədəninə toxunan hissə yuyulsun.

Məsələ 91: İnsan xarici ölkələrdən gətirilən maye dərmanlar, ətir, krem, yağ və sabunun nəcis olduğuna əmin olmazsa, pakdır.

Məsələ 92: Şəriət qaydalarına əsasən kəsilən heyvandan olduğuna ehtimal verilən ət, piy və dəri pakdır. Amma əgər kafirin əlindən alınarsa və ya kafirdən, şəri üsullara görə kəsilmiş olan heyvandan olub-olmadığını araşdırmadan almış olan bir müsəlmanın əlində olarsa, bu ət və piyin yeyilməsi haramdır. Amma belə bir dəridə namaz qılmaq icazəlidir. Bununla belə müsəlmanların bazarından və ya kafirdən almış olduğu bilinməyən halda bir müsəlmandan alsa, və yaxud kafirdən alınmışsa da, təhqiq edildiyi ehtimal verilərək alınan ət və piyin yeyilməsi icazəlidir. Bu şərtlə ki, o müsəlman, onda halal ətə məxsus olan bir təsərrüf etsin, məsələn, yeyilmək üçün satsın.

5 - QAN


Məsələ 93: İnsanın və sıçrayan qanı olan, yəni damarı kəsildikdə qanı sıçrayaraq axan hər bir heyvanın qanı nəcisdir. Buna görə, balıq və ağcaqanad kimi sıçrayan qanı olmayan heyvanların qanı pakdır.

Məsələ 94: Şəriət qanunlarına görə kəsilən, əti halal heyvanın qanı normal miqdarda axdıqdan sonra, bədənində qalan qan pakdır. Amma nəfəs alması və ya heyvanın başının yuxarıda olması səbəbilə qan heyvanın bədəninə qayıdarsa, o qan nəcisdir.

Məsələ 95: Ehtiyat-müstəhəb budur ki, toyuq yumurtasının sarısında qan zərrəsi olarsa çəkinilsin.

Məsələ 96: Bəzən süd sağılarkən görünən qan nəcisdir və südü də nəcis edir.

Məsələ 97: Dişlərin arasından gələn qan, əgər ağızın suyu ilə qarışması nəticəsində aradan gedirsə, ağızın suyundan çəkinmək lazım deyil.

Məsələ 98: Əzilmə nəticəsində dırnaq və ya dəri altında ölən qan, qan deyilməyəcək bir formaya gəlmişdirsə, pakdır. Amma əgər, ona qan deyilərsə, xaricə çıxarsa, nəcisdir. Bu halda dırnaq və ya dəri deşilmişdirsə, qan bədənin zahirindən bir hissə hesab olunursa, dəstəmaz və ya qüsl almaq üçün, o qanı xaricə çıxararaq oranı paklamaq əziyyətlidirsə, təyəmmüm etməlidir.

Məsələ 99: Əgər insan, dəri altında ölü qan toplandığını və ya əzilmə nəticəsində ətin o hala gəldiyini bilməzsə, pakdır.

Məsələ 100: Ehtiyat-lazıma əsasən əgər xörək qaynayan zaman içinə bir zərrə qan düşsə, xörək və onun qabı nəcis olur. Qaynamaq, hərarət və od, paklayıcı deyil.

Məsələ 101: Sağalmaqda olan yaranın ətrafında olan sarı rəngli suyun qanla qarışması məlum olmasa, pakdır.

- 7 - 6İT VƏ DONUZ


Məsələ 102: İt və donuz hətta onların tükü, sümüyü, pəncəsi, dırnağı və rütubəti nəcisdir.

8 - KAFİR


Məsələ 103: Kafir, yəni Allaha və Onun vahidliyinə inanmayan şəxs və ğulat, (yəni İmamlardan (ələyhimus-səlam) hər hansı birisinin Allah olduğuna inanan və ya Allahın onlarda hülul etdiyini söyləyən şəxs), həmçinin xəvaric və nəvasib, (yəni İmamlara düşmənlik elan edənlər,) nəcisdirlər. Həmçinin nübüvvəti (Allah tərəfindən peyğəmbərlər göndərildiyini) və ya dinin zəruri hökmlərindən birini (namaz və oruc kimi), inkar edərsə, bu iş hətta ümumi şəkildə olsa belə, Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) təkzib olunmasını lazım tutarsa, nəcisdir. Amma kitab əhlinin, (yəhudi, xristian və məcusilər) pak olmasına hökm olunur.

Məsələ 104: Kafirin bütün bədəni, hətta dırnaq, tük və rütubəti də nəcisdir.

Məsələ 105: Əgər həddi-büluğa çatmamış uşağın atası, anası, babası və nənəsi kafir olarsa, nəcisdir. Amma o, ağlıkəsən olub müsəlman olduğunu izhar etsə, pakdır. Əgər öz ata-anasından üz döndərib müsəlmanlara meyl etsə, yaxud təhqiqat və araşdırma halında olsa, onun nəcis olmasına hökm etmək müşküldür. Amma əgər ata, ana, baba, və nənəsindən biri müsəlman olarsa 217-ci məsələdə aydınlaşdırıldığına əsasən o uşaq pakdır.

Məsələ 106: Müsəlman olub-olmadığı bilinməyən və müsəlman olduğuna dəlil olacaq bir nişanə də olmayan şəxs pakdır. Lakin müsəlmanların sair hökmləri ona aid edilmir; məsələn: müsəlman qadınla evlənə, yaxud müsəlmanların qəbiristanlığında dəfn oluna bilməz.

Məsələ 107: Əgər müsəlman şəxs, on iki İmamlardan (ələyhimus-səlam) birinə düşmənlik üzündən nalayiq söz desə, nəcisdir.

9 - ŞƏRAB


Məsələ 108: Şərab nəcisdir. Amma insanı məst edən (sərxoş edən) sair şeylər nəcis deyil.

Məsələ 109: Texniki və tibbi spirtin bütün növləri pakdır.

Məsələ 110: Üzüm suyu, özü-özünə və ya bişirmək vasitəsi ilə qaynayarsa pakdır, amma içilməsi haramdır. Həmçinin ehtiyat-vacibə əsasən qaynadılmış üzümün də içilməsi haramdır, amma nəcis deyil.

Məsələ 111: Xurma, mövüc və kişmiş, və onların suyu qaynasa da belə, pak və yeyilməsi halaldır.

Məsələ 112: Əksər hallarda arpadan çəkilən yüngülvari sərxoşluq gətirən və pivə deyilən şeyin içilməsi haram və ehtiyat-vacibə görə nəcisdir. Amma heç bir məstliyə səbəb olmayan arpa suyu pak və halaldır.

10 - NƏCASƏT YEYƏN DƏVƏNİN TƏRİ


Məsələ 113: İnsan nəcisini yeməyə adət edən dəvənin təri nəcisdir. Həmçinin, ehtiyat-vacibə görə, insan nəcisini yeməyə adət edən sair heyvanlar da bu hökmə malikdirlər.

Məsələ 114: Haram yolla cünub olanın təri pakdır, onunla namaz qılmaq səhihdir.

NƏCASƏTİN SÜBUT OLUNMASI YOLLARI


Məsələ 115: Bir şeyin nəcis olmasını üç yolla sübut etmək olar:
1- Bir şeyin nəcis olduğuna, insanın özünün yəqin etməsi və ya ağıl kəsən yolla əmin olmasıyla. Əgər bir şeyin nəcis olduğunu güman edərsə, ondan çəkinməsi lazım deyil. Buna görə murdar və paklığa riayət etməyən, bu kimi məsələlərə laqeyd olan adamların yemək yediyi çayxana və mehmanxanalarda insan, onun üçün gətirilmiş xörəyin nəcis olmasına əmin deyilsə, bunun eybi yoxdur.
2- Yalançılıqla müttəhim olmayan bir şəxsin öz ixtiyarında olan bir şeyin nəcis olmasını söyləməsi. Məsələn, insanın həyat yoldaşı, nökəri, yaxud qulluqçu öz əlindəki şeyin (qab, yaxud başqa bir əşyanın) nəcis olduğunu söyləsə, o şey nəcisdir.
3- İki adil kişinin bir şeyin nəcis olmasını xəbər vermələri. Amma bir şərtlə ki, onların nəcis olmasının səbəbini desinlər. Məsələn, filan şeyin qan, və ya sidiyə dəyməsi nəticəsində nəcis olmasını desələr. Əgər bir adil, yaxud etibarlı sayılan bir kişi xəbər versə və onun sözündən xatircəmlik hasil olmasa, ehtiyat-vacib budur ki, o şeydən çəkinsinlər.

Məsələ 116: Əgər məsələni, bilmədiyi üçün bir şeyin, məsələn, siçan füzləsinin nəcis olub-olmadığını bilməzsə, gərək məsələni soruşub öyrənsin. Amma məsələni bildiyi halda, bir şeyin nəcis və ya pak olduğunda şəkk edərsə, məsələn, bir şeyin qan olub olmadığında və ya insan, yoxsa ağcaqanad qanı olduğuna şəkk edərsə, o şey pakdır. Axtarış aparmaq və soruşmaq lazım deyil.

Məsələ 117: İnsan əvvəlcədən nəcis olan şeyin sonradan pak olub-olmamasında şəkk edərsə, nəcisdir. Əgər əvvəlcədən pak olan bir şeyin sonradan nəcis olub-olmaması barədə şəkk edərsə, pakdır. Onun nəcis və ya pak olmamasını başa düşmək imkanı olsa belə, axtarış lazım deyildir.

Məsələ 118: Hər ikisindən istifadə etdiyi iki qab, yaxud iki paltardan birinin nəcis olmasını bilsə, amma müəyyən şəkildə hansının nəcis olmasını bilməsə, gərək hər ikisindən çəkinsin. Amma öz libasının, yaxud ümumiyyətlə istifadə etmədiyi və başqasının olan paltarın nəcis olması barəsində şəkk etsə, öz paltarından çəkinməsi lazım deyil.

PAK ŞEYLƏRİN NƏCİS OLMASI YOLLARI


Məsələ 119: Əgər pak bir şey, nəcis bir şeyə dəyərsə və onlardan biri və ya hər ikisi rütubətin bir-birinə keçəcəyi şəkildə yaş olarsa, pak olan şey də nəcis olar. Amma vasitələr çoxaldığı halda nəcis olmur. Məsələn: sağ əl sidik dəyməsi nəticəsində nəcis olarsa və təzə bir rütubətlə sol ələ dəyərsə, sol əl də nəcis olacaq. Sol əl quruduqdan sonra yenidən yaş olan bir paltara dəyərsə, o paltar da nəcis olur. Amma o paltar ayrı bir rütubətli şeyə dəyərsə, o şeyin nəcis olduğuna hökm edilməz. Əgər rütubət o birinə sirayət etməyəcək qədər az olsa, pak olan şey nəcisin eyninə dəysə belə, nəcis olmaz.

Məsələ 120: Əgər pak şey nəcis şeyə dəyərsə və insan onlardan birinin və ya hər ikisinin rütubətli olub-olmadığında şəkk edərsə, pak olan şey nəcis olmaz.

Məsələ 121: İnsanın hansının nəcis, hansının pak olduğunu bilmədiyi iki şeydən birinə, yaş olan pak bir şey sonradan toxunarsa, ondan çəkinmək lazım deyil. Amma bəzi hallarda, məsələn: Hər iki şeyin əvvəl nəcis olduğu halda, yaxud başqa bir vasitə ilə digər pak bir şeyə rütubətlə toxunmuş olduqda, çəkinmək lazımdır.

Məsələ 122: Yer, parça və buna bənzər şeylər yaş olduqları zaman, bunların yalnız nəcasətin dəydiyi hissələri nəcis olur, qalan hissələri pakdır. Xiyar, qovun və buna bənzər şeylər də eyni hökmü daşıyır.

Məsələ 123: Şirə, yağ və buna bənzər şeylərdən, bir az götürüldükdə, yeri boş qalmayacaq qədər axıcıdırsa onun bir nöqtəsi nəcis olduğu halda, hamısı nəcis olur. Amma əgər ondan bir az götürüldüyü zaman yeri boş qalacaq şəkildə qatı olsa və sonradan dolursa, bu halda yalnız nəcisin dəydiyi yer nəcis olur. Buna görə əgər siçanın füzləsi ona düşərsə, sadəcə onun düşdüyü yer nəcis, qalan hissəsi isə pakdır.

Məsələ 124: Milçək və ya ona bənzər həşərat yaş olan nəcis bir şeyin üzərinə qonduqdan sonra, uçub yenə yaş olan pak bir şeyin üzərinə qonarsa, insan da onun özü ilə birlikdə nəcasət daşıdığını bilsə, o pak şey də nəcis olur. Əgər bilməsə, pakdır.

Məsələ 125: Bədənin tərləmiş olan bir yeri nəcis olduğu halda, tər oradan bədənin ayrı hissələrinə yayılarsa, tərin yayıldığı yerlər nəcis olar. Əgər tər başqa bir yerə yayılmazsa, bədənin digər hissələri pakdır.

Məsələ 126: Burun və boğazdan gələn qatı bəlğəmin içində qan varsa, qan olan hissələri nəcis, digər hissələri isə pakdır. Buna görə əgər bu bəlğəm ağızın və burunun xaricinə dəyərsə, bəlğəmin nəcis hissələrinin toxunduğuna yəqin edilən yerlər nəcis, şəkk edilən yerlər isə pakdır.

Məsələ 127: Altı dəlik olan aftafanı nəcis bir yer üzərinə qoysalar, əgər aftafanın suyu sızarsa və onun altında aftafadakı su ilə bir sayılacaq şəkildə su toplanırsa, aftafanın suyu nəcis olur. Amma əgər aftafanın suyu təzyiqlə axmaya davam edərsə, nəcis olmaz.

Məsələ 128: Bədənə daxil olaraq nəcasətə dəyən bir şey, bayıra çıxdıqdan sonra nəcasətə bulaşıq olmazsa pakdır. Buna görə ğait məxrəcinə daxil edilən imalə aləti və ya onun suyu və yaxud bədənə batan iynə, bıçaq və buna bənzər şeylər, xaricə çıxdıqdan sonra nəcasətə bulaşıq olmazsa, nəcis deyildir. Həmçinin içəridə qana dəyən ağız suyu və burun suyu, bayıra çıxdıqdan sonra qana bulaşıq olmadığı halda, eyni hökmü daşıyır.

NƏCASƏTİN HÖKMLƏRİ


Məsələ 129: Quranın yazısını və eləcədə hörmətsizliyə səbəb olduqda vərəqini nəcis etmək haramdır. Əgər nəcis olsa, gərək dərhal suya çəkilsin. Hətta ehtiyat-vacibə əsasən hörmətsizlik olmasa da nəcis etmək haram və suya çəkmək vacibdir.

Məsələ 130: Əgər Quranın cildi nəcis olsa və bu, Qurana hörmətsizlik hesab edilsə, gərək onu suya çəksinlər.

Məsələ 131: Quranı qan və murdar kimi eyni nəcisin üstünə qoymaq eyni nəcis quru olsa da ona hörmətsizlik olduğu halda, haramdır.

Məsələ 132: Nəcis mürəkkəblə Quran yazmaq, hətta bir hərf olsa belə, onu nəcis etmək kimi bir şeydir. Əgər yazılmışdırsa, suya çəkmək, yonmaq, və ya buna bənzər bir yolla həmin yazını pozmaq lazımdır.

Məsələ 133: Quranı kafirə vermək əgər Qurana hörmətsizlik olarsa haram və ondan almaq vacibdir.

Məsələ 134: Əgər Quranın vərəqi, yaxud Allahın, Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) və imamların adı üstünə yazılan kağız kimi, hörməti vacib olan şey tualetə düşsə, hərçənd xərci də olsa onu çıxartmaq və suya çəkmək vacibdir. Əgər onu çıxartmaq mümkün deyilsə, vərəqin tamamilə aradan getməsinə yəqin etməyənə kimi o tualetə getmək olmaz. Həmçinin tualetə türbət düşsə və çıxardılması mümkün olmasa, tamamilə aradan getməsinə yəqin edilməyənə kimi oraya getmək olmaz.

Məsələ 135: Nəcis olan bir şeyin həm yeyilib-içilməsi, həm də başqasına yedirdilib-içirdilməsi haramdır. Amma uşaq və dəliyə yedirdilməsi icazəlidir. Həmçinin uşağın və dəlinin özü, nəcis olmuş bir yeməyi yeyərsə və ya əli ilə yeməyi nəcis etdikdən sonra yeyərsə, onun qarşısını almaq lazım deyil.

Məsələ 136: Paklanması mümkün olan nəcis bir şeyi satmağın və ya başqasına icarəyə verməyin eybi yoxdur. Amma aşağıdakı iki şərtlə qarşı tərəfə o şeyin nəcis olduğunu deməlidir:
1- Tərəfin (alıcının), şəri təkliflə müxalifət etməsi gözlənilərsə, məsələn, onu yeməkdə və içməkdə işlədəcəyi bilinərsə, (ona bildirməlidir). Amma əgər belə olmazsa deməsi lazım deyil. Məsələn: tərəf (alıcı, icarəçi) onunla namaz qılmaq istəsə, ona paltarının nəcis olduğunu bildirməsi lazım deyil. Çünki, paltarın pak olması real şərt deyildir.
2- Tərəfin, onun sözünə etina edəcəyinə ehtimal verməlidir. Amma əgər tərəfin onun sözünə etina etməyəcəyini bilirsə, söyləməsi lazım deyil.

Məsələ 137: İnsan, birisinin nəcis bir şeyi yediyini və ya nəcis libasla namaz qıldığını görsə, ona deməsi lazım deyil.

Məsələ 138: Əgər evinin və ya xalçasının bir yeri nəcis olan bir şəxs, onun evinə girən şəxslərin bədən, libas və ya başqa bir şeylərinin rütubətli olaraq o nəcis yerə dəydiyini görsə, onda onun özü buna səbəb olmuşsa, əvvəlki məsələdə açıqlanan iki şərtlə məsələni onlara deməlidir.

Məsələ 139: Əgər ev sahibi yemək yiyərkən yeməyin nəcis olduğunu başa düşsə, qeyd etdiyimiz ikinci şərtlə gərək qonaqlara desin. Amma qonaqlardan biri başa düşsə, sair qonaqlara xəbər verməsi lazım deyil. Əgər, demədiyi təqdirdə onlarla ünsiyyəti nəticəsində özü də nəcisə bulanacaqsa, gərək qonaqlara desin.

Məsələ 140: Əgər insanın kirayə etdiyi bir şey nəcis olarsa, 136-cı məsələdə keçən iki şərtlə, onun sahibinə bildirməlidir.

Məsələ 141: Əgər uşaq, bir şeyin nəcis olduğunu və ya nəcis bir şeyi yuduğunu söyləyərsə, sözü qəbul edilməməlidir. Amma müməyyiz və pak-nəcisi yaxşı-yaxşı dərk edən bir uşaq bir şeyi yuduğunu söyləyərsə, əgər o şey onun istifadə etdiyi bir şey olsa və ya onun sözündən insana xatircəmlik gəlsə, sözü qəbul edilməlidir. Həmçinin bir şeyin nəcis olduğunu söyləyərsə yenə də hökm eynidir.

PAKLAYICILAR → ← TƏHARƏTİN HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français