ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLı ŞƏRIƏT HÖKMLƏRİ

QƏSBİN HÖKMLƏRİ → ← SÜD VERMƏNİN HÖKMLƏRİ

TƏLAQIN HÖKMLƏRİ

Məsələ 2464: Öz arvadına təlaq verən kişi, gərək baliğ və aqil olsun, amma əgər on yaşlı uşaq öz arvadına təlaq versə, gərək bu halda ehtiyata əməl etmək tərk olunmasın; həmçinin kişi gərək öz ixtiyarı ilə təlaq versin və əgər arvadına təlaq verməyə onu məcbur etsələr, təlaq batildir; və həmçinin gərək təlaq vermək qəsdi olsun, əgər siğəsini zarafat ilə, yaxud sərxoş halda desə, səhih deyil.

Məsələ 2465: Qadın gərək təlaq vaxtında heyz və nifas qanından pak olsun və əri o paklıqda onunla yaxınlıq etməmiş olsun. Bu iki şərtin təfsili gələcək məsələlərdə deyiləcək.

Məsələ 2466: Heyz və nifas halında qadına təlaq vermək üç halda səhihdir:
1) Evlənəndən sonra əri onunla yaxınlıq etməmiş olsun;
2) Hamilə olmağı məlum olsun; əgər məlum olmasa və əri heyz halında təlağını versə və sonra başa düşsə ki, hamilə imiş, təlaq batildir, hərçənd yaxşısı odur ki, ona təlaq verməklə olsa belə ehtiyata riayət edilsin;
3) Kişi qayib olsa və ya hər hansı səbəbdən hətta qadının gizlənməsinə görə, arvadının heyz və nifas qanından pak olub-olmadığını başa düşə bilməsə; Bu halda ehtiyat-vacib budur ki, arvadından ayrıldığı gündən ən azı bir ay keçənə qədər səbr edib sonra ona təlaq versin.

Məsələ 2467: Əgər qadını heyz halından pak olduğunu bilsə və təlaqını versə, sonradan məlum olsa ki, təlaq vaxtında heyz halında imiş, onun təlaqı fərz olunan hal istisna olmaqla batildir. Əgər onun, heyz halında olduğunu bilsə və təlaqını versə, sonradana məlum olsa ki, pak imiş, onun təlaqı səhihdir.

Məsələ 2468: Əgər bir şəxs arvadının heyz, ya nifas halında olduğunu bilə-bilə ondan ayrı düşsə, məsələn, səfərə çıxsa və ona təlaq vermək istəsə, gərək arvadın heyz ya nifas qanından pak olduğuna yəqinlik, ya arxayınlıq hasil edənə kimi səbr etsin və sonra bilsə ki, pak olubdur, ona təlaq verə bilər və həmçinin əgər şəkki olsa, o halda 2466-ci məsələdə göstərilən qayibdə olan kişinin təlaq hökmünə riayət etsin.

Məsələ 2469: Əgər arvadından ayrı düşən kişi öz arvadına təlaq vermək istəsə, belə ki, arvadının heyz və nifas halında olub-olmamasından xəbər tuta bilsə, hərçənd onun xəbəri qadının heyz adəti üzrə, ya şəriətdə müəyyən olunmuş başqa nişanələrdən olsa belə, əgər ona təlaq versə və sonra məlum olsa heyz, ya nifas halında olub, o halda onun təlaqı səhih deyil.

Məsələ 2470: İstər heyz, ya nifas halında olan, istərsə pak olmuş əyalı ilə yaxınlıq etsə və təlaq vermək istəsə, gərək təzədən heyz olub pak olana qədər gözləsin. Amma doqquz yaşı tamam olmamış, yaxud qadının hamilə olması yəqin olsa, əgər yaxınlıq edəndən sonra təlaq versə, həmçinin yaisə olsa da, işkalı yoxdur (yaisənin mənası 2414-ci məsələdə deyilib).

Məsələ 2471: Əgər heyz və nifas qanından pak olan qadın ilə yaxınlıq etsə və həmin paklıqda onun təlaqını versə, sonradan isə məlum olsa ki, təlaq vaxtı hamilə imiş, o təlaq batildir, hərçənd təlaqın yenidən verilməsi ilə olsa belə ehtiyata riayət etmək daha yaxşıdır.

Məsələ 2472: Əgər heyz və nifas qanından pak olmuş qadın ilə yaxınlıq etsə və sonra ondan ayrılsa, məsələn; səfərə getsə, belə ki, səfərdə təlağını vermək istəsə və onun halından xəbərdar ola bilməsə, gərək qadının o paklıqdan sonra qan görüb və təzədən pak olması qədər səbr etsin. Ehtiyat-vacib budur ki, o müddət bir aydan az olmasın. Əgər qeyd olunanlara riayət etməklə təlaq versə, sonra təlağın elə həmin paklıq dövründə baş verməsi məlum olsa, eybi yoxdur.

Məsələ 2473: Əgər kişi xilqətindən, ya xəstəliyinə görə, ya süd verdiyinə görə, ya dərman qəbul etdiyinə görə və ya hansı başqa səbəbdən heyz görməyən arvadına təlaq vermək istəsə və o halda onun yaşda olan qadınlar heyz görürlərsə, gərək öz arvadı ilə yaxınlıq etdiyi vaxtdan üç ay müddətində onunla cima etməkdən çəkinsin və sonra ona təlaq versin.

Məsələ 2474: Təlaqın siğəsi gərək ərəbcə düz və «Taliq» kəlməsi ilə oxunsun, iki adil kişi də onu eşitsinlər. Əgər ərin özü təlaq siyğəsini oxumaq istəsə və arvadının da adı; məsələn: Fatimə olsa gərək desin:
زَوْجَتىِ فَاطِمَةُ طَالِقٌ
«Zovcəti Fatimətu taliqun» yəni mənim arvadım Fatimə azaddır. Əgər başqasını vəkil etsə, gərək o vəkil desin:
زَوْجَةُ مُوَكِّلِىِ فَاطِمَةُ طَالِقٌ
«Zovcətu müvəkkili Fatimətu taliqun» və qadın müəyyən olan halda onun adını demək lazım deyil. Əgər orada hazır olsa və «hazihi taliqun» deyərək ona işarə etsə və ya ona xitab edilərək ənti taliq desə, kifayətdir. Əgər kişi təlaq siğəsini ərəbcə oxuya bilməsə və ya vəkil tuta bilməsə, hansı dildə olursa olsun, ərəbcə oxunan siğənin mənasını deyib, təlaq verə bilər.

Məsələ 2475: Müvəqqəti əqd ilə siğə olunmuş qadının təlaqı yoxdur. Onun azad olması, əqdin tamam olması ilə, yaxud kişinin ona «Müddəti sənə bağışladım» deyərək müddəti bağışlaması ilə olur. Şahid tutmaq və qadının heyzdən pak olması lazım deyil.

TƏLAQIN İDDƏSİ


Məsələ 2476: Doqquz yaşı tamam olmamış, habelə yaisə qadının iddəsi yoxdur, yəni əri onunla yaxınlıq etsə də, təlaqdan sonra dərhal ərə gedə bilər.

Məsələ 2477: Doqquz yaşı tamam olan və yaisə olmayan qadının əri onunla yaxınlıq edib təlaqını versə, təlaqdaq sonra gərək iddə saxlasın. İki heyzin arasındakı fasilə üç aydan az olan qadının iddəsi odur ki, əri paklığında ona təlaqını verəndən sonra o qədər gözləsin ki, iki dəfə heyz görsün və pak olsun. Üçüncü heyzi görən kimi onun iddəsi tamam olur və ərə gedə bilər, amma əgər yaxınlıq etməmişdən qabaq ona təlaq versə, iddəsi yoxdur, yəni təlaqdan sonra dərhal ərə gedə bilər, amma əgər ərindən xaric olan məni, (cəzb və ya ona oxşar yol ilə) qadının fərcinə daxil olsa, bu halda gərək iddə saxlasın.

Məsələ 2478: Heyz görməyən qadın əgər heyz görən qadınlar yaşda olsa, ya iki heyzi arasındakı zaman fasiləsi üç aydan artıq olsa, belə ki, əri onunla yaxınlıq etdikdən sonra təlaq versə, gərək təlaqdaq sonra qəməri tarixlə üç ay iddə saxlasın.

Məsələ 2479: İddəsi üç ay olan qadının əgər hilali ayın əvvəlində təlaqını versələr, üç ay iddə saxlasın. Əgər ayın əsnasında təlaqını versə, gərək ayın qalanını sonrakı iki ay ilə bərabər və birinci aydan, qalanını isə dördüncü aydan iddə saxlasın ki, üç ay tamam olsun. Məsələn, əgər ayın 20-ci gününün qürubunda təlaqını versələr və o ay 30 gün olsa, onun iddəsi dördüncü ayın 20-ci günü qürub vaxtı tamam olur. Əgər ay 29 gün olsa, ehtiyat-vacib budur ki, dördüncü aydan 21 gün iddə saxlasın ki, birinci aydan iddə saxladığı miqdarla 30 gün olsun.

Məsələ 2480: Əgər hamilə qadına təlaq versələr, iddəsi uşaq dünyaya gələnə qədər, ya siqt olana qədərdir. Buna görə də əgər təlaqdan bir saat sonra uşaq dünyaya gəlsə, iddəsi tamam olur, amma bu o haldadır ki, uşaq ərinin şəri övladı olsun. Buna əsasən əgər qadın zinadan hamilə olsa və əri ona təlaq versə, onun iddəsi, uşağa hamiləlik dövrü ilə tamam olmur.

Məsələ 2481: Doqquz yaşı tamam olmuş və yaisə olmayan qadın əgər siğə olunsa, belə ki, əri onunla yaxınlıq etsə və o qadının müddəti tamam olsa, ya əri müddəti ona bağışlasa, gərək iddə saxlasın. Əgər heyz görürsə, gərək iki heyz miqdarında iddə saxlasın və ərə getməsin, ehtiyat-vacibə görə bir dəfə heyz görməsi kifayət deyil və əgər heyz görmürsə 45 gün ərə getməkdən çəkinsin. Hamilə olan halda onun iddəsi uşaq dünyaya gələnə qədər, ya siqt olana qədərdir, hərçənd ehtiyat-müstəhəb budur ki, doğuş və 45 gün arasında hansı daha çox olsa, onu daha çox iddə saxlasın.

Məsələ 2482: Təlaq iddəsinin əvvəli təlaq siğəsi oxunub tamam olandan sonra başlayır, istər qadın ona təlaq verdiyini bilsin, ya bilməsin. Əgər iddə tamam olandan sonra ona təlaq verildiyini başa düşsə, təzədən iddə saxlamağı lazım deyil.

ƏRİ ÖLƏN QADININ İDDƏSİ


Məsələ 2483: Əri ölən qadın hamilə olmasa, gərək Qəməri ayla 4 ay 10 gün iddə saxlasın, yəni ərə getməkdən çəkinsin, hərçənd səğirə, yaisə, siğə, kafir, rici təlaq verilmiş iddə halında olsa, əri onunla yaxınlıq etməsə də, hətta əri uşaq və ya dəli də olmuş olsa, hökm eynidir. Əgər hamilə olsa, gərək doğana qədər iddə saxlasın. Amma 4 ay 10 gün keçməmişdən qabaq dünyaya gəlsə, gərək ərinin ölümündən sonra 4 ay 10 gün gözləsin. Bu iddəyə, vəfat iddəsi deyərlər.

Məsələ 2484: Vəfat iddəsində olan qadına zinət libasları geymək və sürmə çəkmək haramdır. Həmçinin zinət hesab olunan başqa işlər də ona haramdır. Amma evdən çölə getmək ona haram deyil.

Məsələ 2485: Əgər bir qadın ərinin öldüyünü yəqin etsə və vəfat iddəsi tamam olandan sonra ərə getsə, əgər məlum olsa ki, onun əri sonradan ölüb, ikinci əqd də birinci ərinin sağlığında və ya həqiqi vəfat iddəsi dövründə baş veribsə, gərək ikinci ərindən ayrılsın və ehtiyat-vacibə görə iki iddə saxlasın. Əgər ikinci ərindən hamilə olubsa, bu halda doğana qədər ikinci ər üçün (eynilə təlaq iddəsi kimi olan) vəty-şübhə iddəsi, ondan sonra isə birinci ər üçün vəfat iddəsi saxlasın, ya da əvvəlki iddəsini təkmil etsin. Əgər hamilə olmasa və birinci əri ikinci ərinin yaxınlıq etməsindən qabaq ölmüş olsa, əvvəlcə birinci ər üçün vəfat iddəsi, ondan sonra isə ikinci əri üçün vəty-şübhə iddəsi saxlasın. Əgər yaxınlıq vəfatdan qabaq olubsa, onun iddəsi irəlidir.

Məsələ 2486: Vəfat iddəsinin əvvəli əri qayib və ya qayib hökmündə olan halda, ərin ölümündən sonra yox, qadının ərinin ölümündən xəbərdar olmasından başlayır, amma bu hökm əgər qadın həddi-büluğa çatmamış, ya dəli olan surətdə işkallıdır, ehtiyata riayət etmək vacibdir.

Məsələ 2487: Əgər qadın «iddəm tamam olub», desə onun sözü qəbul olunur, amma əgər qadın töhmət vurulan bir məqamda olsa, bu halda ehtiyat-vacibə görə ondan qəbul olunmur, məsələn, əgər iddia etsə ki, bir ayda üç dəfə heyz görüb, onun iddiası təsdiq olunmur. Amma əgər ona yaxın olan qadınlar onun bu adət üzrə heyz görməsini təsdiq etsələr, bu halda ondan qəbul olunar.

BAİN VƏ RİCİ TƏLAQ


Məsələ 2488: Bain təlaqı budur ki, təlaqdan sonra kişinin öz arvadına qayıtmaq haqqı olmasın. Yəni, əqd oxunmadan onu arvad kimi qəbul edə bilməz. Bu altı qismdir:
1. Doqquz yaşı tamam olmayan qadının təlağı.
2. Yaisə olan qadının təlağı.
3. Əqddən sonra əri onunla yaxınlıq etməmiş olan qadının təlaqı.
4. Üç dəfə boşanmış bir qadının təlaqı (2493-ci məsələdə gələcək).
5. Xüli və mübarat təlaqı. Bunların hökmləri sonradan deyiləcək.
6. Şəriət hakiminin, ərinin nə nəfəqəsini təmin etməyə və nə də boşamağa hazır olduğu bir qadına verdiyi təlaq.
Bunlardan başqa olan təlaqlar isə rici təlaqdır. Yəni qadının iddədə olduğu müddətdə əri yenidən ona rücu edə bilər.

Məsələ 2489: Arvadını rici təlaqla boşayan şəxsə arvadını, boşanma zamanı yaşadığı evdən çıxarması haramdır. Amma bəzi zamanlarda ki, qadının zina etmiş olması bunlardan biridir, qadını evdən çıxarmasının eybi yoxdur. Həmçinin qadının ərindən icazəsiz lazımsız işlər üçün evdən çıması haramdır. Kişiyə də vacibdir ki, iddə dövründə onun xərclərini təmin etsin.

RÜCU ETMƏYİN HÖKMLƏRİ


Məsələ 2490: Rici təlaqda kişi iki yolla öz arvadına rücu edə bilər:
1. Qadını, yenidən öz arvadı qərar verməsini bildirən bir söz desin.
2. Bir iş görsə ki, o iş ilə rücu qəsdi olsun. Yaxınlıq etməklə rücu gerçəkləşir, hərçənd rücu qəsdi olmasa da; amma şəhvətli ləms və öpüş ilə rücunun gerçəkləşməsi işkallıdır. Ehtiyat-vacibə görə əgər rücu etmək istəməsə, gərək yenidən təlaq versin.

Məsələ 2491: Rücu etmək üçün kişinin şahid tutması, ya da arvada xəbər verməsi lazım deyil. Hətta əgər heç kəs bilmədən özü rücu etsə, rücu etməyi düzdür. Amma əgər iddədən sonra kişi desə ki, iddə içərisində rücu etmişəm, qadın onu təsdiq etməsə, kişinin öz iddasını isbat etməsi lazımdır.

Məsələ 2492: Öz arvadına rici təlaq verən kişi əgər ondan bir mal alsa və onunla sülh etsə ki, bir daha ona rücu etməsin, hərçənd bu müsalihə düz olsa da və rücu etməməsi vacib olsa da, amma onun rücu etmək haqqı aradan getmir və rücu etdiyi surətdə, yenidən izdivac bərqərar olur.

Məsələ 2493: Əgər bir qadına iki dəfə təlaq verib ona rücu etsə, ya iki dəfə ona təlaq verib və hər təlaqdan sonra əqd etsə, ya bir təlaqdan sonra rücu etsə, o biri təlaqdan sonra əqd etsə, üçüncü təlaqdan sonra o qadın ona haramdır. Amma əgər üçüncü təlaqdan sonra başqasına ərə getsə, beş şərt ilə birinci ərinə halal olar, yəni o qadını təzədən əqd edə bilər:
1. İkinci ərin əqdi həmişəlik olsun. Əgər onu siğə etsə, ondan ayrılandan sonra birinci ər onu əqd edə bilməz.
2. İkinci ər onunla yaxınlıq etsin və düxul olsun və ehtiyat-vacib budur ki, yaxınlıq qadının fərcindən olsun.
3. İkinci ər təlaqını versin, ya ölsün.
4. İkinci ərin təlaq, ya vəfat iddəsi tamam olsun.
5. Ehtiyat-vacibə görə ikinci ər yaxınlıq zamanı baliğ olsun.

XÜL TƏLAQI


Məsələ 2494: Ərinə meyli olmayan və ya ona kərahəti olan qadının mehrini və ya özünə aid olan başqa malını boşanması üçün ərinə bağışlayarsa, buna, xül təlaqı deyilir. Xül təlaqında qadının ərinə qarşı olan meylsizliyi o həddə olmalıdır ki, onun evlilik haqqını riayət etmədiyini təhdid etsin.

Məsələ 2495: Əgər təlaq siğəsini ər özü oxumaq istəsə, qadının adı məsələn: Fatimə olsa qərara alınmış şey verildikdən sonra, desin:
زَوْجَتِى فَاطِمَةُ خَلَعْتُهَا عَلَى مَابَذَلَتْ
«Zovcəti Fatimətu xalə`tuha əla ma bəzələt». Ehtiyat-müstəhəbə görə “Hiyə taliq” cümləsin də, desin. Yəni arvadım Fatiməni verdiyi şey müqabilində xül təlaqı verdim və o azaddır. Qadın müəyyən olan halda bu təlaqda və mübarat təlaqında onun adını demək lazım deyil.

Məsələ 2496: Əgər bir qadın bir kəsi vəkil etsə ki, onun mehrini ərinə bağışlasın və ər də həmin adamı vəkil etsə ki, arvada təlaq versin, belə ki, ərin adı Muhəmməd və qadının adı Fatimə olsa, vəkil təlaq siğəsini bu cür oxuyacaq:
عَنْ مُوَكِّلَتِي فَاطِمَةَ بَذَلْتُ مَهْرَهَا لِمُوَكِّلِى مُحَمَّدٍ لِيَخْلَعَهَاعَلَيْهِ
«Ən muvəkkiləti Fatimətə bəzəltu məhrəhə limuvəkkili Muhəmmədin liyəxlə`əha ələyhi», ondan sonra deyəcək:
زَوْجَةُ مُوَكِّلِى خَالَعْتُهَا عَلَى مَابَذَلَتْ هِيَ طَالِقٌ
«Zəvcətu muvəkkili xalə`tuha əla ma bəzələt fə hiyə taliqun». Əgər bir qadın bir kəsi vəkil etsə ki, mehrdən başqa bir şeyi onun ərinə bağışlasın ki, ona təlaq versin, vəkil gərək «məhrəha» sözünün yerinə o şeyi desin. Məsələn; 100 manat versə gərək desin: «bəzələt mi`ətə manat».

MÜBARAT TƏLAQI


Məsələ 2497: Əgər ər və arvad bir-birlərini istəməsələr, bir-birlərindən ikrah etsələr və qadın bir malı ona təlaq verməsi üçün kişiyə versə, bu təlaqa mübarat təlağı deyilir.

Məsələ 2498: Əgər ər mübarat siğəsini oxumaq istəsə, belə ki, qadının adı Fatimə olsa, gərək desin:
بَارَأْتُ زَوْجَتِى فَاطِمَةَ عَلَى مَابَذَلَتْ
«Barə`tu zəvcəti Fatimətə əla ma bəzələt» və ehtiyat-lazıma əsasən «fəhiyə taliqun», cümləsin də, desin. Yəni mən və arvadım Fatimə, onun verdiyi şeyin müqabilində bir-birimizdən ayrıldıq və o azaddır. Əgər başqasını vəkil etsə, vəkil gərək desin:
عَنْ قِبَلِ مُوَكِّلِى بَارَأْتُ زَوْجَتَهُ فَاطِمَةَ عَلَى مَابَذَلَتْ فَهِىَ طاَلِقٌ
«Ən qibəli müvəkkili barə`tu zəvcətəhu Fatimətə əla ma bəzələt fəhiyə taliqun», hər iki halda əgər «əla ma bəzələt» kəlməsinin yerinə, «bima bəzələt» desə, eybi yoxdur.

Məsələ 2499: Xül və mübarat təlaqının siğəsi gərək imkan olan halda ərəbcə səhih oxunsun və əgər mümkün olmasa, onun hökmü 2474-ci məsələdə olan təlaqın hökmüdür, amma əgər qadın öz malını ərinə bağışlamaq üçün məsələn, azərbaycanca desə ki, təlaq üçün filan malı sənə bağışladım, eybi yoxdur.

Məsələ 2500: Əgər qadın xül, ya mübarat təlaqının iddəsinin əsnasında bəxşiş fikrindən qayıtsa, ər rücu edə bilər və əqdsiz təzədən onu öz arvadı edə bilər.

Məsələ 2501: Mübarat təlaqı üçün ərin aldığı mal gərək mehrdən çox olmasın, hətta ehtiyat-vacibə görə gərək mehrdən az olsun, amma xül təlağında çox olsa, eybi yoxdur.

TƏLAQIN MÜXTƏLİF HÖKMLƏRİ


Məsələ 2502: Əgər bir kişi naməhrəm qadını öz əyalı güman edib, onun ilə yaxınlıq etsə, istər o qadın əri olmadığını bilsin, istərsə də əri olduğunu güman etsin, gərək iddə saxlasın.

Məsələ 2503: Bir kişi öz arvadı olmadığını bildiyi bir qadınla zina etsə, əgər qadın onun əri olmadığını bilsə, iddə saxlaması lazım deyil, amma əri olduğunu güman etsə, ehtiyat-vacibə görə iddə saxlamalıdır.

Məsələ 2504: Əgər bir kişi, bir qadını onunla evlənməsi üçün ərini boşama məcburiyyətində qoymaq məqsədiylə evlilik hüquqlarına riayət etməməsi üçün aldadarsa, o qadının təlağı və əqdi səhihdir. Amma hər ikisi də böyük günah etmiş olurlar.

Məsələ 2505: Əgər qadın əqdin zimnində əri ilə şərt etsə ki, xüsusi şərait irəli gəlsə, məsələn, əgər ər uzun müddətli səfərə getsə, ya məsələn, altı ay onun xərcini verməsə, ya uzun müddət həbsə məhkum edilsə, təlaqın ixtiyarı onunla olsun, bu şərt batildir, amma şərt etsə ki, ərinin tərəfindən xüsusi şərtlərdə və ya heç bir qeyd-şərt olmadan özünə təlaq vermək üçün vəkil olsa, şərt düzdür və əri sonradan onu vəkillikdən əzl edə bilməz, əgər bu halda (vəkil olduğu halda qadın) özünə təlaq versə təlaq səhihdir.

Məsələ 2506: Əri itmiş qadın, əgər başqasına ərə getmək istəsə, gərək adil müctəhidin yanına getsin və «Minhacus-sadiqin» kitabında qeyd etdiyimiz xüsusi şərtlər daxilində müctəhid ona təlaq verə bilər.

Məsələ 2507: Dəlinin ata və ata tərəfindən olan babası, onun arvadına onun məsləhətinə olsa, təlaq verə bilərlər.

Məsələ 2508: Əgər ata, ya ata tərəfindən olan babası öz uşağı üçün bir arvadı siğə etsə, uşağın mükəlləf olan vaxtından bir qədəri siğənin müddətində olsa belə, məsələn, 14 yaşlı oğlan üçün bir qadını iki illik siğə etsə, belə ki, uşağın xeyrinə olsa, o qadının müddətini bağışlaya bilər. Amma onun daimi arvadına təlaq verə bilməz.

Məsələ 2509: Əgər şəri höccət üzündən kişi iki nəfəri adil bilsə və öz arvadına onların qarşısında təlaq versə, bir başqası ki, onların ədaləti onun yanında sübut deyil, əgər ehtimal versə ki, onların ədaləti təlaq verənin yanında sabitdir, o qadını iddə tamam olandan sonra özü üçün və ya başqası üçün əqd edə bilər. Amma onların ədalətli olmadığına yəqin etsə, o qadını əqd edə bilməz.

Məsələ 2510: Kişinin rici təlaq verdiyi qadın, iddəsi tamam olana qədər onun şəri həyat yoldaşı hökmündədir. Belə ki, ərinin ondan hər növ cinsi ləzzət almasına mane olmağa haqqı yoxdur. Caiz və hətta müstəhəbdir ki, qadın özünü onun üçün bəzəsin. Onun icazəsi olmadan evdən çıxması icazəli deyil. Əgər naşizə olmasa, (itaətdən boyun qaçırmasa) nəfəqəsini vermək ərinə vacibdir, eləcə də kəfəni, fitrə zəkatı da ərin öhdəsinədir. Hər biri ölərsə, digəri ondan irs aparır. Kişi, arvadının iddədə olduğu zaman onun bacısını ala bilməz.

QƏSBİN HÖKMLƏRİ → ← SÜD VERMƏNİN HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français