ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

DƏSTƏMAZ → ← PAKLAYICILAR

Qablarla bağlı hökmlər

Məsələ 247. Nəcis leş, it, yaxud donuz dərisindən hazırlanan qab və tuluq nəcisdir və hər hansı bir maye, yaxud əşyaya sirayətedici rütubətlə toxunduqda həmin maye və əşya da nəcasətlənir. Bu əsasla, həmin qaba dəydiyinə görə nəcasətlənmiş qida və mayeni qəbul etmək haramdır, həmçinin bu qəbildən olan qablardakı su ilə alınan dəstəmaz və edilən qüsl də doğru sayılmır. Lakin onlardan təharətin şərt olmadığı əkin sahələrinin suvarılması və heyvanlara su vermək kimi məqsədlər üçün istifadə etməkdə ehtiyata lüzum yoxdur. Hərçənd, müstəhəb ehtiyata əsasən, it, donuz və murdarın yağından (piyindən) qablaşdırmadan başqa məqsədlər üçün də istifadə edilməməlidir.

Məsələ 249. Qızıl və gümüş qablardan qidalanmada istifadə etmək və hətta vacib ehtiyata əsasən, onların adi qaydada istənilən cür istifadəsi, məsələn, dəstəmaz, qüsl, yaxud nəcasətlənmiş əşyaların paklanması üçün onlardan istifadə etmək haramdır. Lakin otaqlarda və bu kimi yerlərdə bəzək əşyası kimi istifadə edilməsi və saxlanılmasına əngəl yoxdur, hərçənd müstəhəb ehtiyat bundan da imtina etməyi tələb edir. Həmçinin, qızıl və gümüş qabların istehsalı ilə məşğul olmaq, onların hazırlanması müqabilində gəlir əldə etmək və alqı-satqısı ilə məşğul olmaq öz-özlüyündə caizdir, lakin müstəhəb ehtiyat budur ki, bundan imtina edilsin.

Məsələ 250. Üzərində qızıl və ya gümüş suyu ilə işləmələr olan qabların istifadəsində ehtiyata lüzum yoxdur.

Məsələ 251. Hər hansı bir metalı qızıl və ya gümüşlə qarışdıraraq ondan qab istehsal edərlərsə, həmin metalın miqdarı o qaba qızıl qab, yaxud gümüş qab deyilməyəcək qədər olduğu təqdirdə onun istifadəsində ehtiyata lüzum yoxdur.

Məsələ 252. İnsan qızıl və ya gümüş qabdakı yeməyibaşqa bir qaba tökərsə, ikinci qab ənənəvi olaraq birinci qabdan qida qəbul etmək üçün vasitə sayılmadığı təqdirdə ehtiyata lüzum yoxdur.

Məsələ 253. Qızıl və gümüşdən hazırlanan stəkan qablamasına qab deyilirsə, qızıl və gümüş stəkan hökmünü daşıyır, qab adlandırılmadığı halda isə istifadəsində ehtiyata lüzum yoxdur.

Məsələ 254. Qab adlandırılmayan qılınc və bıçaq qını, Quran və qələm qutusu kimi şeylər qızıl və gümüşdən olarsa, ehtiyata lüzum yoxdur. Müstəhəb ehtiyata əsasən, qızıl, yaxud gümüş ətir və sürmə qablarından istifadə edilməməlidir.

Məsələ 255. Məcburiyyət halında qızıl və ya gümüş qabdan zərurəti aradan qaldıracaq qədər bir şey yemək, yaxud içməkdə ehtiyata lüzum yoxdur, lakin bu miqdardan artığı caiz deyildir.

Məsələ 256. Qızıl və ya gümüşdən, yoxsa baqa bir şeydən olduğu bilinməyən qabdan istifadə etməkdə ehtiyata lüzum yoxdur.

DƏSTƏMAZ → ← PAKLAYICILAR
العربية فارسی اردو English Azərbaycan Türkçe Français