ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

Quran və mübarək adlarla bağlı bəzi hökmlər → ← Qablarla bağlı hökmlər

DƏSTƏMAZ

Məsələ 257. Dəstəmazda insanın üzü və qolları yuması, başın qabaq hissəsinə və ayaqların üstünə məsh etməsi (yaş əllə sığal çəkməsi) vacibdir.

Üz və əllərin yuyulması ilə bağlı hökmlər

Məsələ 258.Üzü uzununa alnın yuxarısından, saç tüklərinin çıxmağa başladığı yerdən çənənin ucunadək, eninə isə orta barmaqla baş barmağın arasınasığan yer qədər[49]
yumaq lazımdır. Əgər insan bu qədərin azacıq bir hissəsini belə yumazsa, dəstəmaz batil sayılır vəbu qədərin tamamilə yuyulduğuna yəqinlik, yaxud arxayınlıq hasil etmədiyi təqdirdə əmin olmaq üçün onun ətrafını da bir az (artıq) yumalıdır. Həmçinin, vacib ehtiyata əsasən, üz yuxarıdan aşağıya doğru yuyulmalıdır və bunun üçün insanların “yuxarıdan aşağıya doğru yuyulmuşdur” deməsi kifayətdir. Buna əsasən, əgər suyu öncə alnın yuxarı başlanğıcına(saç tüklərinin bitdiyi yerə) tökər, sonra üzün hər iki tərəfinə normal qaydada əyri xətlər şəklində axıdarsa, yuxarıdan aşağıya doğru yuyulma gerçəkləşmişdir. Əgər insan dəstəmaz suyunu alnın yuxarı balanğıcına deyil, daha aşağıya, məsələn alnın aşağı hissəsinə və qaşların üzərinə tökərsə, sonra dərhal alnın quru qalan yuxarı hissəsini islatmaq üçün əlini həmin hissəyə, daha sonra isə suyu tökdüyü yerə və ondan aşağı hissələrə çəkərsə və bu yuma ilə kifayətlənərsə, vacib ehtiyata əsasən, belə bir dəstəmaz düzgün deyil.[50]

Məsələ 259. Bir insanın çənəsi normal insanların çənəsindən uzundursa, üzünü bütövlüklə yumalıdır. Alnında tük çıxdığı, yaxud başının ön hissəsində saçı olmadığı təqdirdə isə normal insanların üzlərini haradan başlayaraq yuduqlarına baxmalı və alnını həmin hissədən başlayaraq normal ölçüdə yumalıdır. Üzü həddən ziyadə enli, yaxud ensiz olması, yaxud barmaqları uzun, yaxud qısa olması səbəbi ilə simmetrik və normal olmayan şəxs isəüzünə mütənasib olan barmaqları nəzərdə tutmalı və belə bir əlin baş və orta barmaqları arasına sığan hissəni yumalıdır.

Məsələ 260. Üzü və qolları elə yumaq lazımdır ki, su bədənin dərisinə dəysin. Əgər bunun qarşısını alan bir maneə olarsa, insan onu aradan qaldırmalıdır. Hətta əgər dəstəmaz alan şəxs qaşlarında, gözlərinin və dodaqlarının kənarlarında suyun dəri ilə təmasına mane olan kir, yaxud başqa bir şeyin olduğunu ehtimal edərsə, onun bu ehtimalı insanların nəzərində əsaslı (məntiqli ehtimal) sayıldığı təqdirdə dəstəmazdan öncə yoxlamalı və belə bir maneə mövcud olduğu halda onu aradan qaldırmalıdır.

Məsələ 261. Üzün dərisi tüklərin arasından görünürsə, suyu dəriyə dəydirmək lazımdır, görünmədiyi təqdirdə isə tüklərin üstünün yuyulması kifayətdir və suyu onların altına çatdırmaq vacib deyil. Lakin suyun tüklərin altına ötürülməsi asan olarsa və bunun üçün xüsusi diqqət tələb olunmursa, bu halda altı da yuyulmalıdır. Buna hər iki tərəfdən saqqalın, yaxud üzün dərisinin üstünü örtən və asanlıqla kənarlaşdırıla bilən bığları misal göstərmək olar.

Məsələ 262. İnsan üzünün dərisinin tüklərin arasından görünüb-görünmədiyi ilə bağlı şəkkə düşərsə, tükləri yumalı və suyu dəriyə də ötürməlidir.

Məsələ 263. Burun boşluğunu, dodaqların və gözlərin yumularkən görünməyən hissələrini yumaq vacib deyil, lakin əgər insan yuyulmalı olan yerlərdən hər hansı bir hissənin yuyulmamış qalması ilə bağlı şəkkə düşərsə, lazımi miqdarı yuduğuna əmin olmaq üçün onların da bir hissəsini yuması vacibdir. Bu məsələni bilməyən bir şəxs məntiqli ehtimalla aldığı dəstəmazda yuyulması lazım olan hissələri yuduğunu güman edirsə, həmin dəstəmazla qıldığı namazlar doğrudur və növbəti namaz üçün yenidən dəstəmaz alması da lazım deyil.

Məsələ 264.Üzü yuduqdan sonra öncə sağ, sonra isə sol qolu dirsəkdən barmaqların ucunadək yumaq lazımdır. İnsan dirsəyini tamamilə yuyub-yumadığına şəkk edərsə, lazımi miqdarı yuduğuna əmin olmaq üçün qolun dirsəkdən yuxarısının(bazunun) da bir hissəsini yumalıdır.

Məsələ 265.Üzünü yumamış əllərini biləyədək yuyan şəxs dəstəmazda qollarını barmaqlarının ucuna qədər yumalıdır və əgər biləklərə qədər yuyarsa, dəstəmazı batildir.

Məsələ 266. Qolları yuxarıdan aşağıya doğru yumaq lazımdır və bunun üçün ürfən (insanlar tərəfindən) “yuxarıdan aşağıya doğru yuyulmuşdur” deyilməsi kifayətdir. Buna əsasən, əgər insan, məsələn, qolun üst tərəfini dirsəkdən əlin ucunadək yuyarsa, sonra əlini dirsəyin iç tərəfinə və aşağısına çəkərək yuyarsa, yuxarıdan aşağıya doğru yuma gerçəkləşmişdir və üst və iç tərəflərin eyni zamanda yuyulması vacib deyil. Ancaq əgər aşağıdan yuxarıya (dirsəklərə) doğru yuyarsa, dəstəmaz batildir. Həmçinin, məsələn, bazuönünün ortasından barmaqlarının ucunadək dəstəmaz niyyəti ilə yuyarsa, sonra fasilə vermədən dirsəkdən bazuönünün ortasınadək olan quru qalmış hissəni yuyarsa, dəstəmaz doğru deyildir. Habelə, əgər suyu dirsəkdən aşağı tökdükdən sonra dərhal əlini dirsəyin quru qalan yuxarı hissəsinə çəkərsə, daha sonra suyu tökdüyü yerə və daha aşağıya çəkərsə, vacib ehtiyata əsasən, bu dəstəmazla kifayətlənə bilməz.[51]

Məsələ 267. Dəstəmaz alan şəxs əlini isladaraq üzünə və qollarına çəkərsə, əl sözügedən üzvlərə çəkildikdə onları isladacaq qədər yaş olduğu və bu hərəkət “yumaq” adlandırıldığı təqdirdə kafidir və bu halda həmin üzvlərin üzərindən su axıtmağa ehtiyac yoxdur.

Məsələ 268. Dəstəmazda üz və qolları birinci dəfə yumaq vacib, ikinci dəfə müstəhəb, üçüncü dəfə isə haramdır. Birinci dəfə yumaq deyərkən dəstəmaz niyyəti ilə üz və qolların tamamilə yuyulması nəzərdə tutulur. Buna əsasən, əgər bir və ya bir neçə dəfə su tökməklə(əllə suyu yaymaqla, yaxud əl çəkmədən)üzv tamamilə yuyularsa, birinci dəfə yuyulma gerçəkləşmiş sayılır və ondan sonrakı yuyulmalar birinci dəfə yuyulma niyyəti ilə olsa da, birinci yuyulmanın tərkib hissəsi sayılmır. Beləliklə, birinci dəfə yuyulmanın yerinə yetirilməsi üçün iki şərt tələb olunur:

1) yuyulma dəstəmaz niyyəti ilə olmalıdır;

2) su üzvü tamamilə, ehtiyata yer qoymayacaq şəkildə yumalıdır.

Həmçinin, növbəti yuyulmada bu iki şərt mövcud olduğu halda ikinci yuyulma yerinə yetirilmiş sayılır. Lakin ikinci yuyulmada birinci şərt mövcud olmazsa, yəni birinci yuyulmadan sonra üzv dəstəmaz niyyəti olmadan yuyularsa, ehtiyatın tələbinə riayət etmək və həmin üzvü ehtiyatən üçüncü dəfə yumamaq lazımdır.[52]

Başa və ayaqlara məsh etməklə bağlı hökmlər

Məsələ 269. Qolların ikisini də yuduqdan sonra başın ön hissəsinə dəstəmaz suyunun əldə qalan rütubəti ilə məsh etmək lazımdır (başqa su ilə olmaz) və başın məshini qolların dəstəmazda yuyulan hər hansı bir hissəsi, yəni dirsəklərdən barmaqların ucunadək hər hansı bir hissə ilə etmək olar. Hərçənd, müstəhəb ehtiyata əsasən, məsh sağ əlin içi (ovucu) ilə edilməlidir və həmçinin, müstəhəb ehtiyata əsasən, məsh yuxarıdan aşağıya doğru edilməlidir.

Məsələ 270.Başın dörd hissəsindən biri olan alından yuxarıya doğru başlayan hissəsi məsh yeridir və bu hissənin hər hansı bir yerinə istənilən ölçüdə məsh edilsə, kifayətdir. Hərçənd, müstəhəb ehtiyata əsasən, uzunluq baxımından bir barmaq uzunluğunda, en baxımından isə üç bağlı barmaq enində yerə məsh edilməlidir.

Məsələ 271. Başın məshinin onun dərisinin səthinə edilməsi vacib deyil, başın ön hissəsindəki saç tüklərinin üzərinə edilməsi də doğrudur. Lakin əgər bir insanın saçı uzun olub daradıqda üzünə tökülürsə, yaxud başının digər hissələrinə çatırsa, saçının daradıqdan sonra başın ön hissəsindən kənara çıxmayan hissəsinə məsh etməlidir. Həmçinin, saçlarını təpə hissəsindən ayıraraq tüklərin kökünə, yaxud başın dərisinə məsh edə bilər. Əgər üzə tökülən, yaxud başın digər hissəsinin üzərinə düşən tükləri başın ön hissəsinə toplayaraq onların üzərinə məsh edərsə, yaxud başın digər hissələrinin onun ön hissəsinin üzərinə düşən tüklərinə məsh edərsə, bu şəkildə məsh batildir.

Məsələ 272. Başa məsh etdikdən sonra dəstəmaz suyunun əldə qalan yaşlığı ilə (269-cu məsələdə başın məshi xüsusunda izah edilən qaydada) ayaqların üzərinə barmaqların birinin ucundan ayağın üzərindəki çıxıntıya, vacib ehtiyata əsasən isə məfsələ qədər məsh etmək lazımdır. Buna əsasən, dəstəmazda ayaqlarına məfsələ qədər deyil, üzərindəki çıxıntıya qədər məsh etdiyini bilən şəxs, vacib ehtiyata əsasən, bu qaydada aldığı dəstəmazla qıldığına əmin olduğu vacib namazlarını yenidən qılmalı, vaxtı keçdiyi təqdirdə isə qəzasını qılmalıdır.[53]
Lakin namazları üçün aldığı dəstəmazda hərçənd təsadüfən də olsa, ayağın məshini məfsələdək etdiyinə məntiqli ehtimalı vardırsa, həmin namazlar doğrudur və onları yenidən qılmaq, yaxud qəzasını qılmaq vacib deyil.

Qeyd etmək lazımdır ki, məshdə əli ayaq barmaqlarının ucunun dırnağa yaxın olan və ürfən ayağın üstü sayılan hissəsinə çəkmək vacibdir,alt tərəfi sayılan hissəsinə isə çəkmək lazım deyildir. Şəkk halında, vacib ehtiyata əsasən, alt, yoxsa üst tərəf sayıldığına şəkk edilən hissəyə də məsh edilməlidir.

Məsələ 273. Müstəhəb ehtiyata əsasən, sağ ayağa sağ əllə, sol ayağa isə sol əllə məsh etmək lazımdır. Həmçinin, müstəhəb ehtiyata əsasən, ayağın məsh barmaqların ucundan başlamalı və topuqlarda bitməlidir. Hərçənd, əks istiqamətdə də məsh etmək olar.

Məsələ 274. Ayaqlara məshin eni istənilən ölçüdə ola bilər, lakin yaxşı olar ki, üç bağlı barmaq enində və hətta lap yaxşı olar ki, bütün ovucla[54]
ayaqların üstü tamamilə məsh edilsin.

Məsələ 275. Ayaqlara məsh edərkən insanın ovucunu barmaqların ucuna qoyub ayağın arxa hissəsinə doğru çəkməsi vacib deyil, ovucu bütöv şəkildə ayağın üzərinə qoyaraq bir qədər çəkmək də olar.

Məsələ 276. Başa və ayaqların üzərinə məsh edərkən əli onların üzərinə çəkmək lazımdır. Əgər insan əlini sabit saxlayaraq baş və ya ayağını ona çəkərsə (altında sürüşdürərsə), məsh batildir. Lakin məsh əsnasında baş, yaxud ayaqlar bir qədər hərəkət edərsə, məshin doğruluğuna xələl gəlmir.

Məsələ 277. Məsh edilən yer quru olmalıdır və əgər əlin rütubətinin ona təsir etməyəcəyi qədər yaş olarsa, məsh düzgün sayılmır. Lakin əgər cüzi dərəcədə rütubətli olarsa, belə ki, əlin suyu məsh zamanı ona üstün gələrsə və həmin rütubət məsh suyunda itmiş hesab edilərsə, məshin doğruluğuna xələl gəlmir.

Məsələ 278. Əgər məsh üçün dəstəmaz alanın əllərində rütubət qalmazsa, belə ki, hər iki qol dirsəkdən barmaqların ucunadək quruyarsa, əli dəstəmaz üzvlərində qalan sudan başqa bir su ilə islatmaq olmaz. Bu halda dəstəmaz alan şəxs saqqalının rütubəti ilə əlini isladaraq onunla məsh etməlidir və saqqal istisna olmaqla üzün digər hissələrindən, o cümlədən qaşlardan və yanaqlardan rütubət götürmək, istər saqqalı olan, istərsə olmayan insanlar üçün vacib ehtiyata əsasən, kafi sayılmır.

Məsələ 279. Əgər əlin rütubəti yalnız başın məshinə yetəcək qədər olarsa, vacib ehtiyata əsasən, başa həmin rütubətlə məsh etmək, sonra əli ayaqlara məsh etmək üçün saqqalın rütubəti ilə islatmaq lazımdır.

Məsələ 280. Corab və ayaqqabının üzərindən məsh etmək doğru deyil. Lakin dəstəmaz alan şəxs həddən ziyadə soyuq hava şəraiti, yaxud qarət və yırtıcı heyvan təhlükəsi və bu qəbildən olan hallarla əlaqədar olaraq ayaqqabısını və ya corabını soyuna bilmirsə, vacib ehtiyata əsasən, corabın və ya ayaqqabının üzərinə məsh etməli və təyəmmüm də etməlidir. Qorxu təqiyyəsi halında isə corab və ayaqqabının üzərinə məsh etmək kafidir.

Məsələ 281.Ayağın üstü nəcasətləli olarsa və məsh üçün onu yumaq mümkün olmazsa, təyəmmüm edilməlidir.

İrtimasi dəstəmaz

Məsələ 282.İrtimasi dəstəmaz üzü və qolları dəstəmaz niyyəti ilə suya salmaqla alınan dəstəmazdır. Əgər üz və qollar suyun içində olarsa və insan irtimasi dəstəmaz niyyəti ilə onları sudan çıxarmaq istəyərsə, onun dəstəmazı, vacib ehtiyata əsasən, doğru deyil.

Məsələ 283. İrtimasi dəstəmazda da üzü və qolları yuxarıdan aşağıya doğru yumaq lazımdır. Buna əsasən, üzü alın, qolları isə dirsək tərəfdən suya salmaq lazımdır.[55]

Məsələ 284. Bəzi üzvlərin irtimasi, bəzi üzvlərin isə qeyri-irtimasi (adi) qaydada yuyulmasındaehtiyata lüzum yoxdur.

Dəstəmazın doğru olmasının şərtləri

Məsələ 285. Dəstəmazın doğru olmasının bir neçə şərti vardır. Növbəti məsələlərdə bu şərtlər izah ediləcəkdir.

1-ci və 2-ci şərtlər: Dəstəmaz suyu pak və mütləq olmalıdır

Məsələ 286. Dəstəmaz almaq üçün istifadə edilən su pak olmalı və həmçinin, vacib ehtiyata əsasən, hərçənd şərən pak olsa da, insanların iyrəndiyi şeylərə (əti halal olan heyvanların sidiyi, pak heyvan leşi, yara irini kimi) bulaşmış olmamalıdır.

Məsələ 287. Nəcasətlənmiş su və muzaf su ilə alınan dəstəmaz hətta insan həmin suyun nəcasətli, yaxud muzaf olduğunu bilməsə, yaxud unutsa belə, batildir və əgər həmin dəstəmazla namaz qılarsa, həmin namazı yenidən doğru dəstəmazla qılmalıdır.

Məsələ 288. Əgər insanın dəstəmaz üçün palçığa bulaşmış muzaf sudan başqa suyu yoxdursa, namaz üçün vaxtın az olduğu, belə ki,dəstəmaz alaraq namazın vacibatını yerinə yetirmək üçün yetəcək qədər vaxtı olmadığı təqdirdə təyəmmüm etməlidir. Əgər vaxtı varsa,suyun durulmağını gözləməli, yaxud hər hansı bir vasitə ilə onu durultmalı və dəstəmaz almalıdır. Palçığa bulaşmış su ona artıq su deyilmədikdə muzaf olur.

3-cü şərt: Dəstəmaz suyu qəsb edilmiş su olmamalıdır

Məsələ 289. Qəsb edilmiş, yaxud sahibinin razı olub-olmadığı məlum olmayan su ilə alınan dəstəmaz haramdır və batildir. Lakin əgər sahibi əvvəlcə razılıq vermişsə və hal-hazırda insan onun razılıqdan imtina edib-etməməsini bilmirsə, dəstəmaz doğrudur. Lakin əgər dəstəmaz suyunun yeri, hava məkanı, qabı, yaxud axdığı yer mübah olmazsa, hərçənd insan həmin yerə izinsiz girdiyinə, yaxud həmin qabdan izinsiz istifadə etdiyinə görə günah etmiş sayılsa da, dəstəmaz doğrudur. Bu səbəbdən əgər dəstəmaz suyunun yeri, hava məkanı, yaxud axdığı yer istifadəyə izinsiz olarsa, insan başqa bir məkanda dəstəmaz almaq imkanına malik olduğu təqdirdə dəstəmaz almağın mübah olduğu bir yerə getməli, əks təqdirdə isə təyəmmüm etməlidir. Lakin istənilən halda hərçənd günah etmiş sayılsa da, Allaha yaxınlaşmaq niyyəti olmadığı hal istisna olmaqla, onun dəstəmazı doğrudur.

Məsələ 290. Vəqf müəssisələri olan məscid və dini tədris mərkəzlərinin dəstəmazxanasının, yaxud hovuzunun suyu ilə dəstəmaz almaq insan bu sudan istifadənin hamı üçün yoxsa yalnız həmin məscidin namaz qılanları, yaxud həmin mədrəsənin tələbələri üçün nəzərdə tutulduğunu bilmədiyi halda caiz deyildir. Lakin dindar insanların adətən həmin yerlərin suyu ilə dəstəmaz alması, kimsənin də onlara mane olmaması, istisna hal təşkil edir.

Məsələ 291.Bir məsciddə namaz qılmaq istəməyən insan əgər onun dəstəmazxanasının bütün insanlar, yoxsa yalnız həmin məsciddə namaz qılanlar üçün vəqf edildiyini bilməzsə, orada dəstəmaz ala bilməz. Lakin adətən o məsciddə namaz qılmaq niyyətində olmayanlar da həmin dəstəmazxananın suyu ilə dəstəmaz alırlarsa, kimsə də onlara mane olmursa, orada dəstəmaz ala bilər.

Məsələ 292.Mehmanxanaların, hotellərin, ticarət mərkəzlərinin və yol kənarındakı restoranların və bu qəbildən olan məkanların suyu ilə onların müştərisi olmayanların dəstəmaz alması o halda doğrudur ki, adətən müştəri olmayanlar da həmin məkanlarda  dəstəmaz alır və heç kəs onlara bunu qadağan etmir.

Məsələ 293. Bir şəxs hansısa bir təhsil müəssisəsinin tələbələrindən deyilsə, lakin tələbələrin qonağıdırsa, onun orada dəstəmaz alması onun kimi qonaqların qəbul edilməsinin vəqf şərtlərinə (qaydalarına) zidd olmaması şərti ilə dəstəmazın doğruluğuna xələl gətirmir. Həmçinin, mehmanaxana, hotel və bu qəbildən olan yerlərin müştərilərinin qonaqları ilə bağlı hökm də bundan ibarətdir.

Məsələ 294. Müəyyən bir məqsəd üçün istifadəsinə icazə verilən sudan başqa məqsədlər üçün istifadə etmək caiz deyildir. Məsələn, yalnız içmək üçün nəzərdə tutulan  su ilə dəstəmaz almaq caiz deyildir.

Məsələ 295. Aqil insanların düşüncəsinə əsasən, istifadəsi caiz sayıldığı təqdirdə kiçik çay və arxların suyu ilə onlar üzərində mülkiyyət hüququna sahib olan mülkiyyətçinin izni olmadan dəstəmaz almaq, hərçənd insanın mülkiyyətçinin buna razı olduğuna dair məlumatı olmasa da, dəstəmazın doğruluğuna xələl gətirmir. Hətta mülkiyyətçinin dəstəmaz almağı qadağan etdiyi, yaxud insanın mülkiyyətçinin dəstəmaz almağa razı olmadığına dair məlumatı olduğu və ya mülkiyyətçinin azyaşlı, yaxud əqli qüsurlu insan olduğu təqdirdə belə həmin sudan istifadə etmək caizdir.

Məsələ 296. İnsan suyun qəsb edilmiş su olduğunu unudaraq onunla dəstəmaz alarsa, dəstəmazı doğru sayılır. Lakin suyu özü qəsb etdiyi halda sonradan bunu unudaraq onunla dəstəmaz alan şəxsin dəstəmazının doğruluğu, vacib ehtiyata əsasən, şübhə doğurur. Habelə, əgər insan suyun onun özünə məxsus olduğunu düşünərək dəstəmaz alarsa və dəstəmazdan sonra başqasının malı (mülkiyyəti) olduğu məlum olarsa, dəstəmazı doğrudur. Son iki halda dəstəmaz alan şəxs istifadə etdiyi su ilə əlaqədar mülkiyyətçiyə təzminat ödəməlidir.

Məsələ 297.Mübah(qəsb edilməyən) su qəsb edilmiş qabda olarsa və dəstəmaz almaq üçün başqa su tapılmazsa, şəriətə uyğun şəkildə (məsələn sahibindən icazə almaq surəti ilə) həmin suyu başqa bir qaba boşaltmaq imkanı olduğu təqdirdə boşaltmalı və sonra dəstəmaz almalı, mümkün olmadığı təqdirdə isə təyəmmüm etməlidir. Lakin əgər dəstəmaz almaq üçün başqa su olarsa, onunla dəstəmaz almaq lazımdır. Hər iki halda buna əməl etməyərək istifadəsi izin verilməyən qabdakı su ilə dəstəmaz alarsa, hərçənd günah etmiş sayılsa da, dəstəmazı doğrudur.

Məsələ 298.Bir kərpici, yaxud bir daşı qəsb edilmiş olan hovuzdan su götürmək insanların nəzərində həmin kərpic, yaxud daşdan istifadə etmək hesab edilmirsə, eybi yoxdur, əks təqdirdə isə su götürmək haram, lakin onunla alınan dəstəmaz doğru sayılır. Həmçinin, su kranı, yaxud su borusunun bir hissəsi qəsb edilmiş olarsa, lakin suyun özü mübah olarsa, hökm bu qəbildəndir.

Məsələ 299.Əgər imamlardan, yaxud imamzadələrdən hər hansı birinin ərazisi əvvəllər qəbiristanlıq olan məqbərəsində hovuz inşa edilərsə, yaxud arx salınarsa, insan həmin ərazinin qəbiristanlıq kimi istifadə edilmək üçün vəqf edildiyinə dair məlumatı olmadığı təqdirdə hovuz və ya arxın suyu ilə dəstəmaz ala bilər. Lakin həmin yerin cənazələrin dəfn edilməsi üçün vəqf edildiyi məlum olarsa, orada dəstəmazxana, yaxud hovuz inşa etmək caiz deyil və belə bir su ilə dəstəmaz almaq da haramdır.

4-cü şərt: Dəstəmaz üzvləri yuyularkən və məsh edilərkən pak olmalıdır

Məsələ 300.Dəstəmazın doğru olması üçün dəstəmaz üzvləri yuyularkən və məsh edilərkən pak olmalıdır. Hətta üzv dəstəmaz əsnasında növbə ona çatdıqda yuyulmazdan və ya məsh edilməzdən əvvəl paklansa da, dəstəmaz doğru sayılır. Lakin əgər nəcasətlənən üzv bir dəfə yumaqla paklana bilərsə və su kür, yaxud axar su olarsa, bu halda həmin üzvü dəstəmaz niyyəti ilə suya salmaqla, yaxud kür və ya axar suya qoşulmuş kranın altında yumaqla həm üzv paklanır, həm də dəstəmazın tərkib hissəsi olan yuyulma yerinə yetirilmiş olur.

Məsələ 301.Dəstəmaz başa çatmamış yuyulan, yaxud məsh edilən üzv nəcasətlənərsə, dəstəmaz doğru sayılır.

Məsələ 302.Bədənin dəstəmaz üzvlərindən başqa bir yeri nəcasətli olarsa, dəstəmaz doğrudur, lakin əgər sidik kanalının xarici dəliyi, yaxud anus dəliyi paklanmamış olarsa, müstəhəb ehtiyata əsasən, öncə həmin nahiyələr paklanmalı, sonra dəstəmaz alınmalıdır.

Məsələ 303.Dəstəmaz üzvlərindən biri nəcasətli olarsa və dəstəmazdan sonra insan dəstəmazdan əvvəl onu yuyub-yumadığına şəkk edərsə, dəstəmaz doğrudur, lakin həmin üzvü yumalıdır. Lakin əgər dəstəmazdan öncə həmin üzvü yumamış olsa belə, dəstəmazda yuyarkən öz-özünə paklandığını bilərsə, bu halda yumağa da ehtiyac yoxdur.

Məsələ 304.Əgər üz, yaxud qollarda qanaxması dayanmayan və suyun zərər yetirmədiyi kəsik və ya yara olarsa, həmin üzvün yuxarıda qalan sağlam hissələri dəstəmaz niyyəti ilə yuyulduqdan sonra yara, yaxud kəsik yerini kür və ya axar suya salaraq, yaxud kür su mənbəyindən gələn kran suyunun altına tutaraq qanaxması dayananadək sıxmaq və suyun üzərində axması üçün barmağı həmin nahiyəyə yuxarıdan aşağıya doğru çəkmək, daha sonra ondan aşağıda qalan hissələri yumaq lazımdır. Bu qayda ilə dəstəmaz doğru sayılır.

5-ci şərt: Dəstəmaz və namaz üçün kifayət qədər vaxt olmalıdır

Məsələ 305.Əgər vaxt namaz qılanın dəstəmaz almasının namazın vacibatını bütövlüklə, yaxud qismən vaxtı bitənədək qıla bilməməsi ilə nəticələnəcəyi qədər az olarsa, təyəmmüm etməlidir. Lakin təyəmmüm və dəstəmaz üçün bərabər vaxt tələb olunursa, yaxud dəstəmaz üçün təyəmmümdən də az vaxta ehtiyac olarsa, dəstəmaz almalıdır.

Məsələ 306. Əgər vaxt insanın vəzifəsinin təyəmmüm olacağı qədər az olduğu halda o, təharət, yaxud Quran oxumaq kimi müstəhəb bir iş görmək niyyəti ilə dəstəmaz alarsa, həmçinin, həmin namazı qılmaq üçün dəstəmaz alarsa, Allaha yaxınlaşmaq niyyətinin olmadığı hallar istisna olmaqla, dəstəmazı doğru sayılır. Lakin istənilən halda qəsdən namazı tamamilə, yaxud bir hissəsini vaxtında qılmadığına görə günahkar sayılır.

6-cı şərt: Dəstəmaz Allaha yaxınlaşmaq niyyəti ilə və ixlasla alınmalıdır

Məsələ 307. Dəstəmazı Allaha yaxınlaşmaq niyyəti ilə və ixlasla almaq üçün bu işi uca Allahın əmrinə itaət məqsədilə həyata keçirmək kifayətdir. İnsan riyakarlıqla, özünü göstərmək niyyəti ilə, yaxud sərinləmək və s. məqsədlərlə dəstəmaz alarsa, batildir.

Məsələ 308. Dəstəmazın niyyətinin dillə ifadəsinə, yaxud ürəkdən keçirilməsinə ehtiyac yoxdur, onun bütün hərəkətləri uca Allahın əmrinə itaət məqsədilə yerinə yetirilərsə, kifayətdir.

7-ci şərt: Dəstəmazın hərəkətləri sıra ardıcıllığı ilə yerinə yetirilməlidir

Məsələ 309. Dəstəmazda vacibdir ki, öncə üz, sonra sağ qol, daha sonra sol qol yuyulsun, ardınca başa, sonra sağ ayaqlara məsh edilsin. Vacib ehtiyata əsasən, sol ayağın məshi sağ ayaqdan qabağa salınmamalıdır. Hərçənd hər iki ayağa eyni zamanda məsh etmək caiz olsa da, müstəhəb ehtiyatın tələbinə görə öncə sağ, sonra sol ayağa məsh edilməlidir. Buna əsasən, əgər dəstəmaz alan şəxs üzvlər arasında sıra ardıcıllığına riayət etməzsə, dəstəmazı pozacaq qədər fasilə verilmədiyi halda sıra ardıcıllığının pozulduğu yerdən yenidən başlayaraq dəstəmazı düzgün qaydada davam etdirməli, dəstəmazı pozacaq qədər fasilə verildiyi halda isə başdan başlamalıdır. Əvvəlki dəstəmazlarında məlumatsızlıq səbəbi ilə sol qolunu sağ qolundan, yaxud qollarını üzündən əvvəl yuyan və ya ayaqlarına başından öncə məsh edən şəxsin dəstəmazı batildir.

8-ci şərt: Hərəkətlər fasiləsiz ardıcıllıqla yerinə yetirilməlidir

Məsələ 310.Dəstəmazın doğru olması üçün dəstəmaz hərəkətləri fasiləsiz ardıcıllıqla yerinə yetirilməlidir. Buna “muvalat” deyilir. Dəstəmazın hərəkətləri arasında insanların nəzərində fasiləsiz ardıcıllıq sayılmayacaq qədər fasilə verilərsə, dəstəmaz batil olur. Lakin insanların nəzərində unutma, yaxud suyun qurtarması (kəsilməsi) kimi üzürlü sayılan bir hal yaranarsa, ürfi müvalat mötəbər sayılmır. Bu halda bir üzvü yuyarkən, yaxud məsh edərkən ondan əvvəl yuyulan və ya məsh edilən bütün üzvlər quruduğu halda dəstəmaz batildir. Əgər dəstəmaz alanın yumaq, yaxud məsh etmək istədiyi üzvdən yalnız bilavasitə öncəki üzvü quruyarsa, məsələn, sol qolu yumaq istəyərkən sağ qolu quruyarsa, ancaq üzü rütubətli qalarsa, bu halda dəstəmazı doğrudur.

Məsələ 311. Dəstəmazın hərəkətləri fasiləsiz ardıcıllıqla yerinə yetirilərsə, lakin isti hava şəraiti, yüksək temperatur,külək və s. bu qəbildən olan səbəblərlə əlaqədar olaraq əvvəlki üzvlər quruyarsa, dəstəmaz doğru sayılır.

Məsələ 312. Dəstəmaz əsnasında yerimək dəstəmazın doğruluğuna xələl gətirmir. Beləliklə, dəstəmaz alan şəxs üzünü və qollarını yuduqdan sonra bir neçə addım yeriyərək sonra başına və ayaqlarına məsh edərsə, dəstəmazı doğrudur. Lakin üzürlü səbəb olmadan insanların nəzərində dəstəmazın hərəkətlərini fasiləsiz ardıcıllıqla yerinə yetirmiş sayılmayacaq qədər məsafə qət etməsi istisna təşkil edir.

9-cu şərt: Dəstəmazın hərəkətlərini imkan daxilində insan özü yerinə yetirməlidir

Məsələ 313. Dəstəmazın doğru olması üçün insan üz və qollarını özü yumalı, həmçinin başına və ayaqlarına özü məsh etməlidir. Üzürlü bir səbəb olmadan bu hərəkətləri onun üçün başqa bir şəxs yerinə yetirərsə, yaxud üzə və qollara su tökməkdə, başa və ayaqlara məsh etməkdə ona kömək edərsə, dəstəmaz batildir.

Məsələ 314. Dəstəmaz almaq istəyən şəxs dəstəmazın hərəkətlərindən hansını təkbaşına yerinə yetirə bilirsə, həmin hərəkətdə başqa bir şəxsdən yardım almamalıdır. Bir şəxs üzürlü vəziyyətdədirsə, məsələn, sağ əli sınmışdırsa və onu hərəkət etdirə bilmirsə, üzünü yumaq üçün sol əlindən kömək almalı, yaxud üzünü dəstəmaz niyyəti ilə kranın altına və ya hovuza daxil edərək irtimasi dəstəmaz mövzusunda izah edilən qaydada yumalı, ardınca sağ qolunu yuduqdan sonra sol qolunu da dəstəmaz niyyəti ilə kranın altına və ya hovuza daxil edərək izah edilmiş qaydada yumalı, sonra başına və ayaqlarına sol əli ilə məsh etməlidir.

Məsələ 315. Təkbaşına dəstəmaz ala bilməyən şəxs hətta yuma və məsh hərəkətlərini birgə yerinə yetirmək surəti ilə olsa belə başqa bir şəxsdən kömək almalıdır. Lakin dəstəmaz niyyətini özü etməli və məshi öz əli ilə yerinə yetirməlidir. Lakin əgər özünün iştirakı heç bir vəchlə mümkün olmazsa, başqa bir şəxsdən dəstəmazın hərəkətlərini onun üzərində icra etməsini istəməlidir və bu halda vacib ehtiyata əsasən, onların ikisi də dəstəmaz niyyəti etməlidir. Mümkün olduğu təqdirdə köməkçisi onun əlindən tutaraq məsh üzvlərinə öz əli məsh etdirməli, bu da mümkün olmadığı halda isə köməkçi onun əlinin rütubəti ilə öz əlini isladaraq həmin rütubətlə onun başına və ayaqlarına məsh etməlidir. Köməkçi muzd tələb edərsə, dəstəmaz alan şəxs ödəyə biləcəyi və zərərə uğramayacağı təqdirdə zəhmət haqqını verməlidir.

Məsələ 316.İnsan dəstəmazın hərəkətlərindən hansını təkbaşına yerinə yetirə bilirsə, həmin hərəkətdə başqa bir şəxsdən yardım almamalıdır.

Məsələ 317.Dəstəmaz üçün hazırlıq sayılan işlərdə başqasından yardım almağın, o cümlədən başqasının su gətirməsinin, qızdırmasının, yaxud suyu dəstəmaz alanın ovcuna tökməsinin eybi yoxdur. Hərçənd, sonuncu misalda göstərilən kömək məkruh sayılır.

10-cu şərt: Dəstəmaz alan üçün sudan istifadənin zərəri olmamalıdır

Məsələ 318. Dəstəmaz alacağı təqdirdə xəstələnəcəyini, xəstəliyinin uzun sürəcəyini, ağırlaşacağını, yaxud müalicəsinin çətinləşəcəyini bilən şəxs dəstəmaz almamalı, təyəmmüm etməlidir. Lakin isti su ilə dəstəmaz almaq kimi müəyyən bir yolla zərərdən qoruna bilərsə, onun qarşısını almaq üçün gərəkli tədbirləri görməlidir.

Məsələ 319.Üzü və qolları dəstəmazın doğru sayılması üçün kifayət edəcək qədər su ilə yumaq zərərli deyilsə, lakin daha artıq su ilə yumaq zərərlidirsə, həmin qədər su ilə dəstəmaz almaq lazımdır.

Məsələ 320. Mükəlləf suyun ona zərərli olmadığını düşünərək dəstəmaz alarsa və dəstəmazdan sonra suyun onun üçün zərərli olduğunu anlayarsa, dəstəmazı batildir. Suyun onun üçün zərərli olduğunu düşünərək dəstəmaz alsa və sonradan suyun zərərli olmadığını başa düşərsə, Allaha yaxınlaşmaq niyyəti ilə alması şərti ilə dəstəmazı doğrudur.

11-ci şərt: Dəstəmaz üzvlərində suyun qarşısını alan bir maneə olmamalıdır

Məsələ 321. Dəstəmaz alan şəxsə dəstəmaz üzvlərində dərinin üzərində bir şey olduğu məlumdursa,onun lak, plastır və yağlı boya kimi suyun dəriyə toxunmasına mane olan bir şey olduğunu bildiyi halda həmin şeyi aradan qaldırmalıdır. Xına kimi suyun dəri ilə təmasına əngəl olmayan bir şey olduğunu bildiyi halda isə dəstəmaza xələl gətirmir. Suyun dəriyə çatmasına mane olub-olmadığına şəkk edərsə, həmin şeyi aradan qaldırmalı, yaxud dəstəmazda suyu onun altına (dəriyə) çatdırmalıdır.

Məsələ 322.Əgər dırnaq qısadırsa, onun altına yığılan çirk dəstəmaza xələl gətirmir. Lakin uzun olarsa, normadan artıq uzanan və zahiri (görülə və toxunula bilən) tərəf sayılan hissəsinin altına yığılan çirk təmizlənilməlidir. Əgər dırnağını tutarsa, sözügedən çirk suyun dərinin üst təbəqəsinə toxunmasına mane olduğu təqdirdə dəstəmaz almaq üçün həmin çirki təmizləmək lazımdır.

Məsələ 323.Yanıq və s. hallarla əlaqədar olaraq dəridə əmələ gələn suluq, uçuq və ya qabarların səthinin yuyulması və məsh edilməsi kifayətdir və deşildiyi halda da suyu onun altına yeritməyə ehtiyac yoxdur. Bir hissəsi soyulduğu halda isə dərinin üzə çıxan hissəsinin yuyulması kifayətdir və suyun soyulmayan hissənin altına çatdırılmasına gərək yoxdur. Soyulan və hələ bədən üzvündən tamamilə qoparılmamış, gah bitişən, gah da ayrılan dəri yuyulmalıdır. Ancaq istisna olaraq, insanların nəzərində bədənin bir hissəsi sayılmayacaq ölçüdə olan dərinin yuyulması vacib deyildir. Həmçinin, zahiri hissə hesab edildiyi təqdirdə su həmin dərinin altına da təmas etməlidir. Qeyd etmək lazımdır ki, bu göstəriş suyun bədənin həmin hissəsi üçün zərərli olmadığı hallara aiddir. Suyun zərərli olduğu hallarla bağlı göstərişlər isə cəbirə dəstəmazı mövzusunda izah ediləcəkdir.

Məsələ 324. İnsan dəstəmaz üzvlərinə bir şeyin yapışıb-yapışmadığına dair şəkkə düşərsə və onun bu ehtimalı insanların nəzərində yersiz sayılmazsa, məsələn, suvaqlama və ya rəngsazlıq işi ilə məşğul olduqdan sonra  suvaq, yaxud boyanın əlinə yapışıb-yapışmadığına şəkk edərsə, araşdırmalı, yaxud əlini suyun dəriyə toxunmasına mane ola biləcək şeyin qalmadığına, yaxud suyun onu aşaraq dəriyə çata biləcəyinə arxayın olanadək sürtməlidir.

Məsələ 325. Yuyulmalı, yaxud məsh edilməli olan yer çirkli olarsa, lakin həmin çirk suyun bədənlə təmasına əngəl törətmirsə, eybi yoxdur. Həmçinin, malalama və bu qəbildən olan işlərdən sonra əldə qalan, suyun dəriyə çatmasının qarşısını almayan ağ ləkədə bu qəbildəndir. Lakin dəstəmaz alan şəxs həmin çirk, yaxud ləkə qaldığı halda suyun bədənə bilavasitə dəyib-dəyməyəcəyinə şəkk edərsə, onu təmizləməlidir.

Məsələ 326.İnsan dəstəmazdan əvvəl bəzi dəstəmaz üzvlərində suyun dəriyə çatmasının qarşısını alan bir maneə olduğunu bilərsə və dəstəmazdan sonra dəstəmaz əsnasında suyun həmin yerə bilavasitə dəyib-dəymədiyinə şəkk edərsə, dəstəmazı doğrudur.

Məsələ 327.Bəzi dəstəmaz üzvlərində suyun dəri ilə təmasına bəzən mane olan, bəzən də olmayan üzük, bilərzik və qolbaq kimi şeylər olarsa və insan dəstəmazdan sonra suyun onların altına nüfuz edib-etmədiyinə şəkk edərsə, dəstəmazı doğrudur. Lakin sözügedən halda suyun həmin zinət əşyalarının altında qalan hissələrə çatmasına diqqət yetirmədiyi təqdirdə, müstəhəb ehtiyata əsasən, yenidən dəstəmaz almalıdır.

Məsələ 328.Əgər insan dəstəmaz alarsa, dəstəmazdan sonra dəstəmaz üzvlərində plastır və lak kimi suyun qarşısını alan bir maneə görərsə və onun dəstəmazdan öncəyə aid olduğunu bilərsə, hərçənd dəstəmazdan öncə dəstəmaz üzvlərini diqqətlə yoxlamış olsa da, dəstəmazı batildir və bu dəstəmazla namaz qılmışsa, həmin namazı vaxtı bitmədiyi təqdirdə yenidən qılmalı, vaxtı keçdiyi təqdirdə isə qəzasını qılmalıdır.

Məsələ 329.Əgər dəstəmazdan sonra dəstəmaz üzvlərində suyun dəri ilə təmasına mane olan bir şey görərsə və həmin şeyin dəstəmaz əsnasında, yoxsa dəstəmazdan sonra dərisinə yapışdığını bilməzsə, dəstəmazı doğrudur. Lakin dəstəmaz əsnasında həmin maneəyə diqqət yetirmədiyini bilərsə, müstəhəb ehtiyata əsasən, yenidən dəstəmaz almalıdır.

Məsələ 330. Əgər dəstəmazdan sonra dəstəmaz üzvlərində suyun qarşısını alan bir şeyin olub-olmadığına şəkk edərsə, dəstəmazı doğrudur və bu halda belə bir maneənin olub-olmadığını yoxlamağa gərək yoxdur.

Dəstəmazla bağlı digər hökmlər

Məsələ 331. Dəstəmaz alıb-almadığına şəkk edən şəxs namaz və dəstəmazlı olmağı şərt biliən işlər üçün dəstəmaz almalıdır.

Məsələ 332.İnsan namaz əsnasında dəstəmaz alıb-almadığına şəkk edərsə, dəstəmaz almalı, namazını yenidən qılmalıdır və vacib ehtiyata əsasən, həmin namazla kifayətlənə bilməz. Müstəhəb ehtiyata əsasən, sözügedən namazını yarıda kəsməməli, sonadək qıldıqdan sonra qeyd edilən göstərişə uyğun qaydada hərəkət etməlidir.

Məsələ 333. Əgər namazdan sonra dəstəmaz alıb-almadığına şəkk edərsə, namazı doğrudur, lakin sonrakı namazları üçün dəstəmaz almalıdır.

Məsələ 334. Dəstəmaz aldığını və bir “hədəs” halının (dəstəmazın pozulmasına səbəb olan hallardan birinin) baş verdiyini, məsələn, idrar etdiyini bilən şəxs bunlardan hansının daha əvvəl baş verdiyini bilmirsə, dəstəmaz almalıdır.Bu şəkkə namaz əsnasında düşərsə, dəstəmaz aldıqdan sonra namazını yenidən qılmalıdır və vacib ehtiyata əsasən, həmin namazla kifayətlənə bilməz. Namaz qıldıqdan sonra belə bir şəkkə düşdüyü təqdirdə isə qıldığı namaz doğrudur, lakin növbəti namazlar üçün dəstəmaz almalıdır.

Məsələ 335.İnsan dəstəmazı pozan bir iş görüb-görmədiyinə şəkk edərsə, belə bir halın baş vermədiyi və dəstəmazının yerində olduğu fikri üzərində durmalıdır. Lakin idrardan sonra istibra etmədən dəstəmaz alarsa və dəstəmazdan sonra idrar olub-olmadığını bilmədiyi bir maye ifraz olunarsa, 85-ci məsələdə izah edildiyi kimi dəstəmazı batildir.

Məsələ 336. Namazdan sonra dəstəmazının pozulduğunu başa düşərsə, lakin namazdan əvvəl, yoxsa sonra pozulması xüsusunda şəkkə düşərsə, qıldığı namaz doğru sayılır.

Məsələ 337.Dəstəmazdan sonra, yaxud dəstəmaz əsnasında bəzi yerləri yumadığına, yaxud məsh etmədiyinə əmin olduğu təqdirdə çox fasilə yaranarsa, fasiləsiz ardıcıllıq pozularsa və müddətin uzunluğu ilə əlaqədar olaraq həmin yerdən əvvəlki üzvlərin rütubəti quruyarsa, yenidən dəstəmaz almalıdır. Sözügedən yer qurumamışdırsa, yaxud havanın hərarəti və s. amillərlər əlaqədar olaraq qurumuşdursa, unutduğu yerləri, sonra ardınca növbəti üzvləri yumalı, yaxud məsh etməlidir.

Məsələ 338.Əgər dəstəmaz əsnasında hər hansı bir yeri yuması, yaxud məsh etməsi xüsusunda şəkkə düşərsə, fasiləsiz ardıcıllıq pozulmadığı halda şəkkinə etina etməli və sözügedən üzvü yuduqdan, yaxud məsh etdikdən sonra dəstəmazına davam etməlidir. Dəstəmazdan sonra hər hansı bir yeri yuması, yaxud məsh etməsi xüsusunda şəkkə düşərsə, ürfən dəstəmazı başa çatdırmış sayıldığı, məsələn, dəstəmazxanadan çıxdığı, yaxud başqa bir işlə məşğul olduğu təqdirdə şəkkinə etina etməməlidir.

Məsələ 339.Dəstəmazın hərəkətlərində, o cümlədən başın məsh edilməsində, üz və qolların yuyulmasında, habelə dəstəmazın şərtlərində, o cümlədən suyun pak olub-olmaması, qəsb edilib-edilməməsi, yaxud dəstəmaz üzvlərində suyun qarşısını alan bir maneənin olub-olmaması xüsusunda həddən ziyadə şəkk edərək şəkkak olan şəxs şəkkinə etina etməməlidir. Həmçinin, vasvasılığa mübtəla olduğu təqdirdə də bu göstərişə əməl etməlidir. Şəkkaklığın müəyyən edilməsi üçün meyar ürfdür (insanların baxışıdır).[56]
Bu hökm qüsl və təyəmmümə də şamildir.

Dəstəmazı pozan hallar

Məsələ 340. Səkkiz şey dəstəmazı pozur:

1) sidiyə çıxma(deurinasiya) və eləcə də idrardan sonra istibra edilmədiyi halda insandan ifraz olan və idrar hökmündə olan şübhəli maye;

2) defekasiya (böyük ayaqyoluna çıxma);

3) anus dəliyindən xaric olunan mədə və bağırsaq yeli;

4) görmə və eşitmə fəaliyyətinin dayanmasına səbəb olan yuxu (lakin yuxululuq halında göz görməsə də, qulaq eşidərsə, dəstəmaz pozulmur);

5) əqli sağlamlığın məhdudlaşması, yaxud itirilməsi ilə nəticələnən dəlilik, sərxoşluq və huşsuzluq kimi hallar;

6) qadınlara məxsus qəlilə, mütəvəssitə, yaxud kəsirə qismindən olmasından asılı olmayaraq istihazə halı (bu mövzu “İstihazə ilə bağlı hökmlər” fəslində ətraflı surətdə izah ediləcəkdir);

7) cənabət;

8) heyz (aybaşı, menstruasiya).

Dəstəmazda müstəhəb olan işlər

Məsələ 341.Fəqihlər (Allah onlardan razı olsun!) riayət edildiyi təqdirdə dəstəmazın kamilləşməsinə və savabının artmasına səbəb olacağına ümid edilən bir sıra işləri dəstəmazda müstəhəb olan hərəkətlər kimi qeyd etmişlər. O cümlədən:

1) Başlayarkən “bismillah” demək.

2) Dişləri fırçalamaq.

3) Dəstəmazdan öncə əlləri yumaq.

4) Dəstəmaza başlamamış ağzı üç dəfə yaxalamaq.

5) Üç dəfə buruna su alaraq xaric etmək.

6) Dəstəmaz əsnasında oxunulması üçün nəql edilən duaları aşağıdakı ardıcıllıqla oxumaq:

Dəstəmaz alan şəxs suyu gördükdə desin:

“Bismillahi və billah, vəlhəmdu lillahilləzi cəələl-maə tahuran və ləm yəcəlhu nəcisən”.

(Allahın adı ilə və Ondan yardım diləyərək başlayıram. Suyu pak və paklayıcı edən, nəcis etməyən Allaha həmd olsun!)

Dəstəmazdan əvvəl əllərini yuyarkən desin:

“Bismillahi və billah, Allahumməcəlni minət-təvvabinə və minəl-mutətəhhirin”.

(Allahın adı ilə və Ondan yardım diləyərək başlayıram. Allahım, məni tövbə edənlərdən və paklananlardan eylə!)

Ağzını yaxalayarkən desin:

“Allahummə ləqqini huccəti yaumə əlqakə və ətliq lisani bizikrik”.

(Allahım, Sənin qarşına çıxacağım gün dəlilimi mənə təlqin et və dilimi Öz zikrinə öyrəşdir!)

Burnuna su alarkən desin:

“Allahummə la tuhərrim ələyyə rihətəl-cənnəti vəcəlni mimmən yəşummu rihəha və rauhəha və tibəha”.

(Allahım, cənnətin qoxusunu mənə haram etmə, məni onun qoxusunu, mehini və xoş ətrini duyanlardan eylə!)

Üzünü yuyarkən desin:

“Allahummə bəyyiz vəchi yaumə təsvaddu fihil-vucuh və la tusəvvid vəchi yaumə təbyəzzu fihil-vucuh”.

(Allahım, üzlərin qaraldığı gün məni üzüağ eylə, üzlərin ağardığı gün məni üzüqara eləmə!)

Sağ qolunu yuyarkən desin:

“Allahummə ətini kitabi biyəmini vəl-xuldə fil-cinani biyəsari və hasibni hisabən yəsirən”.

(Allahım əməl kitabımı sağ əlimə, cənnətdə əbədi qalmaqla bağlı sənədi isə sol əlimə ver və sorğu-sualımı asan eylə!)

Sol qolunu yuyarkən desin:

“Allahummə la tutini kitabi bişimali və la min vərai zəhri və la təcəlha məğlulətən ila unuqi və əuzu bikə min muqəttəatin-niran”.

(Allahım, əməl kitabımı sol əlimə, yaxud arxamdan vermə, əllərimi boynuma qandallama, mən oddan hazırlanmış libaslardan Sənə sığınıram!)

Başını məsh edərkən desin:

“Allahummə ğəşşini birəhmətikə və bərəkatikə və əfvik”.

(Allahım, məni rəhmətinə, bərəkətinə və əfvinə qərq eylə!)

Ayaqlarını məsh edərkən desin:

“Allahummə səbbitni ələs-sirati yaumə təzillu fihil-əqdam vəcəl səyi fi ma yurzikə ənni, ya Zəl-cəlali vəl-ikram”.

(Allahım, ayaqların sürüşdüyü gün məni siratda sabitqədəm eylə və səylərimi Səni məndən razı salan işlərə yönəlt, ey cəlal və ikram sahibi!)

Dəstəmaz tələb edən hallar

Məsələ 342.Məqsəd baxımından dəstəmaz almaq bəzən bir işin doğru olması üçün şərtdir, yəni həmin iş, məsələn, namaz müstəhəbb ya vacib olmasından asılı olmayaraq dəstəmazsız icra edilərsə, doğru sayılmır. Bəzən bir işin caizliyi və haram olmaması üçün şərtdir, yəni həmin iş, məsələn, Qurani-kərimin yazısına toxunmaq dəstəmazsız halda baş verərsə, haram sayılır. Bəzən bir işin kamilliyi üçün şərtdir, yəni cənazə namazı, müstəhəb təvaf, Quran tilavəti, dua, uca Allahdan bir şey diləmək və azan kimi hallarda savab qazanmaq, yaxud daha artıq savaba nail olmaq üçün dəstəmaz alınır. Bəzən isə bir işin məkruhluğunu aradan qaldırır. Məsələn, cənabətli halda yatmaq istəyərkən dəstəmaz almaq bu hərəkətin məkruhluğunu aradan qaldırır.

Məsələ 343. Altı iş üçün dəstəmazlı olmaq vacibdir:

1) Cənazə namazı istisna olmaqla, əda və ya qəza olmasından asılı olmayaraq bütün vacib namazlar üçün. Müstəhəb namazda isə səhih qılmaq üçün dəstəmaz şərtidir.

2) Unudulmuş səcdə və təşəhhüd[57]
üçün (namazdan sonra onların qəzası ilə namaz arasında bir hədəs halı baş verdiyi, məsələn, namaz qılan idrar etdiyi təqdirdə). Lakin səhv səcdəsi üçün dəstəmaz almaq vacib deyil və bu hökmdə onun məqamları arasında heç bir fərq yoxdur.

3) Həcc, yaxud ömrənin bir ayini kimi icra edildiyi halda Kəbə evinin vacib təvafı üçün.

4) Dəstəmaz almaq, yaxud daima dəstəmazlı olmaqla şəriətdə nəzərdə tutulan qaydada nəzir, yaxud əhd edildikdə, yaxud Allaha and içildikdə.

5) Quran ayələrini təbərrük niyyəti ilə öpmək nəzir edildikdə.

6) Nəcasətlənmiş Quran nüsxəsini yumaq, yaxud ayaqyolu kimi natəmiz yerlədən çıxarmaq üçün (əlin və ya bədənin başqa bir yerinin ona toxunması labüd olduqda). Lakin bu işin dəstəmaz alanadək təxirə salınması Qurana qarşı ehtiramsızlıq sayılarsa, vacib ehtiyata əsasən, təyəmmüm edərək (təyəmmüm üçün dəstəmazdan daha az vaxt lazım gəldiyi hallarda) Quranı ayaqyolu kimi natəmiz yerlərdən çıxarmaq, yaxud nəcasətə bulaşdığı təqdirdə yumaq lazımdır. Əgər bu qədər gözləmək də Qurana qarşı hörmətsizlik olarsa, müqəddəs kitabın nüsxəsini dəstəmaz və təyəmmümsüz ayaqyolu kimi natəmiz yerlərdən çıxarmaq və ya nəcasətləndiyi təqdirdə yumaq lazımdır.

Məsələ 344. İnsan istər namaz vaxtından bilavasitə, yaxud xeyli öncə, istərsə namaz vaxtı başladıqdan sonra dəstəmazın məqsədlərindən hər hansı biri, o cümlədən namaz qılmaq, Qurani-kərimin mətninə toxunmaq, təharətli olmaq, yaxud insanı Allaha yaxınlaşdıran istənilən məqsəd üçün dəstəmaz alarsa, dəstəmazı doğrudur. Beləliklə, sübhün başlanğıcında zöhr namazı üçün dəstəmaz alarsa, eybi yoxdur. Həmçinin, zöhr və əsr namazları üçün dəstəmaz alarsa, dəstəmazı pozulmadığı təqdirdə məğrib və işa namazlarını da həmin dəstəmazla qıla bilər.

Məsələ 345. Dəstəmazda vaciblik və müstəhəblik niyyəti etməyə gərək yoxdur. Hətta əgər insan vaciblik niyyəti ilə dəstəmaz alarsa və sonradan vacib olmadığı məlum olarsa, dəstəmazı doğrudur. Məsələn, namaz vaxtının başladığına əmin olan bir şəxs vacib dəstəmaz niyyəti edərsə və namazdan sonra vaxtın başlamadığını başa düşərsə, dəstəmazı doğrudur.

Məsələ 346. Dəstəmazlı olan şəxsin də hər namaz, xüsusən, sübh və məğrib namazları üçün yenidən dəstəmaz alması müstəhəbdir. Bəzi fəqihlərin (r.ə) sözlərinə görə, müstəhəbdir ki, insan cənazə namazı, Əhli-quburu ziyarət etmək, məscidə və İmamların (ə) məqbərəsinə daxil olmaq, Qurani-məcidi yanında daşımaq, oxumaq, yazmaq, haşiyəsinə toxunmaq üçün və yatmazdan əvvəl dəstəmaz alsın. Lakin bu hallardan bəzilərində dəstəmazın müstəhəbliyi qəti deyildir. Əlbəttə ki, müstəhəb olması ehtimalı ilə dəstəmaz alarsa, dəstəmazı doğrudur və dəstəmazlı halda icra edilməli olan istənilən işi görə bilər, məsələn həmin dəstəmazla namaz qıla bilər. Buna əsasən Quran oxumaq, yaxud Qurana toxunmaq üçün dəstəmaz almışdırsa, namaza qədər dəstəması batil edən bir iş baş verməyibsə həmən dəstəmazla namaz qıla bilər.

“Daimül-hədəs”lə bağlı hökmlər

Məsələ 347.Hər hansı bir xəstəliklə əlaqədar olaraq sidiyə damcı-damcı çıxan (inkontinensiya), yaxud nəcis ifrazının qarşısını ala bilməyən (enkoprez) və ya mədə yelinin ifrazına nəzarət edə bilməyən (flatulensiya) şəxs daimül-hədəs (daima hədəs halında olan insan) üçün nəzərdə tutulan göstərişlərə əməl etməlidir. Bu məsələ ilə bağlı, ümumiyyətlə, gələcək məsələlərdə ətraflı şəkildə şərh ediləcək dörd vəziyyət təsəvvür edilə bilər:

a) namazı bütövlüklə qılmaq üçün fürsət tapacağına əmindir;

b) namazın bir hissəsini qılmaq üçün fürsət tapacağına əmindir;

c) namazı bütövlüklə, yaxud onun bir hissəsini qılmaq üçün fürsət tapacağını ehtimal edir;

d) namazın bir hissəsini qılmaq üçün fürsət tapmayacağına əmindir.

Bu halların hər biri ilə əlaqədar hökm sonrakı məsələlərdə qeyd ediləcəkdir.

Məsələ 348. Sözügedən insan namaz vaxtının əvvəlindən axırınadək təharət almaq, yəni mövcud vəziyyətdəki vəzifəsinə uyğun olaraq dəstəmaz almaq, yaxud təyəmmüm və ya qüsl etmək və namazı bütövlüklə qılmaq üçün fürsət tapacağına əmindirsə, namaz vaxtının başlanğıcında, ortasında, yaxud axırında olmasından asılı olmayaraq fürsət tapdıqda namazını qılmalıdır və əgər yalnız namazın vacib işlərini görəcək qədər fürsəti olarsa, bu halda həmin vaxt ərzində namazın ancaq vacib işlərini görməli, azan, iqamə və qunut kimi müstəhəb hissələri ixtisara salmalıdır.

Məsələ 349. Namaz vaxtının əvvəlindən axırınadək təharət almaq, yəni mövcud vəziyyətdəki vəzifəsinə uyğun olaraq dəstəmaz almaq, yaxud təyəmmüm və ya qüsl etmək və namazın bir hissəsini qılmaq üçün fürsət tapacağına və həmin hissədən sonra namaz əsnasında bir və ya bir neçə dəfə sidik, nəcis, yaxud mədə yeli ifraz edəcəyinə əmindirsə, vacib ehtiyata əsasən, fürsət tapdıqda təharət alaraq namaz qılmalıdır. Lakin namaz əsnasında, yaxud namazdan sonra ifraz olunan sidik, nəcis, yaxud mədə yelinə görə, təharətini təzələməsinə, məsələn, yenidən dəstəmaz almasına gərək yoxdur. Bir dəstəmaz onun bir neçə istər müstəhəb, istərsə vacib namazı üçün kifayətdir. Lakin onun mübtəla olduğu hədəsdən fərqli bir hədəs baş verərsə, məsələn, yuxu tutarsa, yaxud eyni hədəs sözügedən xəstəliklə əlaqədar olmayaraq baş verərsə, məsələn, təbii şəkildə sidik, yaxud nəcis ifraz edərsə, bu iki halda yenidən təharət almalıdır.

Məsələ 350.İnsan hər hansı bir xəstəliyi ilə əlaqədar olaraq sidik, yaxud nəcis ifrazının qarşısını ala bilmirsə, namaz vaxtının əvvəlindən axırınadək təharət almaq və namazı bütövlüklə, yaxud bir hissəsini qılmaq üçün fürsəti olacağını ehtimal edirsə, müstəhəb ehtiyata əsasən, hərçənd namaz vaxtının əvvəlində namazı dərhal qılmaq imkanı olsa da, həmin fürsəti gözləməlidir. Ancaq əgər namazı qılarsa və qıldıqdan sonra bir müddət hədəs baş verməzsə, bu müddət təharət almaq və namazı bütövlüklə, yaxud bir hissəsini qılmaq üçün kifayət edəcək qədər davam edərsə, vacib ehtiyata əsasən, namazını yenidən qılmalıdır. Həmçinin, əgər namazın vaxtı bitənədək təharət almaq və namazı bütövlüklə, yaxud bir hissəsini qılmaq üçün kifayət edəcək qədər hədəsdən uzaq qalmaq fürsəti olmayacağı düşüncəsi ilə namazını vaxtın başlanğıcında qılarsa və namazdan sonra bir müddət hədəs baş verməzsə, bu müddət təharət almaq və namazı bütövlüklə, yaxud bir hissəsini qılmaq üçün kifayət edəcək qədər davam etdiyi təqdirdə, vacib ehtiyata əsasən, namazını yenidən qılmalıdır.

Məsələ 351.Sidiyi və ya nəcisi təharət alaraq namazını bütövlüklə, yaxud onun bir hissəsini qılmağa fürsət verməyəcək qədər aralıqsız ifraz olan şəxs mövcud vəziyyətdəki vəzifəsinə uyğun olaraq dəstəmaz alaraq, yaxud təyəmmüm və ya qüsl edərək namaz qılmalı və namazdan əvvəl, namaz əsnasından, yaxud namazdan sonra ifraz olunan sidik və nəcisə etina etməməlidir. Bu halda təharətini yeniləməsinə, məsələn, yenidən dəstəmaz almasına gərək yoxdur, bir dəstəmaz onun bir neçə istər müstəhəb, istərsə vacib namazı üçün kifayətdir. Hərçənd, müstəhəb ehtiyata əsasən, hər namaz üçün ayrıca dəstəmaz almalıdır. Lakin qəzası yerinə yetirilən səcdə və təşəhhüd, habelə ehtiyat namazı üçün başqa bir dəstəmaza gərək yoxdur. Sözügedən şəxs düçar olduğu hədəsdən başqa, məsələn, yatmaq kimi digər bir hədəs halı baş vermədikcə, yaxud eyni hədəs düçar olduğu xəstəliklə əlaqədar olmayaraq baş vermədikcə, məsələn, normal deurinasiya (sidik ifrazı) və defekasiya (nəcis ifrazı) baş vermədikcə, təharətli sayılır, qeyd edilən bu iki halda isə təharətini yeniləməlidir.

Məsələ 352.Fasiləsiz olaraq sidik, yaxud nəcis ifraz edən və ya mədə yeli çıxaran şəxsin namazı dəstəmazdan sonra dərhal qılması vacib deyil, hərçənd, müstəhəb ehtiyata əsasən, namaza dərhal başlamalıdır.

Məsələ 353.Fasiləsiz olaraq sidik, yaxud nəcis ifraz edən şəxs dəstəmaz aldıqdan sonra, hətta namaz halında olmasa belə, Quranın yazısına toxuna bilər.

Məsələ 354.Fasiləsiz olaraq sidik, yaxud nəcis ifraz edən və ya mədə yeli çıxaran şəxs namaz qılmaq üçün içərisində pambıq, yaxud başqa bir hopdurucu vasitə olan, sidiyin ətraf hissələrə yayılmasının qarşısını alan kisə kimi tibbi ləvazimatlarla qorunmalı və vacib ehtiyata əsasən, hər namazdan öncə nəcasətlənmiş sidik kanalının xarici dəliyini və onun ətrafını həddən ziyadə əziyyətli olmadığı təqdirdə yumalıdır.

Məsələ 355.Sidik, nəcis,yaxud mədə yelinin çıxmasının qarşısını ala bilməyən şəxs əgər xəstəliyinin müalicəsi asandırsa, müstəhəb ehtiyata əsasən, müalicə olunmalıdırlar.

Məsələ 356.Daim əl-hədəs insan sağaldıqdan sonra xəstəlik dövründə vəzifəsinə uyğun qaydada qıldığı namazlarının qəzasını qılmasına gərək yoxdur. Lakin namaz əsnasında sağalarsa, lazım ehtiyata əsasən, həmin anda qıldığı namazını yenidən qılmalıdır.

Cəbirə dəstəmazı

Məsələ 357.Yara, çiban, yaxud sınıqların üzərinə sarılan bint, gips, parça, şin (sarğı taxtası) kimi sarğılar, habelə yaraların üzərinə qoyulan məlhəm cəbirə adlandırılır.

Cəbirə dəstəmazının şərtləri

Cəbirə dəstəmazında bir sıra şərtlərə riayət etmək lazımdır. Növbəti məsələlərdə bu şərtlər izah ediləcəkdir.

Birinci şərt: Dəstəmaz üzvlərində yara, çiban, sınıq, yaxud məlhəm olmalıdır

Məsələ 358.Cəbirə dəstəmazı dəstəmaz üzvlərində yara, çiban, sınıq, yaxud məlhəm olduqda alınır.

Məsələ 359.Dərinin üzərində yara, irinli səpgi və suluqların yaranmasına səbəb olan yanıqlara yaralar kimi cəbirə hökmləri şamil edilir. Lakin çıxıqlar sınıq hökmündə deyildir. Həmçinin, ağrı, şişkinlik, yaxud vətərin dartılması və bu qəbildən olan hallarda müalicə məqsədilə bədən üzvlərinə qoyulan dərman və məlhəmlərə hətta həmin üzvlərdə yara, çiban və sınıq olmasa belə, cəbirə hökmləri tətbiq edilir.

Məsələ 360. Əgər dəstəmaz üzvlərində yara, çiban, yaxud sınıq yoxdursa, lakin bəzi dəri xəstəlikləri, yaxud dəstəmaz üzvlərində meydana gələn şişkinlik kimi başqa bir səbəblə əlaqədar olaraq su həmin üzvlər üçün zərərlidirsə, təyəmmüm edilməlidir.

Məsələ 361. Əgər yara, çiban, yaxud sınıq dəstəmaz üzvlərindən başqa nahiyələrdədirsə, lakin dəstəmaz üzvlərinin su ilə təması bədənin həmin zədələnmiş yerləri üçün təhlükəlidirsə, bu halda təyəmmüm etmək lazımdır. Həmçinin, əgər yara, çiban, yaxud sınıq dəstəmaz üzvlərinin bir hissəsini əhatə edərsə, lakin digər yerlərin yuyulması zədələnmiş yer üçün bir qayda olaraq zərərli olmasa da, təsadüfən zərər törədə bilərsə, məsələn, yara əl barmaqlarındadırsa, ancaq bazuönünün yuxarı hissəsinin yuyulması barmağın yarasına zərər verəcəksə, belə hallarda təyəmmümlə kifayətlənmək lazımdır.

Məsələ 362.Dəstəmaz üzvlərinə boya, qatran və yapışqan kimi aradan qaldırılması mümkünsüz, yaxud dözülməz dərəcədə məşəqqətli olan şeylər yapışarsa, mükəlləfin vəzifəsi təyəmmüm etməkdir. Sözügedən maddə təyəmmüm üzvlərində olarsa, bu halda istisna olaraq, həm dəstəmaz almalı, həm də təyəmmüm etməlidir və dəstəmazda, vacib ehtiyata əsasən, cəbirə dəstəmazında olduğu kimi mümkün olduğu təqdirdə suyun qarşısını alan həmin maddənin üzərinə məsh etməlidir. Lakin sözügedən maddə ovucun, yaxud barmaqların iç tərəfinin yalnız bir hissəsində olarsa, əllərin üst tərəfində və alında olmazsa, belə ki, əlin həmin maddəyə bulaşmamış hissəsi ilə məshi yerinə yetirə bilərsə, təyəmmüm kifayətdir. Həmçinin, zərurət hallarında bədənə daxil edilən kanula[58]
yara, çiban, yaxud sınıq nahiyələrində olmadığı təqdirdə suyun qarşısını alan maneə hökmünü daşıyır.

İkinci şərt: Su zədələnmiş yer üçün zərərli olmalı, yaxud zədələnmiş yerə qoyulmuş cəbirənin açılması zərərli və ya həddən ziyadə əziyyətli olmalıdır

Məsələ 363.Cəbirə dəstəmazının ikinci şərti budur ki, su zədələnmiş yer üçün zərərli olmalı, yaxud zədələnmiş yerə qoyulmuş cəbirənin açılması təhlükəli və ya hərçənd su zədələnmiş nahiyə üçün zərərli olmasa da, dözülməz dərəcədə əziyyətli olmalıdır. Sonuncu hala misal olaraq gipsə qoyulan və suyun təhlükəli olmadığı, lakin gips çıxarılmadan suyun dəriyə çatdırılması mümkünsüz olan və bir tərəfdən də gipsin çıxarılmasının zədələnmiş nahiyə üçün təhlükəli olduğu, yaxud insan üçün dözülməz olan, həddən ziyadə əziyyətlə müşayiət edildiyi sınıqları göstərmək olar.

Məsələ 364.Təhlükənin reallığı xüsusunda dəstəmazda istifadə ediləcək qədər suyun zərərli olması ilə zərərin zədələnmiş nahiyədəki nəcasətin təmizlənməsindən irəli gəlməsi arasında fərq yoxdur. İkinci hala misal olaraq dəstəmaz üzvlərində dəstəmazda istifadə ediləcək qədər suyun zərərli olmadığı, lakin zədələnmiş yerin nəcasətlənmiş, qana bulaşmış olduğu və qanın təmizlənməsi üçün həddən ziyadə su ilə yuyulmalı olan, digər tərəfdən isə həddən ziyadə su ilə yumağın zədələnmiş nahiyə üçün təhlükəli olduğu yara, çiban, yaxud sınıqları göstərmək olar.

Məsələ 365.Zərərçəkmə qorxusu davam etdikcə, hərçənd insan zədələnmiş nahiyənin yaxşılaşdığını ehtimal etsə də, cəbirə hökmü tətbiq edilir. Zərər qorxusu aradan qalxdıqda isə mümkün olduğu təqdirdə dəstəmaz almaq üçün cəbirəni dəstəmaz üzvünün üzərindən götürmək lazımdır.

Məsələ 366. Dəstəmaz üzvlərindən birində yara, çiban, yaxud sınıq olduqda zədələnmiş nahiyənin üstü açıqdırsa və su onun üçün təhlükəli deyilsə, yaxud üstü sarğılıdırsa, lakin sarğının heç bir əziyyət olmadan açılması mümkündürsə və su da həmin nahiyə üçün təhlükəli deyilsə, adi qaydada dəstəmaz almaq lazımdır. Həmin qayda ilə əgər cəbirənin altını irtimasi qaydada suya salıb yuya bilərsə cəbirə bu qaydada yuyulmalıdır, üzvü yuxarıdan aşağı yumaq lazım deyil. Buna əsasən bu məsələnin heç bir halında cəbirə dəstəmazı yerinə yetirilmir.

Məsələ 367.Su üzv üçün təhlükəlidirsə, lakin qızdırılmaqla, yaxud az miqdarda istifadə edilməklə bu təhlükə aradan qaldırıla bilərsə, lazımı tədbirlər görülməli və adi qaydada dəstəmaz alınmalıdır.

Məsələ 368.Üzvün sağlam və ya yaralı, yaxud sınıq olmasından asılı olmayaraq su onun üçün təhlükəli deyilsə, lakin həmin üzv nəcisdirsə və paklanması mümkün deyilsə, hərçənd paklamanın mümkünsüzlüyü vaxt və ya suyun azlığı ilə əlaqədar olsa da,yaxud paklama mümkündürsə, ancaq dözülməz dərəcədə məşəqqətlidirsə, təyəmmüm etmək lazımdır.

Üçüncü və dördüncü şərtlər: Cəbirənin üzərinə məsh edilməlidir və məsh zamanı cəbirəli üzv hərəkətsiz olmalıdır

Məsələ 369. Cəbirənin üzərinə yalnız məsh edilməlidir və cəbirənin üzərinin yuyulması kafi sayılmır.[59]
Həmçinin, cəbirəli üzv məsh zamanı (hətta vacib ehtiyata əsasən, yuyulan üzvlər – üz və qollar da) hərəkətsiz olmalıdır.

Məsələ 370.Yuyulmalı olan dəstəmaz üzvlərindəki (üz və qollardakı) cəbirənin üzərinə məshin əllə edilməsi vacib deyil, istənilən şeylə edilə bilər və cəbirə dəstəmazı niyyəti ilə üz və qollara məsh etmək üçün sudan dəfələrlə istifadə etməyin eybi yoxdur. Bu hökm cəbirə qüslünə də şamildir.

Məsələ 371.Cəbirə məsh üzvlərində (baş və ayaqlarda) olarsa, onun üzərinə əldə qalan rütubətlə məsh etmək lazımdır və məsh üçün başqa sudan istifadə etmək olmaz.

Beşinci şərt: Məsh üzvlərinin üzərindəki cəbirə quru olmalıdır

Məsələ 372. Məsh üzvlərinin (baş və qolların) üzərindəki cəbirə quru olmalı, yaxud rütubəti o qədər az olmalıdır ki, məsh suyu ona üstün gəlsin və sözügedən rütubət ürfən məsh suyunda itmiş sayılsın. Beləliklə, məsh üzvlərinin üzərindəki cəbirə əlin rütubətinin ona üstün gələ bilməyəcəyi qədər yaş olarsa, həmin cəbirənin üzərinə məsh etmək doğru deyildir. Lakin yuyulan üzvlərin (üz və qollar) üzərindəki cəbirənin üzərinə məsh edilərkən quru olmasına gərək yoxdur.

Altıncı və yeddinci şərtlər: Cəbirə pak və mübah olmalıdır

Məsələ 373. Cəbirə pak olmalıdır. Nəcasətli olduğu təqdirdə isə yuyulmalı, dəyişdirilməli, yaxud üzərinə parça və ya plastik maddə kimi pak bir şey cəbirəyə yapışaraq ürfən onun bir hissəsi hesab ediləcək şəkildə bağlanmalıdır. Əgər cəbirənin səthi pakdırsa, ancaq alt layları nəcasətlidirsə, ehtiyata lüzum yoxdur.

Məsələ 374.Cəbirə qəsb edilmiş olmamalıdır və insan qəsb edilmiş cəbirəyə məsh etdikdə günah etmiş olur və onun dəstəmazı, vacib ehtiyata əsasən, batildir.

Məsələ 375. Cəbirənin mütləq namaz əsnasında insanın üzərində olması doğru sayılan şeylərdən olması şərt deyildir. Beləliklə, cəbirə ipək parça, qızıl, yaxud əti haram sayılan heyvanın bədəninin pak hissələrindən hazırlanmış olarsa, dəstəmaza xələl gətirmir. Cəbirə dəstəmazının doğruluğuna xələl gətirən məqamlar isə artıq hökmünü bəyan etdiyimiz kimi cəbirənin səthinin nəcasətli olması, yaxud onun qəsb edilmiş olmasıdır.

Səkkizinci şərt: Cəbirə normal ölçüdə olmalıdır

Məsələ 376.Yaranın, çibanın, sınığın və s. üzərinə qoyulan cəbirə normal ölçüdə olmalıdır. Əgər cəbirə normal ölçüdən artıqdırsa və artıq olan hissənin həddən ziyadə əziyyət çəkmədən götürülməsi mümkündürsə, həmin hissə götürülməlidir. Əgər artıq hissənin götürülməsi mümkün deyilsə, yaxud həddən ziyadə məşəqqətli olacaqsa və ya sağlam nahiyə üçün zərər törədə bilərsə, belə hallarda cəbirə təyəmmüm yerlərindən (alın və əllərdən) başqa bir yerdə olduğu təqdirdə təyəmmüm etmək, təyəmmüm yerlərində olduğu təqdirdə isə, vacib ehtiyata əsasən, həm cəbirə dəstəmazı almaq, həm də təyəmmüm etmək lazımdır. Lakin əgər artıq hissənin götürülməsi məhz zədələnmiş nahiyə üçün təhlükəlidirsə, bu halda hərçənd cəbirə təyəmmüm yerlərində olsa da, cəbirə dəstəmazı kifayətdir.

Məsələ 377. Yaranın üzərindəki cəbirə normal əndazədədirsə, onun yüngülləşdirilməsinə ehtiyac yoxdur. Habelə, ehtiyac olmadığı təqdirdə cəbirənin üzərinə başqa bir şeyin qoyulması, yaxud sarılması, qoyulduqdan və ya sarıldıqdan sonra cəbirənin tərkib hissəsinə çevrildiyi hal istisna olmaqla, caiz deyildir.

Doqquzuncu şərt: Tərtibə riayət edilməlidir

Məsələ 378.Adi qaydada dəstəmazda qollar yuxarıdan aşağıya doğru yuyulduğu kimi cəbirə dəstəmazında da qoldakı cəbirənin üzərinə tərtib qaydasına riayət etməklə yuxarıdan aşağıya məsh edilməlidir. Həmçinin, üzdə cəbirə olarsa, vacib ehtiyata əsasən, cəbirənin üzərinə yuxarıdan aşağıya doğru məsh etmək lazımdır. Beləliklə, biləyində cəbirə olan, lakin qolunun yuxarı (bazuönü) və aşağı (əl) nahiyələri açıq olan şəxs öncə açıq olan yuxarı hissəni yumalı, sonra cəbirəli biləyin üzərinə tərtibə riayət etməklə məsh etməli, daha sonra açıq olan biləkdən aşağı hissəni yumalıdır.

Məsələ 379.Üz və qollarda birdən artıq cəbirə olarsa, onların arasında qalan hissələri tərtibə riayət etməklə yumaq lazımdır.

Müxtəlif hallarda cəbirə dəstəmazının alınma qaydası

Yara, çiban, yaxud sınıq yuxarıda sadalanan şərtlərə cavab verdikdə cəbirə dəstəmazı müxtəlif hallarda aşağıdakı üsullarla alınır:

Yara, çiban, yaxud sınıq yuyulmalı olan üzvlərdədirsə (üz və ya qollardadırsa):

a) üstü örtülüdürsə:ətrafı yuyulmalı və cəbirənin üzərinə məsh edilməlidir.

b) üstü açıqdırsa:

Əgər yara, yaxud çibandırsa, sınığın olub-olmamasından asılı olmayaraq: ətrafını yumaq lazımdır və yara, yaxud çiban olan hissəni yumağa gərək yoxdur. Hərçənd, müstəhəb ehtiyata əsasən, onun üzərinə təmiz bir parça qoyaraq yaş əli parçanın üzərinə çəkmək lazımdır.

Əgər sınıq yarasız olarsa, təyəmmüm etmək lazımdır.

Yara, çiban, yaxud sınıq məsh üzvlərindədirsə:

a) üstü bağlıdırsa:dəstəmaz üçün cəbirənin üzərinə məsh etmək lazımdır.

b) üstü açıqdırsa: təyəmmüm etmək və müstəhəb ehtiyata əsasən, üzərinə pak bir parça qoyaraq parçanın üstünə əldə qalan dəstəmaz suyunun rütubəti ilə məsh etmək surəti ilə cəbirə dəstəmazı da almaq lazımdır.

Məsələ 380.Cəbirə ayağı eninə doğru bütünlüklə əhatə edirsə, lakin ayağın üstünün cəbirədən yuxarıda qalan bir hissəsi və eləcə də barmaqlar tərəfdə qalan bir hissəsi sarğısızdırsa, sarğısız yerlərin və cəbirənin üzərinə adi dəstəmazda olduğu kimi tərtibə riayət etməklə məsh etmək lazımdır.

Məsələ 381. Əl və barmaqlarında cəbirə olan və dəstəmaz əsnasında digər əlini yaş halda ona çəkən şəxs baş və ayaqlarına həmin rütubətlə məsh edə bilər. Hərçənd, müstəhəb ehtiyata əsasən, məsh əlin cəbirəsiz yeri ilə edilməlidir.

Məsələ 382.Cəbirə dəstəmaz üzvlərindən bəzilərini, məsələn, üzü, yaxud qolun birini tamamilə əhatə edirsə, cəbirə dəstəmazı kifayətdir. Lakin dəstəmaz üzvlərinin hamısını, yaxud təqribən hamısını əhatə edirsə, vacib ehtiyata əsasən, həm təyəmmüm etmək, həm də cəbirə dəstəmazı almaq lazımdır.

Məsələ 383. Dəstəmaz üzvlərinin hər hansı bir yerindən qan alınarsa, yaxud həcəmət edilərsə, su həmin nahiyə üçün zərərli olduğu təqdirdə ona öncəki məsələlərdə şərh edilən yara hökmləri tətbiq edilməlidir. Su zərərli deyilsə, lakin həmin üzvün nəcasətlənməsi, yaxud qanaxmanın dayanmaması ilə əlaqədar olaraq onu yumaq mümkün deyilsə, təyəmmüm etmək lazımdır.

Məsələ 384. Hər hansı bir göz xəstəliyindən əziyyət çəkən, gözü şişən, iltihablanan şəxsin sudan, ümumiyətlə, üzünü yumaq üçün istifadə etməsi təhlükəlidirsə, təyəmmüm almalıdır. Lakin göz ətraflarını yumaq mümkündürsə və göz üçün zərərli deyilsə, gözün üzəri məlhəmlə örtülmüş olduğu təqdirdə cəbirə dəstəmazı almaq kifayətdir, gözün üzəri məlhəmlə örtülmədiyi təqdirdə isə vacib ehtiyata əsasən, həm cəbirə dəstəmazı almaq, həm də təyəmmüm etmək lazımdır.

Cəbirə dəstəmazı ilə əlaqədar digər hökmlər

Məsələ 385. Vəzifəsi cəbirə dəstəmazı, yaxud qüslü olan şəxs hərçənd namaz vaxtının sonunadək üzürlü halın aradan qalxacağını bilsə də, namazı vaxtının başlanğıcında qıla bilər. Lakin, müstəhəb ehtiyata əsasən, əgər vaxt bitənədək üzürlü vəziyyətin aradan qalxacağına ümid edirsə, bu halda gözləməli, üzürlü halı aradan qalxmadığı təqdirdə isə namazını vaxtı bitənədək cəbirə dəstəmazı, yaxud qüslü ilə qılmalıdır.

Məsələ 386.Vəzifəsi cəbirə dəstəmazı almaq olan və cəbirə dəstəmazı alan şəxs üzürlü halı aradan qalxdıqda və şəfa tapdıqda dəstəmazı qüvvədə qalır və onunla namaz qılmaq, yaxud Quranın yazısına toxunmaq kimi dəstəmaza ehtiyac duyulan işləri görə bilər.

Qeyd etmək lazımdır ki, vəzifəsi həm cəbirə dəstəmazı, həm də təyəmmüm olan hallarda üzürlü hal aradan qalxdıqdan, şəfa tapdıqdan sonra həmin dəstəmaz kafi sayılmır və yerinə yetirilməsi üçün dəstəmaza ehtiyac duyulan işlər üçün dəstəmaz almalıdır. Bu məsələ cəbirə qüslünə də aiddir.

Məsələ 387.Əgər insan dəstəmaz üzvlərində yara, çiban, yaxud sınıq olduğunu və suyun onun üçün zərərli olduğunu düşünərək cəbirə dəstəmazı, yaxud qüslü haqqında göstərişə uyğun hərəkət edərsə, sonradan dəstəmaz üzvlərində hər hansı bir yara, çiban, yaxud sınıq olmadığı aşkara çıxarsa, onun dəstəmaz, yaxud qüslü batildir və belə dəstəmaz və ya qüsllə qıldığı namazları vaxtı bitmədiyi təqdirdə yenidən qılmalı, vaxtı bitdiyi halda isə qəzasını qılmalıdır. Lakin əgər dəstəmaz üzvlərində həqiqətən yara, çiban, yaxud sınıq olarsa və insan suyun zərərli olduğunu düşünərək cəbirə dəstəmazı, yaxud qüslü göstərişlərinə əməl edərsə, sonradan əslində suyun zədələnmiş nahiyə üçün zərərli olmadığı məlum olarsa, dəstəmaz və qüslü doğru sayılır.

Məsələ 388.Mükəlləf suyun dəstəmaz almaq, yaxud qüsl etmək üçün zərərli olmadığını düşünərək adi qaydada dəstəmaz alar, yaxud qüsl edərsə və sonradan suyun onun üçün zərərli olduğunu və əslində vəzifəsinin cəbirə dəstəmazı, yaxud qüslü olduğunu başa düşərsə, dəstəmaz və ya qüslü yeniləməlidir.

Məsələ 389.Mükəlləf suyun onun üçün zərərli olduğunu düşündüyü halda cəbirə dəstəmazı, yaxud qüslündən imtina edərək adi qaydada dəstəmaz alar, yaxud qüsl edərsə və suyun onun üçün təhlükəli olmadığını, vəzifəsinin dərini yumalı olduğunu başa düşərsə, vacib ehtiyata əsasən, dəstəmaz və ya qüslü yeniləməlidir.

Məsələ 390. Vəzifəsinin cəbirə dəstəmazı almaq, yoxsa təyəmmüm etmək olduğunu bilməyən şəxs ehtiyatən hər ikisini yerinə yetirməlidir.

Cəbirə qüslü ilə bağlı hökmlər və şərtlər

Məsələ 391. Cəbirə tərzində edilən qüsllərə (cənazə qüslü istisna olmaqla) cəbirə dəstəmazının hökm və şərtləri şamil olunur.Lakin lazım ehtiyata əsasən, cəbirə qüslü tərtibi qaydada yerinə yetirilməlidir. Əgər bədəndə yara, çiban və ya yaralı (irinli, yaxud kəsilmiş-deşilmiş yara) sınıq olarsa və su onun üçün təhlükəli olarsa, sarğılı olub-olmamasından asılı olmayaraq mükəlləf qüsl və təyəmmüm arasında seçim edə bilər. Qüslü seçdiyi və zədələnmiş yer sarğılı olduğu təqdirdə onun üzərinə məsh etməli, zədələnmiş yer sarğısız olduğu təqdirdə isə onun ətrafını qüsl niyyəti ilə yumalı və müstəhəb ehtiyata əsasən, zədələnmiş nahiyənin üzərinə pak bir parça qoyaraq parçanın üzərinə məsh etməlidir. Lakin bədənində yarasız sınıq olarsa, su onun üçün təhlükəlidirsə və sarğısızdırsa, qüsl əvəzinə təyəmmüm etməli, sarğılı olduğu və cəbirənin üzərinə məsh etmək mümkün olduğu təqdirdə cəbirənin üzərinə məsh etməklə qüsl etməli, cəbirənin üzərinə məsh etmək mümkün olmadığı halda isə təyəmmüm etməlidir. Ancaq bu cəbirə təyəmmüm üzvlərində olarsa, vacib ehtiyata əsasən, bu halda həm qüsl, həm də təyəmmüm etməlidir.

Məsələ 392.İnsan cəsədində suyun dəriyə toxunmasının qarşısını alan bir maneə vardırsa, mümkün olduğu təqdirdə aradan qaldırılmalıdır. Aradan qaldırılması mümkünsüz, yaxud həddən ziyadə çətin, dözülməz dərəcədə məşəqqətli olduğu halda isə cəsəd üçün cəbirə qüslünün şəriətə uyğunluğu məlum deyil və ona təyəmmüm etmək vacibdir. Hərçənd, müstəhəb ehtiyata əsasən, təyəmmümlə yanaşı cənazəyə, xüsusən, bədənindəki aradan qaldırıla bilməyən maneə cüzi həcmdə olduğu təqdirdə qüsl də verilməlidir.

Qeyd etmək lazımdır ki, bu deyilənlər sözügedən maneənin cəsədin təyəmmüm üzvlərində olmadığı hallara şamildir. Əks təqdirdə isə cənazəyə həm təyəmmüm etmək və həm də  qüsl vermək vacibdir və bu halda cənazəyə qüsl verilərkən, vacib ehtiyata əsasən, mümkün olduğu təqdirdə cəbirə dəstəmazı, yaxud qüslündə olduğu kimi cəsəddəki maneənin üzərinə məsh edilməlidir.

Cəbirə təyəmmümünün hökmü

Məsələ 393. Əgər mükəlləfin vəzifəsi təyəmmüm almaqdırsa və təyəmmüm üzvlərində cəbirə vardırsa, məsələn, alnında, yaxud ələrinin üstündə yara, çiban və ya sınıq vardırsa, cəbirə dəstəmazı ilə bağlı göstərişlərə uyğun qaydada cəbirə təyəmmümü etməlidir.


[49] Yəni əl üzün eninə doğru tamamilə açıldıqda orta barmağın ucu ilə baş barmağın ucu arasına sığan hissəni. Tərc.
[50] Buna əsasən, əgər bir şəxs bu məsələyə riayət etməmişdirsə, hökm vacib ehtiyata əsasən olduğuna görə digər vacib ehtiyat hallarında olduğu kimi digər müctəhidlərdən ələm olan başqa bir müctəhidə müraciət edə və həmin müctəhid buna riayət etməyi lazım bilmədiyi təqdirdə keçmişdə aldığı və gələcəkdə alacağı dəstəmazların düzgün olması üçün bu məsələdə ona təqlid edə bilər.
[51] 258-ci məsələdə (vərəqaltı qeyddə) verilən izah bu məsələyə də şamildir.
[52] Bu halda həmin su ilə məsh etmək (üzə, yaxud qola sığal çəkmək) də ehtiyata ziddir.
[53] Qeyd etmək lazımdır ki, bu ehtiyat xüsusunda (digər vacib ehtiyat məqamlarında olduğu kimi) ələmlik dərəcəsi ardıcıllığına riayət etməklə ayaqlara üzərindəki çıxıntıyadək məsh etməyi kafi hesab edən, təqlid üçün bütün şərtlərə cavab verən başqa bir müctəhidə müraciət etmək olar və bu halda keçmişdə qılınan namazlar da doğru sayılır.
[54] Ovuc deyərkən əlin ayası ilə yanaşı barmaqların iç hissəsi də nəzərdə tutulur.
[55] Üzün yuxarıdan aşağıya doğru yuyulması vacib ehtiyata əsaslanır.
[56] Daha ətraflı izah üçün 1449-cu məsələyə müraciət edin.
[57] Unudulmuş təşəhhüdün qəzasının yerinə yetirilməsi vacib deyildir, müstəhəb ehtiyatın tələbidir. Lakin unudulmuş təşəhhüd üçün səhv səcdəsinin edilməsi vacibdir.
[58] Kanula serum qoşmaq, yaxud maye halında olan dərmanların inyeksiyasını həyata keçirmək üçün xəstənin bədəninə daxil edilən plastik borucuqdur.
[59] Cəbirənin üzərinə məsh etmədən onun ətrafının yuyulması ilə kifayətlənmək, vacib ehtiyata əsasən, caiz deyil və buna əsasən, cəbirənin üzərinə yalnız məsh edilməlidir və onun yuyulması kifayət etmir.
Quran və mübarək adlarla bağlı bəzi hökmlər → ← Qablarla bağlı hökmlər
العربية فارسی اردو English Azərbaycan Türkçe Français