ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

ÜÇ QAN (QADINLARA MƏXSUS HÖKMLƏR) → ← Quran və mübarək adlarla bağlı bəzi hökmlər

QÜSL

Vacib qüsllər

Məsələ 414. Vacib qüsllərin sayı səkkizdir:

1) cənabət qüslü;

2) heyz qüslü;

3) nifas qüslü;

4) istihazə qüslü;

5) məssi-meyit (cənazəyə toxunma) qüslü;

6) meyit qüslü;

7) şəriətdə göstərilən qaydada nəzir, əhd, and və bənzər səbəblərlə əlaqədar olaraq vacib olan müstəhəb qüsllər;

8) tam Günəş tutulması, yaxud tam Ay tutulması zamanı mükəlləfin ayat namazını qəsdən qəzaya qalanadək qılmadığına görə, vacib ehtiyata əsasən, onun qəzasını qılmaq üçün almalı olduğu qüsl.

Cənabətlə bağlı hökmlər

Məsələ 415. İki halda insan cünub (cənabətli) olur:

1) cinsi əlaqə nəticəsində;

2) yuxuda, yaxud oyaq halda baş verməsindən, həcmindən, şəhvət hissləri ilə müşayiət olunub-olunmamasından və ixtiyari, yaxud qeyri-ixtiyari surətdə baş verməsindən asılı olmayaraq məni (sperma) ifrazı nəticəsində.

Məsələ 416. Əgər kişidən məni, idrar, yaxud başqa bir şey olduğunu bilmədiyi bir maye ifraz olarsa, şəhvət və sıçrayışla ifraz olduğu və ifraz olduqdan sonra bədənin süstləşdiyi təqdirdə həmin mayeyə məni hökmü şamil olunur. Lakin bu üç əlamətdən heç biri, yaxud bəzisi olmazsa, məni hökmü şamil olunmur. Bununla belə, xəstə insanlarda spermanın sıçrayışla ifraz olması və bu əsnada bədənin süstləşməsi şərt sayılmır və əgər şəhvətlə ifraz olarsa, məni hökmü şamil olunur.

Məsələ 417.Qadınların mazaqlaşma, yaxud şəhvət oyandıran təsəvvürlər əsnasında cinsiyyət orqanlarında hiss etdikləri rütubət ətrafa sirayət etməyən dərəcədə olarsa pakdır, qüsl lazım deyil və dəstəmazı da pozmur. Ancaq qadınlardan şəhvətlə ifraz olan rütubət boşalma (eyakulyasiya) adlandırılacaq həddə olarsa və geyimlərinə sirayət edərsə (adətən, bu maye qadının cinsi həzzin zirvəsinə, orqazma çatması əsnasında ifraz olur), nəcisdir və cənabətlənməyə səbəb olur. Bu cəhət, yəni cinsi həzzin zirvəsinə çatma qeyd edilən hökm üçün şərt sayılmır və sadəcə şəhvətlə boşalma hesab edilmə lazım ehtiyata əsasən nəcisdir və cənabət halının gerçəkləşməsi üçün kifayətdir. Əgər qüsldən sonra qadının daxili cinsiyyət orqanlarında qalan kişi sperması xaric olarsa, qadına qüsl vacib olmur, lakin həmin məni nəcis sayılır və bədənin hər hansı hissəsinə, yaxud paltara dəydiyi təqdirdə onu da nəcasətləndirir.

Məsələ 418.Xəstə olmayan kişidən 416-cı məsələdə qeyd edilən üç əlamətdən birinə malik olan bir maye ifraz olarsa və digər əlamətlərin də olub-olmamasını bilməzsə, cunub sayılmır və qusl vacib deyil.

Məsələ 419.Müstəhəbdir ki, kişi sperma ifrazından sonra idrar etsin. Əgər idrar etməsə və qüsldən sonra sperma, yaxud başqa bir ifrazat olduğunu bilmədiyi bir maye ifraz olarsa, həmin mayeyə məni hökmü şamil olunur və sözügedən şəxs cünub sayılır. Qadınlar üçün isə belə bir istibra yoxdur və onlardan ifraz olan şübhəli mayeyə məni hökmü şamil olunmur.

Məsələ 420. Kişi qadınla vaginal, yaxud anal cinsi əlaqədə olarsa və cinsiyyət orqanı sünnət yerinədək onun vaginasına, yaxud anus dəliyinə daxil olarsa, hətta sperma ifraz olmasa belə, hər ikisi cünub olur və bu hökmdə onların həddi-büluğa çatıb-çatmaması, aqil, yaxud dəli olması və məqsədli, yaxud məqsədsiz şəkildə cinsi əlaqədə olması arasında heç bir fərq yoxdur. Lakin kişi cinsiyyət orqanının sünnət yerinədək daxil olub-olmadığına şəkk edərsə, ona qüsl vacib deyildir.

Məsələ 421. Əgər kişi – Allah qorusun – bir heyvanla, yaxud başqa bir kişi və ya oğlanla cinsi əlaqədə olarsa və ondan məni ifraz olarsa, yalnız qüsl etməsi kifayətdir. Məni ifraz olmazsa, cinsi əlaqədən öncə dəstəmazlı olduğu təqdirdə yenə də təkcə qüsl etməsi kifayətdir, lakin dəstəmazsız olduğu təqdirdə, vacib ehtiyata əsasən, həm qüsl etməli, həm də dəstəmaz almalıdır.

Məsələ 422.Əgər məni yerindən hərəkət edərsə, lakin ifraz olmazsa, yaxud insan onun ifraz olub-olmamasına şəkk edərsə, həmçinin, yuxuda şeytanı olduğunu (möhtəlimlik, pollyusiya) görərsə, lakin ayıldıqdan sonra mənidən əsər-əlamət görməzsə,ona qüsl etmək vacib deyildir.

Məsələ 423. Qüsl edə bilməyən, yaxud qüsl etmək üçün suyu olmayan, lakin təyəmmüm edə bilən şəxs namaz vaxtının başlamasından sonra da həyat yoldaşı ilə cinsi əlaqədə ola bilər. Ancaq cinsi əlaqədən başqa bir yolla, məsələn mazaqlaşma nəticəsində cünub olmaq vacib ehtiyata əsasən düzgün deyil.

Məsələ 424. İnsan paltarında məni sperma görərsə, onun öz sperması olduğuna və onun üçün qüsl etmədiyinə əmin olarsa, qüsl etməli və spermanın ifraz olmasından sonra qıldığına əmin olduğu namazlarını vaxtı bitmədiyi təqdirdə yenidən qılmalı, vaxtı bitdiyi təqdirdə isə onların qəzasını qılmalıdır. Lakin həmin sperma ifrazından öncə qıldığını ehtimal etdiyi namazlarının qəzasını qılmasına gərək yoxdur.

Cənabət qüslü tələb edən hallar

Məsələ 425. Cənabət qüslü öz-özlüyündə vacib deyil, təharətin şərt sayıldığı işlərdə vacib olur:

1- vacib namaz, onun unudulmuş hissələri və hərçənd müstəhəb həcc, yaxud ümrə ziyarəti çərçivəsində olsa belə, ehram nəticəsində vacib olan təvaf kimi vacib əməllər üçün vacib olur və bu əməllərin doğru sayılması üçün bir şərtdir. Lakin cənazə namazı, səhv səcdəsi, şükür səcdəsi və oxuyarkən, yaxud eşidərkən səcdə etməyin vacib olduğu ayələrlə əlaqədar olan səcdə üçün cənabət qüslü lazım deyil və bu əməllər cənabət quslu olmadan da səhihdir.

2- Bəzən cənabət qüslü bir işin icrasının doğru sayılması, haram olmaması üçün bir şərtdir, yəni həmin işi qüslsüz yerinə yetirmək, məsələn, cənabətli halda Quranın yazısına toxunmaq haramdır.

3- Bəzən bir əməlin səhih olmağı üçün cənabət qüslü  şərtdır. Məsələn müstəhəb namaz qılmaq.

4- Bəzən də bir işin kamilliyi, yəni onun icrası nəticəsində savaba nail olmaq, yaxud daha çox savab qazanmaq üçün şərtdir. Məsələn, cənazə namazı, Quran qiraəti, dua və uca Allahdan hacət diləmək və azan bu qəbildəndir.

5- Bəzən isə bir işin məkruhluğunu aradan qaldırmaq üçün şərtdir. Məsələn, cənabətli halda yatmaq məkruhdur, lakin qüsl (yaxud dəstəmaz) aldıqda məkruhluq aradan qalxır.

Məsələ 426. Cənabət qüslü əsnasında insanın vacib, yaxud müstəhəb qüsl niyyəti etməsinə gərək yoxdur, Allaha yaxınlaşmaq niyyəti ilə, yəni Onun qarşısında öz itaətkarlığını nümayiş etdirmək üçün qüsl edərsə, kifayətdir.

Cünuba haram olan hərəkətlər

Məsələ 427.Yeddi şey cünuba haramdır:

1) Bədənin hər hansı bir hissəsini Quranın yazısına toxundurmaq.

2) Vacib ehtiyata əsasən, bədənin hər hansı bir hissəsini hansı dildə olmasından asılı olmayaraq uca Allahın müqəddəs adına (ləfzi-cəlaləyə) və eləcə də digər gözəl adlara (əsma əl-hüsnaya), həmçinin müstəhəb ehtiyata əsasən, peyğəmbərlərin, imamların və Həzrət Fatimənin (Onların hamısına Allahın salamı olsun!) adlarına toxundurmaq.

3) Hətta bir qapıdan daxil olub, digər qapıdan çıxmaq surəti ilə olsa belə Məscid əl-haram və Məscid ən-Nəbiyə daxil olmaq.

4) Digər məscidlərdə dayanmaq. Lakin məscidin içindən ötüb keçməyin, yəni bir qapısından girərək, digər qapısından çıxmağın eybi yoxdur. Həmçinin, məsum imamların (ə) müqəddəs ziyarətgahlarına da, vacib ehtiyata əsasən, bu məsələdə məscid hökmü şamil olunur və ziyarətgah deyərkən “rövzə”, yəni onların müqəddəs qəbirləri və qəbrin ətrafındakı zərihin yerləşdiyi sahə nəzərdə tutulur, tağtavan və meydanlar isə rövzə sayılmır. Lakin tağtavan və meydanların məscid olduğu müəyyən edilərsə, bu hökm onlara da şamil olunur. İmamzadələrin məqbərələrinə məsum imamların məqbərələri ilə bağlı hökm şamil olunmur. Ancaq imamzadələrin ziyarətgahlarında yerləşən, məscid olduğu sabit olan məkanlara məscid hökmü şamil olunur. Qeyd etmək lazımdır ki, məscid sayılmayan evlərdə, idarələrdə, müəssisələrdə, məktəblərdə və s. yerlərdəki namazxanalara, həmçinin, hüseyniyyələr, şəhid məzarlığı, mömin qəbiristanlığı kimi yerlərə məscid hökmü şamil olunmur.

5) Hər hansı bir şey götürmək məqsədilə məscidə daxil olmaq.

6) Lazım ehtiyata əsasən, hətta məscidin içindən ötüb keçərkən, yaxud məscidə daxil olmadan, kənardan belə olsa, məscidə bir şey qoymaq.

7) Vacib səcdəsi olan ayələrdən hər hansı birini oxumaq. Bu ayələr dörd surədədir:

Quranın 32-ci (Səcdə) surəsinin 15-ci ayəsi;

41-ci (Fussilət) surəsinin 37-ci ayəsi;

53-cü (Nəcm) surəsinin sonuncu ayəsi;

96-cı (Ələq) surəsinin axırıncı ayəsi.

Müstəhəb ehtiyata əsasən, cünub bu dörd səcdəli surənin digər ayələrini də oxumamalıdır.

Cünuba məkruh olan hərəkətlər

Məsələ 428. Doqquz şey cünuba məkruhdur:

1) və 2) yemək və içmək (lakin dəstəmaz alarsa, yaxud əl-üzünü yuyarsa və ağzını yaxalayarsa, məkruh sayılmır, yalnız əlini yuduqda isə məkruhluq azalır);

3) Quranın vacib səcdəsi olmayan yeddidən artıq ayəsini oxumaq;

4) bədənin hər hansı bir hissəsini Quranın cildinə, haşiyəsinə, yaxud yazılarının arasındakı boş yerlərə toxundurmaq;

5) Quranı üzərində saxlamaq;

6) yatmaq (lakin dəstəmaz alarsa, yaxud su tapılmadığından qüsl əvəzinə təyəmmüm edərsə, məkruh sayılmır)

7) xına və bu qəbildən olan şeylərdən istifadə etmək;

8) bədənə müxtəlif növ yağ və kremlərin sürtülməsi;

9) pollyusiyadan, yəni yuxuda sperma ifraz olduqdan sonra oyandıqda cinsi əlaqəyə girmək.

Qüslün qaydası

Məsələ 429. Cənabət qüslünü və meyit qüslü istisna olmaqla digər vacib və müstəhəb qüslləri iki cür yerinə yetirmək olar: tərtibi və irtimasi qaydada. Tərtibi qaydada qüsl bədənin sağ və sol tərəfləri arasında ardıcıllığa riayət edildiyi təqdirdə irtimasi qüsldən daha üstündür. Meyit qüslünə gəlincə, vacib ehtiyata əsasən, tərtibi qaydada yumaq mümkün olduqca, cənazə irtimasi qaydada qüsl edilməməlidir.

Tərtibi qüsl

Məsələ 430. Tərtibi qüsldə qüsl niyyəti ilə, lazım ehtiyata əsasən, öncə bütövlüklə baş və boyun, sonra bədən yuyulmalıdır və müstəhəbb ehtiyata əsasən, əvvəlcə bədənin sağ, sonra sol tərəfi yuyulsun.[61]

Məsələ 431. Tərtibi qüslü suya dalmaq surəti ilə də yerinə yetirmək olar. Belə ki, insan bir dəfə baş və boyun, ikinci dəfə isə bədənini yumaq niyyəti ilə suya dalarsa, qüslü doğrudur. Hərçənd, müstəhəb ehtiyata əsasən, üç dəfə - bir dəfə baş və boyun, ikinci dəfə sağ tərəf, üçüncü dəfə isə sol tərəfi yumaq niyyəti ilə suya dalmalıdır.

Məsələ 432.Tərtibi qüslün bədənin üç hissəsinin hər birini suyun altında qüsl niyyəti ilə hərəkət etdirməklə gerçəkləşdiyini söyləmək çətindir və vacib ehtiyat bununla kifayətlənməməyi tələb edir. Beləliklə, insan hovuzun içindədirsə və tərtibi qaydada qüsl etmək isəyirsə, vacib ehtiyata əsasən, sudan çıxmalı, yaxud heç olmazsa yumaq istədiyi yeri sudan çıxarmalı, sonra tərtibi qüsl niyyəti ilə suya salmalıdır.

Həmçinin, əgər baş və bədən duşun altındadırsa və su üzərindən axırsa, lazım ehtiyata əsasən, yumaq istədiyi yeri duşun altından kənara çəkməli, sonra qüsl niyyəti ilə duşun altına tutmalıdır. Bu məsələni bilməyən və öncəki qüsllərində ona riayət etməyən şəxs keçmiş qüsllərinin doğru hesab edilməsi üçün ələmlik dərəcəsi üzrə ardıcıllığa riayət etməklə bu ehtiyatı lazım bilməyən başqa bir ələm müctəhidə müraciət edə bilər. Əgər o ələm müctəhid bu nöqtəyə əməl etməyi lazım bilməsə, bu məsələdə ona təqlid edə bilər ki, indiyə qədər və bundan sonra  bu qayda ilə aldığı qusllər  işkalsız olsun.

İrtimasi qüsl

İrtimasi qüsl iki tərzdə icra edilə bilər: dəfi (birdəfəlik) və tədrici.

Məsələ 433. Dəfi irtimasi qüsldə eyni anda su bütün bədəni əhatə etməlidir. Lakin qüslə başlamazdan öncə bütün bədənin sudan kənarda olması şərt sayılmır. Bədənin bir hissəsi sudan qıraqda olarsa və bu halda insan qüsl niyyəti ilə suya dalarsa, kifayətdir.

Məsələ 434. Tədrici irtimasi qüsldə isə bədəni qüsl niyyəti ilə tədricən və ürfən qüsl prosesinin vahidliyini qorumaqla suya salmaq lazımdır və bu qaydada alınan qüsldə hər bir üzv qüsl niyyəti ilə yuyulmazdan öncə suyun xaricində olmalıdır.

Qeyd etmək lazımdır ki, bu qaydada alınan qüsldə bədənin tam olaraq eyni anda suyun altında olmazı lazım deyil. Buna əsasən qüsl niyəti ilə bəzi əzalarını suyun altına salan şəxs, o əzalarını sudan çıxardıb digər əzalarını suya sala bilər.

Məsələ 435. İnsan irtimasi qüsldən sonra bədəninin bir hissəsinə su dəymədiyini başa düşərsə, həmin yerinona məlum olub-olmamasından asılı olmayaraq yenidən qüsl etməlidir.

Məsələ 436. İnsanın tərtibi qaydada qüsl etməyə vaxtı yoxdursa, lakin irtimasi qaydada qüsl etməyə vaxtı vardırsa, irtimasi qaydada qüsl etməlidir.

Məsələ 437. Həcc, yaxud ümrə üçün ehrama bürünən şəxs irtimasi qaydada qüsl etməməlidir. Lakin unutqanlıq üzündən irtimasi qaydada qüsl edərsə, qüslü doğrudur.

Qüslün düzgün olmasının şərtləri

Məsələ 438. Qüsl düzgünlük şərtləri baxımından aşağıdakı üç hal istisna olmaqla dəstəmaz kimidir:

1) Qüsldə baş və boyunu, yaxud bədəni yuxarıdan aşağıya doğru yumaq lazım deyil.

2) Dəstəmazdan üzün dərisi tüklərin arasından görünmədiyi halda saqqalın üstünün yuyulması kifayətdir və suyun dəriyədək çatdırılması lazım deyil, lakin qüsldə suyun dəriyə çatdırılması lazımdır.

3) Tərtibi qüsldə fasiləsiz ardıcıllıq şərt sayılmır. Bu səbəbdən baş və boynu yuduqdan sonra bədəni dərhal yumağa ehtiyac yoxdur. Beləliklə, insan başını və boynunu yuduqdan sonra fasilə verərək bir müddətdən sonra bədənini yuyarsa, bu, qüslün doğruluğuna xələl gətirmir. Hətta baş və boynun və ya bədənin özünün də bir dəfəyə yuyulması vacib deyil. Bu o deməkdir ki, insan başını yuduqdan sonra bir müddət fasilə verərək daha sonra boynunu yuya bilər. Lakin bu xüsusda aşağıdakı məsələdə izah ediləcək bir neçə hal istisna təşkil edir.

Məsələ 439. İdrar və ya nəcisini saxlaya bilməyən şəxsin idrar və nəcis ifrazı yalnız qüsl edərək namaz qılmaq üçün lazım olan minimum müddət ərzində dayanırsa, dərhal qüsl etməli və qüsldən sonra da dərhal namazını qılmalıdır. Həmçinin, qəlilə qismindən olan müstəhazə qadın dəstəmazdan sonra, mütəvəssitə qismindən olan müstəhazə qadın qüsl və dəstəmazdan sonra, kəsirə qismindən olan müstəhazı qadın isə qüsldən sonra namazı dərhal qılmalıdır. Yalnız 602 və 606-cı məsələlərdə izah ediləcək iki hal istisna təşkil edir. Habelə, vaxt azdırsa və insanın yalnız qüsl etmək (ehtiyac olduğu təqdirdə həm də dəstəmaz almaq) və namaz qılmaq üçün yetəcək qədər vaxtı qalmışdırsa, dərhal yubanmadan qüsl etməli, yalnız dəstəmazın lazım olduğu hallarda isə dəstəmaz almalı və ardınca namazı dərhal qılmalıdır.

Məsələ 440. İrtimasi, yaxud tərtibi qüsldə bədənin qüsldən öncə tamamilə pak olması vacib deyil. Hətta qüsl niyyəti ilə suya dalmaqla, yaxud üzərinə su tökməklə bədən pak olursa, qüsl üçün istifadə edilən suyun paklığını itirməməsi, məsələn, kür, yaxud axar su ilə qüsl edilməsi şərti ilə qüsl gerçəkləşmiş sayılır.

Məsələ 441. Suyun bədənə bilavasitə təmas etməsinə mane olan şey aradan qaldırılmalıdır və əgər insan onun aradan qalxdığına əmin olmadan qüsl edərsə, irtimasi qaydada etdiyi təqdirdə qüslü batildir, tərtibi qaydada qüsl etdiyi təqdirdə isə hökmü 450-ci məsələdə açıqlanacaqdır. Həmçinin, qüsl əsnasında aqil insanlara xas düşüncə tərzi ilə bədənində suyun qarşısını alan hər hansı bir maneənin olduğunu ehtimal edərsə, yoxlayaraq belə bir maneənin olmadığına arxayın olmalıdır.

Qüsllə bağlı digər hökmlər

Məsələ 442. Qüsldə bədənin ayrılmaz hissəsi sayılan qısa tükləri yumaq lazımdır. Uzun tükləri yumaq isə vacib deyil. Əgər su dəriyə həmin tüklər islanmadan çatdırıla bilərsə, qüsl doğrudur. Lakin suyun dəriyə çatdırılması uzun tükləri yumadan mümkün olmazsa, suyu dəriyə çatdırmaq üçün onları yumaq lazımdır.

Məsələ 443. İnsan tərtibi qüsldə hər iki hissəni, yəni həm baş və boyunu, həm də bədəni tamamilə yuduğuna əmin ola bilmirsə, vacib ehtiyata əsasən, əmin olmaq üçün hər bir hissəni yuduqda digər hissədən də bir qədər yeri həmin hissə ilə birlikdə yumalıdır.

Məsələ 444. Qüsldə bədənin kiçik bir hissəsi belə yuyulmamış qalarsa, irtimasi qaydada edildiyi təqdirdə batildir, tərtibi qaydada edildiyi təqdirdə bununla bağlı hökm 450-ci məsələdə açıqlanacaqdır. Lakin qulaq və burunun daxili hissəsinin, habelə bədənin daxili üzvlərindən sayılan istənilən nahiyənin yuyulması vacib deyildir.

Məsələ 445. Bədənin xarici, yoxsa daxili hissəsi olması xüsusunda şəkk edilən yer əvvəllər xarici nahiyə olduğu təqdirdə yuyulması vacibdir, əvvəllər xarici nahiyə olmadığı, yaxud ilkin vəziyyəti bəlli olmayan bir nahiyə olduğu təqdirdə isə, lazım ehtiyata əsasən, yuyulmalıdır.

Məsələ 446. Əgər sırğalıq dəliyi mərcəyin daxili tərəfinin xarici nahiyə hesab ediləcəyi qədər geniş olarsa, onu yumaq lazımdır, əks təqdirdə isə yumağa ehtiyac yoxdur.

Məsələ 447. Haram bir iş nəticəsində cünub olan şəxs isti su ilə qüsl edərsə, hətta tərləsə də, qüslü doğrudur, lakin müstəhəb ehtiyata əsasən, tərləməmək üçün soyuq, yaxud ilıq su ilə qüsl etməlidir.

Məsələ 448. Bir neçə vacib qüsl etməli olan şəxs onların hamısına niyyət edərək bir qüsl edə bilər və “zahir” (aydın olan fətva) budur ki, onlardan müəyyən birinə niyyət edərək qüsl etdikdə də digər vacib qüsllər üçün kifayət edir. Yalnız istisna olaraq vacib ehtiyata əsasən mütəvəssitə qismindən olan istihazə qüslünün digər vacib qüslləri əvəz etdiyini söyləmək olmaz[62]
.

Məsələ 449. Cənabət qüslü edən şəxs namaz üçün dəstəmaz almamalıdır. Hətta digər vacib qüsllər (mütəvəssitə istihazəsi istisna olmaqla), eləcədə müstəhəbliyi sabit olan və 463-cü məsələdə açıqlanacaq müstəhəb qüsllərlə dəstəmaz almadan namaz qılmaq olar, hərçənd müstəhəb ehtiyata əsasən, dəstəmaz da almaq lazımdır.

Məsələ 450. Əgər tərtibi qaydada etdiyi qüsldən sonra bədəninin bir hissəsini yumadığını başa düşərsə, həmin hissə bədəninin sağ və ya sol tərəfində olduğu halda həmin hissənin yuyulması kifayətdir. Hərçənd müstəhəb ehtiyata əsasən, sağ tərəfdə olduğu halda həmin hissəni yuduqdan sonra bədənin sol tərəfini tamamilə yumaq lazımdır. Yuyulmamış hissə baş və boyun nahiyəsində olduğu halda isə, vacib ehtiyata əsasən, həmin hissəni yuduqdan sonra bədənini yenidən bütövlüklə yumalıdır .Qüsldən sonra  baş və boyundan  bir yerində hər hansı bir hissəsini yumadığını başa düşərsə, ancaq məhz hansı hissəsi olduğunu bilməzsə, yaxud yumadığı hissənin baş və boyundan, yaxud sağ və sol tərəfdən olduğunu bilməsə   yenidən qüsl almalıdır. Bu hal irtimasi qüsldə baş verdiyi təqdirdə isə qüslü batil sayılır.

Məsələ 451.Tərtibi qüsl başa çatmamış sol, yaxud sağ tərəfin bir hissəsini yuyub-yumaması xüsusunda şəkkə düşərsə, həmin hissəni yumalıdır. Baş və boynun bir hissəsini yuyub-yumadığına şəkk etdiyi halda isə lazım ehtiyata əsasən, həmin hissəni yuduqdan sonra bədəninin qalan (baş və boyundan başqa) hissəsini yenidən tamamilə yumalıdır.

Məsələ 452. Qüsl edib-etmədiyinə şək edərsə, qüsl etməlidir. Ancaq qüsl başa çatdıqdan və ürfən qüsldən ayrıldıqdan sonra baş və boynunun, yaxud bədəninin bir hissəsini yuyub-yumadığına şəkk edərsə, adətən, qüslün hərəkətlərini ardıcıl və fasiləsiz yerinə yetirən bir şəxsdirsə və qüsl əzalarının böyük qismini yuduğunu bilirsə, şəkkinə etina etməməlidir.

Məsələ 453. Qüsldən sonra baş və boynunu, habelə bədənini yuduğu məlumdursa, lakin qüslünün doğru-olmadığına, qüslün doğru sayılması üçün tələb olunan şərtlərə riayət edib-etmədiyinə şəkk edirsə, hərçənd qüsl əsnasında sözügedən şərtlərə diqqət yetirməmiş və unutmuş olsa belə, yenidən qüsl etməsinə ehtiyac yoxdur və qüslü doğrudur. Hətta qüsldə hər bir hissəni yuduqdan sonra həmin hissənin yuyulmasında qüsl şərtlərinə riayət edib-etmədiyini şəkk edərsə, hərçənd növbəti hissəni yumağa başlamamış olsa da, həmin hissəni düzgün qaydada yuyulmuş kimi qəbul edə bilər.

Məsələ 454. Cünub olan bir şəxs namazdan sonra qüsl edib-etmədiyinə şəkk edərsə, qıldığı namazlar doğrudur. Yalnız qıldığı namaz gündəlik vacib namazlar kimi müəyyən vaxtı olan bir namazdırsa, şəkk də həmin namazın vaxtı başa çatmamış baş verərsə və namazdan sonra kiçik hədəs (dəstəmazı pozan bir hal və ya hərəkət) baş verərsə, bu halda istisna olaraq, vacib ehtiyata əsasən, qıldığı namazı yenidən qılmalıdır. Lakin istənilən halda növbəti namazlar üçün qüsl etməlidir.

Məsələ 455. Qüsl əsnasında insanda kiçik hədəs halı meydana gələrsə, məsələn, idrar edərsə, yaxud mədə yeli ifraz olarsa, qüslü yarımçıq qoyaraq yenidən qüslə başlamasına gərək yoxdur, qüslünü tamamlaya bilər və vacib ehtiyata əsasən, bu halda dəstəmaz da almalıdır. Lakin əgər tərtibi qüsldən irtimasi qüslə, yaxud irtimasi qüsldən tərtibi qüslə keçid edərsə, dəstəmaz almasına ehtiyac yoxdur və keçid etmək deyərkən əvvəlki qüsldən imtina etmək və qüslü yenidən digər tərzdə yerinə yetirmək nəzərdə tutulur.

Məsələ 456. Hamamdan istifadə haqqını hamam sahibinin razı olduğunu bilmədiyi halda nisyə şəkildə ödəmək istəyən şəxsin qüslü, hərçənd sonradan onu razı salsa belə, batildir. Lakin hamam sahibinin razı olmamasını unudarsa və sudan istifadənin mübah olduğu düşüncəsi ilə Allaha yaxınlaşmaq niyyəti ilə qüsl edərsə, bu halda qüsl doğru sayılır.

Məsələ 457. Əgər hamam sahibi ödənişi nisyə şəkildə qəbul etməyə razı olarsa, lakin qüsl edən şəxs ödəniş etməmək, yaxud ödənişi haram pulla etmək niyyətində olarsa, qüslü batildir.

Məsələ 458. Hamam sahibinə ödənişi xümsünü vermədiyi pulla həyata keçirərsə, hərçənd haram iş görmüş olsa da, zahir budur ki, qüslü doğrudur və xümsünü ödəməlidir.

Məsələ 459. Baş və boynun, bədənin yuyulması, yaxud qüslün şərtləri, məsələn, suyun pak olması, qəsb edilmiş olmaması, yaxud əzaların üzərində suyun qarşısını alan bir maneənin olmaması kimi xüsuslarda həddən ziyadə şəkk edən və şəkkak sayılan şəxs şəkkinə etina etməməlidir. Bu hökm insanın vasvasılığa mübtəla olduğu hallara da şamildir.

Məsələ 460. İnsan namaz vaxtının başladığına dair yəqinlik hasil edərək vacib qüsl niyyəti edərsə, sonra vaxtın başlamasından əvvəl qüsl etdiyi məlum olarsa, qüslü doğrudur. Həmçinin, əgər vacib namazı əda şəklində (onun üçün müəyyən olunmuş vaxt çərçivəsində) qılmaq niyyəti ilə qüsl edərsə və sonradan vaxtın başa çatdığı, namazın qəza olduğu məlum olarsa, qüslü doğrudur.

Məsələ 461. Əgər vaxtın azlığı ilə əlaqədar olaraq mükəlləfin vəzifəsi təyəmmüm etmək olarsa, lakin o, qüsl edib namaz qılmaq üçün kifayət edəcək qədər vaxtı olduğu düşüncəsi ilə qüsl edərsə, qüsldə niyyəti Allaha yaxınlaşmaq olduğu təqdirdə, həmin namazı qılmaq üçün qüsl etdiyinə baxmayaraq, qüslü doğrudur.

Məsələ 462. Böyük fəqihlər (Allah onlardan razı olsun!) yerinə yetirilməsinin əməlin kamilliyinə və savabın artmasına səbəb olacağına ümid edilən bir sıra hərəkətləri cənabət qüslü ilə əlaqədar müstəhəb işlər kimi qeyd etmişdirlər. Ümüdvarıq qüsldə ardıcıllıq kimi əməllərə riayət etməklə çoxlu savab və kamillik ələ gələcəkdir. O cümlədən əzaları yuxarıdan aşağıya yumaq,  qüslə başlayarkən Allahın adını zikr etmək, tərtibi qüsldə suyun həcminin təqribən  bir sa ( üç litr) olması, müvəssəl kitablarda qeyd olunan duaların oxunması bu qəbildəndir.

Müstəhəb qüsllər

Məsələ 463. Müqəddəs İslam şəriətində müstəhəb qüsllər çoxdur. O cümlədən:

1) Cümə qüslü. Bu qüslün vaxtı cümə günü sübh azanından günün batmasına qədərdir, lakin daha yaxşı olar ki, zöhrə yaxın edilsin. Cümə günü zöhrədək edilmədiyi təqdirdə isə daha yaxşı olar ki, qürubadək əda və qəza niyyəti olmadan yerinə yetirilsin. Cümə günü insan qüsl edə bilmədiyi halda isə müstəhəbdir ki, cümədən şənbəyə keçən gecə, yaxud şənbə günü qürub çağınadək qəzasını yerinə yetirsin. Hərçənd, daha yaxşı olar ki, cümə qüslünün qəzası gecə deyil, şənbə günü sübh azanı ilə qürub çağı arasındakı vaxt ərzində icra edilsin. Cümə günü qüsl almaq üçün su tapmayacağını bilən şəxs cümə axşamı günü, yaxud cümə axşamından cüməyə keçən gecə qüslü rəcaən (savab ümidi ilə) yerinə yetirə bilər. Lakin rəcaən icra edilən bu qüsl dəstəmazı əvəz etmir. Cümə qüslü əsnasında aşağıdakı duanın oxunması müstəhəbdir:

“Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh. Və ənnə Muhəmmədən əbduhu və rəsuluh. Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd. Vəcəlni minət-təvvabinə vəcəlni minəl-mutətəhhirin”.

(Təsdiq edirəm ki, Allahdan başqa tanrı yoxdur, O təkdir, şəriki yoxdur; Muhəmməd Onun bəndəsi və elçisidir! Allahım, Muhəmmədi və Ali-Muhəmmədi salam, rəhmət və bərəkət içrə qıl və məni tövbə edənlərdən və paklananlardan et!)

2-7) Ramazan ayının 1-ci, 17-ci, 19-cu, 21-ci, 23-cü və 24-cü gecələrinin qüslü.

8 və 9) Fitr və qurban bayramlarının qüslü. Bu qüsllərin vaxtı sübh azanından qürub çağına qədərdir və daha yaxşı olar ki, bayram namazından öncə edilsin.

10 və 11) Zülhiccə ayının səkkiz və doqquzuncu günlərinin qüslü. Doqquzuncu günün qüslü daha yaxşı olar ki, zöhr çağı edilsin.

12) Bədəninin hər hansı bir hissəsini qüslü edilmiş meyidə toxunduran şəxsin qüslü.

13) Ehram qüslü.

14) Məkkə hərəminə daxil olmaq üçün qüsl.

15) Məkkəyə daxil olmaq üçün qüsl.

16) Kəbə evini ziyarət etmək üçün qüsl.

17) Kəbəyə daxil olmaq üçün qüsl.

18) Dəvə və digər heyvanları kəsmək üçün qüsl.

19) Saçı qırxmaq üçün qüsl.

20) Mədinə hərəminə daxil olmaq üçün qüsl.

21) Mədinəyə daxil olmaq üçün qüsl.

22) “Məscid ən-Nəbi”yə daxil olmaq üçün qüsl.

23) Peyğəmbərin (s) qəbri ilə vidalaşmaq üçün qüsl.

24) Düşmənlə mübahilə etmək (mübahisə zəminində kimin haqlı olduğunu müəyyən etmək üçün Allahı hakim seçərək haqlı olmayan tərəf üçün qarşılıqlı nifrin və lənət oxuma) üçün qüsl.

25) İstixarə üçün qüsl.

26) İstisqa, yəni yağış diləmək üçün qüsl.

Qeyd etmək lazımdır ki, sadalanan qüsllərin müstəhəbliyi mötəbər dəlillərlə sübuta yetirilmişdir.

Məsələ 464. Böyük fəqihlər (Allah onlardan razı olsun!) müstəhəb qüsllər qismində çoxlu sayda qüsl haqqında məlumat verirlər. O cümlədən:

1) Ramazan ayının bütün tək gecələrinin (3-cü, 5-ci, 7-ci və s.), sonuncu on günlüyünün bütün gecələrinin qüslü və 23-cü gecə sübhə yaxın edilən başqa bir qüsl.

2) Zülhiccə ayının 24-cü gününün qüslü.

3-7) Novruz bayramı, şaban ayının 15-ci günü, rəbiüləvvəl ayının 9 və 17-ci günləri və zülqədə ayının 25-ci gününün qüslü.

8) Sərxoş halda yatan şəxsin etməli olduğu qüsl.

9) Ərindən başqa bir kişi üçün ətirlənən qadının almalı olduğu qüsl.

10) Dar ağacından asılan məhkuma baxmaq üçün gedən və onu görən şəxs üçün qüsl. Lakin əgər insan bu edam səhnəsini təsadüfən görərsə, yaxud görməsi qaçılmaz olarsa və ya hadisə yerinə şahidlik üçün getmiş olarsa, bu qüsl müstəhəb sayılmır.

11) Məsumları uzaqdan, yaxud yaxından ziyarət etmək üçün edilən qüsl.

Qeyd etmək lazımdır ki, bu qüsllərin müstəhəbliyi sübuta yetirilməmişdir və onları yerinə yetirmək istəyən şəxs rəca niyyəti (savab ümidi) ilə yerinə yetirməlidir.

Məsələ 465. İnsan 463-cü məsələdə sadalanan qüsllər kimi müstəhəbliyi sabit olan qüsllərlə namaz qılmaq kimi dəstəmaz tələb edən işləri icra edə bilər, ancaq 464-cü məsələdə sadalanan qüsllər kimi rəcaən icra edilən qüsllər dəstəmazı əvəz etmir.

Məsələ 466. Bir şəxsə bir neçə qüsl müstəhəb olarsa və onların hamısının niyyəti ilə bir dəfə qüsl edərsə, kifayətdir. Lakin bədəninin hər hansı bir yerini qüslü edilmiş meyidə toxunduran şəxs üçün nəzərdə tutulan qüsl kimi mükəlləfin gördüyü hər hansı bir işlə əlaqədar olaraq ona müstəhəb olan qüsllər istisnadır. Belə qüsllərdə, vacib ehtiyata əsasən, bir neçə səbəb üçün bir qüsllə kifayətlənməməlidir.


[61] İstisna olaraq meyit qüslündə sağ tərəfin sol tərəfdən əvvəl yuyulması zəruridir. Bu barədə meyit qüslü ilə bağlı hökmlərdə məlumat veriləcəkdir.
[62] Bu ehtiyat 450,648və 649 cu məsələlərdə qeyd olunan ehtiyata əsasən yerinə yetirilən qüsllərə də şamildir.
ÜÇ QAN (QADINLARA MƏXSUS HÖKMLƏR) → ← Quran və mübarək adlarla bağlı bəzi hökmlər
العربية فارسی اردو English Azərbaycan Türkçe Français