ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

MEYYİTİN HÖKMLƏRİ → ← QÜSL

ÜÇ QAN (QADINLARA MƏXSUS HÖKMLƏR)

HEYZ

Bəzən aybaşı, yaxud menstruasiya kimi də adlandırıla heyz qadınlarda, adətən, hər ay bir neçə gün baş verən uşaqlıqdan qan ifrazıdır. Heyz qanı gördüyü müddət ərzində qadın “haiz” adlanır və müqəddəs İslam şəriətində onunla bağlı qarşıdakı məsələlərdə təfsilatı ilə izah ediləcək bir sıra hökmlər vardır.

Məsələ 467. Heyz qanı əksər hallarda qatı, isti, yeni, rəngi isə qara və ya tünd qırmızı olur, təzyiqlə və yüngül ağrılarla ifraz olur. Bunlara “heyz əlamətləri”, yaxud “heyz xüsusiyyətləri” deyilir və bəzi hallarda qanın heyz olduğunu ayırd etmək etmək üçün onlardan istifadə edilir. Bu əlamətlər qarşıdakı məsələlərdə izah ediləcəkdir.[63]

Heyz qanının şərtləri

Məsələ 468. Qadından ifraz olan qanın heyz qanı hesab olunması üçün bir neçə şərt tələb olunur:

Birinci şərt: Həddi-büluğa çatdıqdan sonra görülməlidir

Məsələ 469. Heyz qanı üçün tələb olunan ilk şərt budur ki, həddi-büluğa çatdıqdan sonra ifraz olmalıdır. Beləliklə, qızların doqquz yaşdan öncə gördükləri qan heyz əlamətlərinə malik olub-olmamasından asılı olmayaraq heyz sayılmır.

Məsələ 470. Doqquz yaşının tamam olub-olmadığını bilməyən bir qızdan heyz əlamətləri daşımayan qan ifraz olarsa, heyz sayılmır. Qan heyz əlamətlərinə malik olduğu təqdirdə də onun heyz olduğuna hökm etmək olmaz. Əlbəttə, əgər heyz olduğuna dair hətta müasir elmi üsullardan istifadə etməklə olsa belə, arxayınlıq hasil edilərsə, bu halda, əsasən, həmin qızın doqquz yaşının tamam olduğuna dair də arxayınlıq hasil olur.

İkinci şərt: Menopauzadan öncə olmalıdır

Məsələ 471. Heyzin ikinci şərti menopauzadan öncə baş verməsidir. Beləliklə, qadınların menopauzadan sonra gördükləri qan heyz əlamətlərinə malik olub-olmamasından asılı olmayaraq heyz sayılmır. Menopauza dövrü qəməri (sinodik) təqvimlə altmış yaşdan başlayır və qadınların qəməri təqvimlə altmış yaşdan sonra gördükləri qana heyz hökmü şamil olunmur. Qüreyşli olub-olmamasından[64]
asılı olmayaraq qadınlar 50-60 yaşları arasında da heyz ola bilərlər. Qüreyşli olmayan qadınlar əvvəlki yaşlarda heyz sayılan hallarla qeyd edilən dövrdə (50-60 yaş arası) də qarşılaşdıqda haizə haram olan işlər görməməli və müstəhəb ehtiyata əsasən müstəhazə (istihazə halında olan) qadının da vəzifələrini yerinə yetirməlidirlər.

Məsələ 472. Menopauza mərhələsinə daxil olub-olmadığına, yəni qəməri təqvimlə 60 yaşının tamam olub-olmadığına şəkk edən qadından heyz olub-olmadığını bilmədiyi bir qan ifraz olarsa, hesab etməlidir ki, altmış yaşı tamam olmamışdır və menopauza mərhələsinə də daxil olmamışdır.

Məsələ 473. Hamilə və körpəsini əmizdirən qadından heyz qanı ifraz ola bilər. Başqa sözlə, hamiləlik və əmizdirmə (laktasiya) dövründə heyz halı baş verə bilər və hamilə olan və olmayan qadınlar üçün heyzlə bağlı hökmlər eynidir. Lakin vəqtiyyə adəti olan qadından menstruasiya tsiklinin başlamasından iyirmi gün sonra heyz əlamətlərinə malik olan bir qan ifraz olarsa, vacib ehtiyata əsasən, haizə haram olan hərəkətlərdən çəkinməklə yanaşı müstəhazə üçün nəzərdə tutulan hərəkətləri də yerinə yetirməlidir.

Üçüncü şərt: Uşaqlıqdan olmalıdır

Məsələ 474. Heyz qanının üçüncü şərti onun uşaqlıqda əmələ gəlməsidir.[65]
Beləliklə, uşaqlıqdan gəlməyən, məsələn, bakirəlik pərdəsinin deşilməsi, yaxud uşaqlıq yolunun (vaginanın) daxilində yaranan hər hansı bir yara ilə əlaqədar baş verən qanaxmaya heyz hökmü şamil olunmur. Həmçinin, uşaqlığı cərrahi üsulla götürülmüş qadınlarda ifraz olunan qan da heyz deyildir.

Dördüncü şərt: Uşaqlıqdan gəlməlidir

Məsələ 475. Heyz qanının dördüncü şərti onun uşaqlıqdan ifraz olmasıdır. Beləliklə, uşaqlıqda qalan və hələ az miqdarda olsa belə ifraz olmayan qana heyz hökmü şamil olunmur.

Məsələ 476. Heyz dövrünün (mestruasiya tsiklinin) başlaması üçün qanın az həcmdə olsa belə ifraz olması lazımdır və onun təbii yolla, yaxud pambıq və s. (tamponlar) vasitəsilə ifraz edilməsi arasında heç bir fərq yoxdur. Əgər qan, ümumiyyətlə, ifraz olmayaraq yalnız uşaqlıq yoluna axarsa, ona heyz hökmü şamil olunmur. Lakin ilk ifrazatdan sonra heyzin davam etməsi üçün qanın uşaqlıq yolundan xaric olması şərt deyil və üç gün ərzində qanaxmanın baş verməsi tələb olunmur. Bu halda uşaqlıqda qalmasından fərqli olaraq qanın uşaqlıq yolunda olması da kifayətdir. Qanın uşaqlıq yolunda olması deyərkən tampon qoyaraq bir qədər gözlədikdən sonra çıxardıqda onun azacıq da olsa qana bulaşmış olması nəzərdə tutulur. Üç gün ərzində əksər, yaxud bəzi qadınlarda normal qəbul edildiyi kimi qanaxma kiçik fasilələrlə dayandığı təqdirdə də qadın heyz halında sayılır.

Beşinci şərt: Üç gündən az olmamalıdır

Məsələ 477. Heyzin beşinci şərti budur ki, üç gündən az olmamalıdır. Əgər üç gündən bir qədər belə az olarsa, hətta qan heyz əlamətlərinə malik olsa belə, heyz sayılmır. Beləliklə, qanaxma başladıqdan sonra hansısa həb, inyeksiya məhlulu və bu qəbildən olan digər dərmanların istifadəsi ilə onun davam etməsinin qarşısı alınarsa və qanaxma üç gündən tez başa çatarsa, heyz hökmü şamil olunmur.

Məsələ 478. Əgər qadın birinci gün sübh azanından üçüncü gün günəşin batmasınadək xarici cinsiyyət orqanından qan ifrazatı görərsə, heyz üçün minimum müddət sayılan üç aybaşı gününün gerçəkləşməsi üçün kifayətdir və birinci və dördüncü gecələrdə də qan görməsinə lüzum yoxdur, lakin ikinci və üçüncü gecələrdə qanaxma kəsilməməlidir. Əgər əlavə olaraq birinci gecə də qan görərsə, hərçənd onu heyz qanı kimi qəbul etsə də, sözügedən üç günü hesablayarkən nəzərə almamalıdır. Beləliklə, hesablamanın başlanğıcı birinci günün sübh azanıdır.

Ancaq birinci gün sübh azanından sonra qan görən qadın (minimum) üç sutka, yəni yetmiş iki saat ərzində qan görməlidir. Birinci gündən əskik olan vaxtı isə dördüncü günə əlavə etməlidir. Məsələn, əgər qanaxma birinci gün zöhr azanı vaxtı başlayarsa, heyz hesab edilməsi üçün dördüncü gün zöhr azanınadək davam etməli və kəsilməməlidir.

Məsələ 479. Əgər qadında üç gündən az qanaxma baş verərək sonra dayanarsa, daha sonra qanaxma yenidən başlayaraq üç gün (ardıcıl) davam etdikdən sonra kəsilərsə, ikinci qanaxma dövrü öncəki heyz dövründən on gün keçməsi şərti ilə heyz sayılır, ilk (üç gündən az davam edən) qanaxma isə hərçənd adət günlərinə təsadüf etsə də, heyz sayılmır.

Altıncı şərt: On gündən artıq olmamalıdır

Məsələ 480. Heyz qanaxmasının altıncı şərti budur ki, onun müddəti on gündən artıq olmamalıdır. Beləliklə, on gündən çox davam edən qanaxma bütövlüklə heyz sayıla bilməz.

Məsələ 481.Maksimum heyz müddəti sayılan on günün hesablanması qaydası da minimum müddət sayılan üç günün hesablanması kimidir. Yəni hesablamanın başlanğıcı birinci günün sübh azanı olaraq təyin edilməlidir və birinci gün sübh azanından etibarən, yaxud ondan öncə, birinci gecə qanaxması başlayan qadının heyzi onuncu gün qürub çağınadək başa çatmalıdır. Birinci gün sübh azanından sonra qanaxması başlayan qadın on sutka, yəni iki yüz qırx saat müddətində qan gördüyü təqdirdə on günü tamam olur və birinci gün sübh azanı ilə qanaxmanın başlaması arasındakı vaxt bu hesablamada on birinci günə (sübh azanından etibarən) əlavə edilir, sözügedən vaxtın on birinci gecəyə əlavə edilməklə hesablanması isə doğru sayılmır.

Yeddinci şərt: İlk üç gün ardıcıl olmalıdır

Məsələ 482. Heyz qanının yeddinci şərti budur ki, heyzin ilk üç günü ardıcıl olmalıdır. Beləliklə, əgər qadında, misal olaraq, iki gün qanaxma olarsa, sonra bir gün pak olarsa (qanaxma kəsilərsə), ardınca daha bir gün qanaxma olarsa, hərçənd heyz keyfiyyət və əlamətlərinə malik olsa da, bu qanaxma heyz sayılmır.

Məsələ 483. Ardıcıllıq şərti yalnız ilk üç günə aiddir, sonrakı günlər (4-10-cu günlər) üçün isə şərt sayılmır. Beləliklə, məsələn, əgər qadında üç gün qanaxma olarsa, sonra dördüncü və beşinci günlər qanaxması dayanarsa, ardınca altıncı və yeddinci günlər yenidən qanaxma olarsa, qan ifrazatı gördüyü günlərə heyz hökmü şamil olunur, aradakı (qanaxmanın olmadığı) günlərdə pak sayılması isə bağlı hökm isə növbəti məsələdə izah ediləcəkdir.

Məsələ 484. Əgər qadın üç ardıcıl gün ərzində qan ifrazatı görərsə, sonra ifrazat kəsilərsə, daha sonra yenidən qan ifrazatı gördüyü və qanaxmanın baş verdiyi günlərlə aradakı (qanaxmanın baş vermədiyi) günlər üst-üstə gəldikdə on günü keçmirsə, qan ifrazatı gördüyü bütün günlər heyz sayılır. Lakin, lazım ehtiyata əsasən, qanaxmanın baş vermədiyivə “fasilə paklığı” adlandırılan günlərdə haizə vacib olan işləri icra etməli, yəni ehtiyatən heyz qüslü edərək ibadətlərini yerinə yetirməli və Quranın yazısına toxunmaq, məscidə daxil olmaq kimi haizə haram olan işlərdən də çəkinməlidir.

Səkkizinci şərt: İlk üç gündə qanaxma davamlı olmalıdır

Məsələ 485. Heyz qanının səkkizinci şərti budur ki, qanaxma ilk üç gün ərzində davam etməli və uşaqlıq yolu qana bulaşmış olmalıdır. Belə ki, tampon qoyaraq bir qədər gözlədikdən sonra çıxardıqda hərçənd az miqdarda olsa da, qana bulaşmış olmalıdır. Əksər, yaxud bəzi qadınlarda normal qəbul edildiyi kimi bir qadında üç gün ərzində kiçik fasilələrlə paklanma baş verdiyi (qanaxma dayandığı) təqdirdə də o, heyz halında sayılır. Beləliklə, ilk gün ərzində davamlı olmayan və qadınlar arasında normal sayılmayan müddətədək kəsilən və daha sonra yenidən davam edən qan heyz deyildir.

Doqquzuncu şərt: İki heyz arasında ən azı on gün fasilə olmalıdır

Məsələ 486. Heyzin doqquzuncu şərti budur ki, iki heyz dövrü arasında ən az on gün fasilə olmalıdır. Bu müddət “minimum paklıq” adlandırılır. Beləliklə, birinci heyz dövrü başa çatdıqdan sonra minimum paklıq fasiləsində görülən qan ifrazatı heyz deyildir. Məsələn, on gün qan ifrazatı görən, sonra altı gün pak olan, daha sonra yenidən dörd gün qan ifrazatı görən qadın ikinci dövrdə gördüyü qanı hətta heyz əlamətlərinə malik olsa belə, heyz hesab edə bilməz.

Məsələ 487. İki heyz dövrü arasındakı minimum paklıq müddəti on gündür, lakin maksimum paklıq üçün isə məhdudiyyət yoxdur. Burada paklıq deyərkən istənilən qandan deyil, məhz heyz qanından paklanma nəzərdə tutulur. Beləliklə, iki heyz dövrü arasında on gün ərzində istihazə kimi qan ifrazatları görülməklə də fasilə yarana bilər. Həmçinin, bu deyilənlər iki heyz dövrü arasındakı paklıq fasiləsi ilə əlaqədardır. Bir heyz dövrü əsnasında baş verən fasilə paklanmasına gəlincə, 515-ci məsələdə qeyd edildiyi kimi bu fasilədə qadın, vacib ehtiyata əsasən, bir tərəfdən pak qadının görməli olduğu işləri yerinə yetirməli və haiz qadının çəkinməli olduğu hərəkətlərdən də çəkinməlidir.

Şübhəli qanlarla bağlı hökmlər

Məsələ 488. Əgər qadın üç gündən çox və on gündən az davam edən qan ifrazatı görərsə, onun çiban və ya yara qanı, yoxsa heyz qanı olduğunu bilməzsə və aqil insanların nəzərində hər ikisi məntiqli ehtimal olarsa, bu halda pak qadın hökmündədir, ibadətlərini yerinə yetirməlidir və həmin ifrazatı heyz qanı hesab etməməlidir. Lakin həmin ifrazat daha əvvəl də heyz qanı əlamətləri ilə baş vermişdirsə, bu halda əvvəlki ifrazatla şübhəli qanaxmanın müddətini üst-üstə gəldikdə şəriətə görə heyz sayıla biləcək müddət ərzində baş verən qanaxma heyz hesab edilməlidir.

Məsələ 489. Qadın özündən heyz, yoxsa istihazə olduğunu bilmədiyi bir qan ifraz olduğunu görərsə, heyz əlamətlərinə malik olduğu təqdirdə bu ifrazatı heyz hesab etməlidir.

Məsələ 490. Heyz, yoxsa bakirəlik qanı olduğunu bilmədiyi bir qan görərsə, ya ehtiyat edərək bir tərəfdən haiz qadına qadağan olan işlərdən çəkinməli, digər tərəfdən də pak qadına vacib olan işləri görməlidir, ya da qanaxmanın səbəbini müəyyənləşdirməli, yəni uşaqlıq yoluna bir qədər tampon daxil edərək qanın ona nüfuz edəcəyinə arxayın olanadək gözləməli, sonra çıxarmalıdır. Bu halda əgər tamponun yalnız kənərları qana (səthi surətdə) bulaşmışdırsa, sözügedən qan bakirəlik qanı, bütünlüklə (daxilinə) nüfuz etdiyi etdiyi təqdirdə isə heyz qanıdır.

Məsələ 491. Əgər qadın ondan ifraz olan qanın yara, çiban, yaxud bakirəliyin pozulması kimi səbəblərlə əlaqədar olmadığını bilirsə, ancaq istihazə, heyz, yoxsa nifas olması ilə bağlı tərəddüddədirsə, şərən heyz və nifas hökmünü daşımadığı təqdirdə istihazə göstərişlərinə əməl etməlidir. Habelə, əgər sözügedən qanın istihazə, yoxsa başqa qanlar qismindən olduğuna şəkk edirsə, digər qan ifrazatlarının əlamətlərinə malik olmadığı təqdirdə, lazım ehtiyata əsasən, istihazə göstərişlərini həyata keçirməlidir.

Haizlə əlaqədar hökmlər

Məsələ 492. Haizə[66]
bir neçə şey haramdır:

1) Namaz kimi dəstəmaz, qüsl, yaxud təyəmmümlə icra edilməli olan ibadətlər. Əgər haiz qadın bu əməlləri doğru əməl niyyəti ilə və şəriətin əmri, tələbi kimi yerinə yetirərsə, caiz deyildir. Lakin cənazə namazı kimi dəstəmaz, qüsl, yaxud təyəmmüm tələb edən ibadətləri yerinə yetirməsinə heç bir əngəl yoxdur.

2) Cünuba haram olan və cənabətlə bağlı hökmlərdə açıqlanan bütün hərəkətlər.

3) Vaginal cinsi əlaqə. Hərçənd kişinin cinsiyyət orqanı qadının cinsiyyət orqanına yalnız sünnət yerinədək daxil olsa və sperma ifraz olmasa belə, vaginal cinsi əlaqə həm kişi, həm də qadın üçün haramdır. Lazım  ehtiyata əsasən, hətta penisin sünnət yerindən az hissəsi belə vaginaya daxil edilməməlidir.

Məsələ 493. Qadının heyz halında olması qəti olmayan, lakin şəriətə görə özünü haiz hesab etməli olduğu günlərdə də cinsi əlaqə haramdır. Beləliklə, on gündən artıq qan ifrazatı görən və qarşıda izah ediləcək göstəriş əsasında qohumlarının adət günlərini özü üçün heyz dövrü hesab etməli olan bir qadının əri həmin günlərdə onunla cinsi əlaqədə ola bilməz.

Məsələ 494. Kişi öz həyat yoldaşı ilə heyz halında cinsi əlaqədə olarsa, günahkardır və Allahdan bağışlanma diləməlidir, lakin kəffarə verməsi vacib deyildir. Hərçənd ehtiyat müstəhəbbdir. Belə ki, əgər qadının heyz günləri (şərti olaraq) üç dövrə bölünərsə, birinci dövrə daxil olan günlərdə baş verən cinsi əlaqənin kəffarəsi bir misqal sikkəli qızıl, ikinci dövrdə 0,5 misqal, sonuncu dövrdə isə 0,25 misqal sikkəli qızıldır və şəri misqal 18 noxuda[67]
bərabərdir. Məsələn, altı gün heyz olan qadının əri birinci və ikinci gecə, yaxud günlərdə onunla cinsi əlaqədə olarsa, 18 noxud qızıl, üçüncü və dördüncü gecə və ya günlərdə 9 noxud qızıl, beşinci və altıncı gecə, yaxud günlərdə isə 4,5 noxud qızıl kəffarə verməlidir və bu kəffarə qadının üzərinə düşmür.

Məsələ 495. Kişi cinsi əlaqə əsnasında qadının haiz olduğunu başa düşərsə, dərhal vaginal cinsi əlaqə aktını bitirməlidir, əks təqdirdə günahkar sayılır və müstəhəb ehtiyata əsasən, kəffarə verməlidir.

Məsələ 496. Haiz qadınla cinsi əlaqədən başqa öpüşmə və mazaqlaşma (flirt) kimi digər həzz alma məqsədli hərəkətlər üçün heç bir məhdudiyyət yoxdur. Hərçənd, qadının bədəninin göbəkdən dizlərədək hissəsinə paltarın altından toxunuşla həyata keçirilən həzz alma məqsədli hərəkətlər məkruh sayılır.

Məsələ 497. Qadında heyz ifrazatı başa çatdıqdan sonra, hətta qüsl etmədən də həyat yoldaşı onunla cinsi əlaqədə ola bilər. Lakin, lazım ehtiyata əsasən, cinsi əlaqə qadının cinsiyyət orqanı yuyulduqdan sonra olmalıdır. Hərçənd qüsldən əvvəl cinsi əlaqə məkruhdur və müstəhəb ehtiyata əsasən, qüsldən öncə, xüsusən, cinsi əlaqəyə həddən ziyadə meyl (təbii ehtiyac) olmadığı hallarda bundan imtina etməlidir. Quranın yazısına toxunmaq kimi görülə bilməsi üçün təharətin şərt olduğu və heyz zamanı təharətsizlik səbəbi ilə qadına haram olan işlərə gəlincə, qüsl etməyincə bu işlərin görülməsi qadın üçün halal sayılmır. Vacib ehtiyata əsasən, həmçinin məsciddə dayanmaq (yubanmaq) kimi haramlığının təharət tələb etməsi ilə əlaqədar olduğu sabit edilməmiş hərəkətlər də bu qəbildəndir.

Məsələ 498. Qadının heyz halında qılmadığı namazların, hətta ayat və şəriətdə müəyən edilmiş əsaslara müvafiq qaydada edilən nəzirlə əlaqədar müəyyən bir vaxtda (burada: heyz günlərinə təsadüf etdikdə tərc.) qılınması vacib olan namazların da qəzası yoxdur. Lakin ramazan ayında heyz halı ilə əlaqədar tutmadığı günlərin orucunu, həmçinin lazım ehtiyata əsasən, nəzirlə əlaqədar müəyyən bir gündə tutulması vacib olan və heyz günlərinə təsadüf etdiyindən tuta bilmədiyi orucunu qəza etməlidir.

Məsələ 499. Haiz qadının namazı və orucu doğru sayılmadığı kimi, etikaf və vacib təvafıda doğru sayılmır. Hətta, vacib ehtiyata əsasən, müstəhəb təvafı da doğru deyildir.

Məsələ 500. Qadın namaz əsnasında haiz olarsa, namazı pozulur. Hətta qan ifrazatı sonuncu səcdədən sonra, namazın başa çatdığı salamın sonuncu hərfini tələffüz etməsindən öncə başlasa belə, vacib ehtiyata əsasən, namazı pozulmuş sayılır.

Məsələ 501. Qadın namaz əsnasında haiz olub-olmadığına dair şəkkə düşərsə, namazı doğrudur və şəkkinə etina etməməlidir. Lakin namazdan sonra namaz əsnasında haiz olduğunu başa düşərsə, öncəki məsələdə qeyd edildiyi kimi namazı pozulmuş sayılır.

Məsələ 502. Qadın heyz qanından paklandıqdan (qan ifrazatı kəsildikdən) sonra dəstəmaz, qüsl, yaxud təyəmmümlə icra edilməli olan namaz və eləcə də digər işlər üçün qüsl etməlidir və bu qüsl eynilə cənabət qüslü kimi edilir. Heyz qüslü edildikdə dəstəmaza ehtiyac qalmır. Lakin müstəhəb ehtiyat budur ki, qüsldən öncə və ya sonra dəstəmaz alınsın və daha yaxşı olar ki, dəstəmaz qüsldən qabaq alınsın.

Məsələ 503. Əgər su həm dəstəmaz, həm də qüsl üçün kifayət edəcək həcmdə olmazsa, qüsl edə biləcəyi qədər olduğu təqdirdə qadın qüsl etməlidir və daha yaxşı olar ki, dəstəmaz əvəzinə təyəmmüm də etsin. Lakin su yalnız dəstəmaz üçün kifayət edəcək həcmdədirsə və qüsl üçün kifayət etmirsə, daha yaxşı olar ki, dəstəmaz alsın və qüsl əvəzinə təyəmmüm etsin. Əgər nə dəstəmaz, nə də qüsl üçün kifayət qədər su olmazsa, qadın qüsl əvəzinə təyəmmüm etməlidir və daha yaxşı olar ki, dəstəmaz əvəzinə də ayrıca təyəmmüm etsin.

Məsələ 504. Qadını heyz halında boşamaq boşanma ilə əlaqədar hökmlərdə izah ediləcəyi kimi batildir (bu boşanma doğru sayılmır). Həmçinin, əgər əri qadını mənası 484-cü məsələdə izah edilən “fasilə paklığı” əsnasında boşayarsa, bu talaqın doğruluğu şübhəlidir. Bu səbəbdən ehtiyatın tələbinə riayət etməyi unutmayaraq talaq siğəsi yenidən icra edilməlidir.[68]
Məsələn, üç gün heyz qanaxması olan, sonra dördüncü və beşinci günlər ərzində ifrazat görməyən və bu halda boşanan, daha sonra altı və yeddinci günlər yenidən heyz ifrazatı görən, yaxud altıncı gün yalnız heyz hökmü şamil olunan qan ləkəsi görən qadının boşanmasının doğruluğu şübhəlidir. Lakin qadında heyz halı tamamilə başa çatdıqdan sonra, hərçənd qüsl etməsə belə boşanması doğrudur. İstər daimi, istərsə müvəqqəti izdivac əqdinin oxunması üçün heyz halında olmamaq şərt sayılmır.

Məsələ 505. Əgər qadın haiz olduğunu, yaxud heyz halının başa çatdığını bildirərsə, “məhəlli-ittiham”[69]
olmadığı təqdirdə onun sözlərini qəbul etmək lazımdır. Məhəlli-ittiham olduğu təqdirdə isə sözlərini doğru qəbul etmək, ehtiyata əsasən, doğru sayılmır.

Haiz üçün namaz vaxtının azlığı ilə əlaqədar hökmlər

Məsələ 506. Əgər namaz vaxtı daxil olarsa və qadın namazını təxirə salacağı təqdirdə haiz olacağını bilərsə, dərhal namazını qılmalıdır. Lazım ehtiyata əsasən, bu hökm namazını təxirə salarsa, haiz olacağını ehtimal etdiyi hala da şamil olunur.

Məsələ 507. Əgər qadın namazı təxirə salarsa və namaz vaxtının başlanğıcından yalnız vacibatın icrası (vacib hərəkət və zikrlərin yerinə yetirilməsi) və pak, mübah geyim tapmaq, dəstəmaz almaq, yaxud qüsl etmək kimi lazımı hazırlıq tədbirlərini həyata keçirməklə kifayətlənərək qılınan bir namaz üçün yetəcək qədər vaxt keçərsə, sonra qadın haiz olarsa, həmin namazın qəzası ona vacibdir. Buna əsasən, vəzifəsinə uyğun olaraq dəstəmaz almaq, yaxud qüsl etmək, bədənin, yaxud paltarın pak olması, qiblə istiqamətini müəyyənləşdirmək, möhür kimi üzərinə səcdənin doğru olduğu bir şey və bu qəbildən olan hazırlıq tədbirlərini namaz vaxtı başlamazdan öncə həyata keçirən qadına isə vaxt başladıqdan sonra vəzifəsinə uyğun olaraq bir namaz qılmaq üçün kifayət edəcək qədər vaxtı olduğu halda namazı təxirə salaraq sonra haiz olduğu təqdirdə həmin namazın qəzası vacibdir. Hətta əgər namaz vaxtı başladıqdan sonra qadın dəstəmaz, yaxud qüsllə (vəzifəsinə uyğun olaraq) bir namaz qıla biləcəyi halda qılmazsa, lakin mübah geyim tapmaq, qiblə istiqamətinin təyin edilməsi, bədənin və ya paltarın pak olması (nəcasətlənmiş olduğu halda paklanması, paltar xüsusunda isə mümkün olduğu təqdirdə başqa pak paltarla əvəz edilməsi tərc.) kimi digər şərtlərin həyata keçirilməsi üçün kifayət qədər vaxt olmazsa, vacib ehtiyata əsasən, bu namazın da qəzasını qılmalıdır.

Həmçinin, əgər namaz vaxtı başladıqdan sonra qadının dəstəmaz, yaxud qüsl üçün vaxtı olmazsa, lakin heyz halının başlamasından öncə təyəmmümlə bir namaz qıla biləcəyi halda qılmazsa, digər şərtlərin təmin edilməsi üçün kifayət qədər vaxtın olub-olmamasından asılı olmayaraq, vacib ehtiyata əsasən, həmin namazın qəzasını qılmalıdır.

Qadının vəzifəsi vaxt azlığından başqa bir səbəblə təyəmmüm etmək olarsa, məsələn, su onun üçün zərərli olarsa və namazı heyz halı başlamazdan öncə təyəmmümlə qıla biləcəyi halda qılmazsa, digər şərtlərin də həyata keçirilməsi üçün kifayət qədər vaxt olduğu təqdirdə həmin namazın qəzasını qılmalıdır. Digər şərtlərin həyata keçirilməsi üçün kifayət qədər vaxt olmadığı halda da, vacib ehtiyata əsasən, həmin namazın qəzasını qılmalıdır.

Qeyd etmək lazımdır ki, qadın namazı sürətlə, yaxud ləng qılmaq, sağlamlıq və xəstəlik, səfər, yaxud öz məskənində olmaq kimi xüsuslarda öz vəziyyətini nəzərə almalıdır. Məsələn, bir qadın üçün namazı sürətlə qılmaq məşəqqətli və həddən ziyadə çətindirsə, başqa bir qadın isə namazı sürətlə qıla bilirsə, onların hər biri bu məsələdə öz vəziyyətini nəzərə almalıdır.

Məsələ 508. Əgər qadın namaz vaxtı başa çatana yaxın heyz qanından paklanarsa və qüsl edərək namazın ən azı bir rükətini qılmaq üçün kifayət edəcək qədər vaxtı olarsa, qüsl edərək namazını qılmalı, qılmadığı təqdirdə isə sonra qəzasını qılmalıdır. Bu hökm mübah geyim tapmaq, qiblə istiqamətini müəyyənləşdirmək, yaxud bədən və paltarın paklığı kimi digər şərtlərin təmin edilmədiyi təqdirdə isə vacib ehtiyata əsaslanır. Yəni vacib ehtiyata əsasən, namazı vaxt başa çatmadan qılmalı, qılmadığı halda isə daha sonra qəzasını qılmalıdır.

Qeyd etmək lazımdır ki, vaxt azlığından əlavə başqa bir səbəblə əlaqədar olaraq qadının vəzifəsi təyəmmüm etmək olarsa, məsələn, su onun üçün zərərli olarsa və o, namazın heç olmasa bir rükətini vaxt başa çatmadan qıla bilərsə, digər şərtlərin təmin edilməsi üçün vaxtı olduğu təqdirdə təyəmmüm edərək həmin namazı qılmalı, qılmadığı halda isə sonra qəzasını qılmalıdır. Digər şərtlərin təmin edilməsi üçün vaxtı olmadığı təqdirdə isə, vacib ehtiyata əsasən, təyəmmüm edərək həmin namazı qılmalı, qılmadığı halda  daha sonra qəzasını qılmalıdır.

Məsələ 509. Namaz vaxtının başa çatmasına yaxın heyz halından paklanan və qüsl etmək istədiyi halda namazının bir hissəsini vaxt bitmədən qılmaq fürsəti olan, lakin təyəmmüm etdiyi təqdirdə namazını bütövlüklə vaxt çərçivəsində qıla biləcək qadın təyəmmüm edərək namazını vaxt bitmədən bütövlüklə qılmalıdır.

Məsələ 510. Əgər qadın namaz vaxtının başa çatmasına yaxın heyz halından paklanarsa, ancaq qüsl, yaxud təyəmmüm etmək və namazın bir rükətini qılmaq üçün fürsəti olmazsa, həmin namaz ona vacib deyildir.

Məsələ 511. Qadın heyzdən paklandıqdan sonra namaz qılmaq üçün vaxtı olub-olmadığına şəkk edərsə, hərçənd bir rükətini belə vaxt başa çatmadan qılmaq ehtimalı olduğu halda namazını qılmalıdır.

Məsələ 512. Qadının vəzifəsinin namazı (əda surəti ilə, yəni vaxtı çərçivəsində) qılmaq olduğu bütün hallarda əgər o, vaxtının olmadığını düşünərək namazını qılmazsa və sonradan vaxtının olduğunu başa düşərsə, həmin namazın qəzasını qılmalıdır. Həmçinin, qadının vəzifəsinin, vacib ehtiyata əsasən, namazı (əda surəti ilə, yəni vaxtı çərçivəsində) qılmaq olduğu bütün hallarda da əgər o, vaxtının olmadığını düşünərək namazını qılmazsa və sonradan vaxtının olduğunu başa düşərsə, vacib ehtiyata əsasən, həmin namazın qəzasını qılmalıdır.

Haiz üçün müstəhəb və məkruh olan hərəkətlər

Məsələ 513. Müstəhəbdir ki, haiz qadın gündəlik beş namazın qılınma vaxtında, habelə ayat namazı kimi müəyyən bir vaxtı olan bütün vacib namazların qılınma vaxtında özünü heyz qanından paklayaraq, tampon və bezini dəyişərək və dəstəmaz alaraq, dəstəmaz ala bilmədiyi təqdirdə isə təyəmmüm edərək namaz qıldığı yerdə üzü qibləyə otursun və təsbih (Sübhanəllah), təhmid (Əlhəmdu lillah), təhlil (La ilahə illəllah) kimi zikrləri təkrarlamaqla, dua etməklə, salavat deməklə, yaxud Quran oxumaqla (səcdəsi olan ayələr istisna olmaqla) məşğul olsun. Hərçənd digər vaxtlarda haiz qadına Quran oxumaq məkruhdur və bu halda ən yaxşısı budur ki, təsbihati-ərbəəni (Sübhanəllahi, vəlhəmdu lillahi, və la ilahə illəllahu, vəllahu əkbər) tərcih etsin.

Məsələ 514. Qurandan hətta yeddi ayədən az bir hissəni belə oxumaq, Quranı üzərində saxlamaq, bədənin hər hansı bir yerini onun haşiyəsinə, yazılarının arasındakı boşluğa toxundurmaq, xına qoymaq və s. haiz üçün, bir dəstə fəqihə (Allah onlardan razı olsun!) görə, məkruhdur. Lakin Quranın vacib səcdə ayələrini oxumaq haiz qadın üçün haramdır və müstəhəb ehtiyata əsasən, vacib səcdəsi olan dörd surənin digər ayələrini də oxumamalıdır.

Heyzdə adətin kateqoriyaları

Məsələ 515. Qadınların requlyar menstruasiya tsikli[70]
“adət” adlanır və üç kateqoriyaya bölünür:

1) Vəqtiyyə və ədədiyyə adəti – həm vaxt, həm də günlərin sayı baxımından nizamlı (requlyar) adət;

2) Vəqtiyyə adəti – yalnız vaxt etibarı ilə nizamlı adət;

3) Ədədiyyə adəti – yalnız heyz günlərinin sayı etibarı ilə requlyar adət.

Ədədiyyə adətinin növləri və onların gerçəkləşməsi şərtləri

Məsələ 516. Ədədiyyə adəti iki növdür:

1) Tam ədədiyyə adəti. Bu adət öncəki məsələdə izah edilən qaydada iki dəfə günlərinin sayı baxımından tam bənzərliklə aybaşı olan qadınlara aiddir.

2) Naqis ədədiyyə adəti. Bir neçə dəfə aybaşı olan və bu aybaşı dövrlərinin aşağıdakı üç vəziyyətdən biri kimi təzahür etdiyi qadınlara aiddir:

a) Hər heyz dövründə qadının ifrazat gördüyü günlərin sayı müəyyən bir həddi keçmir, məsələn, qadın səkkiz gündən artıq ifrazat görmür, lakin günlərin sayı da sabit deyildir, yəni qadın bir dəfə yeddi gün, başqa bir dəfə isə altı gün ifrazat müşahidə edir və s.

b) Hər heyz dövründə qadının ifrazat gördüyü günlərin sayı müəyyən bir həddən az olmur, məsələn, hər dəfə beş gündən az ifrazat görür.

c) Hər heyz dövründə ifrazat iki – maksimum və minimum hədd aralığında olur, məsələn, qadın beş gündən az ifrazat görmür və ifrazatın müşahidə edilməsi səkkiz gündən artıq davam etmir, lakin günlərinin sayı da sabit olmur, qadın bir dəfə altı gün qan ifrazatı görür, başqa bir dəfə yeddi gün müşahidə edir, bəzən isə səkkiz gün qan görür.

Məsələ 517. Tam ədədiyyə adətinin gerçəkləşməsi üçün iki heyz dövrünün bərabər olması, birinin davam etdiyi müddətin digərindən hətta yarım gün, yaxud bundan da az zaman fərqi ilə daha artıq olmaması şərt sayılır. Buna əsasən, əgər bir qadın ilk ay beş gün, ikinci ay isə beş gün yarım, yaxud beş gün və növbəti günün üçdə birinədək qan ifrazatı görərsə, tam ədədiyyə adətinə sahib olan qadın sayılmır. Hətta həmin qadının ikinci ay beş gün və növbəti günün dörddə biri müddətində qanaxma görməsi də tam ədədiyyə adətinə sahib hesab edilməsinə xələl gətirir. Lakin əgər bu qədər (günün dörddə biri) müddət fərqi qadınlara görə iki aybaşı dövrünün bir-birinə bənzəməsinə (eyni kateqoriyaya daxil edilməsinə) xələl yetirmirsə, bu halda sözügedən qadın tam ədədiyyə adətinə sahib olan bir qadın hesab edilə bilər. Həmçinin, sözügedən müddət fərqinin bundan daha az olması da xələl gətirmir.

Məsələ 518. Tam ədədiyyə adətinin gerçəkləşməsində qadının adət sahibi sayılmaq üçün iki dəfə günlərinin sayı eyni olmaqla heyz ifrazatı görməsi kifayətdir. Lakin naqis ədədiyyə adətinin gerçəkləşməsi üçün iki dəfə kafi sayılmır və heyz ifrazatı naqis adətin izahında qeyd edilən qayda üzrə qadınlar arasında “bu qadın naqis ədədiyyə adətinə sahibdir” deyiləcək şəkildə dəfələrlə təkrarlanmalıdır. Məsələn, heyz ifrazatı görmək naqis adətlə bağlı qeyd edilən qaydada 5, yaxud 6 dəfə təkrarlanmalıdır.

Vəqtiyyə adətinin gerçəkləşməsinin şərtləri

Məsələ 519. Vəqtiyyə adətinin gerçəkləşməsi üçün menstruasiya tsiklləriqadınların ənənəvi adət təqvimlərinə görə bir-birindən fərqlənməməlidir. Beləliklə, nəzərdən keçirilən iki ayın birincisində beş gün heyz ifrazatı görən, ikincisində isə heyz ifrazatı günün üçdə biri, dörddə biri, yaxud daha az müddət erkən başlayarsa və bu qədər fərq qadınlar arasında normal qəbul edilirsə, bu qədər fərq vəqtiyyə adətinin gerçəkləşməsinə (yəni qadının bu adətə sahib hesab edilməsinə) xələl yetirmir.

Məsələ 520. Vəqtiyyə adətinin gerçəkləşməsi məsələsində ay deyərkən günəş, yaxud ay təqvimindəki ay anlayışı, deyil 30 gündən ibarət bir menstruasiya tsikli nəzərdə tutulur. Beləliklə, vəqtiyyə adətinin gerçəkləşməsi üçün eyni zamanda ədədiyyə adəti kateqoriyasına da daxil olub-olmamasından asılı olmayaraq, qadının iki ay (ardıcıl) heyz ifrazatı görməsi və ikinci ay heyz ifrazatının müşahidəsinin birinci ayda heyz ifrazatı gördüyü tarixdən 30 gün sonra başlaması kifayətdir. Bu halda qadının bu iki ayda heyz ifrazatı gördüyü günlərin günəş, yaxud ay təqvimi ilə müəyyən günlərə təsadüf etməsi şərt sayılmır və sözügedən qadın qeyd edilən qaydada iki dəfə heyz ifrazatı müşahidə etməklə vəqtiyyə adətinə sahib olur.

Məsələ 521. Bir qadında menstruasiya tsikli 30 günə yaxın olarsa, məsələn, qadınlar arasında normal sayıldığı kimi hər 28, 29, yaxud 31 günün (menstruasiya tsiklinin) başlanğıcında heyz ifrazatı görərsə, bu halda da qeyd edilən qaydada aybaşı olmaqla, vəqtiyyə adəti gerçəkləşmiş olur. Lakin bir qadının fərdi menstruasiya təqvimi ilə 30 günlük normal tsikl arasında ciddi fərqlər olarsa, belə ki, bu cür aybaşı təzahürü qadınlar arasında normal sayılmırsa, məsələn, hər 15 gündən birheyz qanı görməyə başlayırsa, yaxud hər 40, 50 gündən bir aybaşı olursa, bu halda həmin qadın iki dəfə qeyd edilən qaydada qan ifrazatı görməklə vəqtiyyə adəti sahibi olmur və aybaşının deyilən qaydada müəyyən zaman fasiləsi ilə, qadınlar arasında “bu tsikl onun menstruasiya tsiklidir” deyilə biləcək surətdə dəfələrlə təkrarlanması lazımdır. Məhz bu halda sözügedən qadın həmin tsikli özü üçün adət təqvimi kimi qəbul etməlidir.

Məsələ 522. Gələcək məsələlərdə qeyd olunacaqdır ki, bəzi hallarda adət günlərinə sahib olmayan qadınlar on güdnən çox qan görərlərsə 467 ci məsələdə qeyd olunduğu kimi qan gördükləri günlərin bəzilərində heyz əlamətləri görünür və bəzi günlərdə heyz əlamətləri görünmürsə gərək heyz əlamətlərinə sahib olduğu günlərində heyzin hökmlərinə əməl etsinlər. Əgər bu hal müxtəlif günlərdə baş verməklə iki ay davam edərsə, iki ay ardıcıl ayın birindən beşinə kimi heyz əlamətləri və altısından on ikisinə kimi istihazə əlamətlərininə sahib olarsa bu qadın vəqtiyyə, ədədiyyə adətlərindən hesab olunmur. Bəlkə adət sahibi deyil. Bu zaman mütləq olaraq heyz oldğu günləri təyin etmək üçün onun əlamətlərinə baxmalıdır. Buna əsasən heyz əlamətlərinə sahib olduğu ayın birindən beşinə kimi olan günləri özünə heyz günləri təyin etsin.

Adətin pozulması

Məsələ 523. Heyzdə vəqtiyyə, ədədiyyə, yaxud vəqtiyyə və ədədiyyə kateqoriyalarından hər hansı birinə aid müəyyən bir adəti olan qadının sözügedən adəti fərqli bir heyz tsiklinin iki dəfə təkrarlanması ilə pozulur və bu iki heyz tsiklindən yaranan yeni bir adətlə əvəz olunur. Məsələn, hər ayın 1-5-ci günləri aybaşı olaraq vəqtiyyə və ədədiyyə adətinə sahib olan qadın iki ay ardıcıl olaraq ayın 10-dan 17-dək aybaşı olarsa, öncəki adəti pozulur və hər ayın 10-dan 17-dək davam edəcək yeddi günlük adətlə əvəz olunur.

Məsələ 524. Bir dəfə adətə uyğun olmayan aybaşı qanı görməklə qadının şəri adəti pozulmuş sayılmır. Məsələn, hər ayın 1-dən 7-dək aybaşı olan qadın bir dəfə adətinə uyğun olmayaraq ayın 10-dan 15-dək aybaşı olarsa, adəti pozulmur və hər ayın 1-7-ci günləri olaraq qalır.

Məsələ 525. Əgər qadında adətinə uyğun olmayan, lakin eyni kateqoriyadan da olmayan iki fərqli aybaşı müşahidə edilərsə, adəti pozulur və qadın müztəribə sayılır. Məsələn, hər ay adəti üzrə ayın 1-dən 7-dək aybaşı olan qadında iki ardıcıl ay ərzində adətinə uyğun olmayan müxtəlif rejimli aybaşı müşahidə edilərsə, məsələn, bu aylardan birincisində ayın 10-dan 15-ə, ikincisində isə 20-dən 26-dək aybaşı olarsa, bu halda əvvəlki adəti pozulur və o, müztəribə qadın üçün nəzərdə tutulmuş hökmlərə əməl etməlidir.

Haiz qadınların kateqoriyaları

Məsələ 526. Haiz qadınlar altı kateqoriyaya bölünür:

1) Vəqtiyyə və ədədiyyə adətinə sahib olanlar;

2) Vəqtiyyə adətinə sahib olanlar;

3) Ədədiyyə adətinə sahibi olanlar.

Bu üç kateqoriyaya daxil olan qadınlar adət sahibidirlər və bu adətlərin necə gerçəkləşdiyi ötən məsələlərdə izah edilmişdir.

4) Müztəribə - bir neçə ay aybaşı olan, lakin bəlli bir adət sahibi olmayan, yaxud adəti pozulan və yeni bir adəti olmayan qadın.

5) Mübtədiə - ilk dəfə aybaşı olan (menarxe) qadın.

6) Nasiyə - adətini unudan qadın.

Bu üç kateqoriyaya daxil olan qadınlar adətə sahibi deyil. Bu altı kateqoriyanın hər birinə dair qarşıdakı məsələlərdə izah ediləcək müəyyən hökmlər vardır.

Vəqtiyyə və ədədiyyə adətinə sahib olan qadın

Məsələ 527. Vəqtiyyə və ədədiyyə adətinə sahib olan qadınlar iki qismə bölünürlər:

a) İki ardıcıl ay ərzində menstruasiyası müəyyən vaxtda başlayan və müəyyən vaxtda da başa çatan, məsələn, iki ardıcıl ayın hər birində ayın 1-dən etibarən aybaşı olan və ayın 7-də aybaşıdan paklanan, bu minvalla heyz adəti ayın 1-7-ci günlərinə təsadüf edən qadın.

b) İki ardıcıl ay ərzində müəyyən vaxtda aybaşı olan, üç gün, yaxud daha artıq qan ifrazı müşahidə etdikdən sonra bir gün, yaxud daha artıq qan ifrazı müşahidə etməyən, sonra yenidən müşahidə edən və qan gördüyü günlərlə aradakı pak olduğu günlərin birlikdə sayı on günü keçməyən, həmçinin hər iki ayda qan gördüyü və görmədiyi günlərin sayı eyni olan qadın. Bu qadın da vəqtiyyə və ədədiyyə adətinə sahibdir və onun adəti arada qan görmədiyi günləri çıxmaqla yalnız qan gördüyü günlər qədərdir. Məsələn, əgər iki ardıcıl ayın 1-dən 3-dək qan görərsə, sonra üç görməzsə, daha sonra yenidən üç gün görərsə, bu qadının adəti iki hissəyə ayrılmış altı gündən ibarətdir, onların arasında qalan və “fasilə paklığı” adlandırılan üç paklıq günündə isə, lazım ehtiyata əsasən, haizə haram olan hərəkətlərdən çəkinməli və pak qadına vacib olan işləri də icra etməlidir.[71]
Lakin əgər ikinci ay qan gördüyü günlərin sayı daha artıq, yaxud daha az olarsa, sözügedən qadın yalnız vəqtiyyə adətinə sahibdir, ədədiyyə adətinə sahib deyildir.

Məsələ 528. Vəqtiyyə və ədədiyyə adətinə sahib olan qadın adəti ərəfəsində onun başlamalı olduğu tarixdən qadınlar arasında “adəti tez başlamışdır” deyiləcək şəkildə bir-iki gün əvvəl, yaxud bir qədər də öncə özündə qan ifrazatı görərsə, hətta həmin qan heyz əlamətləri daşımasa belə, məsələn, rəngi sarı olarsa, buna rəğmən haiz qadın üçün açıqlanan hökmlərə əməl etməlidir. Sonradan heyz olmadığı başa düşdüyü, məsələn, üç gündən öncə başa çatdığı təqdirdə isə yerinə yetirmədiyi ibadətlərinin qəzasını yerinə yetirməlidir. Bu iki haldan fərqli hallarda, məsələn, “adəti erkən başlamışdır” deyil, “vaxtsız qan görmüşdür” deyiləcək qədər adətindən tez qan görərsə, yaxud adət günləri keçdikdən az müddət sonra qan görərsə, həmin qan heyz əlamətləri daşıdığı təqdirdə, həmçinin, heyz əlamətləri daşımadığı, lakin qadın sözügedən ifrazatın üç gün davam edəcəyini bildiyi təqdirdə haiz qadınlar üçün bəyan edilən hökmlərə əməl etməlidir. Üç gün davam edib-etməyəcəyini bilmədiyi təqdirdə isə vacib ehtiyata əsasən həm müstəhazəyə vacib olan hərəkətləri icra etməli, həm də haizə haram olan hərəkətlərdən çəkinməlidir.

Məsələ 529. Vəqtiyyə və ədədiyyə adətinə sahib olan qadın:

a) əgər bütün adət günlərində, habelə adət günlərindən bir neçə gün öncə və sonra qan müşahidə edərsə və bu günlərin sayı üst-üstə gəldikdə on günü keçməzsə, bütün ifrazatlar hərçənd heyz əlamətləri daşımasa da, heyz sayılır. On günü keçdiyi təqdirdə isə yalnız adət günlərində gördüyü qan hətta heyz əlamətlərinə malik olmasa da, heyz sayılır, adət günlərindən əvvəl və sonra gördüyü ifrazatlar isə hərçənd heyz əlamətlərinə malik olsa da, istihazə sayılır. Bu halda qadın adətdən əvvəlki və sonrakı günlərdə yerinə yetirmədiyi ibadətlərinin qəzasını yerinə yetirməlidir.

b) Əgər bütün adət günləri ilə yanaşı adətindən bir neçə gün öncə də qan görərsə və bu günlərin sayı birlikdə on günü keçməzsə, onların hamısı hərçənd heyz əlamətləri daşımasa da heyz sayılır. On günü keçdiyi təqdirdə isə yalnız adət günlərində gördüyü ifrazatlar hərçənd heyz əlamətinə malik olmasa belə, heyz sayılır, əvvəlki günlərdə müşahidə edilən qan isə əksinə heyz əlamətlərinə malik olub heyz adətindən bir-iki gün öncə ifraz olsa belə, istihazə sayılır və qadın həmin günlərdə ibadət etmədiyi təqdirdə sonra həmin ibadətlərinin qəzasını yerinə yetirməlidir.

c) Əgər bütün adət günləri ilə yanaşı adətindən bir neçə gün sonra da qan görərsə və bu günlərin sayı birlikdə on günü keçməzsə, onların hamısı hərçənd heyz əlamətləri daşımasa da heyz sayılır. On günü keçdiyi təqdirdə isə yalnız adət günlərində gördüyü ifrazatlar hərçənd heyz əlamətinə malik olmasa belə, heyz sayılır, qalan günlərdə müşahidə edilən qan isə əksinə heyz əlamətlərinə malik olsa belə, istihazə sayılır. Həmçinin, əgər adət günləri və ondan sonra onuncu günədək müşahidə edilən qan ifrazatları heyz əlamətləri, onuncu gündən sonrakı günlər isə istihazə əlamətləri daşıyarsa, yenə də yalnız heyz adəti günlərində müşahidə edilən qan ifrazatları heyz sayılır, digər ifrazatlar isə istihazə sayılır.

ç) Əgər bütün adət günləri ilə yanaşı adətdən sonrakı on üç gün, yaxud daha artıq müddət ərzində fasiləsiz qan ifrazı müşahidə edərsə, adət günləri gördüyü qan heyz, digər günlərdə gördükləri isə istihazədir.

d) Vəqtiyyə və ədədiyyə adəti 527-ci məsələnin “b” bəndində izah edilən ikinci qisimdən olan, məsələn, öz şəri adətinə görə ayın ilk günündə qan müşahidə edən, sonra 4-dən 6-dək üç gün ərzində pak olan, 7-dən 9-dək yenidən qan müşahidə edən qadın bir ay ərzində on gündən artıq fasiləsiz qan ifrazatı müşahidə edərsə, məsələn, ayın 1-dən 15-dək qan görərsə, onun ayın 1-dən 3-dək və 7-dən 9-dək gördüyü qan ifrazatları heyz sayılır, 4-6-cı günlər ərzində haizə haram olan işlərdən çəkinərək müstəhazəyə vacib olan işləri görməlidir, 10-15-ci günlər ərzində müşahidə etdiyi qan isə istihazə sayılır.

Məsələ 530. Vəqtiyyə və ədədiyyə adətinə sahib olan qadın:

a) Əgər bəzi adət günləri ilə adətdən əvvəlki bir neçə gün ərzində qan görərsə və bu günlərin sayı üst-üstə gəldikdə on günü keçmirsə, onların hamısı heyz sayılır, on günü keçdiyi təqdirdə isə adət günləri arasından qan müşahidə etdiyi günlərdə və adətdən öncəki günlər arasından onlarla topladıqda adət günlərinin sayına bərabər olan günlərdə gördüyü qanı heyz, daha əvvəlki günlərdə görülən qan isə istihazə qanı hesab etməlidir.

b) Əgər bəzi adət günləri ilə adətdən sonrakı bir neçə gün ərzində qan görərsə və bu günlərin sayı üst-üstə gəldikdə on günü keçmirsə, onların hamısı heyz sayılır, on günü keçdiyi təqdirdə isə adət günləri arasından qan müşahidə etdiyi günlərdə və adətdən sonrakı günlər arasından onlarla topladıqda adət günlərinin sayına bərabər olan günlərdə gördüyü qanı heyz, daha sonrakı günlərdə görülən qan isə istihazə qanı hesab etməlidir.

Məsələ 531. Vəqtiyyə və ədədiyyə adətinə sahib olan qadın əgər üç gün qan gördükdən sonra paklanarsa, sonra yenidən qan görərsə və bu iki qanaxma arasındakı fasilə on gündən az olarsa, qan gördüyü bütün günlərlə arada pak olduğu günlər birlikdə on gündən çox olarsa və iki qanaxma dövrünün heç biri ayrılıqda on günü keçməzsə, burada bir neçə hal nəzərdən keçirilə bilər:

1) Birinci dəfə müşahidə etdiyi qan ifrazatlarının hamısı, yaxud bir qismi adət günlərinə təsadüf edirsə, pak olduqdan sonra ikinci dəfə müşahidə etdiyi ifrazatların isə heç biri adət günlərinə təsadüf etmirsə, bu halda birinci dəfə gördüyü bütün ifrazatları heyz, ikinci dəfə gördüyü ifrazatları isə istihazə kimi qəbul etməlidir. Lakin əgər ikinci dəfə gördüyü ifrazatlar heyz əlamətləri daşıyırsa, bu halda istisna olaraq ikinci dövrün birinci dövr və aradakı paklıq günləri ilə topladıqda on günü keçməyən hissəsi heyz, digər günləri isə istihazə sayılır.

Birinci nümunə: Əgər bir qadının adəti ayın 5-dən 9-dək davam edən beş günlük aybaşı olarsa, bir ayın 5-dən 9-dək qan müşahidə edərək onuncu gün paklanarsa, sonra 11-dən 16-dək yenidən qan müşahidə edərsə və ikinci dövrdə ifraz olan qan heyz əlamətlərinə malik deyilsə, onun ayın 5-dən 9-dək, yəni öz adət günlərində gördüyü qan heyz, 11-16-cı günlərdə gördüyü qan isə istihazədir və onuncu gün qadın pak sayılır.

İkinci nümunə: Əgər bir qadının adəti ayın 5-dən 9-dək davam edən beş günlük aybaşı olarsa, bir ayın 5-dən 9-dək qan müşahidə edərək onuncu gün paklanarsa, sonra 11-dən 16-dək yenidən qan müşahidə edərsə və ikinci dövrdə ifraz olan qan heyz əlamətlərinə malikdirsə, onun ayın 5-dən 9-dək,yəni öz adət günlərində və həmçinin, 11-dən 14-dək gördüyü qan heyz, 15-16-cı günlərdə gördüyü qan isə istihazədir və fasilə paklığı adlandırılan müddətdə isə, vacib ehtiyata əsasən, bir tərəfdən haizə haram olan əməllərdən çəkinməli, digər tərəfdən də pak qadına vacib olan işləri görməlidir.

2) Birinci dəfə gördüyü qan ifrazatları adət günlərinə təsadüf etməzsə, ikinci dəfə gördüyü qan ifrazatları isə bütövlüklə, yaxud qismən adət günlərinə təsadüf edərsə, ikini dəfə gördüyü qan ifrazatlarını bütövlüklə heyz, birinci dəfə gördüyü qanı isə istihazə kimi qəbul etməlidir.

Nümunə: Adəti ayın 11-dən 15-dək beş günlük aybaşı olan qadın bir ayın 5-dən 9-dək qan ifrazatı müşahidə edərək 10-cu gün paklanarsa, sonra 11-15-ci günlər ərzində yenidən qan ifrazatı müşahidə edərsə, 11-15-ci günlərdə, yəni adət günlərində gördüyü qan ifrazatları heyz, ondan öncə 5-9-cu günlərdə gördüyü qan ifrazatları isə istihazədir və 10-cu gün qadın pak sayılır.

3) İki qan ifrazatından heç biri adət günlərinə təsadüf etməzsə, bu halda onlardan birində gördüyü qanda heyz əlamətləri olarsa, digərində isə olmazsa, heyz əlamətləri olan qanı heyz kimi, heyz əlamətləri olmayan qanı isə istihazə kimi qəbul etməlidir. Lakin əgər hər iki qanda heyz əlamətləri olarsa, yaxud heç birində heyz əlamətləri olmazsa, birinci dəfə gördüyü qan ifrazatlarını heyz, ikinci dəfə gördüyü ifrazatları isə istihazə kimi qəbul etməlidir. Hərçənd, müstəhəb ehtiyata əsasən, hər iki qanla bağlı, xüsusən, onlardan heç birində heyz əlamətləri olmadığı təqdirdə ehtiyat etməlidir.

Nümunə: Adəti ayın 1-dən 5-dək beş gün müddətində aybaşı olmaq olan qadın bir ay adət günlərində aybaşı olmayaraq ayın 7-dən 11-dək qan ifrazatı görərsə, sonra iki gün pak olduqdan sonra ayın 14-dən 17-dək yenidən qan görərsə və birinci dəfə gördüyü qanda heyz əlamətləri olmazsa, ikinci dəfə gördüyü qanda isə olarsa, ayın 14-17-ci günlərdə gördüyü qan ifrazatları heyz, 7-11-ci günlərdə gördüyü qan isə istihazədir və o, 12 və 13-cü günlərdə pak sayılır. Bu məsələ ilə əlaqədar digər hallar növbəti məsələdə açıqlanacaqdır.

Məsələ 532. Vəqtiyyə və ədədiyyə adətinə sahib olan qadın üç gün qan ifrazatı gördükdən sonra paklanar, sonra yenidən qan görərsə, bu iki qanaxma arasındakı fasilə on gündən az olarsa, qan gördüyü günlərlə arada pak olduğu günlərin toplam sayı on gündən çox olarsa, birinci dəfə və ikinci dəfə qan gördüyü günlərin heç birinin sayı ayrılıqda on günü keçməzsə:

1) Həm birinci, həm də ikinci dəfə qan gördüyü günlərin bir qismi adət günlərinə təsadüf edərsə, birinci ifrazatın adət günlərinə təsadüf edən günlərinin sayı üç gündən az olmazsa və bu günlər aradakı paklıq dövrü və ikinci ifrazatın adət günlərinə təsadüf edən günləri ilə birlikdə toplam sayı on gündən çox olmazsa, bu halda hər iki ifrazat dövründən adət günlərinə günlərinə təsadüf edən günlər heyz günləri sayılır və vacib ehtiyata əsasən, fasilə paklığı adlandırılan aradakı günlərdə isə sözügedən qadın haiz olmayan qadına vacib olan işləri görməli, haizə haram olan işlərdən isə çəkinməlidir. Bu halda ikinci ifrazat dövrünün adət günləri ilə üst-üstə düşən günlərindən sonrakı günləri ərzində görülən qan ifrazatları istihazə sayılır. Birinci ifrazat dövrünün adət günləri ilə üst-üstə düşən günlərindən əvvəlki günlərinə isə ürfən “adəti erkən başlamışdır” deyilə biləcəyi təqdirdə heyz hökmü şamil olunur. Lakin əgər həmin günlərin heyz günləri kimi qəbul edilməsi ikinci ifrazat dövrünün adət günlərinə təsadüf edən günlərinin bəzilərinin, yaxud hamısının heyz günləri sırasından çıxarılmasını tələb edirsə, bu halda istihazə hökmü şamil olunur. Bu məsələ ilə bağlı üç nümunəni nəzərdən keçirəcəyik:

Birinci nümunə: Əgər qadının adəti ayın 3-dən 10-dək səkkiz günlük aybaşıdırsa, o, qadınlar arasında “adəti erkən başlamışdır” deyiləcək şəkildə bir ayın əvvəlindən 6-dək qan ifrazatı görərsə, sonra iki gün pak olarsa və ardınca ayın 9-dan 15-dək yenidən qan görərsə, bu halda ayın 1-dən 6-dək, habelə 9 və 10-cu günlərində gördüyü qan ifrazatları heyz, 11-15-ci günlər gördüyü ifrazatlar isə istihazədir və fasilə paklığında həm haizə haram olan işlərdən çəkinməli, həm də pak qadına vacib olan işləri görməlidir.

İkinci nümunə:Əgər qadının adəti ayın 10-dan 18-dək doqquz günlük aybaşıdırsa, o, qadınlar arasında “adəti erkən başlamışdır” deyiləcək şəkildə bir ayın 7-dən 14-dək qan ifrazatı görərsə, sonra iki gün pak olarsa və ardınca ayın 17-dən 20-dək yenidən qan görərsə,bu halda ayın 9-dan 14-dək, habelə 17 və 18-ci günlərində gördüyü qan heyzdir. Lakin 7 və 8-ci günlər gördüyü qanı heyz hesab etmək olmaz, çünki adət günləri ilə üst-üstə düşən 17 və 18-ci günlərin on heyz günü sırasından çıxarılmasına səbəb olur.

Üçüncü nümunə: Əgər qadının adəti ayın 10-dan 19-dək on günlük aybaşıdırsa, o, qadınlar arasında “adəti erkən başlamışdır” deyiləcək şəkildə bir ayın 7-dən 14-dək qan ifrazatı görərsə, sonra iki gün pak olarsa və ardınca ayın 17-dən 20-dək yenidən qan görərsə,bu halda ayın 10-dan 14-dək, habelə 17-dən20-dək gördüyü qan heyzdir. Lakin adət günlərində öncə, yəni 7-9-cu günlər gördüyü qanı heyz hesab etmək olmaz, çünki adət günləri ilə üst-üstə düşən 17-19-cu günlərin on heyz günü sırasından çıxarılması ilə nəticələnir.

2) Birinci və ikinci dəfə qan görülən günlərin bəzisi adət günləri ilə üst-üstə düşürsə, lakin birinci dəfə adət günləri ilə üst-üstə düşən ifrazat günlərinin sayı üç gündən azdırsa, bu halda:

a) Birinci ifrazatın adətlə üst-üstə düşən müddətivə onun üzərinə əlavə edildikdə üç günə bərabər olan adətdən əvvəlki günlərdən bir hissəsi heyz sayılır. Hətta, ümumiyyətlə, qadınlar arasında “adəti erkən başlamışdır” deyilə biləcəyi təqdirdə adətdən öncəki bütün günlərdə görülən qanı heyz kimi qəbul etməlidir. Bir şərtlə ki, bu, ikinci ifrazatın adət günləri ilə üst-üstə düşən bəzi günlərinin, yaxud bütün günlərinin on heyz günü sırasından çıxarılması ilə nəticələnməməlidir.

b) Həmçinin, ikinci ifrazatın adətlə üst-üstə düşən bəzi günlərində görülən qan da heyz hesab edilir. Bu şərtlə ki, birinci ifrazatın adətlə üs-tüstə düşən müddəti (bir və ya iki günü) ilə adətdən əvvəlki günlərindən onun üzərinə əlavə edildikdə heyzin minimum müddəti sayılan üç günü tamamlayan müddətində görülən qanın heyz qanı kimi qəbul edilməsi nəzərə alınmaqla, ifrazat günlərinin və onların arasındakı paklıq günlərinin birlikdə sayı on günü keçməməlidir. Yerdə qalan günlərdə görülən qan isə istihazədir. Bu hökmün daha aydın başa düşülməsi üçün, gəlin, üç nümunəni nəzərdən keçirək:

Birinci nümunə: Əgər qadının adəti ayın 4-dən 10-dək yeddi günlük aybaşıdırsa, o, ayın 1-dən 4-dək qan ifrazatı görərsə, sonra iki gün pak olarsa və ardınca ayın 7-dən 12-dək yenidən qan görərsə,bu halda ayın 1-4-cü, habelə 7-10-cu günlərində gördüyü qanı heyz qanı kimi qəbul etməlidir, 10 və 11-ci günlər gördüyü qan istihazədir, fasilə paklığı günlərində isə, lazım ehtiyata əsasən, həm haizə haram olan işlərdən çəkinməli, həm də pak qadına vacib olan işləri görməlidir.

İkinci nümunə: Əgər qadının adəti ayın 4-dən 12-dək doqquz günlük aybaşıdırsa, o, ayın 1-dən 4-dək qan ifrazatı görərsə, sonra iki gün pak olarsa və ardınca ayın 7-dən 15-dək yenidən qan görərsə, bu halda ayın 2-4-cü, habelə 7-11-ci günlərində gördüyü qanı heyz qanı kimi qəbul etməlidir, 1-ci və 12-15-ci günlər gördüyü qan istihazədir, fasilə paklığı günlərində isə, vacib ehtiyata əsasən, həm haizə haram olan işlərdən çəkinməli, həm də pak qadına vacib olan işləri görməlidir. Sözügedən qadın ayın 1-ci günü gördüyü qanı heyz qanı hesab edə bilməz. Çünki bu, ikinci ifrazat dövrünün adət günləri ilə üst-üstə düşən bəzi günlərinin, yəni11-ci günün on heyz günü sırasından çıxarılması ilə nəticələnir.

Üçüncü nümunə: Əgər qadının adəti ayın 5-dən 12-dək səkkiz günlük aybaşıdırsa, o, ayın 1-dən 5-dək qan ifrazatı görərsə, sonra beş gün pak olarsa və ardınca ayın 11 və 12-ci günlərdə yenidən qan görərsə, bu halda ayın 3-5-ci, habelə 11 və 12-ci günlərində gördüyü qan heyz, 1 və 2-ci günlər gördüyü qan isə istihazə qanıdır və fasilə paklığı günlərində, vacib ehtiyata əsasən, həm haizə haram olan işlərdən çəkinməli, həm də pak qadına vacib olan işləri görməlidir. Sözügedən qadın ayın 1 və 2-ci günlərində gördüyü qanı heyz qanı hesab edə bilməz. Çünki bu, ikinci ifrazat dövrünün adət günləri ilə üst-üstə düşən bütün günlərinin, yəni 11-ci günün on heyz günü sırasından çıxarılması ilə nəticələnir.

Məsələ 533. Vəqtiyyə və ədədiyyə adəti olan qadın öz adət vaxtında qan ifrazı müşahidə etməsə, lakin başqa bir vaxt adət günlərinin sayı qədər heyz qanı görərsə, adət günlərindən əvvəl, yaxud sonra görməsindən, habelə qanda heyz əlamətlərinin olub-olmamasından asılı olmayaraq, həmin günləri özü üçün heyz adəti kimi qəbul etməlidir.

Məsələ 534. Vəqtiyyə və ədədiyyə adətinə sahib olan qadın adət vaxtında üç gün və ya daha artıq qan ifrazı müşahidə edərsə və bu günlərin sayı onun adət günlərinin sayından az və ya çox olarsa, lakin on günü keçməzsə, digər tərəfdən adət günlərindən başqa günlərdə ondan əvvəl və ya sonra adət günlərinin sayı qədər qan görərsə və iki qan arasında fasilə olarsa, vaxt və günlərin sayı arasında ziddiyyət yaranan belə məqamlarda bir neçə vəziyyət nəzərdən keçirilə bilər:

1) İki qanın görüldüyü günlərin sayı ilə onların arasındakı paklıq günlərinin birgə sayı on günü keçmədiyi təqdirdə iki qan bir heyz hesab edilir və aradakı fasilə paklığı adlandırılan müddətdə isə, vacib ehtiyata əsasən, həm haizə haram olan işlərdən çəkinməli, həm də pak qadına vacib olan işləri görməlidir.

2) İki qan arasındakı paklıq müddəti on gün, yaxud daha artıq olarsa, bu halda heyz əlamətləri daşıyıb-daşımamasından asılı olmayaraq onların hər biri ayrıca heyz kimi qəbul edilməlidir.

3) İki qan arasındakı paklıq müddəti on gündən az olarsa, lakin iki qanla aradakı paklıq müddəti birlikdə on gündən artıq olarsa, bu halda vaxt meyarı günlərin sayından daha önəmli hesab edilir və qadın heyz adəti günləri ərzində gördüyü qanı heyz, adətindən başqa günlərdə gördüyü qanı isə istihazə kimi qəbul etməlidir.

Vəqtiyyə adətinə sahib olan qadın

Məsələ 535. Vəqtiyyə adətinə sahib olan və adətinin başlanğıcı bəlli olan qadınlar iki qismə bölünür:

1) İki ardıcıl ay ərzində müəyyən vaxtda heyz qanı görməyə başlayaraq bir neçə gündən sonra paklanan, lakin bu aylarda adət günlərinin sayı eyni olmayan, məsələn, iki ardıcıl ayın hər birində ayın 1-dən etibarən qan görməyə başlayan, ancaq birinci ayın 7-də, ikinci ayın isə 8-də pak olan (heyz qanı kəsilən) qadın ayın 1-ni özü üçün heyz adətinin başlanğıcı kimi qəbul etməlidir.

2) İki ardıcıl ay ərzində müəyyən vaxtda üç gün və ya daha artıq qan görən, sonra paklanan, ardınca ikinci dəfə qan görən qadın və qan gördüyü günlərlə arada pak olduğu günlərin birlikdə sayı on günü keçməyən, bununla belə ikinci aybaşı günlərinin sayı birinci aydakından az və ya çox olan, məsələn, birinci ay səkkiz, ikinci ay isə doqquz gün aybaşı olan, lakin iki ayın hər birində ayın əvvəlindən etibarən qan görməyə başlayan qadın da ayın ilk gününü özü üçün heyz adətinin başlanğıcı kimi qəbul etməlidir, qan gördüyü bütün günlərdə haiz sayılır, aradakı fasilə paklığı adlandırılan günlərdə isə, vacib ehtiyata əsasən, bir tərəfdən haiz qadına haram olan işləri görməməli, digər tərəfdən də pak qadına vacib olan işləri görməlidir.

Məsələ 536. Vəqtiyyə adətinə sahib olan və adətlərinin sonu bəlli olan qadınlar da iki qismə bölünür:

1) İki ardıcıl ay ərzində heyz qanı görən və bir neçə gündən sonra müəyyən vaxtda pak olan, lakin iki ayda aybaşı günlərinin sayı eyni olmayan, məsələn, birinci ay qan ifrazı ayın 3-də, ikinci ay isə 5-də başlayan, ancaq hər iki ayın 9-da qanaxması başa çatan qadın ayın 9-nu özü üçün heyz adətinin sonu kimi qəbul etməlidir. Bunun əhəmiyyətini bir misalla belə izah etmək olar: Əgər sözügedən qadında qan ifrazı beşinci ay təsadüfən on günü keçərək ayın 15-dək davam edərsə, bu halda onun ayın 9-dan 15-dək müşahidə etdiyi qan istihazə sayılır.

2) İki ay ardıcıl ay ərzində üç gün və ya daha artıq qan ifrazı müşahidə edən, sonra paklanan, daha sonra ikinci dəfə qan gördükdən sonra müəyyən vaxtda paklanan və qan gördüyü günlərlə arada pak olduğu günlərin birlikdə sayı on günü keçməyən, lakin ikinci ay aybaşı günlərinin sayı birinci aydan az və ya çox olan, məsələn, birinci ayın 3-dən 5-dək qan görən, sonra iki gün pak olan, ardınca ayın 8-dən 10-dək yenidən qan görən, ikinci ayın isə 1-dən 5-dək qan görən, sonra iki pak olan və ardınca ayın 7-dən 10-dək yenidən qan görən qadın ayın 10-nu özü üçün heyz adətinin sonuncu günü kimi qəbul etməlidir. Bunun əhəmiyyətini bir misalla belə izah etmək olar: Əgər sözügedən qadında qan ifrazı beşinci ay təsadüfən on günü keçərək ayın 15-dək davam edərsə, bu halda onun ayın 10-dan 15-dək müşahidə etdiyi qan istihazə, ondan əvvəl müşahidə etdiyi iki qan isə heyz sayılır, aradakı fasilə paklığı adlandırılan günlərdə isə, vacib ehtiyata əsasən, bir tərəfdən haiz qadına haram olan işləri görməməli, digər tərəfdən də pak qadına vacib olan işləri görməlidir.

Məsələ 537. Vəqtiyyə adətinə sahib olan qadın adət vaxtında, yaxud ondan bir-iki gün öncə və ya bir qədər də tez qan görməyə başlayarsa və bu, qadınlar arasında “adəti erkən başlamışdır” deyilə biləcək bir vəziyyətdirsə, hərçənd həmin qanda heyz əlamətləri olmasa da, məsələn, rəngi sarı olsa da, o, haiz qadın üçün açıqlanan hökmlərə əməl etməlidir. Sonradan heyz olmadığını başa düşdüyü təqdirdə isə, məsələn, qan ifrazı üç gündən öncə başa çatarsa, icra etmədiyi ibadətlərinin qəzasını yerinə yetirməli, icrası üçün vaxt qaldığı halda isə onları əda etməlidir. Bu iki haldan başqa digər hallarda, məsələn, adətindən “adəti erkən başlamışdır” deyilə bilməyəcək, əksinə, “adətindən başqa bir vaxtda qan görmüşdür” deyilə biləcək qədər tez qan görən, yaxud adət günləri keçdikdən sonra, hərçənd adət vaxtından qısa müddət sonra olsa belə, qan görən qadın isə həmin qanda heyz əlamətləri olduğu, həmçinin, heyz əlamətləri olmadığı, lakin ifrazının üç gün davam edəcəyini bildiyi təqdirdə haiz qadın üçün bəyan edilən hökmlərə əməl etməli, üç gün davam edib-etməyəcəyini bilmədiyi təqdirdə, lazım ehtiyata əsasən, həm müstəhazəyə vacib olan işləri icra etməli, həm də haizə haram olan işlərdən çəkinməlidir.

Məsələ 538. Vəqtiyyə adətinə sahib olan qadın əgər öz adət vaxtında qan görərsə, bu qanın ifrazı on gündən artıq davam etməzsə, qanda yalnız heyz əlamətləri müşahidə edilərsə, hərçənd əlamətlər dərəcələrinə görə fərqli olsa belə, məsələn, bəzi ifrazatların rəngi qara, bəzilərinin isə tünd qırmızı olarsa, yaxud yalnız istihazə əlamətləri müşahidə edilərsə, məsələn, rəngi sarı olarsa, hərçənd ifrazatlarda sarılığın dərəcəsi fərqli olarsa, bir sözlə qanın növünü fərqləndirmək mümkün olmazsa və qadın heyz günlərinin sayını onun əlamətləri vasitəsi ilə ayırd edə bilməzsə, mümkün olduğu təqdirdə aşağıdakı iki şərti nəzərə almaqla yalnız ata, yalnız ana, yaxud hər iki tərəfdən qohum olmasından, sağ olub-olmamasından asılı olmayaraq qohumları arasından bəzi qadınların adət günlərini özü üçün adət günləri kimi qəbul etməlidir:

a) Onun adət günlərinin sayının öz heyz adətinin müddəti ilə ziddiyyət təşkil etdiyini bilməməlidir. Məsələn, özü həyatının gənclik çağında və hormonal sağlamlığının qaydasında olduğu dövrdə, həmin qadın isə bir qayda olaraq adət günlərinin sayının azaldığı menopauza ərəfəsində, yaxud əksinə, özü menopauza ərəfəsində, həmin qadın isə gənclik və hormonal sağlamlığın qaydasında olduğu yaş dövründə olmamalıdır. Yaxud qadının özü naqis ədədiyyə adətinə də sahib olmamalı, o cümlədən misal olaraq adət günlərinin sayı üç gündən artıq, on gündən əskik olmaqla iki rəqəm arasında dəyişməməlidir. Məsələn, hər ayın 10-dan etibarən ya beş, ya da yeddi gün müddətində aybaşı olan qadın on gündən artıq qan gördükdə bəzi qohumlarını nəzərə alaraq beş gündən az, yaxud yeddi gündən artıq davam edən ifrazat müddətini heyz kimi qəbul edə bilməz.

b) Nəzərə alacağı qohumunun adət günlərinin sayının birinci şərtə sahib olan digər qohumlarının adət günlərinin sayından fərqləndiyini bilməməlidir. Lakin əgər fərq hesaba alınmayacaq qədər cüzi olarsa, zərəri yoxdur.

Qohumların adətinə müraciət etmək mümkün olmadığı təqdirdə isə üç gündən on günədək heyz adəti üçün uyğun hesab etdiyi sayda günü özü üçün heyz təyin edə bilər və daha yaxşı olar ki, özünə münasib gördüyü təqdirdə yeddi gün təyin etsin. Təbii ki, qeyd edildiyi kimi əgər bir qadın naqis ədədiyyə adətinə də sahibdirsə, məsələn, adət günlərinin sayı hər ayın 1-dən etibarən beş, yaxud altı gün aybaşı olan qadın kimi üç gündən artıq və on gündən az olmaqla iki (minimum və maksimum) rəqəm arasında dəyişirsə, onun seçimi beş gündən az, yaxud altı gündən çox ola bilməz (başqa sözlə ya beş, ya da altı günü özü üçün heyz günləri olaraq qəbul etməlidir).

Qeyd etmək lazımdır ki, qadın qohumlarının adətinə müraciət etmək, yaxud şəxsi seçim üsulu ilə özü üçün müəyyənləşdirdiyi heyz günlərini, öncəki heyz dövrünün bitməsi ilə arasında minimum on gün fasilə olması şərti ilə, qan gördüyü ilk gündən hesablamalıdır. Həmçinin, heyz müddəti olaraq təyin etdiyi günlərin sayı 540-cı məsələdə izah ediləcəyi kimi adət vaxtı ilə də uzlaşmalıdır.

Məsələ 539. Vəqtiyyə adəti olan qadın əgər öz adət vaxtında qan görərsə və onun ifrazı on gündən artıq davam etməzsə, bəzi günlərdə gördüyü qanda heyz əlamətləri hərçənd müxtəlif dərəcələrlə də olsa müşahidə edilərsə, məsələn, ifrazatın bir qisminin rəngi qara, digər qisminin rəngi isə tünd qırmızı olarsa, bəzi günlərdə isə qanda heyz əlaməti olmazsa, məsələn, hərçənd tündlük və açıqlıq baxımından bir-birindən fərqlənsə də, sarı rəngdə olarsa:

a) Qanın heyz əlamətlərinə malik olduğu günlərin sayı üç gündən az və on gündən çox olmazsa, həmin günlərdə ifraz olan qanı heyz, digər ifrazatları isə istihazə kimi qəbul etməlidir.

b) Heyz əlamətlərinə malik olan qan üç gündən az ifraz olarsa, onu heyz kimi qəbul etməli və heyz günlərinin sayını da əvvəlki məsələdə izah edilən iki üsuldan biri (qohumların adətinə müraciət etmək, yaxud şəxsi seçim) ilə təyin etməlidir. Bu sayın tamamlanması mümkün olduğu təqdirdə heyz əlamətlərinə malik olan qandan sonrakı ifrazatların baş verdiyi günlər hesabına edilməlidir.

c) Heyz əlamətlərinə malik olan qan on gündən artıq ifraz olarsa, mümkün olduğu təqdirdə saydan azaltma və ixtisar son günlərin hesabına edilməlidir. Çünki bu halda qadın heyz günləri olaraq seçdiyi günləri heyz əlamətinə malik olan qanın ifraz olduğu ilk gündən hesablayır, digər qan ifrazatlarını isə istihazə kimi qəbul edir.

Qeyd etmək lazımdır ki, “a”,“b” və “c” bəndlərində şərh edilən hər üç halda həmin (heyz günləri olaraq seçilən) günlərin adət vaxtı ilə üst-üstə düşüb-düşməməsinin heç bir fərqi yoxdur. Məsələn, vəqtiyyə adəti ayın ilk günündən başlayan qadın ayın əvvəlindən 15-dək qan görərsə və bu qan 4-cü gündən 9-cu günədək heyz əlamətləri ilə ifraz olarsa, qadın ayın 4-9-cu günlərini heyz günləri kimi qəbul etməlidir, 1-3-cü günlər və 10-15-ci günlərdə müşahidə edilən qan isə istihazədir.

Məsələ 540. Vəqtiyyə adətinə sahib olan qadın heyz günlərini adət vaxtı xaricində təyin edə bilməz. Buna əsasən, əgər onun adətinin başlanğıcı məlumdursa, məsələn, hər ayın ilk günündən etibarən qan görürsə, aylardan birində ayın ilk günündən 15-dək qan görərək heyzin əlamətləri ilə onun günlərinin sayını müəyyən edə bilməzsə, qan müşahidə etdiyi ilk günü, yəni ayın ilk gününü heyz kimi qəbul etməlidir, günlərin sayı ilə bağlı isə 538-cü məsələdə qeyd edilənlərə müraciət etməlidir. Bu halda o, heyz üçün seçdiyi günləri qanın müşahidə edildiyi ilk gündən sonrakı günlərdən, məsələn, onuncu gündən başlayaraq hesablaya bilməz. Həmçinin, vəqtiyyə adətinə sahib olan və adəti ayın 11-dən başlayan bir qadın bir ay, məsələn, ayın 1-dən 18-dək qan görərsə, hərçənd ilk günlərdə müşahidə edilən qanda heyz əlamətləri olsa da, heyz adəti üçün seçdiyi günləri ayın 1-dən başlayaraq hesablaya, yaxud ayın ilk on gününü heyz günləri kimi qəbul edə bilməz. Habelə, sonu məlum olan, məsələn, ayın 15-ə təsadüf edən vəqtiyyə adətinə sahib olan qadın aylardan birində ayın 1-dən 16-dək qan görərsə, adətinin sonunu ayın 10-na təyin edə bilməz. Bu halda o hesablamanı elə aparmalıdır ki, özü üçün heyz günləri olaraq təyin etdiyi günlərin sonuncusu adət vaxtının sonu ilə üst-üstə düşməlidir.

Məsələ 541.Vəqtiyyə adətinə sahib olan və aylardan birində adət vaxtında ümumiyyətlə qan görməyən, lakin həmin ayın sayı on gündən artıq olan başqa günlərində qan müşahidə edən və heyz günlərinin sayını onun əlamətlərinə əsasən müəyyən edə bilməyən qadın öz adət günlərində qan görən və qan ifrazı on gündən artıq davam edən qadın kimi hərəkət etməlidir.

Məsələ 542. Vəqtiyyə adəti olan qadın öz adət vaxtında qan müşahidə etdikdə onun ifrazı on gündən artıq davam edərsə və qanın heyz əlaməti ilə ifraz olduğu günlərin sayı üç gündən az və on gündən çox olmazsa, məsələn, vəqtiyyə adəti ayın ilk günündən başlayan bir qadın ayın 1-dən dörd gün heyz əlaməti, sonra dörd gün istihazə əlaməti, daha sonra yenidən dörd gün heyz əlaməti ilə qan görərsə, yalnız ilk dörd gün ərzində gördüyü qanı heyz kimi qəbul etməlidir, digər günlərdə gördüyü qan isə istihazədir. Həmçinin, əgər ayın ilk günündən etibarən dörd gün heyz, sonra on gün istihazə, ardınca yenidən dörd gün heyz əlaməti ilə qan görərsə, yalnız heyz əlaməti daşıyan ilk dörd gündəki ifrazatı heyz kimi qəbul etməlidir, digər ifrazatlar isə istihazə sayılır.

Məsələ 543. Vəqtiyyə adətinə sahib olan bir qadın əgər üç gün, yaxud daha artıq qan görər, sonra paklanaraq ardınca yenidən qan görərsə, iki qan arasındakı fasilə on gündən az olarsa, qan gördüyü günlərlə arada pak olduğu günlərin sayı birlikdə on gündən çox olarsa, birinci və ikinci qan ifrazının heç biri ayrılıqda on gündən çox davam etməzsə, məsələn, beş gün qan görərsə, sonra beş gün paklanarsa, ardınca yenidən beş gün qan görərsə, ona vəqtiyyə və adətiyyə sahibi olan qadınlar üçün 531 və 532-cı məsələlərdə qeyd edilən hökmlər şamil olunur.

Ədədiyyə adətinə sahib olan qadın

Məsələ 544. Ədədiyyə adətinə sahib olan, heyz günlərinin sayı bəlli olan qadınlar iki qismə bölünür:

1) İki ardıcıl ay ərzində heyz günlərinin sayı bərabər olan, lakin qan görmə vaxtı eyni olmayan (ayların eyni günlərinə təsadüf etməyən) qadın belə vəziyyətdə neçə gün qan ifrazı müşahidə edərsə, həmin günlər onun adəti olur, məsələn, əgər birinci ayın 1-dən 5-dək, ikinci ayın isə 11-dən 15-dək qan görərsə, onun adəti beş olur.

2) İki ardıcıl ay ərzində üç gün və ya daha artıq qan görən, sonra bir gün və ya daha artıq pak olan, ardınca ikinci dəfə qan görən və birinci ay qan gördüyü vaxt ikinci ayın eyni günləri ilə üst-üstə düşməyən qadının qan gördüyü bütün günlərlə arada pak olduğu günlərin sayı birlikdə on günü keçmirsə, iki ayda qan gördüyü günlərin sayı eynidirsə, qan gördüyü bütün günlər onun heyz adəti sayılır və vacib ehtiyata əsasən, arada pak olduğu günlərdə ehtiyatən haiz olmayan qadına vacib olan işləri yerinə yetirsin, haizə haram olan işlərdən isə çəkinsin. Məsələn, əgər birinci ayın 1-dən 3-dək qan görərsə, sonra iki gün pak olarsa, ardınca ayın 6-dan 8-dək üç gün müddətində qan görərsə, ikinci ayın isə 11-dən 13-dək qan görərsə, sonra iki gün pak olarsa, ardınca ayın 16-dan 18-dək üç gün qan görərsə, onun ədədiyyə adəti altı gün olur və aradakı paklıq müddətində, vacib ehtiyata əsasən, həm haizə yasaq olan işlərdən uzaq durmalı, həm də pak qadına vacib olan işləri görməlidir.

Lakin əgər bir ayda üç gün qan görər, sonra paklanar və ardınca yenidən qan görərsə, növbəti ayda isə beş gün qan görər, sonra paklanar və ardınca yenidən qan görərsə və hər iki ayda qan gördüyü günlərlə arada pak olduğu günlərin sayı birlikdə səkkiz günə bərabər olarsa, bu halda sözügedən qadın ədədiyyə adəti sahibi deyil, hökmü qarşıda izah ediləcək müztəribə kateqoriyasına daxildir.

Məsələ 545. Yalnız ədədiyyə adəti olan və adətinin vaxtı müəyyən olmayan qadın heyz əlamətlərinə malik olan qan gördükdə, həmçinin, əgər qanda heyz əlamətləri yoxdursa, lakin qadın onun ifrazının üç gün davam edəcəyini bilirsə, onu heyz kimi qəbul etməli və haiz qadın üçün nəzərdə tutulan hökmlərə uyğun davranmalıdır. Üç gün davam edib-etməyəcəyini bilmədiyi təqdirdə isə, vacib ehtiyata əsasən, həm müstəhazəyə vacib olan işləri görməli, həm də haizə haram olan işlərdən çəkinməlidir.

Məsələ 546. Ədədiyyə adətinə sahib olan qadın əgər adət günlərindən az və ya çox qan görərsə və qan gördüyü günlərin sayı 10-u keçməzsə, hərçənd qanda heyz əlamətləri olmasa belə, həmin günlərin hamısını heyz kimi qəbul etməlidir.

Məsələ 547. Ədədiyyə adətinə sahib olan qadında qan ifrazı on gündən artıq davam edərsə, gördüyü ifrazatların hamısı bir-birinə bənzəyərsə və qanında dərəcəsinə görə bir-birindən fərqlənməsinə, məsələn, bəzi ifrazatların qara, bəzilərinin isə tünd qırmızı rəngdə olmasına baxmayaraq yalnız heyz əlamətləri müşahidə edilərsə, yaxud dərəcəsinə görə bir-birindən fərqlənməsinə baxmayaraq sarı rəngdə olması kimi istihazə əlamətləri müşahidə edilərsə, qan görməyə başladığı gündən etibarən adət günlərinin sayına bərabər olan müddətdə gördüyü qan ifrazatlarını heyz, digər ifrazatları isə istihazə kimi qəbul etməlidir. Əgər gördüyü bütün qan ifrazatları eyni cür olmazsa, belə ki, bir neçə gün gördüyü qan ifrazatlarında heyz əlamətləri, digər günlərdə gördüyü ifrazatlarda isə istihazə əlamətləri olarsa, qanda heyz əlamətləri olduğu günlərin sayı adət günlərinin sayına bərabərdirsə, həmin günləri heyz, digər günləri isə istihazə kimi qəbul etməlidir. Qanda heyz əlamətləri müşahidə edilən günlərin sayı adət günlərinin sayından artıq olduğu təqdirdə yalnız adət günlərinin sayına bərabər günlərdə heyzdir və digər günlər arasından isə mümkün olduğu halda son günlər ixtisar edilməlidir. Çünki bu halda qadın adət günlərini heyz əlamətlərinə malik olan qanın görüldüyü ilk gündən etibarən hesablayır, qalan günlər isə istihazə sayılır. Qanda heyz əlamətlərinin olduğu günlərin sayı adət günlərindən az olduğu təqdirdə isə hərçənd üç gündən az olsa da, həmin günləri, üstünə gəldikdə adət günlərinin sayına bərabər olacaq qədər gün ilə birlikdə heyz günləri, digər günləri isə istihazə günləri kimi qəbul etməlidir və bu əlavə etmə mümkün olduğu halda heyz əlamətinə malik olan qandan sonra ifraz olan qanların görüldüyü günlərin hesabına aparılmalıdır. Çünki heyz əlamətlərinin köməyi ilə ədədiyyə adətinin günlərinin sayını deyil, onun başlanma vaxtını müəyyən etmək olar.

Qeyd etmək lazımdır ki, beş günlük ədədiyyə adəti olan qadın qan görməyə davam edərsə və heyz əlaməti olan qanın ifrazının başa çatmasından sonra on gün keçməmiş yenidən heyz əlaməti olan qan görərsə, məsələn, beş gün qara, sonra doqquz gün sarı, ardınca yenidən beş gün qara rəngli qan görərsə, ilk qanı heyz, digərlərini isə istihazə kimi qəbul etməlidir. Çünki bir qanı fərqləndirici əlamətlərinə əsaslanmaqla yalnız o halda heyz kimi qəbul etmək olar ki, ondan sonra bir daha heyz əlamətlərinə malik olan qan ifraz olsun. İkinci qanı bütövlüklə heyz hesab etmək olmursa, o zaman onu fərqləndirmək də doğru deyil, bu səbəbdən onların (ilk beş gündən sonra görülən qanların) hamısı istihazədir və ikinci qanın bir qismini fərqləndirici əlamətlərinə əsaslanmaqla heyz hesab etmək olmaz. Lakin qadının beş gün qara, sonra on gün sarı, ardınca yenidən beş gün qara rəngli qan ifrazı gördüyü təqdirdə isə heyz əlamətinə malik olan birinci və üçüncü qanı heyz, onların arasında görülən qanı isə istihazə kimi qəbul etmək lazımdır.

Məsələ 548. 516-cı məsələdə qeyd edildiyi kimi qadın naqis ədədiyyə adətinə də sahib ola bilər. Adət günlərinin sayı üç gündən az, on gündən çox olmayan iki rəqəm arasında dəyişən qadını buna misal göstərmək olar. O, məsələn, hər ay ya altı, ya da yeddi gün qan görür və bu hadisə ürfən onun naqis adəti sayılacaq qədər təkrarlanır. Belə bir qadında qan ifrazı on gündən artıq davam etdiyi təqdirdə heyz əlamətləri vasitəsi ilə, yaxud bəzi qohumlarının adətini nəzərə almaqla və say seçimi qaydası ilə altı gündən az, yaxud yeddi gündən artıq olan bir müddəti özü üçün heyz günləri kimi qəbul edə bilməz. Beləliklə, əgər əlamətlərə, yaxud qohumların adətinə əsasən müəyyən edilən gün sayı beş olarsa, bu halda adətini beş günlük adət kimi təyin edə bilməz. Əksinə, adətinin dəqiq olan altı günlük (minimum) müddətini heyz günləri kimi qəbul etməlidir. Həmçinin, əgər əlamətlərə, yaxud qohumların adətinə əsasən müəyyən edilən gün sayı səkkiz olarsa, bu halda adətini səkkiz günlük adət kimi təyin edə bilməz. Əksinə, adətinin dəqiq olan yeddi günlük maksimum müddətini heyz günləri kimi qəbul etməlidir.

4) Mübtədiə

Məsələ 549. Mübtədiə ilk dəfə aybaşı olan (menarxe)[72]
qadın deməkdir. Mübtədiə qızın hansı əlamətlərə malik bir qan gördükdə onu heyz kimi qəbul edə biləcəyi ilə bağlı hökm yalnız ədədiyyə adəti olan qadınlar üçün 545-ci məsələdə bəyan edilən hökm kimidir.

Məsələ 550. Mübtədiə qız on gündən artıq qan görərsə və gördüyü qan ifrazatlarının hamısı - hərçənd dərəcələri fərqli olsa da - eyni əlamətlərə malik olarsa, məsələn, hamısında heyz əlamətləri[73]
olarsa, hərçənd bəzi ifrazatların rəngi qara, bəzilərininki isə tünd qırmızı olsa da, yaxud qan ifrazatlarının hamısında istihazə əlaməti olarsa, yəni sarı rəngdə görülərsə - hərçənd irazatlarda sarılığın dərəcəsi fərqli olsa da - yalnız ata, yalnız ana, yaxud hər iki tərəfdən qohum olmasından, sağ olub-olmamasından asılı olmayaraq, lakin aşağıdakı iki şərti nəzərə almaqla qohumlarından birinin adət müddətini özü üçün heyz, digər günləri isə istihazə kimi qəbul etməlidir:

a) Onun adət müddətinin öz heyz müddəti ilə uzlaşmadığını bilməməlidir.[74]
Məsələn, özü həyatının gənclik çağında olduğu halda və hormonal sağlamlığı qaydasında olduğu halda, həmin qadın bir qayda olaraq adət günlərinin sayının azaldığı menopauza ərəfəsində olmamalıdır.

b) Həmin qadının adət müddətinin birinci şərtə sahib olan digər qohumlarının adət müddətindən fərqləndiyini bilməməlidir. Lakin əgər fərq hesaba alınmayacaq qədər cüzi olarsa, zərəri yoxdur.

Bu iş (qohumların adətinə müraciət etmək) mümkün olmadığı təqdirdə isə heyz müddəti üçün uyğun hesab etdiyi 3-10 günü özü üçün heyz təyin edə bilər və daha yaxşı olar ki, özünə münasib gördüyü təqdirdə yeddi gün təyin etsin.

Məsələ 551. Mübtədiə on gündən artıq müddətdə bir neçə gün heyz, bir neçə gün isə istihazə əlamətləri ilə ifraz olan qan görərsə, heyz əlamətinə malik olan qan ifrazı üç gündən az və on gündən artıq davam etmədiyi təqdirdə onların hamısı heyzdir. Lakin sözügedən qız qan ifrazı müşahidə etməyə davam edərsə və heyz əlaməti olan qanın ifrazının başa çatmasından on gün keçməmiş yenidən heyz əlaməti olan qan görərsə, məsələn, beş gün qara rəngli qan, ardınca doqquz gün sarı rəngli qan, sonra yenidən beş gün qara rəngli qan görərsə, birinci qanı heyz, digər iki qanı isə istihazə kimi  qəbul etməlidir. Lakin beş gün qara, ardınca on gün sarı, daha sonra yenidən beş gün qara rəngli qan görərsə, heyz əlamətinə malik olan birinci və üçüncü qanı heyz, onların arasında gördüyü qanı isə istihazə hesab etməlidir.

Məsələ 552. Mübtədiə on gündən artıq müddətdə bir neçə gün heyz, bir neçə gün isə istihazə əlamətləri ilə ifraz olan qan görərsə, lakin heyz əlamətinə malik olan qan ifrazı üç gündən az baş verərsə, həmin qanı heyz kimi qəbul etməli və heyz günlərinin sayını 550-ci məsələdə qeyd edilən iki üsuldan (qohumların adətini nəzərə almaq, yaxud müəyyən sayda gün seçmək) biri ilə təyin etməlidir. Həmin günlərə əlavə edilən günlər mümkün olduğu təqdirdə heyz əlamətlərinə malik olan qandan əvvəlki deyil, sonrakı ifrazatların baş verdiyi günlər arasından seçilməlidir. Həmçinin, əgər heyz əlamətinə malik olan qan on gündən artıq ifraz olarsa, onun bir qismini artıq izah edilən iki üsuldan biri ilə heyz kimi qəbul etməli, ixtisar olunan (heyz günləri sayılmayan) günləri isə mümkün olduğu təqdirdə sonuncu günlərdən seçməlidir. Beləliklə, bu halda heyz günləri olaraq seçdiyi günləri heyz əlaməti olan qanın ifraz olmağa başladığı tarixdən etibarən hesablayır, digər günləri isə istihazə kimi qəbul edir.

5) Müztəribə

Məsələ 553. İki ardıcıl ay ərzində bir-birindən həm vaxt, həm də günlərin sayı baxımından fərqlənən aybaşı olan qadına “müztəribə” deyilir. Müztəribə qadının hansı əlamətlərə malik bir qan gördükdə onu heyz kimi qəbul edə biləcəyi ilə bağlı hökm yalnız ədədiyyə adəti olan qadınlar üçün 545-ci məsələdə bəyan edilən hökm kimidir.

Məsələ 554. Müztəribə qadın on gündən artıq qan ifrazı müşahidə edərsə və gördüyü qan ifrazatlarının hamısı eyni cür olarsa – 550-ci məsələdə mübtədiə qızlar üçün şərh edildiyi qaydada – ona şamil olunan hökm mübtədiə qıza şamil olunan hökm kimidir. Aradakı fərq yalnız budur ki, burada qohumların nəzərə alınması vacib ehtiyata əsaslanır.

Qeyd etmək lazımdır ki, bu məsələ müztəribə qadının ümumiyyətlə adət sahibi olmadığı hallara şamil olunur. Naqis ədədiyyə adətinə (516-cı məsələdə izah edilmişdir) sahib olduğu təqdirdə isə heyz günlərinin sayını qeyd edilən üsullarla (qohumların adətini nəzərə almaq, yaxud müəyyən sayda gün seçimi) təyin etmək istədikdə pozulmuş naqisə adətinə uyğun olmayan bir rəqəmi seçə bilməz. Məsələn, naqisə adəti daima səkkiz gündən artıq olan bir qadın yeddi rəqəmini (heyz günlərinin sayı olaraq) seçə bilməz.

Məsələ 555. Müztəribə on gündən artıq müddətdə bir neçə gün heyz, bir neçə gün isə istihazə əlamətləri ilə ifraz olan qan görərsə, mübtədiə üçün 551 və 552-ci məsələlərdə qeyd edilən göstərişlərə uyğun hərəkət etməlidir. Naqisə adətinə sahib olduğu təqdirdə isə öncəki məsələdə qeyd edilənlərə riayət etməlidir.

6) Nasiyə

Məsələ 556. Adət günlərinin sayını, yaxud zamanını və ya hər ikisini unudan qadına “nasiyə” deyilir. Bu qadın üç gündən az və on gündən çox olmayaraq ifraz olan bir qan görərsə, heyz əlamətlərinə[75]
malik olub-olmamasından asılı olmayaraq, onların hamısını heyz kimi qəbul etməlidir. Qan ifrazı on gündən artıq davam edərsə, burada üç vəziyyət təsəvvür edilə bilər:

a) daha əvvəl ədədiyyə adətinə sahib olan nasiyə;

b) daha əvvəl vəqtiyyə adətinə sahib olan nasiyə;

c) daha əvvəl vəqtiyyə və ədədiyyə adətinə sahib olan qadın.

Bütün bu hallarla bağlı hökmlər qarşıdakı məsələlərdə izah ediləcəkdir.

Ədədiyyə adətinə sahib olmuş nasiyə

Məsələ 557. Əgər qadın on gündən artıq qan görərsə və ədədiyyə adətinə sahib olmasına baxmayaraq, artıq hətta icmalən olsa belə, adət günlərinin vaxtını, yaxud sayını xatırlamayacaq şəkildə unutmuşdursa, bu halda həmin qadına mübtədiə ilə bağlı 550-552-ci məsələlərdə izah edilən hökmlər şamil olunur.

Məsələ 558. Əgər qadın on gündən artıq qan görərsə və ədədiyyə adətinə sahib olsa da, adət günlərinin sayını unutmuşdursa, lakin icmalən xatırlaya bilirsə, burada iki hal təsəvvür edilə bilər:

a) Əgər heyz günlərinin sayını üç meyarla, yəni heyz əlamətlərinə əsasən, yaxud qohumların adətini nəzərə almaqla və ya ixtiyari sayda gün seçməklə (bu meyarlar arasından şəriətə görə ona aid olanını rəhbər tutaraq) müəyyən etdiyi təqdirdə təyin etdiyi heyz günlərinin sayı adətinin dəqiq olan miqdarından az olarsa, məsələn, adətini unutmuşdursa, lakin icmalən onun səkkiz, yaxud doqquz gün davam etdiyinə əmindirsə, qeyd edilən üç meyara əsasən təyin edilən say isə yeddidirsə, bu halda qadın adətini yeddi gün olaraq təyin edə bilməz. O, adətinin dəqiq olan (minimum) müddətini, yəni səkkiz günü özü üçün heyz günləri olaraq qəbul etməlidir.

b) Əgər heyz günlərinin sayını üç meyarla, yəni heyz əlamətlərinə əsasən, yaxud qohumların adətini nəzərə almaqla və ya ixtiyari sayda gün seçməklə (bu meyarlar arasından şəriətə görə ona aid olanını rəhbər tutaraq)[76]
müəyyən etdiyi təqdirdə təyin etdiyi heyz günlərinin sayı adətinin dəqiq olan miqdarından çox olarsa, məsələn, adətini unutmuşdursa, lakin icmalən onun beş, yaxud altı gün davam etdiyinə əmindirsə, qeyd edilən üç meyara əsasən təyin edilən say isə yeddidirsə, bu halda qadın adətini yeddi gün olaraq təyin edə bilməz. O, adətinin ehtimal olunan maksimum müddətini, yəni altı günü özü üçün heyz günləri olaraq qəbul etməlidir.

Bu iki hal istisna olmaqla, digər hallarda isə unudulmuş sayın heç bir əhəmiyyəti yoxdur və qadın mübtədiə hökmünə əməl etməlidir. Lakin əgər qadın adətinin təyin etdiyi müddətdən daha uzun olduğunu ehtimal edirsə, müstəhəb ehtiyata əsasən, haizə haram olan işlərdən çəkinərək, müstəhazəyə vacib olan işləri görməlidir.

Vəqtiyyə adətinə sahib olmuş nasiyə

Məsələ 559. Əgər qadın on gündən artıq qan görərsə və vəqtiyyə adətinə sahib olmağına baxmayaraq, artıq hətta icmalən olsa belə, adət günlərinin vaxtını xatırlamayacaq şəkildə unutmuşdursa, bu halda həmin qadına mübtədiə ilə bağlı 550-552-ci məsələlərdə izah edilən hökmlər şamil olunur.

Məsələ 560. Əgər qadın on gündən artıq qan görərsə, vəqtiyyə adətinə sahib olsa da, adət günlərinin vaxtını unutmuşdursa, lakin icmalən xatırlaya bilirsə, burada iki hal təsəvvür edilə bilər:

a) Əgər hazırda qan gördüyü, müddəti üç gündən az olan müəyyən bir zamanın onun vəqtiyyə adətinin bir hissəsinə təsadüf etdiyini bilirsə, lakin həmin adətinin başladığı və sona çatdığı tarixi unutmuşdursa, heyz əlamətlərinə malik olan və sözügedən zaman ərzində görülən qanı heyz kimi qəbul etməlidir. Lakin heyz əlamətlərinə malik olan qanın görülməsi sözügedən zamana təsadüf etmirsə, onu heyz kimi qəbul edə bilməz. Məsələn, əgər qadın ayın 17-nin onun unutduğu adət günlərindən olduğunu, yaxud adətinin ayın ikinci yarısına təsadüf etdiyini bilirsə, indi isə ayın əvvəlindən 20-dək qan görmüşdürsə, hətta ayın ilk on günündə gördüyü qanda heyz, ikinci on günlüyündə gördüyü qanda isə istihazə əlamətləri olsa da, adətini ilk on günə təyin edə bilməz. Bu qadın qohumlarının adətinə baxmalı, bununla da mümkün olmadığı təqdirdə isə həmin zamana təsadüf etmək şərti ilə 3-10 gün arasında müəyyən bir müddəti 550-ci məsələdə izah edilən qaydada özü üçün adət seçməlidir.

b) Əgər vəqtiyyə adətinin bir hissəsini təşkil edən müəyyən bir vaxt xatırlamırsa, lakin icmalən adət zamanının ayın yalnız müəyyən bir hissəsinə, məsələn, birinci yarısına təsadüf etdiyini bilirsə, bu halda qadın heyz əlamətlərinə malik olan, lakin ayın ikinci yarısına təsadüf edən qanı heyz kimi qərar verə bilməz, yaxud heyzi üçün qohumların adətini nəzərə almaq və ya müddət seçmək üsulu ilə təyin etdiyi günləri ayın ikinci yarısından seçə bilməz.

Vəqtiyyə və ədədiyyə adətinə sahib olmuş nasiyə

Məsələ 561. Əgər qadın on gündən artıq qan görərsə və vəqtiyyə və ədədiyyə adətinə sahibdirsə, bu halda qarşıdakı məsələlərdə izah ediləcək üç vəziyyət təsəvvür edilə bilər.

Məsələ 562. Əgər qadın on gündən artıq qan görərsə və vəqtiyyə və ədədiyyə adətinə sahib olsa da, adət günlərinin vaxtını unutmuşdursa, lakin günlərin sayını xatırlayırsa, heyz günlərinin sayını adətinə uyğun olaraq təyin etməlidir. Vaxtın təyini xüsusunda isə qanın əlamətlərini nəzərə alaraq heyz əlamətlərinə malik olan qanı 560-cı məsələdə vəqtiyyə adəti ilə əlaqədar izah edilən qaydada heyz kimi qəbul etməlidir. Əlamətlərlə heyzin zamanını təyin edə bilməsə, bu halda adətini qan gördüyü ilk vaxtdan etibarən hesablaya bilmək şərti ilə ilk gündən, bu mümkün olmadığı təqdirdə isə ondan sonra qan gördüyü ilk zamandan etibarən hesablamalıdır. Məsələn, öncəki heyzdən sonra minimum paklıq müddəti (on gün) keçmədən on gündən artıq davam edən qan görərsə, bu halda heyzinin vaxtını minimum paklıq fasiləsindən sonrakı günlərə təyin etməlidir.

Məsələ 563. Əgər qadın on gündən artıq qan görərsə və vəqtiyyə və ədədiyyə adətinə sahib olsa da, adət günlərinin sayını unutmuşdursa, lakin vaxtını xatırlayırsa, bu halda adət vaxtının başlanğıcını bildiyi təqdirdə adət günlərində gördüyü qanı, hərçənd heyz əlamətlərinə malik olmasa da, heyz kimi qəbul etməlidir. Günlərin sayını təyin etmək üçün isə heyz əlamətlərini, əlamətlərlə təyin etmək mümkün olmadığı halda öz qohumlarını nəzərə almalıdır, bu da mümkün olmadığı təqdirdə isə üç gündən on günədək istənilən sayda günü heyz kimi qəbul edə bilər. Əlbəttə, 558-ci məsələdə qeyd edilən iki halda sözügedən üç meyarın (əlamətlə ayırd etmə, qohumların nəzərə alınması və müddət seçimi) üçü də etibarsız sayılır.

Məsələ 564. Əgər qadın on gündən artıq qan görərsə və vəqtiyyə və ədədiyyə adətinə sahibdirsə, lakin öz adət günlərinin vaxtını və sayını unutmuşdursa, bu halda hökm öncəki məsələlərdən məlum olur. Məsələn, əgər icmalən qanın adət günlərinə təsadüf edib-etmədiyini bilmirsə və qanın əlamətlər əsasında təyin edilməsi mümkün deyilsə (məsələn, bütün ifrazatlar eyni əlamətləri daşıyırsa) həmin qanı heyz kimi qəbul etməli, heyz günlərinin sayını təyin etmək üçün isə qohumlarının adətinə müraciət etməli, mümkün olmadığı təqdirdə üç gündən on günədək istənilən sayda günü heyz günləri kimi qəbul etməlidir. Əlbəttə, 558-ci məsələdə qeyd edilən iki halda sözügedən üç meyarın (əlamətlə ayırd etmə, qohumların nəzərə alınması və müddət seçimi) üçün də etibarsız sayılır.

Heyzdə istibra və istizhar

Məsələ 565. Heyz qanından istibra qadının uşaqlıq yolunun vəziyyətini, orada qan olub-olmadığını öyrənmək üçün həyata keçirdiyi bir proseduradır. Bu istibra qadın tərəfindən aşağıdakı iki hal mövcud olduğu təqdirdə yerinə yetirilir:

1) qanaxması (qanın vaginadan xaricə ifrazı) on gündən öncə tamamlanır;

2) uşaqlıq yolunun paklığına əmin deyil və ya aqil insanlara xas düşüncə tərzi ilə uşaqlıq yolunun pak olduğunu ehtimal edir. Beləliklə, uşaqlıq yolunun xarici cinsiyyət üzvləri kimi pak olduğunu, yaxud xarici üzvlərindən fərqli olaraq pak olmadığını bilərsə, istibraya ehtiyac yoxdur.

Bu istibranın riayət edilməsi vacib olan xüsusi bir qaydası yoxdur və qadının istənilən mümkün üsulla uşaqlıq yolunun vəziyyətini, pak olub-olmamasını müəyyənləşdirməsi kafidir. Məsələn, cinsiyyət orqanına bir qədər pambıq daxil edərək bir qədər gözləyə bilər. Əgər heyz əsnasında qanaxmanın qısa müddət ərzində kəsilməsi – bir çox qadınlarda olduğu kimi – onun üçün xarakterikdirsə, daha artıq gözləməli, sonra pambığı çıxararaq qana bulaşıb-bulaşmadığına baxmalıdır. Beləliklə, əgər pambığın səthində sarı ləkə görərsə - hərçənd cüzi də olsa – hələ heyz sayılır və onunla bağlı hökmlər növbəti məsələdə qedy ediləcəkdir.

Məsələ 566. Əgər qadında qanaxma on gündən öncə başa çatarsa və uşaqlıq yolunda qan olduğunu ehtimal edərsə, ya ehtiyatən ibadətlərini yerinə yetirməli, ya da istibra etməlidir və istibra etmədən ibadətlərinin icrasından imtina etməsi caiz deyildir. Beləliklə, əgər istibra edərsə və pak olarsa, qüsl edərək ibadətlərini icra etməlidir. Pak olmazsa - hərçənd tampon azacıq sarı rəngli bir mayeyə bulaşsa belə - heyz adəti olmadığı, yaxud mübtədiə olduğu və ya adəti on günlük olduğu təqdirdə gözləməli, on günün başa çatmasından öncə paklanarsa, qüsl etməli, on gün tamam olduqda paklanarsa, yaxud qan on günü keçərsə, on gün başa çatan kimi qüsl etməli və on gün başa çatanadək hər vaxt uşaqlıq yolunda qan olub-olmadığına şəkk etdikdə istibranı təkrarlamalıdır. Qadının adətinin on gündən az olduğu hal ilə bağlı hökm isə növbəti məsələdə açıqlanacaqdır.

Məsələ 567. Əgər qadının adəti on gündən azdırsa, adət günlərində nə vaxt uşaqlıq yolunda qan olub-olmadığına dair şəkkə düşsə, istibra etməlidir və adət günlərinin sonunadək uşaqlıq yolunda qan olduğu təqdirdə bu o deməkdir ki, heyz halı davam edir. Lakin qadının adət günləri başa çatmadan paklanması istisna təşkil edir. Adət günləri başa çatdıqdan sonra uşaqlıq yolunun pak olub-olmadığına şəkk etdikdə isə istibra etməlidir və qana bulaşma davam edərsə - hərçənd açıq sarı rəngli ləkə şəklində olsa da - qadın üç vəziyyətlə qarşılaşa bilər:

a) Əgər on gün başa çatmadan, yaxud on gün başa çatdıqda paklanacağını bilərsə, qüsl etməməli və paklananadək gözləməlidir.

b) Qanın on gündən artıq ifraz olacağını bilərsə, adət günlərindən sonrakı günlərdə gördüyü qan istihazə sayılır, beləliklə, qüsl etməli və müstəhazənin vəzifələrini icra etməlidir.

c) Həmin qanın on gün başa çatmadan kəsiləcəyinə şəkk edərsə və bunu ehtimal edərsə, müstəhəb ehtiyata əsasən, bir gün ibadəti tərk etməli, sonra heyz qüslü almalı və müstəhazənin işlərini görməlidir. Hərçənd qanın vəziyyəti ilə bağlı şəkk davam etdiyi təqdirdə bir gündən artıq (on gün başa çatanadək) ibadətlərini tərk etməsi də caizdir. Adət günlərinin başa çatmasından sonra ibadətlərin icrasından bu qaydada imtina etmək fiqh terminologiyasında “istizhar” adlandırılır.

Məsələ 568. İstizhar ibadətdən və heyz halında haizə haram olan digər hərəkətlərdən çəkinmək deməkdir və qadına istizhar müddətində haiz hökmləri şamil olunur. İstizhar əslində vacib deyil, ona riayət etmək müstəhəb ehtiyatın tələbidir və ehtimal olunan heyz halı ilə əlaqədar bir növ ehtiyat tədbiri hesab edilir. İstizhar qadının vəziyyətində aşağıdakı beş şərt mövcud olduqda yerinə yetirilir:

1) ədədiyyə adətinə sahib olmalıdır, istər eyni zamanda vəqtiyyə adətinə də sahib olsun, istərsə olmasın;

2) adəti on gündən az olmalıdır;

3) adət müddətindən artıq qan görməlidir;

4) adət günlərindən sonra qanın ifrazının on günü keçib-keçməyəcəyini bilməməlidir;

5) İstizhar hökmü adət günlərindən sonra da qan görməyə davam edən qadın üçündür, adət günlərindən əvvəl istihazə hökmündə olan qan görən, sonra qanaxması davam edərək adətindən artıq olan qadına şamil olunmur. Məsələn, vəqtiyyə və ədədiyyə adətinə sahib olan, birinci və ikinci aylarda adəti ayın 10-15-ci günləri olan qadın üçüncü ay adət günlərində qan görərsə, lakin bu qan davam edərək növbəti ayadək kəsilməzsə, dördüncü ay heyz günləri başa çatdıqdan sonra qanaxmasının ayın 20-dən sonrayadək davam edib-etməyəcəyini bilməzsə, dördüncü ayın 10-15-ci günlərini heyz günləri olaraq qəbul etməli, adət günləri başa çatdıqdan, yəni ayın 15-dən sonra qanın vəziyyəti ilə bağlı şəkk etdiyi təqdirdə isə müstəhazənin vəzifələrini yerinə yetirməlidir və istizhar edərək ibadətlərin icrasından imtina edə bilməz.

Qadınların ləkə görməsi ilə bağlı hökmlər

Məsələ 569. Vəqtiyyə və ədədiyyə adətinə sahib olan bir qadın adət günləri başa çatdıqdıqdan sonra və adət günlərinin başlamasından on gün keçməmiş ləkə görərsə - hərçənd çəhrayı, yaxud sarı rəngli qan ləkələri olsa da – burada iki vəziyyət təsəvvür edilə bilər:

1) Ləkə görmə davamlı olarsa, yəni adət günləri başa çatdıqdan sonra qan tamamilə kəsilməzsə və qadın hər dəfə uşaqlıq yolunun vəziyyətini yoxladıqda pambığa çəhrayı, yaxud sarı rəngli ləkə bulaşarsa, bu halda əgər ləkə görmə on gündən öncə başa çatarsa, heyz hesab olunur. On gündən sonra kəsilərsə, adət günlərindən sonra gördüyü qan, istər ləkə şəklində olsun, istərsə daha artıq həcmdə, istihazə hesab edilir. Qadın deyilən qaydada gördüyü ləkələrin on gündən öncə, yoxsa sonra kəsiləcəyini bilmədiyi təqdirdə isə 567 və 568-ci məsələlərdə açıqlanan istizhar hökmünə əməl etməlidir.

2) Ləkə görmə davamlı olmazsa, belə ki, hətta qadın yalnız bircə dəfə çəhrayı, yaxud sarı qan ləkəsi müşahidə edərsə, bu vəziyyətlə bağlı hökmü bir misalla açıqlayırıq:

Hər ayın 1-dən 7-dək olmaqla vəqtiyyə və ədədiyyə adətinə sahib olan bir qadında yeddi günlük müddət başa çatdıqda qanın ifrazı kəsilərsə, uşaqlıq yolunda da qalmazsa və qadın qüsl edərsə, sonra ayın 9-da qadın bir dəfə qan ləkəsi görərsə və dərhal kəsilərsə, ardınca ayın 11-də də bircə dəfə qan ləkəsi müşahidə edərsə və dərhal kəsilərsə, ayın 9-da gördüyü qan ləkəsi heyz, 11-də gördüyü ləkə isə istihazə sayılır. 7-9-cu günlər arasındakı paklıq fasilə paklığı hökmündədir və qadın, vacib ehtiyata əsasən, bu müddət ərzində haizə haram olan işlərdən çəkinməli və haiz olmayan qadına vacib olan işləri də görməlidir. 9-11-ci günlər arasındakı paklıq isə həqiqi paklıqdır və bu müddətdə qadına pak qadınlar üçün olan hökmlər şamil olunur. Beləliklə, belə bir vəziyyətlə qarşılaşan qadın 9-cu gün qan ləkəsi müşahidə etdikdən və onun kəsilməsindən sonra heyz qüslü etməlidir və bundan sonra pak sayılır. 11-ci gün gördüyü qan ləkəsi isə qəlilə istihazəsidir və qadın onunla bağlı hökmlərə müvafiq hərəkət etməlidir. Qadın pak olduğu 8-ci gün ramazan ayının orucunu tutduğu təqdirdə, vacib ehtiyata əsasən, sonradan onun qəzasını tutmalıdır. Qadının heyz gördüyü 9-cu günün orucunun qəzası isə vacibdir. Lakin 10 və 11-ci günlərin orucu doğrudur. Ərinin onu 8-ci, yaxud 9-cu gün, fasilə paklığı ərzində boşadığını fərz etsək, vacib ehtiyata əsasən, bu talaq doğru hesab edilmir və talaq siğəsi yenidən oxunmalıdır. Ancaq əgər 10-cu, yaxud 11-ci gün boşayarsa, talaq doğru sayılır. Digər misallarla bağlı hökm də daha öncə qeyd edilənlərdən aydın olur.

Məsələ 570. Əgər qadın on gündən öncə paklanarsa və uşaqlıq yolunda qan olmadığını bilərsə, hərçənd on gün tamam olanadək yenidən qan görəcəyini güman etsə də, ibadətləri üçün heyz qüslü almalı və onları yerinə yetirməlidir. Lakin əgər on gün tamam olanadək hərçənd ləkə şəklində və açıq sarı rəngdə olsa belə, yenidən qan görəcəyinə dair yəqinlik, yaxud arxayınlıq hasil edərsə (hətta sözügedən ləkəni bircə dəfə görəcəyini bilsə də), daha öncə qeyd edildiyi kimi fasilə paklığında, vacib ehtiyata əsasən, ehtiyatən heyz qüslü edərək ibadətlərini yerinə yetirməli və haizə haram olan hərəkətlərdən ehtiyatən çəkinməlidir.

Heyzlə bağlı müxtəlif məsələlər

Məsələ 571. Qan on gündən artıq müşahidə edildikdə heyz qanının istihazədən fərqləndirilməsi üçün qanda bəzi günlər heyz əlamətlərinin,[77]
bəzi günlər isə istihazə əlamətlərinin[78]
olması şərtdir. Lakin heyz əlamətləri olan qanda onun bütün əlamətlərinin müşahidə edilməsi şərt deyil, əlamətlərdən biri olsa da, kafidir. Lakin əgər bəzi günlər qanda heyz əlamətlərindən biri, bəzi günlər isə ikisi və ya üçü olarsa, bu qan əlamətsiz sayılır. Həmçinin, əgər bəzi günlər qanda heyzin bir qisim əlamətləri, digər günlərdə isə başqa qisim əlamətləri olarsa, bu qan əlamətsiz hesab edilir. Habelə, müşahidəsi on gündən artıq davam edən qan ifrazatları arasında heyz əlaməti daşıyan qan on gün daxilində üç ayrı (ardıcıl olmayan) gün ərzində görülərsə, bu qan da əlamətsiz sayılır.

Məsələ 572. Mübtədiə, müztəribə, nasiyə və ədədiyyə adətinə sahib olan qadın heyz əlamətləri olan bir qan müşahidə edərsə, yaxud qanda hərçənd heyz əlamətləri olmasa da, onun ifrazının üç gün davam edəcəyinə dair yəqinlik hasil edərsə, ibadətlərini tərk etməli, sonradan heyz olmadığını bildikləri halda isə yerinə yetirmədikləri ibadətlərini qəza etməlidirlər.

Məsələ 573. Adətən, hər ay bir dəfə aybaşı olan bir qadın əgər bir ayda iki dəfə qan müşahidə edərsə, onlardan hər biri üç gündən az, on gündən çox olmamaqla davam edərsə, onların arasında pak olarsa, arada pak olduğu günlərin sayı da on gündən az olmazsa, hərçənd onlardan biri, yaxud hər ikisi heyz əlamətlərinə malik olmasa da, yaxud adət günlərinə təsadüf etməsə də, ikisini də heyz kimi qəbul etməlidir.

Məsələ 574. Adət sahibi olmayan, qan görməsi davamlı hal alan, on gündən artıq qan müşahidə edən və heyzi qanın əlamətlərinin fərqliliyinə əsaslanaraq ayırd etməli olan, məsələn, üç gün və ya daha artıq müddət ərzində heyz əlaməti olan qan müşahidə edən və bu qanı on gündən artıq görməyən, sonra on gün və ya daha artıq müddət ərzində istihazə əlaməti olan qan görən, ardınca yenidən üç gün və ya daha artıq müddət ərzində heyz əlamətləri olan qan müşahidə edən və bu qanı da on gündən artıq görməyən, müşahidə etdiyi bütün bu qanları ardıcıl (fasilə paklığı olmadan) görən bir qadın heyz əlamətləri olan birinci və sonuncu qanı heyz kimi qəbul etməlidir, onların arasında müşahidə etdiyi qan isə istihazədir. Lakin əgər sözügedən qadın vəqtiyyə adətinə sahib olarsa, bu misalda onun gördüyü heyz əlamətləri olan qanlardan biri adət günlərinə, digəri isə başqa günlərə təsadüf etdiyi təqdirdə yalnız adət günlərinə təsadüf edən və heyz əlamətləri olan qanı heyz kimi qəbul etməlidir, yerdə qalanı isə istihazədir.

Məsələ 575. Əgər qadın bir neçə günü heyz kimi qəbul edərək ibadət etməsə və sonradan heyz olmadığını başa düşsə, həmin günlərdə yerinə yetirmədiyi namaz və oruclarını qəza etməlidir. Həmçinin, əgər bir neçə gün heyz olmadığını güman edərək ibadət edərsə, sonra heyz olduğunu başa düşərsə, həmin günlərdə oruc tutsa belə, sonradan qəza etməlidir.

Nifas

Məsələ 576. Uşağın bədəninin ilk hissəsinin ananın bətnindən çıxdığı andan etibarən qadının on gün müddətində gördüyü gördüyü qan doğuş qanı hesab edilməsi şərtilə “nifas qanı” adlanır və nifas halında olan qadına “nəfsa” deyilir. Beləliklə, doğuş zamanı qanaxması olmayan qadın üçün nifas halı yoxdur. Həmçinin doğuşdan uzun müddət sonra, ürfən doğuş qanı hesab edilməyəcək qanaxması olan (məsələn, qanı doğumdan on gün keçdikdən sonra müşahidə edən) qadın üçün nifas halı yoxdur.

Məsələ 577. Nifasın on günlük müddətini hesablayarkən aşağıdakı üç məqama diqqət yetirmək lazımdır:

1) Bu on gün doğuşdan sonra qanın ifraz olduğu andan etibarən hesablanır. Doğuş zamanı axan qan da nifas sayılmasına baxmayaraq, günlər hesablanarkən on günlük nifas müddətinə daxil edilmir.

2) Hesablamada meyar doğuş əməliyyatı deyil, qanaxmadır. Beləliklə, əgər qanaxma doğuşdan bir müdət sonra baş verərsə, qanaxmanın baş verdiyi vaxt on günlük müddətin başlanğıcıdır.

3) On günlük nifas müddəti gündüzdən etibarən hesablanır. Beləliklə, əgər doğuş və qanaxma gecə baş verərsə, hərçənd nifas qanı sayılsa da, on günün tərkibinə daxil edilmir və nifasın on gününün hesablanması qaydası eynilə on günlük heyz müddətinin 481-ci məsələdə öz əksini tapan hesablanma qaydası kimidir.

Məsələ 578. Qadının uşağın ilk hissəsinin çıxmasından öncə gördüyü qan nifas deyildir.

Məsələ 579. Nifas qanı üçün minimum hədd yoxdur, bu qanaxma bir anlıq da baş verə bilər. Lakin on gündən artıq müşahidə edilən qan nifas hesab olunmur.

Məsələ 580. Əgər qadın qeysər (sezar) kəsiyi əməliyyatı keçirərsə və uşaq qarın boşluğuna cərrahi müdaxilə üsulu ilə azad edilərsə, əməliyyatdan sonra uşaqlıq yolundan gələn qan nifas sayılır.

Məsələ 581. Dölün inkişafının başa çatması şərt sayılmır, hətta əgər inkişafı başa çatmadan, qan laxtası və ət parçası halında olma mərhələlərini keçdikdən sonra abort (hamiləliyin özbaşına və ya süni surətdə pozulması) baş verərsə, qadının gördüyü qan nifas qanıdır.

Məsələ 582. Əgər qadın abortun baş verib-vermədiyinə, yaxud abort nəticəsində tələf olan şeyin uşaq (döl) olub-olmadığına şəkk edərsə, araşdırması vacib deyil və ondan ifraz olan qan şəriətə görə nifas qanı hesab edilmir.

Məsələ 583. Əgər nəfsa qadında yalnız bir qanaxma halı baş verərsə və bu qanın müşahidəsi on günü keçməzsə, ifraz olan qanın hamısı nifasdır. Beləliklə, on gün başa çatmamış qanaxma kəsilərsə, qüsl etməli və ibadətlərini yerinə yetirməlidir.

Məsələ 584. Əgər nəfsa qadında yalnız bir qanaxma halı baş verərsə və bu qanın müşahidəsi on günü keçərsə, heyz xüsusunda ədədiyyə adətinə sahib olduğu təqdirdə adət günlərinə bərabər müddət ərzində gördüyü qan nifas, digər ifrazatlar isə istihazə sayılır. Adət sahibi olmadığı, yəni mübtədiə, yaxud müztəribə olduğu təqdirdə isə on gün müddətində müşahidə etdiyi qan nifas, sonrakı ifrazatlar isə istihazədir. Bu halda qadın qohumlarının heyz, yaxud nifas adətini və ya özünün keçmiş nifas adətini nəzərə almamalıdır. Əgər adətini (heyz günlərinin sayını) unutmuşdursa, adəti olduğunu ehtimal etdiyi ən uzun müddəti adət müddəti kimi qəbul etməlidir. Müstəhəb ehtiyat budur ki, adət sahibi olan qadın adət müddətindən sonrakı gündən, adət sahibi olmayan qadın isə onuncu gündən doğumun on səkkizinci gününədək müstəhazə qadının görməli olduğu işləri görsün və nəfsaya haram olan işlərdən çəkinsin.

Məsələ 585. Əgər nəfsa qadın doğumdan sonrakı on gün ərzində bir neçə dəfə, məsələn, iki, üç, dörd dəfə, yaxud daha artıq qan müşahidə edərsə, onların arasındakı paklıq müddətinin qısa, yaxud uzun olmasından asılı olmayaraq, qan müşahidə etdiyi günlərlə arada pak olduğu günlərin sayı birlikdə on gün, yaxud daha az olduğu təqdirdə gördüyü bütün qanlar nifasdır və vacib ehtiyata əsasən, “fasilə paklığı” deyilən pak olduğu günlərdə ehtiyatən vacib ibadətlərini icra etməli və nəfsaya haram olan hərəkətlərdən çəkinməlidir.

Məsələ 586. Əgər nəfsa qadın bir dəfədən artıq, məsələn, iki, üç, yaxud dörd dəfə və ya daha artıq qan müşahidə edərsə və sonuncu qanaxma on günü keçərsə, burada iki vəziyyət təsəvvür edilə bilər:

1) Qadın heyzdə adət sahibi deyil. Bu vəziyyətə öncəki məsələdə izah edilən hökm şamil olunur, yəni on gün ərzində müşahidə edilən qan ifrazatları nifas sayılır və onların arasındakı paklıq günlərində, vacib ehtiyata əsasən, qadın nəfsaya haram olan hərəkətlərdən çəkinərək, nəfsa olmayan qadına vacib olan işləri yerinə yetirməlidir. Sonuncu qanaxmanın on gündən artıq davam edən hissəsi isə istihazə sayılır.

2) Qadın heyzdə ədədiyyə adətinə sahibdir. Bu halda adət günlərinin sayına bərabər günlər ərzində gördüyü qan nifasdır, bu günlərdən sonra on gün başa çatanadək gördüyü qan xüsusunda isə, vacib ehtiyata əsasən, nəfsaya haram olan işlərdən çəkinməli və müstəhazəyə vacib olan işləri görməlidir. On gündən sonra müşahidə etdiyi qan isə nifas deyildir.

Məsələ 587. Əgər qadında nifas qanının ifrazı kəsilərsə, ancaq o, uşaqlıq yolunda qan olduğunu ehtimal edərsə, ya ehtiyatən qüsl edərək ibadətlərini icra etməli, ya da istibra etməlidir. Nifas qanından istibra eynilə heyz qanından istibra kimidir. Bu halda qadının istibra etmədən ibadətlərinin icrasından imtina etməsi caiz deyildir. İstibranın qaydası 565-ci məsələdə izah edilmişdir.

Məsələ 588. Nəfsa qadın heyzdəki adət müddətindən – bu müddətin on gündən az olması şərti ilə - artıq qan görərsə və qanın on gün başa çatanadək kəsilib-kəsilməyəcəyini bilməzsə, onun üçün nəzərdə tutulan istizhar (ibadətləri tərk etmək) hökmü eynilə haiz qadın üçün 567 və 568-ci məsələlərdə izah edilən istizhar hökmləri kimidir. Əgər nəfsa qadında on gündən öncə qanaxma kəsilərsə və o, uşaqlıq yolunda qan olduğunu ehtimal edərsə, vəzifəsi istibra etməkdir və bununla bağlı hökm də eynilə haiz qadın üçün 565-ci məsələdə izah edilən istibra hökmləri kimidir.

Məsələ 589. Heyz qanının şərtlərindən biri öncəki heyzdən sonra ən az on günün (minimum paklıq müddətinin) keçməsi olduğu kimi, nifasdan sonrakı heyz də ondan minimum on gün sonra başlamalıdır. Beləliklə, əgər qadın nifasın başa çatmasından sonrakı on gün ərzində qan görərsə, bu qan heyz əlaməti olub-olmamasından, adət günlərində müşahidə edilib-edilməməsindən asılı olmayaraq istihazədir və bu on günlüyə “istihazə on günlüyü” deyilir.

Məsələ 590. Heyzdə ədədiyyə adətinə sahib olan qadın, eyni zamanda vəqtiyyə adətinə də sahib olub-olmamasından asılı olmayaraq, əgər doğumdan sonra bir ay, yaxud daha artıq müddət ərzində arası kəsilmədən qan müşahidə edərsə, adət günlərinə bərabər müddət ərzində gördüyü qan nifas, nifasdan sonrakı on gün ərzində gördüyü qan isə, hərçənd vəqtiyyə adətinə sahib olsa və bu qan onun aylıq adət günlərinə təsadüf etsə də, istihazədir. Məsələn, heyz adəti hər ayın 20-dən 27-dək olan qadın ayın 10-da doğuş həyata keçirərsə və sonrakı bir ay, yaxud daha artıq müddət ərzində arası kəsilmədən qan görərsə, onun doğuşu həyata keçirdiyi ayın 17-dək gördüyü qan nifas, 17-dən etibarən on gün – hətta adət günlərinə təsadüf edən 20-27-ci günlər – ərzində gördüyü qan istihazədir. Bu on gündən sonra vəqtiyyə adətinə sahib olduğu və müşahidə etdiyi qanaxmanın adət günlərinə təsadüf etmədiyi təqdirdə, hərçənd bir ay, yaxud daha uzun müddət gözləməli olsa belə və hərçənd bu müddət ərzində gördüyü qan heyz əlamətlərinə malik olsa belə, növbəti adət günlərini gözləməlidir. Vəqtiyyə adətinə sahib deyilsə, mümkün olduğu təqdirdə heyz fəslində izah edilən qaydada heyzini əlamətləri əsasında təyin etməli, mümkün olmadığı təqdirdə, məsələn, nifasdan sonrakı on gün başa çatdıqdan sonra müşahidə etdiyi qan ifrazatları eyni əlamətlərə malik olarsa və bu əlamətlərlə bir ay, yaxud daha uzun müddət davam edərsə, hər ay qohumlarından bəzilərinin heyz adətlərini heyz fəslində izah edilən qaydada özü üçün heyz kimi qəbul etməlidir. Bu da mümkün olmadığı təqdirdə isə özü üçün uyğun hesab etdiyi müddəti seçməlidir və bu seçimin də qaydası heyz fəslində izah edilmişdir.

Məsələ 591. Heyzdə ədədiyyə adətinə malik olmayan qadın əgər doğumdan sonra bir ay, yaxud daha uzun müddət ərzində qan görərsə, bu müddətin ilk on günü nifas, ikinci on günü istihazədir, sonrakı günlərdə görülən qan isə heyz, yaxud istihazə ola bilər. Bu halda heyzi təyin etmək üçün öncəki məsələdə izah edilən qaydada hərəkət etmək lazımdır.

Nəfsa ilə əlaqədar hökmlər

Məsələ 592. Haizə vacib olanlar, məsələn, mübarək ramazan ayının orucunun qəzası nəfsaya da vacibdir.

Məsələ 593. Bədənin hər hansı bir yerini Quranın yazısına toxundurmaq nəfsaya haramdır. Həmçinin, vacib ehtiyata əsasən, aşağıdakılar da nəfsaya haramdır:

1) Uca Allahın adına və Onun vəsf edildiyi xüsusi sifətlərə[79]
toxunmaq.

2) Vacib səcdəsi olan ayələri oxumaq.

3) Məscidlərdə gözləmək (yubanmaq).

4) Ötüb keçmək niyyəti olmadan məscidə daxil olmaq. Lakin əgər məsciddən (Məscid əl-haram və Məscid ən-Nəbi istisna olmaqla) ötüb keçərsə, məsələn, bir qapısından daxil olaraq digər qapısından çıxarsa, buna əngəl qoyulmur.

5) Məscid əl-Haram və Məscid ən-Nəbiyə, hərçənd bir qapıdan girərək digər qapıdan çıxmaq surəti ilə olsa belə, daxil olmaq.

6) Məscidə bir şey qoymaq.

Məsələ 594. Nifas halında qadınla cinsi əlaqədə olmaq haramdır, lakin kəffarəsi yoxdur.

Məsələ 595. Nifas halında olan qadına verilən talaq batildir. Həmçinin, əgər qadın mənası 484-cü məsələdə izah edilən fasilə paklığı müddətində talaq alarsa, bu talaqın doğruluğu şübhə doğurur. Beləliklə, ehtiyat etmək, yəni talaq siğəsini yenidən icra etmək lazımdır. Məsələn, qadın üç gün nifas qanı görər, sonra dörd və beşinci günlər ərzində pak olarsa və ona bu halda talaq verilərsə, ardınca altıncı və yeddinci günlərdə yenidən nifas qanı müşahidə edərsə, yaxud altıncı gün nifas olduğuna hökm edilən bircə ləkə görərsə, onun talaqının doğruluğu şübhə doğurur. Lakin qadında nifas qanının ifrazı tamamilə başa çatdıqdan sonra, hərçənd qüsl etməsə də, ona verilən talaq doğrudur.

İstihazə

Qadından (uşaqlıq yolundan) ifraz olan qanlardan biri də istihazədir və istihazə qanı müşahidə etdiyi zaman qadına “müstəhazə” deyilir.

Məsələ 596. İstihazə qanı çox vaxt sarı, yaxud açıq qırmızı rəngdə, soyuq, duru, əskimiş olur və təzyiqsiz, yandırıcılığı olmadan ifraz olur. Lakin bəzi hallarda qara, yaxud tünd qırmızı rəngdə, isti, qəliz, təzə olması və təzyiq və yandırıcılıqla ifraz olması da mümkündür. İstihazə qanı üçün minimum və maksimum müddət yoxdur. İstihazə həddi-büluğdan öncə baş verə bilməz, onun qəməri təqvimlə 60 yaşdan sonra müşahidə edilməsi isə şübhəli məqamdır və vacib ehtiyat budur ki, qadınlar bu yaşdan sonra da (belə bir qan gördükdə) müstəhazənin vəzifələrinə əməl etsinlər.

Məsələ 597. İstihazə üç qisimdir: qəlilə, mütəvəssitə və kəsirə.

1) Qəlilə istihazə - qanın yalnız qadının istifadə etdiyi pambığın səthini bulaşdırması, ona nüfuz etməməsi deməkdir.

2) Mütəvəssitə istihazə - qanın pambığa, hərçənd bir hissəsinə olsa belə, nüfuz etməsi, lakin digər tərəfinə keçməməsi və adətən, qadınların qanın qarşısını almaq üçün istifadə etdikləri dəsmala sirayət etməməsi deməkdir.

3) Kəsirə istihazə - qanın pambığı tamamilə əhatə etməsi, yaxud ona nüfuz edərək digər tərəfinə keçməsi və adətən, qadınların qanın qarşısını almaq üçün istifadə etdikləri dəsmala da sirayət etməsi deməkdir.

Qeyd etmək lazımdır ki, pambıq qadınlar arasında normal hesab edilən ölçüdə seçilməli və sıxılmamış, normal halda olan pambıqdan istifadə edilməlidir. Həmçinin, keyfiyyətinə, cəzbedicilik və nüfuz etdirmə qabiliyyətinə görə pambıqla eyni xüsussiyyətlərə malik olan istənilən növ tamponun istifadəsi kafidir. Lakin zərif keyfiyyətə malik olan, cəzbetmə və nüfuz etdirmə qabiliyyəti pambıqdan daha artıq və sürətli olan, geniş istifadə olunan salfetlərin bu məqsədlə (istihazə qanının vəziyyətini müəyyən etmək üçün) istifadə edilməsi kafi sayılmır. Əgər təbii pambıq xalis deyilsə və emal prosesində tərkibinə qeyd edilən keyfiyyətə təsir etməyən digər maddələr də əlavə edilmişdirsə, istifadə edilə bilər.

İstihazə ilə əlaqədar hökmlər

Məsələ 598. Qəlilə istihazədə qadın, hərçənd zöhr və əsr, məğrib və işa namazlarını ardıcıl qılmaq istəsə də, hər namaz üçün ayrıca dəstəmaz almalıdır (606-cı məsələdə izah ediləcək hal istisna olmaqla) və müstəhəb ehtiyata əsasən, pambığı yumalı, yaxud dəyişdirməli, habelə cinsiyyət üzvünün xaricini qana bulaşdığı halda yumalıdır.

Məsələ 599. Qəlilə istihazədə hər namaz üçün ayrıca dəstəmaz almalı olduğunu bilməyən və misal olaraq, eyni dəstəmazla zöhr və əsr namazlarını ardıcıl qılan qadının əsr namazı, hərçənd “qasir cahil” olsa da, yəni məsələni öyrənməkdə səhlənkarlıq göstərməmiş olsa belə, batildir və bunu öyrəndikdən sonra vaxtı qaldığı təqdirdə yenidən qılmalı, vaxtı keçdiyi təqdirdə isə qəzasını qılmalıdır. Lakin 606-cı məsələnin şamil olduğu hallar istisna təşkil edir.

Məsələ 600. Mütəvəssitə istihazədə, lazım ehtiyata əsasən, qadın hər gün sübh namazı üçün qüsl etməli və namazlarını qılmaq üçün qəlilə istihazə ilə bağlı 598-ci məsələdə sadalanan işləri də görməlidir. Əgər qadında mütəvəssitə istihazə qanaxması sübh namazından başqa bir namazdan, məsələn, zöhr namazından öncə başlayarsa, bu halda zöhr namazı üçün qüsl etməli, habelə növbəti günün sübh namazınadək qılacağı namazları üçün qəlilə istihazəsi üçün sadalanan işləri də görməlidir.

Məsələ 601. Əgər mütəvəssitə istihazə qanaxması sübh namazından öncə, yaxud sübh namazı əsnasından başlayarsa, vacib ehtiyata əsasən, qadın sübh namazı üçün qüsl etməlidir və əgər qəsdən, yaxud unutqanlıq səbəbi ilə sübh namazı üçün qüsl etməzsə, lazım ehtiyata əsasən, zöhr və əsr namazları üçün qüsl etməlidir. Bu halda qüsl etmədən, habelə müstəhazənin digər vəzifələrini yerinə yetirmədən qıldığı həmin sübh namazı batil sayılır və vaxtı keçmədiyi təqdirdə yenidən qılınmalı, vaxtı keçdikdə isə qəzası qılınmalıdır. Həmçinin, əgər sözügedən qadın zöhr və əsr namazları üçün qüsl etməzsə, qanaxmanın davam edib-etməməsindən asılı olmayaraq məğrib və işa namazlarından öncə qüsl etməli və qüsl etmədən, habelə digər paklanma vəzifələrini yerinə yetirmədən qıldığı zöhr və əsr namazlarını yenidən qılmalı, vaxtı keçdiyi təqdirdə isə qəzasını qılmalıdır.[80]

Məsələ 602. Kəsirə istihazədə, vacib ehtiyata əsasən, qadın hər namaz üçün pambıq və dəsmalı dəyişməli, yaxud yumalı, bir dəfə sübh, bir dəfə zöhr və əsr və bir dəfə də məğrib və işa namazları üçün olmaqla üç ayrı qüsl etməli, zöhr və əsr, habelə məğrib və işa namazlarını fasiləsiz qılmalı, fasilə ilə qıldığı təqdirdə isə əsr və işa namazları üçün də ayrıca qüsl etməlidir. Bütün bu göstərişlər qanın arası kəsilmədən pambıqdan dəsmala sirayət etdiyi hal üçündür. Lakin qanın pambıqdan dəsmala keçməsi bir qədər vaxt tələb edərsə və qadın bu vaxt ərzində qüsl edərək bir və ya daha artıq namaz qıla bilərsə, lazım ehtiyata əsasən, qan pambıqdan dəsmala sirayət etdiyi halda pambıq və dəsmalı dəyişməli, yaxud yumalı, qüsl etməli və namaz qılmalıdır. Buna əsasən, əgər qadın kəsirə istihazə qüslü edərək, məsələn, zöhr namazını qılarsa, lakin əsr namazından əvvəl, yaxud əsr namazı əsnasında qan yenidən pambıqdan dəsmala sirayət edərsə, vacib ehtiyata əsasən, əsr namazı üçün də qüsl etməlidir. Lakin əgər fasilə qadının iki, yaxud daha artıq namaz qıla biləcəyi qədər uzun olarsa, məsələn, məğrib və işa namazlarını da qan yenidən pambıqdan dəsmala keçənədək qıla bilərsə, həmin namazlar üçün ayrıca qüsl etməsinə gərək yoxdur. İstənilən halda kəsirə istihazə qüslü edən qadının qüsldən sonra dəstəmazı pozan bir hal baş vermədikcə dəstəmaz almasına gərək yoxdur.

Məsələ 603. Qüslün qadına vacib olduğu hallarda bir neçə dəfə qüsl almaq onun üçün zərərlidirsə, yaxud adətən dözülməz hesab edilən böyük çətinliklər törədirsə, qüsl əvəzinə təyəmmüm edə bilər.

Məsələ 604. Dəstəmaz almalı, həmçinin, lazım ehtiyata əsasən, qüsl etməli olan mütəvəssitə istihazəsi halındakı qadın öncə qüsl etməli, sonra dəstəmaz almalıdır. Lakin qüsl etməsi kafi sayılan və həmçinin dəstəmaz da alması müstəhəb ehtiyatın tələbi olan müstəhazə kəsirə qadın isə dəstəmaz almaq istəyərsə, qüsldən öncə almalıdır.

Məsələ 605. İstihazənin başlanğıcında qan yalnız uşaqlıq yolunda olduqca, çölə ifraz olmadıqca qüsl, yaxud dəstəmaz və istihazə ilə bağlı digər göstərişlərin icrası vacib olmur. Hətta az həcmdə olsa belə, ifraz olduqdan sonra isə qadına vacibdir ki, istihazə hökmlərinə uyğun şəkildə hərəkət etsin. İlk qanaxmadan sonra isə uşaqlıq yolunda qan olduqca, hərçənd ifraz olmursa, lakin pambıq daxil etdiyi təqdirdə onun qana bulaşacağı bir yerdədirsə, müstəhazənin vəzifələrinə əməl etməsi vacibdir.

Məsələ 606. Müstəhazə qadın dəstəmaz aldığı, yaxud qüsl etdiyi vaxtdan etibarən ondan qan gəlmədiyini bilirsə və uşaqlıq yolunda da qan yoxdursa, namazın qılınmasını pak qalacağını bildiyi vaxtadək təxirə sala, həmçinin bu müddət ərzində sonrakı namazlarını yenidən qüsl etmədən, yaxud dəstəmaz almadan qıla bilər.

Məsələ 607. Əgər qadında namaz vaxtından öncə mütəvəssitə, yaxud kəsirə istihazə halı baş verərsə, qüsldən sonra namazın dərhal qılınmalı olduğu hallarda qadın mütləq qılmağa hazırlaşdığı namazın vaxtı başladıqdan sonra qüsl etməsi vacibdir. Yalnız qadının həmin namazı qılmaq, yaxud başqa bir məqsədlə, məsələn, Quranın yazısına toxuna bilmək üçün azan vaxtına yaxın qüsl etməsi, ardınca dərhal namazın şəriətdə müəyyən olunan vaxtının başlaması və qadının namazını qılması, beləliklə, qüsllə namaz arasında fasilənin yaranmaması istisna hal təşkil edir. Lakin əgər qüsllə namaz arasında fasilə yaranarsa, məsələn, qadın namaz vaxtının başlamasını gözləyərsə, həmin qüsl namaz qılmaq üçün kafi sayılmır və qadın namaz üçün yenidən qüsl etməlidir.

Məsələ 608. Qəlilə və mütəvəssitə istihazədə qadın yövmiyyə (gündəlik beş vaxtda qılınan), yaxud qeyri-yövmiyyə, vacib, yaxud müstəhəb olmasından asılı olmayaraq hər bir namaz üçün ayrıca dəstəmaz almalıdır və iki namazı hərçənd ardıcıl və fasiləsiz qılmaq istəsə belə, bir dəstəmazla qılması caiz deyildir. Burada qadının namaz üçün dəstəmaz almağa başladığı vaxtdan sonrakı namazın (namazların) başa çatmasınadək qanın həm çölə ifraz olmadığı, həm də qadının uşaqlıq yolunda qana rast gəlmədiyi hal istisna təşkil edir. Qanın təkcə ifraz olmaması (uşaqlıq yolunda qalması) isə bu istisna üçün kifayət etmir. Beləliklə, qanın həm çölə, həm də uşaqlıq yoluna ifrazının  kəsildiyi bu müddət ərzində qadın bir neçə namazı bir dəstəmazla qıla bilər. Həmçinin, əgər qadın qıldığı hansısa bir gündəlik namazı ehtiyatən yenidən qılmaq, yaxud təkbaşına qıldığı bir namazı camaatla qılmaq istəyərsə, istihazə halı üçün nəzərdə tutulan bütün işləri görməlidir. Lakin ehtiyat namazını qılmaq, yaxud unudulmuş səcdənin qəzasını yerinə yetirmək üçün, əgər onları namazdan sonra dərhal yerinə yetirərsə, istihazə işlərini görməsinə ehtiyac yoxdur. Səhv səcdəsi üçün isə istihazə işlərini görməsinə heç bir halda ehtiyac yoxdur.

Məsələ 609. Qəlilə, yaxud mütəvəssitə istihazəsi halında olan qadın dəstəmazlı olması tələb olunan namazdan başqa bir iş görmək istəyərsə, məsələn, Qurana toxunmaq istəyərsə, bu işi namazın başa çatmasından sonra görəcəyi təqdirdə, vacib ehtiyata əsasən, dəstəmaz almalıdır və namaz üçün aldığı dəstəmaz kafi sayılmır.

Məsələ 610. Kəsirə istihazəsi halında olan qadın dəstəmazlı olması tələb olunan namazdan başqa bir iş görmək, məsələn, Qurana toxunmaq istəyərsə, qan fasiləsiz olaraq pambıqdan qadınların adətən qanın paltara keçməsinin qarşısını almaq üçün istifadə etdikləri dəsmala sirayət etdiyi təqdirdə qadının namaz qılmaq üçün etdiyi qüsl həmin işi görmək (məsələn, Qurana toxunmaq) üçün də kifayətdir, lakin müstəhəb ehtiyat yenidən qüsl etməsini tələb edir. Əlbəttə, dəstəmazı pozan bir halın baş verdiyi (məsələn, idrar etdiyi) halda qadın dəstəmaz almalıdır. Amma əgər qan pambıqdan dəsmala bir qədər fasilə ilə keçərsə və qadın bu fasilə ərzində qüsl edərək həmin işi görə (məsələn, Qurana toxuna) bilərsə, vacib ehtiyatın tələbi budur ki, yenidən qüsl etsin.

Məsələ 611. Qəlilə müstəhazəsi dəstəmazdan, mütəvəssitə müstəhazəsi qüsl və dəstəmazdan, kəsirə müstəhazəsi isə qüsldən sonra 602 və 606-cı məsələlərdə izah edilən iki hal istisna olmaqla dərhal namaza başlamalıdır, lakin namazdan öncə azan və iqaməni, həmçinin “təkbirət əl-ehram”dan öncə müstəhəbliyi mötəbər dəlillə sabit edilmiş duaları oxumağın eybi yoxdur. Həmçinin, namaz qılmaq üçün möhür, yaxud üzərinə səcdənin doğru olduğu bir şeyin (yerin) tapılması, hazır edilməsi kimi lazımı hazırlıq işlərinin, habelə evdə namaz üçün ayrılmış yerə getmək kimi bir qayda olaraq namaz ərəfəsində edilən hərəkətlərin eybi yoxdur və qadın namaz əsnasında qunut kimi müstəhəb işləri görə bilər. Həmçinin, əgər müstəhazə qadın sonradan batil olduğu – məsələn, rüknlərdən birini yerinə yetirmədiyinə, yaxud namazı batil edən şəklərdən birinə düşdüyünə görə - məlum olan bir namaz qılarsa, namazının batil olduğunu namaz əsnasında, yaxud namazdan sonra önəmli bir müddət keçmədən başa düşdüyü təqdirdə bu, onun qüslünün, yaxud dəstəmazının pozulmasına səbəb olmur və namazını həmin qüsl, yaxud dəstəmazla fasilə vermədən yenidən qıla bilər.

Məsələ 612. Əgər müstəhazə qadının vəzifəsi dəstəmaz, yaxud qüsllə namaz arasında fasilə verməməkdirsə, lakin o bu vəzifəsinə uyğun hərəkət etməyərək fasilə verərsə, yenidən dəstəmaz almalı, yaxud qüsl etməli və fasilə vermədən namazını qılmalıdır.

Məsələ 613. Əgər qadında istihazə qanaxması davamlı olarsa və kəsilməzsə, onun üçün zərərli olmadığı halda namazın sonunadək uşaqlıq yoluna pambıq və bu qəbildən olan tamponlar qoymaq və cinsiyyət orqanı nahiyəsini sarımaqla da olsa, qanaxmanın qarşısını almalıdır və vacib ehtiyata əsasən, qanaxmanın qarşısı dəstəmaz, yaxud qüsldən öncə alınmalıdır. Əgər qadın bu məsələdə səhlənkarlıq edərsə və qan ifraz olarsa, namazı qıldığı təqdirdə onu yenidən qılmalıdır. Lakin bu batil namaz səbəbi ilə yaranan fasilə dəstəmaz, yaxud qüslün batil olmasına səbəb olmur və qadın dərhal, təkrarən dəstəmaz almadan, yaxud qüsl etmədən namazını yenidən qıla bilər. Hərçənd, müstəhəb ehtiyat budur ki, təkrarən dəstəmaz alsın, yaxud qüsl etsin, sonra namazını yenidən qılsın.

İstihazənin növünün məlum olmaması ilə əlaqədar hökmlər

Məsələ 614. Əgər qadın istihazəsinin hansı qisimdən olduğunu bilmirsə, namaz qılmaq istədikdə, vacib ehtiyata əsasən, mümkün olduğu halda özünü yoxlamalı, məsələn, uşaqlıq yoluna bir qədər pambıq daxil edərək bir qədər gözlədikdən sonra çıxarmalı və istihazəsinin üç qisimdən hansı olduğunu anladıqdan sonra həmin qisim üçün nəzərdə tutulan göstərişləri yerinə yetirməlidir. Lakin əgər namaz qılmaq istədiyi vaxtadək istihazəsinin dəyişməyəcəyini bilirsə, vaxt çatmamış da özünü yoxlaya bilər. Bu hökm qadının ehtiyata əməl etmək istəmədiyi hallara aiddir. Lakin əgər qadın ehtiyata uyğun hərəkət edə bilərsə, özünü yoxlamasına ehtiyac yoxdur. Məsələn, istihazənin qəlilə, yoxsa mütəvəssitə olduğunu bilmirsə, həm qəlilə, həm də mütəvəssitə istihazəsi ilə əlaqədar vəzifələrə riayət etmək surəti ilə ehtiyatlı davranmalıdır.

Məsələ 615. Müstəhazə qadın vəziyyətini yoxlamadan namaz qıldığı halda əgər namaz əsnasında niyyəti Allaha yaxınlaşma olmuşdursa və öz vəzifəsinə əməl etmişdirsə, məsələn, istihazəsi qəlilə qismindən idisə və o da qəlilə istihazəsi ilə əlaqədar vəzifələrə əməl etmişdirsə, namazı doğrudur. Lakin əgər Allaha yaxınlaşmaq niyyəti olmamışdırsa, yaxud vəzifəsinə uyğun qaydada hərəkət etməmişdirsə, məsələn, istihazəsi kəsirə qismindən olduğu halda o, qəlilə istihazəsi ilə əlaqədar vəzifələrə uyğun davranmışdırsa, namazı batildir.

Məsələ 616. Müstəhazə qadın vəziyyətini yoxlaya bilmirsə, ona müstəhazənin üzərinə düşən minimum vəzifələri yerinə yetirmək vacibdir. Məsələn, əgər istihazəsinin qəlilə, yoxsa mütəvəssitə qismindən olduğunu bilmirsə, qəlilə istihazə ilə əlaqədar vəzifələri yerinə yetirməlidir. İstihazəsinin mütəvəssitə, yoxsa kəsirə qismindən olduğunu bilmədiyi təqdirdə isə mütəvəssitə istihazə ilə əlaqədar vəzifələri yerinə yetirməlidir. Lakin əgər istihazəsinin daha öncə bu üç qisimdən hansı olduğunu bilirsə, həmin qisim ilə əlaqədar vəzifələri yerinə yetirməlidir. Məsələn, əgər əvvəl mütəvəssitə idisə və hazırda qəlilə olub-olmadığını bilmirsə, mütəvəssitə istihazə ilə əlaqədar vəzifələri yerinə yetirməlidir.

İstihazənin növünün dəyişməsi ilə əlaqədar hökmlər

Məsələ 617. Əgər qadının qəlilə istihazəsi sübh namazından sonra mütəvəssitəyə çevrilərsə, vacib ehtiyata əsasən, zöhr və əsr namazları üçün, zöhr və əsr namazlarından sonra mütəvəssitəyə çevrilərsə, məğrib və işa namazları üçün qüsl etməlidir və əgər bundan sonra da mütəvəssitə istihazə halı davam edərsə, vacib ehtiyata əsasən, növbəti günlərin sübh namazları üçün də qüsl etməlidir.

Məsələ 618. Əgər qadının qəlilə, yaxud mütəvəssitə istihazəsi sübh namazından sonra kəsirəyə çevrilərsə və bu vəziyyət davam edərsə, zöhr, əsr, məğrib və işa namazları ilə bağlı 602-ci məsələdə izah olunan hökmlərə riayət etməlidir.

Məsələ 619. Əgər qadının qəlilə istihazəsi namazdan öncə mütəvəssitə, yaxud kəsirəyə çevrilərsə, mütəvəssitə, yaxud kəsirə vəzifələrini yerinə yetirməlidir. Mütəvəssitə istihazəsi kəsirəyə çevrilərsə, kəsirə vəsifələrini yerinə yetirməlidir və mütəvəssitə istihazəsi üçün qüsl etmiş olduğu təqdirdə bu qüsl faydasız sayılır və kəsirə üçün yenidən qüsl etməlidir.

Məsələ 620.Qüsl əsnasında qanaxma kəsilmirsə, qüsl doğru sayılır, lakin əgər qüsl əsnasında mütəvəssitə istihazə kəsirəyə çevrilərsə, qüslə yenidən başlamaq lazımdır.

Məsələ 621. Əgər namaz əsnasında qadının mütəvəssitə istihazəsi kəsirəyə çevrilərsə, namazı yarıda saxlamalı, kəsirə istihazə üçün qüsl etməli və onunla bağlı digər işləri gördükdən sonra həmin namazı yenidən qılmalı və müstəhəb ehtiyata əsasən, qüsldən öncə dəstəmaz almalıdır. Sözügedən halda qadın qüsl üçün vaxt yoxdursa, qüsl əvəzinə təyəmmüm etməli, təyəmmüm üçün də vaxt olmadığı təqdirdə isə, müstəhəb ehtiyata əsasən, namazını yarıda saxlamamalı və elə həmin vəziyyətdə başa çatdırmalı, lakin namazın vaxtı keçdikdən sonra onun qəzasını qılmalıdır.

Məsələ 622. Əgər qadın qəlilə istihazə göstərişlərinə əməl edərsə və namaz əsnasında qəliləsi kəsirəyə çevrilərsə, vacib ehtiyata əsasən, həmin namazla kifayətlənə bilməz. Bu səbəbdən namazını yarıda saxlamalı və mütəvəssitə istihazə ilə əlaqədar vəzifələri yerinə yetirməlidir. Qadının qəlilə istihazəsi namaz əsnasında kəsirəyə çevrildiyi halda isə namazını yarıda saxlamalı və kəsirə istihazə ilə əlaqədar işləri görməlidir.

Məsələ 623. Əgər qadının kəsirə istihazəsi mütəvəssitəyə çevrilərsə, bundan sonrakı ilk namaz üçün kəsirə, sonrakı namazlar üçün isə mütəvəssitə ilə əlaqədar vəzifələri yerinə yetirməlidir. Məsələn, əgər zöhr namazından öncə kəsirə istihazəsi mütəvəssitəyə çevrilərsə, zöhr namazı üçün qüsl etməli, əsr, məğrib və işa namazları üçün isə dəstəmaz almalıdır. Lakin əgər zöhr namazı üçün qəsdən, yaxud unutqanlıqdan qüsl etməzsə və yalnız əsr namazına yetəcək qədər vaxt qalarsa, əsr namazı üçün qüsl etməlidir. Əgər əsr namazı üçün də qüsl etməsə, məğrib namazı üçün qüsl etməlidir, onun üçün də qüsl etməsə və yalnız işa namazına yetəcək qədər vaxt qalarsa, işa namazı üçün qüsl etməlidir. İstənilən halda vəzifəsinə uyğun olaraq qılmadığı namazları yenidən qılmalı, vaxtı keçdiyi təqdirdə isə qəzasını qılmalıdır.

Məsələ 624. Əgər kəsirə istihazə qəliləyə çevrilərsə, müstəhazə qadın bundan sonrakı ilk namaz üçün kəsirə vəzifələrini, sonrakı namazlar üçün isə qəlilə vəzifələrini yerinə yetirməlidir.

Məsələ 625. Əgər mütəvəssitə istihazə qəliləyə çevrilərsə, müstəhazə qadın mütəvəssitə istihazə üçün nəzərdə tutulmuş gündəlik qüslü istihazəsi qəliləyə çevrilməmiş yerinə yetirdiyi təqdirdə sonrakı ilk namaz üçün qüsl almağına ehtiyac yoxdur və dəstəmaz kafidir (yəni, qəlilə istihazə üçün nəzərdə tutulmuş vəzifələri yerinə yetirməsi kifayətdir).

İstihazə qanının kəsilməsi ilə əlaqədar hökmlər

Məsələ 626. Əgər istihazə qanaxması namaz vaxtından öncə başlayar və namaz vaxtı ərzində kəsilərsə, qadın namaz üçün müstəhazə vəzifələrini yerinə yetirməlidir.

Məsələ 627. Əgər müstəhazə namazın vaxtı başa çatmamış qanaxmanın tamamilə kəsiləcəyini, yaxud dəstəmaz alaraq və ya qüsl edərək namaz qılmaq üçün yetəcək qədər müddət ərzində müvəqqəti olaraq dayanacağını bilərsə, lazım ehtiyata əsasən, gözləməli və namazı pak olduğu vaxt qılmalıdır və əgər namazı bundan əvvəl qılarsa – hərçənd dəstəmaz və qüsllə də olsa – kafi sayılmır. Lakin əgər namaz, qüsl və dəstəmazda niyyəti Allaha yaxınlaşmaq olarsa və qanaxma da təsadüfən gözlənilən vaxt kəsilməzsə, bu halda namazı yenidən qılmağa ehtiyac yoxdur. Müstəhazə namazın vaxtı başa çatmamış qanaxmanın tamamilə kəsiləcəyini, yaxud dəstəmaz alaraq və ya qüsl edərək namaz qılmaq üçün yetəcək qədər müddət ərzində müvəqqəti olaraq dayanacağını ehtimal edirsə, namazını mövcud vəziyyətdə (qəlilə, mütəvəssitə, yaxud kəsirə) üzərinə düşən vəzifəsinə uyğun qaydada qıla bilər, lakin əgər ehtimal etdiyi vaxt paklanarsa, vacib ehtiyata əsasən, onu yenidən qılmalıdır.

Məsələ 628. Əgər dəstəmaz və qüsldən sonra qanın çölə ifrazı dayanarsa və müstəhazə qadın namazı təxirə salacağı təqdirdə tamamilə paklanacağını və dəstəmaz, qüsl və namaz üçün yetəcək qədər vaxtın da qalacağını bilərsə, lazım ehtiyata əsasən, namazını təxirə salmalı və qanaxma tamamilə kəsildikdə yenidən dəstəmaz almalı və (və ya) qüsl etməli, sonra namazını qılmalıdır. Əgər qanaxma namazın vaxtının başa çatmasına az qalarkən kəsilsə və qüsl, yaxud dəstəmaz üçün fürsəti olmasa, təyəmmüm edərək namaz qılmalıdır.

Məsələ 629. Kəsirə halında olan müstəhazə qanaxma tamamilə kəsildikdə əgər öncəki namaz üçün qüsl aldığı vaxtdan sonra qanın bir daha ifraz olmadığını və uşaqlıq yolunda da qalmadığını bilərsə, yenidən qüsl etməsinə gərək yoxdur, əks təqdirdə isə qüsl etməlidir. Hərçənd bu hökmün mütləqliyi vacib ehtiyata əsaslanır. Mütəvəssitə halında olan müstəhazəninisə qanaxma tamamilə başa çatanadək mütəvəssitə istihazə ilə əlaqədar olan gündəlik qüslü etdiyi təqdirdə, qanaxma tamamilə kəsildiyi üçün qüsl almasına ehtiyac yoxdur.

Məsələ 630. İstihazə qanı tamamilə kəsilərsə (qanaxmanın dayanması müvəqqəti, yaxud şübhəli xarakter daşımazsa), bu qadının müstəhazə vəzifələrini yerinə yetirməsindən öncə baş verdiyi təqdirdə onun bu vəzifələri yerinə yetirməsi vacibdir. Məsələn, əgər kəsirə istihazəsi idisə, təkcə qüsl etməsi vacibdir. Qəlilə istihazəsi idisə, namaz üçün təkcə dəstəmaz alması vacibdir. Mütəvəssitə istihazəsi idisə, bu qisim istihazə üçün nəzərdə tutulan gündəlik qüslü qanaxmanın kəsilməsindən öncə etdiyi təqdirdə ilk namaz üçün qüsl etməsinə gərək yoxdur və dəstəmaz kafidir.

Əgər qanaxmanın tamamilə kəsilməsi qadının müstəhazə vəzifələrini yerinə yetirməyə başlamasından sonra, ancaq namazdan əvvəl baş verərsə, qadın sözügedən vəzifələri yenidən yerinə yetirməlidir, namazdan sonra baş verdiyi təqdirdə isə namazı yenidən qılması vacib deyil. Lakin namaz vaxtı başa çatanadək qanaxmanın kəsiləcəyinə ümidi olmasına rəğmən o vaxtadək gözləmədən namazını qılarsa, bu halda istisna olaraq, vacib ehtiyata əsasən, namazını vəzifələrini yenidən yerinə yetirdikdən sonra təkrarən qılmalıdır.

Məsələ 631.Əgər qan müvəqqəti olaraq kəsilərsə və qadın vəzifələrini yerinə yetirərək namazını, hərçənd bir hissəsini olsa belə, qılmaq üçün fürsəti olacaq qədər pak olarsa, vacib ehtiyata əsasən, qanaxmanın tamamilə kəsilməsi ilə bağlı əvvəlki məsələdə izah edilən hökmlərə əməl etməlidir. Vəzifələrini yerinə yetirərək namazını, hərçənd bir hissəsini olsa belə, qılmaq üçün pak olacaq qədər fürsəti olmadığı təqdirdə isə vəzifələrin təkrarən yerinə yetirilməsi vacib deyil. Əgər qadın nə qədər fürsəti olduğunu bilmirsə və paklıq halının dəstəmaz, qüsl (vəzifəsinə müvafiq olaraq) və namazın bir hissəsi üçün yetəcək qədər davam edib-etməyəcəyinə şəkk edirsə, yaxud qanaxmanın tamamilə, yoxsa müvəqqəti olaraq kəsildiyini bilmirsə, vacib ehtiyata əsasən, qanın tamamilə kəsilməsi ilə əlaqədar hökmlərə əməl etməlidir.

Məsələ 632. Əgər namaz əsnasında istihazə qanaxması dayanarsa, lakin müstəhazə qadın qanın uşaqlıq yoluna axmasının da başa çatıb-çatmadığını bilməzsə, namazını rəcaən (savab ümidi ilə) sona çatdıraraq vəziyyətini yoxladıqda qanın tamamilə kəsildiyini başa düşdüyü təqdirdə, vacib ehtiyata əsasən, vəzifəsinə uyğun olaraq dəstəmaz almalı, yaxud qüsl etməli və namazı təkrarən qılmalıdır. Bu halda vaxt bol olduğu təqdirdə qadın namazını yarıda saxlayaraq vəzifəsini müəyyənləşdirmək üçün özünü (qanaxma ilə bağlı vəziyyətini) yoxlaya bilər.

Məsələ 633. Müstəhazə qadın qanaxması tamamilə kəsildikdən sonra yalnız qılacağı ilk namaz üçün istihazə vəzifələrini daha öncə izah edilən qaydada yerinə yetirməlidir və bu vəzifələri yerinə yetirdikdən sonra namazını dərhal qılması vacib deyil və namazın qılınmasını təxirə sala bilər.

Məsələ 634. Müstəhazə ona vacib olan işlərdən birini görməzsə, namazı batildir. Həmçinin, əgər müstəhazənin vacib ehtiyata əsasən görməli olduğu bir işi görmədən namaz qılarsa, namazı vacib ehtiyata əsasən batildir.

İstihazə ilə əlaqədar digər hökmlər

Məsələ 635.Müstəhazə qadın (kəsirə, mütəvəssitə, yaxud qəlilə qismindən olmasından asılı olmayaraq) orucun doğru sayılması xüsusunda pak qadın hökmündədir və orucunun doğru olması üçün müstəhazə vəzifələrini yerinə yetirməsi şərt sayılmır.

Məsələ 636.Müstəhazə qadının oruc tutduğu vaxt qanın ifrazının qarşısını alması vacib deyil. Hərçənd, müstəhəb ehtiyat budur ki, oruc tutduğu günlərdə bütün gün ərzində qanın ifrazının qarşısını bacardığı və onun üçün zərər törətməyəcək qədər almalıdır.

Məsələ 637. Qadın əsr namazından sonra müstəhazə olarsa və qürubadək qüsl etməzsə, orucu tamamilə doğrudur.

Məsələ 638.Vacib qüsllərini yerinə yetirən müstəhazə hərçənd pambıq və dəsmalı dəyişdirmək kimi namaz üçün yerinə yetirilən digər işləri görməsə belə, məscidə daxil olmasına və orada yubanmasına, vacib səcdəsi olan ayəni oxumasına və ərinin onunla cinsi əlaqədə olmasına izin verilir. Hətta sadalanan işlərin qüslsüz də görülməsi caizdir. Hərçənd müstəhəb ehtiyat onlardan öncə qüsl etməyi tələb edir.

Məsələ 639. Kəsirə, yaxud mütəvəssitə istihazədə qadın namaz vaxtından öncə vacib səcdəsi olan bir ayəni oxumaq, yaxud məscidə getmək istəyərsə, müstəhəb ehtiyata əsasən, qüsl etməlidir. Bu hökm həyat yoldaşının onunla cinsi əlaqədə olmaq istəməsinə də şamil olunur.

Məsələ 640. Ayat namazı müstəhazəyə vacibdir və onu qılmaq üçün gündəlik namazlar üçün qeyd edilən bütün işləri görməlidir.

Məsələ 641. Əgər yövmiyyə (gündəlik) namaz vaxtında müstəhazə qadına ayat namazı vacib olarsa, hər ikisini ardıcıl qılmaq istəsə belə, lazım ehtiyata əsasən, iki namazı bir qüsl və dəstəmazla qıla bilməz.

Məsələ 642. Müstəhazə qadın qəza namazı qılmaq istəyərsə, hər namaz üçün əda namazından qabaq ona vacib olan işləri görməlidir və vacib ehtiyata əsasən, qəza namazı üçün əda namazına hazırlıq məqsədilə gördüyü işlərlə kifayətlənə bilməz. Müstəhəb ehtiyatın tələbi isə budur ki, qadın qəza namazını paklananadək təxirə salsın.


[63] Qeyd etmək lazımdır ki, bu əlamətlər həmişə deyil, adətən müşahidə edilən əlamətlərdir və bəzi hallarda heyz qanının bu əlamətlərə malik olmaması da mümkündür.
[64] Nəzərdə saxlamaq lazımdır ki, seyid qadınlar da qüreyşli qadınlar sayılır.
[65] Menstruasiya əsnasında endometrium qatı (uşaqlığın selikli qişası) məhv olur ki, bunun da nəticəsində aybaşı qanaxması baş verir. Tərc.
[66] Üçüncüsü həm haizə, həm də ərinə haramdır.
[67] Hal-hazırda da bəzi müsəlman ölkələrində yerli zərgərlər tərəfindən çəki vahidi kimi istifadə edilən “noxud” 4,608 qrama (təqribən bir karata) bərabərdir. Tərc.
[68] Yəni boşanmaya ər tərəfindən birtərəfli qaydada xitam verilməsinin şifahi surətdə ifadəsi təkrarlanmalıdır. Tərc.
[69] “Məhəlli-ittiham” termininin izahı üçün bax: 133-cü məsələ, “müttəhim” termininin izahı ilə əlaqədar vərəqaltı qeyd. Tərc.
[70] Bir aybaşının başlamasından növbəti aybaşının başlamasınadək olan dövr “menstruasiya tsikli” adlanır.Tərc.
[71] Bu misalda əgər qadın təsadüfən bir ay ərzində on gündən artıq qan görərsə, bununla bağlı hökm 563-cü məsələnin sonuncu (d) bəndində bəyan ediləcəkdir.
[72] Qızların hormonal inkişafı düzgün getdikdə ilk aybaşı (menarxe) 12-13 yaşlarında baş verir. Tərc.
[73] Heyzin əlamətləri 467-ci məsələdə qeyd olunmuşdur.
[74] 538-ci məsələ zəminində verilən izah bu məsələyə də şamil olunur.
[75] Heyz əlamətli 467 ci məsələdə qeyd olundu
[76] Əvvəlki məsələlərdən də aydın olduğu kimi qadın sözügedən üç meyara müraciət etməli olduğu məqamlarda öncə qanın əlamətlərini nəzərə almalı, yəni heyz əlamətlərinə (467-ci məsələdə qeyd edilmişdir) malik olan qanı heyz hesab etməlidir. Lakin əgər bu üsulla qan (heyz olub-olmaması) ayırd edilə bilmirsə, məsələn, bütün günlərdə müşahidə edilən qan ifrazatları bir-birindən fərqlənmirsə, qohumlarının adətinə baxmalıdır. Bu üsulla da ayırd edə bilmirsə, öncəki məsələlərdə izah edilmiş qaydada özü heyzi üçün uyğun hesab etdiyi müddəti seçməlidir.
[77] Heyzin əlamətləri 467-ci məsələdə sadalanmışdır.
[78] İstihazənin əlamətləri 596-cı məsələdə sadalanacaqdır.
[79] Xüsusi sifətlər deyərkən 405-ci məsələdə izah edilənlər nəzərdə tutulur.
[80] Qadının qılmaq üçün mütəvəssitə istihazə qüslü almadığı, lakin digər vəzifələri yerinə yetirdiyi namazın batilliyi vacib ehtiyata əsaslanır.
MEYYİTİN HÖKMLƏRİ → ← QÜSL
العربية فارسی اردو English Azərbaycan Türkçe Français