ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

MÜSAFİR NAMAZI → ← Səhv səcdəsi

Unudulmuş səcdə və təşəhhüdün qəzası

Məsələ 1530.Əgər namaz qılan bir səcdəni unudarsa və namazın şəriətə görə icrasına başladıqda geri qayıdaraq səcdə edə bilməyəcəyi bir hissəsini yerinə yetirənədək, məsələn, növbəti rükətin rükusuna gedənədək yadına düşməzsə, namazdan sonra dərhal həmin səcdənin qəzasını etməsi vacibdir. Əgər təşəhhüdü unudarsa və namazın şəriətə görə icrasına başladıqda geri qayıdaraq təşəhhüdü oxuya bilməyəcəyi bir hissəsini yerinə yetirənədək, məsələn, növbəti rükətin rükusuna gedənədək yadına düşməzsə, namazdan sonra onun qəzasını yerinə yetirməsi müstəhəb ehtiyatın tələbidir.

Məsələ 1531.İnsanın unutduğu və namazdan sonra qəzasını etdiyi səcdədə bədən və geyimin pak olması, üzü qibləyə olmaq və s. kimi namazın bütün şərtlərinə riayət edilməlidir və bu səcdə eynilə namazın səcdəsi kimi edilir. Qeyd etmək lazımdır ki, unudulmuş səcdənin qəzasında təşəhhüd və salam yoxdur. Həmçinin, yerinə yetirilməsi müstəhəb ehtiyata müvafiq olan təşəhhüdün qəzasında salam yoxdur.

Məsələ 1532. Vacib ehtiyata əsasən, səcdənin qəzası namazdan sonra və namazı batil edən hal və hərəkətlər baş verməmiş edilməlidir.

Məsələ 1533. Əgər namaz qılan namazın salamı ilə səcdənin qəzası arasında namaz əsnasında qəsdən, yaxud səhvən baş verdiyi təqdirdə namazı batil edən bir iş görərsə, məsələn, arxasını qibləyə çevirərsə, namazı batil olmur. Hərçənd, müstəhəb ehtiyata əsasən, səcdənin qəzasından sonra namazı yenidən qılmalıdır.

Məsələ 1534. Qeyd edildiyi kimi əgər namaz qılan təşəhhüdü unudarsa və namazın şəriətə görə icrasına başladıqda geri qayıdaraq təşəhhüdü oxuya bilməyəcəyi bir hissəsini yerinə yetirənədək yadına düşməzsə, unudulmuş təşəhhüdə görə səhv səcdəsi etməlidir. Əgər bir səcdəni unudarsa və namazın şəriətə görə icrasına başladıqda geri qayıdaraq səcdə edə bilməyəcəyi bir hissəsini yerinə yetirənədək yadına düşməzsə, buna görə səhv səcdəsi etməsi lazım deyil. Hərçənd, bunun üçün səhv səcdəsinin edilməsi müstəhəb ehtiyata müvafiqdir.

Məsələ 1535. Səcdənin qəzasını etməli olan və hər hansı bir səbəbdən səhv səcdəsi etməsi də vacib olan şəxs, vacib ehtiyata əsasən, namazdan sonra əvvəlcə səcdənin qəzasını etməli, sonra səhv səcdəsini etməlidir.

Məsələ 1536.Əgər namaz qılan səcdəni bir neçə dəfə unudarsa, məsələn, birinci və ikinci rükətlərin hərəsindən bir səcdəni unudarsa, namazdan sonra unudulmuş iki səcdənin də qəzasını yerinə yetirməlidir və müstəhəb ehtiyata əsasən, hər birini unutduğuna görə səhv səcdəsi də etməlidir.

Məsələ 1537. Əgər namaz qılan iki ayrı rükətin hər birindən bir səcdə olmaqla iki səcdəni unudarsa, onların qəzasını edərkən ardıcıllığıa riayət etməsi lazım deyil.

Məsələ 1538.Əgər namazın salamı ilə səcdənin qəzası arasında səhv səcdəsini vacib edən bir iş görərsə, məsələn, danışarsa, vacib ehtiyata əsasən, əvvəlcə səcdənin qəzasını etməli və sonra, vacib ehtiyata əsasən, yersiz danışığa görə səhv səcdəsi etməlidir. Həmçinin, müstəhəb ehtiyata əsasən, unudulmuş səcdənin qəzası üçün daha bir səhv səcdəsi də etməlidir.

Məsələ 1539.Əgər icmal surətdə ya səcdəni, ya da təşəhhüdü unutduğunu bilirsə, ancaq məhz hansını unutduğunu bilmirsə, səcdənin qəzasını etməli və səhv səcdəsi də etməli, müstəhəb ehtiyata əsasən, təşəhhüdün də qəzasını yerinə yetirməlidir.

Məsələ 1540. Əgər səcdə, yaxud təşəhhüdü unudub-unutmadığına şəkk edirsə, onların qəzasını, yaxud səhv səcdəsini yerinə yetirməsi vacib deyil.

Məsələ 1541. Əgər səcdəni unutduğunu bilirsə, ancaq sonrakı rükətin rükusundan öncə xatırlayaraq yerinə yetirib-yetirmədiyinə şəkk edirsə, müstəhəb ehtiyata əsasən, onun qəzasını etməlidir.

Məsələ 1542. Əgər namazdan sonra unudulmuş səcdənin qəzasını edib-etmədiyinə şəkk edərsə, namazın vaxtı keçmədiyi təqdirdə səcdənin qəzasını etməlidir. Hətta namazın vaxtı keçsə belə, vacib ehtiyata əsasən, onun qəzasını yerinə yetirməlidir.

MÜSAFİR NAMAZI → ← Səhv səcdəsi
العربية فارسی اردو English Azərbaycan Türkçe Français