ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

Qəza namazı → ← Unudulmuş səcdə və təşəhhüdün qəzası

MÜSAFİR NAMAZI

Müsafir zöhr, əsr və işa namazlarını doqquz şərtlə müxtəsər, yəni iki rükət qılmalıdır.

Müsafirin namazının müxtəsər olmasının şərtləri

Birinci şərt: Səfərdə qət etdiyi məsafə səkkiz şəri fərsəxdən az olmamalıdır

Məsələ 1543.Gedərkən və qayıdarkən qət etdiyi məsafələrin cəmi minimum səkkiz fərsəx (təqribən 44 km) olan şəxs gediş, yaxud qayıdış yolunun dörd fərsəxdən az olub-olmamasından asılı olmayaraq namazı müxtəsər qılmalıdır. Buna əsasən, əgər gediş yolu üç fərsəxlik, qayıdış yolu isə beş fərsəxlik məsafə olarsa, yaxud da əksinə olarsa, namazı müxtəsər (yəni ikirəkətli) qılmalıdır. Gediş və qayıdış yolunun birlikdə səkkiz fərsəxə bərabər olduğu belə məsafəyə “təlfiqi məsafə” deyilir.[177]

Məsələ 1544. Əgər insanın gediş və qayıdış yolu səkkiz fərsəx olarsa, hərçənd getdiyi gün, yaxud həmin axşam qayıtmasa da, namazını müxtəsər qılmalıdır. Lakin daha yaxşı olar ki, bu halda ehtiyatlı davranaraq tam surətdə də qılsın.

Məsələ 1545. Əgər səfər məsafəsi səkkiz fərsəxdən bir qədər az olarsa, yaxud insan səfər məsafəsinin səkkiz fərsəx olub-olmadığını bilməzsə, namazını müxtəsər qılmamalıdır. Əgər məsafənin minimum səkkiz fərsəx olub-olmadığına şəkk edərsə, araşdırmasına gərək yoxdur və namazını tam surətdə qılmalıdır. Hərçənd, müstəhəb ehtiyat şəkk halında araşdırmasını tələb edir.

Məsələ 1546.Əgər insan səfərdə qət etdiyi məsafənin minimum səkkiz fərsəx olduğuna əmin, yaxud arxayın olarsa və ya bəyyinə (iki adil kişi) bu barədə məlumat verərsə, namazını müxtəsər qılmalıdır. Lakin əgər bir adil, yaxud etibarlı şəxs insanın səfərdə qət etdiyi məsafənin minimum səkkiz fərsəx olduğunu söyləyərsə, insan onun sözü ilə yəqinlik, yaxud arxayınlıq hasil etdiyi təqdirdə namazını müxtəsər qılmalıdır, əks təqdirdə isə onun məlumatı şəri dəlil hesab edilmir və namazı bütöv qılınmalıdır. Həmçinin, əgər iki bəyyinə bir-birinin əksinə olan məlumatlar verərsə, onların hər ikisi etibarsızlaşır və insan namazını bütöv qılmalıdır. Hərçənd, müstəhəb ehtiyat namazı müxtəsər surətdə qılmasını da tələb edir.

Məsələ 1547.Səfərdə qət etdiyi məsafənin minimum səkkiz fərsəx olduğuna əmin, yaxud arxayın olan və ya başqa bir mötəbər üsula, məsələn, bəyyinəyə istinad edən şəxs əgər namazını müxtəsər qılarsa və sonra səkkiz fərsəx olmadığını başa düşərsə, onu dördrəkətli namaz kimi qılmalı, vaxtı keçmiş olduğu təqdirdə isə qəzasını qılmalıdır.

Məsələ 1548.Müəyyən bir yerə getmək niyyətində olan və çıxmaq istədiyi səfərdə qət edəcəyi məsafənin səkkiz fərsəx olmadığına əmin, yaxud arxayın olan və ya səkkiz fərsəx olub-olmadığına şəkk edən şəxs yolda məsafənin minimum səkkiz olduğunu başa düşərsə, hərçənd bu yolun az bir hissəsi qalsa belə, namazını müxtəsər qılmalıdır. Bütöv qıldığı təqdirdə isə yenidən müxtəsər surətdə qılmalıdır. Lakin vaxtı keçmiş olarsa, qəzasını qılması lazım deyil.

Məsələ 1549.Əgər insan aralarındakı məsafə dörd fərsəxdən az olan iki məntəqə arasında bir neçə dəfə gediş-gəliş edərsə, hərçənd qət etdiyi məsafələrin cəmi səkkiz fərsəx olsa belə, namazını bütöv qılmalıdır.

Məsələ 1550.Əgər bir məntəqənin iki yolu olarsa, bir yolu səkkiz fərsəxdən az, digər yolu isə səkkiz fərsəx və ya daha uzun olarsa, insan minimum səkkiz fərsəx olan yolla həmin məntəqəyə getdiyi təqdirdə namazı müxtəsər, səkkiz fərsəx olmayan yolla getdiyi təqdirdə isə bütöv qılmalıdır.

Məsələ 1551.İnsan səkkiz fərsəx məsafəsini elə bir yerdən başlayaraq hesablamalıdır ki, oranı keçdikdən sonra müsafir sayılsın. Bu yer adətən şəhərin, yaxud kəndin çıxışı olur. Lakin bəzi böyük şəhərlərdə (meqapolislərdə) məhəllənin çıxışı da ola bilər.

Vətəni olmayan bir şəhər, yaxud kəndə səfər etmək niyyətində olan müsafir insan üçün şəri məsafənin sonu isə onun həmin şəhər, yaxud kənddə son duracağıdır. Məsələn, vətəni Məşhəd şəhərinin 15 km-liyində yerləşən şəxs Məşhəd şəhərindəki müəyyən bir yerə, məsələn, onun vətənindən 25 km məsafədə yerləşən İmam Rizanın (ə) müqəddəs məqbərəsinə gedib qayıtmaq istəyərsə, bu səfərdə namazını müxtəsər qılmalıdır. Ancaq əgər Məşhəd şəhərinin daxilində, onun vətənindən 20 km məsafədə yerləşən bir yerə gedib oradan da geri qayıtmaq istəyərsə, namazını bütöv qılmalıdır.

İkinci şərt: Səfərin başlanğıcından səkkiz fərsəx məsafə qət etmək niyyətində olmalıdır

Məsələ 1552. Müsafirin namazı səkkiz fərsəx (hərçənd, təlfiqi məsafə surəti ilə olsa belə) yol qət edəcəyini bildiyi halda müxtəsər olur. Beləliklə, əgər səkkiz fərsəxdən az məsafədə olan bir yerə səfər edərsə və oraya çatdıqdan sonra gələrkən qət etdiyi məsafə ilə birlikdə səkkiz fərsəxi keçəcək başqa bir yerə getmək niyyətinə düşərsə, əvvəlcədən səkkiz fərsəx məsafə qət etmək niyyətində olmadığına görə namazı bütöv qılmalıdır. Lakin əgər oradan səkkiz fərsəx uzaqlaşmaq, yaxud oradan başqa bir yerə gedərək sonra vətəninə, yaxud on gün qalmaq niyyətində olduğu bir yerə getmək istəyərsə və bu gediş-gəliş zamanı qət edilən toplam məsafə minimum səkkiz fərsəx olarsa, yolda səfəri pozan hallardan (qarşıda izah ediləcəkdir) biri ilə qarşılaşmadığı təqdirdə namazı müxtəsər qılmalıdır.

Məsələ 1553.Səfər məsafəsinin neçə fərsəx olduğunu bilməyən, məsələn, itirdiyi bir şeyi (şəxsi) axtarmaq üçün səfərə çıxan və onu tapmaq üçün nə qədər məsafə qət etməli olduğunu bilməyən şəxs namazını bütöv qılmalıdır. Lakin qayıdarkən vətəninədək, yaxud on gün qalmaq istədiyi yerədək olan məsafə səkkiz fərsəx və ya daha artıq olduğu təqdirdə namazı müxtəsər qılmalıdır. Həmçinin, əgər gediş yolunda bir yerə gedib sonra vətəninə qayıtmaq, yaxud on gün qalmaq istədiyi bir yerə getmək niyyətinə düşərsə və yolda səfəri pozan hallardan biri baş verməzsə, namazı müxtəsər qılmalıdır.

Məsələ 1554.Müsafir namazı o halda müxtəsər qılmalıdır ki, şəri məsafəyədək səfərini başqa bir şeylə şərtləndirməməlidir. Beləliklə, şəhərdən çıxan və məsələn, niyyəti özünə yoldaş tapacağı təqdirdə səkkiz fərsəx uzaqlıqda bir yerə səfər etmək olan şəxs yoldaş tapacağına arxayın olduğu təqdirdə namazı müxtəsər, arxayın olmadığı təqdirdə isə bütöv qılmalıdır.

Məsələ 1555. Səkkiz fərsəx məsafə qət etmək niyyətində olan şəxs (hərçənd bir neçə gün ərzində hər gün bir qədər getməklə olsa belə) tərəxxüs həddinə (mənası 1594-cü məsələdə izah ediləcəkdir) çatdıqda namazını müxtəsər qılmalıdır. Lakin əgər hər gün çox cüzi məsafə qət edərsə, lazım ehtiyata əsasən, namazını həm bütöv, həm də müxtəsər qılmalıdır.

Məsələ 1556.Səfərdə başqasının ixtiyarında olan şəxs, məsələn, evli qadın, uşaq, xidmətçi və məhbus həmin (ixtiyarında olduğu) şəxsin səfər məsafəsinin minimum səkkiz fərsəx olduğunu bildiyi təqdirdə namazı müxtəsər qılmalıdır. Bilmədiyi və onun niyyəti ilə bağlı şəkdə olduğu təqdirdə isə namazı bütöv qılmalıdır və hərçənd, müstəhəb ehtiyata müvafiq olsa da, soruşması vacib deyil.

Məsələ 1557.Səfərdə başqasının ixtiyarında olan şəxs əgər dörd fərsəxə çatmamış ondan ayrılacağını və səfərə davam etməyəcəyini bilirsə, yaxud güman edirsə, namazı bütöv qılmalıdır. Həmçinin, səfərdə başqasının ixtiyarında olan şəxs əgər dörd fərsəxə çatmamış ondan ayrılacağını və səfərə davam etməyəcəyinə dair şəkkə düşərsə, yaxud buna dair məntiqli ehtimalı olarsa, hərçənd bu şəkk yolda dörd fərsəxə çatmamış səfərini davam etdirməsinə mane olan bir vəziyyətlə qarşılaşacağını ehtimal etməsi səbəbi ilə yaransa belə, namazı bütöv qılmalıdır. Lakin əgər dörd fərsəxə çatmamış ondan ayrılmayacağına əmindirsə, gözlənilməz və reallıqdan çox uzaq olan əngəllərin qarşıya çıxması ehtimalı əhəmiyyətsiz sayılır və namazı müxtəsər qılmalıdır.

Üçüncü şərt: Yolda niyyətindən dönməməlidir

Məsələ 1558. Əgər insan qayıdışla birgə minimum səkkiz fərsəx olan yolun bir hissəsini qət etdikdən sonra səfərdən imtina edərsə, həmin yerdə qalmaq və ya on gündən sonra qayıtmaq qərarına gəldiyi, yaxud qayıtmaqla on gün qalmaq arasında tərəddüd etdiyi təqdirdə namazı bütöv qılmalıdır. Həmçinin, orada otuz gün ərzində niyyətsiz qalacağını ehtimal etdikdə də bu hökm şamil olunur.

Məsələ 1559. Əgər qayıdışla birgə minimum səkkiz fərsəx olan yolun bir hissəsini qət etdikdən sonra səfərdən imtina edərək qayıtmaq qərarına gələrsə və bu arada səfəri pozan hallardan (qarşıda izah ediləcəkdir) biri meydana gəlməzsə, namazı müxtəsər qılmalıdır. Həmçinin, əgər şəri məsafəni qət etmək niyyətində olan müsafir dörd fərsəxə çatmamış (məsələn, üç fərsəx qət etdikdən sonra) səfərdən imtina edərsə, lakin səfəri pozan hərəkətlərə yol verməyərək beş fərsəx uzunluğunda olan başqa bir yolla vətəninə dönmək qərarına gələrsə, beləliklə, gediş və qayıdış yolu birlikdə səkkiz fərsəx olarsa, namazı müxtəsər qılmalıdır.

Məsələ 1560.Əgər gediş məsafəsi, yaxud qayıdış yolu ilə birlikdə toplam səfər məsafəsi səkkiz fərsəx olan bir yerə getmək üçün yola çıxarsa və yolun bir hissəsini qət etdikdən sonra başqa bir yerə getmək istəyərsə, yola çıxdığı ilk məntəqədən getmək istədiyi yerədək məsafə təklikdə, yaxud qayıdış məsafəsi ilə birlikdə səkkiz fərsəx olduğu təqdirdə namazı müxtəsər qılmalıdır.

Məsələ 1561.Əgər səkkiz fərsəxə çatmamış yolun qalan hissəsini qət edib-etməməkdə tərəddüd edərsə, tərəddüddə ikən yol qət etməzsə və sonra yolun qalan hissəsini də getmək qərarına gələrsə, səfərin sonunadək namazı müxtəsər qılmalıdır.

Məsələ 1562.Əgər səkkiz fərsəxə çatmamış yolun qalan hissəsini qət edib-etməməkdə tərəddüd edərsə, tərəddüddə ikən bir qədər yol qət edərsə və sonra daha səkkiz fərsəx getmək, yaxud gediş və qayıdış məsafəsi birlikdə səkkiz fərsəx olan bir yerədək getmək qərarına gələrsə, səfərinin sonunadək namazını müxtəsər qılmalıdır.

Məsələ 1563.Əgər səkkiz fərsəxə çatmamış yolun qalan hissəsini qət edib-etməməkdə tərəddüd edərsə, tərəddüddə ikən bir qədər yol qət edərsə və sonra yolun qalan hissəsini də getmək qərarına gələrsə, gediş və qayıdış məsafələrinin cəmi tərəddüd içində qət etdiyi məsafə istisna olmaqla səkkiz fərsəxdən az olduğu təqdirdə namazı bütöv qılmalı, az olmadığı təqdirdə isə namazını müxtəsər qılmalıdır.

Dördüncü şərt: Səkkiz fərsəxə çatmamış səfəri pozan hal[178]
baş verməməlidir

Məsələ 1564.Vətəninə səkkiz fərsəxdən yaxın məsafədə yerləşən bir yerə getmək və orada on gün qalaraq sonra vətəninə dönmək istəyən şəxs, hərçənd gediş və qayıdış yollarının birgə məsafəsi səkkiz fərsəx olsa da, on gün qalacağı yerə gedərkən və qayıdarkən yol boyunca namazı bütöv qılmalıdır.

Həmçinin, vətənindən ikinci vətəni olan və səkkiz fərsəxdən yaxın məsafədə yerləşən bir yerə gedərək orada qalmaq, sonra ilk vətəninə qayıtmaq istəyən şəxs, hərçənd gediş və qayıdış yollarının birgə məsafəsi səkkiz fərsəx olsa da,ikinci vətəninə gediş və birinci vətəninə qayıdış yolunda namazını bütöv qılmalıdır.

Qeyd etmək lazımdır ki, bu iki vəziyyətdə gediş, yaxud qayıdış yolunda insanın namazı yalnız gediş məsafəsi təklikdə, yaxud qayıdış məsafəsi təklikdə səkkiz fərsəx, yaxud daha artıq olduqda müxtəsər olur.[179]

Məsələ 1565.Səkkiz fərsəxə çatmamış vətənindən keçib-keçməyəcəyini, yaxud bir yerdə on gün qalıb-qalmayacağını bilməyən şəxs namazı bütöv qılmalıdır.

Məsələ 1566.Səkkiz fərsəxə çatmamış vətənindən keçmək və orada qalmaq, yaxud başqa bir yerdə on gün qalmaq istəyən, həmçinin, vətənindən keçməklə başqa bir yerdə on gün qalmaq arasında tərəddüd edən şəxs əgər on gün qalmaq, yaxud vətənindən keçmək fikrindən daşınarsa, yenə də namazı bütöv qılmalıdır. Lakin əgər yolun qalan hissəsi hərçənd qayıdışla birgə səkkiz fərsəx olarsa, namazı müxtəsər qılmalıdır.

Beşinci şərt: Haram iş üçün səfər etməməlidir

Məsələ 1567.Əgər insan sələmli sövdələşmə, yaxud oğurluq kimi haram bir iş üçün səfər edərsə, namazı bütöv qılmalıdır. Həmçinin, əgər səfərin özü haram olarsa, məsələn, onun üçün ölüm, yaxud bədən üzvlərindən birini itirməklə nəticələnən bir zərəri olarsa, yaxud qadın ərinin icazəsi olmadan ona vacib olmayan bir səfərə çıxarsa, bu hökm şamil olunur. Lakin əgər qadın vacib həcc ziyarəti üçün səfərə çıxarsa, namazını müxtəsər qılmalıdır.

Məsələ 1568.Vacib olmayan bir səfər əgər valideynlərin əziyyət çəkməsinə (şəfqət və qayğıdan irəli gələn narahatçılıq hissləri keçirməsinə) səbəb olarsa, haramdır və əgər insan belə bir səfərə çıxarsa, günah edir və həmin səfərdə namazını bütöv qılmalı, orucu da tutmalıdır.

Məsələ 1569. Səfəri haram olmayan və haram bir iş üçün səfər etməyən şəxs hərçənd səfərdə bir günah işləsə, məsələn, qeybət etsə, yaxud yalan danışsa belə, namazı müxtəsər qılmalıdır.

Məsələ 1570.Əgər insan vacib bir işin icrasından boyun qaçırmaq üçün səfər edərsə (istər səfərə çıxmaqda başqa bir məqsədi də olsun, istərsə olmasın), namazını bütöv qılmalıdır. Beləliklə, şəriətə görə borclu sayılan və borcunun ödənilmə vaxtı çatan şəxs əgər borcunu ödəmək imkanına sahibdirsə və borcverən də borcunu tələb edirsə, səfərdə borcunu ödəmək imkanı olmadığı və borcu ödəməkdən qaçmaq üçün səfər etdiyi təqdirdə namazını bütöv qılmalıdır. Lakin əgər səfəri başqa bir iş üçün olarsa, hərçənd səfərdə vacib bir işi yerinə yetirməsə də, namazı müxtəsər qılmalıdır.

Məsələ 1571. Əgər səfər üçün istifadə etdiyi minik (nəqliyyat) vasitəsi qəsb edilmiş olarsa və onun sahibindən qaçmaq üçün səfər edərsə, yaxud qəsb edilmiş bir torpaq sahəsinə səfər edərsə, namazı bütöv qılmalıdır.

Məsələ 1572. Zalım insanla birlikdə səfərə çıxan şəxs əgər buna məcbur deyilsə və səfəri ona zülmündə yardım etmək sayılırsa, yaxud zalımın nüfuzunun artmasına səbəb olarsa, namazı bütöv qılmalıdır. Əgər məcbur olarsa və ya məsələn, bir məzlumu xilas etmək üçün onunla birgə səfərə çıxarsa, namazı müxtəsər qılmalıdır.

Məsələ 1573. Səfəri günah səfər olan (məsələn, haram bir iş görmək üçün şəri məsafəyədək, yaxud daha uzağa səfər edən) şəxs əgər yolda günah etmək niyyətindən daşınarsa, yolun qalan hissəsinin, yaxud gediş-gəliş yolunun ümumi uzunluğunun səkkiz fərsəx olub-olmamasından asılı olmayaraq namazı müxtəsər qılmalıdır.

Altıncı şərt: Səfər əyləncə xarakterli ov üçün olmamalıdır

Məsələ 1574. Əgər insan əyləncə məqsədilə ov üçün şəri məsafəyədək, yaxud daha uzağa səfər edərsə, hərçənd bu iş öz-özlüyündə haram olmasa da, gedərkən namazını bütöv qılmalı, qayıdarkən isə qayıdışının əyləncə məzmunlu ov üçün olmaması şərti ilə müxtəsər qılmalıdır və bu halda qayıdış yolunun təklikdə səkkiz fərsəx olub-olmamasının fərqi yoxdur.

Məsələ 1575. Əgər insan yaşayış xərclərini təmin etmək üçün ova çıxırsa, namazını müxtəsər qılmalıdır. Həmçinin, qazanc və varlanmaq üçün ova çıxması da bu qəbildəndir. Hərçənd, müstəhəb ehtiyat sonuncu halda namazı həm müxtəsər, həm də bütöv qılmağı tələb edir.

Məsələ 1576. Əgər insan gəzinti və səyahət məqsədilə şəri məsafəyə səfər edərsə, səfəri haram deyil və namazını müxtəsər qılmalıdır.

Məsələ 1577. Ürfən batil sayılan səfərdə (məsələn, aqilanə məqsədi olmayan və insanların nəzərində bihudə və batil sayılan səfər kimi) vacib ehtiyat namazı həm müxtəsər, həm də bütöv qılmağı tələb edir.

Yeddinci şərt: Köçəri həyat tərzi sürən insanlardan olmamalıdır

Məsələ 1578. Köçəri həyat tərzi sürən insanlar, məsələn, səhralarda gəzərək özləri, ətrafındakılar və heyvanları üçün su və qida tapdıqları yerdə dayanan və bir müddət sonra başqa bir yerə köçən bədəvilər bu səfərlərdə namazı bütöv qılmalıdırlar.

Məsələ 1579. Əgər köçəri misal olaraq yaşayış yeri və heyvanları üçün otlaq tapmaq üçün səfər edərsə, ev-eşiyini özü ilə daşıyan insan sayılacaq şəkildə çadır və məişət əşyaları ilə birgə səfərə çıxdığı təqdirdə namazı bütöv qılmalı, əks təqdirdə isə qət etdiyi məsafə səkkiz fərsəxi keçdiyi halda namazı müxtəsər qılmalıdır.

Məsələ 1580. Əgər köçəri misal olaraq ziyarət, həcc, ticarət və bu qəbildən olan məqsədlərlə səfərə çıxarsa, ev-eşiyini özü ilə daşıyan insan sayılmadığı təqdirdə namazını müxtəsər, sayıldığı təqdirdə isə bütöv qılmalıdır.

Səkkizinci şərt: İşi səfər olmamalı, həmçinin, şəri məsafəyə[180]
tez-tez səfər edən şəxs olmamalıdır

Məsələ 1581. İşi (əmək fəaliyyəti) səfər etməkdən ibarət olan, yaxud şəri məsafəyə tez-tez səfər edən şəxs namazını bütöv qılmalıdır. Bu məsələ üç qisim insanların haqqında özünü doğruldur:

1) İşi şəri məsafəyə səfər etmək olan şəxs, məsələn, sürücü, pilot, gəmi kapitanı.

2) İşi şəri məsafəyə səfər etməyi tələb edən şəxs, məsələn, vətəni və iş yeri arasında gediş-gəliş edən müəllim, həkim, tacir və fəhlə.

3) İşdən başqa bir məqsədlə, məsələn, ziyarət, müalicə, yaxud gəzinti üçün tez-tez şəri məsafəyə səfər edən şəxs.

İkinci və üçüncü qrup (əgər “kəsirüs-səfər” ünvanı onlara ürfən şamil olarsa, yəni insanların nəzərində tez-tez səfər edən şəxs hesab edilərlərsə) səfərdə namazlarını bütöv qılmalıdırlar. Ancaq birinci qrupa daxil olanların barəsində “çox səfər edən şəxs” deyilməsi şərt deyil. İşi sərnişin, yaxud yük daşımaq olan sürücü kimi bu qəbildən olan şəxslərə “işi səfər etmək olan şəxs”, yəni işi şəri məsafəyə səfər etmək olan şəxs deyilərsə (hərçənd, bu iş müvəqqəti iş olsa belə), ürfən bu ünvan ona şamil olduğu təqdirdə namazını bütöv qılmalıdır.

Məsələ 1582. Sürücü kimi işi səfər etmək olan şəxsin namazını bütöv qılması üçün iki şərt tələb edilir:

1) Bu işi barəsində “işi səfər etmək olan şəxs” deyiləcək şəkildə nəzərə çarpan müddət ərzində davam etdirmək niyyətində olmalıdır. Məsələn, insanlar tərəfindən şəri məsafəyə səfər edən sürücü hesab ediləcək şəkildə nəzərə çarpan müddət ərzində şəri məsafəyə gediş-gəliş etmək niyyətində olan sürücü bu qəbildəndir.

2) İş üçün çıxdığı səfərlər arasındakı fasilə normal sayılandan artıq, “iş” anlayışına xələl yetirəcək qədər olmamalıdır və bu fasilə səfərin növlərindən asılı olaraq fərqlənir.

Buna əsasən, məsələn, yalnız cümə axşamları Nəcəfdən Kərbəlaya, yaxud Tehrandan Quma müsafir aparan, həftənin digər günlərini isə öz vətənində keçirən sürücü şəri məsafəyə səfər edən sürücü sayılmır. Beləliklə, bu səfərlərdə namazını müxtəsər qılmalıdır. Lakin hər ay Məşhəddən Kərbəlaya, yaxud Suriyaya on beş gün ərzində müsafir aparıb-gətirən şəxs şəri məsafəyə səfər edən sürücü sayılır və namazını bütöv qılmalıdır.

Məsələ 1583. “Çox səfər edən” ünvanının işi səfər etməsini tələb edən, yaxud işi üçün tez-tez səfər edən şəxsə (1581-ci məsələdə qeyd edilən 2 və 3-cü qruplara) şamil olunmasında üç şey nəzərə alınır və bu üç şərt mövcud olduğu təqdirdə həmin şəxs namazını bütöv qılmalıdır:

1) Bu işi nəzərə çarpan müddət, məsələn, bir ilin altı ayı, yaxud hər il üç ay olmaqla iki və daha artıq il ərzində davam etdirmək niyyətində olmalıdır.

2) Hər ayın minimum on gününü səfərdə olmalıdır (bu on gün iki, yaxud üç səfər çərçivəsində də ola bilər), yaxud hər ay on dəfə (on ayrı gündə) səfərə çıxmalıdır (onun şəri məsafəyə səfərləri bir neçə saat da sürə bilər). Lakin əgər səfərlərinin, yaxud səfərdə olduğu günlərin sayı 8, yaxud 9 olarsa, vacib ehtiyata əsasən, bütün səfərlərdə namazlarını həm müxtəsər, həm də bütöv qılmalıdır. Səfərlərinin, yaxud səfərdə olduğu günlərin sayı 7 və ya daha az olarsa, namazını müxtəsər qılmalıdır.

3) Çox səfər etmə gerçəkləşməlidir və bundan öncə, vacib ehtiyata əsasən, namazını həm bütöv, həm də müxtəsər qılmalıdır.

Buna əsasən, işi səfər etməyi tələb edən (tədris üçün şəri məsafəyə səfər edən müəllim kimi), yaxud əmək fəaliyyətindən başqa bir iş üçün səfər edən (ziyarət nəziri olan və nəzirini icra etmək üçün səfər edən şəxs kimi), həftədə üç dəfə, yaxud üç gün səfərdə olmaq və bu işi bir ilin altı ayı, yaxud hər il üç ay olmaqla iki və ya daha artıq il ərzində davam etdirmək niyyətində olan şəxs ilk iki həftə ərzində, vacib ehtiyata əsasən, namazını həm müxtəsər, həm də bütöv qılmalıdır, sonra isə namazı bütövdür.[181]

Məsələ 1584. İşi səfər olan şəxsin (I qrup) namazını bütöv qılmaq üçün üç dəfə səfər etməsi şərt deyil, şəri məsafəyə gediş-gəliş edən sürücü və bu qəbildən olan ünvanlar ona şamil olunduqda, hərçənd birinci səfərdə olsa belə, namazını bütöv qılmalıdır. Lakin işi səfər etməyi tələb edən, yaxud əmək fəaliyyətindən başqa işlər üçün çox səfər edən şəxs (II və III qrup) qeyd edildiyi kimi namazını çox səfər etmə özəlliyi reallaşdıqdan sonra bütöv qılmalı, bundan öncə isə, vacib ehtiyata əsasən, həm müxtəsər, həm də bütöv qılmalıdır.

Məsələ 1585. Sürücü kimi işi səfər etmək olan, yaxud müəllim kimi işi səfər etməyi tələb edən şəxs əgər ziyarət və həcc kimi başqa bir üçün səfərə çıxarsa, namazı müxtəsər qılmalıdır. Lakin davamlı olaraq həftənin üç günü səfərdə olan şəxs kimi barəsində ürfən “çox səfər edən şəxs” deyilərsə,[182]
bu halda hətta həcc, ziyarət və bu qəbildən olan başqa səfərlərdə də namazını bütöv qılmalıdır. Həmçinin, əgər misal olaraq çox səfər edən şəxs sayılan və iş üçün səfərlərində namazını bütöv qılan sürücü avtomobilini ziyarət üçün kirayəyə verərsə və bir dəstə insanı öz avtomobili ilə ziyarətə apararsa, bu səfər çərçivəsində özü də ziyarətə gedərsə, istənilən halda namazı bütöv qılmalıdır.

Məsələ 1586. Həmələdar, yəni hacıları Məkkəyə aparan karvanın başçısı ürfən işi səfər etmək sayıldığı[183]
təqdirdə namazı bütöv qılmalıdır. Həmçinin, əgər çox səfər edən şəxs[184]
sayılarsa və tez-tez səfərdə olarsa (məsələn, hər il üç ay), namazı bütöv qılmalıdır.

Əgər işi səfər etmək deyilsə və çox səfər edən şəxs də sayılmırsa, məsələn, yalnız həcc günlərində həmələdar kimi səfərə çıxırsa və səfər müddəti qısadırsa, məsələn, iki-üç həftə sürürsə, namazını müxtəsər qılmalıdır. Əgər çox səfər edən şəxs ünvanının ona şamil olub-olmadığına şəkk edirsə, lazım ehtiyata əsasən, namazı həm müxtəsər, həm də bütöv qılmalıdır.

Məsələ 1587. İlin bir hissəsində işi səfər etmək olan şəxs, məsələn, hər il yalnız yay, yaxud qış fəslinin üç ayında avtomobili kirayə edilərək şəri məsafəyə səfər edən şəxs həmin fəsildə etdiyi səfərlərdə namazı bütöv qılmalıdır. Lakin müstəhəb ehtiyat həm müxtəsər, həm də bütöv qılmasını tələb edir. Həmçinin, ilin bir hissəsində “çox səfər edən” sayılan şəxs, məsələn, hər il yalnız yaz fəslində tədris üçün gediş-gəliş edən müəllim ilin həmin dövründə etdiyi səfərlərdə namazı bütöv qılmalıdır.

Ümumiyyətlə, əgər şəri məsafəyə iş üçün edilən səfərlər, yaxud çox səfər etmə ilin müəyyən vaxtı ilə məhdudlaşarsa, çox səfər etmə ilə əlaqədar hökmlər insanın iş səfərində olmadığı, yaxud çox səfər edən şəxs sayılmadığı ilin digər vaxtlarına şamil olunmur.

Məsələ 1588. Şəhərin 2-3 fərsəxliyinə, yaxud 15-20 kilometrliyinə qədər məsafədə gediş-gəliş edən sürücü və paylayıcı (mal paylayan) təsadüfən səkkiz fərsəx məsafə qət edərsə, namazı müxtəsər qılmalıdır.

Məsələ 1589. Şəri məsafəyə çox səfər edən şəxs sayılan (1581-ci məsələdə sadalanan üç qrupa daxil olan) bir insan vətənində on gün, yaxud daha artıq qaldığı təqdirdə (istər əvvəldən on gün və ya daha artıq qalmaq niyyətində olsun, istərsə bu niyyətdə olmadan on gün, yaxud daha artıq qalsın) yenə də on gün və ya daha artıq qaldıqdan sonra çıxdığı ilk səfərdə namazı bütöv qılmalıdır.

Əgər belə bir insan vətənindən başqa bir yerdə on gün, yaxud daha artıq (məqsədli, yaxud məqsədsiz) qalarsa, yenə də bu hökm ona şamil olur. Lakin kirayəçi (yəni sahib olduğu minik heyvanı, yaxud nəqliyyat vasitəsi kirayəyə götürülən və onunla yük, yaxud müsafir daşıyan şəxs, məsələn, avtomobili sərnişin və ya yük daşımaq üçün kirayə edilən, yaxud atı və ya dəvəsi yük daşımaq üçün kirayə edilən çarvadar) xüsusunda əgər belə olarsa, müstəhəb ehtiyata əsasən, on gündən sonra çıxdığı ilk səfərdə namazı həm müxtəsər, həm də bütöv qılmalıdır.

Məsələ 1590. Sahib olduğu nəqliyyat vasitəsi ilə sərnişin, yaxud yük daşıyan şəxs kimi işi səfər etmək olan insanlar səfər onlar üçün həddən ziyadə çətin və yorucu olduğu təqdirdə namazı müxtəsər qılmalıdırlar.

Məsələ 1591. Şəhərləri gəzib-dolaşan və özünə bir vətən seçməyən şəxs namazını bütöv qılmalıdır.

Məsələ 1592. İşi səfər etmək olmayan şəxsin bir şəhərdə, yaxud kənddə bir malı (yükü) vardırsa və onu daşımaq üçün dəfələrlə ardıcıl olaraq oraya səfər edirsə, namazı müxtəsər qılmalıdır. Lakin meyarı 1583-cü məsələdə izah edilən “çox səfər edən şəxslər” qismindən olması istisnadır.

Doqquzuncu şərt: Vətənindən hərəkət edirsə, tərəxxüs həddini keçməlidir

Məsələ 1593. Vətənindən hərəkət edən şəxs tərəxxüs həddinə çatdıqda namazı müxtəsər olur. Ancaq vətənindən başqa bir yer xüsusunda tərəxxüs həddinin bir əhəmiyyəti yoxdur və yaşadığı yerdən çıxması ilə namazı müxtəsər olur.

Məsələ 1594. Tərəxxüs həddi şəhər əhalisinin (hətta şəhərin tabeçiliyində olan yaşayış məntəqələrinin sakinlərinin də) səfərə çıxanın uzaqlaşması səbəbi ilə onu görə bilməyəcəkləri bir yerdir və bunun əlaməti də səfərə çıxanın özünün şəhərin və tabeçiliyində olan yaşayış məntəqələrinin əhalisini görməməsidir.

Məsələ 1595. Vətəninə qayıdan müsafir vətəninə daxil olanadək namazını müxtəsər qılmalıdır və bu məsələdə tərəxxüs həddinə çatıb-çatmamağn bir önəmi yoxdur. Həmçinin, bir yerdə on gün qalmaq istəyən müsafir həmin yerə çatanadək namazını müxtəsər qılmalıdır.

Məsələ 1596. Əgər bir şəhər, yaxud kənd yüksəklikdə yerləşərsə və bu səbəbdən əhalisi uzaqdan görünərsə, yaxud insanın bir qədər uzaqlaşdıqda sakinlərini görə bilməyəcəyi qədər çökəklik ərazidə yerləşərsə, həmin şəhərin (kəndin) sakinlərindən səfərə çıxan bir nəfər həmin şəhərdən (kənddən) düzənlik bir yerdə yerləşdiyi fərz edildikdə əhalisinin görünməyəcəyi bir yerə qədər uzaqlaşdıqda namazını müxtəsər qılmalıdır. Həmçinin, əgər yol həddən ziyadə eniş-yoxuşlu olarsa, normal yolu nəzərə almalıdır.

Məsələ 1597. Gəmi, yaxud qatara minən və tərəxxüs həddinə çatmamış bütöv namaz niyyəti ilə namaza başlayan, lakin üçüncü rükətin rükusundan öncə tərəxxüs hüdudlarını keçən şəxs namazını müxtəsər etməlidir. Əgər üçüncü rükətin rükusuna əyildikdən sonra və ya daha sonra tərəxxüs hüdudlarını keçərsə, namazını dayandırmalı, başqa bir müxtəsər namaz qılmalıdır və birinci namazı başa çatdırmasına gərək yoxdur.

Məsələ 1598. Əgər insanın görmə qabiliyyəti normal deyilsə,[185]
namazını normal insanların şəhərin ucqarlarındakı sakinləri görmədiyi yerdə müxtəsər qılmalıdır və burada meyar durbin və texniki vasitələrlə deyil, gözlə görməkdir.

Məsələ 1599. Əgər insan səfər əsnasında tərəxxüs həddinə çatıb-çatmadığına şəkk edərsə, namazı bütöv qılmalıdır.

Məsələ 1600. Əgər bir şəxs tərəxxüs həddinə çatmadığına əmin, yaxud arxayın olarsa və ya çatıb-çatmadığına şəkk edərsə və namazı bütöv qılarsa, sonradan namaz vaxtı tərəxxüs həddinə çatdığı məlum olarsa, hələ vaxt qaldığı və səfəri davam etdiyi təqdirdə namazını yenidən müxtəsər qılmalıdır. Əgər bu halda namazı qılmazsa, sonradan onun qəzasını vaxtın sonunda üzərində düşən vəzifəyə uyğun olaraq[186]
qılmalıdır. Ancaq əgər vaxt başa çatdıqdan sonra səhv etdiyini başa düşərsə, namazın qəzası vacib deyil.

Məsələ 1601. Əgər bir şəxs tərəxxüs həddinə çatdığına dair yəqinlik hasil edərək namazı müxtəsər qılarsa və sonradan namaz vaxtı tərəxxüs həddinə çatmadığı məlum olarsa, namazı yenidən qılmalıdır. Beləliklə, bu halda hələ tərəxxüs həddinə çatmadığı təqdirdə namazı bütöv, tərəxxüs həddini keçdiyi təqdirdə isə müxtəsər qılmalıdır. Əgər vaxt keçmişdirsə, namazı vaxtının sonunda üzərinə düşən vəzifəyə müvafiq olaraq qılmalıdır.

Səfəri pozan hallar

Müsafirliyi pozan və səfər edən şəxsin namazını bütöv qılmasına səbəb olan hallar “səfəri pozan hallar” adlandılır. Qarşıdakı məsələlərdə bu hallarla bağlı hökmlər izah ediləcəkdir.

Birinci hal: Vətəndən keçmək və vətəndə qalmaq niyyəti

Vətənlə bağlı ümumi hökmlər:

Vətənlə əlaqədar hökmlər

Məsələ 1602. Vətən deyərkən aşağıdakı üç yerdən biri nəzərdə tutulur:

1) Əsli vətən: insanın adətən valideynlərinin yaşadığı və özünün doğulub boya-başa çatdığı əsil yaşayış yeridir.

2) Daimi seçilmiş vətən: insanın daimi yaşayışı üçün seçdiyi və ömrünün qalan hissəsini yaşamaq istədiyi yerdir.

3) Müvəqqəti vətən: insanın yaşayış, iş, yaxud təhsili üçün seçdiyi yaşayış yeridir. Burada həmişəlik qalmaq niyyəti olmasa da olar. Əgər ürfün onu orada müsafir adlandırmadığı bir yer olarsa, belə ki, müvəqqəti olaraq on gün, yaxud daha artıq müddət ərzində başqa bir yerdə qalsa da, ürf birinci yeri (müvəqqəti yaşayış yerini) onun məskunlaşdığı yaşayış yeri kimi qəbul edirsə, bu yer onun üçün vətən hesab edilir. Bu yerə “müvəqqəti seçilmiş vətən”, yaxud “müvəqqəti vətən” deyilir.

Buna əsasən, on səkkiz ay, yaxud daha artıq müddət ərzində bir yerdə məskunlaşmaq istəyən şəxs, məsələn, on səkkiz və ya daha artıq müddət üçün Tehran şəhərini özü üçün təhsil yeri seçmək və şənbə günündən cümə axşamı gününədək Tehranda qalmaq, cümə axşamı və cümə günləri isə valideynlərinin yanına, öz vətəninə qayıtmayan istəyən Qumlu bir tələbə ilk iki həftə ərzində Tehranda on gün qalmaq məqsədi olmadığı təqdirdə, vacib ehtiyata əsasən, namazını həm müxtəsər, həm də bütöv qılmalıdır. Bundan sonra isə müvəqqəti vətəni hesab edilən Tehran şəhərində namazını bütöv qılmalıdır.

Lakin əgər insan əsli vətəni olmayan bir yerdə qısa müddət ərzində qalmaq istəyirsə, belə ki, həmin yer ürfən onun yaşayış yeri, məkunlaşdığı yer hesab edilmirsə və insanlar onu orada qısa müddət qalmaq, sonra başqa bir yerə getmək niyyətində olan bir müsafir hesab edirsə, bu halda həmin yer sözügedən insanın vətəni hesab edilmir.[187]

Qeyd etmək lazımdır ki, ikinci və üçüncü qisim vətəni (daimi seçilmiş vətən və müvəqqəti seçilmiş vətən) insanın özünün müstəqil surətdə seçməsi ilə həmin yerin başqa bir şəxsdən asılı olaraq onun vətəni hesab edilməsi arasında fərq yoxdur. Məsələn, əgər övlad ürfən valideynin tabeliyində sayılırsa və hələ bu xüsusda qərar qəbul etməkdə müstəqil deyilsə, valideynləri Məşhəd şəhərini özlərinin daimi, yaxud müvəqqəti vətəni seçdiyi və orada məskunlaşdığı təqdirdə Məşhəd şəhəri onlarla birgə Məşhəddə yaşayan həmin övlad üçün də vətən sayılır.

Məsələ 1603. Bir yeri təhsil, yaxud iş yeri seçən, orada namazını bütöv qılan, bir-birindən şəri məsafə uzaqlığında yerləşən həmin yerlə vətəni arasında gedib gələn, məsələn, bir neçə il orada qalmaq və həmin yerlə vətəni arasında gedib gəlmək istəyən şəxs təhsil aldığı, yaxud işlədiyi yerdə namazını bütöv qılmalıdır.  Hər ay məskunlaşdığı yerlə vətəni arasında 10 dəfə gediş-gəliş etdiyi təqdirdə yolda da namazını bütöv qılmalı, 8-9 dəfə gediş-gəliş etdiyi təqdirdə, vacib ehtiyata əsasən, yolda namazını həm müxtəsər, həm də bütöv qılmalı, 7 dəfə gediş-gəliş etdiyi təqdirdə isə yolda namazını müxtəsər qılmalıdır. Beləliklə, bu qəbildən olan hallarda həm müvəqqəti vətən, həm də çox səfər etmə ilə əlaqədar hökmlər nəzərə alınır.[188]

Məsələ 1604. Bəzi fəqihlər (Allah onlardan razı olsun!) “şəri vətən” adlı başqa bir vətən kateqoriyasının da olduğunu düşünür və bu barədə deyirlər: “Hər hansı bir yerdə yaşayış evinə sahib olan şəxs əgər altı ardıcıl ay ərzində məskunlaşmaq üçün orada qalarsa, həmin mənzil onun mülkiyyəti olduğu müddət ərzində o yer onun vətəni sayılır. Beləliklə, səfər əsnasında nə zaman həmin yerə çatarsa, namazı bütöv qılmalıdır”. Lakin bu hökm sabit deyil. (bu hökmün sabit olmaması fətvaya əsaslanır).

Məsələ 1605. İki yerdə yaşayan, məsələn, altı ay bir şəhərdə, altı ay da başqa bir şəhərdə yaşayan şəxs üçün hər iki yer vətəndir. Həmçinin, əgər insan ikidən artıq yeri özü üçün yaşayış yeri seçərsə, həmin yerlərin hamısı onun vətəni sayılır. Məsələn, üç şəhərin ürfən insanın vətəni hesab edilməsi, onun ilin havanın isti olduğu dörd ayını birinci, havanın soyuq olduğu dörd ayını ikinci, ilin digər vaxtlarını isə üçüncü şəhərdə məskunlaşması buna misal ola bilər.

Məsələ 1606. Səfərdə vətənindən keçən müsafir əgər orada dayanarsa, səfəri pozulur və şəri məsafəyə növbəti səfərinə çıxanadək namazını bütöv qılmalıdır. Lakin vətəndə qalmadan oradan keçməyin səfərin pozulmasına səbəb olması şübhə doğurur. Buna əsasən, əgər insan vətənindən keçdikdən sonra şəri məsafəyə hərçənd qayıdış yolu ilə birgə hesablamaqla olsa belə bərabər və ya daha uzun olan yeni bir yol qət etmək niyyətində olarsa, namazını müxtəsər qılmalı, əsk təqdirdə, lazım ehtiyata əsasən, yolun qalan hissəsində həm müxtəsər, həm də bütöv namaz qılmalıdır.

Məsələn, fərz edək ki, bir şəxs vətənindən (müqəddəs Məşhəd şəhərindən) səkkiz fərsəxlik məsafədə yerləşən bir yerə getmək və orada on gün qalmaq istəyir. Yol əsnasında iki fərsəx məsafə qət etdikdən sonra ikinci vətəninə çatır, ancaq oradan ötüb keçir və orada dayanmır. Bu halda əgər ikinci vətənindən çıxdıqdan sonra yolun qalan altı fərsəxlik hissəsində, qalmaq istədiyi yerə çatmamış namaz qılmaq istəyərsə, lazım ehtiyata əsasən, həm müxtəsər, həm də bütöv namaz qılmalıdır.

Məsələ 1607. Səfər əsnasında vətəninə çatan və orada dayanan müsafir orada olduqca namazını bütöv qılmalıdır. Lakin əgər oradan səkkiz fərsəxlik məsafəyə getmək, yaxud dörd fərsəxlik məsafəyə gedərək qayıdanda da eyni məsafəni qət etmək istəyərsə, tərəxxüs həddinə çatdıqda namazı müxtəsər qılmalıdır.

Vətəndən imtina etməklə əlaqədar hökmlər

Məsələ 1608. Əgər insan öz vətənindən vaz keçərsə və artıq orada yaşamaq istəməzsə, oradan çıxdığı zaman vətənindən imtina etmiş olur. Buna əsasən, həmin vaxtdan etibarən nə zaman oraya qohumları ilə görüşmək, ziyarət, gəzinti və s. məqsədlərlə gedərsə, hərçənd özü üçün başqa bir vətən seçməsə belə, o yer onun üçün vətən hökmündə deyil və orada namazını müxtəsər qılmalıdır. Lakin sözügedən şəxsə namazın bütöv qılınmasını tələb edən “çox səfər edən şəxs”, yaxud “köçəri” ünvanının şamil olunması, yaxud onun orada on gün qalmaq niyyətində olması istisnadır. Belə olan surətdə o, namazını bütöv qılmalıdır.

Məsələ 1609. Vətəndən imtina etməkdə meyar insanın gələcəkdə yaşamaq və məskunlaşmaq üçün oraya qayıtmayacağına arxayın olmasıdır. Buna əsasən, iş ezamiyyəti, evlənmə və təhsil kimi səbəblərlə vətənini tərk edən və başqa bir şəhəri özünə vətən seçən şəxsin gələcəkdə məskunlaşmaq və yaşamaq üçün əvvəlki vətəninə qayıtmasına dair ciddi ehtimal vardırsa, bu halda vətənindən imtina etmiş sayılmır və nə vaxt oraya gedərsə, namazını bütöv qılmalıdır.

Qeyd etmək lazımdır ki, vətən seçmək və vətəndən imtina etmək xüsusunda müstəqil qərar qəbul etmək iqtidarında olmayan, ixtiyar sahibi olmayan və ürfən valideynlərinə, yaxud onlardan birinə tabe sayılan övladlar həddi-büluğa çatıb-çatmadıqlarından asılı olmayaraq vətən seçmək və vətəndən imtina etmək məsələsində onlara tabedirlər. Əks təqdirdə isə onların vətən seçimi və vətəndən imtina etməsində meyar öz qərar və hərəkətləridir.

İkinci hal: Bir yerdə minimum on gün qalmaq məqsədi

Məsələ 1610. Hər hansı bir yerdə bir neçə gün qalmaq istəyən müsafir qeyd ediləcək şərtlərlə namazını bütöv qılmalıdır.

On gün qalmaq məqsədi ilə əlaqədar şərtlər

Birinci şərt: Müsafirin qalma müddəti minimum on gün olmalı və bu günlər ardıcıl olmalıdır

Məsələ 1611. Müsafir birinci gününün sübh azanından onuncu günü qürub çağınadək müvəqqəti məskunlaşdığı yerdə qalmaq istəyərsə, on gün qalmaq məqsədi doğrulur və namazını bütöv qılmalıdır. Onun ilk gecədən on birinci gecəyədək qalmaq niyyətində olması lazım deyil. Lakin ikinci gecədən onuncu gecəyədək orada qalmaq niyyətində olmalıdır. Həmçinin, əgər qalacağı məntəqəyə birinci gün sübh azanından əvvəl daxil olarsa, onun on gününün sonu onuncu günün qürub çağıdır. Buna əsasən, hesablamanın başlanğıcı birinci günün sübh azanıdır.

Birinci günün sübh azanından sonra qalacağı məntəqəyə daxil olan müsafirin on gün qalmaq məqsədi orada 240 saat, yaxud daha artıq qalmaq istədiyi halda doğru sayılır. Buna əsasən, birinci gündən əskik olan vaxt on birinci günün hesabına tamamlanır. Məsələn, əgər müsafir səhər saat 10-da bir şəhərə daxil olarsa, onun on gün qalmaq məqsədi oranı on birinci gün sabah saat 10-dan sonra tərk etmək istədiyi halda doğru sayılır və o, birinci gündən əskik olan vaxtı on birinci gecə ilə tamamlaya bilməz.

Məsələ 1612. Bir yerdə on gün qalmaq məqsədi olan müsafir on gün keçdikdən sonra əgər orada on gündən artıq qalmaq istəyərsə, məsələn, daha bir həftə qalmaq istəyərsə, hərçənd əvvəldən orada on gündən artıq qalmaq məqsədi olmasa da, oradan başqa bir yerə səfər etmədikcə namazını bütöv qılmalıdır və istənilən halda yenidən on gün qalmaq niyyətində olmasına gərək yoxdur.

İkinci şərt: On ardıcıl gün ərzində qalacağına dair ciddi qərar qəbul etməlidir

Məsələ 1613. On ardıcıl gün ərzində bir yerdə qalacağına əmin, yaxud arxayın olan müsafir həmin yerdə namazını bütöv qılmalıdır. Ancaq bir yerdə on gün qalıb-qalmayacağına şəkk edən, yaxud orada on gün qalacağını güman edən müsafir hərçənd on gün qalsa da, namazını müxtəsər qılmalıdır.

Məsələ 1614. On gün qalmaq məqsədinin ixtiyari və iradi olması şərt deyil. Buna əsasən, on gün bir yerdə (istər öz iradəsi ilə, istərsə qeyri-ixtiyari olaraq) qalacağını bilən, yaxud buna arxayın olan müsafir namazını bütöv qılmalıdır. Məsələn, həbs edilən və istəyinin əksinə olaraq on gün, yaxud daha artıq həbsdə qalmağa məcbur olan müsafir şəxs namazını bütöv qılmalıdır.

Məsələ 1615. Bir yerdə on gün qalmaq məqsədi olan, lakin məqsədi həyata keçib-keçməyəcəyi məlum olmayan başqa bir işə bağlı olan müsafir namazını müxtəsər qılmalıdır. Buna əsasən, əgər müsafirin məqsədi bir dostu yanına gələcəyi, yaxud yaxşı bir mənzil tapacağı təqdirdə on gün qalmaq, əks təqdirdə isə on gündən tez vətəninə qayıtmaq olarsa və digər tərəfdən də dostunun gələcəyinə, yaxud münasib mənzilin tapılacağına şübhə edirsə, yaxud bunu sadəcə güman edirsə, namazını müxtəsər qılmalıdır. Ancaq dostunun gələcəyinə, yaxud münasib mənzilin tapılacağına əmin, yaxud arxayın olduğu təqdirdə onun on gün qalmaq məqsədi doğru sayılır və namazını bütöv qılmalıdır.

Məsələ 1616. On gün bir yerdə qalmaqda qərarlı olan şəxs xəstəlik, səfər xərclərinin bir qismini ödəmək imkanının olmaması, əmək fəaliyyəti ilə əlaqədar hər hansı bir işinin çıxması kimi onun orada qalmasına əngəl törədən hallarla qarşılaşacağını ehtimal edirsə və bu ehtimal aqil insanların nəzərincə diqqətə layiq bir ehtimaldırsa, hərçənd belə bir əngəllə qarşılaşmasa və orada tam on gün qalsa belə, namazı müxtəsər qılmalıdır.

Məsələ 1617. Əgər müsafir müəyyən bir günədək bir yerdə qalmaq niyyətindədirsə, lakin qalmaq niyyətində olduğu gündən müəyyən edilmiş həmin günədək olan müddətin on gün olub-olmadığını bilmirsə, hərçənd sonradan həmin müddətin on gün olduğu məlum olsa belə, namazını müxtəsər qılmalıdır.

Məsələn, ramazan ayının 21-ci günü sübh azanı vaxtı müqəddəs Məşhəd şəhərinə daxil olan və Fitr bayramının axşamınadək Məşhəddə qalmaq niyyətində olan, lakin ayın 30, yoxsa 29 günlük olduğunu və bu səbəblə Məşhəddə doqquz, yoxsa on gün qalacağını bilməyən bir müsafir hərçənd sonradan ayın otuz günlük olduğu və on gün qalmaq niyyəti ilə qalmağa başladığı gündən ayın sonuncu gününədək müddətin on günə bərabər olduğu məlum olsa belə, namazını müxtəsər qılmalıdır.

Həmçinin, əgər misal olaraq ayın on 14-cü günü sübh azanı çağı Məşhəd şəhərinə daxil olarsa və məqsədi ayın 23-cü günü başa çatdıqdan sonra vətəninə qayıtmaq niyyətində olarsa, ancaq səhvən Məşhəd şəhərinə gəldiyi günün ayın 15-ci olduğunu zənn edirsə, beləliklə, Məşhəddə doqquz gün qalmaq istədiyini düşünürsə, hərçənd sonradan səhvini başa düşsə belə, bu şəxs namazını müxtəsər qılmalıdır.

Məsələ 1618. Əgər müsafir misal olaraq ayın sonuna on gün və ya daha artıq vaxt qaldığını bilirsə və ayın sonunadək bir yerdə qalmağa niyyət edirsə, namazını bötüv qılmalıdır. Lakin əgər ayın sonuna nə qədər qaldığını bilmirsə və ayın sonunadək qalmaq niyyətindədirsə, hərçənd bu niyyətlə qalmağa başladığı gündən ayın sonuncu gününədək on gün çəksə də, namazını müxtəsər qılmalıdır.

Üçüncü şərt: Ümumilikdə on gün qalmaq istədiyi yer bir yer olmalıdır

Məsələ 1619. Bir şəhər, yaxud kənd kimi hər hansı bir yerdə on gün qalmaq istəyən müsafir namazını on günü orada keçirmək istədiyi təqdirdə bütöv qılmalıdır. Beləliklə, əgər insan, məsələn, on günün yeddi gününü Nəcəfdə, üç gününü isə Kufədə qalmaq istəyirsə, onun on gün qalmaq məqsədi doğru sayılmır və namazını hər iki şəhərdə müxtəsər qılmalıdır. Eyni hökm Tehran və Kərəc, yaxud Məşhəd və Şandiz və s. şəhərlərə də şamildir.

Həmçinin, əgər insan iki qonşu kənddə cəmi on gün qalmaq istəyərsə, hərçənd həmin iki kənd bir-birinin tərəxxüs hüdudları daxilində yerləşsə də, namazı müxtəsər qılmalıdır.

Dördüncü şərt: Dördrəkətlik bir əda namazı qılmazdan öncə məqsədindən dönməməlidir

Məsələ 1620. Əgər müsafir bir yerdə on gün qalmaq məqsədindədirsə, dördrəkətlik bir əda namazı qılmamış qalmaq fikrindən əl çəkdiyi, yaxud orada qalıb-qalmamaqda tərəddüd etdiyi təqdirdə namazı müxtəsər qılmalıdır. Lakin əgər dördrəkətlik bir əda namazı qıldıqdan sonra qalmaqdan vaz keçərsə, yaxud tərəddüd edərsə, hərçənd qaldığı müddət on gündən az olsa belə, orada qaldığı müddət ərzində namazı bütöv qılmalıdır.

Məsələ 1621. Bir yerdə on gün qalmaq niyyətində olan müsafir oruc tutarsa və zöhrdən sonra orada qalmaqdan vaz keçərsə, dördrəkətlik bir əda namazı qıldığı təqdirdə orada qaldığı müddət ərzində orucu doğrudur və namazlarını bütöv qılmalıdır. Dördrəkətlik bir əda namazı qılmadığı təqdirdə isə, vacib ehtiyata əsasən, həmin günün orucunu başa çatdırmalı və sonradan onun qəzasını da tutmalıdır, namazlarını müxtəsər qılmalıdır və orada qaldığı sonrakı günlərdə də oruc tuta bilməz.

Məsələ 1622. Bir yerdə on gün qalmaq niyyətində olan müsafir əgər qalmaqdan vaz keçərsə və qalmaq niyyətindən daşınmasının dördrəkətlik bir əda namaz qılmasından sonra, yoxsa öncə olduğunu bilməzsə, namazlarını müxtəsər qılmalıdır.

Məsələ 1623. Bir yerdə on gün qalmaq niyyətində olan müsafir əgər ilk dördrəkətlik əda namazı əsnasında məqsədindən daşınarsa, üçüncü rükətə çatmadığı təqdirdə namazını ikirəkətli namaz kimi tamamlamalı və digər namazlarını da müxtəsər qılmalıdır. Həmçinin, üçüncü rükətə başladığı, ancaq hələ rükuya getmədiyi təqdirdə də oturmalı və namazını müxtəsər namaz kimi sona çatdırmalıdır. Rükuya getdiyi təqdirdə isə, vacib ehtiyata əsasən, namazı batildir və onu yenidən müxtəsər qılmalıdır.

Məsələ 1624. Əgər dostlarının bir yerdə on gün qalmaq istədiyini düşünərək orada on gün qalmağa qərar verərsə və dördrəkətlik bir əda namazı qıldıqdan sonra onların belə bir məqsədi olmadığını başa düşərsə, hərçənd özü də qalmaqdan keçsə belə, orada qaldığı müddət ərzində namazı bütöv qılmalıdır.

Beşinci şərt: Qaldığı yerdən şəri məsafə həddinədək, yaxud daha artıq uzaqlaşmamalı, həmçinin, on gün ərzində şəri məsafə həddindən uzağa getmək məqsədi olmamalıdır

Məsələ 1625. Bir yerdə on gün qalmaq məqsədində olan və bu məqsədi dördrəkətlik bir əda namazı qılması ilə sabitləşən şəxs əgər təsadüfən on gün ərzində şəri məsafəyə gedərək qaldığı yerə qayıdarsa, hərçənd həmin məsafəyə bir saatlıq, yaxud daha az müddətə getsə belə, on gün qalmaq niyyəti pozulur və bundan sonra namazını müxtəsər qılması vacibdir. Lakin yenidən orada on gün qalmağı qərara aldığı, yaxud şəri məsafə uzaqlığında yerləşən yerdə on gün və ya daha artıq qalmaq niyyətində olduğu halda istisna olaraq namazını həmin yerdə bütöv qılmalıdır.

Məsələ 1626. Əgər müsafir bir yerdə on gün qalmaq niyyəti etmək istəyirsə, lakin əvvəldən, dördrəkətli bir əda namazı qılmamış on gün ərzində oradan şəri məsafə uzaqlığında yerləşən bir yerə gedib qayıtmağı qərara almışdırsa, yaxud on gün ərzində oradan şəri məsafə uzaqlığında yerləşən bir yerə gedib qayıdacağına dair məntiqli ehtimal vardırsa, hərçənd on gün ərzində həmin yerə getməsə belə, on gün qalmaq niyyəti sabitləşmir və namazını müxtəsər qılmalıdır.

Məsələ 1627. Əgər müsafir on gündən artıq, məsələn, bir ay hər hansı bir yerdə qalmaq istəyirsə və bu müddətin ilk on günü ərzində qaldığı yeri tərk etməmək niyyətindədirsə, lakin ilk on gündən sonra ikinci, yaxud üçüncü ongünlükdə oradan şəri məsafə uzaqlığında yerləşən bir yerə gedib sonra qaldığı yerə qayıtmaq məqsədi, yaxud ehtimalı varsa, qaldığı yeri tərk edənədək namazını bütöv qılmalı və misal olaraq on beşinci gün qaldığı yerin şəri məsafə uzaqlığında yerləşən başqa bir yerə getdikdə şəri iqamət (şəriətə görə on gün qalmaq) niyyəti pozulur və namazını müxtəsər qılmalıdır. Həmçinin, yenidən qaldığı yerə qayıtdıqda da namazını müxtəsər qılmalıdır. Lakin yenidən on gün qalmaq niyyəti etməsi və həmin yerdə on gün, yaxud daha artıq qalmaq istəməsi istisnadır.

Altıncı şərt: Əvvəldən on gün arasında şəri məsafədən yaxın bir yerə on gün qalmaq niyyəti ilə uzlaşmayan müddət üçün getmək məqsədi olmamalıdır

Məsələ 1628. Bir yerdə on gün qalmaq istəyən müsafir əgər əvvəldən dördrəkətli bir əda namazı qılmamış on gün arasında ürfən başqa bir yer hesab edilən və dörd fərsəxdən az məsafədə yerləşən ətraf məntəqələrdən birinə getmək niyyətində olarsa və əgər oraya gediş-gəliş müddəti ürfən on gün qalmaq niyyəti ilə uzlaşmayacaq qədər -məsələn, bütün bir gün, yaxud bütün bir gecə olarsa, namazı müxtəsər qılmalıdır. Uzlaşdığı -məsələn, hər gün bir-iki saat çəkdiyi- təqdirdə isə namazını bütöv qılmalıdır. Həmçinin, əgər əvvəldən məqsədi, məsələn, zöhr azanından sonra qaldığı yerdən çıxaraq bir qədər sonra qayıtmaq olarsa, hərçənd qayıtma vaxtı qürubdan və gecə düşdükdən bir saat sonra olsa belə, namazı bütöv qılmalıdır. Bu misalda sözügedən müsafir əvvəldən bir neçə dəfə belə etmək niyyətində olarsa, bu hərəkətin iki-üç dəfə təkrarlanmasının eybi yoxdur, ancaq daha artıq təkrarlanması ehtiyat tələb edir və əgər əvvəldən bu hərəkəti ürfən “iki və ya daha artıq yerdə qalır” deyiləcək qədər təkrarlamaq niyyəti olarsa, on gün qalmaq məqsədi doğru sayılmır.

Qeyd etmək lazımdır ki, əgər insan, məsələn, bir ay bir yerdə qalmaq istəyirsə və qalma müddətinin ilk on günü ərzində qaldığı yerdən çıxmamaq, ikinci və üçüncü ongünlükdə isə şəri məsafədən yaxın bir yerə gedib qayıtmaq niyyətindədirsə, hərçənd ikinci və üçüncü ongünlükdə qaldığı yerdən oraya gedib-gəlməsi bir gün, yaxud daha uzun çəksə və bu bir neçə dəfə təkrarlansa da, onun qalmaq məqsədi doğru sayılır və namazını bütöv qılmalıdır.

Məsələ 1629. Bir məntəqədə on gün qalmaq məqsədi olan müsafir əgər dördrəkətlik bir əda namazı qıldıqdan, yaxud hərçənd bir bütöv namaz qılmasa da, on gün qaldıqdan sonra dörd fərsəxdən yaxın məsafədə yerləşən başqa bir məntəqəyə getmək istəyərsə, burada bir neçə vəziyyət təsəvvür edilə bilər:

1) Yenidən əvvəl qaldığı məntəqəyə qayıtmaq və orada on gün, yaxud daha az qalmaq niyyətindədirsə, bu halda ikinci məntəqəyə gedərkən, orada ikən, oradan əvvəl qaldığı məntəqəyə qayıdarkən və qayıtdıqdan sonra namazı bütöv qılmalıdır və bu halda ikinci məntəqədə on gün qalmaq niyyətində olması ilə on gündən az qalmaq istəməsi arasında bir fərq yoxdur.

2) İkinci məntəqədə on gün qalmaq, sonra oradan şəri məsafədən uzaq bir yerə getmək niyyətindədirsə, lakin yenidən əvvəl qaldığı məntəqəyə qayıdırsa və oraya qayıdışı yalnız həmin məntəqənin yolunun üstündə olması ilə əlaqədardırsa, bu halda ikinci məntəqəyə gedərkən və orada namazını bütöv qılmalı, yeni səfərə başladıqdan və ikinci məntəqədən çıxdıqdan sonra isə namazını müxtəsər qılmalıdır. Buna əsasən, belə olan təqdirdə ilk qaldığı məntəqəyə qayıdış yolunda, həmin məntəqədə və ondan sonra səfər əsnasında namazını müxtəsər qılmalıdır.

3) İkinci məntəqədə on gündən az qalmaq, sonra oradan səfərə çıxmaq  niyyətindədirsə, lakin ilk qaldığı yerə qayıdırsa və oraya qayıdışı yalnız həmin məntəqənin yolunun üstündə olması ilə əlaqədardırsa, bu halda ikinci məntəqəyə gedərkən, ikinci məntəqədə, birinci məntəqəyə qayıdış yolunda, birinci məntəqədə və ondan sonra səfər əsnasında namazını müxtəsər qılmalıdır.

Məsələ 1630. Bir yerdə on gün qalmaq niyyətində olan müsafir namazlarını bütöv qılmalı, vacib orucu tutmalıdır, həmçinin, müstəhəb oruc tuta və zöhr, əsr və işa namazlarının nafilələrini qıla bilər.

Üçüncü hal: Bir yerdə tərəddüd vəziyyətində otuz gün qalmaq

Məsələ 1631. Əgər müsafir tərəddüd içində bir yerdə otuz gün qalarsa, məsələn, otuz gün boyunca getmək və ya qalmaq arasında tərəddüd edərsə, otuz gün keçdikdən sonra orada hətta az müddət qalsa belə, namazı bütöv qılmalıdır.[189]

Məsələ 1632. Bir yerdə doqquz gün, yaxud daha az qalmaq istəyən müsafir əgər orada doqquz gün, yaxud daha az qaldıqdan sonra yenə doqquz gün, yaxud daha az qalmaq istəyərsə, bu minvalla otuz gün namazını müxtəsər qılmalı, otuz gün başa çatdıqdan sonra isə hərçənd orada az müddət qalmaq istəsə də, bütöv qılmalıdır.

Məsələ 1633. Müsafir otuz gündən sonra namazını yalnız otuz günü bir yerdə keçirdiyi təqdirdə bütöv qılmalıdır. Beləliklə, əgər otuz günün bir hissəsini bir yerdə, bir hissəsini də başqa bir yerdə keçirərsə, otuz gündən sonra namazını müxtəsər qılmalıdır. Lakin əgər həmin iki yer şəhər və şəhərətrafı kimi şəri məsafədən yaxın olan iki yer olarsa, 1628-ci məsələdə öz əksini tapan izahın bənzəri bu vəziyyətə də şamil olur.

Məsələ 1634. Əgər müsafir tərəddüd içində otuz gün bir yerdə qalarsa, sonra qaldığı yerdən dörd fərsəxdən az məsafəyə getmək qərarına gələrsə, sözügedən şəxs on gün bir yerdə qalmaq məqsədi olan və on gün bir yerdə qalan şəxs kimidir. Buna əsasən, 1629-cu məsələdə izah edilən hökmlər ona da şamil olur.

Müsafirin namazı ilə əlaqədar digər hökmlər

Məsələ 1635. Müsafir Məkkə, Mədinə və Kufə şəhərlərinin hər yerində (hətta bu şəhərlərin genişləndirilmiş hissələrində də), habelə Həzrət Hüseynin (ə) hərəmində müqəddəs qəbrinin ətrafında təqribən 11,5 metr məsafəyədək namazını müxtəsər qıla bildiyi kimi bütöv də qıla bilər. Ancaq İmam Hüseynin (ə) hərəminin və Kərbəla şəhərinin digər hissələrində, vacib ehtiyata əsasən, namazı müxtəsər qılmalıdır.

Məsələ 1636. Müsafir olduğunu və namazı müxtəsər qılmalı olduğunu bilən şəxs əgər qeyd edilən dörd yerdən başqa bir yerdə qəsdən bütöv qılarsa, namazı batildir.

Məsələ 1637. Müsafir olduğunu və namazı müxtəsər qılmalı olduğunu bilən şəxs əgər səhvən (unutqanlıqdan) namazını bütöv qılarsa, namazın vaxtı ərzində səhvini başa düşdüyü təqdirdə həmin namazı yenidən qılmalı, vaxtı keçdikdən sonra başa düşdüyü təqdirdə isə, vacib ehtiyata əsasən, qəzasını qılmalıdır.

Məsələ 1638. Namazını müxtəsər qılmalı olduğunu bilməyən və şəri məsafəyə səfər zamanı namazın müxtəsər qılınması ilə bağlı hökm haqqında məlumatı olmayan, yaxud müxtəsər qılınmasının vacib olduğunu bilməyən müsafir namazını bütöv qılarsa, namazı doğrudur və onu vaxtı ərzində təkrarən qılmaq, yaxud vaxtı keçdikdən sonra qəzasını qılmaq vacib deyil.

Məsələ 1639. Namazı müxtəsər qılmalı olduğunu bilən və namazların səfər əsnasında müxtəsər qılınmasının vacibliyi ilə bağlı hökm haqqında məlumatı olan müsafir əgər müsafir hökmlərinin bəzi xüsusiyyətləri və təfərrüatlarını bilmirsə, məsələn, səkkiz deyil on fərsəxlik məsafəyə səfər zamanı müxtəsər qılmalı olduğunu zənn edirsə, yaxud Məşhəd və Şandiz kimi iki məntəqədə on gün qalmağın namazı bütöv qılmağa səbəb olduğunu zənn edirsə, namazını bu məlumatsızlıq səbəbi ilə bütöv qıldığı və vaxtı başa çatmamış başa düşdüyü təqdirdə, vacib ehtiyata əsasən, onu təkrarən qılmalı, təkrarən qılmadığı təqdirdə də qəzasını qılmalıdır, lakin vaxtı keçdikdən sonra başa düşdüyü təqdirdə qəzasını qılması vacib deyil.

Məsələ 1640. Namazı müxtəsər qılmalı olduğunu bilən müsafir əgər məsələ ilə bağlı hökmü öz vəziyyətinə tətbiq edərkən səhvə yol verdiyinə görə namazı bütöv qılarsa, məsələn, getdiyi yerədək məsafənin səkkiz fərsəxdən az olduğunu zənn edərək həmin səfərdə namazını bütöv qılarsa, namazın vaxtı başa çatmamış səhvini başa düşdüyü, yəni bu misalda getdiyi yerədək məsafənin səkkiz fərsəx, yaxud daha artıq olduğunu başa düşdüyü təqdirdə namazı yenidən müxtəsər namaz kimi qılmalı, namazın vaxtı keçdikdən sonra səhvini başa düşdüyü təqdirdə isə qəzasını qılması vacib deyil.

Məsələ 1641. Əgər müsafir olduğunu unudaraq namazı bütöv qılarsa, yaxud müsafirin namazının müxtəsər olduğunu unudaraq bütöv qılarsa, namazın vaxtı başa çatmamış başa düşdüyü təqdirdə onu müxtəsər qılmalıdır, lakin vaxtı başa çatdıqdan sonra yadına düşdüyü təqdirdə həmin namazın qəzasını qılması vacib deyil.

Məsələ 1642. Namazı bütöv qılmalı olan şəxs müxtəsər qılarsa, istənilən halda namazı batildir. Əlbəttə, bu hökm bir yerdə on gün qalmaq niyyəti olan və məsələ ilə bağlı hökmü bilmədiyinə görə namazı müxtəsər qılan müsafirə, vacib ehtiyata əsasən, şamil olunur.

Məsələ 1643. Əgər dördrəkətli namaz qılarsa və namaz əsnasında müsafir olduğunu xatırlayarsa, yaxud səfər etdiyi məsafənin səkkiz fərsəx olduğunu başa düşərsə, üçüncü rükətin rükusuna getmədiyi təqdirdə namazı ikirəkətli namaz kimi tamamlamalıdır. Üçüncü rükəti başa çatdırdığı təqdirdə namazı batildir, həmçinin, üçüncü rükətin rükusuna getdiyi təqdirdə də namazı, vacib ehtiyata əsasən, batildir və birrükətlik belə vaxt qaldığı halda namazı təkrarən müxtəsər namaz kimi qılmalı, vaxt qalmadığı təqdirdə isə namazın qəzasını müxtəsər namaz kimi qılmalıdır.

Məsələ 1644. Əgər səfər edən şəxs müsafir namazının bəzi xüsusiyyətlərini bilmirsə, məsələn, dörd fərsəxlik yol gedib, qayıdarkən də dörd fərsəx məsafə qət etdikdə namazı müxtəsər qılmalı olduğunu bilmirsə, dördrəkətli namaz niyyəti ilə namaza başladığı və üçüncü rükətin rükusundan öncə məsələni başa düşdüyü təqdirdə namazını ikirəkətli namaz kimi tamamlamalıdır. Üçüncü rükəti başa çatdırdığı təqdirdə namazı batildir, üçüncü rükətin rükusunda başa düşdüyü təqdirdə də, vacib ehtiyata əsasən, namazı batildir və namazın vaxtının başa çatmasına birrükətlik vaxt qaldığı halda onu yenidən müxtəsər namaz kimi qılmalıdır. Ancaq əgər məsələni namazın vaxtı keçdikdən sonra öyrənərsə, həmin namazın qəzasını qılması vacib deyil.

Məsələ 1645. Namazı bütöv qılmalı olan müsafir əgər bu məsələni bilmədiyinə görə ikirəkətli namaz niyyəti ilə namaza başlayarsa və namaz əsnasında məsələni başa düşərsə, namazı dördrəkətli namaz kimi sona çatdırmalı və müstəhəb ehtiyata əsasən, namaz başa çatdıqdan sonra onu təkrarən dördrəkətli namaz kimi qılmalıdır.

Məsələ 1646. Hələ namaz qılmayan müsafir əgər namazın vaxtı başa çatmamış vətəninə, yaxud on gün qalmaq istədiyi bir yerə çatarsa namazı bütöv qılmalıdır. Müsafir olmayan şəxs əgər namazı vaxtının əvvəlində qılmasa və sonra səfərə çıxsa, səfər əsnasında həmin namazı müxtəsər qılmalıdır.

Əlbəttə, müsafir şəxs namazın vaxtı başladıqdan sonra hərçənd vaxt başa çatmamış vətəninə, yaxud on gün qalmaq istədiyi yerə çatacağını bilsə də, onu səfərdə qıla bilər və əgər belə edərsə, vətəninə, yaxud on gün qalmaq istədiyi yerə çatdıqdan sonra namazı yenidən qılmasına gərək yoxdur.

Məsələ 1647. Namazı müxtəsər qılmalı olan müsafirin zöhr, əsr, yaxud işa namazı qəzaya gedərsə, onun qəzasını hərçənd səfərdə olmadığı zaman qılmaq istəsə də, ikirəkətli namaz kimi qılmalıdır. Müsafir olmayan şəxsin bu üç namazından biri qəzaya gedərsə, onun qəzasını hərçənd səfərdə ikən qılmaq istəsə də, dördrəkətli namaz kimi qılmalıdır.

Məsələ 1648. Müsafirin müxtəsər namazların hər birindən sonra otuz dəfə “Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər” deməsi müstəhəbdir. Müsafir olan və olmayanlar üçün hər bir vacib namazdan sonra deyilməsi müstəhəb olan bu zikri müsafirin müxtəsər qıldığı zöhr, əsr və işa namazlarından sonra oxuması daha çox tövsiyə edilir. Hətta daha yaxşı olar ki, müsafir bu üç namazdan sonra sözügedən şərif zikri altmış dəfə desin.


[177] Qeyd etmək lazımdır ki, bu hökm təlfiqi məsafədə on gün qalmaq, yaxud vətəndən keçmək və vətəndə dayanmaq kimi səfəri pozan halların baş vermədiyi məqamlara aiddir. Lakin əgər səfəri pozan hallardan biri baş verərsə, gediş, yaxud qayıdış yolunda insanın namazı o halda müxtəsər olur ki, təkcə gediş yolu, yaxud təkcə qayıdış yolu səkkiz fərsəx olsun. Bu hökmün təfsilatı dördüncü şərt zəminində 1564-cü məsələdə izah ediləcəkdir.
[178] Səfəri pozan hallar qarşıda müfəssəl surətdə izah ediləcəkdir.
[179] Məsələn, əgər bir şəxs öz vətənindən dörd fərsəxlik məsafədə yerləşən bir yerə gedərək on gün orada qalmaq, sonra vətəninə qayıtmaq istəyirsə, bu şəxs, hərçənd təlfiqi səkkiz fərsəx məsafəsini qət etmək niyyətində olsa da, gediş və qayıdış yolunda da namazını bütöv qılmalıdır. Ancaq əgər bir şəxs vətənindən səkkiz fərsəxlik məsafədə yerləşən bir yerə getmək və orada on gün qaldıqdan sonra vətəninə qayıtmaq istəyərsə, bu şəxs gediş və qayıdış yolunda namazını müxtəsər qılmalıdır. Həmçinin, əgər bir şəxs vətənindən yeddi fərsəxlik məsafədə yerləşən bir yerə getmək və orada on gün qaldıqdan sonra doqquz fərsəx uzunluğunda olan başqa bir yolla vətəninə qayıtmaq istəyərsə, bu şəxs gediş yolunda namazını bütöv, qayıdış yolunda isə müxtəsər qılmalıdır. Fərz edilən bütün bu hallarda insan on gün qalacağı yerdə namazını bütöv qılmalıdır.
[180] Gediş yolu minimum 22 km-ə bərabər olan məsafəyə. Tərc.
[181] İşi səfər etməyi tələb edən, yaxud əmək fəaliyyətindən başqa bir iş üçün tez-tez səfər edən şəxsin “kəsirüs-səfər” (çox səfər edən şəxs) sayılmasında nəzərə alınan meyar səfər etməyin ürfən (insanların nəzərində) həmin şəxsin adəti sayılmasından ibarət olan ürfi bir məsələdir və bu mənanın doğrulması onun səfərlərinin, yaxud səfərdə olduğu günlərin sayının çox olmasına bağlıdır. Burada onun səfərlərinin, yaxud səfərdə olduğu günlərin sayının müəyyən davamiyyətə malik olan qrafiklərə uyğunluğu nəzərə alınır. Bu qrafiklərin minimumu bir ilin altı ayı ərzində 60 gün səfərdə olmaq, yaxud 60 dəfə səfərə çıxmaq və ya iki, yaxud daha artıq ardıcıl il ərzində hər il üç ay səfərdə olmaqdır. Buna əsasən, aşağıdakı cədvəldə örnək olaraq bir neçə hal qeyd edilir və insanlar ürfün nəzərini ayırd etmək üçün hazırlanan bu cədvəldən ürflə əlaqədar tərəddüd hallarında yardım ala bilər. Digər hallarla bağlı hökm də cədvəldə qeyd edilən hallarla müqayisə əsasında aydın olur. Məsələn, aşağıdakı cədvəlin üçüncü sırasına əsasən, bir ilin ən azı 6 ayında, yaxud iki ardıcıl ilin hər birinin üç ayında səfərə çıxmaq və bir ayın 8 gününü səfərdə olmaq, yaxud bir ayda 8 dəfə səfər etmək, sonrakı ay isə 12 gün səfərdə olmaq, yaxud 12 dəfə səfərə gedib-gəlmək istəyən, belə ki, bu müddət ərzində səfərdə olduğu günlərin ümumi sayı minimum 60 gün olan, yaxud gediş-gəlişlərinin ümumi sayı 60 ayrı gündə 60 səfər olan şəxs “çox səfər edən” hesab edilir və namazını bütöv qılmalıdır. Bənzər hallarla bağlı hökm də belədir.
Qeyd etmək lazımdır ki, aşağıdakı cədvəldəki bəzi hallarda “çox səfər etmə” özəlliyinin gerçəkləşməsi şübhə doğurur və həmin hallarda ehtiyatın tələbinə riayət edilməlidir.
“Çox səfər edən” insanlarla əlaqədar cədvəl:
sıraümumi müddətay ərzində günlərin, yaxud səfərlərin sayıçox səfər edən hökmü
1bir ilin altı ayı, yaxud iki və ya daha artıq ilin hər birinin üç ayı ərzində10 gün və daha artıqSayılır
2bir ay 9, sonrakı ay 11 günSayılır
3bir ay 8, sonrakı ay 12 günSayılır
4bir ay 7, sonrakı ay 13 günSayılır
5bir ay 6, sonrakı ay 14 günİşkallıdır.
6bir ay 5, sonrakı ay 15 günişkallıdır
7bir ay 4, sonrakı ay 16 günSayılmır
8hər ay 8, yaxud 9 günİşkallıdır
9hər ay 7 günSayılmır
10bir ilin 5 ayı, yaxud 2 və artıq ilin hər birinin 2,5 ayı10 gün və daha artıqİşkallıdır
119 gün və daha azSayılmır
12bir ilin 4 ayı, yaxud 2 və artıq ilin hər birinin 2  ayı12 gün və daha artıqİşkallıdır
1311 gün və daha azSayılmır
14bir ilin 3 ayı, yaxud 2 və artıq ilin hər birinin 1,5 ayı15 gün və daha artıqİşkallıdır
1514 gün və daha azSayılmır
16bir ilin 2 ayı, yaxud 2 və artıq ilin hər birinin 1 ayıBir neçə gün olsasayılmır
[182] “Kəsirüs-səfər” (çox səfər edən şəxs) olmağın meyarı 1583-cü məsələdə izah edilmişdir.
[183] 1581-ci məsələnin I qrupuna daxil olması nəzərdə tutulur.
[184] “Kəsirüs-səfər” (çox səfər edən şəxs) olmağın meyarı 1583-cü məsələdə izah edilmişdir.
[185] Zəif, yaxud güclüdürsə. Tərc.
[186] Yəni namaz vaxtının son dəqiqələrində şəraitinə görə namazını bütöv qılmalı olan şəxs onun qəzasını da bütöv qılmalı, müxtəsər qılmalı olan şəxs isə qəzasını da müxtəsər qılmalıdır. Tərc.
[187] Bir yerin müvəqqəti vətən sayılması üçün nəzərə alınmalı olan məqamlar aşağıdakılardır:
a)   İnsanın həmin yaşayış yerində qaldığı müddət az olmamalıdır. Məsələn, bir şəxs bir neçə il ərzində hər gün yalnız üç, yaxud dörd saat bir yerdə qalmaq niyyətindədirsə, bu müddət həmin yerin onun müvəqqəti vətəni hesab edilməsi üçün kifayət etmir.
b) Tələb olunan müddət uzun zaman fasiləsi ilə bölünməməlidir.
c)   Gün ərzində saatların və ay ərzində günlərin sayı artdıqca bir yerin müvəqqəti vətən və yaşayış yeri olması üçün daha az müddət tələb olunur. Həmçinin, gün ərzində saatların və ay ərzində günlərin sayı azaldıqca bir yerin müvəqqəti vətən və yaşayış yeri olması üçün daha çox müddət tələb olunur.
Buna əsasən, aşağıdakı cədvəldə bir sıra hallar nümunə olaraq verilmişdir və insanlar ürfün baxşı ilə bağlı tərəddüdə düşdükləri hallarda ürfün nəzərini müəyyən etmək üçün tərtib edilmiş bu cədvəldən yardım ala bilərlər. Digər vəziyyətlərlə bağlı hökm də cədvəldə öz əksini tapan hallarla müqayisə əsasında aydın olur.
Məsələn, əgər bir tələbə üç il ərzində bir şəhərdə təhsil alarsa və hər ay 15 gün bir neçə saatlıq deyil, bütün sutka ərzində həmin şəhərdə, digər 15 gün isə öz vətənində qalarsa, aşağıdakı cədvəlin 2-ci sırasında öz əksini tapdığı kimi sözügedən şəhər onun müvəqqəti vətəni hesab edilir.
Qeyd etmək lazımdır ki, aşağıdakı cədvəldə yer verilən bəzi hallarda nəzərdə tutulan yerin müvvəqəti vətən və yaşayış yeri sayılması şübhə doğurur və həmin hallarda ehtiyatın tələbinə əməl edilməlidir.
Müvəqqəti vətən və yaşayış yeri ilə əlaqədar cədvəl:
sıragün ərzində saatların sayıay ərzində günlərin sayıillərin sayımüvəqqəti vətən
124 saat22-30 gün1,5 ilsayılır
224 saat15 gün3 ilsayılır
324 saat7-8 gün4 ilsayılır
424 saat6 gün5 il və daha azsayılmır
524 saat6 gün5 ildən artıqehtiyat lazımdır
624 saat4 gün7 il və daha azsayılmır
724 saat4 gün7 ildən artıqehtiyat lazımdır
812 saat22 gün3 ilsayılır
912 saat15 gün5 ilsayılır
1012 saat6 gün7 il və daha azsayılmır
1112 saat6 gün7 ildən artıqehtiyat lazımdır
128 saat20 gün4 ilsayılır
136 saat22 gün4 ilsayılır
143-4 saat30 günqeyri-müəyyən müddət ərzindəsayılmır
[188] Qeyd etmək lazımdır ki, əgər müvəqqəti yaşayış yerinə gedişlə vətənə qayıdış arasındakı zaman fasiləsi 2, yaxud 3 gün olarsa, gediş və qayıdış ürfən bir səfər hesab edilir. Əgər 5 gün olarsa, gediş və qayıdış ürfən iki ayrı səfər hesab edilir. Əgər 4 dörd gün olarsa, ehtiyatın tələbinə riayət etmək lazımdır. Məsələn, dörd il müddətinə bir şəhəri təhsil, yaxud işi üçün özünə müvəqqəti yaşayış yeri seçmək istəyən bir tələbə, yaxud müəllim hər ay 8 dəfə səhərlər oraya gedərək axşamüstü qayıdır və ayda bir dəfə də 5 gün orada qalır. Belə ki, onun gedişi ilə qayıdışı arasında zaman fasiləsi 5 gün olur. Bu isə ürfən iki ayrı səfər hesab edilir. Beləliklə, onun ay ərzindəki səfərlərinin sayı 10 olur. Nəticə etibarilə o, həm yolda, həm də müvəqqəti yaşayış yerində namazını bütöv qılmalıdır.
[189] Otuz günün hesablanma qaydası 1611-ci məsələdə izah edilən on günün hesablanma qaydası kimidir.
Qəza namazı → ← Unudulmuş səcdə və təşəhhüdün qəzası
العربية فارسی اردو English Azərbaycan Türkçe Français