ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

Camaat namazı → ← Qəza namazı

Atanın (böyük oğula vacib olan) qəza namazı

Məsələ 1663. Əgər ata namazını qılmazsa, qeyd ediləcək şərtlər daxilində ehtiyata əsasən, böyük oğula vacibdir ki, onun vəfatından sonra həmin namazı qılsın, yaxud onun üçün əcir (muzdlu) tutsun.

Atanın qəza namazının böyük oğula vacib olmasının şərtləri

Birinci şərt: Atanın namazı üzürlü səbəbdən qılmaması

Məsələ 1664. Atanın qəza namazı böyük oğula o halda ehtiyata əsasən vacib olur ki, ata onu üzürlü səbəbdən, məsələn, unutduğuna, yaxud yatıb qaldığına görə qılmamışdır və ya qıldığı namazlar hər hansı bir məsələ ilə bağlı məlumatsızlıq səbəbi ilə şəriətə görə batil sayılır. Bu, onun həmin məsələni öyrənməkdə səhlənkarlığa yol vermədiyi (qasir cahil olduğu) hala aiddir. Ancaq bəzi namazlarını qəsdən qılmadığı, yaxud öyrənməkdə səhlənkarlığa yol verdiyi bir məsələni bilmədiyinə görə namazı batil olduğu təqdirdə onun qəzası böyük oğula vacib deyil.

İkinci şərt: Atanın sağlığında namazın qəzasını qılmağa qadir olması

Məsələ 1665. Əgər ata namazın qəzasını (hərçənd, ayaq üstə namaz qıla bilməyən şəxsin oturaq, yaxud uzanmış vəziyyətdə namaz qılması kimi zərurət halları üçün nəzərdə tutulmuş qaydada qılmaq surəti ilə olsa belə) qılmağa qadir deyildisə və elə həmin halda vəfat etmişdirsə, onun qəzası böyük oğula vacib deyil.[193]

Üçüncü şərt: Atanın onun üçün əcir tutmağı vəsiyyət etməməsi

Məsələ 1666. Əgər dünyasını dəyişən şəxs namazının (qəzasının) qılınması üçün əcir tutulmasını vəsiyyət edərsə, vəsiyyəti doğru sayıldığı, məsələn, bunun üçün əmlakının üçdə birindən istifadə etməyi vəsiyyət etdiyi təqdirdə böyük oğula qəza namazını qılmaq vacib deyil, onun vəsiyyətinə uyğun olaraq qəza namazlarını qılmaq üçün əcir tutmaq vacibdir.

Dördüncü şərt: Böyük oğulun atanın vəfatı zamanı dəli, yaxud həddi-buluğa çatmamış şəxs olmaması

Məsələ 1667. Əgər böyük oğul atasının vəfatı zamanı həddi-büluğa çatmamış şəxs, yaxud dəli olarsa, həddi-büluğa çatdıqda, yaxud əqli sağlamlığı bərpa olduqda atasının namazının qəzasını qılması vacib deyil.

Beşinci şərt: Böyük oğulun şəriətə görə varislik hüququndan məhrum olmaması

Məsələ 1668. Əgər böyük oğul atasını qətlə yetirmək kimi mirasdan məhrum olma səbəblərindən biri ilə əlaqədar olaraq şəriətə görə miras payı əldə etmirsə, onun atasının qəza namazlarını qılması vacib deyil.

Altıncı şərt: Böyük oğulun məlum olması

Məsələ 1669. Əgər böyük oğulun hansı şəxs olduğu məlum deyilsə, atanın namazının qəzası oğullardan heç birinə vacib deyil. Lakin müstəhəb ehtiyat onun namazları öz aralarında bölüşdürmələrini, yaxud onların qılınması üçün püşk atmalarını tələb edir.

Məsələ 1670. Böyük oğul deyərkən atanın vəfatı zamanı sağ olan ən böyük oğul nəzərdə tutulur. Buna əsasən, misal üçün iki oğlu olan, ancaq böyük oğlunu sağlığında itirən bir ata vəfat edərkən sağ olan digər oğlu böyük oğul hesab edilir.

Atanın qəza namazı ilə əlaqədar digər hökmlər

Məsələ 1671. Əgər böyük oğul atasının qəza namazı olub-olmadığına şəkk edirsə, ona heç nə vacib deyil.

Məsələ 1672. Əgər böyük oğul atasının qəza namazı olduğunu bilirsə, ancaq onu qılıb-qılmadığına şəkk edirsə (digər şərtlər də mövcud olduğu təqdirdə), ehtiyata əsasən, həmin namazın qəzasını qılması vacibdir.

Məsələ 1673. Atanın qəza namazlarının böyük oğula vacib olması hökmü yövmiyyə (sutka ərzində beş vaxtda qılınan) namazlarla məhdudlaşmır, ayat namazı, təvaf namazı kimi sağlığında ona vacib olan digər namazlara da şamildir. Ancaq ataya nəzirlə əlaqədar olaraq vacib olan hər hansı bir müstəhəb namazın, həmçinin, ataya əcir tutulması və ya digər hallarla əlaqədar olaraq vacib olan başqa bir şəxsin qəza namazının qılınması böyük oğula vacib deyil.

Məsələ 1674. Əgər böyük oğul atasının qəza namazını qılmamış vəfat edərsə, ikinci oğula vacib olan bir şey yoxdur.

Məsələ 1675. Atasının qəza namazlarını qılan böyük oğul namazda şəkk və səhv məsələlərində, habelə, onun hissələri və şərtləri xüsusunda öz vəzifəsinə (təqlid etdiyi müctəhidin nəzərinə) uyğun qaydada hərəkət etməlidir. Hətta atanın namazlarının qəzasının qılınmasının vacib olub-olmaması məsələsinin özü ilə bağlı da hökm belədir.

Məsələ 1676. Ananın namazlarının qəzası böyük oğula vacib deyil. Hərçənd, müstəhəb ehtiyat böyük oğulun ananın qəza namazlarını da atanın qəza namazları üçün izah edilən qaydada qılmasını, yaxud bunun üçün əcir tutmasını tələb edir.

Məsələ 1677. Əgər böyük ananın qəza namazını qılmaq istəyərsə, Həmd və surənin uca, yaxud ahəstə səslə oxumaq məsələsində öz vəzifəsinə uyğun hərəkət edərək anasının sübh, zöhr və işa namazlarının Həmd və surəsini uca səslə oxumalıdır.


[193] Sübh namazını yatıb qalaraq qəzaya verməsini və gün çıxdıqdan sonra elə yuxuda dünyasını dəyişməsini buna misal göstərmək olar.
Camaat namazı → ← Qəza namazı
العربية فارسی اردو English Azərbaycan Türkçe Français