ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

CÜMƏ NAMAZI → ← Atanın (böyük oğula vacib olan) qəza namazı

Camaat namazı

Camaat namazı ilə əlaqədar hökmlər

Məsələ 1678. İnsanın gündəlik namazları camaatla qılması müstəhəbdir. Mötəbər hədislərdə deyilir ki, camaatla qılınan namaz fərdi qaydada qılınan namazdan iyirmi beş qat daha fəzilətlidir. Sübh, məğrib və işa namazlarının camaatla qılınması, xüsusən, məscidin qonşuluğunda yaşayan və məscidin azan səsini eşidən şəxs üçün daha çox tövsiyə edilmişdir. Həmçinin, digər vacib namazların da camaatla qılınması müstəhəbdir. Lakin vacib ehtiyata əsasən, təvaf namazı və Günəş və Ay tutulması istisna olmaqla digər səbəblərlə əlaqədar olaraq qılınan ayat namazının camaatla qılınması doğru deyil.

Məsələ 1679. İnsanın namazı camaatla qılmaq üçün bir qədər gözləməsi müstəhəbdir. Camaatla qılınan qısa namaz fərdi qaydada qılınan  uzun namazdan daha üstündür. Həmçinin, camaat namazı vaxtın başlanğıcında fərdi qaydada (yəni təkbaşına) qılınan namazdan daha üstündür. Ancaq fəzilət vaxtından başqa vaxt qılınan camaat namazının fəzilət vaxtında qılınan fərdi namazdan üstün olması məlum deyil.

Məsələ 1680. Etinasızlıq səbəbi ilə camaat namazında iştirak etməmək caiz deyil və insana üzürlü səbəb olmadan camaat namazını tərk etmək yaraşmır.

Məsələ 1681. Əgər imam, yaxud məmum camaatla qıldığı namazı təkrarən camaatla qılmaq istəyərsə, hərçənd müstəhəbliyi sabit olmasa da, həmin namazın rəcaən (savab ümidi ilə) yenidən qılınmasına bir əngəl yoxdur. Vacib namazını qılmayan məmumun namazını ikinci dəfə qılan imama qoşulmasına da rəcaən əngəl yoxdur. Lakin vacib ehtiyata əsasən, məmum bu namazla kifayətlənə bilməz.

Məsələ 1682. Namazda onun batil olmasına səbəb olacaq qədər vasvasılıq edən və yalnız namazını camaatla qıldığı təqdirdə vasvasılıqdan yaxa qurtaran şəxs namazı camaatla qılmalıdır.[194]

Məsələ 1683. Əgər ata, yaxud ana övladından namazı camaatla qılmağı tələb edirsə, müstəhəb ehtiyata əsasən, namazı camaatla qılmalıdır. Əlbəttə, əgər valideynin tələbi və qadağası övlada qarşı qayğısından irəli gəlirsə və buna qarşı çıxmaq onların narahatçılığına səbəb olarsa, övladın qarşı çıxması haramdır.

Məsələ 1684. Camaat namazı təşkil olunduqda müstəhəbdir ki, namazını fərdi qaydada qılan şəxs onu yenidən camaatla qılsın və əgər o, sonradan birinci namazının batil olduğunu başa düşərsə, ikinci namazı kifayətdir.

Məsələ 1685. İmam gündəlik namazı qılarkən gündəlik namazların istənilən birini ona qoşularaq qılmaq olar.

Məsələ 1686. Əgər imam özünün, yaxud başqa bir şəxsin qəzaya getməsi dəqiq olan gündəlik namazını qılırsa, ona qoşulmaq olar. Lakin əgər özünün, yaxud başqa bir şəxsin namazını ehtiyatən qılırsa, vacib ehtiyata əsasən, ona qoşulmaq caiz deyil. Lakin məmumun da namazını ehtiyatən qılması və imamın ehtiyat səbəbinin məmumun da ehtiyat səbəbi olması, məsələn, hər ikisinin birgə qıldıqları bir namazda, yaxud əvvəlki namazlarda qiblə xüsusunda səhvə yol verməsi ehtimalı ilə əlaqədar olaraq onları təkrarən qılması və ya birlikdə namaz qıldıqları yerin qəsb edilmiş yer olması ehtimalı ilə əlaqədar olaraq həmin namazı yenidən qılması kimi hallar istisnadır. Qeyd etmək lazımdır ki, əgər məmumun ehtiyatı üçün imamın ehtiyat səbəbi ilə yanaşı başqa səbəb, yaxud səbəblər də olarsa, yenə də bu namazda ona qoşula bilər.

Məsələ 1687. İnsan əvvəldən müstəhəb olan bir müstəhəb namazı camaatla qıla bilməz (əlbəttə, bu hökm bəzi hallarda vacib ehtiyata əsaslanır). Lakin yağış yağması üçün qılınan istisqa namazını camaatla qılmaq olar. Həmçinin, vacib olub müəyyən bir səbəbdən müstəhəbləşən namazı camaatla qılmaq olar. Məsələn, imamın insanların arasında olduğu dövrdə vacib olan və onun qaib olmasına görə müstəhəbləşən fitr və qurban bayramı namazları bu qəbildəndir.

Məsələ 1688. Əgər insan imamın qıldığı namazın gündəlik, yoxsa müstəhəb namaz olduğunu bilmirsə, ona qoşula bilməz.

Qiraət və zikrlərin məmum tərəfindən oxunması ilə əlaqədar hökmlər

Məsələ 1689. Məmum Həmd və surə istisna olmaqla[195]
namazın digər zikrlərini özü oxumalıdır.

Məsələ 1690. Məmum sübh, məğrib və işa namazlarının birinci və ikinci rükətlərində Həmd və surənin qiraəti zamanı imamın səsini eşidirsə, hərçənd sözləri ayırd edə bilməsə də, Həmd və surəni oxumamalıdır. Əgər imamın səsini eşitmirsə, Həmd və surəni oxuması müstəhəbdir. Lakin gərək ahəstə səslə oxusun. Hətta “Bismillahir-rəhmanir-rəhim”ini də, vacib ehtiyata əsasən, ahəstə səslə oxumalıdır. Səhvən, yaxud bu məsələni bilmədiyinə görə uca səslə oxuyarsa, namazı doğrudur.

Məsələ 1691. Əgər məmum imamın oxuduğu Həmd və surənin bəzi sözlərini eşidirsə, eşitmədiyi hissəni özü oxuya bilər.

Məsələ 1692. Əgər məmum səhvən Həmd və surəni oxuyarsa, yaxud eşitdiyi səsin imamın səsi olmadığını zənn edərək Həmd və surəni oxuyarsa və sonradan imamın səsi olduğunu başa düşərsə, namazı doğrudur.

Məsələ 1693. Əgər məmum imamın səsini eşidib-eşitmədiyinə şəkk edirsə, yaxud bir səs eşidirsə və onun imamın, yoxsa başqa bir şəxsin səsi olduğunu bilmirsə, Həmd və surəni oxuya bilər.

Məsələ 1694. Məmum zöhr və əsr namazlarının birinci və ikinci rükətlərində, vacib ehtiyata əsasən, Həmd və surəni oxumamalıdır və onların yerinə zikr deməsi müstəhəbdir.

Camaat namazının doğru olmasının şərtləri

Camaat namazının doğru olmasının qarşıdakı məsələlərdə izah ediləcək on bir şərti vardır:

Birinci şərt: Məmumun imama qoşulmaq niyyəti olmalıdır

Məsələ 1695. Əgər məmumun imama qoşulmaqda məqsədi uca Allaha yaxınlaşmaq olarsa, kafidir. Ancaq əgər onun imama qoşulması vəsvəsədən qurtulmaq, yaxud namazın qılınmasının onun üçün asan olması kimi başqa bir məqsəddən irəli gəlirsə, bu məqsəddə də Allaha yaxınlaşmaq niyyəti olduğu təqdirdə camaata qoşulması doğrudur. Lakin bu məqsəddə Allaha yaxınlaşmaq niyyətinin olmadığı təqdirdə, vacib ehtiyata əsasən, camaatla qıldığı namazı doğru deyil.

İkinci şərt: İmam və məmum arasında, həmçinin, məmum və onunla imam arasında vasitə olan digər məmum arasında maneə olmamalıdır

Məsələ 1696. Camaat namazının  doğruluğunun ikinci şərtində nəzərdə tutulan maneə onları bir-birindən ayıran hər hansı bir şeydir. İstər bu maneə pərdə, divar və bu qəbildən olan şeylər kimi onların bir-birini görməsinə əngəl olsun, istərsə şəffaf və rəngsiz şüşə kimi əngəl olmasın. Beləliklə, əgər namazın bütün, yaxud bəzi hallarında imam və məmum, yaxud məmum və onunla imam arasında qoşulma vasitəsi olan digər məmum arasında belə bir maneə olarsa, camaat namazı batil olacaqdır. Qadınlar sonrakı məsələdə qeyd ediləcəyi kimi bu hökmdə istisna təşkil edir.

Məsələ 1697. Əgər imam kişi, məmum isə qadın olarsa, həmin qadın və imam arasında, yaxud həmin qadın və onun imama qoşulma vasitəsi olan digər bir kişi məmum arasında şüşə və bu qəbildən olan bir maneə olarsa, namaza xələl gəlmir. Lakin qadınlardan ibarət cərgələr arasında, həmçinin, imam və məmumun hər ikisinin qadın olduğu halda maneənin mövcudluğu ilə əlaqədar hökmlər eynilə kişilərin camaat namazında maneənin varlığı ilə əlaqədar hökmlər kimidir.

Məsələ 1698. Əgər namaza başladıqdan sonra məmum və imam arasında, yaxud məmum və onun imama qoşulmasına vasitə olan şəxs arasında pərdə asılarsa, yaxud başqa bir maneə yaranarsa, camaat namazı batil olur və məmum təkbaşına namaz qılan şəxsin vəzifəsinə uyğun hərəkət etməlidir. Əlbəttə, artıq qeyd edildiyi kimi qadın bu hökmdə istisna təşkil edir.

Məsələ 1699. Əgər hər hansı bir maneənin mövcudluğu deyil, birinci cərgənin uzun olması səbəbi ilə cərgənin iki tərəfində duran şəxslər imamı görmürlərsə, ona qoşula bilərlər. Həmçinin, əgər digər cərgələrin də hər hansı birinin uzun olması səbəbi ilə onun iki tərəfində duran şəxslər qarşılarındakı cərgəni görə bilmirlərsə, qoşula bilərlər.

Məsələ 1700. Əgər camaat namazının cərgələri məscidin açıq olan qapısınadək çatarsa, qapının astanasında və bir cərgənin arxasında duran, özü ilə məscidin içində olan qarşısındakı cərgə arasında maneə olmayan məmumun, həmçinin, onun arxasında qoşulanların camaat namazı doğrudur. Hətta məscidin qapısından çöldə təşkil olunan cərgənin iki tərəfində duran və başqa bir məmum vasitəsi ilə camaata qoşulanların da camaat namazı, hərçənd öz qarşılarındakı məscidin daxilində olan cərgənin fərdlərindən heç birini aralarındakı maneəyə (məscidin divarına) görə bilməsələr də, doğrudur. Ümumiyyətlə, camaat namazının doğru olması üçün məmumun önündəki cərgədən ən azı bir nəfəri görməsi şərt deyil və qoşulma kifayətdir.

Məsələ 1701. Sütünün arxasında duran şəxs əgər sağ, yaxud sol tərəfdən başqa bir məmum vasitəsi ilə imama qoşulmuş vəziyyətdə deyilsə, camaat namazında iştirak edə bilməz. Lakin sağ, yaxud sol tərəfdən imama qoşulduğu təqdirdə hərçənd qarşısındakı cərgənin məmumlarından heç birini görə bilməsə də, iştirak edə bilər.

Üçüncü şərt: İmamın durduğu yer məmumun yerindən hündür olmamalıdır

Məsələ 1702. Əgər imamın durduğu yer məmumun durduğu yerdən cüzi hündür olarsa, namaza xələl gəlmir. Həmçinin, əgər yer kələ-kötür olarsa və imam hündür olan tərəfdə durarsa, yerin kələ-kötürlüyü həddən ziyadə olmadığı və hamar yer deyilə biləcək bir yer olduğu halda maneəsi yoxdur.

Məsələ 1703. Əgər məmumun yeri imamın yerindən hündür olarsa, namaza xələl gəlmir. Lakin əgər “camaat halında toplaşmışlar” deyilməyəcək qədər hündür olarsa, camaat namazı doğru deyil.

Dördüncü şərt: Məmum imamdan qabaqda durmamalıdır

Məsələ 1704. Məmum kişi və ya qadın, yaxud bir və ya bir neçə nəfər olmasından asılı olmayaraq, imamdan öndə durmamalıdır. Hətta əgər camaat namazında birdən artıq sayda kişi məmum iştirak edirsə, vacib ehtiyata əsasən, imamın arxasında durmalıdırlar. Lakin əgər kişi məmum bir nəfər olarsa, imamla eyni sırada durması namaza xələl gətirmir və müstəhəb ehtiyata əsasən, onun rüku, səcdə və oturma yeri də imamınkından öndə olmamalıdır.

Məsələ 1705. Əgər məmum qadın, imam isə kişi olarsa, vacib ehtiyata əsasən, qadın məmum imamdan arxada durmalıdır və bu məsafə fərqi ən azı o qədər olmalıdır ki, onun səcdə yeri imamın dizlərinin səcdə halında dəydiyi yerə paralel düşməlidir. Müstəhəb ehtiyatın tələbi isə budur ki, qadının səcdə yeri imamın durduğu yerin tamamilə arxasına düşəcək şəkildə arxada olmalıdır. Həmçinin, əgər qadın məmumun imama qoşulma vasitəsi kişi məmumdursa, vacib ehtiyata əsasən, qadın məmum ən azı səcdə yeri kişi məmumun dizlərinin səcdə halında dəydiyi yerə paralel düşəcək qədər ondan arxada durmalıdır. Müstəhəb ehtiyatın tələbi isə budur ki, qadının səcdə yeri kişi məmumun durduğu yerin tamamilə arxasına düşəcək şəkildə ondan arxada olmalıdır.

Məsələ 1706. Əgər imam və məmumun hər ikisi qadın olarsa, vacib ehtiyata əsasən, imam və birinci cərgənin məmumları bir sıra durmalı və imam başqalarından öndə durmamalıdır.

Məsələ 1707. Əgər məmum bir kişi olarsa, imamın sağ tərəfində durması müstəhəbdir. Əgər bir qadın olarsa, yenə də imamın sağında durması müstəhəbdir, lakin lazım ehtiyata əsasən, imamdan ən azı səcdə yeri onun dizlərinin səcdə halında dəydiyi yerə paralel düşəcək qədər arxada durmalıdır. Müstəhəb ehtiyatın tələbi isə budur ki, qadının səcdə yeri imamın durduğu yerin tamamilə arxasına düşəcək şəkildə arxada olmalıdır.

Məsələ 1708. Əgər məmumlar bir kişi və bir qadın, yaxud bir kişi və bir neçə qadın olarsa, müstəhəbdir ki, kişi imamın sağ tərəfində, qadın, yaxud qadınlar isə imamın arxasında dursun. Ehtiyata əsasən, qadın məmumların imamdan ən azı əvvəlki məsələdə izah edilən qədər arxada durması lazımdır.

Məsələ 1709. Əgər məmumlar bir neçə kişi və bir, yaxud bir neçə qadın olarsa, müstəhəbdir ki, kişilər imamın arxasında, qadınlar da kişilərin arxasında dursunlar və qadının, yaxud qadınların imamdan ehtiyata əsasən, azı nə qədər arxada durmalı olması 1707-ci məsələdə izah edilmişdir.

Beşinci şərt: Camaat namazının cərgələri arasında qoşulma qaydasında olmalıdır

Məsələ 1710. Camaat namazında məmumla imam arasındakı məsafə insanların nəzərincə çox olmamalıdır. Hətta vacib ehtiyata əsasən, məmumun səcdə yeri ilə imamın durduğu yer arasında ən iri normal addımdan[196]
artıq məsafə olmamalıdır. Bu hökm insanın qarşısında duran və vasitəsi ilə imama qoşulduğu məmumla arasındakı məsafəyə də şamildir. Müstəhəb ehtiyata əsasən, məmumun durduğu yer ilə imamın, yaxud qarşısındakı şəxsin durduğu yer arasında insanın səcdə halındakı boy ölçüsündən artıq məsafə olmamalıdır.

Məsələ 1711. Əgər məmum ön tərəfdən imama qoşulmamışdırsa, lakin sağ, yaxud sol tərəfində camaat namazında iştirak edən bir şəxs vasitəsilə imama qoşulmuşdursa, məmum və onun imama qoşulmasına vasitə olan şəxs arasındakı məsafə insanların nəzərincə çox olmamalıdır. Hətta, lazım ehtiyata əsasən, onun sağ, yaxud sol tərəfində camaata qoşulmuş şəxslə arasında ən iri normal addımdan artıq məsafə olmamalıdır.

Məsələ 1712. Əgər məmum digər məmumlar vasitəsi ilə imama qoşulmaq istəyirsə, imama özünün ön, sağ və sol tərəfindəki məmumlar vasitəsilə qoşulması mümkündür, lakin öz arxasındakı məmum vasitəsilə qoşula bilməz. Həmçinin, məmumun üç tərəfdən (ön, sağ və sol tərəflərdən) imama qoşulmasına gərək yoxdur, bir tərəfdən qoşulma kifayətdir.

Məsələ 1713. Əgər namaz əsnasında məmum və imam, yaxud məmum və onun imama qoşulmasına vasitə olan şəxs arasında həddən ziyadə məsafə yaranarsa, məmumun imamla əlaqəsi kəsilir və namaz fərdi namaza çevrilir. Hətta əgər bir iri addımdan artıq məsafə yaranarsa, hərçənd həddən ziyadə məsafə sayılmasa da, vacib ehtiyata əsasən, məmumun namazı fərdi namaza çevrilir və namazını fərdi namaz niyyəti ilə davam etdirə bilər.

Məsələ 1714. İmamın təkbirət əl-ehramından sonra əgər insanın imama qoşulması üçün vasitə olan ön cərgədəki bəzi şəxslər namaza hazırdırlarsa və tezliklə təkbir deyəcəklərsə, hərçənd onlar hələ təkbir deməmiş olsa belə, sonrakı cərgədə duran namaz qılan təkbir deyə bilər. Həmçinin, əgər məmum birinci cərgədə durmuşdursa, imamın təkbirindən sonra onun imama qoşulmasına vasitə olan məmumlar namaza hazır olduğu və tezliklə təkbir deyəcəkləri təqdirdə təkbiri deyə bilər. Lakin müstəhəb ehtiyata əsasən, hər iki halda məmum onun imama qoşulma vasitəsi olan məmumların təkbiri tamamlananadək gözləməli, sonra təkbirət əl-ehramı deməlidir.

Məsələ 1715. Əgər insanın qarşısındakı cərgədə olan bütün şəxslərin namazı başa çatarsa və onlar dərhal başqa bir namaz üçün imama qoşulmazlarsa, arxa cərgədə olan şəxslərlə namazları başa çatan şəxslərdən öncəki cərgədə duran şəxslər arasındakı məsafə insanların nəzərincə çox olarsa, arxa cərgənin camaat namazı batil olur və fərdi namaza çevrilir. Həmçinin, əgər sözügedən məsafə çox olmazsa, lakin ön cərgədə namazı başa çatan və imama yenidən qoşulmaq niyyəti olmayan şəxslər ürfən maneə hesab ediləcək şəkildə durarlarsa və cərgələr arasında əlaqə bu maneənin mövcudluğu səbəbi ilə tamamilə kəsilərsə, arxa cərgənin camaat namazı batil olur və onların namazı fərdi namaza çevrilir. Ancaq əgər maneə hesab edilməzsə və məsafə də insanların nəzərincə çox deyilsə, lakin ən iri normal addımdan çoxdursa, arxa cərgənin camaat namazı, vacib ehtiyata əsasən, doğru deyil.

Məsələ 1716. Əgər insanın önündəki cərgədə olan bütün şəxslərin namazı başa çatarsa və dərhal yenidən camaat namazına qoşularlarsa, ancaq sözügedən məsafə insanların nəzərincə çox olarsa, yaxud hərçənd çox hesab edilməsə də ən iri normal addımdan artıq olarsa, sonrakı cərgənin camaat namazı, vacib ehtiyata əsasən, doğru deyil.

Məsələ 1717. Əgər camaat namazında qoşulma vasitəsi müməyyiz uşaq olarsa, əgər namaz qılanlar onun namazının batil olub-olmadığını bilmirlərsə, ancaq məntiqli əsaslarla onun namazının doğru olduğunu ehtimal edirlərsə, camaat namazına onun vasitəsi ilə qoşula bilərlər. Həmçinin, əgər imamı isnaəşəri şiə olan bir camaat namazında qoşulma vasitəsi isnaəşəri şiə olmayan bir şəxs olarsa, onun namazı öz məzhəbinə görə düzgün olduğu təqdirdə bu camaat namazına onun vasitəsilə qoşulmaq olar.

Məsələ 1718. Əgər namaz qılan onun imama qoşulma vasitəsi olan məmumların namazının batil olduğunu bilirsə, onların vasitəsi ilə imama qoşula bilməz. Ancaq əgər onların namazının doğru olub-olmadığını bilmirsə, qoşula bilər.

Məsələ 1719. Kişi məmumların camaat namazının imamına qadın məmum, yaxud məmumlar vasitəsi ilə qoşulması kafi deyil.

Altıncı şərt: İmama tabe olmaq, onun ardınca hərəkət etmək lazımdır

Məsələ 1720. Camaat namazında məmumun imama tabe olması, onun ardınca hərəkət etməsi şərtdir. İmamın ardınca hərəkət etməyin vacib olduğu və olmadığı məqamlarla bağlı izahlar növbəti məsələlərdə izah ediləcəkdir.

Məsələ 1721. Camaat namazının doğru olması üçün məmumun namazın təkbirət əl-ehramını imamdan öncə deməməsi şərtdir. Həmçinin, eyni zamanda dediyi təqdirdə təkbirət əl-ehramı imamdan öncə başa çatdırmamalıdır. Hətta müstəhəb ehtiyat imamın təkbiri başa çatanadək təkbir deməməyi tələb edir.

Məsələ 1722. Əgər məmum səhvən imamdan öncə salam deyərsə, onun namazı camaat namazı olaraq doğrudur və yenidən imamla birgə salam deməsinə gərək yoxdur. Hətta əgər qəsdən imamdan əvvəl salam deyərsə, namazına xələl gəlmir və camaatla birgə qıldığı namazı doğrudur.

Məsələ 1723. Əgər məmum təkbirət əl-ehramdan başqa namazın digər zikrlərini imamdan öncə deyərsə, namazına xələl gəlmir. Lakin əgər məmum imamın dilindən bu zikrləri eşidirsə və ya imamın nə zaman deyəcəyini bilirsə, müstəhəb ehtiyata əsasən, imamdan öncə deməməlidir.

Məsələ 1724. Məmum namazda oxunanlar istisna olmaqla rüku, səcdələr, oturma və ayağa qalxma kimi digər hərəkətləri imam eyni zamanda, yaxud bir qədər sonra yerinə yetirməlidir və əgər qəsdən imamdan öncə edərsə, yaxud imamdan uzun müddət sonra (tabe olmaq, ardınca hərəkət etmək sayılmayacaq şəkildə) yerinə yetirərsə, namazın həmin hissəsi xüsusunda camaat namazında iştirakı batil olur, hətta vacib ehtiyata əsasən, camaat namazında iştirakı tamamilə batil olur. Lakin əgər namaz qılan təkbaşına namazqılanın vəzifəsinə uyğun hərəkət edərsə, 1735-ci məsələdə izah ediləcək şəkildə namazı doğrudur.

Məsələ 1725. Əgər məmum səhvən imamdan öncə başını rükudan qaldırarsa, qayıdacağı halda imama rükuda çatacağına arxayın olduğu təqdirdə, lazım ehtiyata əsasən, rüku vəziyyətinə qayıdaraq başını imamla birgə qaldırmalıdır və bu halda rükn olan rükunun artıq yerinə yetirilməsi namazı batil etmir. Əgər qəsdən qayıtmazsa, ehtiyata əsasən, namazı camaat namazı kimi batil olur, lakin 1735-ci məsələdə izah ediləcək şəkildə namazı (fərdi namaz olaraq) doğrudur. Lakin əgər rükuya qayıdarsa və o rükuya çatmamış imam başını qaldırarsa, namazı, vacib ehtiyata əsasən, batildir.

Məsələ 1726. Əgər məmum səhvən başını səcdədən qaldıraraq imamın hələ səcdədə olduğunu görərsə, qayıdacağı halda səcdədə imama çatacağına əmin olduğu təqdirdə, lazım ehtiyata əsasən, səcdə vəziyyətinə qayıtmalıdır. Bu, hər iki səcdədə baş verdiyi təqdirdə də rükn olan iki səcdənin artıq yerinə yetirilməsinə görə namaz batil olmur.

Məsələ 1727. Səhvən imamdan öncə başını səcdədən qaldıran şəxs səcdəyə qayıdarsa və imamın o səcdəyə çatmazdan öncə başını qaldırdığı məlum olarsa, namazı doğrudur. Lakin əgər bu hadisə hər iki səcdədə baş verərsə, vacib ehtiyata əsasən, namazı batildir.

Məsələ 1728. Əgər məmum səhvən başını rükudan, yaxud səcdədən qaldırarsa və səhvən, yaxud imama çatmayacağını zənn edərək rükuya, yaxud səcdəyə qayıtmazsa, camaat namazında iştirakı və namazı doğrudur.

Məsələ 1729. Əgər məmum səcdədən başını qaldıraraq imamın səcdədə olduğunu görərsə, imamın ilk səcdəsi olduğunu zənn edərək imamla birgə səcdə etmək məqsədi ilə səcdə vəziyyətinə qayıdarsa və imamın ikinci səcdəsi olduğunu başa düşərsə, həmin səcdə onun ikinci səcdəsi hesab olunur. Əgər imamın ikinci səcdəsi olduğunu zənn edərək səcdəyə gedərsə və imamın birinci səcdəsi olduğunu başa düşərsə, həmin səcdəni imama tabe olmaq, onunla birgə hərəkət etmək niyyəti ilə tamamlamalı və sonra yenidən imamla birgə səcdəyə getməlidir. Hər iki halda, müstəhəb ehtiyata əsasən, namazı camaatla birgə başa çatdırsın və sonra təkrarən qılsın.

Məsələ 1730. Əgər məmum səhvən imamdan öncə rükuya gedərsə və başını qaldıracağı halda imamın qiraətinin bir hissəsinə çatacaqsa, rükunun zikrinin vacib olan qədərini deyərək dərhal başını qaldırdığı və qiraətin başa çatmasından sonra imamla birgə rükuya getdiyi təqdirdə namazı doğrudur. Əgər qəsdən qayıtmazsa, vacib ehtiyata əsasən, camaat namazında iştirakı doğru deyil, lakin namazı 1735-ci məsələdə izah ediləcək qaydada doğrudur.

Məsələ 1731. Əgər məmum səhvən imamdan öncə rükuya gedərsə və qayıdacağı təqdirdə imamın qiraəti başa çatmış olacaqsa, rükunun zikrini vacib olan qədər deməli, sonra, lazım ehtiyata əsasən, başını qaldırmalı və imama tabe olmaq, birgə hərəkət etmək niyyəti ilə onunla bərabər rükuya getməlidir. Bu halda ikinci rükuda zikr demək müstəhəb ehtiyatın tələbidir. Lakin əgər birinci rükuda zikr demək rükuda imamın ardınca hərəkət etməməklə nəticələnərsə (yəni əgər rükunun zikrini deyərsə, başını qaldıraraq imamla birgə rükuya getmək üçün fürsət qalmayacaqsa), burada onun ardınca hərəkət etməkdən imtina etməli, imam ona çatanadək rüku vəziyyətində qalmalıdır.Vəzifəsi başını qaldıraraq imamın ardınca hərəkət etmək olduğu halda əgər qəsdən geri qayıtmazsa, vacib ehtiyata əsasən, camaat namazında iştirakı doğru deyil, lakin namazı 1735-ci məsələdə izah ediləcək şəkildə doğrudur.

Məsələ 1732. Əgər məmum səhvən imamdan öncə səcdəyə gedərsə, səcdənin zikrini vacib olan qədər deməli və lazım ehtiyata əsasən, başını qaldırmalı və imamın ardınca hərəkət etmək niyyəti ilə onunla bərabər səcdəyə getməlidir. Bu halda ikinci səcdədə zikr demək müstəhəb ehtiyatın tələbidir. Lakin əgər birinci səcdədə zikr demək səcdələrdə imamın ardınca hərəkət etməməklə nəticələnərsə, burada onun ardınca hərəkət etməkdən imtina etməli və imam ona çatanadək səcdə vəziyyətində qalmalıdır.Vəzifəsi başını qaldıraraq imamın ardınca hərəkət etmək olduğu halda əgər qəsdən geri qayıtmazsa, vacib ehtiyata əsasən, camaat namazında iştirakı doğru deyil, lakin namazı 1735-ci məsələdə izah ediləcək şəkildə doğrudur.

Məsələ 1733. Əgər imam qunut olmayan bir rükətdə səhvən qunut oxuyarsa, yaxud təşəhhüd olmayan bir rükətdə səhvən təşəhhüd oxuyarsa, məmum qunut və təşəhhüd oxumamalıdır, lakin imamdan öncə rükuya gedə, yaxud imam ayağa qalxmamış ayağa qalxa bilməz, əksinə, imamın qunut və təşəhhüdü başa çatanadək gözləməli və namazın qalan hissəsini onunla birgə qılmalıdır.

Məsələ 1734. İmama bir və ya bir neçə rükət gec qoşulan şəxs ikinci surəni, yaxud qunutu başa çatdıracağı halda imamın rükusuna çatmayacağını bilirsə, qəsdən ikinci surə, yaxud qunutu oxuduğu və rükuya çatmadığı təqdirdə camaat namazında iştirakı həmin hissə xüsusunda (hətta, vacib ehtiyata əsasən, tamamilə) batil olur. Lakin fərdi qaydada namaz qılanın vəzifəsinə uyğun hərəkət etdiyi təqdirdə namazı doğrudur. Surənin qiraətinə başlayacağı, yaxud əgər başlamışsa, başa çatdıracağı təqdirdə imamın rükusuna çatacağına arxayın olan şəxs çox uzun çəkməyəcəyi halda, müstəhəb ehtiyata əsasən, surənin qiraətinə başlamalı, yaxud əgər başlamışdırsa, başa çatdırmalıdır. Lakin əgər “imamın ardınca, onunla birgə hərəkət edir” deyilməyəcək şəkildə çox uzun çəkərsə, başlamamalı və başladığı təqdirdə də başa çatdırmamalıdır. Əks təqdirdə camaat namazında iştirakı həmin hissə xüsusunda, hətta, vacib ehtiyata əsasən, tamamilə batil olacaqdır. Ancaq əgər 1735-ci məsələdə izah ediləcək qaydada təkbaşına namaz qılanın vəzifəsinə uyğun hərəkət edərsə, namazı doğrudur.

Yeddinci şərt: Məmum namaz əsnasında üzürlü səbəb olmadan fərdi qaydada namaz qılmaq niyyətinə düşməməlidir

Məsələ 1735. Əgər məmum namaz əsnasında üzürlü səbəb olmadan niyyətini fərdi namaza çevirərsə, vacib ehtiyata əsasən, camaat namazında iştirakı doğru deyil, ancaq namazı öz-özlüyündə doğrudur. Yalnız bu halda fərdi qaydada namaz qılanın vəzifəsinə əməl etmədiyi təqdirdə istisna olaraq, vacib ehtiyata əsasən, namazı yenidən qılmalıdır. Lakin əgər üzürlü səbəbdən baş verdiyi halda namazı batil etməyən bir ixtisara və ya artıq hərəkətə yol verərsə, məsələn, əgər namazın əvvəlindən onu fərdi namaz kimi qılmaq niyyəti olmamışdırsa və Həmd və surəni oxumamışdırsa, lakin rüku halında belə bir niyyətə düşmüşdürsə, bu halda namazını fərdi namaz niyyəti ilə başa çatdıra bilər və onu yenidən qılmasına gərək yoxdur. Həmçinin, əgər camaat namazında məmumun namazın əvvəlindən onu fərdi namaz kimi qılmaq niyyəti olmamışdırsa və imamın ardınca, onunla birgə hərəkət etmək üçün bir səcdəni artıq yerinə yetirmişdirsə və bundan sonra belə bir niyyətə düşmüşdürsə, hökm eynidir. Ancaq əgər məmumun namazın əvvəlindən onu fərdi namaz kimi qılmaq niyyəti olmuşdursa və Həmd və surəni oxumamışdırsa, vacib ehtiyata əsasən, camaat namazında iştirakı, hətta namazının özü də doğru deyil. Yalnız istisna olaraq qasir cahil olduğu (yəni məsələni öyrənməkdə səhlənkarlığa yol vermədiyi) və imamın ardınca hərəkət etmək məqsədi ilə bir rüknü artıq yerinə yetirmədiyi halda namazını yenidən qılmasına gərək yoxdur.

Məsələ 1736. Əgər məmum imamın Həmd və surəni oxumasından sonra üzürlü bir səbəbdən təkbaşına namaz qılmaq niyyətinə düşərsə, Həmd və surəni oxumasına gərək yoxdur. Lakin əgər üzürlü səbəb olmazsa, yaxud Həmd və surənin qiraəti başa çatmadan təkbaşına namaz qılmaq niyyətinə düşərsə, lazım ehtiyata əsasən, Həmd və surəni bütövlüklə oxumalıdır.

Məsələ 1737. Əgər camaat namazı əsnasında təkbaşına namaz qılmaq niyyətinə düşərsə, yenidən camaat namazı niyyətinə qayıda bilməz. Həmçinin, vacib ehtiyata əsasən, təkbaşına namaz qılıb-qılmamaqda tərəddüd etməsi və sonra namazı camaatla tamamlamağı qərara alması da bu qəbildəndir.

Məsələ 1738. Əgər namaz əsnasında fərdi qaydada namaz qılmaq niyyətinə düşüb-düşmədiyinə şəkk edərsə, bu niyyətə düşmədiyi ehtimalının üzərində dayanmalıdır.

Məsələ 1739. Əgər imamın namazı başa çatmışdırsa, ancaq məmum hələ təşəhhüdü oxumaqla, yaxud birinci salamı deməklə məşğuldursa, fərdi qaydada namaz niyyəti etməsinə gərək yoxdur.

Səkkizinci şərt: Məmum imam qiyam, yaxud rüku vəziyyətində ikən ona qoşulmalıdır

Məsələ 1740. Camaat namazında məmumun imam qiyam, yaxud rüku vəziyyətində ikən ona çatması və ona qoşulması şərtdir. İmama çatma halları növbəti məsələlərdə izah ediləcəkdir.

Məsələ 1741. Əgər məmum imam rükuda ikən ona qoşularaq rükuda ona çatarsa, hərçənd imamın zikri başa çatmış olsa da, məmumun namazı doğrudur və bir rükət hesab edilir. Lakin əgər məmum qoşularaq rüku üçün lazım olan qədər əyilərsə, ancaq imamın rükusuna çatmazsa, camaat namazında iştirak etməsi baş tutmur. Bu halda əgər imamın rükusuna çatacağına əmin idisə, namazı fərdi namaz hesab edilir və namazını təkbaşına namaz kimi başa çatdıra,[197]
ya da növbəti rükətə çatmaq üçün yarımçıq qoya bilər. Ancaq əgər arxayın deyildisə və rükuya çatmaq ehtimalı ilə qoşulmuşdusa, namazı batildir.

Məsələ 1742. Əgər məmum imam rükuda ikən ona qoşularaq rüku üçün lazım olan qədər əyilərsə və imamın rükusuna çatıb-çatmadığına şəkk edərsə, hərçənd hələ rükunun zikrini deməyə başlamasa da, rüku vəziyyətini aldıqdan sonra şəkkə düşdüyü təqdirdə camaat namazında iştirakı doğrudur. Əks təqdirdə isə ona imamın rükusuna çatmamış şəxsə dair öncəki məsələdə qeyd edilmiş hökm şamil olunur.

Məsələ 1743. Əgər məmum imam rükuda ikən ona qoşularsa və rüku üçün lazım olan qədər əyilməmiş imam başını rükudan qaldırarsa, üç seçim imkanı vardır. Ya namazı fərdi namaz kimi başa çatdırmalı, ya mütləq (ümumi) Allaha yaxınlaşmaq niyyəti ilə imamla birgə səcdəyə getməli (yəni səcdəni namazın səcdəsi, yaxud başqa bir xüsusi səcdə kimi deyil, ümumiyyətlə, Allaha yaxınlaşmaq niyyəti ilə etməli), sonra ayağa qalxdıqda təkbiri məhz təkbirət əl-ehram və ya mütləq zikr niyyəti olmadan yenidən deməli və namazını camaatla qılmalı, ya da sonrakı rükətə çatmaq üçün bu namazı yarımçıq qoyaraq pozmalıdır.

Məsələ 1744. Əgər məmum namazın başlanğıcında, yaxud Həmd və surənin qiraəti əsnasında imama qoşularsa və səhvən imam rükudan başını qaldırana qədər rükuya getməkdə gecikərsə, onun namazı camaat namazı kimi doğrudur.

Məsələ 1745. Əgər imam ayaq üstədirsə və məmum onun hansı rükətdə olduğunu bilmirsə, ona qoşula bilər və vacib ehtiyata əsasən, Həmd və surəni ahəstə səslə məhz namazın bir hissəsi və ya Quran qiraəti niyyəti olmadan oxumalıdır və bu halda hərçənd sonradan imamın birinci, yaxud ikinci rükətdə olduğunu başa düşsə belə, camaatla namazı doğrudur.

Məsələ 1746. Əgər insan namaz əsnasında imama qoşulub-qoşulmadığına şəkk edərsə, hər hansı əlamətlərlə qoşulduğuna dair yəqinlik, yaxud arxayınlıq hasil etdiyi təqdirdə namazı camaatla başa çatdırmalı, əks təqdirdə isə fərdi namaz niyyəti ilə tamamlamalıdır.

Məsələ 1747. Əgər məmum imamın ikinci rükətində ona qoşularsa, Həmd və surəni oxumasına gərək yoxdur. Lakin müstəhəbdir ki, qunut və təşəhhüdü imamla birgə oxusun. Vacib ehtiyata əsasən, bu halda təşəhhüd üçün oturarkən hərçənd təşəhhüdü oxumaq istəməsə də “təcafi” vəziyyətində durmalıdır (yəni əl barmaqlarını və ayaqlarının pəncə hissəsini yerə dayamalı, dizlərini yerdən bir qədər hündür tutmalıdır). Həmçinin, məmum təşəhhüddən sonra imamla birgə ayağa qalxmalı, Həmd və surəni ahəstə səslə oxumalıdır və əgər ikinci surə üçün vaxt yoxdursa, Həmd surəsini tamamlamalı və rükuda imama çatmalıdır. Əgər Həmd surəsini də başa çatdırmaq üçün vaxt yoxdursa, yəni Həmd surəsini sonadək oxuyacağı təqdirdə imamın rükusuna çatmayacaqsa, namazı fərdi namaza çevirə, ya da Həmd surəsini vaxtı olduğu qədər oxuya, sonra onun qiraətini dayandıraraq özünü imamın rükusuna çatdıra bilər. Hərçənd, müstəhəb ehtiyat namazı fərdi niyyəti ilə baş çatdırmasını tələb edir.

Məsələ 1748.Əgər məmum imam dördrəkətli namazın ikinci rükətində ikən qoşularsa, öz namazının ikinci rükətində (imamın üçüncü rükəti) iki səcdədən sonra oturmalı və təşəhhüdün vacib olan qədərini, müstəhəblərsiz oxumalı, sonra ayağa qalxmalı,təsbihat-i ərbəəni üç dəfə demək üçün vaxtı olmadığı təqdirdə bir dəfə deməli və rükuda özünü imama çatdırmalıdır. Təsbihat-i ərbəəni bir dəfə demək üçün belə vaxtı olmadığı təqdirdə də onu dərhal bir dəfə deməlidir və bu halda əgər imamın rükusuna çatmazsa, üzürlü sayılır və camaat namazında iştirakı doğrudur.

Məsələ 1749. Əgər imam üçüncü, yaxud dördüncü rükətdədirsə və məmum qoşularaq Həmd surəsini oxuyacağı təqdirdə imamın rükusuna çatmayacağını bilirsə, lazım ehtiyata əsasən, imam rükuya gedənədək gözləməli, sonra qoşulmalıdır.

Məsələ 1750. Əgər məmum imam üçüncü, yaxud dördüncü rükətin qiyamında ikən qoşularsa, Həmd surəsini və lazım ehtiyata əsasən, başqa bir bütöv surə oxumalıdır və əgər ikinci surə üçün vaxt yoxdursa, Həmd surəsini başa çatdırmalı və rükuda özünü imama çatdırmalıdır.

Ancaq əgər məmum imam üçüncü, yaxud dördüncü rükətin qiyamında ikən Həmd surəsini sonadək oxuya biləcəyinə arxayın olaraq qoşularsa, ancaq qoşulduqdan sonra Həmd surəsini başa çatdırmaq üçün vaxt olmadığını, onu tamamlayacağı təqdirdə imamın rükusuna çatmayacağını başa düşərsə, bu halda Həmd surəsinin vaxtın imkan verdiyi qədərini oxumalı, sonra onun qiraətini dayandırmalı və qalan hissəsini oxumadan özünü imamın rükusuna çatdırmalıdır. Hərçənd, müstəhəb ehtiyat bu halda fərdi namaz niyyəti etməsini və namazı fərdi namaz kimi başa çatdırmasını tələb edir.

Məsələ 1751.Əgər məmum imam dördrəkətli namazın üçüncü rükətinin qiyamında ikən qoşularsa, imamın dördüncü rükətində (məmumun ikinci rükətidir) Həmd və vacib ehtiyata əsasən, başqa bir bütöv surə də oxumalıdır. Əgər ikinci surə üçün vaxt yoxdursa, Həmd surəsini başa çatdırmalı və rükuda özünü imama çatdırmalıdır. Əgər Həmd surəsini bütöv oxumaq üçün də vaxt yoxdursa, öncəki məsələdə qeyd edilən hökm bu vəziyyətə də şamil olur.

Məsələ 1752. Əgər məmumun birinci, yaxud ikinci rükəti imamın üçüncü, yaxud dördüncü rükəti olarsa, məmum Həmd və surəni öncəki məsələdə izah edildiyi kimi oxumalıdır və surələri ahəstə səslə oxuması, hətta onların “Bismillahir-rəhmanir-rəhim”ini də, vacib ehtiyata əsasən, ahəstə səslə deməsi vacibdir. Səhvən, yaxud bu məsələni bilmədiyinə görə uca səslə oxuduğu təqdirdə namazı doğrudur.

Məsələ 1753.Əgər məmum imamın birinci, yaxud ikinci rükətdə olduğunu zənn edərək Həmd və surəni oxumazsa və rükudan sonra üçüncü, yaxud dördüncü rükətdə olduğunu başa düşərsə, namazı doğrudur. Lakin əgər rükudan öncə başa düşərsə, Həmd və surəni oxumalı, vaxt olmadığı təqdirdə isə 1750-ci məsələdə izah edilən şəkildə hərəkət etməlidir.

Məsələ 1754. Əgər məmum imamın üçüncü, yaxud dördüncü rükətdə olduğunu zənn edərək Həmd və surəni oxuyarsa və rükudan öncə, yaxud sonra birinci, yaxud ikinci rükətdə olduğunu başa düşərsə, namazı doğrudur. Əgər Həmd və surənin qiraəti əsnasında başa düşərsə, onu başa çatdırmasına gərək yoxdur və onu sonadək oxumaq istədiyi təqdirdə yalnız 1690-1693-cü məsələlərdə qeyd edilən hallarda bu işi görə bilər.

Məsələ 1755.İmamdan bir rükət geridə olan şəxs yaxşı olar ki, imam axırıncı rükətin təşəhhüdünü oxuyarkən təcafi vəziyyətində otursun, yəni əl barmaqlarını və ayaqlarının pəncə hissəsini yerə dayasın, dizlərini yerdən qaldırsın və imam namazın salamını deyənədək gözləsin, sonra ayağa qalxsın. Əgər bu yerdə fərdi namaz qılmaq niyyəti edərsə, maneəsi yoxdur və namazı fərdi namaz kimi davam etdirməlidir.

Məsələ 1756. Əgər insan imam sonuncu rükətin təşəhhüdünü oxuyarkən çatarsa, camaat namazının savabını qazanmaq istəyirsə, niyyət və təkbirət əl-ehramı dedikdən sonra oturmalıdır (yarıəyilmiş vəziyyətdə deyil, normal vəziyyətdə) və təşəhhüdü mütləq Allaha yaxınlaşmaq niyyəti ilə imamla birgə oxuya bilər (yəni məhz namazın təşəhhüdünü oxumaq niyyəti olmamalı, təşəhhüd oxumaqda niyyəti, ümumiyyətlə, Allaha yaxınlaşmaq olmalıdır). Həmçinin, təşəhhüdü oxumaya da bilər. Lakin salamı, vacib ehtiyata əsasən, deməməli və imam namazın salamını deyənədək gözləməli, sonra ayağa qalxaraq yenidən niyyət etmədən və təkbirət əl-ehram demədən Həmd və surəni oxumalı, bunu namazının birinci rükəti hesab etməli və namazı fərdi namaz kimi qılmağa davam etməlidir.

Məsələ 1757. Əgər namaz qılan müstəhəb namaz qılarkən camaat namazı təşkil olunarsa və o, müstəhəb namazı sonadək qılacağı təqdirdə camaat namazına çatmayacağından qorxursa, hətta imamın təkbirət əl-ehramına çatmayacağından qorxsa belə, müstəhəbdir ki, həmin namazı dayandıraraq camaat namazına qoşulsun. Hətta bu halda müstəhəb namazı camaat namazı üçün oxunan iqamə başlayarkən dayandırmaq müstəhəbdir.

Məsələ 1758.Əgər namaz qılan üçrəkətli, yaxud dördrəkətli vacib namaz qılarkən camaat namazı təşkil olunarsa, camaat namazının təşkil olunması onun qıldığı və üçüncü rükətinin qiyamına çatmadığı namaz üçün olduğu təqdirdə müstəhəbdir ki, vacib namaz niyyətini müstəhəbə çevirərək həmin namazı ikirəkətli müstəhəb namaz kimi tamamlasın və özünü camaat namazına çatdırsın. Əgər niyyətini dəyişdirdikdən sonra müstəhəb namazı yarıda dayandırmaq istəyərsə, eybi yoxdur və öncəki məsələdə müstəhəb namaz üçün qeyd edilən hökm bu müstəhəb namaza da şamildir.

Ancaq əgər namaz qılan üçüncü rükət üçün ayağa qalxmış və hələ rükuya getməmişdirsə, vacib ehtiyata əsasən, vacib namaz niyyətini müstəhəb namaz niyyəti ilə əvəz etmək doğru deyil.

Qeyd etmək lazımdır ki:

a) Niyyəti dəyişdirməyin caizliyi sübh namazı kimi ikirəkətli vacib namaza şamil deyil və ikirəkətli vacib namaz niyyətinin ikirəkətli müstəhəb namaz niyyəti ilə əvəz edilməsinin şəriətə uyğunluğu sabit edilməmişdir.

b) İnsanın əvvəldən müstəhəb namazı yarıda dayandırmaq məqsədi olduğu təqdirdə niyyətin vacibdən müstəhəbə çevrilməsinin caizliyi şübhəlidir və vacib ehtiyat niyyətin bu cür dəyişdirilməsindən çəkinməyi tələb edir.

Doqquzuncu şərt: Məmum imamı tanımalıdır

Məsələ 1759. Camaat namazında məmumun niyyət əsnasında imamı özü üçün müəyyən etməsi şərtdir. Lakin onun adını bilməsinə gərək yoxdur və ümumi müəyyənlik kafidir. Əgər “Hazır olan imama qoşuluram” deyə niyyət edərsə, hərçənd niyyəti dillə (sözlərlə) ifadə etməsə də, namazı doğrudur.

Onuncu şərt: İmam imamlıq üçün şərtlərə cavab verməlidir

Məsələ 1760. Camaat namazının doğru olması üçün imam qarşıdakı məsələlərdə izah ediləcək bir sıra şərtlərə cavab verməlidir.

İmam üçün şərtlər

1, 2, 3 və 4-cü şərtlər: Həddi-büluğa çatmış, aqil, halalzadə və isnaəşəri şiə olmalıdır

Məsələ 1761.On yaşı tamam olan uşağa məmum kimi qoşularaq namaz qılmağın caizliyinə dair ehtimal vardır. Lakin vacib ehtiyat bundan çəkinməyi tələb edir. Həmçinin, vacib ehtiyata əsasən, həddi-büluğa çatmayan şəxsin həddi-büluğa çatmayan şəxslərə imamlıq etməsi də doğru deyil.

5-ci şərt: Adil olmalıdır

Məsələ 1762. Adil olmayan, həmçinin, adil olub-olmadığı məlum olmayan imama qoşularaq namaz qılmaq doğru deyil. Ədalət insanın vacib əməlləri yerinə yetirməsi və haram işlərdən çəkinməsi deməkdir. Bunun əlaməti danışıq, davranış və əməllərdə zahirən yaxşı insan olmaqdır. Bu şərtlə ki, insanın sözügedən şəxs haqqında bunun əksinə dair bir məlumatı olmamalıdır. Ədalətin mənası və onun təsbit edilməsi üsulları ilə bağlı ətraflı izah təqlid mövzusunda, 5-ci məsələdə verilmişdir.

6-cı şərt: Qiraəti düzgün olmalıdır

Məsələ 1763. İmamın qiraəti düzgün olmalı, namazın Həmd və surəsini ərəbcə düzgün oxumalıdır. Buna əsasən, qiraəti düzgün olan bir məmumun qiraəti düzgün olmayan bir imama qoşulması (hərçənd imam şəriət baxımından üzürlü sayılsa belə) caiz deyil.

Həmçinin, əgər imam və məmumun hər ikisinin qiraəti düzgün deyilsə və eyni deyil, ayrı-ayrı sözləri səhv tələffüz edirlərsə, qoşulma doğru deyil. Hətta səhv tələffüz etdikləri söz eyni olsa belə, vacib ehtiyata əsasən, qoşulma doğru deyil.

Qeyd etmək lazımdır ki, Həmd və surəni düzgün oxumayan və şəriətə görə qiraətini düzəltmə xüsusunda üzürlü sayılan bir imama imamın Həmd və surəni məmumlar adına oxumağı öz öhdəsinə götürdüyü yerdən başqa bir yerdə qoşulmaq olar. Məsələn, məmum qiraətin (Həmd və surənin) yerinin keçdiyi ikinci rükətin rükusunda, yaxud üçüncü və ya dördüncü rükətlərdə belə bir imama qoşula bilər. Həmçinin, namazda rüku və səcdələrin zikrlərini, təşəhhüdü, yaxud təsbihat-i ərbəəni və s. düzgün tələffüz etməyən və tələffüzünü düzəltmə xüsusunda şəriətə əsasən üzürlü sayılan bir imama qoşulmaq olar.

Məsələ 1764. Əgər insan imamın Həmd və surəni düzgün oxuyub-oxumadığına şəkk edirsə, vacib ehtiyata əsasən, imamın Həmd və surəni məmumlar adına oxumağı öz öhdəsinə götürdüyü bir yerdə (məsələn, birinci və ya ikinci rükətdə rükudan öncə) ona qoşula bilməz. Əlbəttə, əgər imamın qiraətinin düzgün olduğunu bilirsə, ancaq səhvən yanlış oxuya biləcəyini ehtimal edirsə, bu ehtimala etina edilmir, onun qiraəti düzgün sayılır və ona qoşula bilər.

7-ci şərt: Məmum kişi olduqda imam kişi olmalıdır

Məsələ 1765.Qadınlar qadın imama qoşula bilər. Ancaq qadının kişilər üçün camaat namazının imamı olması, hərçənd həmin kişilər onun məhrəmlərindən ibarət olsa belə, caiz deyil.

8-ci şərt: Vacib ehtiyata əsasən, şəri cəza verilən şəxs olmamalıdır

Məsələ 1766. Vacib ehtiyata əsasən, şəri cəza verilən və tövbə edən imama qoşulmaq olmaz.

9-cu şərt: Əgər məmum ayaq üstə namaz qılırsa, imam da ayaq üstə namaz qılmalıdır

Məsələ 1767.Ayaq üstə namaz qılan şəxs oturaq, yaxud uzanmış vəziyyətdə namaz qılan şəxsi özünə imam seçə bilməz. Həmçinin, oturaq vəziyyətdə namaz qılan şəxs uzanmış vəziyyətdə namaz qılan şəxsi imam seçə bilməz. Lakin vəzifəsi oturaq vəziyyətdə namaz qılmaq olan məmumun ayaq üstə, yaxud oturaq vəziyyətdə namaz qılan imama qoşulmasının eybi yoxdur.

Məsələ 1768.Vacib ehtiyata əsasən, uzanmış vəziyyətdə namaz qılan şəxsin istər ayaq üstə, istər oturaq, istərsə uzanmış vəziyyətdə namaz qılan başqa bir şəxsə qoşulması (onu imam seçməsi) doğru deyil.

10-cu şərt: İmamın və məmumun qibləsi eyni olmalıdır

Məsələ 1769.Qiblənin hər hansı bir istiqamətdə olduğuna inanan şəxs onun fərqli istiqamətdə olduğuna inanan imama qoşula bilməz. Yalnız iki istiqamət arasındakı fərq ürfən camaat namazı sayılacaq qədər cüzi olduğu təqdirdə qoşulmaq olar.

11-ci şərt: İmamın namazı məmumun nəzərincə düzgün olmalıdır

Məsələ 1770.Bu şərtin təfsilatı və təfərrüatları müfəssəl kitablarda öz əksini tapmışdır. Bəzi hallarda bu şərt nəzərə alındıqda imama qoşulma doğrudur, bəzi hallarda isə doğru deyil. Burada bir neçə nümunə ilə kifayətlənəcəyik:

a) Əgər imamın əlinin içində heç bir vəchlə aradan qaldırıla bilməyən bir maneə vardırsa və imam öz ictihadına, yaxud təqlid etdiyi müctəhidin nəzərinə əsasən, vəzifəsinin cəbirə dəstəmazı, yaxud qüslü olduğuna inanırsa, lakin məmum ictihad, yaxud təqlid əsasında onun vəzifəsinin təyəmmüm olduğuna inanırsa, bu halda məmum cəbirə dəstəmazı, yaxud qüslü ilə namaz qılan imama qoşula bilməz.

b) Əgər məmum imamın dəstəmaz almaq üçün istifadə etdiyi suyun nəcasətli olduğunu bilirsə, lakin imam suyun pak olduğuna inanırsa, bu halda ona qoşulmaq olmaz. Çünki nəcasətli su ilə dəstəmaz almaq, hətta insan bundan xəbərsiz olsa belə, dəstəmaz və namazın batil olmasına səbəb olur.

c) Əgər məmum imamın dəstəmazsız olduğunu bilirsə, hərçənd imam özü bunu başa düşməsədə, ona qoşula bilməz.

d) Əgər məmum imamın geyiminin nəcasətli olduğunu başa düşərsə, lakin imam özü geyiminin nəcasətli olduğundan xəbərsiz olarsa, bu halda, ona iqtida edə bilər. Məmumun imamı bundan xəbərdar etməsi lazım deyil.

Məsələ 1771.Əgər imam üzürlü bir səbəbdən nəcasətli bədən, yaxud geyimlə və ya təyəmmüm, yaxud cəbirə dəstəmazı ilə namaz qılırsa, ona qoşulmaq olar. Əlbəttə, əgər həmin üzürlü hal ilə bağlı imam və məmumun ictihad, yaxud təqlidə əsaslanan nəzərləri arasında fərq vardırsa, əvvəlki məsələdə izah edilənlər bu vəziyyətə də şamil olunur.

İmam üçün şərtlərlə əlaqədar digər hökmlər

Məsələ 1772.Əgər məmum imamın imamlıq üçün tələblərə cavab verdiyinə inanaraq ona qoşularsa və namazın başa çatmasından sonra tələblərə cavab vermədiyini, məsələn, adil, yaxud şiə olmadığını və ya kafir olduğunu, ya da hər hansı bir səbəbdən onun namazının batil olduğunu, məsələn, səhvən dəstəmazsız namaz qıldığını başa düşərsə, məmumun namazı doğrudur və camaat namazı hesab edilir.

Məsələ 1773. Əgər imamın sidik və nəcis ifrazının qarşısını ala bilməməklə bağlı bir xəstəliyi varsa, ona qoşulmaq olar. Həmçinin, müstəhazə olmayan qadın istihazə ilə əlaqədar vəzifələrə uyğun hərəkət edən müstəhazə qadını imam seçə bilər.

Məsələ 1774.Yaxşı olar ki, cüzam, yaxud ekzema xəstəliyi olan şəxs camaat namazına imamlıq etməsin.

Camaat namazı ilə əlaqədar müstəhəblər və məkruhlar

Məsələ 1775.İmamın cərgənin ortasında dayanması və elm, kamal və təqva sahibi olan insanların birinci cərgədə durması müstəhəbdir.

Məsələ 1776. Camaat namazının cərgələrinin nizamlı olması, bir cərgədə duranların arasında boş yerin olmaması və onların çiyinlərinin bir düz xətt üzrə olması müstəhəbdir.

Məsələ 1777. “Qəd qamətis-səlat” deyilərkən məmumların ayağa qalxması və camaat namazına hazırlaşması müstəhəbdir.

Məsələ 1778.İmamın başqalarından daha zəif olan məmumun vəziyyətini nəzərə alması, qunut, rüku və səcdələri uzatmaması müstəhəbdir. Bütün məmumların bunu istədiyini bilməsi istisnadır.

Məsələ 1779. İmamın uca səslə oxuduğu Həmd və surə, habelə zikrlərdə səsini məmumlar tərəfindən eşidiləcək qədər yüksəltməsi müstəhəbdir. Lakin səsini həddən ziyadə yüksəltməməlidir.

Məsələ 1780. Əgər imam rükuda kiminsə yenicə çatdığını və camaat namazına qoşulmaq istədiyini başa düşərsə, rükunu həmişəki müddətindən iki dəfə artıq uzatması və sonra hərçənd başqa bir nəfərin də camaat namazına qoşulmaq üçün özünü çatdırdığını başa düşsə belə, ayağa qalxması müstəhəbdir.

Məsələ 1781. Əgər camaat namazının cərgələrində boş yer vardırsa, insanın tək durması məkruhdur.

Məsələ 1782. Məmumun namazın istər vacib, istərsə müstəhəb zikrlərini imamın eşidəcəyi şəkildə deməsi məkruhdur.

Məsələ 1783.Zöhr, əsr və işa namazlarını iki rükət qılan müsafirin bu namazlarda müsafir olmayan bir şəxsə qoşulması və müsafir olmayan bir şəxsin bu namazlarda müsafirə qoşulması məkruhdur.


[194] Namazı camaatla qılmaq xüsusunda 1695-ci məsələdə qeyd edilən məqamı nəzərə almalıdır.
[195] Əlbəttə, məmumun bir və ya bir neçə rükət gecikməsi kimi bəzi hallarda qarşıdakı məsələlərdə izah ediləcək qaydada Həmd və surəni də oxumaq vacibdir.
[196] Ən iri normal addım təqribən 1 metrə bərabərdir.
[197] Yəni namazını elə həmin rüku vəziyyətindən etibarən davam etdirərək həmin rükəti bir rükət hesab edə bilər və Həmd və surəni oxumaması namazın doğruluğuna xələl gətirmir.
CÜMƏ NAMAZI → ← Atanın (böyük oğula vacib olan) qəza namazı
العربية فارسی اردو English Azərbaycan Türkçe Français