ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

NAMAZIN VAXTI İLƏ BAĞLI BİR NEÇƏ YENİ MƏSƏLƏ → ← FİTR VƏ QURBAN BAYRAMI NAMAZI

NİYABƏT (NAMAZ VƏ DİGƏR İBADƏT İŞLƏRİNDƏ NAİBLİK)

Məsələ 1887. İnsanın vəfatından sonra onun sağlığında yerinə yetirmədiyi namaz və digər ibadətləri “naib” adlandırılan başqa bir şəxs icra edə bilər. Onun gördüyü işə “niyabət” (naiblik), naibi olaraq işlərini gördüyü şəxsə isə “münəvvəbun ənh” deyilir.

“Təbərrui” (ödənişsiz) niyabət doğru olduğu kimi icarə (əcir tutma), cüalə, yaxud əqd çərçivəsindəki şərt əsasında və bu qəbildən olan əsaslarla niyabət də doğrudur. Buna əsasən, insanın vəfatından sonra onun sağlığında icra etmədiyi namaz və digər ibadətlərinin icrası üçün başqasını əcir tutmaq, yəni həmin ibadətləi yerinə yetirməsi üçün ona ücrət (ödənc) vermək olar. Belə namaz, yaxud ibadət “isticari namaz” və ya “isticari ibadət” adlandırılır.

Məsələ 1888.Dünyasını dəyişən şəxslərə naiblik həm vacib, həm də müstəhəb işlərdə caizdir. Ancaq yaşayan insanlara vacib işlərdə naiblik hətta həmin şəxs sözügedən işin icrasına qadir olmasa belə, caiz deyil. Yalnız “Həcc” fəslində, “Niyabət üsulu ilə həcc ilə əlaqədar hökmlər” mövzusunda izah ediləcəyi kimi həcc istisna təşkil edir.

Yaşayan şəxslərə bəzi müstəhəb ibadətlərdə naiblik etmək, məsələn, Məkkə şəhərində olmayan şəxs tərəfindən həcc, ömrə və təvaf ayinlərini yerinə yetirmək, habelə, başqasının (yaşayan insanın) yerinə Allahın elçisinin (s) və imamların (ə) qəbirlərini ziyarət etmək və ziyarətdən sonra qılınan ziyarət namazını qılmaq caizdir. Hətta həyatda olan şəxslərə bütün müstəhəb işlərdə (rəcaən, yəni savab ümidi ilə və bunu şəriətə daxil etmək niyyəti olmadan) naiblik etmək caizdir.

Sağ insanların naibi olmağın caiz olduğu hallarda niyabətin təbərrui (ödənişsiz), yaxud icarə, cüalə və bu qəbildən olan əsaslarla olması arasında heç bir fərq yoxdur. Buna əsasən, insan sağ şəxslər tərəfindən həcc, ömrə və ziyarət kimi müstəhəb işləri yerinə yetirmək üçün ücrət (ödənc) müqabilində əcir ola bilər.

Məsələ 1889. Müstəhəb və vacib əməllərdə savabı hədiyyə etmək caizdir və insan müstəhəb, yaxud vacib işi özü üçün görə, sonra onun savabını dünyadan köçmüş və ya sağ olan şəxslərə hədiyyə edə bilər. Qeyd etmək lazımdır ki, savabın hədiyyə edilməsi həmin vəfat etmiş, yaxud sağ şəxslərin öhdəsində olan vacib işlərin onların öhdəsindən götürülməsi ilə nəticələnmir.

Qəza namazında niyabətlə kifayətlənməyin şərtləri

Məsələ 1890.Niyabət üsulu ilə qılınan qəza namazının onu qılmalı olan şəxsin öhdəsindən, üzərindən götürülməsi və onunla kifayətlənə bilmək üçün bir neçə şərt tələb olunur.

1, 2 və 3-cü şərtlər: Naib aqil, isnaəşəri şiə və vacib ehtiyata əsasən, həddi-büluğa çatmış şəxs olmalıdır

Məsələ 1891. Həddi-büluğa çatmamış müməyyiz (yaxşı ilə pisi ayırd edə bilən) şəxsin naibliyi yalnız vəsiyyətlə bağlı bəzi hallarda və xüsusi şərtlər çərçivəsində doğru sayılır.

4-cü şərt: Naib işi niyabət niyyəti ilə icra etməlidir

Məsələ 1892. Naibin gördüyü işlə o halda kifayətlənmək olar ki, onun niyyəti naiblik etmək olsun və nəzərdə tutulan işi “münəvvəbun ənh”in (məsələn, dünyasını dəyişən şəxsin) məsuliyyətdən azad edilməsi üçün yerinə yetirsin. Buna əsasən, əgər naib yalnız işi görərsə və savabını nəzərdə tutulan şəxsə hədiyyə edərsə, niyabət üçün yetərli sayılmır.

5-ci şərt: Naib işi icra edərkən münəvvəbun ənhi (hərçənd icmal surətdə olsa belə) müəyyən etməlidir

Məsələ 1893. Münəvvəbun ənhi təyin etmək üçün naibin onun adını bilməsi lazım deyil. Məsələn: “Naibi olaraq namazını qılmaq üçün əcir tutulduğum şəxsin tərəfindən (adına) namaz qılıram”, - deyə niyyət edərsə, kafidir və onun adını, soyadını bilməsinə, yaxud adını dilinə gətirməsinə gərək yoxdur.

6-cı şərt: Naib tutan şəxs işin naib tərəfindən yerinə yetirildiyinə arxayın olmalıdır

Məsələ 1894. Əgər naib namazı münəvvəbun ənh (məsələn, vəfat etmiş şəxs) adına qıldığını söyləyirsə, ancaq onu naib tutan şəxs işin görüldüyünə arxayın deyilsə, vacib ehtiyata əsasən, onun sözü ilə kifayətlənə bilməz.

7-ci şərt: Naib işi düzgün qaydada yerinə yetirməlidir

Məsələ 1895. Münəvvəbun ənh yalnız naibin nəzərdə tutulan işi düzgün tərzdə gördüyü zaman məsuliyyətdən azad olur.

Məsələ 1896. Vəfat etmiş şəxsin namazı üçün əcir tutulmuş şəxsin bu işi görmədiyi, yaxud gördüyü işin batil olduğu başa düşülərsə, yenidən əcir tutmaq lazımdır.

Məsələ 1897. Əgər insan naibin namazı qıldığını bilirsə, ancaq onu düzgün qılıb-qılmadığına dair şəkki varsa, onun gördüyü işin düzgün olması ehtimalını əsas götürə bilər.

Məsələ 1898. Vəfat etmiş şəxsin qəza namazı üçün naib tutulan şəxs ya müctəhid olmalı və niyabət əsasında qıldığı qəza namazını öz ictihadından qaynaqlanan rəyinə müvafiq qaydada qılmalı, ya ehtiyatın tələblərinə əməl etməli (ehtiyat məqamlarını mükəmməl şəkildə bildiyi təqdirdə), ya da əgər müctəhid deyilsə və ehtiyat etmək istəmirsə, yaxud ehtiyat məqamları ilə tanış deyilsə, mərcəi-təqlid seçilməsi doğru olan bir müctəhidin fətvasına müvafiq qaydada qılmalıdır. Bu hökmdə naibin əcir olması ilə cüalə, yaxud əqd çərçivəsində şərt səbəbi ilə naiblik etməsi, ya da niyabətinin təbərrui (ödənişsiz) olması arasında arasında heç bir fərq yoxdur.

Məsələ 1899. Əgər əcir tutulan şəxsin qarşısına nəzərdə tutulan işi məxsusi bir şəkildə icra etməyi şərt qoyarlarsa, yəni əcir tutan şəxs işin yalnız həmin qaydada icra edilməsini istəyərsə, yaxud şərt qoymadan da ondan işi məhz həmin qaydada yerinə yetirməsinin tələb olunduğu məlumdursa, əcir tutulan şəxs işi məhz həmin qaydada yerinə yetirməlidir. Lakin əcir tutulan şəxs işin həmin şəkildə icrasının batil olduğuna əmindirsə, bu halda istisna olaraq əcir tutma batil sayılır. Əgər əcir tutulan şəxsin qarşısına hər hansı bir şərt qoyulmazsa, həmin işdə öz vəzifəsinə uyğun hərəkət etməli və öz mərcəi-təqlidinin fətvasına əməl etməlidir. Müstəhəb ehtiyatın tələbi isə budur ki, özünün, mərhumun və onun vəlisinin (namazın qılınması vəlinin vəzifəsidirsə, məsələn, vəli böyük oğuldursa) vəzifələri arasından ehtiyata daha yaxın olanına əməl etsin. Məsələn, əgər mərhumun vəzifəsi təsbihat-i ərbəəni üç dəfə demək idisə, onun öz vəzifəsi isə bir dəfə deməkdirsə, təsbihat-i ərbəəni üç dəfə desin.

Məsələ 1900. Əgər əcir tutulan şəxsin qarşısına namazı nə qədər müstəhəbləri ilə qılmaq xüsusunda şərt qoyulmursa, gündəlik namazların adətən əməl edilən müstəhəblərini yerinə yetirməlidir. Lakin əcir tutanın namazın məhz vacib hissəsini nəzərdə tutduğunu, yaxud gündəlik namazlarda əməl olunan bütün müstəhəblərin deyil, onlardan yalnız müəyyən bir qisminin nəzərdə tutulduğunu göstərən bir işarənin olması istisnadır.

8-ci şərt: Naib, vacib ehtiyata əsasən, namazın zərurət olmadıqda yerinə yetirilməli olan bəzi şərt və hərəkətlərini yerinə yetirmək imkanından məhrum olmamalıdır

Məsələ 1901. Namazın zərurət olmadıqda yerinə yetirilməli olan bəzi şərt və hərəkətlərini yerinə yetirməsi mümkün olmayan bir şəxs hətta ödənişsiz olaraq başqa bir şəxsin naibi kimi onun işini yerinə yetirərsə, vacib ehtiyata əsasən, onun gördüyü işlə kifayətlənmək olmaz. Buna əsasən, məsələn, hər hansı bir üzürlü səbəbdən təyəmmümlə, yaxud oturaq vəziyyətdə, yaxud nəcasətli bədən və ya geyimlə namaz qılan, yaxud da qiraətini düzəldə bilməyən şəxsin naibliyi, vacib ehtiyata əsasən, kafi deyil. Lakin vəzifəsi cəbirə dəstəmazı, yaxud qüslü olan və belə dəstəmaz, yaxud qüsllə namaz qılan şəxsi naib və əcir tutmaq olar.

Niyabətlə əlaqədar digər hökmlər

Məsələ 1902.Kişi qadın üçün, qadın da kişi üçün qəza namazının qılınmasında naib ola bilər. Naib namazı uca, yoxsa ahəstə səslə qılmaq məsələsində öz vəzifəsinə əməl etməlidir və naibin əcir tutulması ilə başqa bir ünvanla naiblik etməsi arasında heç bir fərq yoxdur.

Məsələ 1903. Vəfat etmiş şəxsin qəza namazlarını qılarkən ardıcıllığa riayət etmək vacib deyil. Yalnız daha öncə də qeyd edildiyi kimi, ardıcıllıq üzrə qılınmalı olan namazlar, məsələn, eyni günün zöhr və əsr namazı, yaxud eyni axşamın məğrib və işa namazı istisna təşkil edir. Lakin əgər onu məhz mərhumun, yaxud onun vəlisinin mərcəi-təqlidinin fətvasına uyğun hərəkət etməsi üçün əcir tutmuşlarsa və həmin mərcəi-təqlid namazlar arasında ardıcıllığı lazım bilirsə, ardıcıllığa riayət etməlidir.

Məsələ 1904. Əgər insan bir neçə nəfəri vəfat etmiş şəxsin qəza namazlarını qılmaq üçün əcir tutarsa, 1652-ci məsələdə qeyd edilənlərə əsasən, onların hər biri üçün bir vaxt təyin etməsinə gərək yoxdur. Yalnız ardıcıllıq üzrə qılınmalı olan namazlar, məsələn, bir günün zöhr və əsr namazı, yaxud bir axşamın məğrib və işa namazı istisnadır. Bu halda zöhr namazını bir əcirin, həmin günün əsr namazını isə başqa bir əcirin qılması, yaxud məğrib namazını bir əcirin, həmin axşamın işa namazını isə başqa bir əcirin qılması nəzərdə tutularsa, ardıcıllığa riayət edilməsi məqsədilə onların hər biri üçün bəlli bir vaxt təyin edilməlidir.

Məsələ 1905.Əgər bir şəxs, məsələn, bir il müddətində vəfat etmiş bir insanın qəza namazlarını qılmaq üçün əcir tutularsa və bir il başa çatmamış dünyasını dəyişərsə, qılmadığı məlum olan namazlar üçün başqa bir şəxsi əcir tutmaq lazımdır. Həmçinin, əgər onları qılmadığı ehtimal edilərsə, vacib ehtiyata əsasən, yenidən həmin namazlar üçün əcir tutulmalıdır.

Məsələ 1906.Əgər bir insan bir şəxsi vəfat etmiş bir adamın qəza namazları üçün əcir tutarsa, əcir namazları başa çatdırmadan dünyasını dəyişdiyi və onların hamısının ücrətini aldığı təqdirdə:

a) Əgər əcir tutan namazların hamısını əcir tutulanın özünün qılmasını şərt qoymuşdursa, yəni əcir tutan əcir olunandan yalnız özünün qıldığı namazı istəmişdirsə, bu icarə (əcir tutma) əcir tutulanın vəfatından sonra pozulmuş sayılır və əcir tutanın iki seçimi vardır: ya qılınan qədər namaz xüsusunda əcir tutma anlaşmasını ləğv etməyərək razılaşdırılmış ücrətin geridə qalan namazlar üçün nəzərdə tutulan məbləğini geri ala, ya da ya qılınan qədər namaz xüsusunda əcir tutma anlaşmasını da ləğv edə və “ücrətül-misl”i[211]
çıxaraq yerdə qalan məbləği geri ala bilər.

b) Əcir tutan qəza namazlarının hamısını əcir tutulanın özünün qılmasını şərt qoymuşdursa, yəni əcir tutan əcir tutulandan iki şeyi, namazları qılmasını və onları məhz özünün qılmasını tələb etmişdirsə, əcir tutan şəxs əcir tutma anlaşmasını ləğv edə və əcirin qıldığı qədər namazın ücrətül-mislini çıxaraq məbləğin geridə qalan hissəsini geri ala, ya da əcir tutma anlaşmasını ləğv etməyərək əcirin qılmadığı namazların ücrətül-mislini geri ala bilər.

c) Əgər əcir tutan namazları əcir tutulanın məhz özünün qılmasını şərt qoymamışdırsa, varisləri onun əmlakı hesabına yerdə qalan namazların qılınması üçün başqa bir şəxsi əcir tutmalıdırlar. Ancaq əgər dünyasını dəyişən şəxsin əmlakı olmazsa, onun varislərinə vacib olan bir şey yoxdur və mərhum sözügedən əməl, yaxud mal[212]
xüsusunda məsuliyyətdən azad olmur.

Məsələ 1907.Əgər əcir tutulan şəxs vəfat edənin qəza namazlarının hamısını qılmamış özü də dünyasını dəyişərsə və özünün də qəza namazları olarsa, əvvəlki məsələdə izah edilən hökmə əməl etdikdən sonra əgər onun malından bir artıq qalarsa, qəza namazlarının qılınması üçün əcir tutmağı vəsiyyət etdiyi və onun qəza namazlarının ücrəti malının üçdə biri, yaxud daha az məbləğ olduğu təqdirdə onun bütün namazları üçün əcir tutulmalıdır.Qəza namazlarının ücrəti malının üçdə birindən artıq olduğu və həddi-büluğa çatmış, aqil şəxslər olan varisləri öz miras payları hesabına ücrətin mirasın üçdə birindən artıq olan hissəsini ödəməyə icazə verdikləri təqdirdə də onun bütün qəza namazları üçün əcir tutulmalı, icazə vermədikləri təqdirdə isə mərhumun malının üçdə biri onun qəza namazlarının qılınmasına sərf edilməlidir.


[211] “Ücrətul-misl” deyərkən bir işin ürfün (insanların) nəzərindəki dəyəri (əmək haqqı) nəzərdə tutulur.
[212] Əcir tutulduğu qəza namazları və onların müqabilində aldığı ücrət. Tərc.
NAMAZIN VAXTI İLƏ BAĞLI BİR NEÇƏ YENİ MƏSƏLƏ → ← FİTR VƏ QURBAN BAYRAMI NAMAZI
العربية فارسی اردو English Azərbaycan Türkçe Français