ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

ORUC → ← NİYABƏT (NAMAZ VƏ DİGƏR İBADƏT İŞLƏRİNDƏ NAİBLİK)

NAMAZIN VAXTI İLƏ BAĞLI BİR NEÇƏ YENİ MƏSƏLƏ

Birinci məsələ.Əgər mükəlləf öz şəhərində sübh namazını qılarsa, sonra təyyarə, yaxud başqa bir nəqliyyat vasitəsi ilə qərb istiqamətində səfərə çıxaraq hələ fəcr çağının yetişmədiyi (dan yerinin sökülmədiyi) bir yerə çatarsa və “fəcr-i sadiq”ədək (sübh azanının vaxtınadək) orada qalarsa, yaxud zöhr namazını öz şəhərində qılarsa, sonra səfərə çıxaraq hələ zöhr çağının yetişmədiyi bir şəhərə çatarsa və zöhr başlayanadək orada qalarsa, ya da məğrib namazını öz şəhərində qılarsa, sonra səfərə çıxaraq hələ Günəşin batmadığı bir şəhərə çatarsa və Günəş batana, məğrib namazının vaxtı çatanadək orada qalarsa, bütün bu hallarda namazın yenidən qılınması hərçənd müstəhəb ehtiyata müvafiq olsa da, vacib deyil.

İkinci məsələ. Əgər bir şəxs namazı vaxtı keçənədək qılmazsa və təyyarə ilə namazın vaxtının başa çatmadığı bir yerə gedərsə, vacib ehtiyata əsasən, namazı “ma fiz-zimmə” niyyəti ilə, yəni əda və ya qəza niyyəti olmadan qılmalıdır.

Üçüncü məsələ. Əgər insan sürəti Yerin hərəkət sürətinə bərabər olan bir təyyarə, yaxud başqa bir nəqliyyat vasitəsinə minərək şərqdən qərbə doğru hərəkət edərsə və bir müddət Yerin ətrafında dövrə vurarsa, vacib ehtiyata əsasən, hər 24 saat (sutka) ərzində beş gündəlik namazı mütləq (ümumi) Allaha yaxınlaşma niyyəti ilə qılmalıdır, lakin mübarək ramazan ayının orucunun[213]
qəzasını tutmalıdır.

Əgər təyyarənin sürəti Yerin hərəkət sürətinin iki mislinə bərabər olarsa, təbii olaraq hər iki saatda bir dəfə Yer ətrafına dövrə vurmuş olacaq və iyirmi dörd saat ərzində iki dəfə fəcr, zöhr və məğrib vaxtı müşahidə edəcəkdir. Bu halda, vacib ehtiyata əsasən, hər fəcr ilə sübh namazını, hər zöhrdən sonra zöhr və əsr namazlarını və hər məğribdən sonra məğrib və işa namazlarını[214]
qılmalıdır.

Əgər olduqca yüksək sürətlə Yerin ətrafında dövrə vurarsa, məsələn, hər üç saatda (yaxud daha az müddət ərzində) Yerin ətrafında bir dəfə dövrə vurarsa, mükəlləfin hər fəcr, zəval (zöhr) və qürub (məğrib) zamanı namaz qılması vacib deyil və vacib ehtiyata əsasən, hər iyirmi dörd saat ərzində mütləq (ümumi) Allaha yaxınlaşma niyyəti ilə gündəlik beş namazı[215]
qılmalıdır. Bu halda sübh namazını fəcrin tülusu ilə günçıxan arasında, zöhr və əsr namazlarını zöhr və qürub arasında, məğrib və işa namazlarını isə məğrib və gecə yarısı arasında qılmalıdır.

Bu məsələdən aydın olur ki, əgər təyyarə, yaxud başqa bir nəqliyyat vasitəsi qərbdən şərqə doğru hərəkət edirsə və onun sürəti Yerin hərəkət sürətinə bərabərdirsə, həmçinin, əgər onun sürəti Yerin hərəkət sürətindən az olarsa, mükəlləf gündəlik beş namazı öz vaxtı ərzində qılmalıdır. Ancaq əgər onun sürəti Yerin hərəkət sürətindən çox olarsa, məsələn, hər üç saatda (yaxud daha az müddət ərzində) Yerin ətrafında bir dəfə dövrə vurarsa, bu məsələ ilə bağlı hökm qeyd edilənlərdən aydın olur.

Dördüncü məsələ. Əgər mükəlləf təyyarə ilə səfər edərsə və təyyarədə namaz qılmaq istəyərsə, namaz əsnasında üzü qibləyə olmaq, hərəkətsiz qalmaq və s. şərtlərə riayət edə bildiyi təqdirdə namazı düzgündür. Əks təqdirdə isə əgər vaxt varsa və təyyarəni tərk etdikdən sonra namazı bütün şərtlərinə riayət etməklə qıla biləcəksə, vacib ehtiyata əsasən, təyyarədə qıldığı namaz düzgün sayılmır. Ancaq əgər vaxt məhduddursa, namazı təyyarədə qılması vacibdir və bu halda qiblə istiqamətini bilirsə, üzünü həmin istiqamətə tutaraq namaz qılmalıdır, qiblə şərtinə riayət etmədən qıldığı namazı isə (zərurət halları istisna olmaqla) düzgün deyil. Bu halda təyyarə nə vaxt qiblə istiqamətindən başqa istiqamətə yönələrsə, mükəlləf üzünü qibləyə çevirməli və qiblədən çevrilmə əsnasında namazın qiraətini oxumamalı və vacib zikrlərini deməməlidir. Əgər üzünü məhz qiblə istiqamətinə tuta bilmirsə, qiblədən 90 dərəcədən artıq yayınmamağa çalışmalıdır.

Əgər qiblə istiqamətini bilmirsə, onu müəyyən etməyə çalışmalıdır. Qiblə istiqaməti ilə bağlı yəqinlik, yaxud arxayınlıq hasil edə və ya şəriətə görə mötəbər sayılan başqa bir dəlil əldə edə bilmədiyi təqdirdə isə gümanına uyğun hərəkət edə bilər. Əgər gümanı da yoxdursa, qiblənin yerləşdiyini ehtimal etdiyi istənilən istiqamətə üz tutaraq namaz qılsa, kafidir. Hərçənd, müstəhəb ehtiyata əsasən, namazı vaxt geniş olduğu təqdirdə dörd istiqamətə doğru qılmalıdır.

Qeyd etmək lazımdır ki, bu deyilənlər mükəlləfin qibləni tanıdığı təqdirdə üzü qibləyə olmaq imkanına sahib olduğu hallara aiddir. Namaz vaxtının sonunadək təkbirət əl-ehram istisna olmaqla üzü qibləyə olmaq imkanına sahib olmadığı hallarda isə təkbirət əl-ehramı üzü qibləyə deməlidir. Əgər, ümumiyyətlə, üzü qibləyə olması mümkün deyilsə, üzü qibləyə olmaq şərti qüvvədən düşür və üzü qibləyə olması lazım deyil.

Beşinci məsələ. İnsan hərçənd təyyarədə üzü qibləyə olmaq və hərəkətsizlik şərtlərinə riayət etmədən namaz qılmağa məcbur olacağını bilsə də, namazın vaxtından öncə təyyarə ilə səfər edə bilər.

Altıncı məsələ. Əgər mükəlləf gündüz və gecəsinin hər birinin altı aya bərabər olduğu bir yerdə olarsa, vacib ehtiyata əsasən, namaz xüsusunda iyirmi dörd saat ərzində bir gecə-gündüzü olan ən yaxın yeri nəzərə almalı və mütləq (ümumi) Allaha yaxınlaşma niyyəti ilə gündəlik beş namazı həmin yerdəki qılınma vaxtlarına uyğun qılmalıdır.

Əgər mükəlləf iyirmi dörd saat ərzində bir gecə-gündüzü olan şəhərdə, yaxud məntəqədə olarsa, hərçənd orada gündüz iyirmi üç, gecə isə bir saat və ya əksinə olsa belə, namazı həmin yerin namaz vaxtlarında qılmalıdır.


[213] Yerə endikdən sonra. Tərc.
[214] Yəni sutka ərzində hər gündəlik namazı iki dəfə. Tərc.
[215] Hər namazı bir dəfə. Tərc.
ORUC → ← NİYABƏT (NAMAZ VƏ DİGƏR İBADƏT İŞLƏRİNDƏ NAİBLİK)
العربية فارسی اردو English Azərbaycan Türkçe Français