ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

HƏCC → ← Orucun vaxtı ilə bağlı bir neçə yeni məsələ

ETİKAF

Məsələ 2136.Şəriətə görə etikaf insanın Allaha yaxınlaşma niyyəti ilə məsciddə qalması, müvəqqəti yerləşməsidir və müstəhəb ehtiyata əsasən, müvəqqəti yerləşmə namaz və dua kimi ibadətlərin icrası məqsədi ilə olmalıdır. Etikaf müstəhəb ibadətlərdəndir, ancaq nəzir, əhd, and və s. əsasında vacib olur.

Məsələ 2137. Etikafın özünəməxsus bir vaxtı yoxdur, il ərzində oruc tutmağın düzgün olduğu istənilən vaxt etikaf də düzgündür. Etikafın ən yaxşı vaxtı ramazan ayı, xüsusən, ramazan ayının son ongünlüyüdür.

Məsələ 2138. Etikafın minimum müddəti üç gün iki gecədir və bundan azı doğru sayılmır. Lakin üç gündən artıq ola bilər. Hətta bu artıq müddət bircə gün, ya bir gecə, yaxud bir günün və ya gecənin bir hissəsi də ola bilər. Etikafın maksimum müddəti yoxdur. Əgər insan beş bütöv gün ərzində mötəkif[267]
olarsa, altıncı gün də mötəkif olmalıdır. Hətta, vacib ehtiyata əsasən, insan hər dəfə etikafa iki gün əlavə etdikdə növbəti gün də mötəkif olmalıdır. Buna əsasən, əgər səkkiz gün mötəkif olarsa, vacib ehtiyata əsasən, doqquzuncu gün də mötəkif olmalıdır. Həmçinin, on ikinci[268]
, on beşinci[269]
və s. günlər də bu qəbildəndir.

Məsələ 2139. Etikafın minimum müddəti olan üç gün birinci günün sübh azanından başlamalı və vacib ehtiyata əsasən, üçüncü günün məğrib azanınadək davam etməlidir.[270]
Etikafın gerçəkləşməsi üçün üç calaq gün kafi deyil, yəni insan birinci günün sübh azanından sonra etikafa başlayaraq hərçənd dördüncü gün həmin gündən əskik olan vaxt qədər etikafda qalsa belə, məsələn, birinci günün zöhr azanından dördüncü günün zöhr azanınadək məsciddə qalsa belə, mötəkif olmur.

Etikafın doğru olmasının şərtləri

Məsələ 2140.Etikafın doğru olması üçün qarşıdakı məsələlərdə yığcam şəkildə qeyd ediləcək bir sıra şərtlərə riayət etmək lazımdır.

1-4-cü şərtlər: Mötəkif müsəlman və aqil insan olmalı, etikafı Allaha yaxınlaşma niyyəti ilə və minimum üç gün müddətində icra etməlidir

Məsələ 2141. Etikaf edən şəxs (mötəkif) müsəlman və aqil olmalı, etikafın əvvəlindən sonunadək dəstəmazın niyyəti mövzusunda qeyd edildiyi kimi Allaha yaxınlaşma niyyətində olmalı, ixlasını qorumalı və 2138-ci məsələdə qeyd edildiyi kimi minimum üç gün mötəkif olmalıdır.

5-ci şərt: Mötəkif oruc olmalıdır

Məsələ 2142. Etikaf edən şəxs etikaf günlərində oruc olmalıdır. Buna əsasən, oruc tuta bilməyən şəxsin, xəstənin, haiz və nəfsa qadının etikafı düzgün deyil. Etikaf günlərində orucun etikafa məxsus olması vacib deyil, hansı oruc olursa-olsun (hətta ücrət əsasında tutulan oruc, müstəhəb, yaxud qəza orucu olsa belə), kafidir.

Qeyd etmək lazımdır ki, mötəkif oruc olduğu müddət ərzində orucu batil edən istənilən işi görməsi etikafın da batil olmasına səbəb olur.

6 və 7-ci şərtlər: Etikaf dördlüyə daxil olan məscidlərdə, yaxud came məscidində olmalı və yalnız bir məsciddə icra edilməlidir

Məsələ 2143.Etikaf Məscid əl-haram, Məscid ən-Nəbi, Kufə məscidi, yaxud Bəsrə məscidində, həmçinin, hər bir şəhərin came məscidində icra edilməlidir. Came məscidi deyərkən müəyyən bir məhəllə, yaxud məntəqə və ya müəyən qrup insanlara məxsus olmayan, şəhərin müxtəlif məntəqə və məhəllələrindən olan insanların toplaşdığı, gedib-gəldiyi bir yer olan məscid nəzərdə tutulur.

Digər məscidlərdə (sadalanan məscidlər istisna olmaqla) etikafın şəriətə uyğunluğu sabit edilməmişdir, ancaq rəcaən – savab ümidi ilə – icra edilməsinin eybi yoxdur. Ancaq məscid olmayan bir yerdə, məsələn, hüseyniyyədə etikaf etmək şəriətə uyğun bir əməl deyil, buna əsasən, rəca niyyəti ilə də edilməməlidir.

Məsələ 2144. Etikaf  bir məsciddə icra edilməlidir. Buna əsasən, bir etikafı ayrı, yaxud bitişik olmalarından asılı olmayaraq iki məsciddə icra etmək olmaz. Məscidlərin ürfən bir məscid hesab ediləcək şəkildə bitişik olması istisnadır.

8-ci şərt: Etikaf icazəsi şəriət baxımından mötəbər sayılan şəxsin icazəsi ilə icra edilməlidir

Məsələ 2145. Etikaf icazəsi şəriət baxımından mötəbər sayılan şəxsin icazəsi ilə icra edilməlidir. Buna əsasən, insanın başqa bir şəxsin icazə, yaxud razılığı olmadan məsciddə qalması haram olan hallarda etikaf da batildir. Məsələn, əgər etikaf valideynlərin narahatlığına səbəb olarsa və bu narahatlıq onların qayğıkeşliyindən irəli gəlirsə, yaxud evli qadın ərinin icazəsi olmadan evdən çıxaraq mötəkif olarsa, belə bir etikaf batildir.

9-cu şərt: Mötəkif etikaf məkanında qalmalı, çıxmaq şərən caiz olduğu hallar istisna olmaqla oradan çıxmamalıdır

Məsələ 2146. Mötəkif etikaf müdətində məsciddə qalmalı, zəruri işlər istisna olmaqla məsciddən çıxmamalıdır və əgər sonrakı məsələdə qeyd ediləcək zəruri işlər üçün çıxarsa, məscid xaricində bir yerdə həmin işin görülməsi üçün lazım olan vaxtdan artıq qalmamalıdır.

Məsələ 2147. Aşğıdakı hallarda etikaf yerini tərk etmək caiz, bəzilərində isə vacibdir:

1) ayaqyoluna getmək kimi zərurətlər;

2) cənabət qüslü;[271]

3) istihazə qüslü;[272]

4) məsciddə edilməsi əngəlli[273]
, yaxud mümkünsüz olduğu təqdirdə[274]
vacib əda[275]
namazı üçün dəstəmaz almaq, yaxud cənabət qüslündən başqa bir vacib qüslü etmək;

5-8) cənazəni dəfn yerinədək müşayiət etmək, cənazənin dəfnə hazırlanması, xəstə ziyarəti, cümə namazı;[276]

9) ürfi zərurət (insanların nəzərində zəruri) sayılan istənilən iş üçün.[277]

Sadalanan hallar istisna olmaqla, məsciddən çıxmaq müstəhəb qüsl, yaxud dəstəmaz kimi icra edilməsi edilməməsindən daha yaxşı olan bir iş üçün olarsa, ehtiyat məqamıdır (yəni ehtiyata əsasən, çıxmaq olmaz).

Məsələ 2148.Əgər mötəkif zəruri bir iş (öncəki məsələdə sadalanan işlərdən biri) üçün məsciddən çıxarsa, lakin etikafın icra tərzi pozulacaq qədər məsciddən kənarda qalarsa, hərçənd məsciddən çıxması icbar, zərurət və ya unutqanlıq səbəbi ilə olsa belə, etikafı batildir.

Məsələ 2149. Əgər mötəkif qəsdən, öz ixtiyarı ilə caiz hallar istisna olmaqla digər səbəblərdən etikaf yerini tərk edərsə, hərçənd şəriətin bununla bağlı hökmünü bilməməsi, yaxud unutqanlıq səbəbi ilə olsa belə, etikafı batil olur. Ancaq əgər məcbur edildiyinə görə çıxarsa, 2148-ci məsələdə qeyd edilən hal istisna olmaqla etikafı batil olmur.

Məsələ 2150. Əgər məsciddən çıxmaq mötəkif üçün vacib olarsa, ancaq çıxmazsa, günahkar sayılır, lakin etikafı batil olmur.[278]

Məsələ 2151.Məsciddən çıxmağın caiz olduğu hallarda mötəkif ehtiyac həddindən artıq məsciddən kənarda qalmamalı və məsciddən çöldə mümkün olduğu təqdirdə gündüz vaxtı kölgənin altında oturmamalıdır. Lakin əgər həmin işin yerinə yetirilməsi mötəkifin kölgə altında oturmasından başqa bir yolla mümkün deyilsə, etikafa xələl gəlmir, ancaq, vacib ehtiyata əsasən, həmin işin icrasından, ehtiyacın təmin edilməsindən sonra başqa bir zərurətin qarşıya çıxması istisna olmaqla, kölgədə oturmamalıdır. Mötəkif məsciddən çıxmağın caiz olduğu hallarda kölgədə yeriyə bilər. Hərçənd, müstəhəb ehtiyat bundan çəkinməyi tələb edir.

Məsələ 2152. Caiz olan hallarda məsciddən çıxdıqda, vacib ehtiyata əsasən, ən qısa gediş və qayıdış yolu seçilməlidir. Lakin əgər daha uzun olan yoldan istifadə etmək məsciddən kənarda daha az qalmaqla nəticələnəksə, bu halda istisna olaraq həmin yoldan istifadə etmək lazımdır.

Məsələ 2153.Vaxtı müəyyən olan vacib etikaf istisna olmaqla digər etikaflarda insan əvvəldən etikaf niyyəti edərkən qarşıya bir problem çıxacağı təqdirdə etikafı dayandıracağını şərt kimi təyin edə bilər. Buna əsasən, o, bu şərti qoymaqla bir problem və əngəl qarşıya çıxdıqda etikafı (hətta üçüncü günü olsa belə) yarımçıq qoya bilər və bunun üçün ehtiyata da lüzum yoxdur. Ancaq əgər mötəkif hər hansı bir səbəb olmadan da etikafı dayandıra bilməsini şərt kimi təyin edərsə, vacib ehtiyata əsasən, belə bir şərt doğru sayılmır. Qeyd etmək lazımdır ki, bu şərtin (etikafı müdəti başa çatmadan dayandırmaq şərtinin) etikafın başlamasından sonra, yaxud öncə təyin edilməsi doğru deyil, bu şərt mütləq etikaf niyyəti əsnasında təyin edilməlidir.

10-cu şərt: Mötəkifə haram olan işlərdən çəkinməlidir

Məsələ 2154. Mötəkif etikafının doğru olması üçün aşağıdakı işləri görməkdən çəkinməlidir:

1) xoş ətir iyləmək;

2) həyat yoldaşı ilə cinsi əlaqə;

3) istimna, şəhvətlə toxunuş və öpmə (vacib ehtiyata əsasən);

4) mübahisə (münaqişə) etmək;

5) alqı-satqı.

Qeyd etmək lazımdır ki, sadalanan işlərin görülməsi etikafı batil etməklə yanaşı etikaf vaxtı müəyyən olan vacib etikaf olduğu təqdirdə, fətvaya əsasən, həm də haramdır. Etikaf vaxtı bəlli olan vacib etikaf olmadığı təqdirdə isə cinsi əlaqə xüsusunda yenə də fətvaya, digər hallarda isə vacib ehtiyata əsasən caiz deyil.

Məsələ 2155.Mötəkif üçün ətirləri iyləmək (istər onları iyləməkdən həzz alsın, istərsə almasın) caiz deyil. Xoş ətirli bitkiləri iyləmək isə onları iyləməkdən həzz aldığı təqdirdə caiz deyil, həzz almadığı təqdirdə isə etikafa xələl gətirmir. Həmçinin, mötəkif ətirli yuyucu vasitələrdən, o cümlədən maye və bərk halda olan ətirli sabun, şampun və diş pastasından istifadə edə bilər. Mötəkif olmayanların adətən ətirləndiyi məscidlərdə onların ətrini iyləmək caiz deyil, lakin ətir qoxusunun hiss edilməsi zahirən etikafa əngəl deyil və mötəkifin burnunu tutmasına ehtiyac yoxdur.

Məsələ 2156.Etikaf halında dünyəvi, yaxud dini məsələlər ətrafında mübahisə (münaqişə) qarşı tərəfə qalib gəlmək və öz üstünlüyünü göstərmək məqsədi ilə edildiyi təqdirdə haramdır. Ancaq əgər haqqın izharı, həqiqətin aydın olması və qarşı tərəfin xətasının qarşısını almaq məqsədi ilə olarsa, nəinki haram deyil, hətta ən yaxşı ibadətlərdəndir. Beləliklə, meyar mötəkifin məqsəd və niyyətidir.

Məsələ 2157. Etikaf halında alqı-satqı və vacib ehtiyata əsasən, istənilən növ müamilə, məsələn, icarə, müzaribə, muavizə və s. hərçənd həyata keçirilən müamilə düzgün olsa belə, haramdır. Əlbəttə, əgər mötəkif etikaf müddətinin qida və digər ehtiyaclarını təmin etmək üçün alqı-satqı etməyə məcbur olarsa və onları təmin etmək üçün başqa bir yolu olmazsa,[279]
alqı-satqı etikafa xələl gətirmir.

Məsələ 2158.Əgər mötəkif etikafda haram olan işləri qəsdən və şəriətin hökmündən xəbərdar olduğu halda görərsə, yaxud əlaqədar hökmü bilmədiyinə görə törədərsə, ancaq məlumatsızlığı üzrlü sayılmazsa, yəni “müqəssir cahil” olarsa, etikafı batil olur. Lakin əgər həmin işi səhvən, yaxud unutqanlıqdan görərsə, ya da əlaqədar hökmü bilmədiyinə görə törədərsə və bu məlumatsızlığında “qasir (üzrlü) cahil” olarsa, etikafı düzgündür.

Etikafın qəzası ilə əlaqədar hökmlər

Məsələ 2159.Mötəkif şəxs etikafını əvvəlki məsələlərdə qeyd edilmiş etikafı batil edən işlərdən biri ilə pozarsa, vaxtı müəyyən olan vacib etikaf olduğu təqdirdə, vacib ehtiyata əsasən, etikafın qəzasını icra etməlidir. Bu, vaxtı müəyyən olmayan bir vacib etikafda, məsələn, müəyyən vaxt təyin etmədən nəzir etdiyi etikafda baş verərsə, həmin etikafı yenidən başlaması vacibdir. Əgər müstəhəb etikafda olarsa,etikafı ikinci gün başa çatdıqdan sonra batil etdiyi təqdirdə, vacib ehtiyata əsasən, etikafın qəzasını yerinə yetirməli, ikinci günün başa çatmasından öncə batil etdiyi təqdirdə isə öhdəsinə hər hansı bir iş düşmür və etikafın qəzası da yoxdur.

Qeyd etmək lazımdır ki, 2153-cü məsələdə izah edildiyi kimi etikafı şərtli olarsa, etikafı batil edən iş görməklə onun nə qəzasına, nə də icrasına yenidən başlamağa gərək yoxdur.

Məsələ 2160. Mötəkif olan qadın etikafın ikinci günü başa çatdıqdan sonra haiz olarsa, dərhl məscidi tərk etməsi vacibdir. Etikafın qəzasını icra etməsi isə, vacib ehtiyata əsasən, lazımdır. Yalnız etikafının 2153-cü məsələdə izah edilən qaydada şərtli olduğu hallar istisnadır.

Məsələ 2161. Vacib etikafın qəzası dərhal icra edilməli olan vacib bir iş deyil. Lakin onun qəzasını vacib bir işin icrasında səhlənkarlıq hesab ediləcək qədər təxirə salmamaq və müstəhəb ehtiyata əsasən, dərhal icra etmək lazımdır.

Etikafı batil etməyin kəffarəsi

Məsələ 2162.Mötəkif vacib etikafı istər gecə, istərsə gündüz qəsdən cinsi əlaqə ilə batil edərsə, kəffarə vacib olur. Digər batil edən işlərdə isə kəffarə yoxdur. Hərçənd müstəhəb ehtiyat o işlər üçün kəffarə verməsini tələb edir.

Etikafı batil etməyin kəffarəsi eynilə mübarək ramazan ayının orucunu qəsdən batil etməyin kəffarəsi kimidir.


[267] Etikaf edən şəxs. Tərc.
[268] On bir gün mötəkif olduqda. Tərc.
[269] On dörd gün mötəkif olduqda. Tərc.
[270] Əlbəttə, insan birinci gecə (birinci günün sübh azanından öncə) və dördüncü gecə (üçüncü günün məğrib azanından sonra) da etikaf niyyətində ola bilər. Ancaq bu müddət üç günün bir hissəsi hesab edilmir.
[271] Edilmədiyi təqdirdə cənabətli insan (mötəkif) məsciddə qalacaq, məsciddə edildiyi təqdirdə isə məscid nəcasətlənəcəkdir.
[272] Əlbəttə, əgər müstəhazə vacib qüslünü etməzsə, etikafı batil olmur.
[273] Vacib qəza namazının vaxtı geniş olduğu təqdirdə onun qılınması üçün dəstəmaz almaq məqsədilə çıxmaq ehtiyat məqamıdır (yəni ehtiyata əsasən, çıxmaq olmaz).
[274] Məsələn, məscidin nəcasətlənməsinə səbəb olacağı təqdirdə.
[275] Əgər məsciddə qüsl etmək üçün bir əngəl yoxdursa və bu mümkündürsə, vacib ehtiyata əsasən, mötəkif məsciddən çıxmamalıdır.
[276] Müqəddəs Məkkə şəhərində mötəkif olan şəxs camaat namazı, yaxud fərdi namaz qılmaq üçün də məsciddən çıxa və Məkkə şəhərinin istənilən yerində namaz qıla bilər.
[277] Buna əsasən, dini və dünyəvi ali təhsil müəssəsisələrinin, yaxud orta məktəblərin imtahanlarında iştirak etmək ürfi zərurət olduğu təqdirdə mötəkif bunun üçün məsciddən çıxmağın digər şərtlərinə riayət etməklə etikaf yerini tərk edə bilər. Lakin məsciddən kənarda qaldığı müddət etikafın icra tərzinin pozulacağı qədər uzun çəkməməlidir. Məsələn, etikaf günlərindən birində imtahan üçün iki saatlıq məsciddən çıxarsa, etikafa xələl gəlmir.
[278] Əlbəttə, əgər mötəkif cünub olarsa və qəsdən etikaf yerində qalaraq cənabət qüslünü etmək üçün etikaf yeri olan məsciddən çıxmazsa, etikafı batil olur.
[279] Yəni, onun yerinə bu alqı-satqını həyata keçirəcək mötəkif olmayan başqa bir şəxs də tapa bilməzsə və həmin şeylərin tədarük edilməsi satın almaqdan başqa bir yolla, məsələn, hədiyyə, yaxud borc almaq yolu ilə də mümkün olmazsa.
HƏCC → ← Orucun vaxtı ilə bağlı bir neçə yeni məsələ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français