ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

ETİKAF → ← ORUC

Orucun vaxtı ilə bağlı bir neçə yeni məsələ

Birinci məsələ. Oruc tutan şəxs məğribdən sonra öz şəhərində iftar etmədən təyyarə ilə qərbə doğru səfər edərsə və Günəşin hələ batmadığı bir yerə çatarsa, orada məğribədək imsak etməsi (orucu pozan işlərdən çəkinməsi) vacib deyil. Hərçənd, müstəhəb ehtiyat imsak etməyi tələb edir.

İkinci məsələ.Bir şəxs ramazan ayında zöhr azanından sonra öz şəhərindən səfər edərək hələ zöhr azanının vaxtının çatmadığı başqa bir şəhərə çatarsa, vacib ehtiyata əsasən, həmin günün orucunu sonadək tutmalıdır və bu halda qəza orucu ona vacib deyil.

Üçüncü məsələ. Əgər “kəsirüs-səfər” (çox səfər edən şəxs) kimi vəzifəsi səfərdə oruc tutmaq olan bir şəxs öz şəhərində sübh azanının vaxtı çatdıqdan sonra oruc tutmaq niyyəti ilə hava yolu ilə səfər edərək sübh azanının vaxtının hələ çatmadığı bir yerə çatarsa, orada sübh azanının vaxtı çatanadək yemək və içmək kimi orucu pozan işləri görə bilər.

Dördüncü məsələ. Əgər “kəsirüs-səfər” (çox səfər edən şəxs) kimi vəzifəsi səfərdə oruc tutmaq olan bir şəxs mübarək ramazan ayının hilalının müşahidə edildiyi öz şəhərindən üfüq fərqliliyi ilə əlaqədar olaraq hilalın hələ müşahidə edilmədiyi başqa bir şəhərə səfər edərsə, həmin günü orucu ona vacib deyil. Əgər şəvval ayının hilalının müşahidə edildiyi bir şəhərdə bayram etdikdən sonra üfüq fərqliliyi ilə əlaqədar olaraq hilalın hələ müşahidə edilmədiyi başqa bir şəhərə səfər edərsə, vacib ehtiyata əsasən, həmin günün qalan vaxtı ərzində imsak etməli və həmin günün orucunun qəzasını da ehtiyatən tutmalıdır.

Beşinci məsələ. Əgər müsafir misal olaraq gündüz və gecənin hər birinin altı ay davam etdiyi bir yerdə yaşayırsa, oruc xüsusunda vacibdir ki, ya mübarək ramazan ayında oruc tuta biləcəyi başqa bir şəhərə getsin, ya da mübarək ramazan ayından sonra orucların qəzasını tuta biləcəyi başqa bir şəhərə getsin. Əgər bu ikisindən heç birini edə bilmirsə, oruc yerinə fidyə verməlidir və fidyə deyərkən bir müdd (təqribən 750 qram) təamı, məsələn, çörəyi (oruc tutmadığı hər gün müqabilində) yoxsulun mülkiyyətinə verməlidir.[266]


[266] Yəni bu fidyə kəffarəsində yoxsulun qarnını doyurmaq kafi sayılmır, bir müdd təamı ona yoxsulun öz malına çevrilməsi surəti ilə verməlidir. Tərc.
ETİKAF → ← ORUC
العربية فارسی اردو English Azərbaycan Türkçe Français