ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Sual və Cavab » Sədəqə

1 Sual: Sualım cismani və maddi problemlərimlə bağlıdır. Bəzən baş verəcək hadisələrdən qorxuram. Maddi və mənəvi çətinliklər, xəstəliklər və pis hadisələrdən qorunmaq üçün nə tövsiyə edirsiniz?
Cavab: Sədəqə verməyi məsləhət görürük. Çoxsaylı hədislərdə sədəqə vermək tövsiyə olunur. Hədisdə nəql olunur ki, sədəqə xəstəyə şəfa verir, hətta qətiləşmiş bəlanı dəf edir, ruzini çoxaldır. Həmçinin rəvayətdə nəql olunur ki, sədəqə bəndənin əlinə çatmazdan qabaq Allahın əlinə çatar, bərəkət gətirər, borcu ödəyər, malı çoxaldar, pis ölümü, xəstəliyi, ağır bəlanı, odda yanmaq və suda batmaq kimi bəlaları, cüzamı, dəliliyi və yetmiş bəlanı insandan uzaqlaşdırar. Müstəhəbdir ki, sədəqə günün əvvəlində verilsin, bu sədəqə həmin günün bəlasından saxlayar. Həmçinin müstəhəbdir ki, gecənin əvvəlində sədəqə verilsin, bu sədəqə gecənin bəlasını dəf edir.
2 Sual: Bəzən xırda pul lazım olanda sədəqə niyyəti ilə yığdığım xırda pulları böyük pulla dəyişə bilərəmmi? Yaxud ehtiyacım olanda o pulları özümə götürə bilərəmmi?
Cavab: Eybi yoxdur. Sədəqə nə qədər ki, fəqirə verilməyib sizin pulunuz sayılır.
3 Sual: Müstəhəb sədəqələri fəqir seyidlərə vermək olar?
Cavab: Eybi yoxdur. Lakin vacib ehtiyata əsasən bəlanı dəf etmək üçün çıxarılan cüzi sədəqələr insanı kiçildir deyə onlara verilməsin.
4 Sual: Öz sədəqələrimi ata-anama, qardaş-bacıma və övladlarıma verə bilərəmmi?
Cavab: Eybi yoxdur, verə bilərsiniz.
5 Sual: Qeyri-müsəlmanlardan olan fəqir insanlara sədəqə verə bilərikmi?
Cavab: İslam və möminlərə qarşı inad və düşmənçilikləri olmasa, onlara sədəqə vermək olar. Allah-taala belə əmələ görə mükafat verər.
Yeni sual göndərmək üçün buraya tıxayın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français