ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Bismillahir-Rəhmanir-Rəhim.
Həzrət Ayətullah Sistaninin dəftərxanasının məsul işçisi açıqladı:
Keçən axşam Həzrət Sistani cənablarının sol ayağı burxulub və bu hadisə onun bud sümüyünün sınmasına səbəb olub. İnşallah bu gün iraqlı həkim qrupu tərəfindən cərrahiyyə əməliyyatı olunacaq.
Bütün inanclı və imanlı insanlardan xahiş edirik ki, onu xeyir-dualarında unutmasınlar.

Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ

VACİB QÜSLLƏR → ← QABLARIN HÖKMLƏRİ

DƏSTƏMAZ

Məsələ 235: Dəstəmaz alarkən üz və qolları yumaq, başın ön hissəsinə və ayaqların üzərinə məsh çəkmək vacibdir.
Məsələ 236: Üz (dəstəmaz üçün olan uzunluq miqdarına görə) gərək alının yuxarı hissəsindən (tüklərin bitdiyi yerdən) çənənin axırına qədər yuyulsun. Eni isə gərək baş barmaqla orta barmağın tutduğu miqdarda yuyulsun. Əgər bu miqdardan hətta azacıq yuyulmasa dəstəmaz batildir. Bu miqdarın tamamilə yuyulmasına yəqin etmək üçün gərək onun ətrafından da bir az yusun.
Məsələ 237: Əgər bir kəsin üzü və ya əli adi insanların üzü və ya əlindən böyük və ya kiçik olsa, camaat arasında adi adamın üzünü haraya qədər yuduğuna diqqət etməli, o da oraya qədər yumalıdır. Həmçinin əgər alnında tük çıxarsa və ya başının önündə tük olmazsa, alnını adi miqdarda yumalıdır.
Məsələ 238: Qaşlarında, gözünün və ya dodaqlarının kənarında suyun keçməsinə mane olacaq çirk və ya başqa bir şeyin olduğuna ehtimal verirsə və bu ehtimal camaatın nəzərində düzgün sayılırsa, dəstəmaz almamışdan əvvəl yoxlamalı, varsa aradan qaldırmalıdır.
Məsələ 239: Əgər üzün dərisi tüklərin arasından görünərsə, gərək suyu dəriyə çatdırsın. Amma görünməsə tükləri yumaq kifayətdir və suyun tüklərin altına çatdırılması lazım deyil.
Məsələ 240: Üzün dərisinin tüklərin arasından görünüb-görünmədiyində şəkk edərsə, ehtiyat-vacibə əsasən saqqalı yumalı, üzün dərisinə də suyu çatdırmalıdır.
Məsələ 241: Burnun içini və bağladığı zaman göz və dodaqların görünməyən yerini yumaq vacib deyil. Əgər insan vacib olan miqdarın yuyulmasına əmin deyilsə, buna yəqin etməsi üçün onlardan bir miqdarını yuması vacibdir. Bu hökmü bilməyən şəxs əvvəlcə almış olduğu dəstəmazda vacib olan miqdarı yuyub-yumadığını bilməzsə, o dəstəmazla qılmış olduğu namaz səhihdir; sonrakı namaz üçünsə yenidən dəstəmaz alması lazım deyil.
Məsələ 242: Ehtiyat-lazıma əsasən qollar və üz gərək yuxarıdan aşağıya doğru yuyulsun. Aşağıdan yuxarı doğru yuyulsa, dəstəmaz batildir.
Məsələ 243: Əgər əlini isladıb üzünə və qollarına çəkərsə, əlinin nəmliyi onları isladacaq miqdarda olarsa kifayətdir. Bu halda onların üzərindən su axıdılması lazım deyil.
Məsələ 244: Üzü yuyandan sonra sağ qolunu, daha sonra isə sol qolunu dirsəklərdən barmaqların ucuna qədər yumalıdır.
Məsələ 245: Əgər insan dirsəyi bütünlüklə yuduğuna əmin deyilsə, buna yəqinlik hasil etməsi üçün gərək dirsəyindən bir az yuxarıdan yusun.
Məsələ 246: Üzünü yumamışdan əvvəl əllərini biləklərinə qədər yuyan şəxs dəstəmaz alarkən qolunu dirsəkdən barmaqlarının ucuna qədər yumalıdır. Əgər təkcə biləklərinə qədər yusa dəstəmazı batildir.
Məsələ 247: Dəstəmaz alarkən üzü və qolları bir dəfə yumaq vacib, iki dəfə yumaq müstəhəb, üç və daha artıq yumaq isə haramdır. Birinci dəfə yumaq dəstəmaz qəsdi ilə üz və ya qoluna tökdüyü su onun hər tərəfini əhatə etdiyi və heç bir ehtiyat yeri qalmadığı zaman tamam olur. Məsələn, əgər birinci dəfə yumaq qəsdi ilə on dəfə də üzünə su tökərsə, su onun hər tərəfini əhatə edincəyə qədər maneçiliyi yoxdur. Həmçinin dəstəmaz niyyəti ilə üzü yumağı qəsd etməyənə qədər birinci yuma gerçəkləşməz. Buna görə üzün hamısını bir neçə dəfə yuyub axırıncı dəfə dəstəmaz niyyəti ilə yumağı qəsd edə bilər. Lakin ikinci yumada niyyətin vacib olması nəzəri işkalsız deyil. Ehtiyat-lazıma əsasən birinci yumadan sonra üzü və qolları dəstəmaz qəsdi ilə olmasa belə, bir dəfədən çox
yumamalıdır.
Məsələ 248: Hər iki əl yuyulduqdan sonra, gərək əldə qalan dəstəmaz suyunun yaşı ilə başın üstünə məsh çəksin. Ehtiyat-müstəhəb budur ki, sağ əlin içi ilə məsh çəkilsin və məsh yuxarıdan aşağıya doğru olsun.
Məsələ 249: Başın, alnın qabağında yerləşən yerin dörddə bir hissəsi məsh yeri hesab edilir. Bu hissənin hər yerinə və hər nə qədər məsh çəkilsə kifayətdir. Hərçənd ehtiyat-müstəhəb budur ki, uzunluğu bir barmaq və eni üç bağlı barmaq qədər olsun.
Məsələ 250: Məshin başın dərisinə çəkilməsi lazım deyil, başın ön hissəsindəki tüklərə də məsh çəkilməsi düzgündür. Amma başın qabağının tükü darananda üzə tökülərsə, yaxud başın o biri hissəsinə çatarsa, onda tüklərin dibinə məsh çəkilməlidir. Əgər üzünə tökülən, yaxud başın başqa yerinə çatan tükləri başın qabağında bir yerə yığıb onlara məsh çəksə və ya başın başqa yerlərinin qabağa gələn tüklərinə məsh çəksə batildir.
Məsələ 251: Başa məsh çəkəndən sonra dəstəmaz suyunun əldə qalmış yaşlığı ilə ayağın üstünə barmaqların birinin başından oynağa kimi məsh edilməlidir. Ehtiyat-müstəhəb budur ki, sağ ayağa sağ əllə, sol ayağa sol əllə məsh edilsin.
Məsələ 252: Ayağa çəkilən məshin eni hər ölçüdə olsa kifayətdir. Amma daha yaxşısı budur ki, üç bağlı barmağın eni qədər olsun, hətta ayağın bütün üstünə məsh çəkilməsi daha yaxşıdır.
Məsələ 253: Ayağın məshində, sağ əlini ayağın barmaqlarının başına qoyandan sonra ayağın üzərinə çəkməsi lazım deyil. Əli bütünlüklə ayağın üzərinə qoyub azacıq məsh çəkə də bilər.
Məsələ 254: Ayağa və başa məsh edərkən, əli onların üzərinə çəkməlidir. Əgər əli saxlayıb başı və ya ayağı ona çəksə dəstəmaz batildir. Amma əli çəkdiyi vaxtda ayaq, yaxud baş azacıq hərəkət etsə eybi yoxdur.
Məsələ 255: Məsh çəkilən yer quru olmalıdır. Əgər əlin nəmliyi ona təsir etməyəcək qədər yaş olarsa, məsh batildir. Amma nəm olsa və ya onda olan nəmlik əlin rütubətində itəcək qədər az olarsa eybi yoxdur.
Məsələ 256: Əgər məsh etmək üçün əlin içində yaşlıq olmasa, ayrı bir su ilə əlini islada bilməz. Gərək öz saqqalının yaşlığından götürüb onunla məsh etsin. Saqqaldan qeyri yerdən yaşlıq götürüb onunla məsh etmək işkallıdır.
Məsələ 257: Əlin içində yalnız başa məsh çəkmək qədər yaşlıq olsa, ehtiyat-vacib budur ki, başa həmən yaşla məsh çəksin və ayağa məsh çəkmək üçün öz saqqalının yaşlığından nəmlik götürsün.
Məsələ 258: Corab və ayaqqabının üstündən məsh çəkmək batildir. Amma şiddətli soyuqdan, oğrudan, yırtıcı heyvandan və bu kimilərdən qorxub corab və ayaqqabını çıxarda bilməsə ehtiyat-vacib budur ki, corab və ayaqqabının üzərindən məsh çəksin və təyəmmüm də etsin. Əgər təqiyyə halında olsa, corab və ayaqqabının üzərindən məsh çəkmək kifayət edər.
Məsələ 259: Əgər ayağın üstü nəcis olsa və ona məsh çəkmək üçün suya çəkə bilməsə təyəmmüm etməlidir
VACİB QÜSLLƏR → ← QABLARIN HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français