ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

Orucun vaxtı ilə bağlı bir neçə yeni məsələ → ← NAMAZIN VAXTI İLƏ BAĞLI BİR NEÇƏ YENİ MƏSƏLƏ

ORUC

Məsələ 1908.Oruc insanın uca Allahın qarşısında itaətkarlıq və bəndəliyini izhar etmək üçün sübh azanından məğribədək qarşıda sadalanacaq doqquz şeydən çəkinməsi deməkdir. Məğrib namazı xüsusunda məğrib vaxtı anlayışı ilə bağlı verilən izah[216]
orucun başa çatdırılma vaxtı olan məğribin ayırd edilməsi məsələsinə də şamildir.

Orucun vacib olmasının şərtləri

Məsələ 1909.Hər bir insana aşağıdakı şərtlər daxilində mübarək ramazan ayında oruc tutmaq vacibdir.

Birinci və ikinci şərtlər: Həddi-büluğa çatmış və aqil şəxs olmalıdır

Məsələ 1910. Oruc həddi-büluğa çatmış və aqil şəxsə vacibdir. Həddi-büluğa çatmamış uşaq ramazan ayında sübh azanından öncə həddi-büluğa çatarsa, oruc tutmalıdır. Sübh azanından sonra həddi-büluğa çatdığı təqdirdə isə həmin günün orucu ona vacib deyil. Lakin ramazan ayının orucunu tutmaq niyyəti var idisə, müstəhəb ehtiyata əsasən, onu tamamlamalıdır.

Üçüncü şərt: Huşsuz olmamalıdır

Məsələ 1911. Əgər insan huşsuz olarsa (huşunu itirərsə) və bu səbəbdən oruc məsələsində mötəbər sayılan niyyəti edə bilməzsə, oruc ona vacib deyil. Məsələn, sübh azanından əvvəl oruc tutmaq niyyəti olmayan, daha sonra huşunu itirən məğrib azanından sonra özünə gələn şəxsə həmin günün orucu vacib deyil və daha sonra onun qəzasını tutması da lazım deyil.

Məsələ 1912. Əgər insan sübh azanından öncə oruc niyyəti edərsə, daha sonra qeyri-ixtiyari surətdə huşunu itirərsə və gün ərzində özünə gələrsə, lazım ehtiyata əsasən, həmin günün orucunu sonadək tutmalıdır və əgər sonadək tutmazsa, onun qəzasını tutmalıdır. Səbəbləri ixtiyari olan huşsuzluq vəziyyətində (insanın cərrahiyyə əməliyyatı üçün özünü anestezioloqa təslim etməsi kimi) isə vacib ehtiyat orucu sonadək tutmağı və daha sonra onun qəzasını da tutmağı tələb edir.

Dördüncü şərt: Oruc tutan qadın olduğu təqdirdə heyz və nifasdan təmizlənmiş olmalıdır

Məsələ 1913. Haiz, yaxud nəfsa olan qadına hərçənd günün yalnız bir hissəsində heyz, yaxud nifas halında olsa belə, oruc vacib deyil və bu üzürlü hal aradan qalxdıqdan sonra həmin orucun qəzasını tutması vacibdir.

Beşinci, altıncı və yeddinci şərtlər: Oruc tutmaq həddən ziyadə zərərli və ya məşəqqətli olmamalı, yaxud şəriətin buna dair başqa bir qadağası olmamalıdır

Bu şərtlərin şamil olunduğu şəxslər bir neçə qismə bölünür:

a) Oruc tutması özü üçün adətən dözülməz sayılan dərəcədə zərərli, yaxud məşəqqətli olan şəxs.

Məsələ 1914. Əgər insan orucun onun üçün önəmli zərəri (adətən dözülməz olan zərər) olduğuna əmindirsə, yaxud belə bir zərərin mövcudluğunu ehtimal edirsə və bu ehtimal onda qorxu hissi yaradırsa, ehtimalı aqil insanların nəzərində əsaslı olduğu təqdirdə oruc tutması vacib deyil. Hətta əgər sözügedən zərər ölüm, yaxud cana qarşı cinayət (məsələn, hər hansı bir üzvün itirilməsi) ilə nəticələnəcəksə, onun oruc tutması haramdır. Orucun vacib olmaması məsələsində onun hər hansı bir xəstəliyin, yaxud zərərin meydana gəlməsinə səbəb olması ilə onun güclənməsinə, yaxud müalicə (həlli) müddətinin uzanmasına səbəb olması arasında heç bir fərq yoxdur.

Qeyd etmək lazımdır ki, yeni həddi-büluğa çatan qızlar və eləcə də digər şəxslər üçün mübarək ramazan ayında oruc tutmaq önəmli dərəcədə zərərli olduğu və onların xəstələnməsinə səbəb olduğu, yaxud xəstələnməkdən qorxduqları təqdirdə xəstələrlə əlaqədaq hökmlər onlara da şamil olur. Ancaq əgər oruc tutmağın onlar üçün zərəri yoxdursa, bununla belə,məsələn, günün uzun olması, yaxud havanın hərarətinin yüksək olması səbəbi ilə orucu sonadək tutmaq onlar üçün həddən ziyadə çətindirsə və bu çətinlik adətən dözülməzdirsə, mütləq (ümumi) Allaha yaxınlaşmaq niyyəti ilə[217]
oruc tutmalı və şiddətli zəiflik, yaxud güclü susuzluq hissi səbəbi ilə mübarək ramazan ayının orucunu davam etdirmək onlar üçün həddən ziyadə çətinləşdikdə su içə və qida qəbul edə bilərlər. Lakin vacib ehtiyata əsasən, qida və maye qəbulunda zərurət miqdarı ilə kifayətlənməli və günün qalan hissəsi ərzində də orucu pozan hərəkətlərdən çəkinməlidirlər. Hərçənd, istənilən halda qida və maye qəbulu ilə onların orucu batil olur.

Əgər onlar yüksək kalorili səhər yeməyi, yaxud gün ərzində fiziki fəaliyyətin azaldılması və ya daha artıq istirahət kimi orqanizmin müqavimətini möhkəmləndirən normal üsullardan yararlanmaqla həddən ziyadə zərər və çətinlik çəkmədən mübarək ramazan ayının orucunu tuta bilərlərsə, mütləq belə etməlidirlər.

Məsələ 1915.Orucun özü üçün önəmli zərəri olmadığını bilən, yaxud buna arxayın olan şəxs hərçənd həkim zərərli olduğunu söyləsə belə, oruc tutmalıdır. Orucun onun üçün önəmli zərəri olduğuna əmin olan, yaxud bunu güman və ehtimal edən şəxsin oruc tutması isə hərçənd həkim zərəri olmadığını söyləsə belə, vacib deyil və o orucunu poza bilər. Hətta əgər ehtimal etdiyi, yaxud mövcudluğuna əmin olduğu zərər haram həddində olarsa, oruc tutmaması, onu pozması vacibdir. Haram sayılan zərər istisna olmaqla digər hallarda insan rəcaən (savab ümidi ilə) oruc tuta bilər və əgər sonradan orucun onun üçün önəmli zərəri olduğu məlum olarsa, orucu düzgündür.

Məsələ 1916. Əgər xəstənin vəziyyəti ramazan ayında gündüz zöhr azanından öncə yaxşılaşarsa və həmin vaxtadək orucu batil edən bir iş görməmişdirsə, vacib ehtiyata əsasən, oruc niyyəti etməli və həmin gün oruc tutmalıdır. Zöhr azanından sonra yaxşı olduğu təqdirdə isə həmin gün oruc tutmaq ona vacib deyil, ancaq sonra qəzasını tutmalıdır.

Məsələ 1917. Yüngül zərərlər orucu pozmağın caiz olmasına səbəb olmur və bu cür zərərlər mövcud olsa belə, oruc insana vacibdir. Buna əsasən, əgər oruc insanın normal sayılan dərəcədə səhhətində yüngül dəyişikliyə, bədən temperaturunun bir qədər artmasına, bədənində zəiflik və süstlük hiss etməsinə, yaxud görmə qabiliyyətinin zəifləməsinə səbəb olursa, belə ki, iftardan bir-iki saat sonra bu hallar tamamilə aradan qalxırsa, bütün bunlar, həmçinin, aqil insanların çəkinmədikləri və insanların adətən dözə bildiyi digər yüngül zərərlər şəriət baxımından üzürlü hal hesab edilmir və bu hallarla qarşılaşan şəxslərə oruc tutmaq vacibdir.

Məsələ 1918. Əgər orucun oruc tutmaq istəyən şəxsin canı üçün hər hansı bir zərəri yoxdursa, ancaq o ləyaqətinə, yaxud əmlakına önəmli zərərin dəyəcəyindən qorxursa və bunun qarşısını almaq üçün oruc tutmamaq və onu pozmaqdan başqa məntiqli çıxış yolu yoxdursa, oruc ona vacib deyil.

b) Qocalıq səbəbi ilə oruc tutması mümkün olmayan, yaxud həddən ziyadə məşəqqətli olan qoca kişi və qoca qadın.

c) Susuzluq xəstəliyi (polidipsiya) olan, yəni çox susayan və susuzluğa dözə bilməyən, yaxud dözməkdə çətinlik çəkən şəxs.

ç) Hamiləlik səbəbi ilə oruc tutmaq özü, yaxud övladı üçün zərərli olan hamilə qadın.

d) Südvermə səbəbi ilə oruc tutmaq özü, yaxud südəmər körpəsi üçün zərərli olan əmizdirən qadın. Bu dörd qrupa (b, c, ç və d) daxil olan şəxslərlə əlaqədar hökmlər kəffarələr mövzusunda izah ediləcəkdir.

e) Oruc tutması başqa bir vacib işin həyata keçməməsinə səbəb olan şəxs.

Məsələ 1919.Əgər insanın oruc tutması əhəmiyyət baxımından oruc qədər önəmli, yaxud ondan daha mühüm olan başqa bir vacib işin həyata keçməməsinə səbəb olarsa və bunun qarşısını almaq üçün oruc tutmamaq və onu pozmaqdan başqa bir yol yoxdursa, onun oruc tutması vacib deyil. Məsələn, insanın oruc tutması nəticəsində şəriətə görə canını, ləyaqətini, yaxud əmlakını qoruması vacib olan başqa bir şəxsin fiziki sağlamlığına, ləyaqətinə, yaxud əmlakına ciddi zərər dəyəcəyindən qorxması və bunun qarşısının alınması üçün oruc tutmamaq və onu pozmaqdan başqa bir yolun olmaması bu qəbildəndir.

Səkkizinci şərt: Müsafir olmamalıdır

Məsələ 1920. Dördrəkətli namazları səfərdə iki rükət qılmalı olan müsafir oruc tutmamalıdır. Namazını bütöv qılan müsafirin, məsələn, işi səfər olan, yaxud səfəri haram səfər olan şəxsin isə səfərdə oruc tutması vacibdir.

Qeyd etmək lazımdır ki, bütöv və müxtəsər namaz arasında seçim imkanı olan yerlər müsafirin namazı mövzusunda qeyd edildiyi kimi yalnız namaza aiddir və oruca şamil deyil. Müsafirin orucu ilə əlaqədar digər hökmlər eyni adlı mövzuda izah ediləcəkdir.

Orucun düzgün olmasının şərtləri

Mübarək ramazan ayının orucunun düzgün olması və qəzasının tutulmasına (istər həqiqi qəza, istərsə ilahi əzabdan qorunmaq üçün olsun) ehtiyac qalmaması üçün insan “orucun düzgün olmasının şərtləri” adlandırılan aşağıdakı şərtlərə cavab verməlidir.

Birinci şərt: Müsəlman olmalıdır

Məsələ 1921. Kafir insanların orucu düzgün deyil. Əlbəttə ki, əgər kafir şəxs ramazan ayının bir günündə müsəlman olarsa və sübh azanından həmin vaxtadək orucu batil edən hər hansı bir iş görməmişdirsə, vacib ehtiyata əsasən, ma fiz-zimmə niyyəti ilə həmin günün axırınadək imsak etməlidir (yəni orucu batil edən işlər görməməlidir) və əgər imsak etməzsə, həmin günün qəzasını tutmalıdır.

İkinci, üçüncü və dördüncü şərtlər: Dəli, sərxoş, yaxud huşsuz olmamalıdır

Məsələ 1922. Dəli, sərxoş, yaxud huşsuz insanın orucu bu hallar onun orucda mötəbər sayılan niyyəti düzgün etməməsinə səbəb olduğu halda doğru deyil. Lakin əgər insan sübh azanından əvvəl oruc niyyəti edərsə, sonra sərxoş olarsa və gün ərzində ayılarsa, vacib ehtiyata əsasən, həmin günün orucunu sonadək tutmalı və daha sonra onun qəzasını da tutmalıdır. Azandan öncə oruc niyyəti edən, sonra huşunu itirən və gün ərzində özünə gələn şəxs üçün nəzərdə tutulmuş hökm 1912-ci məsələdə izah edilmişdir.

Beşinci şərt: Oruc tutan qadın olduğu təqdirdə heyz və nifasdan təmizlənmiş olmalıdır

Məsələ 1923.Haiz, yaxud nəfsa olan qadın hərçənd günün yalnız bir hissəsində heyz, yaxud nifas halında olsa belə, onun orucu doğru deyil. Buna əsasən, mübarək ramazan ayında sübh azanından sonra, məsələn, Günəş çıxarkən heyz, yaxud nifasdan paklanan qadın həmin gün oruc tuta bilməz. Həmçinin, pak olan və oruc tutan qadın əgər mübarək ramazan ayında axşamüstü, məsələn, Günəşin batmasından on dəqiqə öncə haiz, yaxud nəfsa olarsa, onun həmin gün tutduğu oruc batildir.

Məsələ 1924.Əgər qadın heyz olmamaq və oruc tuta bilmək üçün aybaşı qanaxmasının qarşısını alan həb qəbul edərsə və nəticədə aybaşı olmazsa, orucu düzgündür.

Altıncı şərt: Oruc tutmaq zərərli olmamalıdır

Məsələ 1925. Xəstənin, yaxud orucun onun üçün adətən dözülməz hesab edilən və aqil insanların qorunmağa çalışdığı ciddi bir zərər yetirə biləcəyi sağlam şəxsin oruc tutması, hərçənd bu zərər ölüm, yaxud bir üzvün itirilməsi kimi haram özünə zərəryetirmə həddinə çatmasa belə, düzgün deyil. Daha öncə qeyd edildiyi kimi haram olmayan özünə zərəryetirmə hallarında insan rəcaən oruc tutarsa və sonra orucun onun üçün önəmli zərəri olmadığı məlum olarsa, orucu doğrudur.

Məsələ 1926.Orucun onun üçün zərərli olduğuna inanan şəxs oruc tutarsa və məğribdən sonra orucun onun üçün ciddi zərəri olduğunu başa düşərsə, vacib ehtiyata əsasən, hərçənd bu zərər haram özünə zərəryetirmə həddinə çatmasa belə, daha sonra həmin orucun qəzasını tutmalıdır.

Məsələ 1927. Əgər bir şəxs zərərli olduğuna inanmasına, yaxud zərərli olduğundan qorxmasına baxmayaraq oruc tutarsa, orucu batildir. Lakin əgər sonradan orucun onun üçün zərərli olmadığı məlum olarsa və oruc əsnasında onun niyyəti Allaha yaxınlaşmaq olarsa, bu halda istisna olaraq orucu doğrudur.

Yeddinci şərt: Müsafir olmamalıdır

Məsələ 1928. Dördrəkətli namazları səfərdə iki rükət qılmalı olan müsafirin oruc tutması doğru deyil. İşi səfər olan, yaxud səfəri günah səfər olan şəxs kimi namazını bütöv qılmalı olan müsafirin isə orucu doğrudur.

Səkkizinci şərt: Niyyəti düzgün olmalıdır

Orucun niyyəti ilə əlaqədar hökmlər qarşıdakı məsələlərdə müfəssəl surətdə izah ediləcəkdir.

Orucun niyyəti ilə əlaqədar hökmlər

Məsələ 1929.Oruc tutan şəxs onu Allaha yaxınlaşma niyyəti ilə tutmalıdır və niyyətində ixlası qorumalıdır. Buna əsasən, əgər insan riyakarcasına oruc tutarsa, orucu batildir.

Məsələ 1930. İnsanın orucun niyyətini qəlbindən keçirməsinə (daxili nitqlə), yaxud, məsələn: “Sabah oruc tutacağam”, - deməsinə gərək yoxdur. Sadəcə uca Allahın qarşısında itaətkarlıq və bəndəliyini izhar etmək üçün sübh azanından məğribədək orucu batil edən işləri görməzsə, kafidir.

Məsələ 1931. Əgər insan sübh azanından öncə oruc niyyəti edərək yatarsa və məğribdən sonra oyanarsa, orucu doğrudur. Buna əsasən, orucun vaxtını bütünlüklə tutan yuxu insan ondan öncə oruc niyyəti etdiyi təqdirdə oruca xələl gətirmir.

Mübarək ramazan ayı orucunun niyyəti ilə əlaqədar hökmlər

Məsələ 1932. İnsan ramazan ayında hər gecə ertəsi günün orucu üçün niyyət edə bilər.

Məsələ 1933. Ramazan ayı olduğunu bilən və onun orucunu nəzərində saxlayan şəxs üçün ramazan ayı orucunun niyyətinin son vaxtı, vacib ehtiyata əsasən, sübh azanıdır. Yəni, vacib ehtiyata əsasən, sübh çağı onun imsakı (orucu batil edən şeylərdən çəkinməsi) oruc niyyəti ilə olmalıdır və niyyəti bu vaxtdan sonraya təxirə salmamalıdır.[218]

Məsələ 1934. Ramazan ayının orucunda sübh azanından öncə oruc niyyəti olmadan yatmış şəxs zöhrdən öncə oyanaraq niyyət edərsə, orucu doğrudur. Əgər zöhrdən sonra oyanarsa, vacib ehtiyata əsasən, günün qalan hissəsi ərzində mütləq Allaha yaxınlaşma niyyəti ilə[219]
imksak etməli və daha sonra həmin günün orucunun qəzasını da tutmalıdır.

Məsələ 1935. Əgər insan ramazan ayı olduğunu bildiyi halda qəsdən başqa bir oruc niyyəti edərsə (hətta, vacib ehtiyata əsasən, Allaha yaxınlaşma niyyəti olsa belə), həmin oruc ramazan ayının orucu hesab edilmir. Lakin əgər belə bir niyyəti məlumatsızlıq, yaxud unutqanlıq səbəbi ilə edərsə, ramazan ayının orucu hesab edilir və kafidir.

Məsələ 1936.Əgər insan ramazan ayı olduğunu bilməzsə, yaxud unudarsa və zöhrdən öncə başa düşərsə, orucu pozan bir iş gördüyü təqdirdə həmin gün oruc tuta bilməz. Lakin vacib ehtiyata əsasən, məğribədək orucu pozan işlər görməməli və ramazan ayından sonra həmin orucun qəzasını da tutmalıdır. Əgər zöhr azanından sonra ramazan ayı olduğunu başa düşərsə və orucu pozan bir iş görməmişdirsə, vacib ehtiyata əsasən, rəcaən oruc niyyəti etməli və ramazan ayından sonra həmin orucun qəzasını da tutmalıdır. Ancaq əgər zöhrdən öncə başa düşərsə və orucu pozan bir iş görməmişdirsə, oruc niyyəti etməlidir və orucu düzgündür.

Məsələ 1937.İnsanın niyyətində ramazan ayının hansı gününün orucunu tutduğunu müəyyənləşdirməsinə gərək yoxdur. Ramazan ayının müəyyən bir gününü niyyətində tutaraq oruc tutarsa və sonra həmin günün ramazan ayının başqa bir günü olduğunu başa düşərsə, orucu düzgündür. Məsələn, əgər insan ayın ilk gününü nəzərində tutaraq oruc tutarsa, sonra ayın ikinci, yaxud üçüncü günü olduğunu başa düşərsə, orucu düzgündür.

Ramazan ayı orucundan başqa vaxtı müəyyən olan vacib orucların niyyət vaxtı

Məsələ 1938.Əgər ramazan ayının orucundan başqa bir vaxtı müəyyən olan oruc insana vacib olarsa, məsələn, müəyyən bir gündə oruc tutmağı nəzir edərsə, həmin gün qəsdən sübh azanınadək niyyət etmədiyi təqdirdə orucu batildir. Əgər həmin gün oruc tutmağın ona vacib olduğunu bilməzsə, yaxud unudarsa və zöhrdən öncə xatırlayarsa, orucu pozan bir iş görmədiyi və niyyət etdiyi təqdirdə orucu düzgündür. Əgər zöhr azanından sonra yadına düşərsə, vacib ehtiyata əsasən, günün qalan hissəsi ərzində mütləq Allaha yaxınlaşma niyyəti ilə imsak etməli və daha sonra həmin günün orucunun qəzasını da tutmalıdır.

Məsələ 1939. Ramazan ayının orucundan başqa vaxtı müəyyən olan bir vacib orucda sübh azanından öncə oruc niyyəti olmadan yatan şəxs zöhrdən öncə oyandığı və niyyət etdiyi təqdirdə orucu düzgündür, zöhrdən sonra oyandığı təqdirdə isə, vacib ehtiyata əsasən, günün qalan hissəsi ərzində mütləq Allaha yaxınlaşma niyyəti ilə imsak etməli və daha sonra həmin günün orucunun qəzasını da tutmalıdır.

Qəza və kəffarə orucu kimi qeyri-müəyyən vacib orucda niyyət vaxtı

Məsələ 1940. Qeyri-müəyyən vacib orucda niyyət vaxtı zöhr azanınadək davam edir. Buna əsasən, əgər kəffarə orucu, yaxud mübarək ramazan ayının qəza orucu kimi bir qeyri-müəyən vacib orucda insan qəsdən zöhr azanına yaxın vaxtadək niyyət etməzsə, bu orucun doğruluğuna xələl gətirmir. Hətta əgər niyyətdən öncə oruc tutmamaq fikrində olsa, yaxud tutub-tutmamaqda tərəddüd etsə belə, orucu batil edən bir iş görmədiyi və zöhr azanından öncə niyyət etdiyi təqdirdə orucu düzgündür. Amma zöhr azanından sonra niyyət etmək vacib ehtiyata əsasən kifayət etmir.

Məsələ 1941. Vəfat etmiş şəxsin niyabət üsulu ilə tutulan[ qəza orucunda niyyət vaxtı insanın öz qəza orucunda olduğu kimi zöhr azanına qədərdir[220]
və bu məsələdə isticari (müəyyən ücrət müqabilində tutulan) oruc ilə ödənişsiz tutulan oruc arasında heç bir fərq yoxdur.

Orucun niyyəti ilə əlaqədar digər hökmlər

Məsələ 1942. Əgər insan qəza, yaxud kəffarə orucu tutmaq istəyirsə, onu müəyyən etməli, məsələn, “qəza (kəffarə) orucu tuturam” deyə niyyət etməlidir. Lakin ramazan ayında “ramazan ayının orucunu tuturam” deyə niyyət etməsinə gərək yoxdur. Hətta əgər ramazan ayı olduğunu bilməsə, yaxud unutsa və başqa bir orucun niyyətini etsə belə, tutduğu oruc ramazan ayının orucu sayılır. Nəzir orucu və bu qəbildən olan oruclarda nəzirə vəfa niyyətində olmağa gərək yoxdur.[221]

Məsələ 1943. Oruc tutmaq niyyətindən daşınmaq, yaxud orucu pozmaq qərarına gəlmək bir neçə vəziyyətdə təsəvvür edilə bilər:

1. Ramazan ayının orucu kimi müəyyən vacib orucda. Bu vəziyyət özü də iki cür ola bilər:

a) İnsan oruc tutmamaq niyyətindədir, yaxud oruc tutub-tutmamaqda tərəddüd edir. Bu halda əgər belə bir niyyət, yaxud tərəddüddən sonra yenidən oruc niyyəti etməzsə, orucu batildir. Əgər peşman olarsa və orucu batil edən işlər görmədən yenidən oruc niyyəti edərsə, vacib ehtiyata əsasən, həmin günün orucunu sonadək tutmalı və daha sonra onun qəzasını da tutmalıdır.

b) Orucu onu pozan işlərdən birini görməklə (həmin işin orucu pozduğunu bildiyi halda) batil etmək niyyətindədir, yaxud onu batil etməklə bağlı tərəddüddədir. Bu halda əgər peşman olaraq orucu pozan işi görməzsə, vacib ehtiyata əsasən, həmin günün orucunu sonadək tutmalı və daha sonra onun qəzasını da tutmalıdır.

2. Vaxtı müəyyən olmayan bir vacib orucda, məsələn, kəffarə orucunda, yaxud mübarək ramazan ayının qəza orucunda insan zöhr azanından öncə oruc tutmamaq qərarına gələrsə, yaxud oruc tutub-tutmamaqda tərəddüd edərsə və ya orucu pozan işlərdən birini görməklə (həmin işin orucu pozduğunu bildiyi halda) onu batil etmək niyyətinə düşərsə, ya da belə bir iş görüb-görməməkdə tərəddüd edərsə, peşman olaraq orucu pozan işlər görmədən zöhr azanından öncə yenidən oruc niyyəti edərsə, orucu doğrudur.

Məsələ 1944. İnsanın şaban ayının sonuncu günü, yoxsa ramazan ayının ilk günü olduğuna şəkk etdiyi günə “şəkk günü” deyilir və həmin gün oruc tutmaq vacib deyil.

Məsələ 1945. İnsan şəkk günü oruc tutmaq istəyərsə:

a) Ramazan ayını niyyətində tutaraq oruc tuta bilməz və əgər qəsdən ramazan ayının orucu imiş kimi niyyət edərsə, hərçənd sonradan ramazan ayı (ilk günü) olduğu məlum olsa belə, orucu batildir.

b) Şaban ayının müstəhəb orucu, qəza orucu, nəzir orucu və ya başqa bir vacib oruc niyyəti ilə oruc tuta bilər və əgər sonradan ramazan ayı olduğu məlum olarsa, həmin oruc ramazan ayının orucu hesab edilir.

c) “Ramazan ayıdırsa, ramazan orucu olsun, ramazan ayı deyilsə, qəza orucu (yaxud müstəhəb və ya başqa bir oruc) olsun” deyə niyyət etdiyi təqdirdə orucu doğrudur.

d) Əgər niyyəti uca Allahın həmin məqamda ondan icra etməsini istədiyi və həqiqətdə vəzifəsi olan əməli yerinə yetirmək olarsa, yaxud niyyəti mütləq surətdə (məhz hansı oruc olduğunu müəyyən etmədən) oruc tutmaq olarsa və sonradan ramazan ayı olduğu məlum olarsa, orucu kafidir və ramazan ayının orucu hesab edilir.

Məsələ 1946. Şəkk günü oruc tutan şəxs oruc əsnasında (istər zöhrdən öncə, istərsə sonra) ramazan ayı olduğunu başa düşərsə, dərhal niyyətini ramazan ayının orucu üzərində qətiləşdirməlidir.

Məsələ 1947. İnsan şəkk günü oruc tutmasa və məğrib azanından sonra həmin gün ramazan ayı olduğunu başa düşsə, günah etməmişdir və daha sonra ramazan ayının qəza orucu niyyəti ilə bir gün oruc tutmalıdır.

Məsələ 1948. İnsan şəkk günü oruc tutmasa və gün ərzində mübarək ramazan ayı olduğunu başa düşsə bunun üçün üç hal vardır:

a) Ramazan ayı olduğunu başa düşməzdən öncə orucu batil edən bir iş görmüşdürsə, bu halda həmin gün oruc tuta bilməz, vacib ehtiyata əsasən, günün qalan hissəsi ərzində (məğribədək) orucu batil edən işlərdən uzaq durmalıdır və ramazan ayından sonra həmin günün orucunun qəzasını tutmalıdır.

b) Orucu batil edən bir iş görməmişdirsə və zöhrdən sonra ramazan ayı olduğunu başa düşərsə, bu halda, vacib ehtiyata əsasən, rəcaən (savab ümidi ilə) oruc niyyəti etməli və ramazan ayından sonra həmin günün orucunun qəzasını da tutmalıdır.

c) Orucu batil edən bir iş görməmişdirsə və zöhrdən öncə ramazan ayı olduğunu başa düşərsə, bu halda dərhal ramazan ayının orucunu tutmaq niyyəti etməsi vacibdir və tutduğu təqdirdə orucu düzgündür.

Doqquzuncu şərt: Orucu pozan işlərdən çəkinməlidir

Məsələ 1949. Orucun düzgün olması üçün insan onu batil edən işlərdən (müftirat) uzaq durmalı, həm yemək-içmək kimi gün ərzində görməməli olduğu işlərdən çəkinməli, həm də sübh azanı əsnasında orucun düzgün olması üçün şərt sayılan hallara diqqət yetirməlidir, məsələn, mübarək ramazan ayında sübh azanınadək cənabətli qalmamalı, yaxud heyz və nifasdan paklanan qadın qəsdən qüslü sübh azanınadək təxirə salmamalıdır. Bununla əlaqədar hökmlər qarşıdakı məsələlərdə təfsilatı ilə izah ediləcəkdir.

Orucu batil edən işlər

Məsələ 1950. Bir neçə şey orucu batil edir:

1) Yemək və içmək;[222]
2
) cinsi əlaqə; 3) istimna (masturbasiya, onanizm), yəni kişinin təkbaşına, yaxud başqasının köməyi ilə cinsi əlaqədə olmadan sperma ifrazına səbəb olan bir iş görməsi; bu hərəkətin qadınlar tərəfindən yerinə yetirilməsi xüsusunda 417-ci məsələdə verilən şərh nəzərə alınmalıdır; 4) vacib ehtiyata əsasən, uca Allah, İslam peyğəmbəri (s) və Peyğəmbərin canişinlərinə (ə) yalan isnad etmək (onların adından yalan danışmaq); 5) vacib ehtiyata əsasən, qatı toz udmaq; 6) sübh azanınadək cənabətli qalmaq; 7) qadının sübh azanınadək heyz, yaxud nifas halında qalması; 8) maye ilə imalə etmək; 9) qəsdən qusmaq.

Bu hallarla əlaqədar hökmlər qarşıdakı məsələlərdə izah ediləcəkdir.

1. Yemək və içmək

Məsələ 1951. Əgər oruc tutan insan oruc tutduğu halda qəsdən bir şey yeyər, yaxud içərsə, orucu batil olur, istər həmin şeyin yeyilməsi və ya içilməsi normal sayılsın (çörək və su kimi), istərsə normal sayılmasın (torpaq və ağac şirəsi kimi), istər miqdarı az olsun, istərsə çox olsun. Hətta əgər az miqdarda ağız seliyi (tüpürcək) ifraz edər və sonra onu yenidən ağız boşluğuna qəbul edərək udarsa, orucu batil olur. Lakin həmin miqdarda (ifraz olunmuş) selik ağız boşluğundakı (ifraz olunmamış) seliyə qarışaraq itəcək qədər az olarsa, bu halda istisna olaraq oruc batil olmur.

Məsələ 1952. Əgər insan qida qəbul edərkən sübhün başladığını başa düşərsə, ağzındakı qidanı çıxarmalıdır, qəsdən udduğu təqdirdə orucu batildir və ona qarşıda izah ediləcək şəkildə kəffarə də vacib olur.

Məsələ 1953. Əgər oruc tutan dişlərinin arasında qalan bir şeyi qəsdən udarsa, orucu batil olur.

Məsələ 1954. Oruc tutmaq istəyən şəxsin azandan öncə dişlərinin arasını dişqurdalayanla (kürdanla) təmizləməsi, yaxud dişlərini fırçalaması lazım deyil. Lakin əgər dişlərinin arasında qalan qida qalıqlarının gün ərzində udulacağını bilirsə, onların arasını dişqurdalayanla təmizləməli, yaxud fırçalamalıdır.

Məsələ 1955. Əgər oruc tutan səhvən bir şey yeyər, yaxud içərsə, orucu batil olmur.

Məsələ 1956. Ağız seliyinin udulması, hərçənd turş bir şeyi təsəvvür etmək və ya bu qəbildən olan səbəblərlə ağız boşluğunda toplanmış olsa belə, orucu batil etmir.

Məsələ 1957. Sinə və başdan gələn selikli ifrazatların ağız boşluğuna çatanadək udulması oruca xələl gətirmir. Hətta əgər ağız boşluğuna daxil olsa və oruc tutan onu udsa belə, yenə də orucu batil olmur. Hərçənd sonuncu halda müstəhəb ehtiyat udmamasını tələb edir.

Məsələ 1958. İnyeksiya[223]
yolu ilə bədənə daxil edilən dərman vasitəsi və venadaxili infuziya[224]
üsulu ilə bədənə daxil edilən serum hərçənd immuniteti möhkəmləndirən bir dərman məhlulu, yaxud suda həll olunmuş 5%-li dekstroza (D5W və ya D5H2O) məhlulu olsa belə, orucu batil etmir.

Məsələ 1959. Göz və qulağa dərman (damcı) tökmək hərçənd dadı boğazda hiss edilsə belə, orucu batil etmir. Buruna dərman (nazal damcı) tökərkən isə əgər oruc tutan onun boğaza ötürülüb-ötürülməyəcəyini bilmirsə və onu boğaza ötürmək niyyəti yoxdursa, orucu batil etmir. Lakin əgər insan su və ya başqa bir maddəni burun boşluğu yolu ilə boğaza və qida borusuna ötürərsə, bu “yemək” sayılır və orucu batil edir.

Məsələ 1960. Susuzluq və halsızlıq öz-özlüyündə şəriətə görə orucu pozmaq üçün üzür hesab edilmir. Lakin əgər insan nəticədə adətən dözülməz olan bir çətinliyə düşməsinə səbəb olacaq qədər susuzluq, yaxud halsızlıq hiss edərsə, orucu aça bilər. Ancaq mübarək ramazan ayında, vacib ehtiyata əsasən, həmin həddən ziyadə halsızlıq və ya susuzluğun aradan qalxması üçün zəruri olan qədər (qida, dərman qəbulu və s.) ilə kifayətlənməli (daha öncə izah edildiyi kimi) və günün qalan hissəsi ərzində orucu pozan hər hansı bir iş görməkdən çəkinməlidir. Hərçənd, istənilən halda oruc onun bir şey yeməsi, yaxud içməsi ilə batil olur.

Lakin xəstə olan, məsələn, böyrək daşı xəstəliyi olan, oruc tutması səhhətinə ciddi zərər yetirən və xəstəliyinin müalicəsi, yaxud ağırlaşmasının qarşısının alınması üçün gün ərzində çox su içməli olan şəxsə oruc tutmaq vacib deyil, su içə bilər və günün qalan hissəsi ərzində orucu pozan işləri görməkdən çəkinməsi də vacib deyil.

Qeyd etmək lazımdır ki, bu məsələdə qeyd edilən hökmlərin hamısı qida qəbuluna da aiddir.

Məsələ 1961. İnsanın udmaq niyyətində olmadığı və bir qayda olaraq boğaza getməyən uşaq, yaxud quşun qidasının çeynənilməsi, yeməyin dadına baxmaq və bu qəbildən olan hallarda hərçənd təsadüfən udsa belə, bu, orucu batil etmir. Lakin əgər insan əvvəldən boğazına gedəcəyini bilərsə və bu işi qəsdən görərsə, orucu batil olur və ona qəza və kəffarə vacib olur.

Məsələ 1962. Həddən ziyadə ağız yaxalama oruc tutan insan üçün məkruhdur. Əgər ağzını yaxaladıqdan sonra ağzındakı suyu udmaq istəyərsə, ağız boşluğuna yaxalama əsnasında xaricdən daxil olan və tüpürcəkdə həll olunmuş hesab edilməyəcək qədər az olmayan suyu ifraz etməlidir və hərçənd bir dəfə tüpürməklə həmin su ağız boşluğundan çıxsa da, daha yaxşı olar ki, üç dəfə tüpürsün.

2. Cinsi əlaqə

Məsələ 1963. Cinsi əlaqə hətta kişi cinsiyyət üzvü yalnız sünnət yerinədək daxil edilsə və sperma ifraz olmasa belə, orucu batil edir.

Məsələ 1964. Əgər cinsiyyət üzvünün sünnət yerinədək olan hissəsindən az hissəsi daxil olarsa və sperma da ifraz olmazsa, oruc batil olmur. Lakin sünnət yeri olmayan[225]
şəxsin cinsiyyət üzvünün sünnət yerindən az hissəsi belə daxil olarsa, orucu batil olur.

Məsələ 1965. Əgər insan qəsdən cinsi əlaqədə olarsa və sünnət yerinədək[226]
daxil olub-olmadığına şəkk edərsə, bu məsələ ilə əlaqədar hökm 1943-cü məsələyə müraciət etməklə məlum olur və istənilən halda əgər insan orucu batil edən bir iş görməmişdirsə, kəffarə ona vacib deyil.

Məsələ 1966. Əgər insan oruc tutduğunu unudaraq cinsi əlaqədə olarsa, yaxud cinsi əlaqədə olmağa məcbur edilərsə, yəni qeyri-ixtiyari surətdə cinsi əlaqədə olarsa, orucu batil olmur. Lakin cinsi əlaqə əsnasında xatırladıqda, yaxud məcburiyyətdən azad edildikdə və artıq ixtiyarı öz əlində olduqda, dərhal cinsi əlaqəni başa çatdırmalıdır[227]
və əgər başa çatdırmazsa, orucu batildir.

3. İstimna (masturbasiya)

Məsələ 1967. Oruc tutan şəxs istimna edərsə[228]
, orucu batil olur.

Məsələ 1968. Əgər insandan qeyri-ixtiyari surətdə sperma ifraz olarsa, orucu batil deyil.

Məsələ 1969. Əgər oruc tutan şəxs gündüz yatacağı təqdirdə onda pollyusiya halı baş verəcəyini, yəni yuxuda ondan sperma ifraz olacağını bilirsə, yata bilər. Hətta yatmamaq səbəbi ilə narahat olmayacağı və pollyusiya halı baş verdiyi təqdirdə belə orucu batil olmur.

Məsələ 1970. Əgər oruc tutan şəxs spermanın ifraz olunması əsnasında yuxudan oyanarsa, onun ifrazının qarşısını alması vacib deyil.

Məsələ 1971. Pollyusiya olan oruc tutan hərçənd idrar etmə nəticəsində spermanın kanalda qalan hissəsinin ifraz olacağını bilsə belə, idrar edə bilər.

Məsələ 1972. Pollyusiya olan oruc tutan əgər spermanın kanalda qaldığını və qüsldən öncə idrar etməyəcəyi təqdirdə spermanın qüsldən sonra onun bədənindən ifraz olacağını bilirsə, müstəhəb ehtiyata əsasən, qüsldən öncə idrar etməlidir.

Məsələ 1973. Qəsdən spermanın ifrazı məqsədi ilə misal olaraq öz arvadı ilə mazaqlaşan (flirt edən), ancaq bədənindən sperma ifraz olunmayan kişi əgər yenidən oruc niyyəti etməzsə, orucu batildir, oruc niyyəti etdiyi təqdirdə isə, vacib ehtiyata əsasən, orucu sonadək tutmalı və daha sonra qəzasını da tutmalıdır.

Məsələ 1974. Əgər oruc tutan şəxs sperma ifraz etmək məqsədi olmadan misal olaraq öz arvadı ilə mazaqlaşarsa, spermanın ifraz olmayacağına əmin, yaxud arxayın olduğu təqdirdə (hərçənd təsadüfən sperma ifraz olsa belə) orucu düzgündür. Lakin əgər arxayın deyilsə, sperma ifraz olduğu təqdirdə orucu batildir.

4. Ehtiyata əsasən, uca Allaha, Peyğəmbərə (s) və pak İmamlara (ə) yalan isnad etmək

Məsələ 1975. Əgər oruc tutan şəxs danışıq, yazı, işarə və ya bu qəbildən olan vasitələrlə uca Allaha, ən kəramətli Peyğəmbərə (s) və pak imamlara (ə) yalan isnad edərsə, hərçənd dərhal “yalan danışdım” desə, yaxud tövbə etsə belə, vacib ehtiyata əsasən, orucu batildir. Buna əsasən, əgər misal olaraq ramazan ayının orucunu tutarkən belə edərsə, vacib ehtiyata əsasən, həmin günün orucunu mütləq Allaha yaxınlaşma niyyəti ilə[229]
sonadək tutmalı və daha sonra onun qəzasını da tutmalıdır. Həmçinin, müstəhəb ehtiyata əsasən, Həzrət Fatimə (s.ə), digər peyğəmbərlər (ə) və onların canişinlərinə yalan isnad etmək də bu qəbildəndir. Şübhəsiz, bunu da nəzərə almaq lazımdır ki, Allaha, Peyğəmbərə (s) və məsumlara (ə), o cümlədən Həzrət Fatiməyə (s.ə) yalan isnad etmək böyük günahlardandır.

Məsələ 1976. Əgər oruc tutan bir doğru olduğuna dair mötəbər bir dəlil olmayan və doğru, yoxsa yanlış olduğunu bilmədiyi bir rəvayəti danışmaq istəyərsə, onu nəql surəti ilə[230]
danışdığı və bilavasitə Allahın ən əziz Elçisinə (s) və pak imamlara (ə) isnad etmədiyi təqdirdə orucu düzgündür, əks təqdirdə, vacib ehtiyata əsasən, orucu öncəki məsələdə izah edilən mənada batildir.

Məsələ 1977. Əgər bir şeyi doğru olduğuna inanaraq uca Allahın, yaxud ən əziz Peyğəmbərin (s) və ya pak imamların (ə) dilindən nəql edərsə və sonra yalan olduğunu başa düşərsə, orucu batil olmur.

Məsələ 1978. Əgər yalan olduğunu bildiyi bir şeyi uca Allaha, yaxud ən əziz Peyğəmbərə (s) və ya pak imamlara (ə) isnad edərsə və sonra söylədiklərinin doğru olduğunu başa düşərsə, bu hərəkətin orucu pozduğunu bildiyi təqdirdə, vacib ehtiyata əsasən, həmin gün orucu sonadək tutmalı və sonra onun qəzasını da tutmalıdır.

Məsələ 1979. Əgər başqasının uydurduğu bir yalanı qəsdən uca Allaha, yaxud ən kəramətli Peyğəmbərə (s) və ya pak imamlara (ə) isnad edərsə, lazım ehtiyata əsasən, orucu 1975-ci məsələdə izah edilən mənada batil olur. Lakin əgər həmin yalanı uyduran şəxsin sözləri kimi nəql edərsə, oruca xələl gəlmir.

Məsələ 1980. Əgər oruc tutandan Peyğəmbərin (s) hər hansı bir sözü söyləyib-söyləmədiyi soruşularsa və o, “xeyr” deməli (inkar etməli) olduğu halda “bəli” deyərsə (təsdiq edərsə), yaxud “bəli” deməli olduğu halda “xeyr” deyərsə, vacib ehtiyata əsasən, orucu 1975-ci məsələdə izah edilən mənada batil olur və həmçinin, bu hökm uca Allah, yaxud pak imamlara (ə) isnad hallarına da şamildir.

Məsələ 1981. Əgər uca Allahın, yaxud ən kəramətli Peyğəmbərin (s) və pak imamların (ə) dilindən bir doğru bir söz söyləyərsə, sonra hələ oruc ikən yalan söylədiyini bildirərsə, yaxud onlara bir yalan isnad edərsə və hələ oruc ikən daha öncə söylədiklərinin doğru olduğunu bəyan edərsə, lazım ehtiyata əsasən, 1975-ci məsələdə izah edilən mənada orucu batil olur. Yalnız məqsədi söylədiklərini etiraf etmək olduğu təqdirdə istisna olaraq orucu batil olmur.[231]

5. Ehtiyata əsasən, qatı toz udmaq

Məsələ 1982. Vacib ehtiyata əsasən, qatı toz udmaq orucu batil edir, istər bu toz un kimi yeyilməsi halal olan bir şeyin, istərsə torpaq kimi yeyilməsi haram olan bir şeyin tozu olsun. Buna əsasən, mübarək ramazan ayının orucunda qatı toz udan şəxs həmin günün orucunu mütləq Allaha yaxınlaşmaq niyyəti ilə[232]
sonadək tutmalı və sonra onun qəzasını da tutmalıdır.

Məsələ 1983. Vacib ehtiyata əsasən, oruc tutan siqaret, tənbəki və s. tütün məmulatlarının tüstüsünü udmamalı, həmçinin, digər qatı tüstüləri də udmaqdan, vacib ehtiyata əsasən, çəkinməlidir.

Məsələ 1984. Qatı olmayan tozun udulması orucu batil etmir.

Məsələ 1985. Su buxarı hərçənd qatı olsa belə, orucu batil etmir. Lakin ağız boşluğunda su damcılarına çevrilərsə və oruc tutan şəxs onu qəsdən udarsa, bu halda orucu batil olur. Yalnız həmin damcıların ağız seliyinə (tüpürcəyə) qarışaraq həll olunacaq qədər kiçik miqdarda olması istisnadır.

Məsələ 1986. Əgər külək, yaxud qasırğa səbəbi ilə havada qatı toz-duman meydana gələrsə, belə ki, insan özünü qorumadığı təqdirdə belə bir toz mütləq udulursa və insan bunu başa düşdüyü və qoruna bilmək imkanı olduğu halda qorunmazsa və həmin tozu udarsa, vacib ehtiyata əsasən, orucu 1982-ci məsələdə izah edilən mənada batil olur. Ancaq külək, yaxud qasırğa nəticəsində meydana gələn və insanın udmamaq üçün özünü qoruması həddən ziyadə çətin olan toz və dumandan qorunmağa gərək yoxdur.

Məsələ 1987. Əgər oruc tutan özünü qorumazsa və toz, yaxud tüstü və bu qəbildən olan qatı hava kütləsi insanın boğazına gedərsə, boğazına getməyəciyinə əmin, yaxud arxayın olduğu təqdirdə orucu düzgündür. Həmçinin, boğazına getməyəcəyini güman etdiyi və bu baxımdan özünü qorumadığı təqdirdə də hökm belədir. Lakin müstəhəb ehtiyat sonuncu halda həmin orucun qəzasını da tutmasını tələb edir.

Məsələ 1988. Əgər oruc olduğunu unudarsa və özünü qorumazsa, yaxud toz və bu qəbildən olan qatı hava kütləsi boğazına qeyri-ixtiyari gedərsə, orucu batil olmur.

Məsələ 1989. Nəfəs darlığı üçün istifadə edilən astma spreyləri əgər dərmanı yalnız ağ ciyərlərə yeridirsə və dərman qida borusuna daxil olmursa, orucu batil etmir.

6. Sübh azanınadək cənabətli qalmaq

Məsələ 1990. Cünub (cənabətli) insan mübarək ramazan ayında sübh azanından öncə mütləq qüsl etməli, yaxud vəzifəsi təyəmmüm etmək olduğu təqdirdə təyəmmüm etməlidir. Müxtəlif oruc növlərində cənabətli qalmaqla əlaqədar hökmlər qarşıdakı məsələlərdə izah ediləcəkdir.

Məsələ 1991. Əgər cənabətli insan ramazan ayında qəsdən sübh azanınadək qüsl etməzsə, yaxud vəzifəsi təyəmmüm olduğu təqdirdə təyəmmüm etməzsə, həmin günün orucunu sonadək tutmalı və vacib ehtiyata əsasən, bu orucu mütləq (ümumi) Allaha yaxınlaşma niyyəti ilə tutmalı[233]
, sonra başqa bir gün də oruc tutmalı və həmin başqa günün orucunun qəza, yaxud üqubət (cəza) orucu olduğu məlum olmadığına görə həmin günün orucunu da mütləq (ümumi) Allaha yaxınlaşma niyyəti ilə tutmalıdır.

Məsələ 1992. Mübarək ramazan ayında qəsdsiz sübh azanınadək cənabətli halda qalmaq oruca xələl gətirmir. Həmçinin, cənabətli olduğundan xəbərsiz olan (cənabətlə əlaqədar hökmü deyil, cünub olduğunu bilməyən) şəxs mübarək ramazan ayında gün ərzində (sübhdən məğribədək), yaxud daha sonra həmin gün cənabətli olduğunu və cənabətli halda oruc tutduğunu başa düşərsə, orucu düzgündür. Həmçinin, cənabətli olduğunu bilən və bədənində suyun qarşısını alan bir maneənin mövcud olmadığı düşüncəsi ilə cənabət qüslü edərək oruc tutan, sonra gün ərzində (sübhdən məğribədək), yaxud daha sonra qüsl əsnasında bədən üzvlərində bir maneənin olduğunu və ya başqa bir səbəblə (həmin səbəblə bağlı hökmü bilmədiyindən deyil, ondan xəbərsiz olması ucbatından) qüslünün batil olduğunu, məsələn, qüslün onun üçün ciddi zərəri olduğunu, yaxud qüsl etdiyi suyun nəcasətli olduğunu başa düşən şəxsin orucu düzgündür və qəzası da yoxdur. Lakin həmin vəziyyətdə namaz qılmışdırsa, namazı batildir.

Məsələ 1993. Ramazan ayının orucunun qəzasını tutmaq istəyən şəxs sübh azanınadək qəsdən cünub qalarsa, həmin gün oruc tuta bilməz. Qəsdən olmadığı təqdirdə isə həmin gün mübarək ramazan ayının qəza orucunu tuta bilər. Hərçənd, müstəhəb ehtiyat yenə də həmin gün qəza orucunu tutmamağı tələb edir. Məsələn, ramazan ayının orucunun qəzasını tutmaq istəyən şəxs əgər sübh azanından sonra yuxudan oyanaraq pollyusiya halı baş verdiyini (yuxuda ondan sperma ifraz olduğunu) görərsə və bunun azandan öncə baş verdiyini bilərsə, həmin gün ramazan ayının qəzası niyyəti ilə oruc tuta bilər. Hərçənd, müstəhəb ehtiyat tutmamasını tələb edir.

Məsələ 1994. Ramazan ayının orucu və onun qəzası istisna olmaqla digər istənilən vacib və ya müstəhəb orucda cünub insan qəsdən sübh azanınadək cənabət halında qalarsa, oruca xələl gəlmir və həmin gün oruc tuta bilər.

Məsələ 1995. Cənabətli insan ramazan ayında qüsl etməyi unudarsa və bir gün sonra yadına düşərsə, həmin günün orucunun qəzasını tutmalıdır. Bir neçə gün sonra xatırladığı təqdirdə isə cənabətli halda keçirdiyinə əmin olduğu sayda günün orucunun qəzasını tutmalıdır. Məsələn, əgər üç, yoxsa dörd gün cənabətli qaldığını bilmirsə, üç günün orucunun qəzasını tutmalıdır. Əgər həmin gün yadına düşərsə, o günün orucunu sonadək tutmalı və vacib ehtiyata əsasən, bu orucda niyyəti mütləq (ümumi) Allaha yaxınlaşma olmalı, bununla yanaşı həmin orucun qəzasını da tutmalıdır və bu məsələdə qəza deyərkən 1991-ci məsələdə izah edilən mənada qəza orucu nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, bu hökm yalnız mübarək ramazan ayının orucuna aiddir və orucun digər qisimlərinə şamil olunmur.

Məsələ 1996. Ramazan ayında gecə (sübh azanınadək) nə qüsl, nə də təyəmmüm üçün vaxtı olmayan və vaxtı olmadığının da fərqində olmayan şəxs əgər özünü cünub edərsə, ona qəsdən cənabətli qalmaqla bağlı 1991-ci məsələdə qeyd edilən hökm şamil olunur.

Məsələ 1997. Əgər insan qüsl üçün vaxtı olmadığını və yalnız təyəmmüm almaq üçün yetəcək qədər vaxtı olduğunu bildiyi halda özünü cünub edərsə və qalan vaxt ərzində təyəmmüm edərsə, orucu düzgündür.

Qeyd etmək lazımdır ki, bu hərəkətin haram olması ehtiyat tələb edən bir haldır.[234]

Məsələ 1998. Ramazan ayında cünub olan və qüsl üçün vaxtı olan şəxs qəsdən vaxt daralanadək qüsl etmədiyi təqdirdə təyəmmüm edərək oruc tutmalıdır və bu halda hərçənd günahkar olsa da, orucu düzgündür.

Məsələ 1999. Oruc tutan şəxsdə gündüz pollyusiya halı baş verərsə,[235]
dərhal qüsl etməsi vacib deyil.

Məsələ 2000. Cəsədə toxunan, yəni bədənin hər hansı bir yerini cəsədin hər hansı bir hissəsinə toxunduran şəxs məssi-meyit qüslü etmədən oruc tuta bilər və oruc əsnasında cəsədə toxunsa da, orucu batil olmur.

Məsələ 2001. Ramazan gecəsində cünub olan şəxs aşağıdakı iki halda, vacib ehtiyata əsasən, qüsl etməmiş yatmamalıdır:

a) Yatdığı təqdirdə sübhədək oyanmayacağını bilirsə;

b) Yatdığı təqdirdə sübh azanınadək oyanacağına əmin, yaxud arxayın deyilsə.

Bu hökmdə birinci dəfə yatmaqla, sonrakılar arasında heç bir fərq yoxdur.

Məsələ 2002. Cünub olan insan ramazan gecəsində birinci dəfə qəsdən yatarsa və sübh azanınadək oyanmazsa, onun orucu ilə əlaqədar hökm müxtəlif cür ola bilər:

1. Yatacağı təqdirdə sübh azanından öncə oyanacağına əmin, yaxud arxayındırsa və oyandıqdan sonra qüsl etmək niyyəti ilə yatırsa, bu halda orucu düzgündür.

2. Oyanacağına arxayın deyilsə, ancaq məntiqli əsaslarla oyanacağını ehtimal edirsə:

a) Oyandıqdan sonra qüsl etmək niyyəti ilə yatarsa;

b) Oyandıqdan sonra qüsl etməli olduğunun fərqində deyilsə və unutmuşdursa;

Bu iki halda (a və b bəndləri) həmin günün orucunu sonadək tutmalı və vacib ehtiyata əsasən, onu mütləq (ümumi) Allaha yaxınlaşma niyyəti ilə tutmalı, sonra onun qəzasını da 1991-ci məsələdə izah edildiyi kimi tutmalı və müstəhəb ehtiyata əsasən, kəffarə də verməlidir.

c) Ertəsi günün (həmin gecədən sonrakı günün) orucunun vacib olduğunu unutmuşdursa və misal olaraq sübh azanı ilə Günəşin çıxması arasındakı vaxt ərzində xatırlayarsa, bu halda orucu düzgündür, həmin gün oruc tutmalıdır və qəzası da yoxdur.

3. Yatacağı təqdirdə sübh azanınadək oyanmayacağını bilirsə;

4. Sübh azanından öncə oyanacağına əmindirsə, yaxud oyanacağını ehtimal edirsə, ancaq oyandıqdan sonra qüsl etmək istəmirsə və ya qüsl edib-etməməkdə tərəddüd edirsə;

Bu iki halda (3 və 4-cü bəndlər) həmin günün orucunu sonadək tutmalı və vacib ehtiyata əsasən, onu mütləq (ümumi) Allaha yaxınlaşma niyyəti ilə tutmalı, həmçinin, həmin orucun qəzası (1991-ci məsələdə izah edildiyi kimi) və kəffarə də ona vacib olur.

Məsələ 2003. Əgər cənabətli insan ramazan gecəsi yatarsa, sonra ayılarsa və yenidən yuxuya gedəcəyi təqdirdə sübh azanından öncə oyanacağına əmindirsə, yaxud arxayındırsa və ya bunu məntiqli əsaslarla ehtimal edirsə, oyandıqdan sonra qüsl etmək niyyəti də varsa, ikinci dəfə yataraq azanadək oyanmadığı təqdirdə həmin gün oruc tutmalı və vacib ehtiyata əsasən, onu mütləq (ümumi) Allaha yaxınlaşma niyyəti ilə tutmalıdır. Daha sonra həmin günün orucunun qəzasını 1991-ci məsələdə izah edildiyi kimi tutmalıdır. Eyni hökm ikinci yuxudan ayılaraq sadalanan şərtlərlə üçüncü dəfə yatan şəxsə də aiddir. Bu vəziyyətdə (üçüncü yuxu) istənilən halda, öncəki vəziyyətdə (ikinci yuxu) isə oyanacağını ehtimal etdiyi, ancaq buna arxayın olmadığı təqdirdə müstəhəb ehtiyata əsasən, kəffarə də verməlidir.

Məsələ 2004. Pollyusiyanın baş verdiyi yuxu birinci yuxu hesab edilir. Buna əsasən, əgər insan pollyusiyanın baş verdiyi yuxudan oyandıqdan sonra yenidən yatarsa və sübh azanınadək oyanmazsa, öncəki məsələdə qeyd edildiyi kimi 1991-ci məsələdə izah edilən şəkildə həmin günün orucunun qəzasını tutmalıdır.

Məsələ 2005. Əgər mübarək ramazan gecəsində vaxt məhdudluğu, yaxud suyun zərərli olması və bu qəbildən olan səbəblərlə əlaqədar olaraq cənabətli şəxsin vəzifəsi təyəmmüm etməkdirsə, təyəmmüm etməsi vacibdir, lakin təyəmmüm etdikdən sonra sübh azanınadək oyaq qalmasına gərək yoxdur və yata bilər.

7. Qadının sübh azanınadək heyz və nifas halında qalması

Məsələ 2006. Mübarək ramazan ayında gecə heyz, yaxud nifasdan paklanan qadın sübh azanından öncə mütləq qüsl etməli, yaxud vəzifəsi təyəmmüm etmək olduğu təqdirdə təyəmmüm etməlidir. Müxtəlif oruc növlərində heyz, yaxud nifas halında qalmaqla əlaqədar hökmlər qarşıdakı məsələlərdə izah ediləcəkdir.

Məsələ 2007. Əgər qadın ramazan gecəsində sübh azanından öncə heyz, yaxud nifasdan paklanarsa və qəsdən qüsl etməzsə, vəzifəsi təyəmmüm olduğu təqdirdə isə təyəmmüm etməzsə, həmin günün orucunu sonadək tutmalı və vacib ehtiyata əsasən, bu orucu mütləq (ümumi) Allaha yaxınlaşma niyyəti ilə tutmalıdır.[236]
Sonra başqa bir gün də oruc tutmalı və həmin başqa günün orucunun qəza, yaxud üqubət (cəza) orucu olduğu məlum olmadığına görə həmin günün orucunu da mütləq (ümumi) Allaha yaxınlaşma niyyəti ilə tutmalıdır.

Məsələ 2008. Mübarək ramazan ayında sübh azanınadək səhvən heyz, yaxud nifas halında qalmaq oruca xələl gətirmir. Buna əsasən, əgər qadın ramazan ayında sübh azanından öncə əslində paklanmış olarsa, ancaq paklanmadığına əmin olaraq qüsl etməzsə və sübh azanından sonra, məsələn, sübh azanı ilə günün çıxması arasında paklandığını başa düşərsə, oruc tutmalıdır və orucu düzgündür.

Məsələ 2009. Ramazan ayının qəza orucunda qadın qəsdən qüsl, yaxud təyəmmüm etməzsə, vacib ehtiyata əsasən, həmin gün qəza orucu tuta bilməz, qəsdən olmadığı təqdirdə isə tuta bilər.

Məsələ 2010. Ramazan ayı orucu və onun qəzası istisna olmaqla vacib və müstəhəb orucların digər qisimlərində qadın qəsdən qüsl, yaxud təyəmmüm etməzsə və sübh azanınadək heyz, yaxud nifas halında qalarsa, eybi yoxdur və həmin gün oruc tuta bilər.

Məsələ 2011. Əgər qadın ramazan ayında sübh azanından öncə heyz, yaxud nifasdan paklanarsa, ancaq qüsl üçün vaxtı olmazsa, azandan öncə təyəmmüm etməlidir və bu halda orucu düzgündür. Həmçinin, əgər vaxt genişdirsə, ancaq sudan istifadə qadın üçün zərərlidirsə, onun vəzifəsi təyəmmüm etməkdir.

Məsələ 2012. Ramazan gecəsi heyz, yaxud nifasdan pak olan qadın əgər qəsdən vaxt daralanadək qüsl etməzsə, təyəmmüm etməlidir və bu halda onun həmin gün tutduğu oruc düzgündür.

Məsələ 2013. Əgər qadın mübarək ramazan ayında sübh azanına yaxın heyz, yaxud nifasdan paklanarsa və nə qüsl, nə də təyəmmüm üçün vaxtı olmazsa, orucu düzgündür.

Məsələ 2014. Əgər qadın mübarək ramazan ayında heyz, yaxud nifas qüslünü unudarsa və bir, yaxud bir neçə gün sonra xatırlayarsa, tutduğu oruclar düzgündür. Buna əsasən, 1995-ci məsələ heyz və nifas qüslünə şamil olunmur.

Məsələ 2015. Əgər qadın ramazan ayında sübh azanından öncə heyz, yaxud nifasdan paklanarsa, ancaq yatarsa, qüsl etməkdə səhlənkarlığa yol verərək sübh azanınadək qüsl etməzsə və vaxta az qaldıqda təyəmmüm də etməzsə, həmin günün orucunu sonadək tutmalı və vacib ehtiyata əsasən, bu orucu mütləq (ümumi) Allaha yaxınlaşma niyyəti ilə tutmalıdır. Sonra həmin günün orucunun qəzasını da 2007-ci məsələdə izah edildiyi kimi tutmalıdır. Lakin səhlənkarlıq etmədiyi təqdirdə hərçənd üç dəfə yatsa belə, azanadək qüsl etməsə və təyəmmüm etməkdə də səhlənkarlığa yol verməsə, orucu düzgündür. Buna əsasən, cənabətli şəxsə aid olan birinci, ikinci və sonrakı yuxular üçün nəzərdə tutulmuş xüsusi hökmlər haiz və nəfsa qadına şamil deyil.

Məsələ 2016. Əgər qadın ramazan ayında sübh azanından öncə heyz, yaxud nifasdan paklanarsa və vaxt azlığı, yaxud suyun zərərli olması kimi səbəblərlə əlaqədar olaraq vəzifəsi təyəmmüm olarsa, təyəmmüm etməsi vacibdir. Lakin təyəmmümdən sonra sübh azanınadək oyaq qalmasına gərək yoxdur və yata bilər.

Məsələ 2017. Kəsirə istihazə halında olan qadının oruc tutduğu oruc (hərçənd, qüsllərini istihazə ilə əlaqədar hökmlər mövzusunda izah edilən qaydada yerinə yetirməsə belə) düzgündür. Həmçinin, mütəvəssitə istihazədə də (hərçənd qüsl etməsə də) qadının tutduğu oruc düzgündür. Əlbəttə, müstəhəb ehtiyat mütəvəssitə, yaxud kəsirə istihazə halında olan qadının gündəlik qüsllərini yerinə yetirməsini tələb edir.[237]

8. İmalə

Məsələ 2018. Maye vasitələrlə imalə (klizma) etmək hərçənd məcburiyyətdən və müalicə məqsədi ilə olsa belə, orucu batil edir. Lakin şam kimi bərk maddələrlə imalə  etmək orucu batil etmir. Yalnız bədənə şam daxil edən zaman  bədənin hərarəti səbəbinə şam maye halına çevrilib daxilə keçərsə istisnadır.[238]
Amma əgər o halda dərman maddləri bədənə keçərsə işkalı yoxdur.

9. Qusmaq

Məsələ 2019. Oruc tutan şəxs qəsdən qusarsa, hərçənd xəstəlik, yaxud zəhərlənmənin qarşısını almaq kimi səbəblərdən bu işi görməyə məcbur olsa belə, orucu batil olur. Lakin əgər səhvən, yaxud qeyri-ixtiyari qusarsa, oruca xələl gəlmir.

Məsələ 2020. Əgər insan gecə saatlarında gündüz qeyri-ixtiyari surətdə qusmasına səbəb olacağını bildiyi bir şeyi yeyərsə, orucu düzgündür.

Məsələ 2021. Əgər oruc tutan şəxs qusmasının qarşısını ala bilərsə, qusma öz-özünə (insanlar tərəfindən “özünü qusmağa vadar etdi” deyilməyəcəyi şəkildə) baş verdiyi təqdirdə qarşısını almasına gərək yoxdur və orucu düzgündür.

Məsələ 2022. Əgər qida qırıntıları, yaxud digər xırda şeylər oruc tutanın boğazına gedərsə:

a) Udulması “yemək” adlandırılmayacaq qədər dərinə getdiyi təqdirdə onu çıxarmasına gərək yoxdur, hətta əksinə onu qusmaqla çıxarmamalıdır və bu halda orucu düzgündür.

b) Bu qədər dərinə getməmişdirsə və oruc tutan onu ya udmağa, ya da çıxarmağa məcburdursa, onu udmamalıdır, əksinə hərçənd qusmaq lazım gəlsə belə, onu çıxarmalıdır. Yalnız qusmağın onun üçün zərərli, yaxud adətən dözülməz sayılan dərəcədə çətin olduğu hal istisnadır. Hər iki halda (udmaq və qusmaq) onun orucu batil olur.

Məsələ 2023. Əgər insan səhvən bir şeyi udarsa və mədəsinə çatmamış oruc olduğunu xatırlayarsa, bu halda əgər həmin şey onun boğazından keçmişdirsə və artıq yemək deyil, həzm mərhələsində sayılırsa, onu çıxarmasına gərək yoxdur və orucu düzgündür.

Məsələ 2024. Oruc tutan gəyirmə nəticəsində boğazından nəsə çıxacağına əmindirsə, buna qusma deyildiyi təqdirdə qəsdən gəyirməməlidir. Lakin əgər əmin deyilsə, oruca xələl gəlmir.

Məsələ 2025. İnsan gəyirərsə və bir şey qida borusundan boğazına, yaxud ağız boşluğuna geri qayıdarsa, onu ağzından çıxarmalıdır (tüpürməlidir) və əgər onu qeyri-ixtiyari olaraq udarsa, orucu düzgündür, qəsdən udduğunu təqdirdə isə, vacib ehtiyata əsasən, batil olur. Buna əsasən, məsələn, əgər ramazan ayında gündüz belə edərsə, həmin günün orucunu mütləq (ümumi) Allaha yaxınlaşma niyyəti ilə[239]
sonadək tutmalı və onun qəzasını da tutmalı, həmçinin, vacib ehtiyata əsasən, kəffarə də verməlidir.

Orucu batil edən işlərlə əlaqədar ümumi hökmlər

Məsələ 2026. İnsan qəsdən, ixtiyari surətdə və şəriət hökmünü bildiyi halda orucu batil edən hər hansı bir iş görərsə, orucu batil[240]
olur.[241]

Məsələ 2027. Əgər insan orucu batil edən hərəkətlərdən birini qəsdsiz edərsə, eybi yoxdur və orucu düzgündür. Qəsdsiz hallarda səhv etmə, unutqanlıq, qəflət və ixtiyarsızlıq arasında heç bir fərq yoxdur. Lakin bir sıra hallar bu hökmdə istisna təşkil edir:

a) Əgər insan susuzluğunu aradan qaldırmaq və sərinləmək üçün ağzına su alarsa və oruc olduğunu bildiyi halda ixtiyarsız surətdə su boğazına gedərsə, qarşıda izah ediləcək şəkildə həmin günün orucunun qəzasını tutmaq ona vacib olur.

b) Əgər insan mübarək ramazan ayında cənabət qüslünü unudaraq oruc tutarsa və bir, yaxud bir neçə gün keçdikdən sonra xatırlayarsa, həmin orucun (orucların) qəzasını 1995-ci məsələdə qeyd edildiyi kimi mütləq (ümumi) Allaha yaxınlaşma niyyəti ilə tutmalıdır.

c) Əgər cünub şəxs cənabətli halda qalmaq mövzusunda izah edildiyi kimi yatarsa və sübh azanınadək qüsl etməzsə, həmin günün orucunu sonadək tutmalı, həmçinin, başqa bir gün 1991-ci məsələdə izah edilən niyyətlə oruc tutmalıdır.

Məsələ 2028. Əgər insan orucu batil edən işlər kimi qeyd etdiyimiz hərəkətlərdən bəzilərinin orucu pozduğunu bilməzsə və hökmü bilmədiyinə görə ona riayət etməzsə, həmin batil edən iş yemək, içmək, yaxud cinsi əlaqə olduğu təqdirdə istənilən halda orucu batil olur, digər batil edən işlərdən biri olduğu təqdirdə isə bir neçə hal mövcud ola bilər:

a) Əgər məsələni öyrənməkdə səhlənkarlıq etmişdirsə (bu halda “müqəssir cahil” hesab edilir), orucu batil olur.

b) Əgər məsələni öyrənməkdə səhlənkarlıq etməmişdirsə və batil edən işi görərkən də tərəddüdü yox idisə (bu halda “qasir cahil”dir), orucu düzgündür.[242]

c) Əgər oruc tutan şəxs batil edən işi görərkən bu işi görmək üçün (onun orucu batil etmədiyinə dair) hər hansı bir şəri dəlilə istinad etmişdirsə (bu halda da “qasir cahil” hesab edilir), orucu batil olmur.

Məsələ 2029. Əgər oruc tutan səhvən orucu batil edən işlərdən birini görərsə və orucunun batil olduğunu düşünərək yenidən orucu batil edən işlərdən birini görərsə, onun barəsində öncəki məsələdə izah edilən hökm tətbiq edilir.

Məsələ 2030. Əgər oruc tutanın boğazına zorla bir şey tökərlərsə, orucu batil olmur. Lakin onu orucunu üç işdən biri - yemək, içmək, yaxud cinsi əlaqə ilə pozmağa məcbur edərlərsə, məsələn, ona: “Əgər yeməsən sənə maddi, yaxud fiziki xəsarət yetirəcəyik”, - deyərlərsə və o özü zərərin qarşısını almaq üçün bir şey yeyərsə, orucu batil olur. Sadalanan üç işdən başqa bir işlə orucunu pozmağa məcbur edildiyi təqdirdə də, vacib ehtiyata əsasən, onun orucu batil olur.

Məsələ 2031. Oruc tutan şəxs boğazına bir şey töküləcəyini, yaxud orucunu öz əli ilə pozmağa məcbur ediləcəyini bildiyi bir yerə getməməlidir. Əgər gedərsə və məcburiyyət qarşısında özü orucu batil edən bir iş görərsə,  orucu batil olur. Həmçinin, lazım ehtiyata əsasən, boğazına bir şey töküldüyü təqdirdə də orucu batil olur.

Oruc tutan üçün məkruh olan hərəkətlər

Məsələ 2032. Oruc tutan üçün bir neçə hərəkət məkruhdur. O cümlədən:

1) Başın bütövlüklə suya salınması. Bu iş orucu batil etmir, lakin şiddətli dərəcədə məkruhdur və müstəhəb ehtiyat bundan çəkinməyi tələb edir.

2) Dadı, yaxud iyi boğaza çatacağı təqdirdə gözə dərman tökmək və sürmə çəkmək.

3) Qanalma və hamamda çimmək kimi bədənin zəifləməsinə səbəb olan istənilən hərəkət.

4) Boğaza çatacağı məlum olmadığı halda buruna dərman tökmək. Oruc tutan burnuna tökəcəyi dərmanın boğazına gedəcəyini bilirsə, onu tökə bilməz.

5) Ətirli bitkiləri iyləmək. Lakin oruc tutarkən ətirdən istifadə etməyin eybi yoxdur və məkruh deyil.

6) Qadının suyun içində oturması.

7) Şamdan (imalə üçün) istifadə etmək.

8) İnsanın əynindəki paltarı islatması.

9) Diş çəkdirmək və ağızdan qan gəlməsinə səbəb olan istənilən iş.

10) Yaş fırça ilə dişləri fırçalamaq.

11) Hər hansı bir səbəb olmadan ağıza su, yaxud başqa bir maye almaq.

12) İnsanın sperma ifraz etmək niyyəti olmadan şəhvət hissinin oyanmasına səbəb olan bir iş görməsi.

Qəza orucu ilə əlaqədar hökmlər

Orucun qəzasının vacib olmadığı bəzi hallar

Məsələ 2033. Aşağıdakı hallarda mükəlləfin orucun qəzasını tutmasına gərək yoxdur:

1. Dəli aqil olarsa (əqli inkişafı bərpa olarsa), dəli olduğu dövrdə tutduğu orucların qəzasını tutması vacib deyil.

2. İnsan həddi-büluğa çatdıqda həddi-büluğdan öncəki dövrdə tutmadığı orucların qəzasını tutması vacib deyil.

3. Kafir müsəlman olarsa, kafir olduğu dövrdə tutmadığı orucların qəzasını tutması vacib deyil.

4. Huşsuz, yaxud komada (komatoz halda) olan şəxs ayılaraq huşsuzluq, yaxud koma vəziyyətindən çıxarsa, huşsuz olduğu, yaxud komada keçirdiyi və oruc niyyəti olmadığı günlərin oruclarının qəzasını tutmasına gərək yoxdur.

5. Başqa məzhəbdən olan bir şəxsin isnaəşəri şiə olduqdan sonra keçmişdə öz məzhəbinə uyğun, yaxud da şiə məzhəbinə müvafiq qaydada tutduğu orucların (Allaha yaxınlaşma niyyəti olduğu təqdirdə) qəzasını tutmasına gərək yoxdur.

6. Əgər insan xəstəlik, yaxud heyz və ya nifas səbəbi ilə ramazan ayının orucunu tutmazsa və üstündən tutmadığı həmin orucların qəzasını tuta biləcəyi qədər zaman keçmədən dünyasını dəyişərsə, həmin orucların qəzası yoxdur. Məsələn, bir ata ramazan ayında xəstəlik səbəbi ilə oruc tutmazsa və həmin ilin fitr bayramında dünyasını dəyişərsə, böyük oğulun onun həmin oruclarının qəzasını tutmasına gərək yoxdur.

Orucun qəzasının vacib olduğu bəzi hallar

Məsələ 2034. Aşağıdakı hallarda mükəlləfin orucun qəzasını tutması vacibdir:

1. İnsan sərxoşluq səbəbi ilə tutmadığı orucun qəzasını, hərçənd sərxoşluğuna səbəb olan şeyi müalicə üçün qəbul etsə belə, mütləq tutmalıdır.

2. Bir müsəlman kafir olarsa (mürtəd olarsa), sonra yenidən İslama qayıdarsa, mürtəd olduğu dövr ərzində tutmadığı orucların qəzasını tutmalıdır və bu hökmdə fitri mürtəd[243]
ilə milli mürtəd[244]
arasında fərq yoxdur.

3. İnsanın oruc tutmağın caiz olmadığı bir səfər səbəbi ilə tutmadığı orucların qəzasını üzürlü vəziyyət aradan qalxdıqdan sonra tutması vacibdir.

4. Başqa məzhəbdən olan insanın tutmadığı orucların qəzasını şiə olduqdan sonra tutması vacibdir.

5. Qadının heyz, yaxud nifas səbəbi ilə tutmadığı orucların qəzasını üzürlü hal aradan qalxdıqdan sonra tutması vacibdir.

6. İnsan şaban ayının son günü, yoxsa ramazan ayının ilk günü olduğunu bilmədiyi “şəkk günü”ndə oruc tutmazsa və sonra həmin günün ramazan ayının ilk günü olduğunu başa düşərsə, onun qəzasını tutması vacibdir.

7. İnsan fitr bayramı günü olduğuna inanaraq oruc tutmazsa, sonra həmin günün mübarək ramazan ayının son günü olduğunu başa düşərsə, həmin günün orucunun qəzasını tutması vacibdir.

Məsələ 2035. İnsan ramazan ayının orucunu qəsdən tutmazsa:

a) Oruc tutmadığı üçün Allahın dərgahına üz tutaraq ciddi surətdə tövbə etməlidir;

b) Həmin orucun qəzasını tutmalıdır;

c) Kəffarə mövzusunda izah ediləcək şərtlərlə üzərinə mübarək ramazan ayının orucunu qəsdən tutmamaq ilə əlaqədar nəzərdə tutulmuş kəffarə düşür və hər gün müqabilində iki ay oruc tutması, yaxud altmış fəqirə təam verməsi və ya bir qul azad etməsi vacibdir;

d) Növbəti ramazan ayınadək həmin orucun qəzasını tutmadığı təqdirdə, vacib ehtiyata əsasən, hər gün müqabilində bir müdd təam da kəffarə verməlidir.

Qəza orucu ilə əlaqədar digər hökmlər

Məsələ 2036. Ramazan ayının bir neçə gününün qəza orucunu tutmalı olan, ancaq onların dəqiq sayını bilməyən, yaxud unudan, məsələn, üç, dörd, yoxsa beş gün olduğunu bilməyən şəxs minimum sayda günün orucunu (qəza) tutarsa, kafidir və şübhəli olan günlərin qəzasını tutması vacib deyil. Lakin müstəhəb ehtiyat tutmalı olduğu günlərin hamısını tutduğuna dair yəqinlik hasil edəcəyi qədər oruc tutmasını tələb edir. Buna əsasən, misal olaraq qeyd edilən halda daha yaxşı olar ki, ehtiyatən beş gün qəza orucu tutsun.

Məsələ 2037. Əgər insan hər hansı bir üzürlü səbəbdən bir neçə gün oruc tutmazsa, sonra üzürlü vəziyyətinin nə zaman aradan qalxdığına dair şəkkə düşərsə, oruc tutmadığını ehtimal etdiyi maksimum say qədər günün orucunun qəzasını tutması vacib deyil. Məsələn, ramazan ayından öncə səfərə gedən və ramazan ayının beşinci günü günortadan sonra, yoxsa altıncı günü günortadan sonra qayıtdığını bilməyən, yaxud ramazan ayının sonlarında səfərə gedərək ramazandan sonra qayıdan və ramazan ayının iyirmi beşinci, yoxsa iyirmi altıncı gecəsi səfərə çıxdığını bilməyən şəxs hər iki halda minimum say qədər, yəni beş gün (ikinci misalda ay otuz gün olduğu təqdirdə) qəza orucu tuta bilər. Hərçənd, müstəhəb ehtiyat maksimum say qədər, yəni altı gün qəza orucu tutmasını tələb edir.

Məsələ 2038. İnsanın bir neçə ramazan ayından qəza orucu olarsa, onların qəzasını tutarkən ardıcıllığa riayət etməyə gərək yoxdur. Buna əsasən, hansının qəzasını əvvəl tutarsa tutsun, orucları doğrudur. Lakin əgər sonuncu ramazan ayının qəza orucu üçün az vaxt qalmışdırsa, məsələn, sonuncu ramazan ayından beş gün qəza orucu vardırsa və qarşıdakı ramazan ayının başlamasına da beş gün qalmışdırsa, müstəhəb ehtiyata əsasən, öncə sonuncu ramazan ayının qəza oruclarını tutmalıdır.

Məslə 2039. İnsana bir neçə ramazan ayından qalan qəza orucu vacib olarsa və o, niyyətdə tutduğu orucun hansı ramazan ayının qəzası olduğunu müəyyən etməzsə, tutduğu oruc(lar) sonuncu ilin ramazan ayının qəzası hesab edilmir və beləliklə, təxir (gecikdirmə) kəffarəsindən azad olmur.

Məsələ 2040. Qəza oruclarında fasiləsiz ardıcıllığa riayət etməyə gərək yoxdur. Buna əsasən, əgər bir şəxs mübarək ramazan ayında bir həftə ardıcıl olaraq (istər üzürlü səbəbdən, istərsə üzürsüz) oruc tutmamışdırsa, qəzasını tutarkən yeddi gün ardıcıl oruc tutması vacib deyil.

Məsələ 2041. Ramazan ayından qalan qəza orucu olan və onu tutan şəxs zöhr azanından öncə orucunu poza bilər. Lakin əgər qəza orucunun vaxtı məhdud olarsa, məsələn, insanın öncəki ramazan ayından yeddi gün qəza orucu vardırsa və qarşıdakı ramazan ayının başlamasına da yeddi gün qalmışdırsa, bu halda, müstəhəb ehtiyata əsasən, orucunu batil etməməlidir.[245]
Ancaq zöhr azanından sonra ramazan ayının qəza orucunu qəsdən pozmaq olmaz və bunun kəffarəsi vardır.

Məsələ 2042. Bir insan dünyasını dəyişən bir şəxsin orucunun qəzasını tutmuşdursa, müstəhəb ehtiyata əsasən, zöhr azanından sonra orucu batil etməsin.[246]

Məsələ 2043. Özünün ramazan ayından qalan qəza oruclarını tutan şəxs zöhr azanından sonra qəsdən yemək, içmək, cinsi əlaqə, yaxud masturbasiya ilə orucunu batil edərsə, on yoxsulu doydurması, yaxud hər birinə bir müdd təam verməsi vacibdir, buna imkanı olmadığı təqdirdə isə üç gün oruc tutmalıdır. Qəza orucunun zöhrdən sonra sadalanan işləri görməklə pozulması bu məsələni, şəriətin hökmünü bilməmək nəticəsində baş verərsə, oruc tutan qasir cahil olduğu təqdirdə kəffarə ona vacib deyil, müqəssir cahil olduğu təqdirdə isə hətta, vacib ehtiyata əsasən, orucu batil edən işi görərkən tərəddüd etmədiyi halda belə, kəffarə mütləq verilməlidir.

Orucun qəzasının və kəffarəsinin vacib olduğu hallar

Məsələ 2044. Bir şəxs ramazan ayının orucunu yemək, içmək, cinsi əlaqə, masturbasiya, yaxud cənabətli halda qalmaqla batil edərsə,[247]
bu, qəsdən və ixtiyari surətdə baş verdiyi, məcburiyyət və zərurət səbəbi ilə baş vermədiyi təqdirdə qəza ilə yanaşı ona kəffarə də vacib olur. Lakin heyz və nifas halında qalmaq, qusmaq. İmalə etmək, uca Allaha, Allahın elçisinə (s) və imamlara (ə) yalan isnad etmək kimi orucu batil edən digər işləri qəsdən və ixtiyari surətdə görən şəxsə kəffarə vacib deyil. Hərçənd, müstəhəb ehtiyata əsasən, qəza orucu ilə yanaşı kəffarə də verməlidir.

Məsələ 2045. Bir şəxs əvvəlki məsələdə sadalanan beş hərəkətdən hər hansı birini məsələni bilmədiyinə görə edərsə, yəni bu hərəkətlərin orucu batil etdiyini bilmədiyi halda onlardan birini həyata keçirmişdirsə, bir neçə vəziyyət mövcud ola bilər:

a) Əgər məsələni öyrənməkdə səhlənkarlığa yol vermişdirsə (müqəssir cahil hesab edilirsə), orucu batil edən işi görərkən tərəddüd edirdisə və onun orucu batil edəcəyini ehtimal edirdisə, lazım ehtiyata əsasən, kəffarə ona vacib olur.

b) Əgər məsələni öyrənməkdə səhlənkarlığa yol verməmişdirsə (cahil qasir idisə) və ya hətta səhlənkarlığa yol vermişdirsə (müqəssir cahil idisə), ancaq hər iki halda orucu pozan işi görərkən tərəddüd etmirdisə, kəffarə ona vacib olmur.

c) Orucu batil edən işi görmək üçün onu həyata keçirdiyi zaman şəri dəlilə əsaslanırdısa (bu halda da qasir cahil hesab edilir), kəffarə ona vacib deyil.

Buna əsasən, orucu pozan bu işlərin orucu pozmadığına qəti şəkildə inanan şəxs hərçənd onda bu inamı yaradan səbəblər xüsusunda müqəssir cahil olsa belə, məsələn, orucu batil edən işlərin nələrdən ibarət olduğunu öyrənməkdə səhlənkarlığa yol vermiş olsa belə, kəffarə ona vacib deyil. Həmçinin, orucun ona vacib olduğunu bilməyən şəxsə, məsələn, həddi-büluğ yaşının başlanğıcında olan və orucun onlara vacib olmadığına inanan uşaqlara kəffarə vacib deyil.

Məsələ 2046. 2044-cü məsələdə sadalanan beş hərəkətin orucu batil etdiyini bilən, lakin bu işləri görməklə kəffarənin ona vacib olduğunu bilməyən şəxsin üzərindən kəffarə götürülmür və o, kəffarə verməlidir.

Məsələ 2047. Bir şəxs mübarək ramazan ayının orucunu tutarkən masturbasiya kimi orucu batil etməklə yanaşı öz-özlüyündə haram olan bir iş görərsə və bu, onun həmin işin haram olduğunu bildiyi, ancaq qəti şəkildə orucu batil etmədiyinə inandığı və orucu batil edən bir iş olduğunu ehtimal etmədiyi halda baş verərsə, bu halda da kəffarə ona vacib olmur.

Orucun yalnız qəzasının vacib olduğu hallar

Məsələ 2048. Daha öncə qeyd edilən hallar istisna olmaq bir neçə halda insana yalnız orucun qəzası vacib olur və kəffarə vacib deyildir:

1. Ramazan gecəsi cünub olarsa və 2003-cü məsələdə izah edilmiş şəkildə sübh azanınadək ikinci, yaxud üçüncü yuxudan, həmçinin, 2002-ci məsələdə izah edilmiş şəkildə birinci yuxudan oyanmazsa.

2. 1995-ci məsələdə izah edildiyi kimi ramazan ayında cənabət qüslünü unudarsa və cənabətli halda bir və ya bir neçə gün oruc tutarsa.

3. Daha öncə orucun niyyəti mövzusunda izah edildiyi kimi orucu batil edən bir iş görməzsə, lakin oruc niyyəti də etməzsə, yaxud riyakarlıq edərsə və ya oruc tutmamaq niyyəti olarsa, həmçinin, orucu batil edən bir iş görmək niyyətinə düşərsə. Ancaq həmin işi görməzsə.

4. Ramazan ayında sübhün açılıb-açılmadığını[248]
dəqiqləşdirmədən orucu batil edən bir iş görərsə və sonradan həmin vaxt sübhün açıldığı məlum olarsa.

5. Bir şəxs sübhün açılmadığı deyərsə və insan onun sözü ilə orucu batil edən bir iş görərsə, sonra həmin vaxt sübhün açıldığı məlum olarsa, həmçinin, insan saat, radio və bu qəbildən olan vasitələrə etimad edərək sübhün açıldığına arxayın olarsa və orucu batil edən bir iş görərsə, sonra həmin vaxt sübhün açıldığı məlum olarsa.

6. Bir şəxs sübhün açıldığını xəbər verərsə, insan onun sözünün doğruluğuna əmin, yaxud arxayın olmazsa, ya da zarafat etdiyini zənn edərsə, bununla belə, özü də dəqiqləşdirmədən orucu batil edən bir iş görərsə, sonra həmin vaxt sübhün açıldığı məlum olarsa.

7. İnsan onun üçün sözü şəriətə görə dəlil olan, yaxud səhvən sözünün dəlil olduğuna inandığı başqa bir şəxsin məlumatı əsasında iftar edərsə, sonra məğrib olmadığı məlum olarsa.

8. Məğrib olduğuna əmin, yaxud arxayın olaraq iftar edərsə, sonra həmin an məğrib vaxtının çatmadığı məlum olarsa. Lakin əgər buludlu havada və bənzər şəraitlərdə məğrib vaxtının çatdığını güman edərək iftar açarsa, sonra məğribin başlamadığı məlum olarsa, bu halda orucun qəzası, etiyata əsasən, vacibdir.

9. Susuzluq səbəbi ilə ağzını su ilə yaxalayarsa və istəmədən su udarsa. Ancaq əgər oruc olduğunu unudaraq su udarsa, yaxud susuzluqdan başqa bir səbəblə, məsələn, dəstəmaz kimi ağzı yaxalamağın müstəhəb olduğu hallarda ağzını yaxalayarsa və istəmədən su udarsa, orucun qəzası yoxdur. Həmçinin, əgər oruc tutan sudan başqa bir şeyi ağzına alarsa və istəmədən udarsa, yaxud burnuna su alarsa və istəmədən içinə çəkərsə, orucun qəzasını tutması vacib deyil.

10. Bir şəxs vadar edilmə, çarəsizlik və ya təqiyyə səbəbi ilə iftar edərsə, vadar edildiyi və ya təqiyyə əsasında gördüyü iş yemək, içmək, yaxud cinsi əlaqə olduğu təqdirdə orucun qəzasını tutmalıdır. Orucu batil edən digər işləri də sadalanan səbəblərlə gördüyü təqdirdə, vacib ehtiyata əsasən, hökm eynidir.

Məsələ 2049. Öncəki məsələdə qeyd edilən 1-ci halda insan həmin gün oruc tutmalı və vacib ehtiyata əsasən, onu mütləq (ümumi) Allaha yaxınlaşma niyyəti ilə tutmalı[249]
, sonra onun qəzasını da məhz qəza, yaxud məhz üqubət (cəza) orucu kimi deyil, “ma fiz-zimmə” (üzərinə düşən vəzifə) niyyəti ilə tutmalıdır.

2-ci halda da əgər gündüz xatırlayarsa, insan həmin gün oruc tutmalı və vacib ehtiyata əsasən, onu mütləq (ümumi) Allaha yaxınlaşma niyyəti ilə tutmalı, istənilən halda onun qəzasını da məhz qəza, yaxud məhz üqubət (cəza) orucu kimi deyil, “ma fiz-zimmə” (üzərinə düşən vəzifə) niyyəti ilə tutmalıdır.

3-cu halda riyakarlıq üçün oruc tutduğu, yaxud gün ərzində oruc niyyəti etmədiyi və ya oruc tutmamaq niyyətində olduğu təqdirdə orucu batildir, onun qəzasını tutmalıdır, ancaq həmin gün orucu batil edən işləri görmək də ona haramdır və orucu açdığı təqdirdə iki günah edir: 1) oruc tutmaqdan imtina etmək; 2) orucu pozmaq. Orucu batil edən hərəkətlər arasında kəffarəsi olan işləri gördükdə isə kəffarə də ona vacib olur. Ancaq əgər gün ərzində riyakarlıq edərsə, yaxud oruc tutmamaq niyyətinə düşərsə və sonra peşman olarsa, yaxud orucu batil edən bir iş görmək niyyətinə düşərsə, ancaq həmin işi görməzsə və sonra peşman olarsa, ya da günün başlanğıcından oruc niyyəti etməzsə, ancaq orucu batil edən bir iş də görməzsə və gün ərzində peşman olarsa, vacib ehtiyata əsasən, həmin gün rəcaən (savab ümidi ilə) oruc tutmalıdır, onun qəzasını da, vacib ehtiyata əsasən, tutmalıdır və bütün bu hallarda orucu batil edən işlər görmək ona haramdır, kəffarəsi olan bir iş gördüyü təqdirdə isə kəffarə də vacib olur.

4-9-cu hallarda oruc batildir, ancaq insan günün sonunadək imsak etməli (orucu pozan işlərdən çəkinməli) və onun qəzasını da tutmalıdır. 10-cu halda da oruc batildir, imsak, vacib ehtiyata əsasən, lazımdır və həmin günün qəzasını da tutmalıdır.

Məsələ 2050. Əgər insan sübhün açılıb-açılmadığına şəkk edərsə, araşdırmadan da orucu batil edən bir iş görə bilər. Lakin əgər sonradan sübhün açıldığı məlum olarsa, həmin orucun qəzasını tutmalıdır. Bununla belə, kəffarə tələb olunmur.

Məsələ 2051. Əgər ramazan ayında araşdırdıqdan (“fəcr-i sadiq”i müşahidə etmək üçün üfüqə baxdıqdan) sonra bir insan üçün sübhün açılmadığı məlum olarsa və o, orucu batil edən bir iş görərsə, sonra əslində həmin vaxt sübhün açıldığı məlum olarsa, orucu düzgündür və qəzasını tutmaq lazım deyil.

Qeyd etmək lazımdır ki, bu hökm xüsusunda saat, radio və bu qəbildən olan vasitələrin köməyi ilə araşdırma kafi deyil və belə araşdırmaya “fəcr-i sadiq”i müşahidə etmək üçün üfüqə baxmaqla bağlı hökm şamil olunmur.

Orucun kəffarələri

Bu fəsildə orucun kəffarələri ilə əlaqədar hökmlər izah ediləcəkdir.

Orucun kəffarələrinin qisimləri

Məsələ 2052. Mübarək ramazan ayının orucu ilə əlaqədar kəffarələri qarşıdakı məsələlərdə izah ediləcək dörd qisimə bölmək olar.

Birinci qisim kəffarələr: Mübarək ramazan ayında qəsdən oruc açma kəffarəsi

Məsələ 2053. Mübarək ayda qəsdən oruc açma kəffarəsi orucunu qəsdən 2044-cü məsələdə qeyd edilən işlərdən birini görməklə batil edən şəxsə aiddir.

Məsələ 2054. Qəsdən ramazan ayının orucu açma kəffarəsində insan ya bir qul azad etməli, ya qarşıdakı məsələlərdə izah ediləcək qaydada iki ay oruc tutmalı, ya da altmış yoxsulu doyurmalı və ya hər birinə bir müdd – 750 qram – təam, yəni buğda, arpa, çörək və bu qəbildən olan ərzaq verməlidir. Bunları etməsi mümkün olmadığı təqdirdə isə istənilən qədər fəqirə bir müdd təam versin, əgər sədəqə vermək imkanı da yoxdursa, istiğfar etməlidir (Allahdan bağışlanma diləməlidir) və vacib ehtiyata əsasən, bu iki halda (sədəqə və istiğfar etdikdə) gələcəkdə nə zaman imkan əldə edərsə, kəffarəni yerinə yetirməli, yaxud yarımçıq yerinə yetirdiyi təqdirdə onu tamamlamalıdır.

Məsələ 2055. Ramazan orucunun iki aylıq kəffarəsini tutmaq istəyən şəxs bir ay və bir günü (bir bütöv ay və digər ayın bir gününü) ardıcıl tutmalıdır və əgər qalanını ürfi üzrlə[250]
əlaqədar olaraq ardıcıl tutmasa, eybi yoxdur. Lakin əgər ürfi üzür olmazsa, vacib ehtiyata əsasən, iki ayın bütün günləri ardıcıl tutulmalıdır.

Məsələ 2056. Ramazan orucunun iki aylıq kəffarəsini tutmaq istəyən şəxs bir ay və bir gün arasında günlərdən birinin Qurban bayramına (həmin gün oruc tutmaq haramdır) təsadüf edəcəyini, yaxud bu günlər tamamlanmadan ramazan ayının (bu ayın öz orucu vacibdir) başlayacağını bildiyi vaxt kəffarə oruclarını tutmağa başlamamalıdır.

Məsələ 2057. Ardıcıl oruc tutmalı olan şəxs əgər həmin günlər arasında üzürlü səbəb olmadan bir gün oruc tutmazsa, orucları yenidən tutmağa başlamalıdır.

Məsələ 2058. Əgər insan ardıcıl oruc tutmalı olduğu günlər arasında xəstəlik, heyz, nifas, yaxud getməyə məcbur olduğu bir səfər kimi üzürlü bir halla qarşılaşarsa, üzürlü hal aradan qalxdıqdan sonra orucları başdan tutmağa başlaması vacib deyil, üzürlü hal aradan qalxdıqdan sonra dərhal qalan günləri tutmağa başlamalıdır. Lakin əgər üzürlü halı insan özü yaradarsa, məsələn, qadın dərmandan istifadə etməklə özünü haiz edərsə, orucları ikinci dəfə başdan tutmağa başlamalıdır.

Məsələ 2059. Bir günün kəffarəsi üçün altmış yoxsula təam verməli olan şəxs əgər altmış yoxsul insan tapa bilərsə, altmış ayrı yoxsula altmış (hərəsinə bir müdd) təam vermək yerinə daha az sayda yoxsula hərəsinə bir (müdd)təamdan artıq olmaqla cəmi altmış təam verə bilməz. Məsələn, otuz nəfərin hərəsinə iki müdd təam verə və bununla kifayətlənə bilməz. Lakin bir yoxsulun ailə üzvlərinin hər biri üçün (hərçənd həddi-büluğa çatmayanlar olsa belə) ona bir müdd təam verə bilər və həmin yoxsul da ailə üzvlərinin vəkili, yaxud qəyyumu (əgər həddi-büluğa çatmamışdırlarsa) kimi bunu qəbul edə bilər. Altmış yoxsul tapa bilmədiyi, məsələn, yalnız otuz yoxsul tapdığı təqdirdə isə hərəsinə iki müdd təam verə bilər. Lakin, vacib ehtiyata əsasən, gələcəkdə nə zaman bu mümkün olarsa, başqa otuz yoxsulun da hərəsinə bir müdd təam verməlidir.

Məsələ 2060.İnsan orucunu haram şeylə, yaxud haram işlə batil edərsə, istər şərab, zina və masturbasiya kimi həmin şeyin özü batil olsun, istərsə insan üçün tamamilə zərərli olan halal bir qidanın qəbulu və kişinin heyz halında olan həyat yoldaşı ilə cinsi əlaqədə olması kimi hər hansı bir səbəblə əlaqədar haram olsun, 2054-cü məsələdə izah edilən kəffarələrdən birini yerinə yetirməsi kafidir. Lakin müstəhəb ehtiyat “cəm kəffarəsi”ni icra etməsini, yəni bir qul azad etməsini, iki ay oruc tutmasını və altmış yoxsulu doyurmasını, yaxud onların hər birinə bir müdd (təqribən 750 qram) buğda, arpa, çörək və ya bu qəbildən olan başqa bir ərzaq məhsulu verməsini, bu kəffarələrin üçü də mümkün olmadığı təqdirdə isə mümkün olanlarını yerinə yetirməsini tələb edir.

Məsələ 2061.Oruc tutan şəxs bir yalanı uca Allaha və Allahın elçisinə (s) qəsdən isnad edərsə, kəffarə tələb edilmir. Lakin müstəhəb ehtiyata əsasən, kəffarə verməlidir.

Məsələ 2062.Oruc tutan şəxs ramazan ayının bir günündə bir neçə dəfə kəffarəyə səbəb olan işlər görərsə, istər onlardan birini bir neçə dəfə təkrarlasın, yəni bir neçə dəfə yesin, içsin, cinsi əlaqədə olsun, yaxud masturbasiya etsin, istərsə də orucu pozan bir neçə müxtəlif işlər görsün, məsələn, qida qəbul etsin, sonra cinsi əlaqədə olsun, yaxud masturbasiya etsin, onların hamısı üçün bir kəffarə kafidir. Həmçinin, əgər insan ramazan ayının vacib orucunu qəsdən tutmazsa, oruc tutmaq niyyəti olmazsa və gün ərzində bir neçə dəfə orucu pozan işlər görərsə (hətta cinsi əlaqə və masturbasiya olsa belə), yenə də bir kəffarənin icrası kafidir.

Məsələ 2063.Oruc tutan kişi ramazan ayında oruc tutan həyat yoldaşı ilə cinsi əlaqədə olarsa, qadını buna məcbur etdiyi təqdirdə öz orucunun kəffarəsi ilə yanaşı, vacib ehtiyata əsasən, arvadını məcbur etdiyinə görə başqa bir kəffarə də verməlidir. Ancaq əgər qadın özü razı olarsa, onların hər birinə bir kəffarə vacib olur.

Məsələ 2064.Əgər qadın oruc tutan yoldaşını cinsi əlaqədə olmağa məcbur edərsə, onu məcbur etdiyinə görə kəffarə verməsi vacib deyil və bu halda (məcbur edilmə halı) ərinə də kəffarə vacib deyil.

Məsələ 2065. Əgər oruc tutan kişi ramazan ayında öz arvadını cinsi əlaqədə olmağa məcbur edərsə və cinsi əlaqə əsnasında qadın buna razı olarsa, onların hər birinə bir kəffarə vacib olur. Ancaq müstəhəb ehtiyata əsasən, kişi iki, qadın isə bir kəffarə verməlidir.

Məsələ 2066. Əgər oruc tutan kişi mübarək ramazan ayında oruc tutmuş həyat yoldaşı ilə o yuxuda ikən cinsi əlaqədə olarsa. Ona bir kəffarə vacib olur, qadının orucu isə düzgündür və ona kəffarə vacib deyil.

Məsələ 2067. Əgər kişi öz arvadını, yaxud qadın öz ərini cinsi əlaqədən başqa orucu batil edən başqa bir iş görməyə, məsələn, bir şey yeməyə və ya içməyə, yaxud məni ifrazedilməsinə səbəb olan oynaşmaya məcbur edərsə, onlardan heç birinə kəffarə vacib deyil.

Məsələ 2068.Səfər, yaxud xəstəlik səbəbi ilə oruc tutmayan kişi oruc tutmuş həyat yoldaşını cinsi əlaqədə olmağa məcbur edə bilməz. Lakin əgər məcbur edərsə, kişiyə kəffarə vacib deyil.

Məsələ 2069. Qəsdən orucunu batil edən şəxs əgər zöhr azanından sonra səfərə çıxarsa, yaxud zöhrdən öncə kəffarədən qaçmaq üçün səfər edərsə, kəffarə onun üzərindən götürülmür, hətta əgər zöhr azanından öncə səfərə çıxmalı olsa belə, kəffarə vermək ona vacibdir.

Məsələ 2070. Əgər bir şəxs qəsdən orucunu batil edərsə və sonra onun üçün heyz, nifas, yaxud xəstəlik kimi üzrlü bir hal yaranarsa, müstəhəb ehtiyata əsasən, xüsusən, dərman qəbulu kimi vasitələrlə heyz, yaxud xəstə olması üçün zəmin yaratdığı təqdirdə kəffarə verməlidir.

Məsələ 2071. Əgər insan məğrib vaxtının çatıb-çatmadığına şəkk edərsə, iftar edə bilməz və mübarək ramazan ayında bu halda iftar etdiyi təqdirdə orucu qəzasını tutmalı olması ilə yanaşı kəffarə ilə əlaqədar hökmlər mövzusunda izah ediləcək qaydada kəffarə vermək də ona vacib olur.

Məsələ 2072.Əgər oruc tutan məğrib vaxtının çatdığını söyləyən və sözü şəriətə görə mötəbər olmayan şəxsin bu məlumatı əsasında iftar edərsə və sonra həmin an məğrib vaxtının çatmadığını başa düşərsə, yaxud çatıb-çatmadığına şəkk edərsə, qəza və kəffarə ona vacib olur. Onun sözünün dəlil olduğuna inandığı təqdirdə isə yalnız qəza vacibdir.

Məsələ 2073. Əgər insan ramazan ayının ilk günü olduğuna əmin, yaxud arxayın olarsa və ya “bəyyinə” ünvanı ilə iki adil kişi bunu təsdiq edərsə, ancaq o, qəsdən orucunu batil edərsə və sonra həmin günün şaban ayının sonuncu günü olduğu məlum olarsa, kəffarə ona vacib deyil.

Məsələ 2074.Əgər insan ramazan ayının sonuncu günü, yoxsa şəvval ayının ilk günü olduğuna şəkk edərsə və qəsdən orucunu pozarsa, sonra şəvval ayının ilk günü olduğu məlum olarsa, kəffarə ona vacib deyil.

İkinci qisim: İllik fidyə

Məsələ 2075.Əgər insan xəstəlik səbəbi ilə ramazan ayının orucunu tutmazsa və xəstəliyi növbəti ilin ramazan ayınadək davam edərsə, belə ki, bütün il boyu oruc tuta bilməzsə, tutmadığı orucların qəzası ona vacib deyil. Lakin növbəti ilin ramazan ayı çatanadək hər gün üçün yoxsula bir müdd (təqribən 750 qram) təam, yəni buğda, arpa, çörək və bu qəbildən ərzaq məhsulu verməlidir. Buna “illik fidyə” deyilir və növbəti ramazan ayı çatanadək verilməsi düzgün deyil. Əlbəttə məsələn əvvəlki ramazandan 30 gün kəffarəsi olan şəxs Şaban ayının on beşindən başlayaraq on beş günün kəffarəsini ödəyə bilər. Həmçinin öhdəsində  on gün kəffarəsi olan şəxs Şaban ayının iyirmi beşindən başlayaraq beş günün kəffarəsini ödəyə bilər.

Qeyd etmək lazımdır ki, bu halda və sonrakı məsələlərdə qeyd ediləcək hallarda yoxsulu doyurmaq kafi sayılmır və bir müdd təamı yoxsula onun malı olacaq şəkildə verməlidir.

Məsələ 2076. İnsanın xəstəliyi bir neçə il davam edərsə, sağaldıqdan sonra sonuncu ramazan ayının qəzasını tutmalıdır, ondan əvvəlki illərin xəstəlik səbəbi ilə tuta bilmədiyi oruclarının qəzası isə ona vacib deyil. Lakin əvvəlki illərin (ramazan aylarının) hər günü müqabilində yoxsula bir müdd təam verməlidir.[251]

Məsələ 2077. Əgər insan xəstəlikdən başqa bir üzrlü səbəblə əlaqədar olaraq oruc tutmamışdırsa və üzrlü halı növbəti ramazan ayınadək davam edərsə, tutmadığı orucların qəzasını tutmalı və vacib ehtiyata əsasən. hər gün müqabilində yoxsula bir müdd təam verməlidir.

Məsələ 2078.Əgər insan xəstəlik səbəbi ilə ramazan ayının orucunu tutmazsa, ramazan ayından sonra sağalarsa, lakin növbəti ramazan ayınadək orucunun qəzasını tutmasına imkan verməyən başqa bir üzrlü hal meydana gələrsə, həmin üzrlü hal aradan qalxdıqdan sonra tutmadığı orucların qəzasını tutmalı və vacib ehtiyata əsasən, hər günün müqabilində yoxsula bir müdd təam da verməlidir. Həmçinin, əgər ramazan ayında xəstəlikdən başqa bir üzrü olarsa, ramazan ayından sonra həmin üzrlü hal aradan qalxarsa, ancaq xəstəlik səbəbi ilə növbəti ilin ramazan ayınadək oruc tuta bilməzsə, tutmadığı orucların qəzasını tutmalı və vacib ehtiyata əsasən, hər günün müqabilində yoxsula bir müdd təam da verməlidir.

Üçüncü qisim: Təxir (gecikdirmə) kəffarəsi

Məsələ 2079. Əgər insan ramazan ayında üzrlü səbəbi olmadığı halda oruc tutmazsa və növbəti ramazan ayınadək qəsdən orucun qəzasını da tutmazsa, həmin orucun qəzasını tutmalı və vacib ehtiyata əsasən, hər günün müqabilində yoxsula bir müdd təam da verməlidir. Qeyd etmək lazımdır ki, sözügedən şəxs ramazan ayının orucunu qəsdən tutmadığına görə 2044-cü məsələdə qeyd edilmiş hallarda qəsdən orucu pozma kəffarəsini də yerinə yetirməlidir.

Məsələ 2080. Əgər insan ramazan ayında üzürlü bir səbəblə oruc tutmazsa və ramazan ayından sonra üzürlü halı aradan qalxarsa, ancaq növbəti ramazan ayınadək qəsdən orucun qəzasını tutmazsa, həmin orucun qəzasını tutmalı və hər günün müqabilində yoxsula bir müdd təam da verməlidir.

Məsələ 2081. Əgər insan ramazan ayında üzürlü bir səbəblə oruc tutmazsa və ramazan ayından sonra üzürlü halı aradan qalxarsa, ancaq növbəti ramazan ayınadək qəsdən, yaxud səhlənkarlıqdan vaxt daralanadək orucun qəzasını tutmazsa və vaxt daraldıqda yenə onun üçün üzrlü hal yaranarsa, üzrlü hal aradan qalxdıqdan sonra qəza orucunu tutmalı və hər günün müqabilində yoxsula bir müdd təam da verməlidir.

Məsələ 2082.Əgər insan ramazan ayında üzrlü bir səbəblə oruc tutmazsa, ramazan ayından sonra üzrlü halı aradan qalxarsa və üzrlü halı aradan qalxdıqdan sonra oruclarının qəzasını tutmaq qərarına gələrsə, ancaq qəza oruclarını tutmamış,vaxta (növbəti ramazan ayına) az qalmış ikən başqa bir üzürlü hal meydana gələrsə, həmin üzürlü hal aradan qalxdıqdan sonra qəza oruclarını tutmalı və vacib ehtiyata əsasən, hətta yeni üzrlü hal meydana gələnədək orucun qəzasını tutmağı təxirə salmaq üçün “ürfi üzr”ü[252]
olsa belə, hər günün müqbilində yoxsula bir müdd təam verməlidir.

Dördüncü qisim: Gündəlik fidyə

Məsələ 2083.Dörd kateqoriyaya aid insanlara bu fəsildə qeyd ediləcək şərhlə oruc tutmaq vacib deyil və bu hallardan bəzilərində onlar kəffarə (gündəlik fidyə) verməlidirlər.[253]
Bununla əlaqədar hökmlər qarşıdakı məsələlərdə qeyd ediləcəkdir.

Birinci kateqoriya

Məsələ 2084.Qocalıq səbəbi ilə oruc tuta bilməyən, yaxud oruc tutmaqda həddən ziyadə çətinlik çəkən yaşlı kişi və qadınlar ikinci halda (həddən ziyadə çətinlik çəkdikləri təqdirdə) hər gün müqabilində yoxsula bir müdd təam (təqribən 750 qram), yəni buğda, arpa, çörək və ya bu qəbildən olan başqa bir ərzaq məhsulu verməlidir. Buna fidyə deyilir. Bu halda, eləcə də sonrakı məsələlərdə qeyd ediləcək digər hallarda yoxsulu doyurmaq kafi deyil, bir müdd təamı yoxsulun malı olması ünvanı ilə ona vermək lazımdır.

Məsələ 2085. Qocalıq səbəbi ilə oruc tutmayan şəxs ramazan ayından sonra oruc tutmağa qadir olduğu təqdirdə müstəhəb ehtiyata əsasən. tutmadığı orucların qəzasını tutmalıdır.

İkinci kateqoriya

Məsələ 2086.İnsan hər hansı bir xəstəlik (ələş xəstəliyi kimi) səbəbi ilə həddən ziyadə susuzluq hiss edirsə və susuzluğa dözə bilmirsə, yaxud susuzluq onun üçün həddən ziyadə çətinlik törədirsə, oruc ona vacib deyil, ancaq ikinci halda (həddən ziyadə çətinlik çəkdikləri təqdirdə) hər gün müqabilində yoxsula bir müdd təam (təqribən 750 qram), yəni buğda, arpa, çörək və ya bu qəbildən olan başqa bir ərzaq məhsulu verməlidir. Sözügedən insan daha sonra oruc tutmağa qadir olduğu təqdirdə qəza orucu tutması vacib deyil. Qeyd etmək lazımdır ki, bu hökm yalnız ələş xəstəliyinə aid deyil, ona bənzəyən və insanda güclü susuzluq hissi (polidipsiya simptomu) ilə müşayiət olunan istənilən xəstəliyə şamildir.[254]

Üçüncü kateqoriya

Məsələ 2087.Doğum vaxtı yaxınlaşan və oruc tutması özü, yaxud körpəsi üçün zərərli olan qadının oruc tutması vacib deyil, hətta haram zərər (cana qəsd) hallarında[255]
oruc tutmamalıdır və hər gün müqabilində bir yoxsula bir müdd təam verməlidir. Hər iki halda tutmadığı orucların daha sonra qəzasını tutmalıdır və o, hamiləlik səbəbi ilə orucun qəzasını tutmaqdan azad edilmir.

Qeyd etmək lazımdır ki, bu hökm (müdd təam vermək) doğum vaxtı yaxın olan, məsələn, hamiləliyin doqquzuncu ayına girən qadına aiddir və doğum vaxtı yaxın olmayan hamilə qadına şamil olmur.

Dördüncü kateqoriya

Məsələ 2088.Əmizdirən və südü az olan qadın, istər uşağın doğma anası, yaxud dayəsi olsun, istərsə təmənnasız süd versin, oruc onun özü, yaxud süd verdiyi körpə üçün zərərli olduğu təqdirdə oruc tutması vacib deyil, hətta haram zərər(cana qəsd) hallarında oruc tutmamalıdır və hər gün müqabilində bir yoxsula bir müdd təam verməlidir. Hər iki halda tutmadığı orucların daha sonra qəzasını tutmalıdır və o, südvermə səbəbi ilə orucun qəzasını tutmaqdan azad edilmir.

Qeyd etmək lazımdır ki, vacib ehtiyata əsasən, bu hökm uşağın əmizdirilməsi üçün başqa bir yol olmadığı hallara aiddir. Ancaq əgər uşağa süd vermək üçün başqa bir yol vardırsa, məsələn, uşağa bir neçə qadının birlikdə süd verməsi, yaxud quru süd kimi qida əvəzedicilərindən istifadə etmək mümkündürsə, vacib ehtiyata əsasən, belə qadının oruc tutmaması caiz deyil.

Orucun kəffarəsi ilə əlaqədar hökmlər

Məsələ 2089.Təxir kəffarəsi, yaxud fidyə ünvanı ilə hər gün müqabilində yoxsula bir müdd təam verməli olan şəxs bir neçə günün kəffarə, yaxud fidyəsini bir yoxsula verə bilər.

Məsələ 2090.Əgər insan ramazan ayının orucunun qəzasını bir neçə il təxirə salarsa, qəza orucunu tutmalı və birinci il tutmayaraq gecikdirdiyinə görə hər gün müqabilində yoxsula bir müdd təam verməlidir, lakin sonrakı illərdə gecikdirdiyinə görə ona heç bir şey vacib olmur.[256]

Məsələ 2091.İnsan orucun kəffarələrinin icrasında səhlənkarlıq etməməlidir, lakin dərhal icra etməsi də vacib deyil.

Məsələ 2092. Kəffarə, yaxud fidyə insana vacib olarsa və insan onu bir neçə il yerinə yetirməzsə, üzərinə heç bir şey əlavə edilmir.

Məsələ 2093. Əgər insan müəyyən bir gündə oruc tutmağı nəzir edərsə, həmin gün qəsdən orucunu batil etdiyi təqdirdə kəffarə verməlidir və bu kəffarə “Nəzirlə əlaqədar hökmlər” və “Kəffarələrlə əlaqədar hökmlər” fəsillərində izah ediləcəkdir.

Atanın ramazan orucunun (lazım ehtiyata əsasən, böyük oğula vacib olan) qəzası ilə əlaqədar hökmlər

Məsələ 2094.Atanın vəfatından sonra böyük oğul, lazım ehtiyata əsasən, “Atanın qəza namazı” fəslində izah edilən şərtlər əsasında onun ramazan ayında tutmadığı orucunun qəzasını tutmalıdır. O, hər gün müqabilində yoxsula bir müdd (təqribən 750 qram) təam da verə bilər. Bu halda atasının oruclarının qəzasını tutması vacib deyil. Lakin əgər vəfat etmiş şəxs orucları üçün əcir tutulmasını vəsiyyət etmişdirsə, təam vermək kafi deyil və bu halda onun malının üçdə biri hesabına qəza oruclarının tutulması üçün əcir tutulmalıdır.[257]

Məsələ 2095. Əgər ata ramazan orucundan başqa nəzir orucu kimi başqa bir vacib orucu da tutmamışdırsa, yaxud əcir olaraq tutmalı olduğu orucu tutmamışdırsa, həmin orucun qəzasını tutmaq böyük oğula vacib deyil.

Məsələ 2096.Ananın vəfatından sonra böyük oğul, müstəhəb ehtiyata əsasən, “Atanın qəza namazı” fəslində izah edilən şərtlər əsasında onun ramazan ayında tutmadığı orucunun qəzasını tutmalıdır. Həmçinin, hər gün müqabilində yoxsula bir müdd (təqribən 750 qram) təam verməsi də kafidir. Lakin əgər vəfat etmiş şəxs orucları üçün əcir tutulmasını vəsiyyət etmişdirsə, təam vermək kafi deyil və bu halda ananın malının üçdə biri hesabına qəza oruclarının tutulması üçün bir şəxsi əcir tutmaq lazımdır.

Müsafirin orucu ilə əlaqədar hökmlər

Məsələ 2097. Dördrəkətli namazları səfərdə iki rükət qılmalı olan müsafir nə vacib, nə də müstəhəb oruc tutmamalıdır. Bu hökmdə aşağıdakı hallar istisna təşkil edir:

a) Təməttö həccində vacib olan qurbanlıq ayinini icra etməyə qadir olmayan şəxs. Bu şəxsin qurban kəsmək yerinə on gün oruc tutması vacibdir. Bu on günün ilk üç gününü hərçənd müsafir olsa belə, həmin həcc səfərində, qalan yeddi gününü isə vətəninə qayıtdıqdan sonra tutmalıdır. Bununla bağlı hökmlər “Mənasek-e həcc” (Həcc ayinləri) risaləsində izah edilmişdir.

b) Təməttö həcci ayinlərini icra edərkən Ərəfatda dayandıqda Günün batmasından sonra Ərəfat çölünü tərk edən və Ərəfata qayıtmayan şəxs.Bu şəxs bir dəvə kəffarə verməlidir və əgər bu kəffarəni icra etmək imkanına malik deyilsə, on səkkiz gün oruc tutmalıdır. Bu on səkkiz günü elə səfər halında Məkkədə ikən, yaxud qayıdarkən yolda və ya vətəninə qayıtdıqdan sonra tuta bilər. Bununla bağlı hökmlər “Mənasek-e həcc” (Həcc ayinləri) risaləsində izah edilmişdir.

c) Müəyyən bir günün müstəhəb orucunu səfərdə tutmağı, yaxud səfərdə olub-olmamasından asılı olmayaraq tutmağı nəzir edən şəxs. Bununla əlaqədar hökmlər müstəhəb orucla əlaqədar hökmlər mövzusunda izah ediləcəkdir.

d) Hər hansı bir diləyinin gerçəkləşməsi üçün Mədinə şəhərində üç gün oruc tutmaq istəyən şəxs. Bununla əlaqədar hökmlər müstəhəb orucla əlaqədar hökmlər mövzusunda izah ediləcəkdir.

Məsələ 2098.Namazını bütöv qılan müsafir, məsələn, işi səfər etmək olan, yaxud səfəri günah səfər olan şəxs səfərdə oruc tuta bilər, hətta mübarək ramazan ayının orucu kimi vaxtı müəyyən olan vacib orucları səfərdə mütləq tutmalıdır.

Məsələ 2099.Ramazan ayında səfərə çıxmaq olar. Lakin orucdan qaçmaq üçün istər ramazan ayının 23-dən öncə, istərsə sonra səfərə çıxmaq məkruhdur. Həmçinin, ümumiyyətlə, həcc, ümrə, yaxud başqa bir zəruri səbəblə əlaqədar olduğu hallar istisna olmaqla, ramazan ayında səfərə çıxmaq məkruhdur.

Məsələ 2100.İnsana ramazan ayının orucundan başqa bir oruc vacib olarsa, əcir tutulma, yaxud bu qəbildən olan səbəblə vacib olduğu, yaxud etikaf günlərinin üçüncü günü olduğu təqdirdə həmin gün səfərə çıxa bilməz və əgər səfərdədirsə, mümkün olduğu təqdirdə olduğu yerdə on gün qalmağı qərara almalı və həmin gün oruc tutmalıdır. Nəzir əsasında insana vacib olan müstəhəb orucla bağlı hökm isə müstəhəb orucla əlaqədar hökmlər mövzusunda qeyd ediləcəkdir.

Məsələ 2101.Məsələni bilmədiyinə görə səfərdə oruc (vacib, yaxud müstəhəb oruc) tutan və gün ərzində bu məsələni başa düşən şəxsin orucu batildir. Əgər məsələni məğribdən sonra başa düşərsə, tutduğu oruc düzgündür. Bu xüsusda insanın müsafirin oruc tutmasının şəriətə uyğun olmaması məsələsinin əsasını bilməməsi ilə bu məsələnin əsasını bilməsi, lakin müsafir üçün hökmlərin bəzi təfərrüatlarını bilmədiyinə görə səfərdə oruc tutması arasında fərq yoxdur.[258]

Məsələ 2102.Səfərdə oruc tutmağın şəri[259]
olmadığını bilən şəxs bu məsələ ilə bağlı hökmü öz vəziyyətinə tətbiq etməkdə səhvə yol verməsi[260]
səbəbi ilə özünü müsafir hesab etməyərək oruc tutarsa və səhvini məğribdən sonra baş düşərsə, orucu düzgündür. Məsələn, getdiyi müəyyən bir yerədək məsafənin səkkiz fərsəxdən az olduğunu düşünərək oruc tutan və məğribdən sonra sözügedən məsafənin səkkiz fərsəx, yaxud daha uzun olduğunu başa düşən şəxsin orucu düzgündür. Ancaq gün ərzində başa düşdüyü təqdirdə orucu batildir.

Məsələ 2103.İnsan müsafir olduğunu unudarsa, yaxud oruc tutmağın müsafir üçün batil bir iş olduğunu unudarsa və səfərdə oruc tutarsa, vacib ehtiyata əsasən, hətta məğribdən sonra başa düşdüyü təqdirdə belə orucu batildir.

Məsələ 2104. Oruc tutan şəxs zöhr azanından sonra səfərə çıxarsa, vacib ehtiyata əsasən, xüsusən, gecədən səfərə çıxmaq niyyəti olduğu təqdirdə orucunu başa çatdırmalıdır və əgər bu vacib ehtiyatın tələbinə riayət edərək orucunu sonadək tutarsa, qəzasına gərək yoxdur.

Məsələ 2105. Oruc tutan şəxs zöhr azanından öncə səfərə çıxarsa, vacib ehtiyata əsasən, xüsusən, gecədən səfərə çıxmaq niyyəti olduğu təqdirdə həmin gün oruc tuta bilməz. Lakin tərəxxüs həddinə çatmadan orucu batil edən bir iş görməməlidir. Əks təqdirdə 2044-cü məsələdə izah edilən qaydada kəffarə verməsi vacib olur.

Məsələ 2106. Müsafir ramazan ayında zöhr azanından öncə vətəninə, yaxud on gün qalmaq istədiyi bir yerə çatarsa, orucu pozan bir iş görmədiyi təqdirdə, vacib ehtiyata əsasən, həmin gün oruc tutmalıdır və bu halda orucun qəzası yoxdur. Ancaq əgər orucu pozan bir iş görmüşdürsə, həmin günün orucu ona vacib deyil və daha sonra onun qəzasını tutmalıdır.

Məsələ 2107.Müsafir ramazan ayında zöhr azanından sonra vətəninə, yaxud on gün qalmaq istədiyi bir yerə çatarsa, səfər əsnasında orucu pozan işlərdən birini gördüyü təqdirdə orucu batildir və həmin günün qəzasını tutmalıdır, orucu pozan bir iş görmədiyi təqdirdə də həmin günün orucu ona vacib deyil, hətta vacib ehtiyata əsasən, orucu batildir. İstənilən halda sonradan həmin günün orucunun qəzasını tutmalıdır.

Məsələ 2108. Səfərin zöhr azanından öncə, yaxud sonra başlamasında meyar tərəxxüs həddini keçmək deyil, şəhərin özündən çıxmaqdır. Buna əsasən, zöhr azanından öncə vətənindən çıxan, ancaq vətəninin tərəxxüs həddini zöhr azanından sonra keçən şəxsə oruc xüsusunda zöhrdən öncə səfərə çıxan müsafirə dair hökm şamil olunur. Həmçinin, vətənə qayıdışda da meyar şəhərin özünə çatmaqdır. Buna əsasən, əgər insan zöhrdən öncə vətəninə yaxınlaşarsa, şəhərin ucqarındakı evlər görünərsə, ancaq şəhərinə zöhr azanından sonra daxil olarsa, oruc xüsusunda ona zöhr azanından sonra vətəninə çatan müsafirə dair hökm şamil olunur.

Müstəhəb orucla əlaqədar xüsusi hökmlər

Məsələ 2109. Orucu batil edən bir iş görməyən şəxs günün istənilən vaxtı müstəhəb oruc tutmaq niyyəti edərsə, hərçənd məğribə az qalmış olsa belə, orucu düzgündür. Əlbəttə, əgər insan Günəşin batdığını bilirsə, yaxud buna arxayındırsa və qürubla məğrib arasındakı vaxt ərzində müstəhəb oruc tutmaq niyyəti etmək istəyirsə, vacib ehtiyata əsasən, orucu doğru hesab edilmir.

Məsələ 2110.Müstəhəb orucda əgər insan oruc olmamaq qərarına gələrsə, ya oruc olub-olmamaqda tərəddüd edərsə, ya orucu batil edən bir iş görmək qərarına gələrsə, ya da belə bir iş görüb-görməməkdə tərəddüd edərsə, həmin işi görmədiyi və qürubdan (günbatandan) öncə, istər zöhrdən əvvəl, istərsə sonra yenidən oruc niyyəti etdiyi təqdirdə orucu doğrudur.

Məsələ 2111. Əgər bir şəxs müstəhəb oruc tutarsa, onu sona çatdırması vacib deyil. Hətta əgər mömin qardaşı onu yeməyə dəvət edərsə, müstəhəbdir ki, onun dəvətini qəbul etsin və gündüz, hərçənd zöhrdən sonra olsa belə, orucunu açsın. Bu müstəhəblik hökmü yalnız müstəhəb oruca aiddir və qəza orucuna şamil edilmir.

Məsələ 2112.Müsafir səfərdə müstəhəb oruc tuta bilməz. Yalnız Mədinə şəhərində hacət diləmək üçün üç gün müstəhəb oruc tuta bilər və vacib ehtiyata əsasən, bu üç gün çərşənbə, cümə axşamı və cümə günləri olmalıdır.

Məsələ 2113.İnsan bir gün (istər müəyyən bir gün olsun, istərsə hər hansı bir gün) müstəhəb oruc tutmağı nəzir edərsə, onu namazın müxtəsər qılındığı bir səfərdə ikən tuta bilməz. Yalnız oruc nəzirinin müəyyən bir gün üçün edilməsi və insanın nəzir niyyətində orucu məhz səfərdə tutmağı, yaxud müsafir olub-olmamasından asılı olmayaraq məhz həmin gün tutmağı nəzərində tutması istisnadır.

Məsələ 2114. İnsan müəyyən bir gündə vətənində, yaxud on gün qalmaq niyyətində olduğu bir yerdə oruc tutmağı nəzir edərsə, yaxud nəziri səfər halında oruc tutmağa şamil deyilsə, həmin gün öz ixtiyarı ilə şəri məsafə hüdudlarından kənara səfər edə və nəzirlə özünə vacib etdiyi müstəhəb orucu tutmaya bilər. Səfərdə olduğu təqdirdə on gün qalmaq qərarına gəlməsinə və oruc tutmasına da gərək yoxdur. Hərçənd, müstəhəb ehtiyata əsasən, məcbur olmadıqca səfər etməməli, səfərdə olduğu təqdirdə isə on gün qalmaq qərarına gəlməlidir.

Məsələ 2115.İnsan müəyyən bir gündə müstəhəb oruc tutacağına dair düzgün nəzir etdiyi hallarda həmin gün oruc tutmalıdır. Qəsdən həmin gün oruc tutmadığı təqdirdə günahkardır, daha sonra həmin günün orucunun qəzasını tutmalıdır və bundan əlavə, “Nəzir” fəslində izah ediləcək qaydada nəziri pozma kəffarəsi verməsi də vacibdir. Nəzir edilmiş orucu şəri məsafə hüdudlarından kənara səfər etmək, xəstəlik, heyz, yaxud nifas kimi şəriətdə üzrlü sayılan səbəblərə görə tutmadığı təqdirdə isə daha sonra onun qəzasını tutmalıdır, lakin kəffarə tələb edilmir.

Məsələ 2116.İnsan əhd, yaxud andın düzgün olması üçün tələb olunan şərtlərə riayət etməklə müəyyən bir gündə müstəhəb oruc tutacağına dair uca Allaha əhd edərsə, yaxud and içərsə və bununla müstəhəb orucu özünə vacib edərsə, həmin gün oruc tutmalıdır. Qəsdən tutmadığı təqdirdə günahkardır və qarşıda izah ediləcək əhdi, yaxud andı pozma kəffarəsi verməsi vacibdir. Lakin həmin günün orucunun qəzasını tutması vacib deyil.

Məsələ 2117.Ramazan ayının qəzasını tutmalı olan şəxs müstəhəb oruc tuta bilməz və əgər bunu unudaraq müstəhəb oruc tutarsa, zöhr azanından öncə xatırladığı təqdirdə müstəhəb orucu pozulur və qəza orucu niyyəti edə bilər, zöhr azanından sonra xatırladığı təqdirdə onun müstəhəb orucu, vacib ehtiyata əsasən, batildir, məğribdən sonra xatırladığı təqdirdə isə müstəhəb orucu düzgündür.

Məsələ 2118. Ramazan ayının qəzasından başqa bir qəza orucu (müəyyən bir gündə tutmalı olub tutmadığı nəzir orucunun qəzası kimi) tutmalı olan şəxs müstəhəb oruc tuta bilər.

Məsələ 2119. Kəffarə orucu tutmalı olan şəxs müstəhəb oruc tuta bilər. Həmçinin, dünyasını dəyişmiş bir insanın vacib orucunu tutmaq üçün əcir edilmiş şəxs müstəhəb oruc tutarsa, eybi yoxdur. Habelə, özünün qəza, yaxud kəffarə orucu olan şəxs dünyadan köçmüş şəxs üçün ödəniş müqabilində, yaxud ödənişsiz olaraq oruc tuta bilər.

Məsələ 2120.Ramazan ayının qəza orucunu tutmalı olan və müstəhəb oruc nəziri etmək istəyən şəxs nəzir orucunun gününü təyin etmədiyi, yaxud onu tutmazdan qabaq qəza orucunu tutmaq üçün kifayət qədər fürsət və imkan olduğu halda nəzir orucunun gününü təyin etdiyi təqdirdə nəziri doğrudur. Lakin hər iki halda nəzir orucunu qəza orucundan öncə tutması düzgün deyil. Ancaq əgər müəyyən bir gündə oruc tutmağı nəzir edərsə və qəza orucunu nəzir orucundan öncə tutmaq üçün fürsət və imkan olmazsa, nəziri batildir.

Orucun növləri

Məsələ 2121.Oruc dörd qisimdir: a) vacib oruc; b) müstəhəb oruc; c) haram oruc; ç) məkruh oruc.

Vacib oruclar bir neçə qisimdir. O cümlədən:

1. Mübarək ramazan ayının orucu;

2. Qəza orucu;

3. Kəffarə orucu;

4. Nəzir, əhd, yaxud and səbəbi ilə vacib olan oruc;

5. Əcir tutulma, yaxud əqd çərçivəsində şərt səbəbi ilə vacib olan oruc;

6. Təməttö həccinin qurbanlığının əvəzinə tutulan oruc (2097-ci məsələdə izah edilmişdir);

7. Etikafın üçüncü gününün orucu.

Müstəhəb oruclar

Məsələ 2122.Qarşıda qeyd ediləcək haram və məkruh günlər istisna olmaqla ilin bütün günlərində oruc tutmaq müstəhəbdir. Bəzi günlərdə oruc tutmaq daha çox tövsiyə edilmişdir. O cümlədən:

1. Hər ayın ilk və son cümə axşamı günü və ayın 10-dan sonrakı ilk çərşənbə günü. Kim bu günlərdə oruc tutmazsa, qəzasını tutması müstəhəbdir. Ümumiyyətlə, oruc tuta bilmədiyi təqdirdə isə müstəhəbdir ki, hər gün müqabilində yoxsula bir müdd (təqribən 750 qram) təam, yəni buğda, arpa, çörək və ya bu qəbildən olan ərzaq payı, yaxud 12,6 noxud sikkəli[261]
gümüş (bir dirhəm) versin.

2. Hər ayın 13, 14 və 15-ci günləri.

3. Rəcəb və şaban aylarının bütün günləri, yaxud bir hissəsi və yaheç olmazsa, bir günü.

4. Novruz bayramı günü.

5. Şəvval ayının 4-9-cu günləri.

6. Zül-qədə ayının 25 və 29-cu günləri.

7. Məkruh oruc mövzusunda qeyd ediləcək hal istisna olmaqla zül-hiccə ayının 1-9-cu günləri.

8. Mübarək Qədir bayramı günü (18 zül-hiccə).

9. Mübahilə günü (24 zül-hiccə).

10. Məhərrəm ayının 1, 3 və 7-ci günləri.

11. Sevimli Peyğəmbərimizin (s) mübarək mövlud günü (17 rəbiül-əvvəl).

12. Cümadəl-ula (cəmadiyəl-əvvəl) ayının 15-ci günü.

13. Allahın Elçisinin (s) məbəsi (peyğəmbər seçildiyi) günü (27 rəcəb).

Haram oruclar

Məsələ 2123. Haram orucların əksəriyyəti aşağıdakılardan ibarətdir:

1. Fitr və qurban bayramı günlərində oruc tutmaq.

2. İnsanın şaban ayının son günü, yoxsa ramazan ayının ilk günü olduğunu bilmədiyi gündə mübarək ramazan ayının ilk günü niyyəti ilə oruc tutması.

3. Vüsal orucu. Məsələn, insanın sübh azanından ertəsi günün səhərinədək bir sutka oruc niyyəti ilə orucu batil edən işlərdən çəkinməsi, yaxud arada iftar etməməklə iki sutka oruc tutması. Lakin əgər insan iftar etməyi oruc niyyəti olmadan sonrakı gecənin sübhünə, yaxud ikinci gecəyədək təxirə salarsa, eybi yoxdur. Hərçənd, müstəhəb ehtiyata əsasən, oruc niyyəti olmadan da iftar etməyi sübhədək təxirə salmamalıdır.

4. Qadının həyat yoldaşının onunla cinsi ehtiyaclarını ödəmək hüququnu pozduğu təqdirdə müstəhəb oruc tutması, həmçinin, vaxtı təyin edilməyən vacib oruc, o cümlədən vaxtını təyin etmədiyi nəzir orucu. Sonuncu halda (vaxtı təyin edilməmiş vacib oruc tutduqda), vacib ehtiyata əsasən, oruc batildir və nəzirin icrası üçün kafi deyil. Həmçinin, vacib ehtiyata əsasən, əri hərçənd onun hüquqlarını pozan bir vəziyyət olmasa belə, qadına müstəhəb, yaxud vaxtı təyin edilməmiş bir vacib oruc tutmağı qadağan edərsə, qadının orucu haram orucdur. Müstəhəb ehtiyata əsasən, qadın ərinin icazəsi olmadan müstəhəb oruc tutmamalıdır.

5. Övladın müstəhəb orucu valideynlərinin əziyyətə düşməsinə səbəb olar və bu narahatçılıq valideynin övlada qarşı qayğısından qaynaqlanırsa, haramdır. Əgər övlad atasının, yaxud anasının icazəsi olmadan müstəhəb oruc tutarsa və gün ərzində atası, yaxud anası ona oruc tutmağı qadağan edərsə, övladın onlara qarşı çıxması onların narahatlığına səbəb olacaqsa və bu narahatlıq qayğıkeşlikdən qaynaqlanırsa, onlara qarşı çıxmaq haramdır və övlad orucunu açmalıdır.

6. İnsan üçün zərərli olan və zərəri ölüm, yaxud cana qəsd, məsələn, hər hansı bir üzvün itirilməsi ilə nəticələncək qədər ciddi olan oruc.

Qeyd etmək lazımdır ki, daha öncə də qeyd edildiyi kimi əgər insan orucun onun üçün adətən dözülməz olan ciddi bir zərəri olduğuna əmindirsə, yaxud arxayındırsa və ya buna dair məntiqli ehtimalı vardırsa, orucu doğru deyil və əgər bu zərər ölüm, yaxud cana qəsd, məsələn, hər hansı bir üzvün itirilməsi ilə nəticələnə bilərsə, oruc haramdır.

Sadalananlarla yanaşı başqa kitablarda təfsilatı ilə izah edilən bir sıra digər haram oruclar da vardır.

Məkruh oruclar

Məsələ 2124.Məkruh orucların bəziləri bunlardır:

1. İnsanın ərəfə, yoxsa qurban bayramı günü olmasına şəkk etdiyi gün tutulan oruc.

2. Insanın orucla əlaqədar süstlük səbəbi ilə dualarını oxuya bilməyəcəyi təqdirdə ərəfə günü oruc tutması.

3. Aşura günü oruc tutmaq. Lakin yaxşı olar ki, aşura günü insan oruc niyyəti olmadan əsr çağınadək yemək və içməkdən çəkinsin.

4. Qonağın ev sahibinin icazəsi olmadan tutduğu oruc.

Orucla əlaqədar bir neçə məsələ (müstəhəb və məkruh işlər)

Məsələ 2125.Bir qisim insanların ramazan ayında oruc olmasa belə, orucu batil edən bir iş görməkdən çəkinməsi müstəhəbdir:

1) Səfərdə orucu batil edən bir iş görən və zöhr azanından öncə vətəninə, yaxud on gün qalmaq istədiyi bir yerə çatan müsafir.

2) Zöhr azanından sonra vətəninə, yaxud on gün qalmaq istədiyi yerə çatan müsafir.

3) Zöhr azanından sonra sağalan xəstə, həmçinin, zöhr azanından öncə sağalan və orucu batil edən bir iş görən xəstə. Ancaq əgər zöhr azanından öncə sağalarsa və orucu batil edən bir iş görməzsə, vacib ehtiyata əsasən, oruc tutmalıdır.

4) Gün ərzində heyz, yaxud nifasdan paklanan qadın.

5) Müsəlman olan və daha öncə (həmin gün) orucu batil edən bir iş görən kafir.

Məsələ 2126. Oruc tutmamaqda üzrlü sayılan müsafir və müsafir olmayan şəxsin ramazan ayında gündüz cinsi əlaqədə olması və doyanadək yeyib-içməsi məkruhdur.

Məsələ 2127. Oruc tutanın məğrib namazını iftardan öncə qılması müstəhəbdir. Lakin əgər kimsə onu gözləyirsə, yaxud yeməyə həddən ziyadə meyli varsa və bu halda qəlbin hüzuru ilə namaz qıla bilməyəcəksə, daha yaxşı olar ki, öncə iftar etsin, ancaq mümkün olduqca namazı fəzilət vaxtı ərzində qılsın.

Ayın başlamasının sabit edilməsi üsulları

Məsələ 2128.Qəməri (sinodik) təqvimin hər bir ayının başlaması dörd cür təsbit edilir:

1) İnsanın özünün Ayı müşahidə etməsi.Müşahidə adi gözlə, yəni hər hansı bir cihazdan istifadə etmədən aparılmalıdır. Buna əsasən, hilal[262]
adi gözlə müşahidə edilə bilmədiyi təqdirdə onun teleskopla görünməsi kafi deyil.

Aydındır ki, hilalın səmadakı yerini tapmaq və müşahidə etmək üçün durbin, teleskop, yaxud bu qəbildən olan digər böyüdücü cihazlardan istifadə etməyin eybi yoxdur. Lakin ayın müşahidəsi elə olmalıdır ki, durbin, yaxud teleskop gözün önündən götürüldükdə hilalı adi gözlə də görmək mümkün olsun.[263]

Əgər səmada bulud, yaxud həddən ziyadə duman kimi bir əngəl vardırsa, belə ki, səmada həmin əngəl olmazsa, şübhəsiz, Ay adi gözlə görülə bilərsə, ayın başladığı sabit olur.

2) Sözləri yəqinlik, yaxud arxayınlıq hasil edən bir dəstə insanın həmin şəhərdə, yaxud onunla eyni üfüqə malik olan şəhərlərdə Ayı (hilalı) müşahidə etdiklərini söyləməsi, həmçinin, insanda yəqinlik hasil edən istənilən şey və eləcə də arxayınlıq hasil edən istənilən üsul.

3) İki adil kişinin gecə Ayı gördüklərini söyləməsi. Lakin əgər Ayın xüsusiyyətlərini bir-birindən fərqli şəkildə izah edərlərsə, ayın başladığı sabit olmur. Həmçinin, əgər insan onların yanıldığına əmin, yaxud arxayın olarsa və ya onların şahidliyinə zidd olan və zidd hökmündə sayılan başqa bir məlumat olarsa, məsələn, şəhərin əhalisinin böyük bir qismi Ayı müşahidə etməyə çalışarsa (“istihlal” edərsə), ancaq iki adil şəxsdən başqa kimsə Ayı gördüyünü iddia etməzsə, yaxud bir dəstə insan Ayı müşahidə etməyə çalışarsa (istihlal edərsə) və onların arasından iki adil şəxs Ayı gördüyünü iddia edərsə, digərləri isə görməzsə, ancaq görməyənlər arasında hilalın yerini bilməkdə və itigözlükdə hilalı görən iki adil insan qədər mahir olan başqa iki adil şəxs olarsa, səma aydın olarsa və onların Ayı görməsinə əngəl ola biləcəyi ehtimal edilən bir maneə olmazsa, bu cür hallarda ayın başlaması iki adil şəxsin şahidliyi ilə sabit olmur.

4) Hər bir ayın başlanğıcından otuz günün keçməsi. Bu halda sonrakı ayın başlaması sabit olur. Məsələn, şaban ayının başlamasından otuz gün keçdikdə ramazan ayının başladığı sabit olur, yaxud ramazan ayının başlamasından otuz gün keçdikdə şəvval ayının başladığı sabit olur.

Qeyd etmək lazımdır ki, ayın ilk günü olması məlum olmayan bir gündə ayın başlayıb-başlamadığını araşdırmağa gərək yoxdur və insan üçün qeyd edilən üsullardan biri ilə ayın başlaması sabit olmadığı təqdirdə (araşdırıb-araşdırmamasından asılı olmayaraq) şübhəli günü cari aydan hesab etməlidir.

Buna əsasən, məsələn, şaban ayının otuzuncu, yoxsa ramazan ayının birinci günü olduğunu bilməyən şəxs soruşub araşdırmadan həmin günü şaban ayından hesab edə və oruc tutmaya bilər. Həmçinin, əgər ertəsi günün ramazan ayının otuzuncu, yoxsa şəvval ayının ilk günü (fitr bayramı) olduğunu bilmirsə, soruşub araşdırmaya bilər və bu halda həmin gün oruc tutmalıdır. Hər iki halda sonradan həmin günün ayın ilk günü olduğu məlum olarsa, sözügedən şəxs heç bir günah işlətməmişdir.

Məsələ 2129. Ayın başlaması şəriət hakiminin hökmü ilə sabit olmur. Yalnız şəriət hakiminin hökmü, yaxud ayın başlamasının onun nəzərində sabit olması insanda olduğu şəhərdə, yaxud onunla eyniüfüqlü şəhərlərdə Ayın adi gözlə göründüyünə dair arxayınlıq, yaxud yəqinlik hasil edərsə, bu hal istisna təşkil edir.

Məsələ 2130.Ayın başlaması astronomların proqnozları ilə sabit olmur. Yalnız onların məlumatı insanda olduğu şəhərdə, yaxud onunla eyniüfüqlü şəhərlərdə Ayın adi gözlə göründüyünə dair arxayınlıq, yaxud yəqinlik hasil edərsə, bu hal istisna təşkil edir.[264]

Məsələ 2131.Ayın yüksəkdə olması, yaxud gec gözdən itməsi öncəki gecənin ayın ilk gecəsi olduğuna dəlil deyil. Həmçinin, Ayın ətrafında halə müşahidə edilirsə, bu o demək deyil ki, həmin gecə ayın ikinci gecəsidir.

Məsələ 2132.Bir şəhərdə ayın başlaması təsbit edilərsə, onunla eyniüfüqlü olan digər şəhərlərdə də ayın başladığı sabit olur və burada eyniüfüqlülük deyərkən bir şəhərdə Ay görünərsə, bulud, yaxud duman, sis olmadığı təqdirdə onun digər şəhərdə də görünməsi nəzərdə tutulur.[265]

Məsələ 2133.Ötən illərdə şəvval ayının hilalının sabit edilməsi məsələsində yəqinlik hasil edərək oruc tutmayan, indi isə hilalın müşahidəsi məsələsində bəzi fikir ayrılıqlarının fərqinə varan və keçmiş yəqinlikləri (əmin olduğu hallar) xüsusunda şəkkə düşən, tərəddüd edən və oruc tutmadığı həmin günlərin bayram günləri olmadığını ehtimal edən şəxsin həmin günlərin qəzasını tutmasına gərək yoxdur. Lakin əgər bir şəxs keçmişdə hasil etdiyi yəqinliyin yanlış olduğuna əmin olarsa, həmin günlərin qəzasını tutmalıdır, ancaq kəffarə ödəməyə gərək yoxdur.

Məsələ 2134. Əgər ramazan ayının başlaması bir şəxs üçün sabit olmazsa və o oruc tutmazsa, daha sonra öncəki gecənin ayın başlanğıcı olması sabit olduğu təqdirdə həmin günün orucunun qəzasını tutmalıdır.

Məsələ 2135. İnsan ramazan ayının sonuncu günü, yoxsa şəvval ayının ilk günü olduğunu bilmədiyi gün oruc tutmalıdır. Lakin əgər gün ərzində şəvval ayının ilk günü olduğunu başa düşərsə, orucunu açmalıdır. Həmçinin, fitr bayramının elan edildiyini və vəzifəsinin oruc tutmamaq olduğunu düşünərək orucunu pozan, məsələn, gün ərzində qida qəbul edən, yaxud su içən, daha sonra fitr bayramı olmadığını, ramazan ayının sonuncu günü olduğunu başa düşən şəxs bir gün qəza orucu tutmalıdır, lakin kəffarə ona vacib olmur və bunu gün ərzində orucu pozan bir iş gördükdən sonra başa düşdüyü təqdirdə, vacib ehtiyata əsasən, məğribədək yemək, içmək və orucu pozan digər işlərdən çəkinməlidir.


[216] Bax: 888-ci məsələ. Tərc.
[217] Yəni məhz vacib oruc niyyəti etməməli, sadəcə orucu pozan şeylərdən çəkinməli və bu işdə məqsədi, ümumiyyətlə, Allaha yaxınlaşmaq olmalıdır.
[218] Əgər insan günah edərək sübh azanınadək oruc niyyəti etməzsə, sonrakı məsələlərdən bəziləri ona şamil olunur.
[219] Yəni vacib orucu tutmaq niyyəti etməməli, sadəcə orucu batil edən şeylərdən çəkinməli və bu işdə məqsədi ümumiyyətlə Allaha yaxınlaşmaq olmalıdır.
[220] Lakin əgər icarə əqdində (əcir tutma anlaşmasında) əcir tutulanın sübh azanından etibarən niyyətli olması və niyyəti gecikdirməməsi şərt qoyularsa, yaxud belə bir şərt qoyulmasa da, əcir tutulan şəxsdən sübh azanından niyyətli olması tələb edildiyi məlum olarsa, bu anlaşmanın tələbinə əməl edilməsi üçün oruc tutan mütləq sübh azanından etibarən oruc tutmaq niyyətində olmalıdır.
[221] Yəni müəyyən bir gündə (günlərdə) oruc tutmağı nəzir edən şəxs həmin gün (günlərdə) Allaha yaxınlaşma niyyəti ilə oruc tutarsa, kifayətdir və “nəzirimə vəfa (əməl) etmək üçün” deyə niyyət etməsinə gərək yoxdur. Tərc.
[222] Yemək və içmək deyərkən sonrakı məsələdə də izah ediləcəyi kimi qidalandırıcı olub-olmamasında asılı olmayaraq bərk və maye halında olan istənilən maddənin qida boşluğundan bədənə qəbulu nəzərdə tutulur. Tərc.
[223] Xalq arasında “iynə vurmaq” deyilir. Tərc.
[224] Xalq arasında “sistem qoşmaq” deyilir. Tərc.
[225] Sünnət olunmayan, yaxud sünnət yeri bilinməyən. Tərc.
[226] Özünün, yaxud partnyorunun (cinsi əlaqə aktının aktiv tərəfinin) cinsi üzvü. Tərc.
[227] Yəni cinsi əlaqə aktının aktiv olan tərəfi (kişi) cinsiyyət üzvünü passiv tərəfin (normal cinsi əlaqədə qadının, qeyri-normal cinsi əlaqədə isə kişinin, ölünün, heyvanın və s.) cinsiyyət üzvündən, yaxud anus dəliyindən çıxarmalıdır. Tərc.
[228] İstimnanın mənası 1950-ci məsələdə izah edilmişdir.
[229] Yəni xüsusi olaraq vacib orucu tutmaq niyyəti ilə deyil, ümumiyyətlə Allaha yaxınlaşmaq niyyəti ilə orucu pozan işlərdən çəkinməlidir.
[230] Ravinin sözlərini vasitəsiz və ya vasitəsiz nitq kimi nəql edərək. Tərc.
[231] Məsələn, bir şəxs axşam bir məclisdə Allahın ən kəramətli Elçisinə (s) bir yalan isnad edərsə və gündüz oruc ikən başqa bir şəxs ondan: “Dünən belə bir söz söylədiyiniz doğrudurmu?” – deyə soruşduqda o: “Bəli, doğrudur”, - deyə cavab verərsə, bu halda orucu batil olmur. Çünki onun məqsədi yalnız ötən gecə baş verən bir hadisəni etiraf etməkdir. Ancaq əgər oruc ikən bir şəxs ondan: “Sizin dünən Peyğəmbərə (s) isnad etdikləriniz doğrudurmu?” – deyə soruşarsa və o, cavabında: “Bəli, Peyğəmbərə (s) isnad etdiklərim doğrudur”, - deyə cavab verərsə, bu halda, vacib ehtiyata əsasən, orucu batil olur.
[232] Yəni xüsusi olaraq vacib orucu tutmaq niyyəti ilə deyil, ümumiyyətlə Allaha yaxınlaşmaq niyyəti ilə orucu pozan işlərdən çəkinməlidir.
[233] Yəni xüsusi olaraq vacib orucu tutmaq niyyəti ilə deyil, ümumiyyətlə Allaha yaxınlaşmaq niyyəti ilə orucu pozan işlərdən çəkinməlidir.
[234] Yəni vacib ehtiyata əsasən, bu hərəkət haramdır və edilməməlidir. Tərc.
[235] Yaxud 1968-ci məsələdə qeyd edilən hallarda, habelə 1974 və 1966-cı məsələlərdə qeyd edilən bəzi hallar kimi orucunu batil etməyən hər hansı bir yolla cünub olarsa.
[236] Yəni xüsusi olaraq vacib orucu tutmaq niyyəti ilə deyil, ümumiyyətlə Allaha yaxınlaşmaq niyyəti ilə orucu pozan işlərdən çəkinməlidir.
[237] Bu müstəhəb ehtiyat oruc hökmü ilə əlaqədardır, namazın doğru olması üçün isə sözügedən qüsllərin edilməsi vacibdir.
[238] Yəni oruc batil olur
[239] Yəni xüsusi olaraq vacib orucu tutmaq niyyəti ilə deyil, ümumiyyətlə Allaha yaxınlaşmaq niyyəti ilə orucu pozan işlərdən çəkinməlidir.
[240] Bu batil olma qatı toz və tüstü udmaq, uca Allaha və Onun ən kəramətli Elçisinə (s) yalan isnad etmək kimi bəzi hallarda vacib ehtiyata əsaslanır və belə hallarda vacib ehtiyat sadalanan hərəkətlər ramazan ayında baş verdikdə günün qalan hissəsində (məğribədək) insanın orucu batil edən işlərdən mütləq (ümumi) Allaha yaxınlaşma niyyəti ilə çəkinməsini tələb edir.
[241] Qəsdən sübh azanınadək cənabət, heyz, yaxud nifas halında qalan şəxsin orucunun batil olması ilə bağlı hökm əvvəlki məsələlərdə izah edilmişdir.
[242] Qeyd etmək lazımdır ki, bir işin orucu batil edib-etmədəyinə şəkk edən və onun orucu batil etdiyini ehtimal edən, ancaq bununla əlaqədar olan şəri hökmü öyrənməyə qadir olmayan şəxsin vəzifəsi ehtiyatdır. Yəni həmin işi görməməlidir və əgər ehtiyat etməsi mümkün olduğu halda qəsdən həmin işi görərsə, müqəssir hesab edilir. Buna əsasən, sözügedən şəxs cahil qasir sayılmır.
[243] Müsəlman ailəsində doğulub tərbiyə edilən və öncə müsəlman olan, sonra dinindən dönərək kafir olan şəxs.
[244] Müsəlman olmayan ailədə dünyaya gələrək boya-başa çatan, sonra İslamı qəbul edən, ancaq daha sonra İslamdan üz çevirərək küfrə üz tutan şəxs.
[245] Qeyd etmək lazımdır ki, bu deyilənlər orucun məhz həmin gün tutulmasının (nəzir kimi səbəblərlə əlaqədar olaraq) insana vacib olmadığı hallara aiddir, əks təqdirdə (məsələn, ramazan ayının qəza orucunu məhz həmin gün tutmağı nəzir etdiyi halda tərc.) isə orucu hətta zöhrdən öncə də pozmaq caiz deyil.
[246] Aydındır ki, bu, həmin günün orucunun sonadək tutulmasının əcir tutma anlaşması çərçivəsindəki şərt kimi səbəblərlə əlaqədar qabaqcadan müəyyənləşdirilmədiyi hallara aiddir. Əks təqdirdə (məsələn, əcir tutma anlaşması çərçivəsində əcir tutan şəxs dünyadan köçmüş atasının oruclarının qəzasını tutmaq üçün əcir tutduğu şəxsdən tutacağı qəza oruclarını sonadək tutmağı tələb etmişdirsə tərc.) orucu pozmaq heç bir vəchlə caiz deyil.
[247] Burada əvvəlki məsələlərdə izah edilmiş mənada cənabətli halda qalma səbəbi ilə orucun batil olması nəzərdə tutulur.
[248] Sübhün açılması deyərkən sübh azanı nəzərdə tutulur. Tərc.
[249] Yəni xüsusi olaraq vacib orucu tutmaq niyyəti ilə deyil, ümumiyyətlə Allaha yaxınlaşmaq niyyəti ilə orucu pozan işlərdən çəkinməlidir.
[250] İnsanların üzürlü hesab etdiyi bir halla. Tərc.
[251] Məsələn, xəstəlik səbəbi ilə üç il dalbadal oruc tuta bilməyən və dördüncü ilin ramazan ayı çatmamış, rəcəb ayının başlanğıcında sağalan şəxs birinci və ikinci illərin oruclarının qəzasını tutmaqdan azaddır və həmin iki ilin (ramazan ayının) hər günü müqabilində kəffarə (fidyə) verməlidir. Üçüncü ilə gəlincə, həmin ilin oruclarının qəzasını tutmalıdır və onları dördüncü ilin ramazan ayı çatanadək tutduğu təqdirdə kəffarə vermək ona vacib deyil.
[252] İnsanların nəzərində üzr sayılan səbəb. Tərc.
[253] Orucun vacib olmasının şərtləri fəslində bu dörd kateqoriya icmal şəkildə qeyd edilmişdir.
[254] O cümlədən, günümüzdə ən çox yayılmış xəstəliklərdən biri olan diabet də bu qəbildəndir. Tərc.
[255] Oruc tutmağın zərər səbəbi ilə haram olduğu hallar 2123-cü məsələnin 6-cı hissəsində qeyd edilmişdir.
[256] Məsələn, bir gün qəza orucu olan və onu beş il təxirə salan şəxsə bir təxir kəffarəsi (bir müdd təam vermək) vacibdir və beş il gecikdirdiyinə görə beş təxir kəffarəsi verməsinə ehtiyac yoxdur.
[257] Qeyd etmək lazımdır ki, atanın orucunun qəzasının böyük oğula vacib olmasının bütün hökm və şərtləri eynilə atanın qəza namazında olduğu kimidir. Bu hökmlərlə bağlı daha ətraflı məlumat üçün atanın qəza namazı mövzusuna müraciət edin.
[258] Müsafir üçün hökmlərin təfərrüatlarını bilməyən şəxs ilə əlaqədar daha ətraflı məlumat üçün 1639-cu məsələdəki (müsafirin namazı ilə əlaqədar məsələləri bilməməklə bağlı) misallara baxmaq lazımdır.
[259] Şəriətə uyğun, şəriətin göstərişi. Tərc.
[260] Fiqh terminologiyasında bu vəziyyətdə olan şəxsə “mövzu xüsusunda cahil”, yəni mövzunu bilməyən şəxs deyilir.
[261] Bu dövrdə sikkəli gümüş tədavüldə olmadığına görə sikkəli olmasına gərək yoxdur.
[262] Təzə çıxmış ay, aypara. Tərc.
[263] Qədim dövrlərdən hilal ərəblər üçün vaxt meyarı olmuşdur. Onunla qəməri (sinodik) təqvimin aylarının başlanğıcını təyin edir və müxtəlif növ işlərində ona əsaslanırdılar. İslam da bu ənənəni dəstəkləmişdir. Qurani-kərim mübarək Bəqərə surəsində (189-cu ayə) bu barədə belə buyurur: “Səndən hilallar (yeni doğan aylar) barəsində soruşurlar. De: “Bunlar insanlar və həcc üçün vaxt (təbii təqvim) ölçüləridir”.
Həqiqətən, bir ay insanlar üçün təbii təqvim sayılır. Savadlı, yaxud savadsız olmasından, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün insanlar bu təbii təqvimdən istifadə edə bilərlər. Aydındır ki, insanların ictimai həyatının nizama salınması təqvimsiz (yəni tarixin təyin edilməsi üçün dəqiq və ümumi bir meyar olmadan) mümkünsüzdür. Bu səbəbdən uca Allah həyatın nizama salınması üçün bu ümumbəşəri təqvimi insanların istifadəsinə vermişdir.
Əsas etibarilə, İslam qanunlarının məziyyətlərindən biri də bu göstərişlərin təbii ölçülərə uyğun təyin edilməsidir. Çünki təbii ölçülər hər kəsin istifadə edə biləcəyi vasitələrdir və zaman onlara təsir göstərmir (yəni zaman keçdikdə bu ölçülər dəyişmir). Ancaq qeyri-təbii ölçülər isə, əksinə, hər kəs üçün istifadəyə qabil deyil. Bu səbəbdən gödüyümüz kimi İslam bəzən qarışı, bəzən addımı, bəzən barmaqların buğumunu, bəzən qamətin uzunluğunu (boy ölçüsünü), vaxtın təyin edilməsində isə Günəşin batmasını, dan yerinin ağarmasını, Günəşin meridian (latınca “günorta xətti” deməkdir tərc.) üzərindən keçməsini və Ayın (hilalın) görünməsini ölçü kimi təyin etmişdir.
Aydındır ki, insanlar üçün, özü də bütün insanlar üçün ümumi bir vaxt ölçüsü olmağa yarayan hilal (ayədə də qeyd edildiyi kimi) adi gözlə, hər hansı bir cihazdan istifadə etmədən görülən hilaldır. Yalnız durbin və teleskopla müşahidə edilə bilən və bu cihazlar göz önündən götürüldükdən sonra adi gözlə görülməyən hilal isə ümumən insanlar üçün müxtəlif zamanlarda vaxt ölçüsü təyin edilməyə qabil deyil.
Əgər şəri meyar teleskopla müşahidə olsaydı, sevimli Peyğəmbərimizin (s) və məsum İmamların (ə) orucu, fitr bayramı, həcci və şəriətdə ilin müəyyən günlərində görülməsi tapşırılan digər ibadətləri bəzi hallarda gerçək vaxtlarında icra edilməmiş ola bilərdi. Ancaq bəllidir ki, onlar qəməri ayın başlanğıcı xüsusunda hilalın adi gözlə müşahidəsini əsas götürürdülər və məsumlardan (ə) nəql edilən hədislərdə bu xüsusda durbin və teleskop kimi böyüdücü cihazlarla müşahidədən (bununla kifayətlənməkdən) imtina etmək tapşırılır.
Necə ki, bir əşyanın üzərindəki olduqca kiçik qan damcısı adi gözlə müşahidə edilə bilmədiyi və yalnız çox güclü mikroskoplarla müşahidə edilə bildiyi təqdirdə onu əşyanın nəcasətli sayılması üçün meyar  hesab etmək və həmin əşyanın nəcasətli olduğuna hökm etmək olmaz. Yaxud müsafirin namazının müxtəsər olmasının doqquzuncu şərtini izah edərkən qeyd etdiyimiz kimi tərəxxüs həddi məsələsində meyar adi gözlə görməkdir və şəhərin tərəxxüsünü təyin edərkən durbinlə müşahidəni əsla meyar götürmək olmaz.
Hörmətli oxucular aliməqam fəqihin hilalın müşahidəsi ilə bağlı fiqhi görüşləri ilə daha ətraflı tanış olmaq üçün “Əsilətun haulə ruyətil-hilali məə əcvibətiha, vifqə ma əfadəhu simahət əs-seyyid əs-Sistani” (Hilalın müşahidəsi ilə bağlı suallar, seyid Sistani cənablarının cavabları ilə) adlı kitaba müraciət edə bilərlər.
[264] Buna əsasən, sözləri insanda arxayınlıq yaradan astronomlar, etibarlı mütəxəssislər müəyyən bir tarixdə (hətta bir neçə ay, yaxud il öncə olsa belə) ayın xüsusiyyətlərinə dair məlumat verərlərsə və verilən xüsusiyyətlər insanda ayın onun olduğu məntəqədə adi gözlə görülə biləcəyinə dair arxayınlıq hasil edərsə, bu arxayınlıq ayın başlamasını onun üçün sabit edir.
[265] Beləliklə, bu məna nəzərə alındıqda aydın olur ki, iki məntəqənin eyniüfüqlü olub-olmaması sabit (dəyişilməz) bir məsələ deyil, əksinə bir ay eyniüfüqlü olan iki məntəqə başqa bir ay eyniüfüqlü olmaya bilər. Bu məsələnin daha ətraflı izahı aşağıdakı kimidir:
Ayın ilk gecəsi hilalı görmək üçün bir sıra şeylər əhəmiyyət kəsb edir. O cümlədən: Günəşin və Ayın batması, onların batması arasındakı zaman fərqi, həmçinin, Günəş və Ayın (müşahidə) xüsusiyyətləri, Günəşlə Ay arasında onların yüksəklik dərəcələri arasındakı fərqdən və eləcə də onların cəhətləri arasındakı fərqdən yaranan bucaq fərqi (Dancon şkalası ilə tərc.), habelə hilalın parlaqlıq faizi, Ay fazası və s.
Bəzən qəməri aylardan birində yuxarıda sadalanan xüsusiyyətlər bir şəhərin üfüqündə Ayın daha parlaq və daha uzun müddət müşahidə edilməsinə səbəb ola bilər ki, bu da öz növbəsində digər bir şəhərdə bulud, yaxud başqa bir əngəl olmadığı təqdirdə Ayın mütləq müşahidə edilməsinə dair arxayınlıq yaradır. Başqa sözlə, bu halda Ayın birinci şəhərdə bu qaydada müşahidə edilməsi ilə ikinci şəhərdə müşahidə edilməsi arasında bağlılıq əlaqəsi mövcuddur.
Başqa bir qəməri ayda isə həmin birinci şəhərdə Ay müşahidə edilə bilir, ancaq Ayın müşahidə müddəti və onunla Günəş arasındakı bucaq fərqi az olduğundan ikinci şəhərdə bulud, yaxud başqa bir əngəl olmadığı təqdirdə Ayın mütləq müşahidə edilməsinə əmin olmaq mümkün deyil. Başqa sözlə, bu halda Ayın birinci şəhərdə müşahidə edilməsi ilə ikinci şəhərdə müşahidə edilməsi arasında bağlılıq əlaqəsi mövcud deyil.
Ümumiyyətlə, belə bir nəticəyə gəlmək olar:
Əgər Ayın müşahidə edildiyi şəhər (I şəhər) II şəhərin (məsələn, Ayın görünməsi üçün hər hansı bir əngəlin mövcud olduğu başqa bir şəhərin) şərqində yerləşirsə, onların arasında coğrafi enlik baxımından 1-2 dərəcədən artıq fərq olmadığı təqdirdə, adətən, I şəhərdə Ayın müşahidə edilməsi II şəhərdə də ayın başladığını sabit edir. Buna əsasən, Məşhəd şəhərində Ayın müşahidəsi, adətən, Nişabur, Səbzivar, Şahrud, Damğan, Tehran, Qəzvin, Səqqez, Sərdəştdə də ayın başladığını sabit edir.
Digər hallarda isə başqa bir şəhərdə də ayın başlamasının sabit olması I şəhərdə müşahidə edilən Ayın bu izahda qeyd edilən xüsusiyyətlərindən asılıdır.
Məsələn, bəzi hallarda Ayın müşahidə xüsusiyyətləri elə ola bilər ki, Pakistan, yaxud Hindistan və ya hətta İraq və Səudiyyə Ərəbistanının bir sıra şəhərlərində Ayın müşahidəsi Məşhəd şəhərində ayın başlamasını sabit edə bilər, bir çox hallarda isə Ayın hətta Tehran, yaxud İsfahan və ya Şahrud kimi yaxın şəhərlərdə müşahidə edilməsi belə Məşhəddə ayın başladığını sabit etməyə bilər. İstənilən halda dindar mütəxəssislərdən məlumat almaq olar.
Deyilənlərdən belə aydın olur ki, ölkə və şəhər hüdudlarının və inzibati bölgülərin iki yaşayış məntəqəsinin üfüqlərinin eyni olub-olmamasına heç bir vəchlə dəxli yoxdur.
Orucun vaxtı ilə bağlı bir neçə yeni məsələ → ← NAMAZIN VAXTI İLƏ BAĞLI BİR NEÇƏ YENİ MƏSƏLƏ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français